Qida təhlükəsizliyi
Ekspertlər hesab edirlər ki, əhalinin
sağlamlığı və orta ömür müddətinin
uzadılması üçün bu məsələyə diqqət
daha da artırılmalıdır
Birləşmiş
Millətlər Təşkilatı (BMT), Dünya
Bankı və Ümumdünya Səhiyyə
Təşkilatının məlumatları əsasında
"Bloomberg" agentliyi
tərəfindən aparılmış tədqiqatın nəticəsinə
görə, ən sağlam insanlar Sinqapurda
yaşayır. İnterfax.ru-nun məlumatına
görə, sağlamlıq göstəriciləri proqnozlaşdırılan ömür müddəti, ölüm
səbəbləri, yaş qrupları kimi bir çox
amillər əsasında qiymətləndirilib. Risklər isə
sağlamlığa mənfi təsir edən əlamətlər
nəzərə alınmaqla, müəyyən edilib. Belə ki,
gənclər arasında siqaret çəkənlərin
sayı, yüksək xolesterin və
yüksək təzyiq səviyyəsinə malik
əhalinin sayı, vaksinləşmənin yayılma dərəcəsi,
piylənmədən əziyyət çəkənlərin
sayı risk faktoru kimi nəzərə alınıb.
Sinqapur əhalisi bütün kateqoriyalar üzrə 89,45 faizlik yüksək göstərici nümayiş etdirib. İkinci pillədə 89,07 faiz göstərici ilə italiyalılar qərarlaşıb. Avstraliya vətəndaşları 88,33 faiz toplayaraq üçüncü olub. İlk onluqda İsveçrə (4-cü pillə, 88,29 faiz), Yaponiya (5-ci pillə, 86,83 faiz) və İsrail (6-cı pillə, 85,97 faiz) qərarlaşıb. Böyük Britaniya reytinq cədvəlində (76,84 faiz) 21-ci, ABŞ (66,84 faiz) isə 33-cü pillədə yerləşib.
Yeri gəlmişkən, bu gün dünya ölkələrinin əsas problemlərindən biri ərzaq təhlükəsizliyi hesab olunur. Çünki son illərdə dünya bazarlarında qida məhsullarının bahalaşması, istehsal olunan ərzağın qeyri-bərabər paylanması, ərzaq qıtlığı, qida məhsullarının idxalından asılı olan dövlətlərin ərzaq suverenliyinin olmaması və s. məsələlər qlobal problem səviyyəsində dəyərləndirilir. Dünyanın əksər ölkələrində urbanizasiya ilə əlaqədar olaraq əkinə yararlı torpaqların və kənd təsərrüfatında çalışanların azalması, eyni zamanda, əhalinin sayının və qida məhsullarına tələbatın artması ərzaq təhlükəsizliyi problemlərini daha da qabardır.
BMT-nin Dünya Ərzaq Proqramının məlumatına görə isə hazırda dünyada 870 milyon insan xroniki aclıqdan əziyyət çəkir. Bəşəriyyətin gələcəyinə daha çox pessimist mövqedən yanaşan alimlərin fikrincə, yetərincə qidalanmayan insanların sayı qarşıdakı illərdə daha da artacaq. Proqnozlara görə, 2050-ci ilədək dünya əhalisinin sayı 9 milyardı ötəcək və nəticədə qlobal ərzaq çatışmazlığı özünü daha çox hiss etdirəcək.
Qeyd edək ki, Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsinə və orta ömür müddətinin uzadılmasına nail olmaq məqsədilə ürək-damar, onkoloji, yoluxucu və digər xəstəliklərin, bədbəxt hadisə, zəhərlənmə və travmalar nəticəsində xəstələnmə və ölüm hallarının azaldılması, profilaktik, müalicə və reabilitasiya işinin təkmilləşdirilməsi, səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əhaliyə göstərilən tibbi yardımın keyfiyyətinin yüksəldilməsi, əhali arasında sağlam həyat tərzinin yayılması, müalicə sanatoriyalarının və istirahət evləri şəbəkəsinin inkişafı və s. üzrə konkret tədbirlər planlaşdırılır. Bütün bu məsələlər isə Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-ci illər)" layihəsi çərçivəsində nəzərdə tutulub.
