Mir Cəlal və rus ədəbiyyatı
2015-ci il Rusiyada rəsmi
olaraq Ədəbiyyat ili elan olunub
"Məlumdur
ki, realist bədii nəsr Azərbaycanda son əsrlərdə
yaranmışdır. Bu yaranışda böyük rus ədəbiyyatı,
xüsusən rus realist nəsri həmişə
qayğıkeş müəllim olmuşdur. Bizim ədəbiyyatımızda
elə görkəmli realist nasir tapmaq çətindir ki,
keçən əsrin böyük rus ədiblərini bu və
ya başqa dərəcədə izləməsin, onları
sevməsin, onların yaradıcılığından öyrənməsin.
Bu yalnız bizim ədiblərə aid bir xüsusiyyət
deyildir. Qoqol, Tolstoy, Çexov, Qorki kimi
yazıçılardan bütün dünya ədəbiyyatında
böyük sənət ustaları kimi, bədii nəsrdə
həqiqi müəllim kimi bəhs olunur".
MİR CƏLAL PAŞAYEV
"Ötüb keçən hər
bir il daha istedadlı adamları aşkara çıxarır.
Bax, bu fərəhli haldır. Vallah, Rusiya çox
istedadlıdır".
MAKSİM QORKİ
Bəşəriyyətin
bədii təfəkkür tarixində elə dahilər
yetişmişdir ki, onlar öz xalqlarının şan və
şöhrətini artırmış, öz istedad və
dühasını bütün dünyaya təsdiq etdirmiş,
öz millətlərinin yaradıcılıq qüdrətini
hamıya bildirmişlər. Rus realizminin atası və banisi, rus milli dilinin
yaradıcısı olan Puşkin, rus ədəbiyyatının
inkişaf yolunu tam bir əsr, hətta zəmanəmizə qədər
müəyyən etmişdir. XIX əsrdə və XX əsrin
birinci yarısında yaşayıb - yaratmış olan dahi
rus yazıçılarının hamısı müəyyən
dərəcədə Puşkin əsərlərinin, onun
füsunkar və doğru sözlərinin təsiri altında
olmuşlar.
Hətta Lev Tolstoy kimi nəhəng dünya yazıçısı özünün məşhur "Anna Karenina" romanını Puşkinin əsərlərini dönə - dönə oxuduqdan sonra yazmağa ruhlandığını etiraf etmişdi. Puşkin isə özünün böyük vəzifəsini iftixarla tərənnüm edib yazmışdı:
Yayılıb səsim
tutar bu böyük Rusiyyəni,
Hər tayfa
öz dilində oxuyacaqdır məni.
Aleksandr Sergeyeviç Puşkinin yaşadığı dövrdə Rusiya ictimai - siyasi hadisələrlə zəngin idi. Oyanan rus xalqının mədəniyyət və mənəviyyatında həmin illərdə olduqca böyük dəyişikliklər meydana gəlmişdi. Bu hadisələr Rusiyanın hüdudundan kənara çıxmış, beynəlxalq aləmə də səs salmışdı. O zaman Rusiya bütün Avropaya Napoleon işğalından nicat vermişdi. 1812-ci il müharibəsi Rusiyada həmin dövrə qədər görünməmiş milli iftixar hissi oyatmış, rus vətənpərvərliyini qüvvətləndirmiş və Avropanı zülm altında inlədən Napoleon üzərində cahanşümul tarixi qələbə ilə nəticələnmişdi. Burada kiçicik bir haşiyə ilə Puşkindən az qala əsr yarım sonra, İkinci Dünya və Böyük Vətən müharibəsində keçmiş sovet ölkəsinin xalqları ilə bərabər, yenə elə Avropanın özündə yaranmış və Avropanın özünü də darmadağın etmiş alman faşizminə qarşı mübarizə və qələbədə Rusiyanın danılmaz mövqeyini yada salmaq istəyirəm. Yada salınası faktların az olmasına baxmayaraq, yenidən Puşkin dövrünə qayıdıram.
Puşkinin özü bunu aydın ifadə edərək demişdi: "Ruslar öz qanları ilə Avropa üçün azadlıq, şərəf və dinclik qazandılar". Puşkin bunu da demişdi: "Avropa Rusiya barəsində həmişə nadan olduğu qədər də nankor olmuşdur".
1812 - ci il müharibəsi Puşkinin qəlbində böyük vətənpərvərlik duyğusu, öz vətəni, onun gələcəyi üçün iftixar hissi alovlandırmışdı. Aleksandr Sergeyeviç hələ 14 yaşlı uşaq ikən böyük rus sərkərdəsi Kutuzovun vəfatını eşitdikdə, qəmli duyğuları ilə yazmşdı:
Qələbəylə,
şöhrətlə bəzənsə də həyatı,
Vətənini
ağlatdı Kutuzovun vəfatı.
Əbəs
ümid bəsləyib, əbəs sevinir cani
Zənn edir yoxdur artıq
qarşısında bir mane.
Sıralar üzərində gəzəcək
ruhu onun
Xalqın içindən
çıxan böyük vətən oğlunun.
Belə oğul verən xalq zənn
etmə ki, xar olar,
Yeni bir rəhbər çıxar,
Allah bizə yar olar.
Şair rus torpağı tarixinin bu şanlı
dövrünü öz əsərlərində dəfələrlə
tərənnüm etmişdi. O, məşhur "Yevgeni Onegin"
romanında qədim və möhtəşəm Moskvanın
simasında öz xalqının qüdrət və qüvvətini
qürur hissi ilə tərənnüm edib yazırdı:
Artıq, Pyotr qəsri
görünür, budur!
Ağaclıq içində
qaranlıq və tək
Yaxın keçmişilə
fəxr edib durur.
Bir son səadətlə nəşələnərək,
Napoleon elə zənn etdi ki, təkdir...
Önündə Moskva diz
çökəcəkdir,
Ona veriləcək Kremlin
açarı;
Xeyr! Moskvanın qəhrəmanları
Başını əymədi
onun önündə.
Ona bac vermədi mənim
Moskvam,
Onun şərəfinə qurmadı
bayram,
Yanğın hazırladı ona o
gündə!
O da fikirlərə daldı heyrətlə,
Qorxunc alovlara baxdı heybətlə.
Rus xalqının daxili düşmənlərinə
qarşı sonsuz nifrətini gizlətməyən Puşkin,
onun xarici düşmənlərini də ifşa edirdi. "Rusiyaya böhtan
atanlara" şeirində Puşkin üzünü müharibə
qızışdıran ölkələrə tutaraq deyirdi:
"Siz sözdə müdhişsiniz. Özünüzü
işdə göstərin. Ruslar qalib gəlməyi
yadırğamamışlar. Yatağında
dinc uzanan cəngavər İzmayıl uğrunda
döyüşdə qələbəyə yol
açmış süngüsünü yenidən taxa bilər.
Qəzəbdən titrəyən Kremldən
başlamış Çin səddinədək rus
torpağı polad süngülərlə parlayıb ayağa
qalxar. Əgər tarixin dərsləri sizə
bəs deyilsə, öz qudurmuş
oğullarıınızı üstümüzə göndərin.
Rusiyanın çöllərində sizə
tanış olan qəbirlər arasında onlara da yer
tapılar!"
