Mir Cəlal və Lev
Tolstoy
Dahi rus yazıçısının
vəfatından 105 il ötür
"Böyük mütəfəkkirin
qarşısında baş əyirik! Elladaya Homeri yetişdirmək
üçün əsrlər lazım idi. Rusiyada isə Tolstoy qayadan çıxan bulaq kimi
doğuldu. Əsrlərboyu insanlar bu
bulaqdan içəcəklər".
Anatol Frans,
fransız yazıçısı, ədəbi tənqidçi,
Fransa
Akademiyasının üzvü, Nobel Mükafatı laureate
"Tolstoy!.. Bu bir addır ki, insanlıq adı ilə adlanan cəmi
məxluqun yanında altmış ildən bəri ehtiram ilə
çəkilib. Milyonlarla zəhmətkeşlər, kəndlilər
yavan çörəkdən ötrü gecə-gündüz
çalışanlar, bu adla özlərinə təsəlli
veriblər. Milyonlarla üdəbalar, şüəralar,
müsənniflər, mühərrirlər bu ad sahibini
vacibül - ehtiram biliblər".
Cəlil Məmmədquluzadə
"Azərbaycan
yazıçıları dahi ədibin ( Tolstoyun) bütün
bəşəriyyətin bədii inkişafında irəliyə
doğru bir addım olan əsərlərinə zəngin və
tükənməz bir sənət xəzinəsi kimi baxır,
sənətkarlıq qaydalarını, cahanşümül rus
realizminin gözəl ənənələrini inadla öyrənir,
öz yaradıcılıqlarını kamilləşdirir, ədəbiyyatları
yolunda daha sürətli addımlar atmağa səy edirdilər
".
Mir Cəlal Paşayev
Lev Nikolayeviç Tolstoy rus xalqının iftixarı,
böyük sənətkarıdır. Rus
torpağının dahi yazıçısının irsi bəşər
bədii təfəkkürü xəzinəsinin çox qiymətli
hissəsini təşkil edir. Onun
yaratdığı "Hərb və sülh", "Anna
Karenina", "Dirilmə" kimi misilsiz əsərləri
təkcə rus ədəbiyyatının deyil, bütün
dünya ədəbiyyatının zəngin sərvətidir.
Dünyada elə bir mədəni ölkə, elə
bir mədəni millət yoxdur ki, Tolstoyu tanımasın və
ona dərin hörmət bəsləməsin.
Tolstoy, Maksim Qorkinin dediyi kimi, başdan-başa bir
dünya idi.
O, hər tərəfə nəzər sala-sala 60 il Rusiyanı dolaşmışdı, xaricdə
olmuşdu, həbsxanalara, sürgünlərə,
qubernatorların idarəsinə, düşərgələrə,
karvansaralara, kəndli daxmalarına, aristokratların bahalı
evlərinə nəzər salmışdı. Düz 60 il Rusiyada onun hər şeyi sezən və
bütün mənfilikləri, haqsızlıqları ifşa
edən həqiqət səsi eşidilmişdi. Hələ
sağlığında ikən dünya şöhrəti
qazanan yazıçını bu səviyyəyə yüksəldən
onun yaşayıb-yaratdığı dövrdə rus cəmiyyətinin
həyatı haqqında dediyi həqiqətlər, bədii əsərlərində
heyrətamiz bir düzgünlüklə əks etdirdiyi rus həyatı
idi.1908-ci ildə Tolstoyun 80 illik yubileyi keçirilərkən
rəsmi hökumət və liberal mətbuatı böyük
rus ədibinin həyat və yaradıcılığına həsr
olunmuş məqalələrlə dolmuşdu.Liberallar Tolstoyu
yalnız bir sənətkar kimi deyil, həm də bir müəllim
və mütəfəkkir olaraq tərifləyir, onu rus
xalqının peyğəmbəri elan edirdilər.
Qərbi Avropa ədəbiyyatı uzun illər boyu bu rus
dahisinin sənətkarlıq istedadının təsiri ilə
yaşamışdı. Fransız yazıçısı Qustav Flober "Hərb
və sülh"ü oxuyandan sonra böyük bir heyrətlə
Turgenevə yazırdı: "...Necə bir sənətkar, nə
dərin bir psixoloqdur! Bəzən əsəri mütaliə
edərkən heyrətimdən qışqırırdım, əsərin
mütaliəsi isə uzun zaman davam edir.Bəli, bu qüvvətli
bir şeydir, çox qüvvətlidir!".
Digər fransız yazıçısı Gi de Mopassan isə
"İvan İliçin ölümü" adlı əsərini
oxuduqdan sonra demişdi: "Mən belə görürəm
ki, bütün fəaliyyətim mənasız imiş, mənim
on cildlik əsərlərimin qiyməti yox imiş ".
Yalnız
Flober və Mopassan deyil, fransız yazıçısı
Romen Rollan, İrlandiya yazıçı,dramaturq və
romanisti, Nobel mükafatçısı Corc Bernard Şou, ingilis
yazıçı və dramaturqu, Nobel
mükafatçısı Con Qolsuopsi, Avstriya
yazıçı və tənqidçisi Stefan Sveyq, eləcə
də Tolstoyu "dünya vətəndaşı"
adlandıran bir çox Avropa və Amerika
yazıçıları hər zaman heyrət və məftunluqla
Tolstoyun dahiliyindən bəhs etmişdilər. Qolsuopsi "Hərb
və sülh" haqqında demişdi: "Bu,
yazılmış olan bütün əsərlərin ən əzəmətlisidir
".
Doğrudan
da " Hərb və sülh" rus
xalqının dahiyanə bir epopeyası, demək olar ki, rus
" İliada"sıdır. Bu əzəmətli əsər
rus xalqının öz istiqlaliyyəti uğrunda
apardığı qəhrəmanlıq mübarizəsinin epik
bir nəğməsi, ölməz bir
dastanıdır.Romanı oxuyan zaman məndə belə bir
fikir formalaşırdı ki, əsərin əsas qəhrəmanı
nə Andrey Bolkonski, nə Pyer Bezuxov, nə də Platon
Karatayevdir. Bu həqiqi və böyük qəhrəman öz
Vətənini Napoleon işğalçılarından igidliklə
qoruyan və düşməni rus torpaqlarından, rus şəhərlərindən
qovan, öz vətənpərvərliyi, əzmkarlığı,
döyüşkənliyi ilə bütün Avropanı
sarsıdan rus xalqı, böyük bir millətdir. Borodino müharibəsi, partizan dəstələrinin
fəaliyyəti, rus əsgərlərinin şücaəti,
Rusiyanın müdafiəsi uğrunda aparılan böyük
mübarizə unudulmaz səhnələrlə son dərəcə
istedad və sənətkarlıqla
canlandırılmış, əbədiləşdirilmışdir.
