Ötən il Azərbaycanda
481
erkən nikah qeydə
alınıb
Tez evlənənlər arasında 18
yaşına çatmamış oğlanlar
da var
Hər gün dünyada 25 min, hər il 10 milyondan çox erkən nikah faktı qeydə alınır. Hazırda
belə nikahlar daha çox Asiya və Afrika ölkələrində geniş
yayılıb. Son zamanlar
Azərbaycanın da bəzi
rayonlarında, eləcə də paytaxtın bir
sıra kəndlərində erkən nikahların sayı
artıb. Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın sözlərinə
görə, erkən nikaha daxil
olan qızlar daha çox zorakılığa məruz
qalırlar:
“Uşaqların
təhsildən yayınması və erkən nikahlar bizi
narahat edir. Bu isə daha ağır ictimai proseslərin
yaranmasına gətirib çıxara bilər. Nardaranda
baş verən hadisələr bu
narahatlığımızı bir daha təsdiqləyir. Bu fakt
onu göstərdi ki, uşaqların
savadsızlığından istifadə olunaraq onları radikal
dini və siyasi qruplara cəlb edirlər. Valideynlər
6-cı, 7-ci sinifdən uşaqları məktəbdən
uzaqlaşdırırlar. Bizə dəfələrlə
¬xüsusilə analar bu məsələ ilə bağlı
müraciət edərək bildirib ki, onların həyat
yoldaşları uşaqları məktəbə getməyə
qoymurlar. Bu halda həm uşaqların hüquqları, həm
də dövlətin qanunları pozulur”.
Komitə sədri bildirib ki, ölkədə bir müddət erkən nikahların sayında azalma müşahidə olunsa da, son zamanlar bəzi rayonlarda, Bakının bir sıra kəndlərində erkən nikahların sayı artıb: “Bunun qarşısının alınması və effektiv nəticələrin əldə edilməsi üçün erkən nikahların daha çox rast gəlindiyi yerləri müəyyənləşdirmək və müvafiq bölgələr üzrə maarifləndirmə işlərini aparmaq lazımdır”.
H.Hüseynova qeyd edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən 11 regional Uşaq və Ailələrə Dəstək Mərkəzləri son 2 ildə 20 erkən nikah faktı qeydə alıb: “Onlardan 17-nin qarşısı alınıb”.
Məsələ ilə bağlı fikirlərini açıqlayan Milli Məclis sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova isə deyib ki, Azərbaycan hökumətinin erkən nikah məsələsinə münasibəti birmənalıdır: «Qanunların qəbulu, məzmunu ideal ola bilər, amma nə qədər ki, qanunlar ənənələrdən üstün deyil, aşağı tutulacaqsa, bu halda əlbəttə, çətinliklərlə üzləşəcəyik. Biz qadınların və uşaqların hüquqlarına prioritet məsələ kimi baxırıq. Bunun üçün hökumət üzərinə düşən vəzifəni yerinə yetirir. Azərbaycan parlamenti nikah və ailə qanunvericiliyi sahəsində ciddi uğurlar əldə edib. Bu kimi məsələlərə cəmiyyətin münasibəti həlledicidir".
Milli Məclis sədrinin müavini bildirib ki, insanlar öz mənfi ambissiyaları üçün uşaqları qurban edə bilməz: "Uşaqlar oyuncaqla oynamalıdırlar, amma onlar özləri oyuncağa çevrilirlər. Ailədaxili tərbiyəyə diqqət ayırmalıyıq. Biz qızlarımızı başqalarının iradəsindən asılı, oğlanları isə başqasının üzərində hökmran kimi tərbiyə edir, böyüdürük”.
Məsələyə münasibət bildərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı isə hesab edir ki, erkən nikahlar ümumbəşəri problemdir: “Qədim dövrlərdən başlayaraq erkən nikahlara qarşı mübarizə aparılıb. Erkən nikahı bəzən İslam dini ilə bağlamağa çalışırlar. Lakin bütün dinlərdə, bütün müqəddəs kitablarda ailə müqəddəs elan edilib. Heç bir dində erkən nikaha çağırış yoxdur. Erkən nikahı dinə bağlamaq doğru olmaz. Erkən nikah ən çox Asiya və Afrikada qeydə alınır. Avropada erkən nikah olmasa da, azyaşlıların cinsi istismara məruz qaldığı görünür".
Mövzu ilə bağlı fikirlərini açıqlayan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib ki, hazırda xüsusilə cənub bölgəsindən ali məktəblərə sənəd verənlərin cəmi 10 faizinin qızlar olması, onların erkən yaşlarından təhsil hüququndan məhrum edildiyini göstərir: «BMT-nin qiymətləndirmələrinə əsasən, dünyada hər il 14,2 milyon nəfər 18 yaşına çatmamış qız nikaha daxil olur. Başqa sözlə, hər gün 39 mindən çox erkən nikah baş verir. Belə vəziyyət davam edərsə, 2015-2020-ci illərdə 70 milyon nəfər 18 yaşına çatmamış qız erkən nikaha girəcək. Hesablamalara görə, onların 13,2 faizini və ya 9,2 milyon nəfərini 15 yaşına çatmamış qızlar təşkil edəcək. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2014-cü ildə Azərbaycanda qeydə alınmış 84 912 nikahdan 479-u 18 yaşına çatmamış qızlarla, 2-si isə 18 yaşına çatmamış oğlanlarla olub. Digər tərəfdən, diri doğulan uşaqların sayında rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların xüsusi çəkisi 14,9 faiz olub ki, həmin qadınların 61,6 faizi kənd yerlərində yaşayanlardır. Əgər 1990-cı illərdə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı şəhər yerlərində üstünlük təşkil edirdisə, 2003-cü ildən etibarən bu göstərici kənd yerlərində daha çox olub”.