"Rusiyanın gözləri sənə dikilmişdir. Səni sevirlər,
sənə inanırlar, səndən nümunə
götürürlər". Bu sözləri
1825-ci ildə dekabrist şair K.Rıleyev Puşkinə
yazmışdı. Bu sözlər
Puşkin sənətinin yüksək qayə və əzəmətinə
işarə idi. Dekabrist A. Bestujev 1833-cü ildə
öz dostu N. Polevoya məktubunda Puşkin haqqında
yazmışdı: "Mənim adımdan ona deyin ki, sən
Rusiyanın ümidisən". Böyük sənətkar
haqqında deyilmiş bu sözlər tarixi bir həqiqət
idi. Əgər dekabrist Bestujev Puşkini
Rusiyanın ümidi hesab etmişdisə, Puşkin isə gələcək
nəsli Rusiyanın ümidi adlandırmışdı.
Puşkin rus poeziyasının ən yaxşı milli ənənələrini
davam və inkişaf etdirməklə bərabər, bu
poeziyanı dünya səhnəsinə
çıxarmış və yeni tipli poeziya
yaratmışdı. Puşkinin poeziyası dünya
poeziyası tarixində realizmin qələbəsi idi. Real varlıqdakı, xalqın gündəlik
mübarizə və həyatındakı şairanəliyi,
gözəlliyi görmək, duymaq bacarığı
Puşkinin ən gözəl xüsusiyyətlərindən
idi. Şairin realizminə qüvvət verən
bu xüsusiyyət ən yaxşı bir ənənə kimi
rus ədəbiyyatının inkişafında böyük rol
oynamışdı. Bu cəhətinə
görə Puşkin bütün dünya
yazıçıları və şairləri içərisində
fərqlənirdi. Heç bir
yazıçı və şair öz xalqının mənəvi
saflığını, gözəlliyini Puşkin kimi məharətli
bir şəkildə təsvir edə bilməmişdi.
İnsan qəlbini, xüsusilə rus qəlbini çox
gözəl bilən, rus ruhunun sirlərinə, incəliklərinə
dərindən bələd olan Puşkin, eyni zamanda müqtədir
bir dil ustası idi. Onun dili sadə, təmiz və ifadəlidir.
O, zahiri bəzək və dəbdəbə ardınca
qaçmır, hər şeydən əvvəl, mənaya,
fikrə və həyat həqiqətinə əhəmiyyət
verirdi. Şairin müasiri olan yazıçı N.V. Qoqol
yazırdı: "Puşkinin adı çəkiləndə
dərhal fikrimizdə rus milli şairi canlanır. Onda sanki bir lüğət kimi dilimizin bütün
zənginliyi, qüvvəti və incəliyi
toplanmışdır. O, hamıdan artıq dilimizin
hüdudunu genişləndirdi, onun bütün vüsətini
göstərdi. Puşkin fövqəladə bir hadisədir və
bəlkə də rus ruhunun yeganə bir hadisəsidir: o, rus
adamının son inkişaf nəticəsidir, belə bir adam bəlkə iki yüz il sonra yarana bilər".
"Rus
şeirinin günəşi" adlandırılan Puşkin
rus xalqında tükənməz yaradıcılıq qüvvəti
olduğunu hiss etmişdi. Buna görə də
şair həmişə xalq yaradıcılığına
böyük mənəvi bir sərvət mənbəyi kimi
baxırdı. Xalq mahnılarını,
nağıllarını, atalar sözlərinin həvəslə
və diqqətlə toplayıb öyrənən şair,
buradakı xalq hikmətinə, dərin mənaya heyran olurdu.
Xalq nağıllarının hər birini
"bir poema" adlandırırdı. O, yazırdı
ki, rus dilinin xüsusiyyətlərini mükəmməl surətdə
bilmək üçün qədim mahnıları,
nağılları və sairəni öyrənmək
lazımdır.
Puşkindən sonra yetişən bütün rus sənətkarlarının,
istər şair və yazıçıların, istərsə
də bəstəkar və rəssamların əsərlərində
biz rus ədəbiyyatının ölməzdahisindən şəfəqlərgörür,
onun mövzularının yeni üsulda davamı ilə
rastlaşır, onu bu gün də müasirimiz hesab edirik. Bu gün
Rusiyada elə bir rəssam yoxdur ki, Puşkin əsərlərinə
illüstrasiyalar çəkməsin, elə bir bəstəkar
yoxdur ki, Puşkinin söz sənətini musiqi və balet dilinə
çevirməsin, elə bir şair və yazıçı
yoxdur ki, onun sənət çeşməsindən su içməsin.
Çünki Puşkin mənsub olduğu
xalqın ruhunu, mənəviyyatını formalaşdıran
elə bir sənət yaratmışdır ki, bu sənət
güzgüsündə xalq özünü, öz milli
varlığını görmüş, özünü dərk
edib tanımışdır. Belinskinin
"Yevgeni Onegin" mənzum romanını "Rus həyatının
namusu" adlandırması da məhz bununla izah olunurdu.
Puşkini yalnız rus xalqı üçün deyil,
bütün zəhmətkeş xalqlar üçün sevimli
edən hər şeydən əvvəl, onun böyük
insanpərvərliyi, dərin humanizmi idi. O, doğrudan da böyük
vətənpərvər, azadlıq və sülh sevən bir
şair idi. Rus xalqının qabaqcıl fikirlərini
ifadə edən Puşkin, hər cür sinfi və milli əsarətə,
köhnəliyə düşmən idi. O, insanları
hansı millətdən olursa-olsun, azad, rahat görmək istəyirdi.
O, başqa xalqları əzən çar mütləqiyyətinə,
onun zülmkar siyasətinə düşmən idi. Şair süngülər və dar ağacları
üzərində qurulmuş çar mütləqiyyətini
"çürümüş bənd"
adlandırırdı. "Abidə" adlı
şeirində şair öz
yaradıcılığının beynəlmiləl, demokratik
bir ruhda olmasını fəxrlə qeyd edirdi:
Mənim qəddar əsrdə nəğməm
hürriyyət oldu,
Rübabımla oyatdım incə-incə
duyğular.
İstəyim məzlumlara yalnız mərhəmət
oldu,
Onunçun da xalq məni hər zaman
əziz tutar...
Puşkin həqiqətən rus ədəbiyyatı
üçün bir günəş idi. Bu ürfan
günəşinin nuru təkcə rus xalqına və rus ədəbiyyatına
deyil, başqa xalqların mədəniyyətinə də ruh
verirdi. Azərbaycan xalqının mütərəqqi
düşüncəli övladları, ziyalı və sadə
insanları nəinki Puşkini yaxşı tanıyır, hətta
onu dərin bir məhəbbətlə sevirdilər. Sənətini və dühasını yüksək
qiymətləndirirdilər. Böyük
şairin Qafqaz haqqındakı, azərbaycanlıların
qoçaqlığı barədəki şeirlərini də
sevə-sevə oxuyurdular.
Rus ədəbiyyatını maraqla öyrənən Mirzə
Fətəli Axundov Puşkini "şairlər ordusunun
başçısı" adlandırmışdı. Təsadüfi
deyildir ki, Puşkinin ölüm xəbərinə Lermontovdan
sonra Axundov həyəcanlı bir poema ilə münasibət
bildirmişdi. "Səbuhi" nin kədərli,
eyni zamanda qəzəbli şeirləri ilə
ağsaçlı Qafqazın Puşkinə yas tutduğunu
bildirmişdi. Hadisəni sevimli
oxucularımın bir daha yaddaşında canlandırmaq istəyirəm.
