“Vurğunam Bakıya ona görə ki,

qoynunda Yesenin inci yaratdı...”

 

Dekabrın 28-də dahi rus şairi Sergey Yeseninin vəfatından 90 il ötür

 

“Məlumdur ki, Azərbaycan S.Yesenin üçün əsl ilham mənbəyi olmuşdur. Var olsun bu diyar ki, bizim rus şairinin gözəl əsərləri məhz burada yaranmışdır!”.

 

Vasili Dmitriyeviç Fyodorov,

görkəmli rus şairi, ictimai xadim.

 

“Mən Bakıya çox minnətdaram. Bu füsunkar, gözəl şəhər Yeseninin ağır keçən həyatının son aylarında ona qayğısız, xoşbəxt günlər bəxş etmişdir. Mehribançılığınıza və səmimiyyətinizə görə, sizlərə təşəkkür edirəm!”.

 

– Juja Rab, tanınmış macar şairi, bir çox

rus şair və yazıçılarının xeyli sayda, Yeseninin əsərlərinin

bütün küllüyatının macar dilinə tərcüməçisi.

 

“Yesenin dünyanın ən böyük, namuslu şairlərindəndir. O, öz Vətənini, doğma xalqını, habelə gözəlliyi, insanlığı qiymətləndirən, bütün dünya xalqlarını qəlbən sevən bir sənətkardır”.

 

– Nazim Hikmət, görkəmli türk şairi, yazıçısı,

dramaturqu, rəssamı və ictimai xadimi.

 

“Bakısız və bakılılarsız yaşaya bilmirəm, baxın, yenə gəldim!..”.

 

– Sergey Yesenin, böyük

rus şairi, 1925-ci il.

 

Sergey Aleksandroviç Yesenindən, o böyük rus şairi və rus insanından söz düşəndə, Azərbaycanın unudulmaz Xalq Şairi Məmməd Arazın bu səmimi fikirlərini yada salmamaq mümkün deyil: “Yeseninin Ryazandan başlanan cığırı bir Magellan yolu kimi dünyanın belinə dolanır. Bu yolu nə Savanna otluqları, nə tropik cəngəlliklər, nə okean qəzəbi itirib-batıra bilir. Çünki bu yolda “bələdçilik” edən agaclar da, quşlar da, daşlar da zümzüməlidir, nəğməlidir; bu yolu keçənlər xatirə yüklü, gənclik haraylı, məhəbbət soraqlıdır.

Bir sənətkar yolu, axtarış yolu onu Bakıya, qədim Odlar Məbədgahına da gətirib çıxarmışdı. Burada yazılan və bura ilə bağlı xatirələrdən alınan şeirlər Yesenin yaradıcılığında mövzu cəhətdən xüsusi xətlə ayrılır. Şair burada da yenə rus qəlbi ilə oxuyur, öz “Şimal fırçası” ilə Cənub boyalarını rəsm eləyir. Onları ruhuna, qanına hopdurur, öz Şimal boyalarını daha da zənginləşdirir... Yesenin nəğmələri – şeirin sözün rəngləridir. Rus torpağının mənzərələrini, rus sözünün rənglərini, rus ürəyinin vurğularını Yeseninə qədər uşaq heyrəti ilə duyan və uşaq səmimiyyəti ilə ifadə edən ikinci sənətkar tapmaq çətindir”.

Rus ürəyi!.. Yadıma daha bir Xalq Şairimiz Nəbi Xəzrinin “ Rus ürəyi” şeirindəki ecazkar misralar düşür:

...Burada mənim fikrim aydındır daha,

Bir də şərh etməyi artıq sayıram.

Həmişə ruslarla görüşən zaman,

Mən yaz səmasını xatırlayıram.

 

...Sevirəm, sevirəm, sevirəm qəlbən

Mən rus ürəyinin yaz səmasını,

Onun qüdrətini, onun eşqini,

Onun tufanını, qasırğasını.

 

...Faşist gürzəsinin əydik başını,

Zəfər marşımızla qurtardı dava.

Güldü qəlbimizin döyüntüsündə,

Ürəklər- ürəyi böyük Moskva.

 

Yeseninin gənc yaşlarında, həyatının, yaradıcılığının ən çiçəkli illərində qəfil ölümü onu tanıyan və sevən müxtəlif xalqların ədəbiyyat aləmini, oxucularını son dərəcə kədərləndirmişdi. Bu qara xəbərdən sarsılan Aleksey Tolstoy yazırdı: “...Onun ölüm günü ədəbiyyatda matəm kimi qeyd edilməlidir”.

Faciədən olduqca məyus olan böyük Qorki məktublarının birində yazırdı: “Budur, Yeseninin şeirlərinin birinci cildini oxudum və qüssədən, qəzəbdən, az qala, sarsıldım. Necə də xalis, necə də əsl rus şairidir”.

Yeseninin xalis, əsl rus şairi olması taleyinə yazılan familində də təzahürünü əks etdirmişdi. A.Tolstoy qeyd edirdi ki, Yesenin - əsl köklü rus familidir. Yulaf, payız, görüş mənası ilə bərabər, bolluq, torpağın bəxş etdiyi nemətlər anlamında işlədilən sözdən əmələ gəlmişdir. Bu, bəlkə də adi bir təsadüf idi ki, XX əsr rus poeziyasının qüdrətli nümayəndəsi sayılan Sergey Aleksandroviçin famili Tolstoyun dediyi mənada Yesenin idi.

Yesenin doğrudan da rus xalqının tarixindən doğulan, rus torpağında rus nəğməsinin təmiz havasını udan və bütün yaradıcılığı boyu onlara qayıdan, onları tamamlayıb şöhrətləndirən bir ürək sahibi idi. Özünün dediyi kimi: “Oxucu mənim şeirimdə hər şeydən əvvəl, hissin kövrəkliyinə və obrazlılığa fikir verməlidir; bunlar neçə-neçə şairə, yazıçıya “bələdçilik” eləyib, yol göstərib. Bu obrazları mən özümdən uydurmamışam; bunlar rus ruhunun, rus baxışının ifadəçisidir... Bunlar mənim içimdə öz hisslərim, duyğularım kimi yaşayır, nəfəs alır. Məndən bircə bunu öyrənə bilərsiniz, mən də başqalarından nəyi isə öyrənməyə hazıram”.

Maksim Qorkiyə görə, “Yesenin yüz minlərlə insanın fəryad və iniltisi idi; o, köhnəliklə-yeniliyin barışmaz nifaqının parlaq və dramatik simvolu idi”.

Sergey Yeseninin ilk dövr yaradıcılığı daha çox kənd həyatı, kənd adamları, kənd adət- ənənələri və zəngin rus təbiəti ilə sıx bağlı olmuşdur. Kənd onu bəsləmiş, böyütmüş və böyük sənət yoluna çıxarmış, qüdrətli poeziya aləminə bəxş etmişdir. Buna görə də Yesenin poeziyasında rus kəndi, rus kəndlisi, rus təbiəti motivləri əsas mündərəcəni təşkil edir. Şairin sevinci də, kədəri də bu üç məfhumla bağlıdır. Xüsusilə füsunkar rus təbiətinin təsvirində Yesenin özündən sonra gələn rus şairlərinin müəllimi sayıla bilər. Əliağa Kürçaylının dediyi kimi, onun şeirlərində rus ağcaqayını, rus yasəməni, rus küknarı və şamı elə təsvir olunur ki, sanki bu ağaclar dünyada olan bütün şamlardan, ağcaqayınlardan, yasəmənlərdən fərqlidir. Mübaliğəsiz demək olar ki, Yeseninin şeirlərini oxuyan hər kəs rus təbiəti haqqında uzun illərboyu Rusiyada yaşamış adam qədər kamil bir təsəvvür ala bilər.

