Tarzənin böyük ürəyi,

şirin barmaqları olmalıdır

 

Aydın Mehralıyev: “Qədir musiqiyə o qədər bağlı idi ki, ifasından sonra oturub qəlyan çəkə-çəkə oxuduğunu analiz edirdi

 

Hər bir əsrin, dövrün özünəməxsus sənətçiləri, musiqi ifaçıları, mahir ifaları ilə seçilən tarzənləri olub. Həmin sənətkarlar ki, milli musiqimizi, eləcə də tar sənətini qoruyub-saxlayıblar və onun inkişafına, təbliğinə çalışıblar. Belə sənətçilərimizdən biri də tanınmış tarzən Aydın Mehralıyevdir. Babası Bahadur kişi Qarabağın məşhur xanəndələrindən biri olub. Atası Məşədi Nəriman gözəl tarzən idi. Onların korifey sənətçilərimizdən olan Əbülfət Əliyev, Qədir Rüstəmov, Elman Bədəlov, Ramiz Quliyev, Rəmiş kimi yetirmələri var. “Sənətkar” rubrikasının budəfəki qonağı tanınmış tarzən Aydın Mehralıyevi təqdim edirik.

Ömrünün yetmişinci qışını yaşayan Aydın müəllim musiqi ailəsində doğulduğunu dedi:

- Gözümü açıb musiqi səsi eşitmişəm. Azərbaycanın elə bir sənətçisi olmayıb ki, Ağdama, bizim evə gəlməsin. Mənim musiqiçi kimi yetişməyimdə onların hamısının təsiri olub. 50 ildir sənətdəyəm. Alitəhsilli tarzən kimi çox sənətkarları, xanəndələri tarda müşayiət etmişəm – ən çox da Qədir Rüstəmovu. Bu gün bizim ifalarımız Qızıl Fondda saxlanılır. Belə ki, “Bayatı-Kürd”, ”Şahnaz” muğamları Dövlət Radiosunun Qızıl Fondunda lentə alınıb; mahnılar, rənglər, təsniflər və muğam hissələri isə Azərbaycan Dövlət Televiziyasında lentə yazılaraq, Qızıl Fonda verilib.

- Aydın müəllim, söz ki, ölməz xanəndəmiz Qədir Rüstəmovdan düşdü, Qədirlə yoldaşlıq etmək, onun ürəyini fəth eləmək, qəlbini ovcalamaq, bir sözlə, bir sənətkar kimi tarda müşayiət etmək sizin üçün çətin olmayıb ki?

- Allah rəhmət eləsin, hələ yadıma gəlmir ki, Qədir məni çağırıb desin ki, gəl məşq edək. Nə oxuyub-çalmışıqsa, hamısı canlı olub. Qədirin oxuduqları canlı olduğuna görə, mən həyəcan keçirmişəm ki, birdən onun oxuduqlarını çala bilmərəm. Biz onu yox, o, oxuması ilə bizi ovsunlayardı. Mən Qədiri çox ehtiyatla müşayiət edirdim. Yaxşı yadımdadır. Təxminən, 10 il bundan öncə, Dövlət Radiosunda “Bayatı-Kürd” muğamını lentə alırdılar. Qədir adıçəkilən muğamın zil hissəsini oxuyanda qəfildən dayandı. Çünki “Bayatı-Kürd” muğamını “lya” kökündə oxuyub-çaldığımıza görə, o dedi ki, muğamı “soldan çal, “lya” kökündə istədiyimi edə bilmərəm. Çox yalvardım: «Qədir, “sol”dan hamı oxuyur, sənlya”dan oxu», - dedim. Razı olmayıb, “Səsim yerində deyil”, - dedi. Qorxdu ki, istədiyini edə bilməsin. Çünki Qədir səsin olduğunu yaxşı bilirdi.

- Dekabrın 14-də Respublika Muğam Mərkəzində Qədir Rüstəmovun xatirə günü qeyd edildi. Bir sənət dostu kimi onu necə xatırlayırsınız?

- Qədir musiqiyə o qədər bağlı idi ki, ifasından sonra oturub qəlyan çəkə-çəkə oxuduğunu analiz edirdi. Məndən soruşardı ki, muğamın hissələrini necə oxudum? Ona görə ki, Qədir muğamata çox ciddi yanaşırdı. Əgər 10 min manat pul verib laqeydcəsinə desəydilər ki, bizə bir şey oxu, həmin pulu götürməzdi. İrad tutub deyərdi ki, pulunu götür, xahiş elə, oxuyum. Bax, Qədir belə sənətçilərdən, kişilərdəni idi.

