Qarabağ
atlarının tarixinə
dair muzey inşa edilir
Azərbaycanda
atçılığın tarixi çox qədimdir. Tarixi mənbələrin
əksəriyyətində atın ilk olaraq,
Türküstanın İrana yaxın bölgələrində
əhliləşdirildiyi bildirilir. Bir çox mənbələrdə
isə atın əhliləşdirildiyi ilk insan məskənləri
kimi, Xəzərin cənub-şərq, cənub və cənub-qərb
sahillərini göstərirlər. Qarabağ atları öz mənbəyini
ən qədim zamanlarda Azərbaycanda mövcud olmuş
atlardan, əsas etibarilə, Nesey atlarından
götürmüşdür.
Tarixi təkamül
nəticəsində Nesey atlarından əsas iki qol
ayrılmış və inkişaf etmişdir ki, onlardan biri
türkmən xalqının yetişdirdiyi Axaltəkə
atları, digəri isə Azərbaycan xalqına məxsus olan
Qarabağ atları olmuşdur. İstər qədim və orta
əsrlərdə, istərsə XIX və XX əsrlərdə
Azərbaycanın yerli Qarabağ və Dilbaz atlarının təkmilləşdirilməsində,
xüsusilə, ərəb atlarından geniş istifadə
edilib. Lakin o zaman Azərbaycan atları keyfiyyətcə
üstün olduqlarına görə, onların gəlmə
atlara təsiri daha çox olmuşdur.
Xatırladaq
ki, yerli atlar miqdarca çox və keyfiyyətcə
yaxşılaşdırıcı cəhətlərə
malik olduqları üçün və yerli şəraitə
daha yaxşı uyğunlaşdıqlarına görə, gəlmə
atlar tədricən assimilyasiyaya məruz qalmışlar.
İ.İ.Kalugin
monqol atlarının da Qarabağ cinsinə təsirini
xüsusi vurğulayır. Lakin əksər tədqiqatçıların,
akademiklər Z.Bünyadov, İ.Əliyev, professor R.Səttarzadə
və başqalarının əsərlərində Azərbaycan
atlarının, o cümlədən, Qarabağ atının
özünəməxsus sərbəst inkişaf yolu
keçdiyini, onun qədim bir cins olduğu göstərilir.
Ağdam
Rayon İcra Hakimiyyətinin məsul işçisi Allahverən
Əliyev Qarabağ atlarının cins kimi təkmilləşdirilməsində
və böyük şöhrət qazanaraq geniş
yayılmasında Qarabağın atyetişdirmə müəssisələrinin
əvəzsiz rolunu qeyd edərək bildirdi ki, o zaman tək
Şuşa qəzasında yüzdən çox
atçılıq müəssisəsi vardı. Onlardan,
xüsusilə Pənah xanın, onun oğlu, Qarabağın
sonuncu müstəqil hakimi olmuş İbrahim xanın
damazlıq işlərinin aparılmasında böyük xidmətləri
olub: “Qarabağ atlarının özünəməxsus əlamətlərindən
aşağıdakılar, xüsusən, diqqət cəlb
edir:
- ilk
növbədə, dağlıqmənşəli atlara xas olan
– bədənin bütün hissələrinin harmonik və
sıx surətdə əlaqəli olması; başın
boyuna nisbətən mütənasib olması ilə
yanaşı, peysər hissəsinin güclü olması;
dırnaqların möhkəmliyi, belin düz olması və
yəhər yerinin hiss olunması; boyun kiçik olması, hərəkətlərində
ağırlıq mərkəzini çevik saxlamaq qabiliyyətinin
olması və bununla ən sürətli qaçış
zamanı belə, ani olaraq gövdənin vəziyyətini dəyişərək,
dayanmaq qabiliyyətinin olması;
- atın
cənubmənşəli olmasını göstərən, dərinin
nazik və quru, tüklərin zərif və
gözqamaşdırıcı parlaq rəngi, sanqvinik-xolerik
temperamentə malik olması, soyuqlamaya meyillilik və s.;
- atın
safqanlı olması və sahibinə itaət səviyyəsində
bağlılığı, baxışlarının mənalı,
davranışında mehribançılıq hissinin büruzə
verilməsi və s.
