Bayramdan 2 gün əvvəl şəhid oldu...

 

Dekabrın 31-i - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Nə yazıqlar ki, bu gün çoxumuz hələ də əməldə yox, yalnız sözdə həmrəy ola bilirik. Belə olmasaydı, cəmiyyətdə bu Vətən üçün canını, qanını qoyan insanlara və onların ailələrinə qarşı laqeydlik, biganəlik də hiss olunmazdı...

 

Hazırda evimizdə rahat əyləşib bayramlarımızı, o cümlədən, həmrəylik gününüYeni ili qeyd etməyimizə görə sərhədlərimizdə keşik çəkən, yeri gələndə canını fəda edərək erməni gülləsinə tuş gələn əsgərlərimiz, asayişimizi qoruyan polislərimizlə və s. yanaşı, 1988-1994-cü illərdə müstəqilliyimiz və erməni təcavüzkarlarına qarşı mübarizədə həlak olmuş şəhidlərimizə də borcluyuq.

Odur ki, bayram günləri ərəfəsində bu il xatirə günü - Peyğəmbərimiz Məhəmməd əleyhissəlamın mövlud gününə - dekabrın 29-na təsadüf edən şəhid Elnur Cabbarovun anasını ziyarət edərək onların qayğıları ilə maraqlanmağı özümüzə borc bildik...

Sumqayıt şəhərində “Azərkimya” İB-nin qonaq evində müvəqqəti məskunlaşmış Laçın rayonundan məcburi köçkün Zemfira Cabbarova bu günümüzə görə borclu olduğumuz Qarabağ şəhidlərindən birinin anasıdır...

Qısa tanıtım: Elnur Zakir oğlu Cabbarov - 1973-cü il fevralın 22-də Laçında anadan olub. 1990-cı ildə Laçın şəhər 1 nömrəli orta məktəbini bitirdikdən sonra 1991-ci ilin dekabr ayından Laçın alayı tərkibində hərbi xidmətə başlayıb. 1993-cü ildə rayonun Tığik kəndi uğrunda gedən döyüşlərdə yaralanıb. Sağaldıqdan sonra 1994-cü ilin aprel ayında Laçın Rayon Polis Şöbəsinə daxil olub. polis batalyonunun döyüşçüsü kimi Füzuli-Cəbrayıl istiqamətində erməni işğalçılarına qarşı ən ağır vuruşmalarda iştirak edib. 1994-cü il dekabrın 28-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin müdafiəsi zamanı düşmən gülləsinə tuş gələrək həlak olub. Hazırda Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında uyuyur.

 

Elnurun atası rayon icra başçısı olsa da...

 

Onu da əlavə edək ki, Elnur Cabbarov döyüşlərdə iştirak etdiyi dövrdə - 1992-1994-cü illərdə onun atası Zakir Cabbarov Laçın Rayon İcra Hakimiyyətinin başçısı olub. Yəni, Elnur bəziləri kimi valideynlərinin səlahiyyətlərindən sui- istifadə edərək, Vətən uğrunda savaşlardan yayınmayıb. Bu da onun yüksək vətənpərvərlik duyğularının bir göstəricisidir...

 

Şəhid anası Zemfira xanım xatirələrinə

Laçının işğalı günlərini anlatmaqdan başlayır:

 

- 1992-ci il mayın 11-də Şuşa işğal ediləndən sonra qadın-uşaqlar köçürüldüyündən mən də Sumqayıta gəldim. Həyat yoldaşım Zakir Cabbarovu rayon mərkəzində, Laçın alayında xidmət edən oğlum Elnur isə Qayğı qəsəbəsindəki postda qaldı. Mayın 16-da sanki ayıldım ki, axı mən Elnuru qoyub gəlmişəm. Elə həmin gün Laçına yola düşdüm. Qubadlının Xanlıq kəndində rastıma çıxan rəhmətlik müəllimlərim: KamalOqtay müəllim məni irəli getməyə qoymadılar. Dedilər ki, artıq rayon işğal edilmək üzrədir - hər şey ola bilər. Ancaq qət etdim ki, gedib Elnuru tapmalıyam...”.

 

Ana pay-piyada döyüş zonasına yollanır...

 

Ana ürəyi, övlad sevgisi bütün təhlükələrə üstün gəlir. Zemfira ana artıq ermənilərin Laçın rayonu ərazisinə daxil olduğu saatlarda oğluna yetişmək ümidi ilə pay-piyada yola düşür. Xeyli getdikdən sonraUaz” markalı maşınla Qubadlı istiqamətindən gələn Laçın alayının keçmiş komandiri Arif Paşayev onu görərək maşına mindirir. “Qayğı qəsəbəsinə çatanda hərbçilərdən Elnuru soruşdum. Dedilər ki, burada yoxdur. Qorxdum, düşündüm ki, bəlkə məni aldadırlar- oğlumu ermənilər vurub. Ürəyim, az qala, partlayırdı. Birtəhər özümü Laçına yetirdim. Gözlərimə inanmadım. Elnur atası ilə birgə küçədə dayanmışdı. Sən demə, ermənilər artıq rayon mərkəzinə yaxınlaşdıqlarından oğlum bura gəlibmiş. Vəziyyət çox ağır idi. Mayın 9-dan başlananQrad” və top atəşləri nəticəsində Laçında neçə nəfər həlak olmuş, xeyli ev dağılmışdı.