Əsər dərin bir həyat sevgisi, xalqın
varlıq, qüvvətinə və qüdrətinə dərin
bir inamla yazılmışdır. Flober bu əsəri
oxuduğu zaman " Bu Şekspirdir, bu
Şekspirdir! - deyə heyrətlə
qışqırmışdı.
Qərb və Şərq ölkələri, Şimal və
Cənub xalqları, müxtəlif millətlərdən olan
oxucular hələ yazıçının
sağlığında ona güclü maraq göstərirdilər.Tolstoyla
Şərq arasında yazıçının lap gənclik
illərindən möhkəm ünsiyyət
yaranmışdı. Kazan Universitetinin ərəb - türk ədəbiyyatı
fakültəsində təhsil alan Tolstoy, ömrünün
sonuna qədər Şərq aləminə marağını
itirməmiş, Şərq ölkələrində -
Hindistanda, Ərəbistanda, İranda, Türkiyədə,
Qafqazda, o cümlədən Azərbaycanda şöhrət
qazanmış, bu yerlərin mədəniyyət xadimləri
arasında özünə dərin hörmət, böyük
etimad yaratmışdı.
Xüsusi
qeyd etmək, iftixarla yada salmaq istərdim ki, görkəmli azərbaycanəsilli
alim, tarixçı, şərqşünas, türkoloq və
filoloq, Kazan Universitetinin professoru Mirzə Kazımbəy Lev
Nikolayeviçin sevimli müəllimi olmuşdur.Tolstoy ərəb,
türk və tatar dillərini onun köməyi ilə öyrənmiş,
Azərbaycanın gözəl təbiəti, qonaqpərvər
xalqı haqqında onun dilindən maraqlı söhbətlər
eşitmişdi. Azərbaycanın xalq artisti Hacağa Abbasov
dostu ədəbiyyat müəllimi Əli Qasımovla birlikdə
1907-ci ildə Lev Nikolayeviç Tolstoyun ömrüboyu
yaşayıb-yaratdığı sevimli kəndi Yasnaya Polyanada
dahi ilə görüşü zamanı dünya şöhrəti
qazanmış qoca yazıçının öz müəllimini
necə ehtiramla yad etdiyini xatırlayıb yazırdı:
"Şəkillərdə gördüyüm ağ
saqqallı yazıçı başını qaldırıb
bizə baxdı, gözlərini qıyaraq
gülümsündü, köhnə tanış kimi bizim
salamımızı aldı. Bu əsnada onun
arvadı Sofiya Andreyevna otağa daxil oldu. Tolstoy bizi nişan verərək dedi: "Mənim
qafqazlı müsafirlərə artıq dərəcədə
ehtiramım var. Sən bilirsən ki, Kazan Universitetində
oxuyan vaxt mənə Şərq dillərindən təlim verən
qafqazlı şərqşünas professor Mirzə Kazımbəy
olmuşdur".
...Ev
sahibi Qafqaz xalqlarının həyatı, məişəti ilə
maraqlandığı üçün bizə bu barədə
tez - tez suallar verirdi. Lev Nikolayeviç Şərq
ədəbiyyatından söhbət açdı, Sədi və
Hafizin yaradıcılığından danışdı,
M.F.Axundovu xatırladı".
Tanrı görkəmli yazıçıya Qafqazı
görmək və bir müddət burada yaşamağı nəsib
etdi.Tolstoy 1851-ci ilin mayından 1854-cü ilin yanvarına qədər
Qafqazda yaşadı, Qafqazın bir çox yerlərində
oldu, Xəzər sahilini gəzdi, Nuxaya və Tiflisə getdi. "Uşaqlıq",
"Gənclik", "Rus mülkədarının romanı"nı burada yazdı. Sonralar bir
çox əsərlərində Qafqazı vəsf etdi. Yazıçı məktublarının birində
Qafqazı "Məhəbbət ölkəsi"adlandırdı.
Daim
füsunkar təbiət qoynunda yaşamağa
üstünlük verən Lev Nikolayeviç Tolstoy 1828-ci il
avqustun 28-də Tula quberniyasının Yasnaya Polyana kəndində
varlı zadəgan ailəsində dünyaya gəlmiş,
beş uşaqdan dördüncüsü idi.Hələ
uşaq ikən valideynlərini itirmiş Tolstoyun ilk əsəri
də " Uşaqlıq" adlanır.1854-cü ildə
orduya çağırılıb zabit kimi Krım müharibəsində
iştirak edən yazıçı, həmin il Sevastopola,
döyüşən orduya dəyişdirilir.Hərbi qulluq
zamanı gənc yazıçının müharibə səhnələrini
düzgün, canlı təsvir edən " Sevastopol hekayələri"ni
yazır.Onu da deyim ki, orduda xidmət edərkən Tolstoy
göstərdiyi şücaətlərə görə orden və
medallarla təltif olunmuşdu.
Yazıçı 34 yaşında dostluq etdiyi həkim
ailəsinin qızı 18 yaşlı Sofya Andreyevna Berslə
ailə qurur.
Onlar 48 il qarşılıqlı hörmət
və sevgi ilə ömür sürürlər. Bu evlilikdən ailədə 13 övlad dünyaya gəlsə
də, onlardan beşi uşaq ikən vəfat edir. Gənc yaşlarından fransız dilini mükəmməl
öyrənən Tolstoy, XVIII əsr fransız filosof, şair
və tarixçisi Volterin və
filosof-yazıçısı Jan-Jak Russonun əsərlərini
geniş mütaliə etmiş, bu iki şəxsiyyətin
qüvvətli təsiri ilə yaşamışdı.
Onun bu barədə gözəl bir fikri vardı:
"Yaradıcılığın zəruri şərtlərindən
biri bütün böyük yazıçıların təcrübəsini
dərindən mənimsəməkdir. Öz sələflərinin
yaratdıqlarını mənimsə və irəli get!" Qeyd etmək yerinə düşərdi ki, Tolstoy
özü də böyük sələf idi. Dahinin yaradıcılığı XX əsrin Mahatma
Qandi və Martin Lüter Kinq kimi parlaq şəxsiyyətlərinə
ciddi təsir göstərmişdi.
XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan
ədəbiyyatında da demokratik fikirlər güclənməyə
başlamışdı.Yazıçılar öz əsərlərində
ictimai məsələlərə, kəndlilərin
ağır güzəranı, mülkədar zülmündən
azad olması, qadın azadlığı problemlərinə
diqqəti artırmışdılar. Kəndli
azadlığı mövzusu ilə məşğul olan
yazıçılarımız Tolstoyla dərindən
maraqlanırdılar.Onun realist, ifşaçı qələmi
Azərbaycan yazıçılarını da ruhlandırır,
onlara istiqamət verir, ədəbiyyatda kəndlilərin vəziyyətinin
real təsvirinə kömək edirdi. Bunu aydın
görmək üçün Cəlil Məmmədquluzadənin
" Danabaş kəndinin əhvalatları " və
Əbdürrəhim bəy Haqverdiyevin " Bəxtsiz
cavan" kimi əsərlərini nəzərdən keçirmək
kifayətdir.Həmin dövrdə Tolstoy Azərbaycan
yazıçılarının qeyd etdiyim kimi, ən çox
pərəstiş etdikləri sənətkar idi. O, Azərbaycanın
ədəbi-bədii, pedaqoji və fəlsəfi fikrinə
qüvvətli təsir göstərirdi. Ziyalılarımızın
böyük qismi ondan pedaqoq və yazıçı kimi
çox şey öyrənirdilər. Tolstoyun
əsərləri Azərbaycan dilinə sürətlə tərcümə
olunurdu.1881-1920-ci illərdə Bakıda nəşr olunan rus və
Azərbaycan mətbuatında Tolstoyun adı həmişə
ehtiramla çəkilmiş, onun həyat və
yaradıcılığına dair hər bir hadisə Azərbaycan
ictimaiyyətinin diqqət mərkəzində olmuşdu.