XIX əsrin
70-ci illərində Qarabağda Yelizavetpol Atçılıq
Zavodu yaradıldı. Burada Qarabağcinsli yaxşı madyanlar
toplanmış və onlar qismən ərəb, hətta bəzi
hallarda ingilis-ərəb ayğırları ilə cütləşdirilirdi.
1921-ci ildə
20 törədici ayğırdan ibarət mərkəzi
cütləşdirmə məntəqəsi təşkil
edildi. Dövlət at tövləsi («DAT», yaxud rusca «QZK»)
adlandırılan həmin məntəqədən yaz
aylarında (cütləşdirmə dövründə) hər
birinə 2 baş olmaqla Şəki, Şamaxı,
Ağdaş, Qazax, Göyçay və Şuşada olan məntəqələrə
ayğırlar paylanır, kampaniya başa çatdıqdan
sonra isə yenidən mərkəzi məntəqəyə
yığılırdı. Həmin ayğırların 12
başı Qarabağ cinsindən olmuşdur. Bu tədbirlərin
həyata keçirilməsi nəticəsində, yerli
atların cins keyfiyyəti xeyli
yaxşılaşdırılmışdır.
1933-cü
ildə Laçın rayonunda, 1934-cü ildə Şəkidə
71 saylı (indiki «Daşsüz» DDKTIM) və 75 saylı Hil
(Qusar rayonunda) dövlət at tövlələri
yaradıldı. Həmin təsərrüfatlarda, xüsusilə,
Laçındakı DAT-da xeyli Qarabağ atı cəmləşmişdi.
XX əsrdə
Qarabağ cinsinin tarixində ən önəmli hadisə kimi,
ixtisaslaşmış «Qarabağ» At Zavodunun (indiki Ağdam At
Zavodunun) yaradılmasının əvəzsiz rolu qeyd
olunmalıdır. Zavod, rəsmi olaraq, SSRİ Nazirlər
Sovetinin 08 oktyabr 1948-ci il tarixli 1681 saylı, Azərbaycan SSR
Nazirlər Sovetinin 27 may 1949-cu il tarixli 583 saylı qərarları
əsasında yaradıldı. Zavodun komplektləşdirilməsi
üçün əvvəlcədən hazırlıq
işləri görülərək, hələ 1946-cı ildə
Xalq Torpaq Komissarlığının xüsusi komissiyası
(N.Əfəndiyev, S.Cəfərov və S.Aquşeviç)
Qarabağ atlarının keçmişdə geniş
yayıldığı Ağdam, Şuşa, Xocavənd, Bərdə,
Yevlax, Tovuz rayonlarını gəzmiş və cinsin xarakterik əlamətlərini
özündə saxlamış 60 baş Qarabağ atı, o
cümlədən, 59 baş madyan və 1 baş ayğır
seçmişdilər. Qarabağ Atçılıq Zavodu
yaradıldığı zamandan etibarən, uğurla fəaliyyətə
başladı. 1952-ci ildə 6 baş tipik Qarabağ atı
seçilərək, Ümumittifaq Kənd Təsərrüfatı
Sərgisində iştirak etmək üçün Moskvaya
göndərildi.
Allahverən
Əliyev qeyd etdi ki, 1956-cı ildə Sovet hökuməti tərəfindən
İngiltərə kraliçası II Yelizavetaya zavodda
yetişdirilmiş “Zaman” adlı ayğırın hədiyyə
edilməsi cinsin tarixində önəmli hadisələrdən
hesab edilir. Onun sözlərinə görə, həmin atı
kraliçaya məşhur jokey Əli Tağıyev
aparmışdı. 1960-70-ci illərdə respublikada kənd təsərrüfatının
ümumi inkişafı, Ağdam Atçılıq Zavodunun
maddi-texniki bazasının möhkəmləndirilməsi,
cıdır yarışlarına marağın artması
Qarabağ atının inkişafına münbit şərait
yaratmışdır. Zavod yaradıldıqdan sonra, cins daxilində
ailə və xətlərin formalaşması, bir sıra
Ümumittifaq sərgilərində və yarışlarda
Qarabağ atlarının fəal iştirak etməsi məhz həmin
illərə təsadüf edir. Aparılan məqsədyönlü
işlərin nəticəsi kimi, 1980-ci illərdə Moskva hərracı
vasitəsilə çoxlu sayda Qarabağ atının bir
çox xarici dövlətlərə, o cümlədən,
Almaniyaya, Hollandiyaya, İsveçrəyə, İtaliyaya,
Fransaya və digər ölkələrə
satılmasını qeyd etmək olar. Həmin illərdə
respublika daxilində də zavoddan çoxlu sayda damazlıq
atlar satılmışdı”.