 

Sərmiş ağ örpəyini hər yana qar,

Yenə sakit görünür rus meşəsi.

Bürüyüb könlümü gəzmək həvəsi,

“Gəl”, – deyir sanki mənə göy şamlar.

Səsləyir, gəl, – deyə donmuş o çayın

sahilində ucalan ağcaqayın.

 

Çökür axşam, yenə də qaş qaralır,

Ay doğur, hər tərəfə nur çiləyir,

Gəl, bu rus torpağını seyr elə bir,

Hər tərəf indi başqa görkəm alır.

Bir gümüş şöləsidir sanki ayın,

Ağ sütuntək ucalan ağcaqayın.

 

Sergey Yesenin 1895-ci il indiki təqvimlə oktyabrın 3-də Ryazan mahalının Konstantinov kəndində kəndli ailəsində doğulmuşdu. Onun dünyaya göz açdığı kənd Oka çayının sahilində yerləşən, qeyri-adi təbii gözəlliyi ilə fərqlənən bir məkandır. Yaşıllığa, gül-çiçəyə qərq olmuş bu kəndin mərkəzində rus memarlığının ən gözəl nümunəsi olan qədim kilsə yerləşir. Ətraf isə demək olar ki, başdan-başa ağcaqayın, şam və qəndalaş ağacları ilə örtülmüşdür.

Valideynləri Aleksandr Nikitiç Yesenin və Tatyana Fyodorovna sadə, zəhmətkeş insanlar idilər. Sergey iki yaşından ana babasının yanında böyümüşdü. Yesenin öz tərcümeyi-halında yazdığı kimi, babasının üç subay oğlu vardı. Sergeyin bütün uşaqlığı, demək olar ki, onlarla keçmişdi. “Dayılarım dəcəl və dələduz uşaqlardı. Üç yaş yarımından onlar məni yəhərsiz at üstə qoyub yortardılar. Yadımdadır, vahimə içərisində atın yalından bərk-bərk yapışardım”, – deyə Yesenin tərcümeyi-halında yazırdı. Dayıları üzməyi də ona bu cür öyrədər və çox vaxt onu özləri ilə ova aparardılar.

1904-cü ildə Sergey 9 yaşında ikən dördillik ibtidai məktəbə daxil olmuş, 1909-cu ildə həmin məktəbi tərifnamə ilə bitirmişdi. Lakin uşaqlıqdan olduqca nadinc olan Sergey dərslərini yaxşı oxusa da, dəcəl əməllərinə görə 3-cü sinifdə təkrar saxlanılmış, buna baxmayaraq, məktəbi əla qiymətlərlə bitirmişdi. Əmirxan Xəlilovun qeyd etdiyi kimi, şeirə-sənətə həvəs və böyük məhəbbət bəsləməsində onun babası, nənəsi və anasının böyük təsiri vardı. Sergey həm də sərrast və aydın hafizəyə, dərin düşüncəyə malik idi. Dərs zamanı cəsarətlə cavab verər, özünü böyük şeir həvəskarı kimi göstərərdi. Xüsusilə Nekrasovdan, Kolsovdan şeir əzbərləməyi daha çox sevərdi. Gənclik illərində isə o, Puşkin, Qoqol, Turgenev, Tolstoy, Nikitin kimi görkəmli şair və yazıçıların yaradıcılığını dərindən öyrənərdi. Sergey 1912-ci ildə ikiillik kilsə müəllimliyi məktəbini bitirmişdi.

“Məndən tez-tez soruşurlar: yazmağa necə başlamısan? Oxumağa 5 yaşımdan, yazmağa 9 yaşımdan... Əvvəllər mənim yaradıcılığıma kənd çastuşkaları təsir edib. Təhsil illərimin mənə elə bir faydası olmayıb. O illərdə slavyan dilini, dini adət-ənənələri öyrənə bilmişəm.

Ədəbiyyatla bağlı ilk maraqlı söhbətləri Klemenovdan eşitmişəm. O, məni yeni ədəbiyyatla, məşhur şairlərlə qiyabi tanış etmiş və klassiklərdən nə üçün qorxmaq lazım gəldiyini başa salmışdır. Şairlərdən ən çox Lermontov və Kolsovdan xoşum gəlir. Andrey Belıdan şeirin forma xüsusiyyətlərini, Blok və Klyuyevdən isə həzinliyi öyrənmişəm... İndi məni ən çox Puşkin cəlb edir. Tərcümeyi-halımın başqa tərəflərinə gəlincə, onlar mənim şeirlərimdədir”.

Sergeyin ilk şeirləri “Mirok” və “Dobroe utro” adlı məşhur uşaq jurnallarında dərc edilmişdi. 1915-ci ildə Yeseninin “Rudniüa” adlı ilk şeirlər kitabı çap olunmuşdu. Özünü qürurla “kəndli oğlu”, “kənd vətəndaşı” adlandıran Yesenin bütün varlığı ilə kəndə bağlı idi. Lakin bununla bərabər, onun poeziyasının üfüqləri çox geniş idi. Onun yaradıcılıq ilhamı ilk anlardan Əhməd Cəmilin dediyi kimi, rus xalq ədəbiyyatının duru çeşmələrindən su işmişdi. Vaxtilə Yesenin özü İ.Rozanova demişdi: “Bilirsinizmi, hansı əsər mənə qeyri-adi təsir bağışlamışdır?! “İqor polku haqqında dastan”. Mən onunla kiçik yaşlarımdan tanış olmuşam və o, məni sarsıtmışdır, dəli kimi gəzmişəm. O gözəllik, bədiilik! Bax, mənim imajinizmim haradan başlamışdır”.

Yesenin şeirlərindəki bədiilik, onun özünəməxsus zəngin bədii üslubu “ İqor polku haqqında dastan”dan başlamış, bütün rus xalq ədəbiyyatı ornamenti və bütün rus klassik şeirindən gəlirdi. Yesenin lirikası səmimi, hərarətli, zərif və bir qədər də hüznlü lirikadır.

Nəriman Həsənzadə Yeseninin yaradıcılığına hörmətlə yanaşıb etiraf edir ki, həqiqətən onun şairlik qisməti, ədəbi taleyi, vətənpərvər ürəyi şeirlərində, misralarında, mən deyərdim, qafiyələrində də duyulur. Bunu adi bir rus oxucusu daha tez müəyyən edər və çətinlik çəkmədən deyər ki, bəli, bu, Yesenin ruhudur, onun paklığı və təbiiliyidir. Sergey Yesenin şeirlərində inandırmağa çalışmır, bəlkə heyrət doğurur. O, adi rus kəndlisinin insani hisslərini qələmə almaqla, onu bəşəri yüksəkliyə qaldırır və sevdirir.

Yesenin doğma anası ilə necə danışırsa, oxucusu ilə də eləcə sadə, aydın dillə, istiqanlı danışır. Oxucu onun nəzərində özgə adam deyil, elə bil çoxdanın tanışı, dostu, qohumu, yaxud qonşusudur. O saat dil tapır, ürəyini açır, sevincini-kədərini bölüşməyə can atır. Onun poeziyası insana, vətən torpağına, sözün əsl mənasında, məhəbbət poeziyası, mehribanlıq poeziyasıdır. Bu, qəlbin qəlbə isinişməsidir. Şairin anasına, babasına, bacısına, qadına yazdığı poetik məktublarını misal göstərmək olar.

