11 yaşlı rəssam, toxucu,
bərbər…
Zeynəbxanım
Məhərrəmli: «Atam kimi
mən də zabit olmaq
istəyirəm»
Deyirlər, istedad Allah vergisidir. Bu vergi hər kəsə nəsib olan qismət payı, alınyazısı deyil. Kimisi bu vergiyə anadangəlmə sahib olur, kimisi də sonradan. Belə istedad sahiblərindən biri də Bakı şəhəri Nəsimi rayonunda yerləşən 14 saylı tam orta məktəbin 6-cı sinif şagirdi Zeynəbxanım Məhərrəmlidir. Sinif yoldaşları onu rəssam, toxucu, bərbər və aşpaz kimi tanıyırlar. Redaksiyamızın «Bacarıqlı əllər» rubrikasının qonağı olan Zeynəbxanım Məhərrəmli 3 yaşından şəkil çəkməyə başladığını deyir:
- Məndə rəssamlığa maraq kiçik yaşlarımdan oyanıb. Evimizdə olan çərçivələrdə və divar kağızlarında mənzərəli şəkillər var idi. Valideynlərim deyirlər ki, hələ körpəikən onlara saatlarla baxardım. Babam, nənəm, valideynlərim mənə rəngbərəng və cürbəcür şəkillərlə dolu jurnallar, kitablar gətirər, şəkilləri mənə göstərərdilər. Anam danışır ki, təxminən, 3 yaşım olardı. Babamın masasının üstünə qoyduğu ağ kağızlardan birini və qələmi götürüb əcaib bir şəkil çəkdim. Babam qəfil içəri girəndə qorxub stuldan düşərək, anamın yanına qaçdım. Amma babam hirslənmədi. Əksinə, yanına çağırıb, ağ vərəqləri və qələmləri mənə verdi. Səhərisi gün rəngli qələmlər və şəkil albomları alıb gətirdi. Mən də həmin vərəqlərdə və albomlarda şəkillər çəkməyə başladım».
Zeynəbxanım deyir ki, uşaqikən çox dəcəl və şıltaq olub. Hələ 4-5 yaşları olanda onu hirsləndirən xalasından intiqamını özünəməxsus şəkildə alıbmış: «Xalamın dəftərlərini gizlincə götürür, onun ağ vərəqlərinə şəkillər çəkirdim. Amma onun bunlardan xəbəri olmurdu. Səhər dərsdə dəftəri açanda şəkilləri görür və ağlayırdı».
Böyüdükcə, rəssamlıq sahəsində nəzəri biliyini və praktiki təcrübəsini artırmağa maraq göstərən Zeynəbxanım televiziya verilişlərində gördüyü mənzərələrdən bəhrələnməyə çalışır: «Əvvəllər yalnız qələmlə dəftər vərəqlərində şəkillər çəkirdim. Ancaq indi müxtəlifölçülü kağızlardan, boyalardan istifadə edirəm. Cizgi filmləri qəhrəmanlarının, tarixi əşyaların şəkillərini çəkməyi çox sevirəm. Yaşım az olsa da, rəssamlığı yaşıdlarıma nisbətən çox yaxşı bilirəm. Düşünürəm ki, özümü bu sahədə müəyyən qədər təkmilləşdirdikdən sonra sərgimi keçirim».
Zeynəbxanım toxuculuğu da bacarır. Deyir ki, nənələri, xalası, bibisi və anası bu sənəti çox yaxşı bilirlər. Ona toxuculuğun sirlərini də məhz nənəsi öyrədib: «Hələ 7 yaşımda nənəm mənə tək və cüt ilmələrlə, müxtəlif və rəngbərəng saplarla işləməyi öyrətmişdi. Corab və əlcək toxumağı, köynəklərdə və corablarda naxış vurmağı ondan öyrənmişdim. Nənəm mənə jilet və jaket toxumağı da öyrətmişdi. Hətta onunla birlikdə həmin paltarlardan da toxumuşduq. Bir ilə yaxındır, rezin saplardan, ilmələrdən və plasmas toxucu avadanlığından istifadə etməklə müxtəlif bilərziklər, üzüklər, güllər, boyunbağılar, ev heyvanları və s. toxuyuram. Bugünədək toxuduğum əl işlərimdən bəzilərini rəfiqələrimə, sinif yoldaşlarıma, məhəlləmizdə yaşayan qonşu qızlara, qohumlarıma və başqa uşaqlara hədiyyə etmişəm.
Hədiyyə bağışladığım uşaqlar arasında tanımadıqlarım da var. Onlardan bir neçəsi əlildir. Keçən ay valideynlərimdən xahiş etdim ki, rezin sap alsınlar və mən əlillər üçün əl işləri toxuyum. Onlar da aldılar. Təxminən, bir aydır, ayrı-ayrı əşyalar toxuyuram. Təxminən, 50-dək əl işim var. Qarşıdan «Əlillər günü» gəlir. Atam məni əlil uşaqlar olan evlərə və məktəblərə aparacaq. Mən də əl işlərimi əlillərə təmənnasız bağışlayacağam. Əgər imkanım olsa, gələcəkdə bu cür əl işlərimin sərgisini təşkil edəcəyəm».
Əl işlərində romantikaya və fantaziyaya üstünlük verdiyini deyən Zeynəbxanım, balaca bir oyuncağı göstərir. Deyir ki, kənardan baxanda bu oyuncağın nədən düzəldilməsi hər kəsə maraqlı gəlir: «Onu düzəltmək üçün pambıq və yun qarışığından, kapron corabdan, iki muncuqdan və sapdan istifadə etmişəm. Bu oyuncaq ilk belə işimdir. Gələcəkdə belə əl işləri də düzəltmək istəyirəm».
Həmsöhbətimiz deyir ki, o, bərbərlik sənəti ilə də yaxından maraqlanır. İnternetdəki videolardan müxtəlifformalı saç düzümlərinin hazırlanma qaydalarını yaxşı mənimsəyib: «Anamın və balaca bacımın saç düzümlərini özüm hazırlayıram. Hərdən qonşuluqda yaşayan qızlar toya getməmişdən əvvəl yanıma gəlirlər. Bərbərlik də mənim üçün maraqlı hobbidir».
Rəssamlığa, toxuculuğa, bərbərliyə böyük marağı olmasına baxmayaraq, Zeynəbxanım Məhərrəmlinin ən böyük arzusu ali təhsil almaq və zabit kimi hüquq-mühafizə orqanlarında çalışmaqdır. O deyir ki, hələ 4-5 yaşları olanda atası ona Azərbaycanın Dövlət Himnini öyrədib və onu vətənpərvər yetişdirib: «Atam zabit olduğu üçün mənə dövlətimizi, torpağımızı və insanlarımızı sevməyi öyrədib. Ona görə də atam kimi ali təhsil almaq, zabit olmaq, xalqımıza, dövlətimizə və Vətənimizə xidmət etmək istəyirəm».
Təbriz Vəfalı
Həftə içi.- 2015.- 5
noyabr.- S.8.