Mütəxəssisin
fikrincə, Qarabağ cinsinin yarandığı, cins kimi
formalaşdığı, inkişaf edərək
yayıldığı ilk yer Azərbaycanın Qarabağ
bölgəsidir.
Allahverən
Əliyev Qarabağ atlarının Kabardin və Don at cinslərinin
formalaşmasında əsaslı rol oynadığını
da vurğuladı: “1839-cu ildə Dona gətirilmiş 919
atın əksəri Qarabağ cinsindən idi. Donun
aparıcı at zavodu sayılan Platovun zavodu, demək olar ki,
Qarabağ atları ilə komplektləşdirilmişdi. Həmin
atların sonradan bir hissəsi Xarkov quberniyasına və
Maykopat zavoduna göndərilmişdi. S.M.Bünyadovun Don
cinsinin tərkibində olan Şərq tipinin Şərqi
Qarabağ yarımtipini təsvir edərək, onların Qarabağ
cinsinə xas olan orijinal qızılı-kürən rəngə,
düzgün və yaraşıqlı boyuna, nisbətən
qısa ayaqlara, harmonik bədən quruluşuna malik olması
ilə cinsin digər tiplərindən fərqlənməsini
göstərir. Orlov minik at cinsinin
formalaşdırılmasında da Qarabağ və Dilbaz
atlarının ozamankı tiplərindən istifadə edilməsi
barədə elmi ədəbiyyatda konkret məlumatlar
vardır. Qarabağ atlarının Don at cinsinin
yaradılmasında bilavasitə və əslində, həlledici
iştirakı, “Budyonnı” cinsinin
formalaşdırılmasında isə Don atlarından istifadə
edilməsini, Kabardin və Orlov minik at cinslərinin
formalaşdırılmasında müəyyən dərəcədə
rolunu və digər faktları nəzərə alaraq belə
qənaətə gəlmək olur ki, Rusiyanın zavod
atçılığının inkişafında bu cinsin
müstəsna xidmətləri vardır”.
Azərbaycanın
Əməkdar Kənd Təsərrüfatı
İşçisi Qarabağ Atçılıq Təsərrüfatının
direktoru Maarif Hüseynov «Həftə içi»nə
açıqlamasında dedi ki, qədim dövrlərdə rus
çarları və sərkərdələri Qarabağ
atlarına böyük maraq göstərməklə,
onların zavod və tövlələrində Qarabağ atlarından
damazlıq məqsədilə geniş istifadə
edilmişdir: “Hələ XVII əsrin 60-cı illərində
Şamaxı xanı Çar Aleksey Mixayloviçə 5
baş ayğır hədiyyə etmişdir ki, onlardan 3-ü
Qarabağ cinsindən olmuşdur. Çar II Nikolayın da
mindiyi şəxsi atlardan bir neçəsinin Qarabağ cinsindən
olması barədə məlumatlar vardır. Onlardan birinin
Qarabağ xanlarından, bir başqasının isə
Çarın dostu, Qazax qəzasından Duma üzvü
Allahyar bəy Zülqədərovdan hədiyyə edildiyi
bildirilir. Orta Asiya ölkələrinin at cinslərinə
Qarabağ atının təsiri barədə faktlar
mövcuddur. İ.Kolosovskinin məlumatına görə,
Çingizxan və Teymurləngin Azərbaycana
basqınından sonra, buradan Orta Asiyaya çoxlu miqdarda at
aparılmışdır.