 

Yolda ermənilər bizi atəşə tutdu...”

 

Mayın 16-dan 17-nə keçən gecə şəhərdə bizimkindən başqa cəmi bir neçə evdən işıq gəlirdi... Xülasə, artıq ermənilərin Laçına girmək təhlükəsi gerçək olduğundan mayın 17-si gündüz saat 4-5 radələrində evdən əlimizə keçən ən zəruri avadanlığı yük maşınına yığıb yola düşdük. Laçının “poçt” deyilən giriş hissəsini keçəndən sonra Şuşa yolundakı yanacaqdoldurma məntəqəsinin yanından bizi atəşə tutdular. Elnur maşının üstündə idi. Xoşbəxtlikdən heç birimizə güllə dəymədi. Yolun o tayından baxdıq ki, ermənilər bir neçə maşını güllələyib aşırdıblar... Bu minvalla Bakıya gəldik. Elnur sonra yenidən döyüşlərə qatıldı.

1993-cü ildə Laçının Tığik kəndinin azad edilməsi zamanı yaralandı. Yarası sağaldıqdan sonra 1994-cü ildə Laçın polisində işə qəbul olundu. 1994-cü il dekabrın 2-də 8 günlüyə icazə alıb evə gəlmişdi. Ayın 10-da yenidən cəbhəyə qayıtdı. Gedəndə sanki həlak olacağı ürəyinə danmışdı. Bizimlə görüşüb binanın həyətinə düşdükdən sonra geri dönüb məni bir daha bağrına basdı...”.

Ana üçün 10-15 gün əvvəl sağ-salamat yola saldığı gənc subay oğulun bayramdan 1 gün öncə meyitini qarşılamaqdan dəhşətli nə ola bilər? 21 il öncə - 1994-cü il dekabrın 29-da Zemfira xanım həyat yoldaşı Zakir müəllim, övladları İlqar və Şəlalə ilə birgə bu dəhşəti yaşadı... Şəhidin bacısı Şəlalə Cabbarova xatırlayır: “Həmin gün səhər tezdən anam bizi oyatdı ki, durun ev-eşiyi qaydaya salın, ürəyimə damıb, bu gün qonaq gələcək. Evi səliqə-sahmana saldıq və...”. Elnurun dayısı Asif Quliyev qəhərdən boğula-boğula şəhid bacısı oğlunun meyitini necə gətirdiyini danışır. Sinif yoldaşı Maral Cabbarova Elnurla bağlı məktəb xatirələrini bölüşür...

 

Elnurun atası torpaqoğul dərdinə dözmədi...

 

Zemfira xanım çətinliklə olsa da, söhbətə davam edir: “Laçının işğalından və Elnurun şəhidliyindən sonra bizim xoşbəxt günlərimiz geridə qaldı. Laçında biz varlı yaşamırdıq, sadə bir ziyalı ailəsi idik. Amma ailəmizdə elə mehriban ab-hava var idi ki, biz mövcud maddi çətinlikləri də hiss etmirdik. Elnur şəhid olduqdan sonra Zakir daim mənə ürək-dirək verirdi. Deyirdi ki, filan şəhid anasına bax, gör, necə başıdik, qürurlu dayanır. Ən çox rəhmətlik Xəlil Rzanın şəhid oğlu Təbrizin anası Firəngiz xanımı misal çəkərdi. Bu minvalla Zakir məni yaşatdı. Lakin sən demə, özü qəlbində çəkdiyini çəkirmiş. Bir neçə il yataq xəstəsi oldu və 2013-cü ilin yanvarında oğul yanğısı və torpaq həsrətilə dünyasını dəyişdi...”.