Yesenini oxuyan hər kəs rus kəndlisinin məişətinə bələd olur, XX əsrin əvvəllərində böyük bir ölkənin ərazisində baş verən ictimai-siyasi hadisələri görür və Rusiyanı sevir. Yeseninin oxucusu kimi, mənə elə gəlir ki, o, Rusiyaya Nekrasov məhəbbəti bəsləmiş və Rusiyanı Yesenin ilhamı ilə tərənnüm etmişdir. Şair – səsdir. Həm öz xalqının, həm də öz əsrinin eşidilən səsi. O, həm öz əsrində, həm də başqa əsrlərdə yaşayan insanların, ictimai- siyasi quruluşların böyük müasiri olur. Şair, bir növ, canlı, yeriyən kürsüdür. O, harada görünürsə, ona qulaq asmaq, onu dinləmək istəyirsən.

O, Rusiyada doğulsa da, bütün xalqların oğlu idi. Şair bütün xalqların övladıdır. Əgər belə deyilsə, o, şair olmur.

Yeseninin poeziyası tam bir salnamədir. Bu salnamənin səhifələrində şairin gözəl şeirləri yerləşir. Bu şeirlərin gücü və gözəlliyi isə Vətənə, doğma yurda böyük şair məhəbbətinin yüksək sənətkarlıqla ifadəsindədir. Vətən eşqi ilə döyünən ürəkdir ki, Yeseninin ilhamlı lirikasını yaşadır, həmişə təzə və təravətli saxlayır.

“Bəzən qələm dostlarıma elə gəlir ki, sənət, ancaq sənət olaraq qalır.Guya, həyatın ona heç bir dəxli yoxdur. Məni ona görə təqsirləndirirlər ki, sənətin mahiyyətini müəyyən ideyalara xidmət etməkdə görürəm. Onlar, necə deyərlər, sözün forması, görünüşü haqqında daha çox fikirləşirlər. Bir də elə bilirlər ki, söz, obraz hər şey deməkdir.

Qoy, onlar məndən inciməsinlər; mənə belə gəlir ki, bu, sənətə ciddi münasibət deyil. Ancaq səthi, dumanlı bir təəssürat əsasında meydana gəlmiş dekorativ sənət nümunələri haqqında belə danışmaq olar. Dönə-dönə yaşanmış fikirlərin, müəyyən daxili inamın ifadəçisi kimi ortaya çıxan əsl sənət nümunələrinə bu ölçü ilə yanaşmaq qətiyyən düzgün deyil”. Bunlar Yeseninin sözləri idi. O, belə bir həqiqəti tez-tez təkrar etməyi sevirdi: “İncəsənət mənim üçün əyləncəli naxış deyil, fikrin izahı, dilimizin ən zəruri sözüdür”. O, hələ 1912-ci ildə yazdığı “ Şair” şeirində əsl sənətkarın cəmiyyətdə rolu haqqında yazırdı: ”Düşmənləri məhv edən, həqiqəti özünə doğma ana sayan, insanları öz qardaşı kimi sevən və anaların yolunda əzab çəkməyə hazır olan şair əsl şairdir. O, başqalarının görə bilmədiyi işləri asanlıqla başa çatdırır. Belə adamlar xalq şairidir.Belə adamlar doğma torpağının şairləridir”.

Yesenin “həqiqəti özünə doğma ana” hesab etməyi sənətkarın ən başlıca keyfiyyətlərindən biri hesab edirdi. Bunlar gəlişigözəl sözlər deyildi. Gənc Yesenin imperialist müharibəsi əleyhinə səsini ucaldanda da,fəhlələr arasında çarizm əleyhinə gizli vərəqələr yayanda da, siyasi mövzularda fəal çıxışlar edəndə də, hətta fəhlələrin əməyinə ehtiram əlaməti olaraq, ilk şeirlərini “Serqey Molot” imzası ilə çap etdirəndə də qeyd etdiyim həqiqəti axtarırdı. Belə sağlam zəmin üzərində yüksələn Yesenin poeziyası bir müddət yabançı ədəbi-siyasi təsirə məruz qalmışdı.1918-ci ildə şair əvvəlcə proletkultçulara yaxınlaşmış, sonra, 1919-cu ildə imajinist- şairlər qrupuna qoşulmuşdu.

İmajinizm – XX əsrin 20-ci illərində Rusiyada fəaliyyət göstərmiş ədəbi, əsas nümayəndələri Yesenin, İvnev, Mariyenqof, Şerşeneviç, Kusikov, Qruzinov və başqalarından ibarət qrup idi. Yesenin rus dilinin təbii obrazlılığına, xalq yaradıcılığına əsaslanırdısa, Şerşeneviç və Mariyenqof süni obrazlılığı canlı gerçəkliyə qarşı qoyurdular. İmajinizm formalizm və “sənət sənət üçün” nəzəriyyəsinin təzahürlərindən olub, sənəti dövlətə, inqilaba qarşı qoymağa, onun ictimai rolunu inkar etməyə yönəldilmişdi. 1924- ildə Yeseninin imajinistlər sırasını tərk etməsi, əslində, bu qrupun dağılmasına səbəb olmuşdu. Çünki Yesenin ideya-nəzəri və yaradıcılıq mövqeyi etibarilə ümidsizliyi, bədbinliyi, tərki-dünyalığı təblig edən imajinistlərdən çox uzaqda idi. Bu, bir həqiqətdir ki, parlaq istedadı, rəzalət və çirkabla dolu bataqlıq da heç bir zaman söndürə bilməızdi. Yeseninin öz fikirlərindən: “1919-cu ildə qoşulduğumuz imajinizm axını formal cəhətdən rus poeziyasına müəyyən hava gətirsə də, onun nümayəndələrindən heç biri yüksək şair istedadı ilə seçilə bilmədi.

İndi mən bütün ədəbi məktəbləri inkar edirəm. Məncə, şair hər hansı cərəyandan,ədəbi məktəbdən asılı qalmamalıdır. Bu, onun sərbəstliyini əlindən alır. Ancaq daxilən sərbəstlik hesabına gözəl şeylər yarana bilər ”.

Qeyd edim ki, Yesenin öz tərcümeyi-halını bir neçə dəfə qələmə almışdı. Onun 1922-1924-cü illərdə yazılmış “Avtobioqrafiyası”nın üç variantı və tərcümeyi-hal səpkisində olan “Özüm haqqımda”, “Özüm barədə bəzi şeylər ” adlı əlavə iki yazısı məlumdur. Bunların heç biri tam tərcümeyi-hal formasında olmasa da, həmin yazılarında şairin özü haqqında verdiyi bəzi məlumatlar onun həyat və yaradıcılığını öyrənmək üçün maraqlıdır. Bu məlumatlardan biri diqqətimi xüsusilə cəlb edir. Yesenin yazır: ”Müharibə və inqilab illərində tale məni müxtəlif yerlərə aparıb çıxarmışdır. Şimal Buzlu okeanından Qara dənizə və Xəzərə qədər. Qərbdən-Çinə, İrana və Hindistana qədər bütün Rusiyanı eninə və uzununa gəzmişəm”. İstərdim bir qədər həmin illərə oxucularımla bərabər ziyarət edim.