"Kaspi" qəzeti 1881-1919-cu illərdə Bakıda
rus dilində nəşr olunmuş kütləvi mətbuat
idi. Qəzetdə Rusiyanın bir sıra mütərəqqi
fikirli yazıçı və ədəbiyyatşünasları
fəaliyyət göstərirdi. Azərbaycan
ziyalıları "Kaspi"ni müntəzəm oxuyur, Nəriman
Nərimanov, Firidun bəy Köçərli, Cəlil Məmmədquluzadə,
Nəcəf bəy Vəzirov və başqaları qəzetdə
tez-tez çıxış edirdilər. Burada
Lev Nikolayeviç Tolstoy haqqında müxtəlif mövzulu
yazılar dərc olunurdu. O zaman nəşr olunan
"İttifaq", "Səda", "Təzə həyat"
qəzetləri də yazıçının
yaradıcılığına xüsusi yer verirdi.1894-cü
ilin may ayında Bakıda, Hacı Zeynalabdin Tağıyev
teatrında ədibin 1886-cı ildə xalq teatrları
üçün yazdığı " Əvvəlinci şərabçı"
adlı pyesi ilk dəfə Azərbaycanın görkəmli
maarif xadimi, yazıçı, bir sıra lüğət və
dərsliklərin müəllifi olan Sultan Məcid Qənizadə
tərəfindən tərcümə edilib tamaşaya qoyuldu. Pyes hərarətlə qarşılandı. Müvəffəqiyyətdən ruhlanan Qənizadə,
1896-cı ildə əsəri kitabça şəklində
çap etdirib, pulsuz yaydı. Xatırlatmaq
istərdim ki, süjeti Belorus nağılından
götürülmüş əsərin böyük tərbiyəvi
əhəmiyyəti vardı. Pyesdə
patriarxal kəndli təfəkkürünə uyğun tərzdə
ilk dəfə arağın necə icad edildiyi göstərilirdi.
Tolstoy " Rəhmanamı, yoxsa
şeytanamı sitayiş etməli?" kimi digər məqalələrində
də müstəqim yolla ifadə etdiyi fikirlərini burada həyati
və əfsanəvi obrazlar vasitəsilə yenidən təkrar
edirdi:- Spirtli içkilərə meyl etmə,- deyirdi. "İçki şeytan əməlidir. O,
insan mənliyini və heysiyyətini alçaldan bəladır".
Tolstoyun
dünyəvi yaradıcılıq istedadı, pedaqoji fəaliyyəti
ilə bərabər, insanpərvərliyi, nəsillərə
aşılanan dərin mənəvi keyfiyyətləri, ailə
və övladsevərliyi, gənclərə öz balası
kimi münasibəti, həqiqət və
dürüstlüyün tərənnümçüsü,
sülhsevərliyi, xalqların azad, firavan yaşaması naminə
çalışması baxımından tanınmış
yazıçımız, pedaqoqumuz, ədəbiyyatşünas
alimimiz, uzun illər Azərbaycan Dövlət Universitetində
(indiki BDU) minlərlə tələbəyə dərs demis, ədəbiyyat
sahəsində çoxsaylı alimlər ordusu yaratmış
filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevi daha
çox xatırladır. Mir Cəlal da Tolstoyu
çox sevirdi. Bəlkə də ruhən
və qəlbən rus xalqının böyük
övladına olan doğma hisslərindən idi ki, ədibin
yaradıcılığında Tolstoy mövzusu xüsusi yer
tuturdu. Mir Cəlalın Tolstoya özəl
münasibəti vardı. Bu barədə onun " Dahi sənətkar",
"Lev Nikolayeviç Tolstoy", "Böyük rus ədibi",
"Dahi söz ustası" və s. adlı geniştəhlilli,
maraqlı faktlarla zəngin olan məqalələri vardır.
Tolstoyun
yaradıcılığına mükəmməl bələd
olan Mir Cəlal yazırdı: "Tolstoy ilk əsərlərindən
başlayaraq insanı və onun taleyini yaradıcılıq
işinin mərkəzində qoyur, mövzuların əsası
sayırdı. O, sənətin böyüklüyünü də,
kiçikliyini də bunda, xalqa münasibətdə
görürdü". ("Kommunist" qəzeti, 3 sentyabr,
1948-ci il, " Dahi sənətkar" məqaləsi).
"Tolstoy bir çox yazıçılara və sənətkarlara
xas olan şagirdlik dövrünü keçirməmişdir. O, həyata dərin
müşahidə və diqqətlə yanaşaraq,
yazdığı ilk əsərlərindən etibarən
böyük yazıçılar sırasında
durmuşdur". ("Ədəbiyyat" qəzeti, 12
sentyabr, 1948-ci il, "Lev Nikolayeviç
Tolstoy" məqaləsi).
"Ədib var ki, müəyyən bir ictimai zümrəni
təmsil edir.
Ədib var ki, müəyyən bir dövrü,
məsələni, ölkəni göstərməklə kifayətlənir.
Ədib də var ki, günəş
şüası kimi cəmiyyət həyatının,
insanın mənəvi aləminin bütün mürəkkəbliyinə
nüfuz edir, zaman keçdikcə, nəsillər dəyişdikcə
təsirini azaltmır, əksinə, artırır. Tolstoy sənəti zaman, məkan hüdudu bilməyən,
həmişə, hər yerdə qüdrət və kəsərini
saxlayan bir sənətdir.
L.N.Tolstoy böyük rus xalqının bəşəriyyətə,
dünya mədəniyyəti və ədəbiyyatına
verdiyi çox mühüm simalardandır. Dahi ədib
öz xalqının və zamanının ləyaqətli və
xələf oğludur". ("Dahi söz
ustası" məqaləsi, 1978-ci il).
