Şıxlinskilərin
1919-1920-ci illərdə
Qarabağ
savaşında iştirakı...
Şıxlinskilərin 1919-1920-ci
illərdə Qarabağ savaşında iştirakı...
Martın 3-də əfsanəvi
döyüş generalı Əliağa Şıxlinskinin
doğulduğu gündür. Düzdür, bəzi mənbələrdə
generalın doğum tarixi 23 aprel kimi də göstərilir.
Ancaq hər halda bu unudulmaz şəxsiyyətin anadan
olmasının 150 ili tamamlanır. Və 2014-ci il noyabrın
20-də prezident İlham Əliyev tam artilleriya generalı
Əliağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi
haqda sərəncam imzalayıb.
Bu yazıda hörmətli oxuculara yalnız Əliağa Şıxlinskinin çar Rusiyasının generalı və Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə nazirinin müavini kimi xidmətlərindən deyil, onun konkret olaraq 1919-1920-ci illərdə hərbi nazirin müavini kimi Zəngəzur və Qarabağda ermənilərə qarşı savaşdakı rolundan da bəhs edəcəyik. Maraqlıdır ki, Ə.Şıxlinskinin yalnız özü deyil, bir neçə qardaşı oğlu da hərbçi kimi 1918-1920-ci illərdə Azərbaycan Milli Ordusunun formalaşmasında, eləcə də erməni təcavüzünə qarşı savaşların təşkilində və aparılmasında fəal iştirak etmişlər...
Öncə
Əliağa Şıxlinskinin həyat yoluna qısa bir nəzər
salaq:
Əliağa Şıxlinski 1865-ci il martın 3-də Yelizavetpol quberniyasının Qazax qəzasının Qazaxlı (indiki Aşağı Salahlı) kəndində anadan olmuşdur. Anası Şah Yəmən xanım Qayıbova məşhur şair Molla Vəli Vidadinin nəvəsi idi.
Uşaqlıqdan istedadı ilə seçilən Əliağa - 12 yaşında ikən rus dilinin tədris olunduğu Tiflis hərbi gimnaziyasında rusdilli şagirdlərin 2 ilə keçdiyi kursu 7 aya bitirib.
Ruslar ona “Qızıl qılınc” verdi...
1883-cü ildə rus ordusunda hərbi xidmətə
başlayan Şıxlinski 1886-cı ildə Peterburq artilleriya
məktəbini əla qiymətlərlə bitirdi. İri
cüssəli olmasına baxmayaraq, çox çevik olan həmyerlimiz
alt dodağı hündürlüyündə çəkilmiş
ipin üzərindən tramplinsiz tullana bilirmiş. O,
1904-1905-ci illər rus-yapon müharibəsində batareya
komandiri kimi vuruşdu. Port-Artur qalasının
müdafiəsi zamanı Ə.Şıxlinski iki topla
yaponların 18 topuna qarşı savaşaraq xüsusi
şücaət göstərdiyinə görə
"Qızıl qılınc"la
mükafatlandırıldı.
Müharibədən sonra topçu zabitlər
hazırlayan məktəbdə yüksək ixtisaslı hərbçi
kimi dərs deməyə başlayan Şıxlinski 1908-ci ildə
polkovnik rütbəsi aldı. Bir çox insanpərvər
xüsusiyyətləri ilə seçilən Əliağa digər
zabit həmkarlarından fərqli olaraq, heç vaxt pulla qumar
oynamazdı...
“Şıxlinski
üçbucağı”...
Hərb elminin daha da dərindən mənimsənilməsi
üçün yazdığı, dərs vəsaiti kimi
istifadə edilən "Səhra toplarının cəbhədə
işlədilməsi" əsəri 1910-cu ildə çap
olundu. Bundan əlavə, onun "Şıxlinski
üçbucağı ", "Şıxlinski formulu"
adlı hərbi yenilikləri topçu zabitlər
üçün hazırlanmış dərsliklərə
daxil edildi. Bütün bu xidmətlərinə
görə gənc hərbçiyə 1912-ci ildə
general-mayor rütbəsi verildi. Beləcə
o, çar ordusunun aparıcı mütəxəssislərindən
birinə çevrildi.