S.Yesenin Moskvaya ilk dəfə 1912-ci ilin payızında gəlir.Atası onu idarədə işə düzəldir.Lakin Aleksandr Nikitiç oğlunun şeir-sənətə bağlanmasını istəmirdi, ata öz oğlunu müəllim görmək arzusunda idi. Bir tərəfdən, ailədaxili narazılıqlar, qəriblik, maddi çətinlik, digər tərəfdən, Moskva mühitində əsərlərinin çox çətinliklə çap olunması,ən başlıcası, onu əhatə edən insanların laqeydliyi, biganə və soyuqqanlılığı, yeknəsəq həyat keçirmələri gənc, təcrübəsiz Yesenini bezdirmiş, ağır və bədbin düşüncələrə gətirib çıxarmışdı. Həmin il Sergey uşaqlıq və məktəb dostu Qrişa Panfilova Moskvadan göndərdiyi məktubunda yazırdı: “Bu usandırıcı həyata baxır və istər-istəməz düşünürsən: yaşayırsan, yoxsa, yox? Özün bir fikirləş,mən heç özümü təsəvvür etmirəm,yaşayasan, lakin özünü hiss etməyəsən, elə yalnız fikirləşəsən”...

1913-cü ildə yazdığı məktubda isə atası ilə yollarının ayrıldığını, yalqız və köməksiz qaldığını qeyd edib, bir daha sualla müraciət edirdi ki, həyat nədir?.. Mən bu mənanı dərk edəmmirəm.Bunun mənasını heç İsa da aça bilməyib. İstər-istəməz Kolsovun fikirləri yada düşür:

Dünya Allahın sirridir,

Allah – dünyanın sirri.

Əgər doğrudan da bu, bir sirrdirsə, qoy, elə belə də qalsın. Lakin necə olsa, biz bilməliyik ki,nə üçün yaşayırıq? Bilirəm ki, sən deməzsən: yaşayırıq ki, ölmək üçün.Sən özün bir vaxt demirdinmi öləndən sonra başqa bir həyat da var...Yaşamaq nə üçündür? Görəsən, doğrudanmı, bunu bilmək mümkün deyi?

Kim deyər, kim açar mənə

Həyatın bu sakit gərdişini.

Yaradıcı əl hardadır, kimdir?

Bu müqəddəs, İlahi səslər

Necə, nə vaxt yaranmış?

Yazdığım bu parçalar yeni başladığım “Ölüm” şeirindəndir. Sağlıqla qal,hələlik...”

Yeseninin digər məktublarından:

“Şəxsi qənaətimə görə ətdən, balıqdan imtina etmişəm. Qənd işlətmirəm.Şokolad, kakao, kofe kimi şeylərdən də istifadə etmirəm, tütün də çəkmirəm”.

“Hər şeyə yuxarıdan-aşağı baxma, yoxsa aşağıları görüb-duya bilməzsən. İnsanı o vaxt dərk edə bilərsən ki, onun həyatını təhlil edib, özünü onun yerində qoya biləsən, onun mövqeyindən çıxış edəsən. Bütün insanlar eynidir. Həqiqət – həqiqətdir, ona sübut-dəlil gərək deyil, ona sərhəd də yoxdur, belə ki, alfa da, omeqa da özüdür”.

1913-cü ilin mart ayında o, yenidən Moskvaya gəlir. Mətbəədə işə düzəlir.Bir müddət korrektor müavini, sonralar isə korrektor vəzifəsində işləyir. Hər gün səhər saat 8-dən axşam saat 7-yə qədər mətbəə işi onu yorsa da, inqilabi əhval-ruhiyyəli mətbəə işçilərinin təsiri, Moskva fəhlələri ilə yaxından təmas onda dövrün ictimai hadisələrinə böyük maraq oyadır. Moskvada İ.Surikov adına ədəbi-musiqi dərnəyi də Yeseninin ictimai-mədəni tərbiyəsində böyük rol oynayır. Daha sonra Yesenin Moskvada həmin vaxtlar Rusiyada birinci “Mədəniyyət Universiteti” olan Şanyavski xalq universitetinə daxil olur. Lakin Moskvanın ədəbi mühiti onu qane etmədiyi üçün o, Peterburqa gedir. Şair bu barədə yazır: “On səkkiz yaşımda şeirlərimi jurnallara göndərib, onların çap olunmadığını görəndə təəccübləndim və Peterburqa yola düşdüm. Orada məni sevinclə qarşıladılar.İlk gördüyüm Blok, ikincisi – Qorodetski idi. Bloka baxanda, məni tər basdı,çünki ilk dəfə idi ki, canlı şair görürdüm”.

Şərq aləmi, o cümlədən, Azərbaycan öz qədim və zəngin mədəniyyəti, ədəbiyyatı,incəsənəti, həmçinin ecazkar təbiəti ilə dünyanın böyük şəxsiyyətlərinin, söz- sənət adamlarının həmişə diqqətini cəlb etmiş, onların qəlbini rövnəqləndirmişdir. Dahi ingilis şairi Bayronun “Şərq poeması” bu məftunluğun məhsuludur. Fransız yazıçısı Aleksandr Dümanın “Qafqaz səfəri” də eyni duyğuların, məhəbbətin nəticəsində ərsəyə gəlib.Təbii ki, belə nümunələr çoxdur.

Vaxti ilə Aleksandr Sergeyeviç Qriboyedovun Azərbaycanı qarış-qarış gəzdiyi, Abbasqulu ağa Bakıxanovla birlikdə böyük Nizaminin qəbrini ziyarət etdiyi, Ərzuruma səyahəti zamanı Puşkinin Azərbaycan ziyalıları və Qarabağ atlıları ilə tanışlığı, Mixail Yuryeviç Lermontovun Azərbaycanı gəzərkən dilimizə və xalq ədəbiyyatımıza böyük maraq göstərdiyi, dekabrist şair və yazıçılarla qabaqcıl ziyalılarımızın dostluğu, Maksim Qorki, Vladimir Vladimiroviç Mayakovskinin Bakıya gəlişi, müxtəlif təbəqədən olan insanlar və yaradıcı ziyalılarımızla görüşü mədəni tariximizdən xalqımıza yaxşı məlumdur. Yaradıcılığı Bakı ilə bağlı olan böyük rus şairlərindən biri də “ Rusiyanın ağcaqayını” hesab edilən, əlbəttə ki, Sergey Yesenindir.

Yeseninin şeirlərində xalqlar dostluğu ideyası mühüm yer tutur. O, insan ləyaqətini, xalqların, millətlərin ləyaqətini tərənnüm etməyi şairin vətəndaşlıq borcu hesab edirdi. Ondakı vətən eşqi dərin humanist arzularla döyünən ürəkdən süzülüb-gəlirdi. Bu isə Yesenin poeziyasının təbiiliyini və vətəndaş səmimiyyətini daha da gücləndirirdi. Lakin Rusiyaya bir oğul məhəbbəti ilə yanaşı, başqa xalqların adət-ənənələrinə, poeziyasına, musiqisinə, bir sözlə,mənəvi gözəlliklərinə və sərvətinə dərin ehtiram hissi Yeseninin lirikasında ən ümdə yer tutan cəhətlərdəndir. O, Lermontovu,Puşkini, Qoqolu, Kolsovu, Nekrasovu nə qədər sevirsə, Firdovsini, Xəyyamı, Sədini də bir o qədər yüksək qiymətləndirirdi.Yeseninin “İran nəğmələri” buna canlı misaldır. Şair məktublarının birində Şərqin musiqi və milli şeir ənənəsinə istinadən yazmışdı: “Müsəlmanlar (azərbaycanlılar – red.) hədər yerə demirlər ki, əgər o mahnı oxumursa, şuşalı, şeir yazmırsa, şirazlı deyil.

Yesenin 1924-cü ildə ilk dəfə Bakıya gələndə 24 yaşı vardı. Məşhur şair kimi, kifayət qədər tanınmışdı. Onun həyatının son iki ili, yəni 1924-1925-ci illər yaradıcılığının Bakı dövrü hesab olunurdu.