Tolstoy
doğrudan da sənətin və ədəbiyyatın
qarşısında böyük vəzifələr qoyan, sənəti
Mir Cəlalın qeyd etdiyi kimi, zaman, məkan hüdudu bilməyən,
həmişə hər yerdə qüdrət və kəsərini
saxlayan bir sənətkar idi. O, bütün dünya
xalqları arasında həmişə dostluğun və dinc həyatın
yaradılmasını arzulayırdı. Ədib
humanist şəxsiyyət, parlaq ziyalı olaraq, xalqlar
arasındakı dostluğu pozan və millətləri bir -
birinin üzərinə qızışdıran, onları
qanlı mübarizələrə, kütləvi
qırğınlara, insan tələfatlarına sürükləyən
adamların xəbis və təhlükəli hərəkətlərinin
qarşısını almağı özünə vətəndaşlıq
borcu hesab edirdi. Yazıçı
bütün sənətkarları xalqa xidmət etməyə,
həyatı əks etdirməyə
çağırırdı. Sənəti
yalnız həyata bağlılıqda görən ədib, ədəbiyyat
və sənəti həyatdan uzaqlaşdıran, onu mənasız
və məzmunsuz əyləncəyə çevirən
qüvvələrlə heç bir zaman barışa bilmirdi.
Lev Tolstoy bədii düşüncənin ən nəhəng
ifadəçisi idi. Dahi sənətkarın ölməz əsərlərində
irəli sürülən böyük məsələlər
ona nəinki rus xalqı tarixində, hətta bütün
dünyada, bütün mədəni xalqların tarixində əbədi
bir şöhrət qazandırmışdır.
Böyük sənətkar öz bədii zəkası,
müdrik düşüncəsi, insanpərvərlik
mövqeyi, dərin sənətkarlıq müşahidəçiliyi,
misilsiz həssaslığı ilə bütün dünya
oxucularını heyrətdə buraxmış, haqlı olaraq
ona " dünya vətəndaşı"
adını qazandırmışdır.
Bu bir həqiqətdir ki, dünya ədəbiyyatı
tarixində yaradıcılıq vüsəti etibarı ilə
Tolstoya bərabər olan bir sənətkar tapmaq çox
çətindir.Yazıçı XIX əsr sənətinin ən
yüksək zirvəsinə qalxmışdır. Heç bir sənətkar
insan qəlbinin sirrlərindən Tolstoy qədər agah olmamışdır.O,
sözün həqiqi mənasında insan qəlbinin ustadı
idi. Bu barədə Mir Cəlalın qeydlərinə diqqət
yetirək:"Sənətə müqəddəs iş kimi
baxan Tolstoy deyirdi:"Ancaq o zaman yazmaq lazımdır ki, hər
qələmi mürəkkəbə batıranda, orada bir
parça ət qoyursan". Doğrudan da Tolstoy
sənətə həyatını vermişdi. O
deyirdi:" O adam ki, qayəsi şəxsi
səadətdir, axmaqdır o adam ki qayəsi
başqalarını təqliddir, o zəifdir. O adam ki qayəsi
başqalarının səadətidir, xoşbəxtdir!"
Tolstoy mənşəyi
etibarı ilə zadəganlar nəslinə məncub olduğu
halda (onun qraf olaraq dvoryan titulu vardı) məhz səmimi və
dürüst təsvirləri sayəsində milyonlarla kəndlilərin
etiraz səsini ifadəyə qədər ucala bilmişdi,
kütlələri dilənçi kökünə salan
ictimai səbəbləri, məzlum kəndlilərin
şüurunda əmələ gələn təbəddülatı
qüvvətli bir hiss, inandırıcılıq və cəsarətlə
ifadə edərək öz tənqidində məsələnin
kökünə gedib çıxa bilirdi. Odur
ki, Azərbaycanda da Tolstoy çox sevilirdi.
Mir Cəlalın
bu barədə yazdıqlarından: "Hələ əsrimizin
ilk illərində Azərbaycanda böyük rus
xalqının bütün görkəmli
yazıçılarına olduğu kimi, Tolstoy
yaradıcılığına da artıq maraq duyulmaqda
idi.1903-1904-cü illərdə "Şərqi-rus" qəzetində
ədibin iki hekayəsi ("Buğda dənəsi", "Zəhmət,
ölüm və naxoşluq") tərcümə və nəşr
olunmuşdur. Tolstoyun 20-dən çox hekayəsi
Azərbaycan dilində kitab şəklində
buraxılmışdır."İnsana çoxmu yer
lazımdır?" (1908),
"Tanrıyamı, harunamı xidmət etməli?" (1907), "Qafqaz əsiri" (1912)," Fransuaza"
(1912) və sair). Tolstoyun hekayələri
oxucular arasında tez yayılır və şöhrət
qazanırdı. "Qafqaz əsiri" bir
neçə dəfə nəşr olunmuşdur. Həsənbəy
Zərdabi Tolstoyla şəxsən yazışırdı... Cəlil
Məmmədquluzadə Tolstoyun
yaradıcılığındakı xalqçılıq, həqiqətpərəstlik
və sənət məharətini, tənqid meyillərini
alıb təbliğ edirdi.Təsadüfi deyil ki, o,
böyük ədibin ancaq kəndli və torpaq məsələlərinə
aid olan hekayələrini o zaman
çalışdığı "Şərqi-Rus" qəzetində
nəşr etmişdir. Bu hekayələrdən
birini isə özü sadə xalq dili ilə tərcümə
etmişdir.Tolstoyun xalq jurnalı nəşr edənlər
üçün yazdığı məsləhətləri
(aşağı təbəqələrin anlayacağı sadə
bir dildə yazmaq) Cəlil Məmmədquluzadə öz
jurnalında əməli olaraq tətbiq edirdi".
Tolstoy kimi sənətkarların məhz Rusiyada yetişməsi
təsadüfi deyildi.Tolstoy rus milli şəraitində
yaranmış XIX əsr realist sənətkarlarının ən
gözəl ənənələrini özündə toplayan
rus qüdrətinin böyük ifadəçisi idi. Mütləqiyyət
və təhkimçilik sisteminə qarşı rus
xalqının apardığı azadlıq mübarizəsi ilə
ruhlanan Tolstoy, nəinki rus həyatının misilsiz təsvirini,
bəlkə də dünya ədəbiyyatının birinci dərəcəli
əsərlərini yaratmışdı. O, yorulmaz və
fədakar bir zəhmətkeş idi. Onun arxiv,
kitabxana və muzeylərdəki əl yazıları hər
bir əsər, hər bir cümlə və söz üzərində
nə qədər səylə, diqqətlə işlədiyini,
özünə qarşı nə qədər tələbkar
olduğunu aydın göstərir. İki min səhifədən
ibarət böyük " Hərb və
sülh" romanını o, yeddi dəfə düzəltmiş
və yenidən köçürmüşdü.
Mir Cəlal, Tolstoyun öz sənətinə müstəsna
dərəcədə tələbkar olduğu,
yazdığını dəfələrlə düzəldib
köçürdüyü, hər cümlənin, hər
sözün üzərində düşünməkdən
yorulmadığı, əksinə, bundan həzz
aldığından geniş bəhs edirdi. "Qafqaz təbiətini
və dağlıların məişət tərzini heyrətli
bir həqiqət gücü ilə verən "Hacı
Murad" kimi bir əsər onu razı salmadığı
üçün sağlığında çapa verməmişdi".
