«Ən böyük hobbim kitab oxumaqdır»
Cəsarət Valehov: «Tarixi Azərbaycanın
ruhunu duymaq ən böyük arzularımdan biridir»
Onu təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda
da yaxşı tanıyırlar. Uzun müddət jurnalist,
teleaparıcı olan Cəsarət Valehov hazırda Təhsil Nazirliyi
Mətbuat Xidmətinin rəhbəri, qeyri-hökumət təşkilatları
və media iş sektorunun müdiridir. O, eyni zamanda, jurnalistlik
və elmi fəaliyyətini də davam etdirir. Bizi maraqlandıran suallara
«Səmimi söhbət» rubrikasının budəfəki
qonağı olan Cəsarət Valehovun timsalında cavab tapmağa çalışırıq...
- Cəsarət Valehov özünü oxuculara necə təqdim etmək istəyir?
- Jurnalistikaya 1995-ci ildə gəlmişəm. Bakı Dövlət Universitetini bitirdikdən sonra, Azərbaycan Dövlət Televiziyasının «Səhər» proqramında işləməyə başladım. 1995-ci ilin avqust ayının 14-də fəaliyyətə başlayan bu proqramın ilk redaktorlarından biri olmuşam. Sonra BDU-nun aspirantura pilləsində əyani təhsil aldım. Aspiranturada oxuduğum illərdə Azərbaycan Milli Elmlər Akademiyasında çalışdım. Filologiya elmləri namizədi alimlik dərəcəsi aldım. 1998-2000-ci illərdə İdarəçilik Akademiyasında Azərbaycanda siyasi idarəetmə üzrə magistraturanı bitimişəm. “Azərbaycan” Universitetinin beynəlxalq münasibətlər üzrə magistrantıyam. Fəlsəfə, Hüquq və Siyasi Tədqiqatlar İnstitutunda da çalışmışam. 2005-ci ildə İctimai Televiziya və Radio Yayımları Şirkəti fəaliyyətə başlayanda, həmin şirkətin elm və təhsil proqramları departamentinə rəhbər təyin olunmuşam. Səkkiz ildən artıq İctimai TV-də çalışdım. Orada «Açıq dərs» müəllif layihəsinin rəhbəri və aparıcısı oldum. Adıçəkilən layihə üzrə 300-dən artıq buraxılışa müəlliflik və aparıcılıq etmişəm. 20-dən artıq televiziya layihəsinin müəllifi olmuşam. Bugünədək 30-dan artıq elmi məqaləm Azərbaycanın və xarici ölkələrin müxtəlif elmi məcmuələrində dərc olunub. 400-dən artıq publisistik və sosial sahələrdən bəhs edən məqalələrin, həmçinin bir monoqrafiya müəllifiyəm.
Təhsil Nazirliyi Mətbuat Xidmətinin rəhbəri, qeyri-hökumət təşkilatları və media ilə iş sektorunun müdiri kimi fəaliyyət göstərməklə yanaşı, həm də təhsilin fəlsəfəsi üzrə doktorluq işi üzərində çalışıram.
- Sizcə, hər
hansı bir qurumun mətbuat
xidmətinin rəhbəri seçilmək və uğurlu fəaliyyət göstərmək üçün nələr tələb olunur?
- Mətbuat Xidmətinin rəhbəri təkcə mətbuatla deyil, həm də ictimaiyyətlə də əlaqələr qurmağı və əməkdaşlıq etməyi bacarmalıdır. Bunun üçün şəxslərarası münasibətləri düzgün dəyərləndirmək hökmən vacibdir. Təmsil edəcəyi qurumun fəaliyyət sahəsi üzrə bilik və bacarığa sahib olmaq lazımdır. Belə şəxslərin bilik və bacarığı dinamik inkişaf edən reallığa cavab verməlidir. Mətbuat Xidmətinin rəhbəri media nümayəndələri üçün açıq şəxs olmalıdır. .
- Jurnalistlik
fəaliyyətinizin böyük hissəsini
telejurnalistliyə həsr etmisiniz.
Yazılı və elektron KİV-in
nümayəndələri ilə əməkdaşlıq etmək
və işləmək sizin üçün çətin deyil
ki?
- Xeyr, belə düşünmürəm. Çünki uzun müddət ayrı-ayrı mətbuat orqanları ilə əməkdaşlığım olub. 1985-ci ildə ilk yazım «Pioner» qəzetində nəşr edilib. Həmin vaxtdan üzübəri bir sıra qəzetlərdə yazılarım dərc olunub.