S.Yesenin yaradıcılığının tədqiqatçıları olan Pyotr Fyodoroviç Yuşin, Yuri Lvoviç Prokuşev, Vladimir Germanoviç Belousov, Sergey Petroviç Koşeçkin, Korneliy Lyutsianoviç Zelinski, Pyotr İvanoviç Çagin, Titsian Yustinoviç Tabidze və başqaları haqlı olaraq şairin yaradıcılığının bu mərhələsini ən məhsuldar dövr – qızıl dövrü adlandırırlar. Vaxtilə Puşkinin yaradıcılığında “Boldino payızı” necə mühüm rol oynamışdısa, Yesenin yaradıcılığında da Bakı, Mərdəkan payızı xüsusi əhəmiyyət kəsb edirdi.

Bəs necə oldu ki, Yesenin Azərbaycana gəldi, onu Bakıya kim dəvət etmişdi? Bu suala cavab vermək üçün siyasi tariximizin həmin səhifələrini yada salaq.

Pyotr Çagin “ Sergey Yesenin Bakıda” məqaləsində yazır: ”1924-cü ilin fevralında mən partiya işləri ilə əlaqədar olaraq Moskvada ezamiyyətdə idim. O vaxtlar mən Azərbaycan KP MK –nın ikinci katibi və “Bakinski raboçi” qəzetinin redaktoru idim. Bakıya yola düşməzdən qabaq, axşam Vasili İvanoviç Kaçalova (böyük rus sovet aktyoru, SSRİ Xalq Artisti - R.Mirzəzadə) qonaq getdim və orada Sergey Yeseninlə tanış oldum.Yesenin Bakı haqqında, hələ də “mürgüləyən qızıl Asiyadan” çoxlu nişanə qalan, ancaq indi neft buruqları məskəni olan şəhər haqqında hekayələrimi acgözlüklə dinlədi.

Ertəsi gün səhər tezdən mehmanxanada qapının hündürdən döyülməsinə oyandım. Belə erkən gələn Sergey Yesenin idi. O, utancaqlıqla gülümsəyərək dedi: “Bağışlayın, deyəsən, biz dünən sizinlə qaloşlarımızı dəyişik salmışıq...”

Doğrudan da belə idi. Yesenin getməyə tələsmirdi, mən isə onu saxlamağa cəhd edirdim.O qaldı, məni vağzala qədər ötürdü.

Bizim dostluğumuz belə başlandı.O, öz tərəfindən bu dostluğu Bakıya gəlmək vədi ilə möhkəmlətdi. Mən isə onun “ İranı da göstərərsinizmi?” sualına cavab olaraq vəd etdim ki, İranı da, əgər istəsə, lap Hindistanı da göstərərəm.

...Aylar keçirdi. Mən artıq Yesenini Bakıda görmək ümidimi itirmişdim.Ancaq sentyabrın 20-də axşam redaksiyaya gələndə stolumun üstündə kiçik bir məktub gördüm:

“Yoldaş Çagin, mən gəlmişəm. Yanınıza gəldim, lakin sizi görə bilmədim.

“Yeni Avropa” mehmanxanasında 59-cu otağa düşmüşəm.Mehmanxananın direktoruna zəng vurun ki, sizi nə vaxt görə bilərəm.

20/IX-24 S.Yesenin

Elə həmin gün Çagin Yeseninlə görüşür.Bir- birini əvəz edən maraqlı tədbirlər, mərasimlər, görüşlər, söhbətlər Yeseninin qəlbində və ruhunda silinməz izlər qoyur. Həmin təəssüratlardan bəhs edən xeyli yazılar mövcud olsa da, P.Çaginin həyat yoldaşı Mariya Çaginanın “ Yeseninlə görüşlər” məqaləsini xüsusi qeyd etmək istəyirəm. M.Çagina yazır: (“Sovetskaya kultura” jurnalı, 1980, nömrə 81)

“Sergey Yeseninlə Pyotr Çaginin dostluğu haqqında çox yazılıb. Pyotr İvanoviçin Yeseninə böyük təsiri olub, ancaq şair də Çaginin həyatında, bizim taleyimizdə mühüm yer tutub, silinməz iz qoyub.

...Bir dəfə Çagin mənə dedi:

- Sergey Yeseninlə tanış olmaq istəyirsiniz? Mən sizə danışmışam, o, bir az əvvəl Moskvadan gəlib.İstedaddır, sadədil şairdir. Onunla hər yeri gəzirəm, şəhərlə tanış edirəm, mədənləri göstərirəm. – Pyotr İvanoviç gülümsündü. – Çox həvəslidir, hər şey onu maraqlandırır... Siz görüşməyin əleyhinə deyilsiniz ki?

Mən necə əleyhinə ola bilərdim? Biz hamımız Yesenin haqqında çox eşitmişdik, çıxışlarını izləmişdik, şeirlərini əzbər bilirdik”. “Bakinski raboçi”də də onlar, demək olar, hər nömrə dərc edilirdi.

Tezliklə bu görüş baş tutdu. Əvvəlcə Yesenin mənə qəribə təsir bağışladı. O, nəyə görəsə həyəcanlanmışdı. Onun sınayıcı nəzərlərini öz üzərimdə hiss elədim. Belə güman etdim ki, onun bu, qısqanclıq, nigarançılıq ifadə edən halı mənimlə Pyotr İvanoviç arasında yaranan münasibətlə bağlıdır:dostunu ondan bəlkə ayıra bilərlər. Odur ki, narahatlıq keçirir.

Amma sonra Yesenin isinişdi.O, Pyotr İvanoviçlə birlikdə mənə demək olar ki, hər gün baş çəkirdi. Mən diqqətlə baxır və təəccüb edirdim ki, bunlar nə qədər də müxtəlif təbiətli adamlardır. Yesenin emosional, coşqun, tez inciyən, tez-tez haldan- hala düşən idi. Çagin isə poetik təbiətli olmasına baxmayaraq, eyni zamanda möhkəm, qətiyyətli xarakterə malik idi, “öz canını qanadları altında saxlaya” bilirdi.Lakin bir-birlərinə münasibətlərinin doğurduğu rəğbət onların qarşılıqlı səmimiyyətlərinə şübhə oyatmırdı...

...Yeseninin ad günü xüsusilə yadımda qalıb. Pyotr İvanoviç zəng vurub dedi ki, onlar həmin günü bizdə qeyd etmək fikrindədirlər və məni hədiyyə ilə sevindirmək istəyirlər. Bu hədiyyə iki fotoşəkildən ibarət idi. Onladan biri – Pyotr İvanoviçlə Yeseninin yanaşı əyləşdikləri şəkil (indi geniş məlum olan foto) mənim xüsusilə xoşuma gəldi.

Pyotr İvanoviç şəklin üstündə yazmışdı:

“ M.A. İki qələm

cəngavərindən

Dost hədiyyəsini qəbul

elə sən:

Coşqun Pyotrdan,

cəncəl Sergeydən”.

Onun da yanında Yesenin narın xətt ilə yazmışdı:

“ Əzizim Mariya

Antonovna,

Bu, haqq sözüdür, inanın ona.

And içmək olar

gözlərinizə:

Hərdənbir nəzər yetirin

bizə.

Cəncəl Sergey.

3 oktyabr, 1924-cü il.

Pyotr İvanoviç Yeseninin yazdığını oxudu, öz redaktor adətincə, gözünə dəyən səhvi düzəltdi və narazı halda dedi:

- Yəni sən Mariya Antonovnaya yaxşı bir şey yaza bilmədin?..

Bir neçə gündən sonra Yesenin mənim yanıma tək gəldi. Tutulmuş, utancaq bir təbəssümlə papiros kağızından kiçik bir zərfi mənə verib dedi: “Bunu sizə Pyotr göndərib”. Zərfdə üzərində “P.İ.” yazılmış bir nişan üzüyü var idi.

