Xəzəri xəritəsiz üzən
komandirin son səfəri
4 dekabr "Günəşli" yatağındakı
10 saylı dərin dəniz özülündə
baş vermiş faciə aramızdan bir dəniz oğlunu da apardı. Hadisə günü dənizçilərin
harayına şığıyan
Fövqəladə Hallar
Nazirliyinin “Vixr-9” yanğınsöndürmə
gəmisinin komandiri, polkovnik-leytenant Vyaçeslav
Sergeyeviç Kryuçkov
ömrünün 48-ci payızında
elə alovu sönmək bilməyən
10-cu "Günəşli" özülündə əbədiyyət
səfərinə yollandı.
Həkimlər onun həyatını qurtarmaq
üçün çox
çalışsalar da,
əfsanəvi komandiri
xilas edə bilməyiblər. Hər halda, rəsmi məlumatda belə deyilirdi.
Qeyd edək
ki, Vyaçeslav Sergeyeviç 22 mart 1970-ci ildə
Bakı şəhərində
anadan olub. Bakı Dənizçilik
Məktəbini bitirib.
17 sentyabr 1991-ci ildən
yanğından mühafizə
orqanlarında xidmət
edib, 10 noyabr 2008-ci ildən isə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə
Xidmətinin Azərbaycan
Respublikası Dövlət
Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə
İdarəsinin “Vixr-9” yanğınsöndürmə
gəmisinin komandiri vəzifəsində çalışıb.
Xidmətdə olduğu müddətdə
özünü yüksək
məsuliyyətli, peşəkar
və fədakar əməkdaş kimi tanıdıb. İki övladı
var.
Onun izi ilə axşamın alatoranında Zabrat qəsəbəsinin işıqdüşməz
dar dalanlı küçələrini gəzə-gəzə
axırda gəlib düz evinin qənşərinə çıxdıq.
Bizi ilk qarşılayan
mərhumun bacısıoğlu
Saşa - Aleksandr Astrov oldu. Elə dayısı
haqda ilk olaraq ondan soruşduq. Bu sarışın, enlikürək
oğlan «dayınız
necə bir insan idi?»
- sualına təbəssümlü göz
yaşları ilə cavab verdi:
"Sadəcə, pozitiv
insan idi. Yadımda da
elə bu cür qalıb. Onun iki qızı var, amma dörd
övlada atalıq edib. Biz çox
kiçik yaşlarımızdan
ata nəvazişindən
məhrum olmuşuq.
O, bizə - iki qardaş və anama atalıq edib. Bizimlə dost kimi idi. Həyatda onun
kimi dürüst insana rast gəlməmişəm.
Nə söz veribsə, vaxtından tez yerinə yetirməyə çalışıb. Deyilənə görə, işdə də belə olub. Heç zaman üzündən
təbəssüm əksik
olmayıb. Bağışlayın daha danışa bilmirəm".
Yarıqaranlıq həyətə keçəndə
gördük ki, içəri qələbəlik
olsa da, sükuta qərq olub. Hər kəs komandir
haqqında təbəssümlü,
ancaq qəhər basmış bir ahənglə xatirələrindən
danışırdılar. İçəri daxil olub, başsağlığı verdik.
Söhbətlərə qulaq kəsildik.
Məlum
oldu ki, həyətə toplaşanların
heç də hamısı qonum-qonşu
deyil, yaxından-uzaqdan
gələnlərdir. Sabunçudan, Suraxanıdan,
2-ci Zabratdan və başqa yerlərdən onun bəd xəbərini
eşidib, evinin işığına toplaşmağa
tələsiblər. Onun
iki sotluq həyətində çox
adam vardı,
amma hələ ki, özü gəlməmişdi. Daha doğrusu,
gətirməmişdilər. Cəsəd müayinə üçün
xəstəxanada idi.
Mərhum
Vyaçeslav müəllimin
dostu, ehtiyatda olan zabit Nikolay
Krasnov bildirdi ki, komandirin dəfni bu gün
olacaq:
"Sabah (bu gün,
mərhumun ailəsi ilə dünən axşam saatlarında görüşdük - T.T) saat
ikidə Vyaçeslavın
dəfnidir. Hər kəs burada
olacaq. İşlədiyi idarənin rəisi,
nazir müavinləri də dəfndə iştirak edəcəklər.
O, elə bir adam idi
ki, onun düşməni yox idi. Hər kəs, bütün
hamı Volodyanın dostu idi. Mən onu 1993-cü ildən tanıyıram. 20 il bir yerdə
işləmişik. Çox mehriban
insan idi. Kiminsə xətrinə dəyməyi
xoşlamazdı. Onun üzündə
şirin təbəssümlə
zəhm əkiz doğulmuşdu. Gözəl, aksentsiz Azərbaycanca danışmağı vardı.
Onun hər millətdən dostu, tanışı vardı, dostcanlı idi. İnsan onun qəlbinə
yatdısa, milliyyətinin
fərqinə varmazdı.
Ömrü dənizdə keçib.
Şturman vəzifəsindən polkovnik-leytenantlığa, komandirliyə
qədər yüksəlib.
2013-cü ildə dənizdə yenə güclü yanğın olmuşdu. Həmin yanğını da "Vixr" söndürdü. Bu adamın ömrü bu cür tufanları
çox görüb.
Bu dəfə isə ürəyi tab gətirmədi.
Hələ də inana bilmirəm. Elə bilirəm ki,
elə mən söhbət edirəm o, da yanımda oturub təbəssümlə
mənə qulaq asır".