Puşkinin son illərdəki ədəbi və mühərrirlik
fəaliyyəti mürtəce dairələrdə və
sarayda böyük narazılıqla qarşılanırdı. Xüsusilə
I Nikolay şairin özünü müstəqil
aparmasından, açıqfikirli sözləri və şeirləri
heç kəslə hesablaşmaq istəməməsindən
çox narazı idi. Bu narazılıq
böyük şairlə hökmdar arasındakı vəziyyətin
getdikcə kəskinləşməsinə səbəb olurdu.
Nəhayət, bu gərgin vəziyyət son həddinə
çatdı. Çarın satqın
nökərləri gizli, təhqiramiz məktublar vasitəsilə
şairi kübar məclislərində tüfeyli həyat
keçirən Dantes adlı bir gənc ilə duelə
çıxmağa məcbur etdilər. Bu
dueldə Dantes Puşkini ölümcül yaraladı.
Üç gün sonra, 1837- ci il
fevralın 10 - da Puşkin vəfat etdi.
Şairin
dörd uşağı var idi: iki oğlu, iki qızı.
Aleksandr Sergeyeviç namərd gülləsindən öləndə
onun böyük qızı Mariyanın hələ beş yaşı tamam olmamışdı,
kiçik qızı Natalya isə doqquz aylığında
idi.
Rus
yazıçısı və filosofu Aleksandr İvanoviç
Gertsenin sözləri ilə desək: "Puşkinə
açılan tapançanın səsi Lermontovun ruhunu
ayıltdı". 22 yaşlı gənc
Lermontov böyük şairin ölümü münasibətilə
yazdığı məşhur "Puşkinin
ölümünə" şeirində çarın ətrafında
toplanmış "azadlıq, şərəf və düha
cəlladlarını" qəzəb və nifrətlə lənətlədi.
Puşkinin
ölüm xəbərini eşidən Qafqaz isə o zaman
öz kədərini 25 yaşlı bayaq qeyd etdiyim kimi, gənc
Səbuhinin (Axundovun) məşhur "Şərq
poeması" ilə izhar etdi. Şairin
ölümünə həsr edilmiş poeziya nümunələri
içərisində ürək ağrısı ilə
yazılmış bu iki əsər Puşkinə olan
ümumxalq məhəbbətinin ən gözəl ifadəsi
idi. M.F. Axundovun poeması rus dilinə tərcümə
edildikdən sonra 1837-ci ilin mart ayında "Moskovski nablyudatel"
jurnalında dərc edilmiş və rus mətbuatında
"Böyük rus şairinin məzarına qoyulmuş
gözəl bir çiçək" kimi qiymətləndirilmişdi.
Əgər
nəzərə alsaq ki, Mixail Yuryeviç Lermontovun
"Puşkinin ölümünə" şeiri müəyyən
səbəblərə görə hələ o zaman mətbuata
yol tapa bilməmişdi, şeir əlyazması halında
qorxulu əsər kimi əldən-ələ gəzirdi, deməliyəm
ki, Axundovun poeması dahi rus şairinin ölümü
haqqında dərc olunan ilk əsər idi.
Xalqımızın
parlaq məfkurə sahibləri olan ziyalılarından
A.Bakıxanov, Mirzə Kazımbəy, Həsənbəy Zərdabi,
Seyid Əzim Şirvani, Nəcəfbəy Vəzirov, Abbas Səhhət,
Cəlil Məmmədquluzadə, Əbdürrəhimbəy
Haqverdiyev rus ədəbiyyyatının mütərəqqi
rolunu başa düşüb, Azərbaycan ədəbiyyatını
da bu yol ilə inkişaf etdirməyə
çalışırdılar.
Ədəbiyyatımızda və ədəbiyyatşünaslıq
elmində öz sözünü demiş və
imzasını təsdiqləmiş simalarımızdan biri də
görkəmli yazıçı, pedaqoq, filologiya elmləri
doktoru, professor, böyük insan və şəxsiyyət Mir
Cəlal Paşayevdir. Tanınmış ədibin
yaradıcılığı rus ədəbiyyatı ilə
sıx bağlı idi. Rus xalqının dahi şairi
kimi qiymət verdiyi A.S. Puşkinin 150 illik yubileyinə həsr
etdiyi "Puşkin və Azərbaycan ədəbiyyatı"
məqaləsində ("Azərbaycan gəncləri" qəzeti,
5 iyun, 1949-cu il) Mir Cəlal yazırdı: "Azərbaycanda
Mirzə Fətəli ilə başlayan yeni demokratik ədəbiyyat
böyük rus klassiklərinə, onların zəngin sənətinə
arxalanırdı... Mirzə Fətəli
Axundovdan sonra rus ədəbiyyatının böyük tərəqqipərvər
əhəmiyyətini dərk edən və o yola meyl göstərən
şairlərdən biri də Seyid Əzim Şirvanidir. Seyid Əzimin yeni ədəbiyyata doğru meylinin ən
qüvvətli nümunəsini "Puşkinə heykəl
qoyulması münasibətilə" (1880) yazdığı
şeirdə görmək olar. Həcmcə kiçik
olan bu şeirdə Seyid Əzim Puşkin şeirinin "fərasətindən,
kamillik və şirinliyindən" və şairin məclisləri
zinətləndirən şeir və nəsrindən bəhs
edir... Məlumdur ki, Seyid Əzim rus dilini və ədəbiyyatını
yaxşı bilmirdi. Buna baxmayaraq, o,
böyük rus şairinin əsərlərini,
romanlarını öyrənməyə, onlar haqqında ətraflı
məlumat almağa çalışırdı. Çünki Seyid Əzim də Puşkin yolunu yeni,
həqiqi ədəbiyyat yolu sayırdı.
Mir Cəlal Paşayev daha sonra yazır ki, yalnız mərkəzdə,
böyük şəhərlərdə deyil, Azərbaycanın
rayon mərkəzlərində də Puşkini tanıyır
və sevirdilər, onun xatirəsini əziz tuturdular. 1899-cu ildə
Puşkinin anadan olmasının 100 illik yubileyi mədəniyyət
bayramına çevrilmişdi. Ədib yazırdı:
"1899-cu ildə mayın 26-da Naxçıvanda "Məktəbi-tərbiyə"
adlı məktəbdə Puşkinin yubileyinə həsr
edilmiş xüsusi təntənəli yığıncaq
keçirilmişdi. Burada ziyalılardan, məktəblilərdən
başqa, şəhər əhalisinin başqa təbəqələri
də iştirak etmişdi. Yığıncaqda
qabaqcıl maarifpərvər müəllimlərdən
şair Məmməd Tağı Sidqi şairin həyat və
yaradıcılığı haqqında məruzə
etmişdi. Bu məruzə sonradan
"Puşkin" adı ilə kitabça halında
çap olunmuşdur".
Məqaləsində rus ədəbiyyatından,
xüsusilə Puşkin yaradıcılığından Azərbaycan
dilinə edilən tərcümələrdən bəhs edən
Mir Cəlal, Abbas Səhhətin adını önə çəkir. Yazır ki, bədii
tərcümə sahəsində çox müvəffəqiyyətlə
çalışan şair Abbas Səhhət dahi rus
şairinin əsərlərindən gözəl, orijinal tərcümələr
etmişdir. A.Səhhətin Puşkindən
etdiyi tərcümələr içərisində
("Uçqun və ya uçurum", "Qış
yolu", "Qaraçılar" (bir parça), "Suda
boğulmuş", "Gəzərəmsə" və s.)