Ekspertlərin fikrincə isə əhalinin sağlamlığına və həyatının təhlükəsizliyinə bir çox amillər, o cümlədən, ölkədə olan ekoloji vəziyyət, qida məhsullarının keyfiyyəti, məişət şəraiti bilavasitə təsir edir.
Bəzi məhsullar
standartlara cavab vermir
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov qəzetimizə açıqlamasında deyib ki, Azərbaycan ərzaq təhlükəsizliyi istiqamətində həyata keçirdiyi tədbirləri sürətləndirib: "Bunun nəticəsi olaraq ölkəmiz "Qida təhlükəsizliyi" haqqında qanun qəbul edib. Bu qanun çox az ölkələrdə mövcuddur. Hətta bəzi ölkələr Azərbaycanın qida təhlükəsizliyi barədə təcrübəsindən də yararlanırlar. Yəni bu məsələ həmişə aktuallığını qoruyur. Təsadüfi deyil ki, bununla bağlı ABŞ İnkişaf Agentliyi (USAİD) də Azərbaycanda 5 il müddətində yerli məhsulların rəqabətə davamlılığı və təhlükəsizliyi ilə bağlı yoxlamalar həyata keçiriblər. Bu illər ərzində cəmi iki növ məhsul beynəlxalq standartlara uyğunlaşdırılıb. Bunlar balıq və balıq kürüsü və qoz-fındıq məhsullarıdır. 2011-ci ildə isə USAİD Azad İstehlakçılar Birliyinə müraciət etdi və vəziyyətdən çıxış yolu kimi "Azərbaycan istehlakçılarının qida təhlükəsizliyi nişanı" təsis etməyi xahiş etdi. Biz belə bir nişanı dövlət qeydiyyatına aldırdıq və bu barədə 123 ölkəni məlumatlandırdıq. Daha sonra USAİD Azərbaycanda təhlükəsiz qida istehsal edən müəssisələrin qiymətləndirmə alqoritmlərini bizə öyrətdi. Hansı müəssisə bu tələblərə cavab verirsə, biz onlara "Azərbaycan istehlakçılarının qida təhlükəsizliyi nişanı"nı təqdim etməli idik. 3 il ərzində cəmi 6 müəssisə buna layiq görüldü. "Şirin" və "Ulduz" şokolad fabrikləri, "İseland" dondurma istehsalı müəssisəsi, "Sevimli dad" və "Sab" ət məshulları müəssisələri təhlükəsiz qida nişanı ilə təmin olundu. Bundan sonra da bir çox şirkətlər müraciət edib, lakin biz qiymətləndirmə apararkən görürük ki, onlar təhlükəsiz qida istehsalı tələblərinə uyğun gəlmirlər. Bu dediklərim onu göstərir ki, ölkədə təhlükəli qida istehsalı davam edir. Çünki ölkədə "Qida təhlükəsizliyi haqqında" qanun olsa da, qidanın təhlükəsizliyinə dair qanun da yoxdur. Qanun olmayan yerdə isə cinayət baş verir".
Ekspert söhbət əsnasında xaricdən idxal olunan məhsulların təhlükəsizliyinə də toxunaraq deyib ki, birmənalı şəkildə əksər məhsullar GMO mənşəlidir: "Xaricdən idxal olunan məhsullar təhlükəlidir və arzuolunmazdır. Bu məhsullar uzun yol qət edir və onların gec xarab olmaması üçün məhsullara çoxlu kimyəvi maddələr vurulur. Məsələn, bazarda 3-4 ay yararlılıq müddəti olan xamalar, qaymaqlar və digər süd məhsulları var. Bunlar artıq kimyəvi maddələr qatılmış məhsullardır. Məhsulun yararlılıq müddəti uzandıqca onun tərkibindəki kimyəvi maddələr artır. Məhsulun ömrünü nə uzadırsa, o həm də insanın ömrünü qısaldır".