“Artilleriyanın allahı”
1914-cü ildə baş verən Birinci Dünya
müharibəsi zamanı Petroqradın artilleriya müdafiəsi
məhz general Əliağa Şıxlinskiyə
tapşırıldı. Sonralar Qərb cəbhəsi artilleriya
qoşunlarının rəisi, 1917-ci ilin sentyabrından isə
10-cu ordunun komandanı təyin olundu. Artilleriyanın
nəzəri və praktiki inkişafındakı danılmaz
xidmətlərinə və qazandığı qələbələrə
görə ruslar Ə.Şıxlinskiyə “Artilleriyanın
allahı” ləqəbini verirlər. 1917-ci
ilin sonunda Tiflisə gələn Ə.Şıxlinski burada azərbaycanlılardan
ibarət ilk Müsəlman (Azərbaycan) korpusu yaradır ki,
sonradan Milli Ordunun formalaşmasında bu korpus böyük rol
oynayır.
Müdafiə nazirinin müavini...
1918-ci il may ayının 28-də Azərbaycan
Demokratik Respublikasının yaranması Əliağa
Şıxlinskini vətəninə qayıtmağa məcbur
etdi. 1918-ci ilin dekabr ayında artilleriya
general-leytenantı Əliağa Şıxlinski hərbi nazirin
müavini təyin edildi. O, 1918-ci ilin yayında Nuru
paşa ilə birgə bolşevik-daşnak hərbi birləşmələrinin
məhvində və Bakının azad edilməsində
xüsusi rol oynamışdır.
Bolşeviklər niyə
Şıxlınskiyə toxunmadı?
1920-ci il aprelin 12-də Rusiyanın təcavüz təhlükəsinin
gerçəkləşdiyi günlərdə Xüsusi Dəstənin
Qarabağda saxlanılması barədə əmrin Səməd
bəy Mehmandarov xəstə olduğu üçün nazir vəzifəsini
icra edən general Ə.Şıxlinskinin
imzalamadığını, bunun bolşevik casusları tərəfindən
uydurulduğunu söyləyirlər.
1920-ci il aprel ayının 27-də imperiya ordusu Azərbaycanı
işğal edəndə isə vuruşmağın
mümkünsüz olduğunu nəzərə alan
Ə.Şıxlinski minalanmış körpülərin
partladılmasına icazə vermədi və
görünür, buna görə yeni sovet hökuməti digərlərindən
fərqli olaraq ona toxunmadı.
Sonra Şıxlinski Moskvada Hərbi İnqilab Sovetinin səhra
Qərargahında işlədi. 1921-ci ilin yayında isə
o, Azərbaycan Sovet Qoşunları Qərargahına göndərildi.
Bir sıra vəzifələrdə
çalışan və 1929-cu ildən istefaya çıxan
general-leytenant Əliağa Şıxlinski bir çox orden və
medallarla, o cümlədən, Fransanın yüksək hərbi
ordenləri ilə təltif olunmuşdur. O, 18 avqust
1943-cü ildə Bakıda vəfat etmişdir.
Əliağa Şıxlinski
Qarabağ döyüşləri zamanı...
Görkəmli hərbi tədqiqatçı Şəmistan
Nəzirli 2009-cu ildə çapdan çıxmış
“1920-ci ildə Qarabağ döyüşləri” adlı
oçerkində Şıxlinskilərin Qarabağ
savaşlarında iştirakı barədə maraqlı faktlar
ortalığa çıxarıb. Məlum olur ki,
general-leytenant Əliağa Şıxlinski bilavasitə
döyüş bölgələrində olmasa da, müdafiə
nazirinin müavini kimi döyüşlərin təşkili və
aparılmasını birbaşa nəzarət və diqqətdə
saxlayıb. Müdafiə naziri,
general-leytenant S.Mehmandarov döyüş bölgələrinə
yollandığı zaman onun vəzifələrini
Ə.Şıxlinski icra edib.
Ş.Nəzirlinin dövlət arxivlərindən əldə
etdiyi Qarabağ döyüşləri zamanı yerlərdəki
komandanların Ə.Şıxlinskiyə ünvanlanmış
teleqramları da bunu sübut edir. Məsələn:
“General Əliağa
Şıxlinskiyə məlumat. 8 aprel 1920-ci il.
Dığ
kəndi istiqamətində irəliləyən düşmən
Abdallar kəndindən vurulub çıxarıldı. Zabux çayının o tayına qədər
qovuldu. Bizimkilər Yarma kəndini alıb
Keçəl dağına gedən yolu Abdallara (indiki
Laçın rayon mərkəzi-S.L.) qədər təmizlədilər.