"Qafqaz" şeirinin xüsusi əhəmiyyəti
vardır. Puşkinin bu şeiri o zamandan bəri
dərs kitablarında təkrar nəşr olunur.
Mir Cəlal
məqaləsini bu fikirlərlə bitirir: "Puşkin
özünün dahiyanə əsərlərilə
yalnıız rus xalqının deyil, Azərbaycan
xalqının da mədəniyyətinə, ədəbiyyatına
böyük xidmət etmişdir və indi də etməkdədir.
Puşkinin mədəniyyət və ədəbiyyat
adamlarının, Azərbaycan oxucularının və
bütün zəhmətkeşlərin qəlbində
doğurduğu məhəbbət, iftixar hissi təbii və
qanunidir. Puşkin böyük
qardaşımız rus xalqına olduğu qədər bizə
də doğma və əzizdir. Puşkin
bizim də iftixarımızdır".
Sevindirici
hal kimi yada salmaq istərdim ki, Mir Cəlalın dediyi kimi, bizim
də iftixarımız olan unudulmaz Puşkinin doğum
günü, yeni təqvimlə 6 iyun tarixi 2011-ci ildən etibarən
Rusiyada dövlət səviyyəsində Rus dili günü
kimi qeyd olunur. Şairin vəfatı - 10 fevral tarixi isə
ölkədə hər il Puşkinin
anım günüdür.
Tanınmış
rus tənqidçisi Vissarion Qriqoryeviç Belinski hələ
"Ədəbi düşüncələr" məqaləsindən
sonra , 1835-ci ildə yazdığı "Rus povesti və s.
Qoqolun povestləri haqqında" ikinci məşhur məqaləsində
"Xalq yazıçısı kimdir?" sualuna cavab olaraq,
yalnız N.V.Qoqolu bu böyük ada layiq görürdü. Onun povestlərinin əsasında həyat həqiqətlərinin
durduğunu, onların orijinallığını və xəlqiliyini
qeyd edirdi. Belinski Qoqolun simasında
heç kəsi təkrar etməyən son dərəcə
orijinal, realist bir yazıçı görür və onun
Rusiya üçün çox qiymətli şəxsiyyət
olduğunu göstərirdi. Daha sonra, 1842-ci ildə
Belinski yazırdı: "Qoqolun ümumiyyət tərəfindən
ləyaqətlə qiymətləndirilməsi və
anlaşılması üçün hələ çox
zaman keçəcək və çox yeni nəsillər həyat
səhnəsinə gəlib - gedəcəklər".
Görkəmli şair, yazıçı, dramaturq, tənqidçi,
publisist Nikolay Vasilyeviç Qoqolun bəşəriyyət
qarşısında xidmətləri böyükdür. O, rus ədəbiyyatının
ən böyük dühalarından, klassiklərindən
biridir. Sənət aləmində Puşkinlə
yanaşı olan böyük yazıçı, rus ədəbiyyatının
qüdrətini qat-qat artırmış, onun şöhrətini
bütün dünyaya yaymışdır.
Qoqol vətənpərvər bir yazıçı,
öz zəmanəsinin açıqfikirli adamlarının mənəvi
silahdaşı, rus xalqının həqiqi oğlu idi. Qoqol
üçün rus torpağı, Rusiya hər şeydən əziz
idi. O, deyirdi ki, ürəyimdə yalnız Rusiya, təkcə
gözəl Rusiya yaşayır...
Qoqol rus xalqının qüdrətinə, Rusiyanın məğlubedilməz
olduğuna böyük inam bəsləyirdi. Yazıçının
sənətinin gücü onun dərin realizmində idi.
Əlbəttə, bu realizm öz-özünə
təşəkkül tapmamışdı. Bu realizmi təmin edən, sənətkarın
yorulmaq bilməyən həyat müşahidələri və
malik olduğu zəngin həyat təcrübəsi idi.
Xalqın həyatı ilə dərindən, daimi və
ardıcıl surətdə tanış
olmağa can atmaq həmişə Qoqolu düşündürən
əsas vəzifələrdən biri idi. Hələ
kamil bir sənətkar olduğu zamanlarda belə, Qoqol xalq həyatı
haqqında bildikləri ilə kifayətlənmirdi. Qoqol belə hesab edirdi ki, xalqın həyatı ilə
müvəqqəti bir zaman üçün belə, əlaqəsini
kəsən yazıçı böyük sənət əsərləri
yarada bilməz. 1847-ci ildə Qoqol
tanışlarının birinə yazırdı: "Mənə
hələ çoxlu bilik toplamaq lazımdır, mənə
Rusiyanı yaxşı bilmək lazımdır... Mənim əzizim,
incəsənət böyük işdir...
Yaradıcılıq qabiliyyəti böyük qabiliyyətdir...
Bu qabiliyyətdən bir hissə də məndə var. Mən
yaxşı bilirəm ki, bu qabiliyyəti lazım olan yerə
və tələb olunan qədər işə sərf etməsəm,
xilas ola bilmərəm, rahat ola bilmərəm.
Lakin bunu da bilirəm ki, mən bu qabiliyyəti düzgün
bir yolda işlətmək üçün ancaq o zaman
özümdə qüvvət hiss edə bilərəm ki, mənim
ağlım iş haqqında tam aydınıq əldə edə
bilsin... Mənim obrazlarım canlı
çıxmaz, əgər mən onları bizim materialdan,
bizim torpaqdan qurmasam. Mən elə obrazlar yaratmalıyam
ki, bizlərdən hər kəs dərindən hiss etsin ki, bu,
onun ətindən, qanından
götürülmüşdür; ancaq belə olduğu halda
o, yuxudan ayılar, ancaq bu zaman o, başqa adam
ola bilər".
Qoqol
haqqında Mir Cəlalın yazdıqları ilə tanış olaq: ("Böyük realist" məqaləsi,
"Kommunist" qəzeti, 4 mart, 1952-ci il) "Hələ
15-16 yaşlarında məktəbli olduğum zaman həyat və
məişətdən, həqiqi ictimai münasibətlərdən,
canlı insanlardan danışan hekayələri maraqla
oxuyardım. Nədənsə o zaman bu hekayələrin
müəllifi ilə heç də maraqlanmazdım. "Şinel" hekayəsini məhz bu illərdə
(1924-1925) yazıçılıq ilə heç bir əlaqəm
olmadığı, yazmağı heç fikrimə də gətirmədiyim
zamanlar oxumuşam. Hekayənin qəhrəmanı,
ömrü boyu kağızları köçürməkdən
nəinki təngə gəlməyən, hətta bu işdən
qəribə bir həzz duyan Akaki Akakiyeviç
Başmaçkin indi də yadımdadır. O zaman bu tipi
mən qəribə, bəlkə də əyləncəli, ələsalmalı
adam kimi təsəvvür edirdim. Onun "inşallah sabah da üzünü
köçürməyə kağız tapılar" - deyə,
gecələr də keçirdiyi "həsrətə" təəccüb
edirdim.