Vyaçeslav Kryuçkovun ömür
sirdaşı Viktoriya
xanım isə
hafta.az-a açıqlamasında
bildirdi ki, həyat yoldaşı haqqında ilk dəfə onsuz danışmaq bu alicənab xanım üçün olduqca ağrılıdır:
"Bilmirəm nə
deyim, hələ də inana bilmirəm. Onsuz necə
olacağını təsəvvürümə
gətirmək istəmirəm.
Biz Vyaçeslavla bir-birimizi sevib evlənmişik. Xoşbəxt ailə olmuşuq. İki qızımız olub, Snejana və Alina. Hər ikisi ali
təhsillidir. Ailəmiz isə
böyük olub.
Bu balaca evdə
onun anası və bacısının ailəsi ilə birgə ömür sürmüşük. Ailəcanlı olub. Demək olar ki, ilinin çox hissəsi dənizdə keçərdi. Ailəyə də vaxt ayırmağa
macal tapırdı.
Qayınanam Faya xala indi varlıqla yoxluq arasındakı bir boşluğa düşüb. Qızlarım da sanki, atalarının
ölümünü yuxu
kimi dərk edirlər".
Əfsanəvi dəniz cəngavərinin
qızı Alina Kryuçkova isə atası haqqında bu gün danışmağın
onun üçün çətin olduğunu deyib:
"Dənizçi geyimi
onu çox ciddi göstərirdi. Elə ki,
paltarını soyundu,
ailənin ən sevimlisi olurdu. Yorğun olsa da, bunu
evə gətirməzdi.
Deyib, gülərdi. O, dünyanın
ən şirin, gülərüz və zəhmli atası idi. Bizə vaxt ayıranda
həmin zamanı ancaq bizim üçün
xərcləyərdi. Bizimlə bacısı uşaqlarına
heç bir fərq qoymazdı".
Anası Faya Kryuçkova danışmasa da, gözləri, islaq yanaqları ilə çox şey deyirdi. Bir ağzından
çıxan hıçqırtılı
kəlmə bu oldu ki... "getdi...". Bu getməyin dalınca yaşı yetmişi haqlamış Faya xanımın bütün
irəlidəki ömrü,
səadətli günləri
də öz köç cehizini hazırlamışdı sanki...
FHN-nin 23 saylı Sabunçu Yanğından
Mühafizə İdarəsinin
rəisi, mayor Vaqif Hacıyev hafta.az-açıqlamasında bildirdi
ki, bu ailə
ilə tanışlığı
1999-cu ildəndir:
"O zaman mən Faya xala ilə
birgə işləyirdim.
O, bizim idarənin mühasibi olub. Mehriban bir ana kimi
bizim hörmətimizi
saxlayıb. Sonradan bu
mehribanlıq ailəvi
dostluğa çevrildi.
Elə o
zamandan da Vyaçeslav müəllimi
tanıyıram. Mərd və
dürüst bir dənizçi idi.
Bu adam xəritəsiz
Xəzərdə hara
desən üzə biləcək yeganə dənizçi olub. İkinci elə bir adamı
mən tanımıram.
İki ailəyə baxıb.
Dostlar, qonşular onun xətrini çox istəyib həmişə.
İnana
bilmirəm ki, o, yoxdur. O qədər həyat dolu insan idi ki…
Onun ölümünü düşünmək
belə yuxu kimi gəlir".
21 saylı Maştağa
Yanğından Mühafizə
İdarəsinin rəisi
Güləli Cavadov isə bildirdi ki, Azərbaycan dənizçiliyi nəhəng
və əfsanəvi komandirini itirib.
Əfsanəvi komandirin sinif yoldaşı və qonşusu Seyran Soltanov hafta.az-a açıqlamasında Vyaçeslav
müəllimlə bağlı
bir xatirəni danışdı:
"Bir köhnə
maşını vardı. Səs-küylü…
Bir də gördün, harasa gedir. O saat deyirdik ki,
Volodya yenə harasa gedir. Biz
də buna gülərdik ki, bala, "sroku" keçib də bunun. Dəyiş, başqasını al, sənə yaraşmır.
Bir ay bundan qabaq dəyişib,
yeni maşın aldı özünə.
Heyf, çox sürmədi.
Qızı «ATV» kanalında
tərcüməçi işləyirdi
bir ara,
sonrasını bilmirəm.
Vyaçeslav hamı ilə dost, qardaş olub. Allah rəhmət
etsin".
Sonda isə onu deyə bilərəm ki, başın sağ olsun Vətən! Sənin uğrunda ölənlər adını və özünü yenə də sənin ağuşuna həkk edir. Sarısından, qarasından asılı olmayaraq, hər kəs sənin sağlığına badə olub, canını gah sulara, gah da ki, torpağa tapşırıb gedir.
Allah rəhmət etsin!
P.S. Mərhumun
ailə üzvləri və yaxınları foto
çəkiliş aparmağımızı istəmədilər.
Onların bu istəklərinə hörmətlə
yanaşdıq. Bir daha
son ana qədər öz vəzifə borcunu
layiqincə yerinə yetirərkən həyata gözlərini
yuman mərhum Vyaçeslav
Sergeyeviç Kryuçkovun
yaxınlarına dərin hüznlə
başsağlığı verir, səbr diləyirik.
Tural Turan
Həftə içi.- 2015.- 10
dekabr.- S.3.