Cavanşir alayını yenidən təşkil
etmək üçün Qarabağ alayından bir
bölüyünu də ona birləşdirdim. Yeni təşkil etdiyimiz dağ batareyasının
gücü ilə düşməni Zabux çayının o
tayından da qovub çıxardı.
Qarabağ ərazi komandanı Həbib
bəy Səlimov”
Generallar
Xosrovbəy Sultanov, Məmmməd bəy Şulkeviç, Həbib
bəy Səlimov və b. ilə yanaşı o dövrdə
müdafiə nazirinin müavini olan Ə.Şıxlinskinin
qardaşı oğlu Cavad bəy Şıxlinski də
Qarabağ və Zəngəzur ərazisindəki savaşlarda
fəal iştirak etmişdir. Ş.Nəzirli yuxarıda
xatırlatdığımız oçerkində bu barədə
də məlumat verir. O, 1920-ci ilin martında hərbiyyə
naziri, general-leytenant Səməd bəy Mehmandarovun Əsgərana
gəlişi, ön cəbhədə ermənilərlə
döyüşən əsgərləri təbrik edərək,
onların qələbələrinə uşaq kimi sevinməsini
təsvir etdikdən sonra yazır: “1919-cu ilin ilk günlərində
Zəngəzur erməniləri İrəvan
daşnaklarının köməyi ilə qəzanı Azərbaycandan
ayırıb Ararat respublikasına birləşdirmək
üçün azərbaycanlıları qovur və kəndləri
yandırırdılar. Üstəlik də elan
eləmişdilər ki, Azərbaycan hökumətini
tanımaq istəmirlər. Yanvar ayında
bölgəyə general-mayor Cavad bəy Şıxlinskinin
komandanlığı ilə əsgəri qüvvə
yeridildi. Onun komandanlığı ilə
piyada diviziyası bir aydan çox inadlı döyüşlər
aparıb ermənilərin möhkəmləndirilmiş son
sığınacağı olan Dığ kəndini də ələ
keçirdilər. Zəngəzur qəzası yenidən
Azərbaycanın əlində qaldı...”.
“Laçın dəhlizi”ni Sultan bəy və general C.Şıxlinski
azad etdi...
1905-1906 və1918-1920-ci
illərdə hazırda hərbi-siyasi leksikonda “Laçın
dəhlizi (yaxud koridoru”)” adını almış
Gorus-Laçın-Şuşa yolunun ətraf strateji ərazilərinin
erməni daşnak birləşmələrinin
hücumlarından qorunması barədə danışarkən
öncə el qəhrəmanı Sultan bəy və onun
qardaşı, AXC-nin ilk hərbi naziri, sonradan Qarabağın
general-qubernatoru təyin olunmuş general-mayor Xosrəvbəy
Sultanovun xidmətləri yada düşür. Ancaq unutmaq olmaz
ki, yuxarıda adları çəkilən digər generallarla
yanaşı, Milli Ordumuzun yeni formalaşan nizami hissələri
“Laçın dəhlizi”nin, o cümlədən,
Zəngəzur qəzasının düşmənlərdən
müdafiəsində yerli özünümüdafiə dəstələrinə
əvəzolunmaz dəstək vermişlər. Bu
barədə Azərbaycanın İşğal Olunmuş
Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini
Müdafiə Təşkilatı İctimai Birliyinin sədri,
araşdırmaçı Faiq İsmayılovun “Ermənilərin
1918-1920-ci illərdəki Laçın döyüşlərində
məğlubiyyətinin gizli məqamları” adlı məqaləsində
də ətraflı məlumat verilir. Həmin yazıda
general Cavad bəy Şıxlinskinin də “Laçın dəhlizi”nin yağılardan qorunmasında xüsusi xidməti
qeyd edilir:
“Zəngəzurdakı
vəziyyətin ağırlığını nəzərə
alan Azərbaycan hökuməti, erməni-daşnak
silahlı dəstələrinin Zəngəzur torpaqlarında
azərbaycanlılara qarşı həyata keçirdikləri
qırğınların qarşısını almaq və
onların Qarabağ istiqamətində hücumlarını
dayandırmaq məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti
Hökumətinin qoşun hissələri tərkibində