- Müşayiətçiliklə bağlı deyərdiniz?

- Tar çalmaq sahəsində müşayiətçilik ikinci bir sənətdir. Ona görə ki, bu sahədə həm ifaçı olmalısan, həm müşayiətçi. Bir sözlə, müşayiətçilik “solo” çalmaqdan çox çətindir. Çünki müşayiətçi xanəndədən asılı olur. Əsl müşayiətçi səsi olmayan xanəndəni dağa qaldıra bilər. Onun üçün muğamlarımızı dərindən mənimsəmək lazımdır.

- Bəs tarzən sənətinin incəlikləri, sirləri nədən ibarətdir?

- Tarzən qəlbindən ürəyinin süzgəcindən keçirdiyi hissləri, eləcə deyə bilmədiyi fikirləri musiqinin dili ilə bəyan edir. Tarzənin həm böyük ürəyi, şirin barmaqları olmalıdır. Unutmayaq ki, musiqi özü açılmayan, dərin fikirləri bildirən bir fəlsəfədir. Ona görə tarzən olmaq üçün illər keçməlidir, bu sənəti dərindən öyrənməlidir. Ən azı, 30 il bu sənətdə bişəndən sonra ortalığa çıxmalıdır. Ona görə ki, dünən çaldığım bu gün xoşuma gəlmir. Elə düşünürəm ki, dünənki ifamda nəsə çatmır. Sabah çaldığım da bu gündən fərqli olur. Demək, bu, yaradıcılıqdır, bu, inkişafdır. Yaxşı olardı ki, gənc ifaçılarımızşou”ya yox, əsl yaradıcılığa daha çox fikir versinlər.

- Bir az da bəstəkarlığınızdan danışaq...

- Yazdığım 227 səhifəlik, 5 fəsildən ibarət birMəcmuə”, rənglər, rəqslər, pyeslər mahnılar daxil olmaqla, kitab halında çap edilib musiqi tədris ocaqlarında tədris olunur.

- Eşitdiyimizə görə, Kanadadan bu yaxınlarda qayıtmısınız. Sizi bir musiqiçi kimi dəvət etmişdilər, yoxsa gəzməyə getmişdiniz?

- Kanada gözəl ölkədir. Orada həm oğlum yaşayır, həm də kifayət qədər dostum var. Mən, sadəcə, gəzməyə, nəvələrimə baş çəkməyə getmişdim. Xatırladım ki, həmin ölkədə 220 min göl var. Kanadanı el arasında “Göllər ölkəsi” də adlandırırlar. O göllərdən qalxan ətrin iyi bütün şəhərə yayılır. Onu da diqqətinizə çatdırım ki, orada məşhur Niaqara şəlaləsini gördüm. Çünki şəlalə nağıllar aləmini xatırladırdı. Onun şırıltısı, səsi sanki musiqi idi, bir simfoniya idi. Söz düşmüşkən deyim ki, arzularım da çoxdur. Çoxdandır ki, Fikrət Əmirov, Süleyman Ələsgərovdan sonra simfonik muğamlar yazılmır. İndi isə onun üzərində çalışıram. Artıq simfonik muğamlarını yazmaq üçünxammal” hazırdır. Əgər Azərbaycan bəstəkarlarından kimsə mənə kömək edərsə, həmin əsərləri tezliklə ərsəyə gətirmək olar.

- Artıq həyatınızın ən ahıl çağlarını yaşayırsınız. Gələn il 70 yaşınız tamam olacaq. Bu 70 il ərzində sənət aləmindəki xidmətləriniz, zəhmətiniz dövlət tərəfindən qiymətləndirilibmi?

- Fəxri ad barədə fikirləşmirəm. Mənə fəxri ad verilməsi üçün 2008-ci ildən Mədəniyyət və Turizm Nazirliyi sənədlərimi alıb, növbəyə götürüblər. Artıq 70 yaş da belə gedir, hələ də növbədəyəm, bir xəbər yoxdur. Təkcə yazdığım “Məcmuə” kitabıma görə, gərək mənə çoxdan ad veriləydi. Ağlıma da gətirmirəm ki, kimsə irəli durub mənə 70 illik keçirsin.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2015.- 19-21 dekabr.- S.7.