Mir Cəlal
Paşayevin sevə-sevə bəhs etdiyi "Hərb və
sülh" haqqındakı maraqlı fikirlərindən bəzilərini
təqdim etmək istərdim: "Tolstoyun sənətkar
dühasının və eləcə də bütün bəşəriyyət
sənət xəzinəsinin ən parlaq əsərlərindən
biri məşhur tarixi-xalq epopeyası - "Hərb və
sülh" romanıdır. Ədib göstərir ki,
insanların həyatını, onların mühüm
maraqlarını - sağlamlığı, xəstəliyi, zəhməti,
istirahəti, fikir, elm, şeir, musiqi, məhəbbət,
dostluq, nifrət, ehtirasları ilə təsvir etmədən
tarixin bədii lövhəsini vermək olmaz. Tolstoy
realizmi burada özünü aydın göstərir.
Romanda tarixi hadisələrə yalnız onların zahiri, rəsmi
tərəfindən yox, bir şairin dediyi kimi "zər
tikişli mərasim paltarından yox,
iç tərəfdən, cana yaxın olan köynəkdən
yanaşmaq" bir üsul kimi qoyulmuşdur".
Romanın baş qəhrəmanlarından biri Kutuzovdur. Əsərdə
o, xalq müharibəsinin əsl sərkərdəsi, xalq fikri,
iradəsi və hissinin ifadəçisi, rus ruhunun əzəmətli
mücəssəməsi kimi təsvir olunur. Sərkərdə rus əsgərlərinin həyatını
qaygıkeşliklə qoruyur, ordusunu və onun hər bir
üzvünü ata məhəbbəti ilə sevir. O,
sadə, təvazökar, xeyirxah, zahiri parlaqlıqdan və xudpəsənglikdən
uzaq, təbii və cəsur bir insandır. Mixail
İllarionoviç Kutuzov siyasi xadim olmaqla bərabər, həm
də müdrik sərkərdədir. Tolstoya
görə, onun gücü və qüdrəti xalq ilə
möhkəm əlaqəsində, xalqın dərdlərini,
istəklərini duyub eşitməsindədir. Romanda general- feldmarşal Kutuzovun siması,
vücudu, yerişi, hərəkətləri,
davranışı, xoş təbəssümü dəqiqliklə
qələmə alınmışdır.
Mir Cəlal
"Hərb və sülh"ü bəşəri sənət
nümunəsi kimi dəyərləndirib daha sonra yazır ki,
müharibə səhnələri Tolstoyun əsərində
birtərəfli və rəsmi deyil, bütün dəhşətli,
həqiqi çılpaqlığı, qan, iztirab və
ölümü ilə əhatəli bir şəkildə təsvir
olunur. Bu müharibədə ədib xalqı əsas qüvvə
kimi göstərir və müharibənin ruslar
üçün ədalətli müharibə olduğunu, buna
görə də rus xalqında coşqun vətənpərvərlik
hissinin daha da alovlandığını
görürük...1812-ci il müharibəsində
partizanların fəaliyyəti məhz belə bir iftixar hissi
ilə Tolstoyun əsərində əks olunur.Ordu da, partizanlar
da,əhali də həmin bu vətənpərvərlik
duyğusu ilə yaşayır və vuruşurdu.Qabaqcıl
zabitlərin əhvali-ruhiyyəsini böyük ədib Borodino
döyüşü ərəfəsində romanın qəhrəmanlarından
Andrey Bolkonski ilə Pyer Bezuxovun söhbətində belə verir:
"Vuruşmada o tərəf qalib gələcək ki,
qalib gəlməyi möhkəm qət etmişdir! Mən
sabahı belə təsəvvür edirəm.Yüz minlik rus və
yüz minlik fransız ordusu üz-üzə gəlmişdir.Kim
daha qəzəblə vuruşsa, canını əsirgəməsə,
o qalib gələcəkdir".
Təbiilik,
sadəlik və obyektivlik baxımından Tolstoyun
yaradıcılıq xüsusiyyətlərini özündə
təcəssüm etdirən və yaşadan Mir Cəlal
haqlı olaraq təsdiq edir ki, yalnız rus ədəbiyyatında
deyil, bütün dünya ədəbiyyatında müharibənin
xarici effektlərdən, zahiri parlaqlıqdan uzaq,əsl real, həqiqi
lövhəsini vermək xidməti və şərəfi
Tolstoya məxsusdur. O, Sevastopolda "ölməyə ləzzətlə
hazırlaşan" rus adamlarının şücaətini
vermişdisə, "Hərb və sülh" romanında
müharibə qəhrəmanlarının böyük bir
silsiləsini, onların iradə və fəaliyyətini daha
geniş epik planda verir. Burada ümumiyyətlə
559 şəxsiyyət (surət) təsvir olunmuşdur.
Mir Cəlal bildirir ki, Tolstoy əvvəlcə 1825-ci ildə
inqilabçı dvoryanların mütləqiyyətə və
təhkimçiliyə qarşı üsyanında iştirak
edən bir dekabristin tarixini və mübarizəsini yazmaq niyyətində
idi. 1850-ci ildə ədib bu işə
başlamış və üç fəsil də
yazmışdı. Əsərinin ardını
düşünəndə gördü ki, öz qəhrəmanının
cavanlığını, onun 1812-ci il Vətən
müharibəsindəki iştirakını mütləq təsvir
etməli olacaq. Vətən müharibəsinin təsvirinə
qayıdanda isə rus xalqının bu məşhur qəhrəmanlıq
dastanı ədibi dərindən-dərinə
düşündürür və cəlb edir. Onu yeni mövzu çox ilhamlandırır. Ədib göstərir ki, bu əsərdə mən
"xalqın tarixini yazmaq istəmişəm".
Böyük Vətən müharibəsi dövrü,
1941 - 1945-ci illərdə Tolstoy əsərlərinə,
xüsusilə "Hərb və sülh" romanına olan
maraq daha da artmışdı. Bu maraq yalnız Tolstoyun öz Vətəni
olan Sovet İttifaqında deyil, xarici ölkələrdə də
xeyli çoxalmışdı.1942-ci ildə İngiltərənin
" Tayms " qəzetində maraqlı
bir məqalə dərc edilmişdi. Həmin məqalədə
deyilirdi:" İndi ingilis oxucularının çoxu "Hərb
və sülh" romanını yenidən oxuyur".
Tayms" abunəçilərindən biri redaksiyaya yazır
ki, o, son ildə bu əsəri beş dəfə
oxumuşdur. Xüsusilə cəbhələrdə
vəziyyət gərginləşdikcə o, daha tez-tez romana
müraciət etmişdir. O yazır ki, mən, Lev
Nikolayeviçin ölməz əsərində həmişə
təmkin və qələbəyə inam tapıram".