Sonralar, məndə
yazmaq həvəsi doğandan, əlimə qələm alandan
sonra, məhz öyrənmək üçün böyük
rus ədəbiyyatının A.Puşkin, A.Çexov, M. Qorki
kimi nümayəndələrilə yanaşı, Qoqol
yaradıcılığına da müraciət edəndə,
bu hekayəni təkrar oxuyanda, gördüm ki, burada mətləb
yalnız bir kargüzarın məsələsi deyil. Yazıçı çox böyük bir məsələni-insanda
qeyri-insanilik törədən, insan ləyaqətini
alçaldan, adi adamları möhtac, ağır vəziyyətə
salan, təhqir edən bir mühiti və münasibəti, əslində
isə ictimai bir faciəni göstərmiş,
haqsızlıq, zülm və istismar dünyasını satira
atəşinə tutmuşdur".
Mir Cəlal yazıçıya böyük dəyər
verərək yazır ki, Qoqolun təsvirindəki həqiqilik,
əyanilik, tipiklik, adamları, hadisələri müstəsna
həssaslıqla müşahidə edib qələmə almaq,
hər bir epizodda böyük bir aləm canlandırmaq qüdrəti
məni heyran edirdi. Onun bədii xarakteristika üsulları
çox müxtəlif və zəngindir. Akaki
Akakiyeviç şikayət və xahiş etməyə "əhəmiyyətli
adam" axtarır. "Əhəmiyyətli
adam", vəzifə sahibi isə onu
qapısında çox gözləməyə məcbur edir.
Ona görə yox ki, məşğuldur, yox! O, çoxdan
görüşmədiyi uşaqlıq yoldaşı ilə
doyunca söhbət edib yorulmuşdur, divana söykənib
papiros çəkir, söz axtarırdı. Buna baxmayaraq,
"əhəmiyyətli adam"
Başmaçkini qəbul etmir, o, bununla yoldaşına
göstərmək istəyir ki, "gör mənim
qapımda çinovniklər nə qədər gözləməli
olurlar". Qapıda isə Başmaçkin böyük
ümid və intizarla həyəcan keçirməkdədir...
Qoqolun yaradıcılığının
inkişafında təbii ki, Puşkinin rolunu da etiraf etmək
yerinə düşərdi. Onlar 1831-ci ildə tanış
olmuşdular. Puşkin Qoqolun əvvəlki əsərlərini
oxuyub bəyəndiyini etiraf edir, yazıçıya məsləhətlər
verir, gələcəkdə onun böyük bir ədib
olduğuna inandığını bildirir, bunula da Qoqolun ruhuna
ilham, qələminə qüvvət aşılayırdı.
Məşhur "Müfəttiş" və
"Ölü canlar" əsərlərinin mövzusunu da
Qoqola Puşkin vermişdi. Rus
xalqının milli ədəbiyyatının
özülünü qoyan da bu iki parlaq sima - Puşkin və
Qoqol olmuşdu. Rus ədəbiyyatını dərindən
bilən Mir Cəlal, Belinskinin sözlərini bir daha təsdiq
edərək yazırdı: "Puşkinin şeirdə etdiyi
çevrilişi Qoqol nəsrdə etmişdir". Bu hökmü əlbəttə ki, yalnız rus ədəbiyyatı
çərçivəsində düşünməməliyik.
Çünki Rusiyada realizm ədəbi məktəbinin
yüksək mərhələyə qaldıran Puşkin,
Qoqol, Tolstoy və başqa bu kimi böyük
yazıçılar keçən əsrdə ümumən
dünya ədəbiyyatının parlaq realist nümunələrini
yaratmışlar... M.Qorki böyük rus ədəbiyyatının
ümumdünya tarixi əhəmiyyətindən
danışanda, bu ədəbiyyatda realizm və romantizmin bir
növ birləşdiyini göstərir. Bu
xüsusiyyəti Qoqol yaradıcılığında da
görürük. Onun ölməz əsərlərində
lirika ilə təhkiyə, kəskin sarkazm ilə mülayim
yumor, qəhrəmanlıq təntənəsi və romantika ilə
öldürücü satira orijinal bir surətdə
verilmişdir.
Bir tərəfdən
"Şinel", "Köhnə dünya mülkədarları",
"Müfəttiş" və sairə kimi xalis realist -
satirik planda yazılmış əsərlər, digər tərəfdən
romantik - qəhrəmanlıq planında, yüksək cəngavərlik
xüsusiyyətlərilə yazılmış "Taras
Bulba" Qoqol yaradıcılığının zənginliyinin,
çoxcəhətliliyinin, mürəkkəbliyinin, öz
doğma xalqının həyatı, taleyi ilə möhkəm
bağlı olduğunu göstərir.
XX əsr Azərbaycan ədəbi tənqidinin ən
çox diqqət yetirdiyi, yaradıcılığına dərin
maraq göstərdiyi rus yazıçılarından biri də
Lev Nikolayeviç Tolstoy idi. Rus cəmiyyətinin
misilsiz bədii təsvirini verən bu dahi söz ustasının
əsərləri, ictimai-siyasi və fəlsəfi
baxışları ən müxtəlif
yazıçıların fikrini özünə cəlb
edirdi. Tolstoy haqqında fikir söyləyənlərdən
biri də Mir Cəlal idi.
Mir Cəlalın
Tolstoy haqqındakı çoxsaylı məqalələri
özünəməxsus əhəmiyyətə malik
olduğuna görə, bu barədə bir müddət əvvəl
Tolstoyun vəfatının 105 illiyi münasibəti ilə
yazdığım "Mir Cəlal və Lev Tolstoy"
adlı məqaləni ("Həftə içi" qəzeti,
4 noyabr 2015-ci il) oxuculara təqdim etmişəm.
Ədəbiyyatşünas alim, müəllim və
yazıçı kimi Mir Cəlal rus ədəbiyyatının
görkəmli nümayəndələrindən biri Anton
Pavloviç Çexovun da yaradıcılığına diqqət
və maraqla yanaşmışdır.
İxtisasca həkim olan, dünyanın məşhur
yazıçı, dramaturqlarından biri kimi şöhrət
qazanan Çexov, 25 illik yaradıcılıq dövründə
900 - dən çox əsər yaratmışdır. Yeniyetmə
yaşlarından çətin həyat yolu keçmış
Çexovun daxili aləmində insanlıqvüqarı, ədalətlilik,
vicdan və həqiqət meyli getdikcə güclənirdi.
Bəzən ailə içərisində də
Çexovun "Yalan danışma", "Bu, düz
deyil", "İnsaflı olmalıdır" və s. sözlərini
eşitmək mümkün olurdu. Onun
yaradıcılığına xas olan əsas xüsusiyyət
namuslu insan olmaq azusu idi. Namuslu insan isə
heç bir zaman yalan, haqsızlıq və zülm ilə
razılaşa bilməz. Hələ 16 yaşında ikən
kiçik qardaşına yazdığı bir məktubda
Çexov deyirdi: "Sənin yaxşı xəttin var və
bütün məktubda bir dənə belə qrammatik səhvə
rast gəlmədim. Ancaq bir şey mənim xoşuma gəlmir:
sən nə üçün öz şəxsiyyətini
"heç olan və görkəmsiz qardaşın", -
deyə adlandırırsan? Öz heçliyini etiraf edirsən?.. Bilirsənmi heçliyini harada etiraf et? Tanrı qarşısında, bəlkə də
ağıl, gözəllik, təbiət qarşısında
etiraf et, lakin insanlar qarşısında
deyil. İnsanlar qarşısında öz ləyaqətini
etiraf etməlisən. Sən ki,
fırıldaqçı deyilsən, sən ki, namuslu adamsan?
Elə isə, namuslu adam olduğun
üçün özünə hörmət et və bunu bil
ki, namuslu adam heç demək deyildir".
