Mir Cəlal
yaradıcılığında
dil və üslub
xüsusiyyətləri
Azərbaycan ədəbiyyatının
görkəmli simalarından olan Mir Cəlal Paşayev Azərbaycan
ədəbi fikrinin, ədəbiyyatşünaslıq
elminin görkəmli siması, bədii əsərləri
ilə şöhrət qazanmış ölməz ədibidir.
Mir Cəlal
yarım əsrdən çox bir dövrdə bədii
yaradıcılıqla məşğul olmuşdur.
İlk öncə şeirlər yazsa da, sonradan
nəsr sahəsində məşhurlaşmışdır.
Ədəbiyyatımız onun
yaratdığı nəsr əsərləri ilə bir daha zənginləşmişdir.
Tanınmış pedaqoq və elm xadimi olan ədib klassik və müasir ədəbiyyata dair elmi əsərləri, kitabları ilə ədəbi nəslin yetişməsində öz pedaqoji fəaliyyəti ilə yüksəkixtisaslı kadrların formalaşmasında böyük rol oynamışdır. Onun ədəbiyyatımıza işıq salan “Klassiklər və müasirlər”, “Füzuli sənətkarlığı”, “Azərbaycanda ədəbi məktəblər”, “Ədəbiyyatşünaslığın əsasları” dərslikləri əvəzolunmaz zəngin materiallardır. Ədibin “Bir gəncin manifesti” romanı həyatı əks etdirmək baxımından, ən qiymətli ədəbi nümunələrdən biridir. Bu əsərdə XX əsrin əvvəllərində baş verən həyati hadisələr işıqlandırılıb. Əsərdə bir ailənin həyat tarixçəsi timsalında xalqın faciəsi təsvir edilmişdir. Sənətkar xalqın əzablarla dolu keşməkeşli yollarını, ağrı acılarını əks etdirsə də, qəhrəmanını – Mərdan və Sonanı hadisələrdən məğrur, qalib çıxarır. Sonda haqqın qalibiyyətini göstərir. Əslində, bütün bu təsvirlər xalqın qələbəyə, ağ günlərə qədər olan əzablı həyatıdır. Əsərdə nəsr nümunəsi olmasına baxmayaraq dərin lirizm, bədii təsvir vasitələri nümunələri işlənmişdir. Müasirlərinin dediyi kimi ədib nə yazırsa-yazsın, həyati, xalq dilinə canlı danışıq üslubuna, milli koloritə uyğun yazırdı.
“Bir gəncin manifesti” əsərində obrazların real, həyati təsviri həmin dövrün hadisələrini göz önündə canlandırır. Oxucu sanki qəhrəmanların yanındadır. Onlarla birgə hadisələrin acısını duyur. Müəllifin hər parçada verdiyi epiqraflar hadisələrin məzmunundan əvvəlcədən xəbər verir, oxucuda dövrün ictimai hadisələrinə maraq oyadır. L.Tolstoydan, M.Ə.Sabirdən, atalar sözlərindən ibarət epiqraflar mövzunun açılmasına yardımçı olur. Müəllif burada bədii təsvir vasitələrindən – təşbeh, metafora, metonimiya və sineqdoxalardan geniş istifadə edib. Hər bir obrazın xarakterinə uyğun məcazlar işlədərək, obrazın daxili aləmini açan müəllif müsbət və mənfi xarakterləri məhz bu cür vasitələrlə oxucuya tanıdır. Xalq dilindən qaynaqlanan Mir Cəlal yaradıcılığı bütün incəlikləri ilə milli koloritə bağlıdır. Obrazın zahiri görkəmi, dili və əməli ilə açılan daxili aləmi, hətta geyim-kecimi belə milli köklərə söykənir. “Zəhri yarılmaq”, “Gül üstündə”, “cüt”, “zəmi” və s. kimi canlı danışıq ifadələri əsərin xalq ruhundan xəbər verir. Romanda işlənən bədii təsvir vasitələri ifadələrin və hadisələrin təsir gücünü artırır. “...Əhali karvanının üzü payız havası kimi tutqun idi” , “qəzəbli baxışlar”, “ilan kimi uzun və qara bir şeyi ağzına tutub”, “əsim -əsim əsirdi. Dişi-dişini kəsirdi”, “getmək həsrəti şirin bir xəyal kimi uşağın zehnində dönüb dolaşır...” , “pişik kimi səssizcə səkiyə çıxdı”, “ ilan kimi soyuq və müdhiş vahimə”, “ürəyi bala quş kimi döyündü» və s. ifadələrdə bədii təkrarlar, təşbeh və istiarələr əsəri daha da təsirli edir. Müəllif mənfi tiplərin “quduz”, “canavar” simasını nə qədər nifrətlə bütün eybəcərliyi ilə təsvir edirsə, Sona, Mərdan, Bahar obrazlarını böyük şəfqət və məhəbbətlə yaradır. Sona Azərbaycan qadınlarının nümayəndəsi simasında sanki vətəni təmsil edir. Bütün ağrı–acılarına baxmayaraq, bu məğrur qadının milli qürur hissi hər şeydən üstündür. Mərdan isə yetişməkdə olan gəncliyin gücünü, xalqın əyilməzliyini əks edir. Bahar - hadisələrin, ictimai mühitin qurbanına çevrilən bu obraz oxucunun gözü önündən getmir. Məşəqqətlərə dözən, ürəyi qardaşına, xoş gələcəyinə qovuşmaq eşqilə döyünən Bahar günahsız qurbanların tipik nümunəsidir. Ölməz ədibin yaratdığı obrazlar, ictimai mənzərələr oxucunun yaddaşında silinməz iz qoyur.
Mir Cəlalın çoxtərəfli yaradıcılıq fəaliyyətinin hər bir sahəsi xalqımızın həyat həqiqətlərinin inikasıdır. Onun istər mənalı ömür yolu, istərsə də bədii əsərlərində qoyduğu ideyalar xalqının həyat amalı, devizidir.
Azadə Quliyeva,
33 saylı Ağdam rayon köçkün tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat
müəllimi
Həftə içi.- 2015.- 18
noyabr.- S.7.