Lev Tolstoy gəncliyin cəmiyyətdə böyük
qüvvə olduğunu, bütün nəcib vətənpərvərlik
və yaradıcılıq hisslərinin ilk növbədə
gəncliyə xas olduğunu, onun simasında təcəssüm
etdiyini dərindən başa düşərək öz qiymətli
əsərlərində bir sıra qabaqcıl, tərəqqipərvər
gənclərin surətini yaratmışdır." Hərb və
sülh" romanının epiloqunda Tolstoyun ən məşhur
gənc qəhrəmanlarından biri Piyer Bezuxov çar
mütləqiyyətinin qanlı mürtəce siyasətini
ifşa edərək, sonsuz bir qəzəb hissi ilə
deyir:" Kimdə gənclik qüvvəsi və namus varsa, onu
məhv edirlər".
Tolstoy gənc və namuslu qüvvələri məhv edən
çarizmin əksinə olaraq, gənc nəslə
böyük ümidlər bəsləyirdi. Onun məhsuldar
pedaqoji fəaliyyəti məhz bu ümidlərlə
bağlı idi. Böyük
yazıçı xalq kütlələri içərisindən,
kəndin uşaqları arasından daha parlaq istedadlar yetişəcəyinə
inanır və sevinirdi. O, kəndli uşaqları
üçün yeni demokratik məktəb açır,insanpərvərlik hissi ilə dolu olan
xüsusi pedaqoji əsərlər yazırdı. Gənc nəslin, xalq övladlarının tərbiyəsi
Tolstoyun həyatında böyük yer tutmuşdu.Sadə və
yoxsul gənclərin qayğısını çəkərkən
Tolstoy öz xalqının, öz Vətəninin gələcəyini
düşünürdü.
Gələcəyə
gedən yol isə əlbəttə ki, erkən yaşlardan
başlayırdı.Yazıçı, gələcəyin
ümidi olan uşaqların ağıllı,təhsilli,
bilikli, dünyagörüşlü böyümələrini
arzulayır, bu məqsəd naminə əlindən gələni
əsirgəmirdi. Həyatlarını məqsəd naminə
qurmalarını bütün insanlara tövsiyyə edirdi:
"Bütün həyatın boyunca bir məqsədin olsun,
müəyyən bir zaman üçün, gün
üçün, ay üçün, il üçün, hətta
dəqiqə üçün belə, məqsədin
olsun". "İnsan öz dəyərini
ancaq çalışaraq qoruya bilər" - deyən
yazıçı, uşaqlar üçün də çox
çalışırdı. Odur ki,
yazıçının adı rus pedaqoji fikri tarixində
"Əlifba" və dörd qiraət kitabının
müəllifi kimi də məşhur idi. Qürurla
yada salmaq istəyirəm ki, ədib eyni zamanda Azərbaycanın
ədəbi - bədii, pedaqoji və fəlsəfi fikrinə
qüvvətli təsir göstərmişdi. XIX əsrin 80-90-cı illərində Azərbaycanda
milli uşaq bədii nəsri yox dərəcəsində idi,
yeni tərtibli dərsliklər, sinifdənkənar mütaliə
üçün yararlı hekayələr
yaradılmamışdı. Buna görə də Azərbaycan
məktəbləri üçün dərslik tərtib edən
A.Çernyayevski, S.Vəlibəyov, R.Əfəndiyev, M.Seyidov,
M.Qəmərlinski, A.Şaiq, M.Mahmudbəyov Tolstoyun da hekayələrindən
istifadə etmiş,ədibin dərslik tərtibi prinsiplərindən
də öyrənmişdilər.Yeni tərtib olunmuş dərsliklərdə,
" Dəbistan " və " Məktəb" uşaq məcmuələrində
Tolstoyun çoxlu hekayələri çap olunmuşdu.Yazıçının
hekayələri ayrıca kitab şəklində də
buraxılırdı.Həmin tərcümə əsərləri
milli uşaq bədii nəsrinin yaranmasına təkan verir, azərbaycanlı
uşaq nasirləri üşün nümunə olurdu.
Lev Nikolayeviç Tolstoy istər mənəviyyatda, əqidədə,
istər həyat tərzində, fəaliyyətdə, istərsə
də xalqın taleyində, cəmiyyətdə hər
şeydən əvvəl bir həqiqət, saflıq axtaran sənətkar
və mütəfəkkir idi. O, həyatın mənasını
anlamağa və dərk etməyə, insanın nə
üçün yaşadığını özü və
oxucuları üçün aydınlaşdırmağa
çalışırdı.Yaradıcılığının
hələ ilk dövrlərində onu hər şeydən
artıq düşündürən məsələ insan
şəxsiyyətinin inkişafı və kamilləşməsi
ideyası idi.Tolstoy ictimai məsələləri də bu
ideyaya tabe edir və inanırdı ki, insan şəxsiyyəti
kamilləşdikcə, ictimai bərabərsizlik və ədalətsizlik
kimi mənfur cizgilər öz-özünə aradan
qalxacaqdır.Buna görə də o, bir tərəfdən
müasir cəmiyyətin bütün nöqsanlarını
ifşa edir, " maskaları açır", digər tərəfdən
özünün müsbət ideallarını təbliğ
etməyə, mənəvi kamillik ideyalarını təcəssüm
etməyə çalışırdı. Beləliklə,
Tolstoyun simasında sanki iki adam birləşmişdi:
Bunlardan biri amansız tənqidçi, ikincisi insanları
kamilləşdirməyə gəlmiş peyğəmbər
idi.
Tolstoy cəmiyyətdəki bütün prosesləri
aydın görürdü. O,yazıçı
kimi realizmi, mütəfəkkir kimi dini təlimi ilə
mövcud quruluşun dağılmasını irəli
sürür, gec - tez bu quruluşun aradan
çıxacağını söyləyirdi. Dvoryan
dövləti öz xəfiyyələri, jandarmları,
senzurası, rəsmi dövlət kilsəsi, baş ruhani idarəsi
vasitəsilə böyük, əməlisaleh sənətkarı
addımbaşı təqib edirdi. Bununla
belə, dövlət və kilsə Tolstoydan qorxduğu qədər
heç bir yazıçıdan qorxmurdu. Çarizm
başda olmaqla, bütün rəsmi dövlət idarələri
Tolstoyun istər xalq arasında, istərsə də beynəlxalq
nüfuzu qarşısında özlərini çox zəif,
gücsüz hesab edirdilər. Çünki
Tolstoy amansız tənqidində milyonların dilindən
danışır, milyonların ürəyindən xəbər
verirdi. Buna görə də Tolstoyun istər
bədii, istərsə də dini - fəlsəfi və
publisistik əsərləri ciddi senzor müqavimətinə
rast gəlirdi. Xalqın mənafeyini
müdafiə edən hər bir sözü, fikri xalqdan gizlədilir,
böyük yazıçını xalqın gözündən
salmaq üçün tədbirlər
düşünülürdü.
