Səhnəmizin sönməyən əfsanəsi
Binəqədidə
Leyla Bədirbəylinin 95 illik
yubileyi keçirilib
Son vaxtlar bir çox mədəni tədbirlərin
altında Binəqədi rayonunun imzası
görünür. Belə tədbirlərdən
biri də korifey sənətkar,
dövlət mükafatı laueratı, Xalq
artisti Leyla Bədirbəylinin
95 illik yubileyinə həsr olunub. Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinin təşkilatçılığı
ilə Binəqədi Mərkəzi Mədəniyyət Evində
keçirilən tədbirin rəsmi hissəsindən əvvəl
“Arşın mal alan”
filmindən Leyla xanımın
Gülçöhrə rolundan fraqmentlər
göstərilib.
“Həftə içi”nin məlumatına görə, tanınmış teatrşünas, dramaturq Çingiz Ələsgərli tədbirdə çıxış edərək mərhum Xalq artisti Leyla Bədirbəylinin keçdiyi sənət yolundan danışıb. O bildirib ki, Leyla Bədirbəyli Xalq artisti olmaqla Azərbaycan teatr, kino və televiziyasında saysız-hesabsız obrazların müəllifi kimi yaddaşlarda qalıb: “Onun Azərbaycan rus və dünya dramaturgiya nümunələrində çoxlu sayda obrazları var. Həmin obrazlar bu gün də kinolentlərində canlı olaraq səslənir. Leyla Bədirbəyli Şeksprin əsərlərindən üç obraz - “On ikinci gecədə” Poliviya, “Otello”da Dezdemono, “Qış nağılı”nda Pergeliya sürətlərini yaradıb. Eyni zamanda, Leyla xanım Cəfər Cabbarlının, İlyas Əfəndiyevin, Haqverdiyevin, Mirzə İbrahimovun və digərlərinin dram əsərlərində milli teatr tarixinə qızıl hərflərlə yazılmış obrazlar yaradıb. Bu günün bir çox Xalq artistləri məhz Leyla Bədirbəylinin sənətindən ruhlanaraq teatr və kino sahəsinə qədəm qoyublar. Zaman etibarilə Leyla xanım bizdən uzaqlaşsa da, mənəvi baxımdan daha çox yaxınlaşır. Görünür, Leyla Bədirbəylini “milli teatr və televiziyanın əfsanəsi” adlandıranlar heç də səhv etməyiblər. Doğrudan da, o Azərbaycan mədəniyyətinin sönməyən ulduzu və əfsanəsidir”.
Xalq artisti, tanınmış rejissor Ağakişi Kazımov isə deyib ki, Leyla Bədirbəyli Azərbaycan kino və teatrında yadda qalan sənət adamıdır. Leyla xanımla bir çox tamaşalarda birgə rol oynadığını deyən rejissor Cəfər Cabbarlının “Almaz” pyesində, Şeksprin “Otellosu”nda və bir çox tamaşalarda oynadıqlarını xatırladıb. O qeyd edib ki, 1950-ci ildə SSRİ-nin yaranmasının 40 illiyi, 1959-cu ildə keçirilən 10 günlüklərdə Moskvada verilən tamaşalara görə Rusiya qəzetləri Leyla xanımın sənətini çox yüksək qiymətləndirmişdi: “Leyla xanımı kinodan tanıyırdıq, amma həyatda necə adam olduğunu bilmirdik. 1952-53-cü illərdə Leyla xanım teatrda yox idi. 1954-cü ildən o yenidən teatra qayıtdı. Çox sadə bir adam kimi onu teatrda gördük. Leyla Bədirbəyli brilyant idi, sanki bir qızıl parçası idi. O, bizimlə söhbət aparardı, teatr sənətinin incəliklərindən danışardı və çox alicənablığı hər kəsə hörmətlə yanaşardı. Onunla rol oynamaq, tərəf müqabili olmaq çox çətin idi. “Almaz” tamaşasında o Almaz, mən isə Barat rolunda çıxış edərdik. Onun insanlara böyük məhəbbəti var idi. Bir sözlə, Leyla xanım ailəsinə, özünə, dostlarına gözəllik, insanlıq, məhəbbət gətirən bir xanım idi. Çox adam onu görməyib, onunla qastrola getməyib, amma nə qədər Gülçöhrə var Leyla yaşayacaq, nə qədər sənətkarlıq var onun sənəti də yaşayacaq”.