- Bəzi mətbuat xidməti rəhbərlərinin jurnalistləri informasiya blokadasında saxlamaları barədə çoxsaylı fikirlər var. Bu məsələ ilə bağlı fəaliyyətinizi necə qiymətləndirirsiniz?
- Başqa qurumların mətbuat xidmətlərinin şəxsi işləri barədə danışmaq və onların fəaliyyətlərinə müdaxilə etmək düzgün deyil. Ancaq bizim Mətbuat Xidməti jurnalistlərin həm yazılı, həm də şifahi sorğularını daim cavablandırır. Bunun üçün Mətbuat Xidməti və ictimaiyyətlə iş üzrə çalışan 10 nəfərlik heyətin həm mobil telefonları, həm də şəhər telefonları daim aktiv surətdə işləyir. Şəxsən mənim 2 mobil telefonum var. Onların nömrələrindən birini 16, digərini is 10 ilə yaxındır işlədirəm. Jurnalistlərdən, yaxud ictimaiyyət nümayəndələrindən qaçmaq, onların sorğularını cavablandırmamaq üçün nömrələrimi dəyişdirmək və ya yeni nömrə almaq fikrim yoxdur. Telefon nömrələrim 24 saat açıqdır. Hər kəsi maraqlandıran sualları cavablandırmağa hazıram. Hər gün 100-dən artıq zəng qəbul edirəm. Ən çox zəng edənlər də məhz jurnalist həmkarlarımdır. Biz təkcə jurnalistlərin suallarını cavablandırmaqla kifayətlənmirik. Hər həftə 2-3 dəfə Təhsil Nazirliyinin qatıldığı, yaxud nazirliyimizin fərdi qaydada keçirdiyi tədbirlər olur. Həmin tədbirlərdə media nümayəndələri ilə təmasda olur, onları maraqlandıran məsələlərlə bağlı ətraflı məlumatlar veririk. Ümumiyyətlə, Təhsil Nazirliyi mətbuatla sıx münasibətlər qurmaqda və əməkdaşlıq etməkdə maraqlıdır. Bu səbəbdən, biz hər həftə, ən azı, 20-25 media qurumu ilə birlikdə olur, təhsil sahəsindəki problemləri və uğurları birgə müzakirə edirik. Ancaq etiraf edim ki, hərdən bəzi jurnalistlər gileylənirlər ki, onların Təhsil Nazirliyinə yazılı, yaxud şifahi ünvanladıqları müəyyən sorğular bir gün ərzində deyil, iki və ya bir neçə gün ərzində cavablandırılır. Amma həmkarlarımız bunu normal və təbii qəbul etməlidirlər. Söhbət ondan gedir ki, nazirliyimizdə bu cür məsələlərlə bağlı tam operativlik mövcuddur. Yəni hər hansı bir media qurumuna, yaxud jurnalistə qarşı şəxsi-qərəzliyimiz yoxdur. Biz hər kəsin sualını, sorğusunu vaxtlı-vaxtında cavablandırmağa çalışırıq. Ancaq bəzən obyektiv səbəblərdən cavablandırma uzun zaman tələb edə bilər. Çünki ünvanlanan sorğu nazirliyimizin müvafiq şöbələrinə göndərilir. Orada müzakirələr aparılır, statistik məlumatlar və digər göstəricilər toplanır, araşdırılır və sair. Bəzən jurnalistlərin sorğuları ayrı-ayrı rayonlarda fəaliyyət göstərən təhsil müəssisələri, eləcə də bölgələrdəki təhsil sistemi ilə əlaqədar olur. Təbii ki, biz həmin sorğuları rayon təhsil şöbələrinə göndəririk və orada araşdımalar aparılır. Cavablar isə nazirliyimizə göndərilir. Bütün bunlar qısa müddətdə başa gəlmir, vaxt tələb edir. Ona görə də həmkarlarım səbirli olmalı və bizi də başa düşməlidirlər.
- Təhsil sahəsindən məlumatı olmayan və bu sahə üzrə məqalə yazmağa çalışan jurnalistlərlə işləmək sizin üçün çətinlik yaradırmı?