1892-ci ildə
Lev Nikolayeviç Tolstoyun " Məhəbbət
haradadır, Allah da orada " və " Nə
üçün insanlar bihuş olurlar?" kitablarının
çapı qadağan olunmuşdu. Həmin
vaxtlar o, dinə deyil, məhz kilsənin amiranəlik
üslubuna, kilsə ilə hakimiyyətin əlbir olmasına
qarşı çıxırdı.Tolstoya ümumxalq nifrəti
yaratmaq üçün onun kilsəyə getməsi rəsmən
qadağan edilmiş və dua zamanı ona lənətlər
oxunurdu. Müqəddəs Sinodun - Kilsədə Ali
İdarəetmə Şurasının bu barədə verdiyi qərar
hökumət tərəfindən bəyənilmiş və
ölkənin bütün ruhani idarələrinə, kilsələrə
göndərilmişdi.Tolstoy da Sinoda cavabını
vermişdi:" Mənim özünü pravoslav adlandıran
kilsədən ayrılmağım çox ədalətlidir. Ancaq mən Tanrıya qarşı
çıxdığıma görə kilsədən
ayrılmıram, əksinə, tək buna görə
ayrılıram ki, bütün qəlbimlə Ona (Tanrıya)
xidmət eləmək istəyirəm".
Elə buna görə də millətlərin
böyük sevgisini qazanmış dahi yazıçıya
ümumxalq məhəbbəti azalmaq əvəzinə,
günü - gündən çoxalırdı. Baş Mətbuat
İdarəsinin qubernatorlara göndərdiyi gizli sərəncamda
qeyd olunurdu ki, Müqəddəs Sinodun L.N.Tolstoy haqqında qərarı
və rəsmi məktubu elan edildikdən sonra qəzetlər həmin
yazıçıya hüsn-rəğbətlərini bildirən
çoxlu yazılar və teleqramlar çap edirlər.
Tolstoyun yazıçı və mütəfəkkir kimi
mövqeyi çox böyük olduğuna görə, onun
milyonlarla sevən oxucularını heç bir sərəncamla
müəllifdən uzaqlaşdırmaq olmazdı. Artıq bu mümkün də
deyildi.Yaradıcılığının çoxsahəliliyi,
hadisələrə obyektiv münasibəti, yalnız həyat
hadisələrini, gələcək nəslə ibrət ola biləcək məsələləri qələmə
alması böyük yazıçını getdikcə məhşurlaşdırır,
dünyəvi hadisələrə təsir göstərən
yazıçı - filosof kimi onu bütün xalqlara
yaxınlaşdırırdı. Həyat
üzü görən hər bir yeni əsəri müəllifinə
diqqəti daha da çoxaldırdı. Qadağan
olunan əsərləri daha tez yayılır və müəlliflə
həmrəy olanların sayını birəbeş
artırırdı.
Onu da deyim ki, Tolstoyla həm öz
sağlığında, həm də özündən
sonrakı dövrdə görkəmli şəxsiyyətlər
tərəfindən fikir ayrılıqları yarana bilirdi. Tolstoyu dahi və
əvəzolunmaz sənətkar kimi dəyərləndirən
Mir Cəlalın yanaşmaları bəzən
yazıçının subyektiv düşüncləri ilə
üst-üstə düşmürdü. Deyirdi
ki, Tolstoy bədii yaradıcılıqda böyük cəsarət
sahibi idi. Səhv etsə də, Şekspirin əleyhinə
yazdığı məqalədə onun şöhrətini
"epidemik şöhrət" adlandırması, Balmontu
oxuyub "romantizm həqiqətin gözlərinə baxmaqdan
doğan qorxudur"- deməsi sənət haqqında tamam
orijinal fikirləri bu cəsarəti bir daha sübut edir. Tolstoy
sərbəst mühakimə və müstəqil
düşüncəni sevər, sənətdə və həyatda
müəyyən olunmuş,qayda
halını almış çox sxemaları rədd edərdi...
İnsan
amili və həyatı tərəqqipərvər,
genişürəkli, yazdıqları ilə əməlləri
vəhdət təşkil edən yazıçını bir an rahat buraxmırdı. Bu
faktları mənbələrdən araşdıranda xeyli
kövrəlmişdim.1882-ci ildə Tolstoy Moskvada əhalinin
siyahıya alınması tədbirlərində
könüllü iştirak etmişdi. İnsanın
böyüklüyünə baxın ki, bu işdə məqsədi
camaatın güzəranı ilə yaxından tanış
olmaq, yoxsulları aşkara çıxarmaq, onlara yardım
göstərmək idi. O, kasıblara kömək etmək,onları işə düzəltmək,
uşaqları məktəbə yazdırmaq, yurdsuzlara
sığınacaq düzəltmək istəyirdi. Bu problemlərlə bağlı mətbuatda və
şəhər dumasında məsələlər
qaldırırdı. Bütün bu kimi əməllərinə
görə Tolstoy sağlığında ikən ölməzlik
qazanmış, xalq haqlı olaraq ona peyğəmbər kimi
yanaşırdı.
Tolstoy mənəvi
cəhətdən olduğu kimi,fiziki cəhətdən
də sağlam bir adam idi.Ömrü boyu tək bircə dəfə
xəstələnib müalicə üçün Krıma
getmişdi. Onun duruşu, oturuşu,
davranışı, hər bir hərəkəti bu adamda
tükənməz bir həyat enerjisi, həyat eşqi
olduğunu göstərirdi. Qışın
soyuğunda bədənini buz kimi soyuq su ilə yuyurdu. Yayda saatlarla bağda - bağçada əkin və
biçinlə məşğul olurdı. Piyada gəzintiyə xüsusi həvəs göstərirdi.
Təsadüfi deyil ki, o, 60 yaşlarında
olanda üç dəfə Moskvadan Yasnaya Polyanaya piyada
getmişdi. 67 yaşında o, velosiped, xizək
sürməyi öyrənmişdi. Göldə
məharətlə üzürdü. 70
yaşında olduğu zaman ayağına konki keçirib
güzgü kimi hamar buzun üstündə sürüşürdü.
80 yaşında olduğu zaman hər gün bədən
tərbiyəsi ilə məşğul olurdu. 82 yaşında hər gün atını minib
çapır, yorulmaq bilmirdi. O,qocalığında
da gənc idi. 82 il ərzində həyatda
gördüklərini elə bil dünən
görmüşdü. Bir hadisəni
xatırlayarkən heç bir təfsilatı unutmurdu.
Tolstoyun təkcə
parlaq,eyni zamanda ülgüc kimi iti gözləri
onu görənləri heyrətə salar və bu incə
vücudda olan tükənməz mənəvi qüvvəti əks
etdirərdi. Onun gözləri
qarşısındakı adamın gözlərinə ox kimi
sancılardı. Onun belə
baxışına davam gətirmək çətin idi. İ.Turgenev xatırlayırdı ki, heç
kimTolstoyun nüfuzedici baxışı altında ürəyindəkini
gizlədib yalan danışmağa cürət etməzdi.