Sergey Aleksandroviçin dediyinə görə, üzərində mənim inisialım yazılmış ikinci üzüyü Pyotr İvanoviç özündə saxlayıb. Hər iki üzüyü Pyotr İvanoviç sifariş edibmiş. Bu anda mənə hansı hisslərin hakim kəsildiyini, nələr keçirdiyimi demək mümkündürmü?! (Məqalədən digər qeydləri bir qədər sonra təqdim edəcəyəm – R.Mirzəzadə)

İsaxan İsaxanlının “Ş eir gülüstanının təkrarolunmaz çiçəyi – Sergey Yesenin” kitabından:

“ 1924-cü ildə məşhur rus şairi Sergey Yesenin Bakıya gəlir. O, dəfələrlə Cabbar Qaryağdıoğlu olan məclislərdə iştirak edir. Məclislərdə lirik şair Azərbaycan xanəndəsinin gözəl səsini eşitməkdən doymazdı.

Qoca sənətkarlar söyləyirlər ki, bir gün Əliheydər Qarayevin evində Sergey Yeseninin şərəfinə qonaqlıq verilir. Həmin qonaqlıqda Azərbaycan bolşevik firqəsi Mərkəzi Komitəsinin birinci katibi S.M.Kirov, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Səmədağa Ağamalıoğlu və Ruhulla Axundov da iştirak edirmişlər...

Məclis qızışdı. Qaryağdıoğlu oxumağa başladı.Yesenin heç cür inana bilmirdi ki, 64 yaşlı qocada belə zəngin və məlahətli səs ola bilər. Lakin Qaryağdıoğlunun zil, həm də təravətli səsi, xüsusilə uzun və sürəkli zəngulələri şairi vəcdə gətirmiş, heyran etmişdi.

Qaryağdıoğlu muğamın son guşələrini vurub qavalı yerə qoydu. Salonu alqış səsləri titrətdi. Lakin şair ovsunlanmışdı. O, sakit oturub nəyinsə xəyalında idi. Heç özü də bilmirdi ki, Qaryağdıoğlunu necə mükafatlandırsın. Doğrudan da çox maraqlıdır. Şair şairi necə mükafatlandıra bilər? Yalnız şeir ilə! Yesenin Cabbarın şərəfinə bədahətən şeir deyir. Onu “ Şərq musiqisinin peyğəmbəri” adlandırır.

Yesenin şeiri oxuyub qurtaranda Qaryağdıoğlu ayağa durdu.O, şairə yaxınlaşıb gülümsər halda, özü də ata məhəbbəti ilə dedi:

- Oğul, artıq qocalmışam. Düz, 50 ildir ki, xalqımın qədim mahnılarını toplayıb oxuyuram. Dünyada ən çox səcdə etdiyim şair tayfasıdır. Çünki şair çoxlarına məlum olmayan həyat sirrlərindən xəbər verir. Oxuduğun şeirin sözlərinin çoxunu anlamadım. Lakin mən inanıram ki, sən böyük şairsən. Mən də qoca bir sənətkar kimi, sənin fitri istedadına baş əyirəm...

Qaryağdıoğlu gözləri yaşarmış halda bu sözləri deyib Yeseninə yaxınlaşdı və onu ata məhəbbəti ilə qucaqlayıb bağrına basdı.

Yesenin isə təzəcə yazdığı şeirini ona verib bir daha dedi: ”Şərq musiqisinin peyğəmbərinə”.

Rəssam R.Mehdiyevin gözəl və maraqlı bir rəsm əsərində Sergey Yesenin şair Əliağa Vahidlə bir qəzəl məclisində təsvir olunub. Yeseninin Mərdəkan yaxınlığındakı Şağan kəndində keçirilən Füzuli məclislərində, həmçinin aşıq məclislərində iştirak etməsi barədə də məlumatlar mövcuddur. Hüseyn Nəcəfovun “Balaxanı mayı” adlı kitabında Əliağa Vahidlə Sergey Yeseninin görüşündən maraqla bəhs edir. Mənbələrin birində qeyd olunur ki, bir dəfə Yesenin aşıq poeziyası gecəsinə dəvət olunur. Şair ifaçıların son dərəcə məharətli çıxışlarını diqqətlə dinlədikdən sonra deyir: “Burada o qədər müdriklik var ki,bütün Şərqə, bütün Rusiyaya yetər”. Bu, gənc, lakin dahi şairin bizim milli musiqi mədəniyyətimizə verdiyi layiqli qiymət idi.

S.Yeseninin həyatının Bakı dövründə ən əlamətdar günlərdən biri 1925-ci ilin 1 May günü qeyd olunur. Bu bayram günündə şairi əsl dost kimi qarşılayırlar. O, hər yeri partiya rəhbərləri ilə birlikdə gəzir, şeir deyir, çastuşkalar oxuyur, hamı ilə birlikdə şənlənirdi. Yesenin cəld halda, danışa-danışa bir dəstədən o biri dəstənin yanına keçir, fəhlələr önündə sağlıq deyir, poeziya şərəfinə deyilən sağlıqları qəbul edirdi. Üzündəki zərif qırışlar hamarlanır, solğun dodaqlarına təbəssüm qonurdu. Adama elə gəlirdi ki, öz tənhalığında üşüyən Yesenin insan hərarəti ilə alovlanan bayram tonqalları başında camaat arasında qızınırdı. Kirov dostcasına, ağıllı nəzərlərlə şairin “kütlə içərisinə” bu yaz səfərini seyr edirdi.

Sonra Mərdəkandakı bağ evinə gedirlər. Burada Yesenin S.M.Kirovun yanında son dərəcə səmimi duyğularla təzə çap olunmağa başlayan “İran nəğmələri” silsiləsindən şeirlər oxuyur.

Böyük estetik zövqə malik olan, inqilabdan əvvəlki dövrdə gözəl ədəbiyyatçı və həssas ədəbiyyat tənqidçisi olan Kirov, Yesenin oxuyub qurtardıqdan sonra məzəmmətlə Çaginə deyir: “Sən nə üçün indiyə qədər Yesenin üçün Bakıda İran illüziyası yaratmamısan? Bax, gör necə yazıb, elə bil doğrudan da İranda olub. Biz təhlükələrlə qarşılanacağını nəzərə alaraq, həyatı üçün qorxaraq, onu İrana buraxmadıq. Axı sənə tapşırılmışdı ki, onun üçün Bakıda İran illüziyası yaradasan.Yarat! Hər nə çatmasa, özü təsəvvür edər. O ki şairdir, özü də gör necə şair!..”.

1925-ci ilin yayında Çagin Yesenini bağ evinə aparır.Bura doğrudan da əsl İran illüziyası idi.Yekə bağ, fəvvarələr, hər cür Şərq əyləncələri - əsl İran idi! O, burada arvadı Sofya Andreyevna Tolstoy – Yesenina ilə yaşayır və yaradıcılıqla məşğul idi. Sergey, Puşkinin öz arvadına müraciətlə yazdığı son şeirindən misralar oxuyaraq deyirdi: “Sənin səyin nəticəsində əmək və səmimiyyətlə dolu uzaq bir monastra düşdüm”.

Xəzərin mavi dalğalarına, Bakının füsunkar gecələrinə məftun olan şair:

Bakının lampaları

Ulduzlardan gözəldir,

- deyə Bakıya olan munis duyğularını şeiriyyətə çevirirdi.