Şəhid anası müvəqqəti məskunlaşdığı Sumqayıt Şəhər İcra Hakimiyyəti və sakini olduğu Laçın Rayon İcra Hakimiyyətindən də gileylidir: “21 ildir ki, Elnur şəhid olub. Bilirsiz, ata-ana övlad itirə, Vətən uğrunda oğul qurban verə bilər. Həmişə deyirəm ki, övlad yalnız ana bətnində anaya məxsusdur; dünyaya göz açdıqdan sonra o, cəmiyyətə, millətə, dövlətə məxsus olur. Amma bir şəhid ailəsi kimi unudulduğunu görəndə insan qeyri-iradi sarsılırsan. Düzdür, illərdir ki, Azərbaycan dövləti məcburi köçkün və şəhid ailələrinin problemlərinin həlli, o cümlədən, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün xeyli qanun və sərəncamlar qəbul edib. Bizlərə prezident təqaüdü ayrılıb, güzəştlər müəyyən edilib. Amma təəssüf ki, yerlərdə məmurlar həmin qanun və sərəncamların icrasını düzgün həyata keçirmirlər. Eyni zamanda, son illər ümumən cəmiyyətimizdə şəhid ailələrinə qarşı bir laqeydlik var. Nə yazıqlar ki, Laçın Rayon İcra Hakimiyyəti və ayrı-ayrı insanlar uzun illər həyat yoldaşım Zakir Cabbarovun siyasi mənsubiyyətindən (Z.Cabbarov AXC hakimiyyəti dövründə İH başçısı olub - S.L.) sui-istifadə edərək ailəmizə - Vətən uğrunda şəhid olmuş Elnur Cabbarovun ailəsinə etinasız, biganə bir münasibət formalaşdırdılar. Axı dövlətimiz şəhidləri özlərinin, yaxud valideynlərinin siyasi mənsubiyyətinə görə kateqoriyalara ayırmır? Təsəvvür edin ki, daim xeyrinə-şərinə getdiyimiz bəzi insanlar Elnurun yasına gəlmədilər. Digərləri isə yalnız o vaxtkı icra başçısının özünün yasa gəldiyini bildikdən sonra gəldilər. Bizə kiminsə pulu-filanı lazım deyildi. Biz yalnız mənəvi dəstək umurduq. Hətta bəziləri Elnurun şəhidliyindən sonra belə, televiziyada Zakirin əleyhinə çıxışlar edirdilər.

Yaxşı ki, biz şəhid ailələrinə laqeyd qalmayan gənclər, ziyalılar var. Yeri gəlmişkən, dekabrın 19-da Beynəlxalq Mətbuat Mərkəzində Elnurun xatirəsi ilə bağlı keçirilmiş tədbirin yüksək səviyyədə təşkilatçılığına görə Ramil Cəbrayıl başda olmaqla, “Laçın və Laçınlılar” feysbuk qrupuna və digərlərinə təşəkkür edirik. 21 il sonra keçirilən bu xatirə tədbiri bir ana kimi qəlbimdəki o mənəvi dəstək ehtiyacını aradan qaldırdı...

 

Son 21 ildə cəmi iki məmur

kabinetinin qapısını döymüşəm...

 

Onu da deyim ki, son 21 ildə şəhid anası kimi cəmi iki kərə məmur kabinetinin qapısını döymüşəm. Bir dəfə Sumqayıtda digər oğlumuza ev tikmək üçün torpaq almaq istədik. Bununla bağlı Sumqayıt bələdiyyəsində bir məmur məni necə qarşıladısa, bir daha ora getməməyə söz verdim. Bizə bütün sənədləri düzəltdirdikdən sonra müxtəlif bəhanələrlə torpağın verilməsinə icazə vermədi... Bu yaxınlarda isə Sumqayıt Təcili Yardım Xəstəxanasının baş həkiminin yanına getdim ki, ixtisasca tibb bacısı olan gəlinimə versinlər. O da ora-bura yozub dedi ki, yoxdur. Ancaq başqalarını nəyinsə hesabına işə götürürlər. Ondan sonra söz verdim ki, bir daha heç bir qapını döyməyəcəyəm...”.

 

“Həmrəy olub torpaqlarımızı azad edək...”

 

Zemfira xanımdan bir şəhid anası kimi qarşıdan gələn həmrəylik günüYeni il münasibətilə ürəyindən keçənləri ifadə etməsini xahiş edirik. Şəhid anası göz yaşları içində illər öncə bu günlər itirdiyi oğlunun divardakı portretinə baxa-baxa bütün çətinliklərə rəğmən torpaqlarımıza, Laçına qayıdacağımıza ümidini itirmədiyini göstərir: “Bütün xalqımızın həmrəylik günüYeni ilini təbrik edirəm. Ancaq içimdə bir arzu var: İstərdim ki, həmrəylik günündə bütün Azərbaycan vətəndaşları sözün əsl mənasında həmrəy olub, birləşib torpaqlarımızın işğaldan azadlığı uğrunda mübarizəyə başlasın. Torpaqlarımız azad olsun. Amma bir daha analarımız bala dağı görməsin. Və növbəti illərdən birində digər torpaqlarımız kimi, Laçına da qayıdaq, bütün didərgin analar övladları ilə bərabər doğma yurdlarına dönsün. Mən də Laçının girişində anaları başıma yığıb, bir bayatı çəkim:

Mən aşiq balabanı,

Asta çal balabanı.

Hamının balası gəldi,

Bəs mənim balam hanı?..

 

Sultan Laçın

 

Həftə içi.- 2015.- 30 dekabr.- S.6.