Eyyub Hüseynovun sözlərinə görə, bu sahəyə bir deyil, bir neçə dövlət orqanı nəzarət edir, lakin nəticə dəyişməz olaraq qalır: "Əslində isə bütün qurumlar bazara nəzarət uğrunda mübarizə aparırlar. Satış mərkəzlərinə birmənalı olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, qida məhsulların təhlükəsizliyinə anti-sanitariya orqanları, kənd təsərrüfatı mallarına Kənd Təsərrüfatı Nazirliyi nəzarət edir. Lakin bunların işindəki qeyri-mükəmməllik ondan ibarətdir ki, sertifikat verən orqan həm də qidanın təhlükəsizliyinə nəzarət edə bilməz".
Ekspert öz açıqlamasında vətəndaşlara tərkibində müxtəlif rəng və dadverici qatqılar olan qidalardan az istifadə olunmasını da tövsiyə edib: "Bu gün qida sənayesinin inkişafını kimyəvi qatqılarsız, protein tipli dərmanlarsız təsəvvür etmək mümkün deyil. Qida sənayesində istifadə olunan "E" kateqoriyasına aid olan formaldehidlər normadan artıq istifadə olunduqda insan orqanizmini mənfi təsir göstərir. Mən dəfələrlə vurğulamışam ki, idxal olunan məhsulların əksəriyyəti laborator analizlərdən keçirilmir. Çünki ölkədə qidaların tərkibini yoxlaya biləcək müasir laborator analiz qurğuları yoxdur".
"Fast-fud" genofondumuzu təhlükə
altında qoyur
Mövzu
ilə bağlı fikirlərini açıqlayan
tibb elmləri doktoru, professor Adil Qeybulla da hesab
edir ki, əhalinin sağlamlığına
və həyatının
təhlükəsizliyinə qida məhsullarının
nə dərəcədə
keyfiyyəti olub-olmaması
ciddi təsir edir: "İlk növbədə insanlar
"fast-fud"dan uzaq
durmalıdırlar. Bu həyəcan təbili artıq bütün dünyada çalınır.
Çünki "fast-fud"ların ən böyük problemi ondan ibarətdir ki, burada fasiləsiz və tez bir
zamanda qidanın hazırlanması mexanizmi işlənib hazırlanıb,
ancaq bu xeyli dərəcədə
ziyanlıdır. Burada istifadə
edilən yağlar dəyişdirilmədən dəfələrlə
istifadə edilir.
Məsələn, bir neçə
dəfə diqqət eləmişəm. "McDonald`s"da
fri kartoflarını
metal qabda qaynayan yağa salırlar. 5-10 dəqiqədən sonra onu çıxarırlar
və dərhal növbəti porsiya qoyulur. Həmin yağ gün
ərzində 5-6 saat qaynayır. Bu da
yağda müxtəlif
kanserogenlərin, həzm,
mədə-bağırsaq sisteminə
mənfi təsir göstərən inqrediyentlərin
əmələ gəlməsinə
səbəb olur.
Hətta deyərdim ki, "fast-fud"un yaratdığı
təhlükə genetik
modifikasiya olunmuş məhsullardan daha çoxdur. "Fast-fud" birbaşa müxtəlif oksidantların,
xərçəng əmələ
gətirmə xüsusiyyətlərinə
malik sərbəst radikalların bədənə
daxil olmasıdır.
Bu qidalardan əsasən
reproduktiv (nəsil artırma) qabiliyyəti olan və milli
genefondun əsas hissəsi gənc nəsil istifadə edir. Onların "fast-fud" reproduktiv
sağlamlığa da
mənfi təsir göstərir. Təbii ki,
bu da gələcək
üçün ciddi
təhlükə yaradır".
Sevinc
Bu yazı
Azərbaycan Respublikası
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi əsasında
hazırlanıb.
Həftə içi.- 2015.-
4 noyabr.- S.6.