- Ümumiyyətlə, bu cür problemlər tək təhsil sahəsində deyil, digər sahələrdə də mövcuddur. Çünki peşəkarlıq 21-ci əsrin ən ciddi problemlərindən biridir. Peşəkar olmayan jurnalist, mütəxəssis öz yerində möhkəmlənə bilmir. Ona görə tək jurnalistlər deyil, bizim kimi peşə sahiblərinin də öz üzərlərində gündəlik işləməsi tələb olunur. Məsələn, kimsə deyə bilməz ki, 5-10 il əvvəl oxuduğum, əldə etdiyim elmi biliklər bu gün də öz qüvvəsni saxlayır və kifayət edir. Xeyr, bu, belə deyil. Çünki biliklərin köhnəlmə dövrü var. Yəni biliklərin öz əhəmiyyətini saxlama dövrü çox qısalıb. Ona görə də jurnalistika sahəsində çalışan şəxs öz üzərində daim çalışmalıdır. Sualların aktual olması və doğru cavablandırılması bu gün ən vacib məsələlərdən biridir. Bu səbəbdən, Təhsil Nazirliyi də media nümayəndələrinin bu sahə üzrə biliklənməsinə çalışır. Bunun üçün təhsil sahəsindən yazan jurnalistlər üçün təlimlər keçiririk. Hətta ötən həftə keçirdiyimiz belə bir təlimdə jurnalistlərlə birlikdə təhsil sahəsində yeni məqamlarla bağlı müzakirələr apardıq. Biz çalışırıq, sözügedən jurnalistlər təhsil sahəsindəki yeniliklərlə yaxından tanış olsunlar. Eyni zamanda, media nümayəndələri ilə birlikdə təhsil sahəsi üzrə faydalı olan məlumatların dövriyyəsini yaradaq. Bunun üçün təlimlərimizi və müzakirələrimizi davamlı olaraq aparacağıq.
- Bəzi
jurnalistlər öz sorğularını,
yaxud müsahibə suallarını mətbuat
xildmətləri rəhbərlərinin deyil,
qurumların rəhbər şəxslərinin
cavablandırmalarını istəyirlər. Bu
məsələdə Təhsil Nazirliyi
hansı mövqeyi nümayiş
etdirir?
- Nazirliyimizin qapısı bütün jurnalistlərə açıqdır. Biz kimlərəsə məhdudiyyət qoymuruq. Hər həftə nazirliyimizdəki rəsmilərin, ən azı, 10 telemüsahibəsi hazırlanaraq efirə verilir. Sadəcə, KİV bizə rəsmi şəkildə sorğu ilə müraciət etsin ki, biz də sualları hansı rəhbər şəxsin cavablandıracağını müəyyənləşdirək. Bu məsələdə həm də müsahibə üçün vaxtın müəyyənləşdirilməsi əsas məsələlərdən biridir. Həm rəsmi sorğu olduqda, həm də vaxt məsələsi dəqiqləşdirildikdə, nazirliyimizin yüksəkvəzifəli şəxslərindən müsahibə götürmək mümkündür.
- Mətbuat xidməti
rəhbərlərinin hər birinin
özünəməxsus hobbisi var. Bəs sizin hobbiniz nədir?
- Mənim hobbim kitab oxumaqdır. Evdəki kitabxanamda 1000-dən çox kitab var. Onların hamısını oxumuşam. İdmanla da aram yaxşıdır. Stolüstü tennis ən çox sevdiyim idman növlərindən biridir. Həftədə, ən azı, bir dəfə futbol oynayıram. Beşillik musiqi təhsilim də var. Qarmon musiqi alətində Azərbaycanın əsas muğamlarının hər birini ifa edirəm. Boş vaxtım olanda isə maraqlı və tarixi kinolara baxmağı çox xoşlayıram. Təbiətin qoynunda olmaq, maraqlı yerləri gəzmək həmişə arzularım olub. Vaxt tapdıqca, bu arzularımı yerinə yetirirəm.
- «Səmimi
söhbət» rubrikasında etiraf etmək
istədiyiniz nələrsə varmı?
- Şuşa haqqında çox eşitmişəm, çox oxumuşam. Təəssüf ki, orada heç vaxt olmamışam. Ona görə arzu edirəm ki, torpaqlarımız tezliklə işğaldan azad olunsun. Mən də Şuşaya və Qarabağa gedib, oranın mənzərəli təbiətini və füsunkar gözəlliyini öz gözlərimlə canlı görə bilim. Azərbaycanın bütün tarixi ərazilərinə getmək və tarixi Azərbaycanın ruhunu duymaq mənim üçün çox maraqlı olmaqla bərabər, həm də ən böyük arzularımdan biridir.
Təbriz Vəfalı
Həftə içi.- 2015.- 4
noyabr.- S.7.