Bu sözlər sonradan daha da qüvvətlənib
Çexovun həyat məramnaməsi oldu. O, artıq öz
qarşısında böyük bir məqsəd qoymuşdu:
insan özü-özünü tərbiyə etməli, öz
təbiətini pislikdən, köləlik ruhundan,
meşşanlıqdan, yalandan təmizləməli, namuslu insan
olmalı! Çexov özü üçün
istədiyini bütün həyat, cəmiyyət, bəşəriyyət
üçün arzu edirdi. Odur ki,
bütün varlığını, bütün hünər
və qabiliyyətini, bütün
yaradıcılığını meşşanlıqla
mübarizəyə həsr etdi. 1888-ci ildə
yazdığı bir məktubunda bildiirirdi: "Mən yalan və
təcavüzün hər bir növünə nifrət bəsləyirəm.
Riyakarlıq, kütbaşlıq və istibdad yalnız tacir
evlərində və həbsxanalarda deyil; bunu mən elmdə,
ədəbiyyatda, gənclik içərisində də
görürəm... Mənim üçün ən
müqəddəs şey-insan vücudu, can
sağlığı, ağıl, istedad, ilham, məhəbbət
və mütləq bir azadlıqdır, qüvvətdir,
yalandan azadolmaqdır. Əgər böyük bir sənətkar
olsaydım, tətbiq edəcəyim məramnamə bu
olardı"...
Çexovun novellası dünya və rus ədəbiyyatının
ən gözəl zinətlərindən biri sayılır. Novella aləmində
Çexov həqiqətən xarüqələr
yaratmışdır. Tolstoy Çexovu bu xüsusda
fransız ədibi Qi-de Mopassanla müqayisə edərək
yazırdı: "Fransızların üç
yazıçısı var: Stendal, Balzak, Flober, bir də
Mopassan. Lakin Çexov ondan
yaxşıdır".
"Mopassandan
yaxşı olan" Çexov haqqında Mir Cəlalın
yazdıqlarından: ("Böyük ustad" məqaləsi,
"Kommunist" qəzeti, 28 yanvar, 1960-cı il)
"Mənim Çexovdan oxuduğum və möhkəm
yadımda qalan ilk hekayələrdən biri "Vanka"
olmuşdur. Bu kiçik hekayəni oxuduğum
gün, həmin kitab, səhifələr, hətta
ayrı-ayrı cümlələr belə yadmdadır. O
zaman mən Vanka Jukovun, böyük bir həsrət və azu
ilə babasına məktub yazan yazıq uşağın həyatını
oxuyub çox mütəəssir olmuşam. Gəncliyimin
ilk illərində mənə "Vanka" qədər təsir
bağışlayan ikinci bir hekayə xatırlamıram,
heç vaxt güman etməzdim ki, balaca bir hekayədə
insan taleyini belə dürüst və təsirli vermək,
oxucunu bu qədər heyran qoymaq mümkün olar. Vanka nə
qədər məhrum, kimsəsiz, ümidsiz bir uşaqdır!
Onun acı həyatı bizi yandırır, qəlbimizin
bütün riqqətli tellərini dilləndirir, köhnə
dünyaya qəzəbimizi coşdurur..."
Çexov özünə qarşı son dərəcə
tələbkar bir sənətkar idi. Antoşa Çexonte
imzası ilə nəşr etdrdiyi kiçik parlaq əsərlərinə
qarşı son dərəcə tənqidi yanaşardı.
O, əvvəlki əsərlərini bəyənməyərək,
"Çexonte çox şey yaza bilərdi, fəqət,
Çexovun buna haqqı yoxdur" - deyərdi.
Çexovun yaradıcılığı rus həyatının
əzəmətli bir simfoniysı idi. Yazıçı
ayrı-ayrı insanların deyil, bütün xalqın,
bütün Rusiyanın səadətini arzulayırdı.
Onun istedadının əzəmətli qüvvəsi
bunda idi ki, o, heç bir zaman heç bir şeyi uydurmaz,
dünyada olmayan şeyi təsvir etməzdi.
Yazıçı "6 nömrəli palata"nı 1892 - ci ildə yazmşdı.
Yazıçının bir-birinin ardınca ərsəyə
gəlmiş "Naməlum şəxsin hekayəsi",
"Mənim həyatım","Kəndlilər",
"Qılaflı adam", "İonıç", "Dərədə",
"Gəlin", "Cansıxıcı hadisə " və
s. kimi əsərləri dünyanın müxtəlif dillərinə
tərcümə olunmuşdur.
Mir Cəlal
deyirdi ki, Çexovu milyon - milllyon oxuculara, o cümlədən
Azərbaycan oxucularına sevdirən hər şeydən əvvəl
onun sadə insanların taleyinə həssas, səmimi və
dost münasibəti, köhnə dünyanın
acınacaqlı, ibrətli mənzərələrini canlı
və əyani surətdə ifadə etməsidir. "Biz Çexovun nəsrindəki bu qüdrətindən
daim öyrənməliyik. Böyük rus ədibinin bir
və ya bir neçə hekayəsində deyil, onun ümumən
yaradıcılıq istiqamətində, yazı manerasında,
həyata münasibətində, gülüşündə,
bir sözlə, realizmində Azərbaycanın klassik nasirləri
ilə səsləşən, həmahəng olan cəhətlər
çoxdur", - deyə Mir Cəlal bildirirdi.
Çexov Qafqaza dəfələrlə ziyarət
etmiş, Azərbaycana da gəlmişdi. Qafqaza ilk səyahəti
onda dərin izlər qoymuşdu. O, bu barədə
şair Pleşşeyeve yazırdı: "Qafqaz mənə o
qədər yeni və çox ciddi təsir
bağışlamışdır ki, bütün
gördüklərim indi mənə yuxu kimi gəlir".
Çexov Qafqazdan aldığı təəssürat
haqqında daha sonra bir daha etiraf edirdi: "Mənə elə
gəlir ki, mən bütün dünyanı gəzmişəm".
Bu ilin yanvarın 29-da bir çox ölkə və şəhərlərdə
dünya xalqlarının, o cümlədən Azərbaycan
xalqının sevimlisi olan A.P. Çexovun anadan
olmasının 155 illiyi təntənə ilə qeyd olundu. Bir hadisəni də yada
salmağı özümə borc bilirəm: Böyük rus ədibinin
adı xalqımız üçün bir də ona görə
əzizdir ki, Böyük Vətən müharibəsi
dövründə Azərbaycanda yaradlmış və əksəriyyəti
azərbaycanlılardan ibarət olan məşhur 416-cı
diviziyasının döyüşçüləri Ordunun
başqa hərbçiləri ilə birlikdə 1943-cü il
avqustun 30-da Çexovun Vətənini - Taqanroq şəhərini
alman faşist işğalçılarından qəhrəmanlıqla
azad etmiş, buna görə də diviziyaya Taqanroq
atıcı diviziyası adı verilmişdi.
Mir Cəlalın rus yazıçı və şairlərinin
yaradıcılığına həsr etdiyi çoxsaylı məqalələri
onun zəngin rus ədəbiyyatı tarixinə dərindən
bələd olduğu, bu barədə xeyli əsaslı tədqiqatlar
apardığınıgöstərir. Unudulmaz
yazıçımızın nəsillərə yadigar qalan və
sevə-sevə bəhs etdiyi növbəti rus ədibi Maksim
Qorkidir.