Qazax tədqiqatçısı
D.Karimbayev Qazaxıstanın qərb bölgələrində
yetişdirilən atların təkmilləşdirilməsində
Qarabağ atlarının müəyyən təsirinin
olmasını qeyd etmişdir. İstər qədim dövrlərdə,
istərsə yaxın keçmişdə Azərbaycandan
İrana çoxlu miqdarda atların, xüsusilə
Qarabağcinsli atların aparılması məlumdur. Tədqiqatçılar
təmizqanlı ingilis minik atları daxil olmaqla,
dünyanın ən tanınmış at cinslərinin
formalaşmasında Şərq atlarının rolunu
danılmaz fakt kimi qəbul edirlər. Qarabağ
atlarının populyasiyasının Azərbaycanın
bütün bölgələrini əhatə etməsini, eyni
zamanda, qonşu və uzaq ölkələrdə, o cümlədən,
Cənubi və Şimali Qafqaz respublikalarında, Orta
Asiyanın qərb ölkələrində, İranın
şimal və şimal-qərb hissəsində, Rusiyanın cənub
rayonlarında, bir çox Avropa dövlətlərində
yerli şəraitə yaxşı uyğunlaşaraq müxtəlif
dövrlərdə bir sıra dominant əlamətlər
üzrə yaxşılaşdırıcı kimi istifadə
olunması bunu deməyə əsas verir ki, Qarabağ at cinsi
artıq lokal cins kateqoriyasından çıxaraq, dünyəvi
cinslər sırasına qoşulmaqdadır”.
Maarif
Hüseynov Kənd Təsərrüfatı Nazirliyi tərəfindən
Ağdam Atçılıq Zavodunda 2012-2015-ci illəri əhatə
edən damazlıq-seleksiya proqramının
hazırlandığını da söylədi:
“Atçılıqda damazlıq işinin təşkilində
yeni texnologiyalardan istifadə edilməsi və elmi əsaslarla
inkişaf etdirilməsi istiqamətində işlərə
başlanmışdır. Xatırladaq ki, ölkə
başçısının “Heyvandarlığın
maddi-texniki təchizatının
yaxşılaşdırılması ilə bağlı tədbirlər
haqqında” 21 avqust 2015-ci il tarixli sərəncamı ilə
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyinə Azərbaycan Respublikasının 2015-ci il dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin ehtiyat fondundan Qarabağ atı
cinsinin inkişaf etdirilməsi üzrə həyata
keçirilən tədbirlərin
yekunlaşdırılması üçün 1,5 milyon (bir
milyon beş yüz min) manat və Dilbaz at cinsinin inkişaf etdirilməsi
ilə bağlı tədbirlərin görülməsi
üçün isə 1,5 milyon (bir milyon beş yüz min)
manat vəsait ayrılıb. Hazırda Ağdam
Atçılıq Zavodunda atçılıq kompleksinin və
digər binaların inşası davam etdirilir”. Maarif
Hüseynov “Həftə içi”nə bildirdi ki, artıq 70
faiz tikinti işləri həyata keçirilib. Onun sözlərinə
görə, iş yerinə böyük bir briqada cəlb
olunub: “30-dan çox texnika işləyir. Nəzərinizə
çatdırım ki, artıq baytarlıq idarəsinin
binası, eləcə də atların müalicə
binasının tikinti işləri başa çatıb. 200
başlıq fərdi qaydada at saxlama tövlələri
inşa edilir. Eləcə də kübrə, yem anbarları,
idarə binası tikilir”.
Maarif
Hüseynov Atçılıq muzeyinin də inşa edildiyini
söylədi: Muzeydə Qarabağı və onun
atçılığını əks etdirən qədimi alətlər,
əşyalar cəmləşəcək. Yolların, qaz,
işıq, telefon xətlərinin çəkilməsi də
nəzərdə tutulub. Hazırda 210 baş atımız var.
Bütün bu işlər ölkə
başçısının nəzarətdindədir. Kənd
təsərrüfatı naziri Heydər Əsədov hər
gün bizimlə əlaqə saxlayır və görülən
işlərin keyfiyyəti və nəticələri ilə
maraqlanır. Bir sözlə, görülən işlər
barədə nazirə mütəmadi məlumatlar veririk”.
Qələndər
Xaçınçaylı
Həftə içi.- 2015.- 17
dekabr.- S.7.