Nazir müavini əlavə edib ki, 2004/2005-ci tədris ilində dövlət və qeyri-dövlət əyani ümumtəhsil müəssisələrində 1-ci sinif şagirdlərinin sayı təxminən 141 min nəfər təşkil edib: “2014/2015-ci tədris ilində isə 11-ci sinifdə oxuyan şagirdlərin sayı 91,5 min nəfər olub. 2004/05-ci tədris ilindən təhsil alan şagirdlərin 10,2 min nəfərinin əyani ilk peşə-ixtisas təhsil müəssisələrinə qəbul olunduğunu nəzərə alsaq, 39,3 min şagirdin ümumtəhsil məktəbini bitirmədiyi qənaətinə gəlmək olar. Bu şagirdlərin 61,8 faizi kənd yerlərinin payına düşür. Araşdırmalar göstərib ki, məktəbdən yayınan bu şagirdlərin əksər hissəsi erkən nikah qurmuş qızların payına düşür. Göründüyü kimi, yeniyetmə qızların erkən nikaha daxil olması təhsildən yayınma hallarını da artırır. 2015-ci ildə qəbul imtahanlarının nəticəsi göstərib ki, həmin il ərzində respublikanın cənub bölgəsindən ali məktəblərə sənəd verən abituriyentlərin cəmi 10 faizini qızlar təşkil edir. Bu, bizim qızların erkən yaşlarından təhsil hüququndan məhrum edildiyini göstərir”.
Erkən nikahın əslində sosial hadisə olduğunu qeyd edən İ.İsayev bildirib ki, ailə quran tərəflərin yaşlarının rəsmi nikah üçün qanunvericiliklə müəyyən olunmuş yaş həddindən aşağı olması həmin yeni qurulmuş ailələrdə bir sıra problemlərə gətirib çıxarır. Belə ailələrdə nikahın pozulması, xəstə uşaqların dünyaya gətirilməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur: “DSK-nin məlumatına əsasən, 2014-cü ildə respublika üzrə 170503 diri doğulan uşağın 3296 nəfəri, o cümlədən, şəhər yerlərində 1054, kənd yerlərində 2242 nəfəri 15-17 yaşlı anaların payına düşüb. Acınacaqlı hal odur ki, 15-19 yaşına qədər anaların 279-u ikinci uşaq, 9-u isə 3-cü uşaq dünyaya gətirib. 18-19 yaşlı anaların isə 158 nəfəri 3-cü uşaq dünyaya gətirib”.
Onun sözlərinə görə, erkən nikahların səbəblərindən biri gənclərin erkən nikaha girməklə, gələcək sosial risklərdən sığortalanmış olduqlarını düşünmələridir: «Amma həyat göstərir ki, əksinə, onlar bu addımı atmaqla fizioloji, həm də psixoloji mənfi təsirlərə məruz qalır, təhsil almaqdan məhrum olaraq öz həyatlarını mənasız edir və mövqesiz insana çevrilirlər”.
İ.İsayev bildirib ki, araşdırmalar erkən nikahların əsasən aztəminatlı ailələrdə geniş yayıldığını göstərir: “Lakin aztəminatlı olmaq erkən nikaha heç vaxt əsas yarada bilməz. Çünki bu gün Azərbaycan kifayət qədər geniş əhali kateqoriyalarını əhatə edən sosial təminat sisteminə malik bir ölkədir”.
Məsələyə münasibət açıqlayan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə də Azərbaycanda son 3-4 ildə ali məktəblərə sənəd verən qızların sayının azaldığını təsdiqləyib. O qeyd edib ki, bu il ali məktəblərə qəbul üçün 49 min oğlan sənəd verdiyi halda, sənəd verən qızların sayı 43 min olub.
Komissiya sədrinin sözlərinə görə, Azərbaycanda son 5 ildə qız abituriyentlərin orta statistik nəticələri oğlanların nəticələrindən daha yüksək olub: "İnanıram ki, qızların təhsil alması məsələsi həmişə cəmiyyətin mərkəzində olacaq. Çünki savadlı qız yaxşı övlad böyüdə biləcək".
M.Abbaszadə qeyd edib ki, bu il ölkə üzrə abituriyentlərin 53 faizi qız, 47 faizi oğlandır: "Bu, elə də pis nəticə deyil. Amma bəzi rayonlarda, xüsusilə cənub zonasında oğlan abituriyentlər üstünlük təşkil edir".
TQDK sədri bildirib ki, bu il magistraturaya qəbul olunanların 55 faizi qızdır, 44 faizi oğlandır: "Bu il rezidentura səviyyəsinə qəbul olunanların 77 faizi qız, 28 faizi oğlan olub. Bu da cəmiyyətdə belə bir tendensiya formalaşdırıb ki, müəyyən ixtisaslar "qız", müəyyən ixtisaslar "oğlan" ixtisasıdır".
M.Abbaszadə deyib ki, daha yüksək bal toplayan qızları valideynləri ali məktəblərin ödənişli ixtisaslarını seçməyə icazə vermirlər: "Əgər qızlar yüksək balla ödənişsiz ixtisaslara qəbul olunmurlarsa, onda qız abituriyentlər daha çox orta ixtisas təhsili müəssisələrini seçirlər".
Sevinc
Bu yazı Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında
hazırlanıb.
Həftə içi.- 2015.- 17 dekabr.-
S.6.