Maksim Qorki Azərbaycan xalqının ən çox
sevdiyi rus yazıçılarındandır. Azərbaycan,
Azərbaycan xalqı, xüsusilə Bakı şəhəri
Qorkinin həmişə diqqətini özünə cəlb
etmişdi. Ədib Bakıya ilk dəfə 1892-ci ildə
24 yaşında ikən, ikinci dəfə 1897-ci ildə gəlmiş,
Azərbaycan zəhmətkeşlərinin həyatı ilə
yaxından tanış olmuşdu.
Yazıçı eyni zamanda Azərbaycan xalqının
şifahi ədəbiyyatı, xalqın içindən
çıxmış qəhrəmanların həyatı ilə
dərindən maraqlanmış, Qaçaq Nəbi və
Qaçaq Kərəm haqqında məlumat toplamış, bu
məlumatları rus dilinə tərcümə etmiş və
hazırladığı kitabçada nəşr
etdirmişdi.
Qorki Bakıya üçüncü dəfə 1928-ci
ildə oğlu ilə birlikdə gəlmişdi. Bu dəfə
o, Bakıda cəmisi üç gün qalmışdı.
Bu müddətdə ədib neft mədənlərinə,
bir sıra zavodlara, Mərdəkana getmiş, alimlər,
yazıçılar, ictimai xadimlərlə
görüşmüşdü.
Qorki Bakıya şəhərimizi gördüyü ilk
gündən bağlanmışdı. Xalq şairi Səməd
Vurğun Qorkinin Bakiya bəslədiyi məhəbbəti xatirələrinin
birində belə təsvir edirdi: "...Arada bir o məndən
Bakını soruşdu. Mən ona Bakının
bu son illərdə nə qədər dəyişdiyindən,
gözəlliyindən danışdığım zaman onun
arıq üzündə təbəssümlər oynayır,
gözləri gülür və "Çox gözəl!"-
deyirdi. O, bizim Bakını çoxsevirdi".
("Ədəbiyyat" qəzeti, 30 mart, 1938-ci il.)
Qorki həmin
vaxtlar təzə yaranmaqda olan Dağüstü parkdan Bakı
gecələrini təsvir edərək deyirdi: "Gecə mən
Bakıya dağ üzərindən baxırdım. Burada nəbatat bağı salmaq ehtimalı
vardır. Buradan baxarkən şəhərdə,
mədənlərdə, gecə işin davam etdiyi Bibiheybətdə
işıqların çoxluğu və gözəlliyi məni
heyrətə salmışdı. Gecələr
Vezuvi dağından baxdıqda, Neapol çox gözəl
görünür. Bu qədim şəhərdə
və onun limanında yanan işıqlar körfəzin
sularına əks edərək, zəngin bir rəng
oynağı əmələ gətirir. O gecəyədək
mən bundan gözəl mənzərə təsəvvür
etmirdim. Lakin Bakı daha zəngin, daha bol
işıqlandırılır. Neapol
körfəzində olduğu kimi, burada da sahilin minlərlə
işığı Xəzərin qara güzgüsündə
əks edir".
Sonuncu dəfə Bakıya gəldiyi zaman Qorkinin sevinc və
fərəhinin səbəbi burada tamamilə yeni bir aləmlə,
əvvəl gördüklərindən xeyli seçilən
yeni bir həyatla qarşılaşması idi. Yazıçı sonralar
çıxışlarının birində bu barədə
demişdi: "Mən artıq çoxları ilə söhbət
etmişəm, çoxlarını görmüşəm,
çoxlarına diqqət yetirmişəm. Bu,
başqa xalqdır. Bu, o xalq deyildir... O, istədiyi hər
şeyi yaratmalıdır və bunu o bacarır, bunu o edəcək
də". ("Pravda" qəzeti, 29 may, 1928-ci il).
1928-ci ildə
Bakıda olduğu zaman Qorkinin Azərbaycan xalqını
"qədim istedadlı xalq" adlandırması
("Bakinskiy raboçiy" qəzeti, 22 iyul, 1928-ci il) onun
mütəmadi müşahidələri və qənaətləri
ilə bağlı idi.
Azərbaycan xalqı Qorki kimi böyük bir insana,
böyük bir yazıçıya biganə qala bilməzdi. Xalqın
sevgisini qələmləri ilə yaddaşlara
köçürən yazıçılarımıza Allah qəni-qəni
rəhmət eləsin ki, onlar bu məhəbbəti mədəni
tariximizin səhifələrində əbədi olaraq
yaşatdılar. Mir Cəlal Paşayev
kimi.
Mir Cəlala görə, Maksim Qorki ölməz, əbədi
yaşayan, qəlblərə nüfuz edən dahi bir ədib,
yeni mədəniyyətin böyük ustası idi. Böyük ədib bədii
yaradıcılığa böyük ictimai-siyasi iş, böyük mədəniyyət işi,
xalq işi kimi baxırdı. "Yazıçı insan qəlbinin
mühəndisidir! "Bu sözləri Qorki hər
zaman iftixarla təkrar edirdi.
Qorkinin həyat yolu son dərəcə çətin və
mürəkkəb olmuşdur. O, bədii ədəbiyyata məktəb,
institut skamyalarından deyil, kənardan, təsadüfdən-təsadüfə
əlinə düşən kitablardan, rus xalqının rəngarəng
və zəngin folklorundan aldlığı qüvvətli bədii
təsirlə gəlmişdir. Qorkinin ilk müəllimi
xalq ədəbiyyatı olmuşdur. Məhz
buna görə də bu ədəbiyyatın təsir qüvvəsini
bir yazıçı kimi öz təcrübəsində
sınaqdan keçirən ədib, folklorun yazılı ədəbiyyatın
inkişafında tutduğu mövqeyi əsaslı və
inandırıcı misallarla izah edə bilmişdir.
Mir Cəlalın Qorki haqqıda biri-birindən dəyərli
və maraqlı xeyli məqalələri vardır. Lakin
yazıçının təkcə 1968 - ci ildə rus ədibinin
100 illik yubileyi münasibəti ilə qələmə
aldığı "Bədii söz ustalarının
böyük müəllimi" məqaləsi
qalın-qalın kitabların mahiyyətinə bərabərdir.
Həmin
məqalədə Mir Cəlal yazır: "Mən realist ədəbiyyatın,
zəhmət adamlarına, onların ağır həyat , məişətinə dair əsərlərin
məftunu kimi, hələ ilk gənclik illərindən
böyük ədibin əsərlərinə müraciət
edirdim. "Uşaq", "Ana",
"Çelkaş", "İnsanın
doğulması" kimi sırf realist, canlı həyat
lövhələri verən hekayələri dönə -
dönə oxuyur, hər dəfə onların sətir və
epizodlarında parlaq ictimai mənzərələr
görürdüm. Görürdüm ki, bu
yazılar yalnız ayıq təxəyyül və iti təsəvvürün
məhsulu olmaqdan başqa, canlı həyat lövhələrini
şəxsən yaşamış həssas bir qəlbin həyəcanlı
çırpıntılarıdır.
Maksim Qorkinin əsərlərində sadə insanın nə
qədər qürur, nə qədər qüdrət və
vüsətlə təsvir olunması məni heyran etməkdən
başqa, məndə iftixar hissi doğururdu. Mən
görür, dərk etməyə başlayırdım ki,
dünyanın bu əzəmətli kaşanələrini,
ecazkar şəhər, kənd mənzərələrini
yaradanlar məhz sıravi, sadə insanlardır.