Bakıya ürəkdən bağlanan Yesenin, hələ 1925-ci il aprelin 9-da arvadına göndərdiyi məktubunda yazırdı: “Burada mənə müstəsna diqqət və qayğı göstərirlər. Çagin məni bir qardaş kimi qarşıladı. Onun mənzilində qalıram. Fövqəladə münasibət, doğmalıq var burada”.

Bütün Şərq dünyasına poetik şair sevgisi ilə yanaşanYeseninin “İran nəğmələri” ilə Şərq klassiklərinə nə dərəcədə bağlandığına yazımın əvvəlində toxunmuşdum. Bir daha bildirmək istərdim ki, bu bağlılıq və məhəbbət Yeseninin Şərq poetikasına məxsus motivlərinə, Şərqin ənənəvi milli dəyərlərinə, gözəl məkanlarına, sərvətlərinə də münasibətində özünü göstərirdi.Şair öz əsərlərində tez-tez Firdovsinin, Sədinin, Xəyyamın adlarını çəkir və bəzən düşüncələrində onlara istinad edirdi. Məhəmməd Peyğəmbərdən, Qurandan danışır, Lalədən, Şahanədən, Gülnardan, Həsəndən söhbət açırdı. Bülbülün nəğməsini, qızılgülün ətrini, pərinin gözəlliyini vəsf edir, kamanı dinləyir, tütək səsinə qulaq asırdı. Şairin əsərlərində Bakı, Tiflis, Batumi,Tehran, Təbriz, Xorasan,Bosfor, Bağdad, Şiraz, Fərat, Şuşa, Balaxanı, Mərdəkan dəfələrlə təsvir edilirdi. Çayxana, zurna, tar, çadra, xına, zəfəran, şal bə bu qəbildən olan bir çox Azərbaycan kəlmələrindən geniş istifadə olunurdu. Buna görə də bu İlahi məhəbbət çox zərif və incə tellərlə Yesenini tez-tez Azərbaycana, qoca Şərqin qapısı sayılan Odlar Yurduna çəkirdi.

1925-ci ilin iyunun sonunda P.Çagin Moskvadan Bakıya yola düşəndən az sonra, Yesenin ona belə bir məktub göndərmişdi:

“Əziz Pyotr İvanoviç!

Qayğılar içində itib-batmışam və “Bakrob” qapılarına yenidən dönəcəyim günü səbirsizliklə gözləyə-gözləyə qalmışam.

Necəsən? Sənə göydə deyil, yerdəki ulduzları saya bildiyin üçün həsəd aparır, qiptə edirəm. Fəqət, nə qəm! Görüşərik. Hər şey qaydasına düşər. Sənin, sənin və mənim ailəmizin bütün üzvlərinə salam söylə. Atanı və Peteni bağrına bas. O, Moskvaya gələcək, ya yox?

Sonya salam göndərir, əllərini sıxır.

Öpürəm səni.Sergey.

6.VII.25, Moskva”.

Bu, həmin vaxtlar idi ki, məhz o zaman Pyotr İvanoviç Sergey Yesenini və onun arvadı Sonya Tolstoyu Qafqaza qonaq çağırmışdı...

Sonya Tolstoy ömür yoldaşı kimi taleyinin son qisməti idi.Şəxsi həyatının uğursuzluqları da şairə az dərd vermirdi.Belə ki,1914-cü ildə 19 yaşlı Sergey Moskva mətbəəsində korrektor işləyən Anna Romanovna İzryadnova ilə evlənir və ondan Yura adlı oğlu olur.

1917-ci ildə 22 yaşlı Yesenin Zinaida Nikolayevna Rayxla ailə qurur. Nikahdan Konstantin adlı oğlu və Tatyana adlı qızı doğulur.

1921-ci ildə Sovet hökumətinin dəvəti ilə məşhur Amerika balerinası Aysedora Dunkan Moskvaya gəlir və bir müddət balet məktəbində dərs deyir. Gözəl sənəti ilə bütün dünyada şöhrət qazanan Dunkanın uğursuz, faciəli taleyi vardı. O, Fransada qastrol səfəri zamanı avtomobil qəzasına uğramış və övladları həlak olmuşdu. Aysedoranın xatirələrində qeyd olunur ki, o, Moskvada Yeseninlə tanış olarkən sanki oğlu Raymondla rastlaşır. Az sonra Sergeylə Aysedora kəbin kəsdirərək xaricə gedirlər. Evlilik müddətində Avropanı və Amerikanı gəzirlər.

Aysedora Dunkan Yesenindən 17 yaş böyük idi və ümumiyyətlə, həyata baxışı ilə şairin yaradıcılığında mühüm rolu yox idi. Buna görə də il yarım sonra onların yolları ayrılır.

1925-ci ilin mayında Yesenin Lev Nikolayeviç Tolstoyun nəvəsi Sonya Andreyevna ilə evlənir. Sonya şairə böyük qayğı və həssaslıqla yanaşır, diqqət və mehribanlığını ondan əsirgəmir.

Bədii yaradıcılığa çox tələbkar və həssas olan Yesenin etiraf edirdi: “Mənim lirikam hər şeydən əvvəl, böyük məhəbbət, Vətən məhəbbəti ilə canlıdır. Doğma Vətən duyğuları mənim yaradıcılığımın əsasıdır”. Doğrudan da bu, böyük həqiqət idi. Gənc şairin çoxsaylı şeirləri, o cümlədən, “Sevimli diyar...”, “ Ey Rusiya, mənim mehribanım”, “O yerdə ki gicitkən sapsarı...”, ”Sən, ey alın təri ilə islanmış qara torpaq”, ”Daxmada”, “Ah, Rusiya, aç qanadını...”, “Əbəs deyil əsən küləklər...”, “Çöllərə baxıram, göyə baxıram...”, “O yerdə ki, sirrlər mürgüləyir əbədi...”, “Ah, Rusiya, qızıl moruq çölləri, “Usandım yaşamaqdan”, “Yenə doğma Vətəndəyəm mən”, “Qürub etdi günəş”, “Düşüncələr”, ”Ah, mənim tarlalarım, doğma şırımlar”, “Dəmirçi”, ”Marfa Posadnitsa” , habelə “Yar” povesti kimi sənətkarlıqla və yaradıcılıq qüdrəti ilə yazılan əsərlər buna ən yaxşı nümunədir. Lakin gənc şairin 19 yaşında yazdığı və 1915-ci ildə “Severnıye zapiski” jurnalında çap olunan “Rusiya” şeiri Yeseninə daha böyük şöhrət qazandırmışdı.

Bakıda olarkən, Yesenin Rusiyanın parlaq gələcəyini daha aydınlığı ilə dərk etmişdi. Bu barədə şair Qafqaz şeirlərində ruh yüksəkliyi ilə söz açmışdı. Onun məhz Bakıda yazdığı “Zəif ay işığı...” şeirində şairin ürəyinin ən gözəl arzusu misilsiz bir sevgi ilə əks olunmuşdu. Misralara diqqət edək:

Bilmirəm taleyim necə olacaq,

Bəlkə də olmadım bu günə yoldaş.

Amma ki, istərəm yoxsul yox, ancaq

Poladlaşan görəm Rusiyanı kaş...

Bu, onun ən böyük və ən müqəddəs arzusu idi... Bu arzu hər an onun qəlbində, ruhunda və düşüncəsində əks- səda verirdi. O, sevimli Rusiyanı daim xoşbəxt görmək istəyirdi. Həyatdan köçəndə də bu arzular ürəyində çırpınırdı şairin.

Mən ömrümdə çox məmləkət gəzmişəm,

Hamısında bir səadət gəzmişəm.

Bundan delə xoşa gələn bir qismət

Axtarmıram,aramıram, mən fəqət.