Maksim Qorki deyirdi ki, Lev Nikolayeviçin bir
cüt gözündə min göz var idi. Tolstoyun
dahiliyi onun gözlərindən sezilirdi.
Tolstoyun gözləri doğrudan da çox kəsərli
baxışa malik idi. İnsan qəlbinin ən dərin, ən
qaranlıq, ən sirli guşələrində onun
gördüklərini ondan qabaq görən
olmamışdı. Buna görə də
yaşadığı dövrü hamıdan geniş və
hamıdan dərin qavramaq, hamıdan yaxşı əks etdirmək
ona müəssər olmuşdu. Tolstoy da
bir də müstəsna fikir paklığı və həqiqilik
var idi. O, obyektiv həqiqəti bəzəməz, əksinə,
zahirdə zərif və nəcib görünən
adamların üzündəki maskanı açıb,
onların çirkin daxili simasını oxucuya göstərirdi.
Həqiqət nə qədər acı, nə qədər
çirkin olsa belə, Tolstoy onu açıq qəlblə
söyləməkdən çəkinməz və
qorxmazdı. Səmimilik və
mübarizlik, təhlildə obyektivlik, yalan satmamaq, fikrini
olduqca sadə və aydın söyləmək keyfiyyəti
Tolstoyun yaradıcılığına xas olan xüsusiyyətlərdən
idi.
Tolstoy Azərbaycan zəhmətkeşlərinə,
oxucularına da məhz bu simasına görə əziz idi. Tolstoy
böyük insanpərvər idi. Onun əsərlərində
insana, zəhmətkeş insana hansı millətdən olursa -
olsun, böyük bir məhəbbət var idi. Tolstoy öz əlinin qabarı, alnının təri
ilə yaşayan namuslu adamları sevir, belə adamları əsarət
altında, kölə vəziyyətində saxlamaq istəyənlərə
isə nifrət edirdi.
Tolstoy hər
şeyi açıq-aydın yazan, öz ürəyinin
sözünü gizlətməyən bir ədib idi, onun cəmiyyət
haqqında, insanlar haqqında fikirləri səmimi idi.Tolstoy
dahi bir söz ustadı kimi həyatı düzgün, təbii
və inandırıcı şəkildə əks etdirən
misilsiz bir realist sənətkar kimi milyonlarla oxucuya doğma və
əziz idi.
Dünyanın
doğma və əziz insanı ömrünün sonuna bir
neçə il qalmış Nobel
mükafatından imtina etmişdi. Rusiya Elmlər
Akademiyasının 1906-cı il
üçün ədəbiyyat üzrə Nobel
mükafatına onun namizədliyini irəli sürməsini
eşidəndə, Lev Tolstoy tanışı fin
yazıçı və tərcüməçisi Arvid
Yarnefeltə məktub göndərmişdi. Həmin məktubda
yazıçı İsveç həmkarlarından xahiş
edirdi:" Elə etməyə çalışıın ki,
mükafat mənə təqdim olunmasın. Əgər
bu baş verərsə, ondan imtina etmək mənə qətiyyən
xoş olmazdı". Bundan sonra həmin il
Mükafat italyan şairi Cozue Karduççiyə
verilmişdi.
Həyatı
boyu psixoloji təsirlər altında az əziyyət
çəkməyən Tolstoy, ömrünün son illərində
tam sakit şəraitdə qalmağa üstünlük vermək
niyyətində olur. Odur ki, şəxsi həkimi ilə bərabər,
ailəsinə bildirmədən, həyat yoldaşına
yalnız vida məktubu yazaraq, 1910-cu il
oktyabrın 27-də Yasnaya Polyananı tərk edir. Qohumuna
baş çəkəndən sonra Qafqaza getmək məqsədi
olan və Ryazan-Ural istiqamətində işləyən dəmir
yolu qatarı ilə yola düşən ədib, sətəlcəm
xəstəliyindən əziyyət çəkdiyinə
görə, oktyabrın 31- də Lipetsk vilayətinin Astanovo
stansiyasında qatardan düşməyə məcbur olur. Stansiyanın rəisi əslən Latviyadan, milliyyətcə
latış olan İvan İvanoviç Ozolin axşam saat 7-də
yazıçını evinə gətirib dərin ehtiram və
məhəbbətlə ona xidmət göstərir. Hadisədən artıq bütün dünya xəbər
tutur. Noyabrın 3-də Tolstoy gündəliyində son
qeydlərini yazır:" Nə lazımdırsa elə, qoy nə
olacaqsa, olsun".
Mir Cəlal
bu barədə yazır: "Deyirlər ölümündən
bir gün qabaq o, başını qaldırıb hamını
təəccübləndirən bir şəkildə
oturmuşdu.Yaxın adamlardan biri soruşmuşdu: "Nə
olub? Yastığınızı düzəldimmi?". Tolstoy belə cavab vermişdi: Yox! Sonra
uca səslə demişdi: "Bir şeyi yadınızda
saxlayın, dünyada Lev Tolstoydan başqa çox adam var, siz isə təkcə Tolstoya
baxırsınız"
Altı nəfər təcrübəli həkim Tolstoyun
sağlamlığı naminə gecə-gündüz
çalışsa da, dahini həyata qaytarmaq mümkün
olmur. 1910-cu il noyabrin 7-də, bəzi mənbələrə
görə 20-də, səhər saat 6:05-də Tolstoy stansiya rəisinin
evində əbədi olaraq gözlərini yumur. Böyük
oğlu Sergeyə ölümündən bir neçə saat əvvəl
yalnız bunları deyə bilir: "Seryoja... Həqiqəti...
Çox şeyi sevirəm... Mən hamını sevirəm...".
Həmin
dəqiqələrdə Astanova teleqrafı bütün
Rusiyaya, bəlkə də bütün dünyaya sanki bir
ildırım sürətilə xəbər verirdi:
"TƏCİLİ! Vəfat etdi!"
Tolstoyun
sadəliyinə və böyüklüyünə, onun əbədiyaşar
ömrünə, bəşəriyyətə nümunə
olan yaradıcılığına olduqca yüksək dəyər
verən Mir Cəlal Paşayevin rus dahisi haqqında
yazdıqlarından son sitatımı təqdim etmək istəyirəm:
"Tolstoy sənətdə dil, ifadə sadəliyini
başlıca şərtlərdən sayırdı: "Hər
kəs həqiqətə, varlığın idrakına öz
xüsusi yolu ilə gedir. Mən də yazı
ilə gedirəm. Lakin bircə onu deyə
bilərəm ki, mən sadəcə sözlə yazmıram,
bununla həm də yaşayıram. Yalnız
bununla xoşbəxtəm və bununla da öləcəyəm".
Reyhan Mirzəzadə,
publisist-politoloq
Həftə içi.- 2015.- 4
noyabr.- S.4-5.