1919-cu ildə oktyabr ayının 30-da Zəngəzur Ekspedisiya
Hərbi Dəstəsi yaratdı. Dəstənin
rəhbəri 1-ci piyada diviziyasının komandiri, general-mayor
Cavad bəy Şıxlınski idi. Dəstənin
tərkibində iki qrup var idi. Birinci dəstədən
olan qrupa general-mayor Davud bəy Yadigezarov, sağ və sol dəstələrdən
ibarət ikinci qrupa isə polkovnik Levestam
başçılıq edirdi. Müxtəlif
istiqamətlərlə hərəkət edən birinci habelə
sağ və sol dəstələr Dığ
yaşayış məntəqəsinə doğru irəliləməli
idilər. (Azərbaycan Xalq Cümhuriyyəti
Ensiklopediyası. II., Bakı., 2005 )
“...Cavad bəy
Şıxlinskinin rəhbərlik etdiyi Zəngəzur
Ekspedisiya Hərbi Qüvvələrinin tabeliyində olan
birinci dəstə Dığ kəndinə doğru
şimaldan hərəkət edəcəkdi. Dəstənin rəisi,
general-mayor C.Şıxlinskinin əmrinə əsasən, 1-ci
dəstə noyabrın 3-də hücuma başlamalı, dəstənin
piyada bölmələri 2 ədəd topla Sultanlar kəndi və
suvari bölmələri isə indiki Laçın rayonunun
Sadınlar kəndi istiqamətində irəliləməli və
orada döyüşqabağı mövqe tutmalı idilər.
Hücum zamanı dəstənin sağdan mühafizəsi
Sultan bəy Sultanovun rəhbərlik etdiyi yerli
özünümüdafiə dəstələrinə
tapşırılmışdı...”.
“...Planlaşdırıldığı
kimi, Zəngəzur Ekspedisiya Hərbi Dəstəsi
oktyabrın 30-da ilkin mövqelər istiqamətində Xankəndi
şəhərindən Zəngəzura doğru hərəkətə
başladı...”.
“...Zəngəzur
torpaqlarından azərbaycanlıları
sıxışdırıb qovmağa çalışan ermənilər,
mövqelərini genişləndirməyə və gələcəkdə
“Laçın koridoru” adlandırılacaq
Gorus-Abdallar-Şuşa yolu üzərində nəzarəti
tamamilə öz əllərinə almağa
hazırlaşmışdılar. Ermənilərə, Gorus və
Şuşa əraziləri arasında yerləşən
bu koridor üzərində nəzarəti ələ
keçirmək üçün Qarıqışlaq və
Zarıslı kəndlərini işğal edib orada mövqe
tutmaq lazım idi. Buna isə Azərbaycanın
ordu qüvvələri və Sultan bəyin
özünümüdafiə dəstələri çox ciddi
şəkildə mane olurdular. Lakin bu yerli
özünümüdafiə dəstələri yalnız
yüngül atıcı silahlarla silahlandıqlarından ermənilərin
nizami ordu qüvvələri ilə mövqe döyüşlərində
çətinlik çəkirdilər. Bu dəstələr,
bir çox hallarda erməni ordu qüvvələri ilə
qarşı-qarşıya açıq döyüşə
girmək gücündə deyildilər...”.
Aydın olur ki, Sultan bəyin nizami ordu qüvvələrinə
olan ehtiyacını məhz C.Şıxlinskinin komandanlıq
etdiyi Zəngəzur Ekspedisiya Hərbi Dəstəsi ödəyir. Milli Ordunun bu nizami qüvvələri
ermənilərin 36 dinc uşaq, qadın və qocanı qətlə
yetirdikləri indiki Laçın rayonunun Qarıqışlaq
kəndindən qovulmasında, eləcə də Minkənd,
Kamallı, Çıraqlı, Bozlu, Mirik, Sultanlar, Sadınlar
və s. kəndlərinin düşmən əlinə
keçməsinin qarşısının alınmasında
müstəsna rol oyanmışlar... F.İsmayılov bu barədə
yazır: “...Sultanlar kəndindəki Cavad bəy
Şıxlinskinin bölmələri də
Qarıqışlaq kəndinin ətrafındakı yollarda və
cığırlarda pusqular quraraq ərazini özlərinin nəzarətinə
götürmüşdülər. Ona görə də erməni
hərbi qüvvələri burada, artıq tələyə
düşdüklərini anlayırdılar...”.