Xalq artisti, prezident təqaüdçüsü Rafiq Əzimov isə tədbirdəki çıxışında Leyla Bədirbəylini görən, onunla birgə işləyən aktyorları “xoşbəxt o aktyor” kimi xarakterizə edib: “Əgər onun kimi sənətkarlar olmasaydı, bəlkə də biz sənətə gəlməzdik. Mən sevinirəm ki, teatrda Məruzə xanım, Barat Şəkinskaya, Leyla Bədirbəyli kimi sənətkarları görmüşəm. Mərhum rejissor Mehdi Məmmədov bu sənətkarları bir çələngə bənzədirdi. Mən Leyla xanımın gözəl aktrisa olması ilə fəxr edirəm. Nə qədər xoşbəxt adamlarıq ki, bu cür sənətkarları səhnədə canlı görmüşük. “Solğun çiçəklər”də Leyla xanımın Sara obrazının vurğunu olmuşam, o nə qədər gözəl oynayıb bu rolu. Onunla fəxr edirəm ki, bir tamaşada oynamışıq. “Vaqif”də Leyla Xuraman rolunu, mən isə Vəzir rolunda çıxış edirdik. Leyla böyük istedada malik idi. O, təkcə Gülçöhrəni oynasaydı əgər yenə də bu sənətdə qalardı. Leyla xanımın rolları onun hərtərəfli sənətkar olduğunu sübut edirdi. Hərtərəfli sənətkar heç vaxt unudulmur”.
Xalq artisti Məleykə Əsədova isə deyib ki, istedad gündə doğulmur, Leyla xanım kimi insanlar sayca doğulur: “1993-cü ildə “Ana” tamaşasında onun gəlini olmuşam. Nə olsun ki, Xalq artistiyəm, bu gün də qocaman sənətçilərimizdən öyrənirəm. Leyla xanım məşqə tez gələrdi, onun xanimanə oturuşu-duruşu var idi. Bilirdik ki, o korifey sənətkardır, həmişə formada məşqlərə gələrdi, çox sadə idi, bir sözlə, onda qadın gözəlliyi vardı. Aktrisa nümunə demək idi, o vaxtlar mən Leyla xanımdan çox şey öyrəndim. O, yaşlaşdıqca gözəlliyinin üstünə gözəllik gəlirdi. Onu günəşə bənzədirdim, gözlərindən nur yağırdı”.
Görkəmli sənətkarların həyat və yaradıcılığının öyrənilməsi baxımından bu cür tədbirlərin keçirilməsinin çox vacib olduğunu deyən Məleykə Əsədova tədbirin təşkilatçılarına təşəkkür edib: “Gənc nəsil Leyla xanımı, Barat xanımı, Hökumə xanımı görməyiblər, çünki onlar həyatda yoxdurlar. Ancaq onların səhnədə yaratdıqları rollar bu gün həyatdadır, o tamaşalara baxan hər kəs həmin rolları, xanım-xatun aktrisaların sonrakı nəsillərə qoyduğu mədəni irsi yüksək qiymətləndirir. Bu insanlar gənc nəsli həmin aktrisalar haqqında məlumatlandırılmalıdırlar”.
C. Cabbarlı adına İrəvan teatrının direktoru İftixar Piriyev öz çıxışında Leyla xanımın onun üçün əlçatmaz bir ulduz olduğunu söyləyib: “Həmin əlçatmaz ulduza əlim çatmadığı kimi bu gün də əlimiz çatmır. O haqq dünyasında olsa da, onun sənəti əbədi olaraq bizimlə qalacaq”.
Tədbir Binəqədi Mərkəzi Mədəniyyət Evinin nəzdində fəaliyyət göstərən musiqi və rəqs kolektivlərinin çıxışı ilə başa çatıb.
Qələndər
Xaçınçaylı
Həftə içi.- 2015.- 3
fevral.- S.7.