Dəli könlüm, gəl çırpınma bu qədər!

- deyən şairin 30 illik ömrü doğrudan da bir nağıl kimi keçdi.Hələ sağlığında bütün dünya onu canlı bir əfsanə kimi sevdi, oxudu, öyrəndi. A.Tolstoyun dediyi kimi, böyük milli şair öz həyatını çəkinmədən alovlara atdı.O, bizim qarşımızda yanıb külə döndü.Onun poeziyası böyük qəlb xəzinəsidir...

Poeziyası böyük qəlb xəzinəsi olan şairin poetik aləmi və həyatı qanı ilə yazdığı ”Əlvida” şeiri ilə bitməli olur :

...Nə qoca dünyada ölüm təzədir,

Nə də ömr eləmək təzədir əlbət...

Çaginin yazdıqlarında həyəcan notları indi də aydın hiss olunur: “Dekabrın sonunda mən Moskvaya, partiyanın XIV qurultayına getdim. İclaslararası tənəffüsdə S.M.Kirov məndən soruşdu ki, Yeseninlə Moskvada görüşmüşəmmi, necədir, ona nə olub?

Mironoviçə xəbər verdim ki, aldığım məlumata görə, Yesenin Leninqrada gedib.

Kirov dedi: “Hə, nə olar ki, onun üzərində hamiliyimizi Leninqradda davam etdirərik. Bir neçə gündən sonra orada olacağıq”.

Sonradan öyrəndim ki, Mərkəzi Komitə qərar çıxarıb: Kirovu Leninqrad quberniyası Partiya Komitəsinin birinci katibi, İvan İvanoviç Skvartsov – Stepanovu “Leninqradskaya pravda”nın redaktoru, məni isə “Krasnaya qazeta”nın redaktoru təyin ediblər.

Sonsuz kədər və təəssüflə qeyd edirəm ki, S.Yeseninin üzərində hamiliyimizi davam etdirmək bizə müəssər olmadı.

Leninqrada gəldiyimiz günün ertəsi öyrəndik ki, S.Yesenin həyatdan getmişdir”.

Bu barədə Mariya Çaginanın yuxarıda qeyd etdiyim məqaləsindəki yazdıqlarının davamını yada salaq:

“1925-ci ilin axırlarında mən Leninqradda (indiki Peterburq –R.Mirzəzadə) Plexanov küçəsində, “Anqleter” mehmanxanasından bir az aralıda yaşayırdım. Pyotr İvanoviç Moskvada idi, partiya qurultayının işində iştirak edirdi, teleqram göndərib məni yanına çağırırdı.Dekabrın 28-də qatara əyləşərkən mən kiminsə “Yesenin vəfat edib” dediyini eşitdim. Bilmirəm, nə üçünsə, ürəyimə dammışdı ki, bu faciə baş verib. Səhər Moskvaya gəlib perronda Pyotr İvanoviçi görərkən onun çöhrəsindən başa düşdüm ki, hissim məni aldatmayıb. İnanılması çətin olan bir həqiqəti eşitdim. Mən isə bu qədər yaxında, demək olar ki, yanında olduğum halda, heç nə ilə kömək edə bilmədim... Bunu dərk etmək acı idi, cox acı idi...

Bizim arxivdə Yeseninin fotoşəkilləri, əlyazmaları, üstünü yazıb hədiyyə verdiyi kitablar ehtiramla mühafizə olunur. Yesenin xəyalımda və ürəyimdə onu ilk dəfə gördüyüm kimi, poeziyanın vəfalı cəngavəri kimi həmişəlik qalmışdır”.

Onu da əlavə edim ki, “Qitələr” şeirini şair P.Çaginə həsr etmişdi.Əsərdə Çaginin daim tərəddüdlər, ziddiyyətlər, çırpıntılar içində olan şairə xeyirxah, humanist təsirini, qayğıkeş münasibətini görməmək mümkün deyil.Burada fikirlə hissin, lirika ilə siyasətin möhkəm vəhdəti aydın hiss olunur.

Yesenin yaradıcılığının zirvəsi sayılan “Anna Snegina” məşhur poeması da “Bakının yadigarı” idi və “Bakinski raboçi” qəzetinin 1 – 3 may 1925-ci il tarixli nömrəsində dərc olunmuşdu.

“Yesenin Bakını çox sevirdi. O, həmişə mənə deyərdi ki, hər bir şairin Bakıya getməsi zəruridir, çünki şəhər və ətrafı olduqca şairanədir”, – bunu tanınmış rus şairi, yazıçısı, dramaturqu Valentin Petroviç Katayev söyləyirdi.

Bəli, o, “Əlvida, Bakı” şeirində Bakıya “Əlvida!”demişdi. Amma Bakının, onun əziz dostlarının, onu dərin bir məhəbbətlə sevənlərin gözləri yenə yollara dikilmişdi.Bu həsrəti Əliağa Kürçaylı necə də səmimiyyətlə qələmə almışdı:

...Sən indi gəl Bakıya

Əsl şeiriyyətdir o...

Gəl, Sergeyim,

Gəz, dolan

Bu qardaş torpağında.

Şeiriyyət Xəzər kimi

Qoy çağlasın sinəndə.

Çörək dost süfrəsində,

Nəğmə dost dodağında!

Yerin ürəyimdədir

Gəlsən də, gəlməsən də...

İndi haqlı olaraq Azərbaycanı, doğma Bakımızı Yeseninin ikinci Vətəni hesab edirlər. Şairin xatirəsi yurdumuzda əziz tutulur. Hər ilin oktyabrın 3-də Yeseninin doğum günü Rusiyada olduğu kimi, Bakıda da şairin poeziya günü kimi qeyd olunur. Xüsusilə yada salmaq istərdim ki, 1995-ci ildə həmin vaxt ölkə Prezidenti olan ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə Sergey Yeseninin 100 illik yubileyinin yüksək, dövlət səviyyəsində təntənəli şəkildə keçirilməsi əsl bayrama çevrilmişdi.

Onun ruhunu bir daha yad etmək üçün Mərdəkana, onun ev-muzeyini ziyarət etdim.Şairin ruhu sanki vaxtı ilə Bakı milyonçusu Murtuza Muxtarova məxsus olan, bütünlüklə yaşıllığa bürünən, ən nadir bitkilərin məskəni olan əvəzəolunmaz bağda dolaşırdı. 90 il öncə, 1925-ci ilin 28 dekabr günündə bu ruh əbədiyyətə qovuşmuşdu.Ruhun əbədiyyətə qovuşmasına isə hüzn kimi baxmaq günahdır. Çünki o, həmişə bizimlədir.Mənsə hörmət və ehtiram əlaməti olaraq, Yeseninin sevimli və onu heç zaman unutmayan Bakısında ərsəyə gələn bu yazımla unudulmaz şairin, unudulmaz Yeseninin ruhunu bir daha salamlamağı özümə borc bildim.O, şeiri, poeziyanı çox sevirdi.Elə buna görə də istəkli oxucularımdan şairin ruhu şad olsun deyə, Azərbaycanın xalq şairi, adaşı Sergey Vasilyevin sədaqətli misraları ilə ayrılıram:

...Aşiqəm Bakıya ona görə ki,

Bir zaman Yesenin əziz dost təki

Qoydu qədəmini bu doğma elə.

Qədim Odlar Yurdu məhəbbət ilə

Şairə rahatlıq, dinclik yaratdı.

Vurğunam Bakıya ona görə ki,

Qoynunda Yesenin inci yaratdı...

 

Reyhan Mirzəzadə,

 

Publisist-politoloq

 

Həftə içi.- 2015.- 25 dekabr.- S.4-5.