Təəssüf
ki, 1991-1994-cü illərdə olduğu kimi, o dövrdə
yeni qurulan müstəqil dövlətin ordusundakı müəyyən
problemlər uğurlu əməliyyatların davam etdirilməsinə
imkan vermir: “...Azərbaycan Ordusunun hərəkəti
üçün ərazidə münasib yolların və
istehkamların olmaması da problemlər yaradırdı. Eyni zamanda, döyüş bölgəsindəki
körpülərin və yolların çoxunun düşmən
qüvvələri tərəfindən
dağıdılması Azərbaycanın qoşun bölmələrinin
hücumlarını ləngidirdi. Ona görə də
noyabırın 3-dən 7-dək Dığ üzərinə
yeriyən AXC ordusunun qoşun bölmələri
qarşıya qoyulan vəzifələri yerinə yetirə
bilməyərək yeni hücumlara hazırlaşmaq
üçün ilkin mövqelərinə qayıtmağa məcbur
oldular...”.
General C.Şıxlinski döyüşün nəticələri
ilə bağlı hərbi nazirə göndərdiyi raportunda
əminliklə bildirirdi ki, Zəngəzur dəstəsinə əlavə
olaraq üç taborlu bir piyada alayın verilməsi ilə
döyüş tapşırığını uğurla
başa çatdırmaq Zəngəzuru tamamilə erməni
silahlılarından xilas etmək mümkündür. (Azərbaycan Xalq
Cümhuriyyəti Ensiklopediyası. II.,
Bakı., 2005)
Qeyd edək ki, general C.Şıxlinskinin qardaşı,
polkovnik Rüstəm bəy Şıxlinski isə 1918-ci ildə
Topçu hissəsinin komandiri və Ağdamdakı pulemyot məktəbinin
rəisi kimi fəaliyyət göstərib.
Yeri gəlmişkən,
oxucuda da qeyri-ixtiyari yaranan “necə oldu ki, 1918-1920-ci illərdə
“Laçın dəhlizi”ni qoruya bildiyimiz
halda 1992-1993-cü illərdə qoruya bilmədik” - sualına
cavab olaraq bir amili vurğulamaq yerinə düşər. Məsələ ondadır ki, o dövrdəki
Qarabağ savaşlarında dövlət, nizami ordu və yerli
əhalinin təşkil etdiyi qüvvələr
arasındakı qarşılıqlı əlaqə
düzgün qurulub. Bunu konkret olaraq general
C.Şıxlinskinin el qəhrəmanı Sultan bəylə
birgə indiki Laçın və Şuşa
və Zəngəzur ərazilərində apardıqları əməliyyatların
uğuru da təsdiqləyir. Bu barədə F.İsmayılov
xatırlatdığımız məqaləsində yazır:
“Ermənilərə qarşı döyüşlərdə
Qarıqışlaqdan və ətraf kəndlərdən olan
yerli əhali (Sultan bəyin könüllüləri) Azərbaycanın
Milli Ordusunun əsgərlərindən heç də geri
qalmırdılar. Onlar hamılıqla qadın və
uşaqlarını Artəpə (ər təpə) və
Zeyvə istiqamətlərindəki dağların zirvələrində
gizlədərək özləri torpaqları uğrunda ermənilərə
qarşı ölüm-dirim savaşına
atılmışdılar. Hər dəfə düşmən
üzərinə hücumlar ermənilərin xeyli sayda
canlı qüvvələrinin itirilməsi ilə nəticələnirdi...”.
Unudulmaz
general Ə.Şıxlinski və onun hərbçi
qardaşoğullarının timsalında Azərbaycanın
ilk milli ordu hissələrinə rəhbərlik etmiş zabitlərin
təşkil etdiyi və apardığı əməliyyatlardan
danışarkən bir daha məlum olur ki, bu gün
torpaqlarımızın azadlığı problemi
qarşımızda durduğu bir məqamda gənc nəsil,
xüsusən hərbçilərimiz hərb tariximizi, o
cümlədən, general C.Şıxlinski və el qəhrəmanı
Sultan bəyin birgə apardığı “Laçın dəhlizi”
əməliyyatlarını dərindən öyrənib təhlil
etməli, lazımi nəticələr
çıxarmalıdır...
Sultan Laçın
Həftə içi.-
2015.- 3 mart.- S.3.