Mir Cəlal daha sonra qeyd edir ki, XX əsrdə xalq
içində Maksim Qorki qədər oxunan, sevilən, məşhur
olan ikinci bir yazıçı təsəvvür etmək
çətindir. Adamlar Qorkinin əsərlərindən qüvvət, mətanət,
böyük gələcək uğrunda mübarizə
ilhamı alırdılar və alırlar... "Böyük ədibin
əsərləri oxucuda həmişə ruh yüksəkliyi,
həyat, mübarizə eşqi və həvəsi, gələcəyə
doğru bir çırpınış oyatmışdır. "İnsanlar və həyat haqqında elə
yazmaq lazımdır ki, hər söz mahnı kimi səslənsin
və işıq saçsın! Ədəbiyyatın işi
daha çox enerji oyatmaqdır! "Bu, böyük söz
ustasının yazıçılara verdiyi sadəcə məsləhət
deyil, möhkəm inam və etiqad idi...
Elə bu möhkəm inam və etiqadın nəticəsiydi
ki, "M. Qorki eyni zamanda alovlu bir publisist, yeni dünya, yeni həyat,
yeni mədəniyyət uğrunda yorulmaz bir
döyüşçü idi. O, ömrünün axırına qədər
faşizmə qarşı mübarizənin bayraqdarlarından
idi. O, faşizmi "məhv edilməli olan vəhşi
heyvan" adlandırırdı. O, hələ 30-cu illərin əvvəllərində
"faşist canavarlar"ın milyonlarla ən sağlam
adamları mənasız qırğına, əsrlər boyu
yaranmış mədəniyyət abidələrini məhv
etməyə hazırlaşdıqlarını görür və
bunu uca, nüfuzlu səsilə bütün dünyaya elan
edirdi", - deyə, Mir Cəlal Paşayev yazırdı.
Mir Cəlalın
obyektiv yanaşmasına görə, M. Qorkinin gənc
yazıçılarla nə qədər ciddi işləməsi,
onlara müəllim, usta köməyi, verdiyi məsləhətlər,
onları gündəlik qayğı ilə yetişdirməsi ədəbiyyat
tarixində nadir nümunədir. M. Qorki işinin
çoxluğuna, mühüm ictimai dövlət vəzifələrinə
baxmayaraq, qocalığına, səhhətinin pozulmasına
baxmayaraq, gənc yazıçıların əlyazmalarına
ən həssas, ən diqqətli bir müəllim kimi baxır,
ən sıravi müəlliflərin ümidverən
yazılarını şəxsən düzəldir, çapa
verir, müəlliflərə məktub yazır, bəzən
onları yanına çağırıb məsləhətlər
verirdi.
Qorkinin "Əgər çörək bişirən xəmiri
pis yoğurur, xəmirə zibil və
çör-çöp düşməyə imkan verirsə,
o, bu çörəyi yeyənlərə hörmət etmir. Eləcə də
pis əsər yazan yazıçı oxuculara hörmət
etmir" kimi fikrini məqaləsində əks etdirən Mir Cəlal
bildirir ki, yazıçı işlərkən eyni zamanda
işi sözə, sözü işə çevirir. Yəni sənətkar ictimai
varlığımızı doğru - düzgün, canlı və
parlaq əks etdirməklə, eyni zamanda bu varlıqda fəal
iştirak edir, quruculuq işi görür. Ədəbiyyatşünas
alim davam edir:
"Qorki təsvirində zahiri təntənə, dəbdəbə,
təmtəraq yox, insan həyatı, mənəviyyatının
daxili, mənəvi gücü ilk plana çəkilir,
qabarıq verilir".
"Qorkinin əsərlərini diqqətlə nəzərdən
keçirəndə möhkəm inanırsan ki, ədəbiyyat
doğrudan da insanşünaslıqdır, həyat dərsliyidir,
böyük bir məfkurə silahıdır! Böyük ədibin əsərləri
bir neçə nəslin tərbiyə edilib kamilləşməsində
dərin təsir göstərdiyi kimi, bir çox əsrlər
boyu təravətini saxlayan həyat dərsliyi olaraq
qalacaqdır", - deyə Mir Cəlal müəllim məqaləsinin
son fikirlərində bildirir.
Ədəbiyyat
üzrə beynəlxalq Nobel mükafatı laureatı,
görkəmli ictimai və dövlət xadimi, keçmiş
SSRİ Elmlər Akademiyasının həqiqi üzvü
Mixail Aleksandroviç Şoloxov 1905-ci ildə Don vilayətindəki Veşenski
stanitsasının (kazaklar yaşayan kənd) Krujilina xutorunda
anadan olmuşdur. Yazıçının
anası Anastasiya Danilovna təhkimçi kəndli qızı
olmuş, ata - anasını tez itirmiş, 12 yaşında ərə
gedənə kimi bir mülkədar qadının
qulluqçusu olmusdur. Şoloxovun anasını
yaxşı tanıyan A. S.Serafimoviçin dediklərinə
görə, Anastasiya Danilovna tamam savadsız olsa da, canlı,
obrazlı nitqə malik, anadangəlmə istedadlı, qabiliyyətli
bir qadın idi. Bəlkə də böyük sənətkara
bu irs anasından keçmişdi.
Yeddi
yaşında ikən kənd müəllimi Timofey Mrıxindən
evdə dərs alan, öz fərasəti,
bacarığı, istedadı ilə müəllimini heyran
qoyan Mixail, cəmi üç aya birinci sinfin proqramını
mənimsəmişdi. 1914-1918-ci illərdə
müxtəlif gimnaziyalarda oxuyan Mixail Aleksandroviç
böyük həvəslə rus və dünya klassik
yazıçılarının əsərlərini mütaliə
edir, tarix və ədəbiyyat dərslərinə xüsusi həvəs
göstərirdi.
1923-cü
il sentyabrın 19-da "Yunoşeskaya
pravda" qəzetində "İmtahan" adlı
maraqlı bir felyeton çıxmışdı. Felyetonun axırında "M. Şolox" imzası
qoyulmuşdu. Bu tarixdən etibarən ədəbiyyat
və mətbuat aləmində yeni bir şəxsiyyət, yeni
bir soyad meydana çıxmışdı. Bu, Şoloxov idi.
Mir Cəlal özü istedadı və zəhməti,
yaratdığı əsərləri, kitabları ilə
böyük xalq məhəbbəti, oxucu sevgisi qazanmış
nüfuzlu qələm sahibi idi. Pedaqoqluq fəaliyəti ilə bərabər,
zəngin təcrübəsinə istinadən haqlı olaraq
yazırdı ki, ("Ədəbiyyat" qəzeti, 1955-ci il, 21 may) yazıçı üçün qəlbləri
fəth etməkdən, oxucu kütlələrinin məhəbbətini
qazanmaqdan, ümumxalq şöhrətinə nail olmaqdan
böyük hünər və səadət yoxdur. Bunun
ardınca, Mir Cəlal müəllim Mixail Aleksandroviç
Şoloxovu belə səadətə nail olan ədiblərdən
biri, zəmanəmizin böyük yazıçısı kimi
təqdim edir:
"1923-cü
ildə, hələ 18 yaşında mətbuatda
çıxış edən, 20 yaşında isə "Don
hekayələri" adlı ilk kitabını nəşr
etdirən M.Şoloxovun ədəbiyyata gəlişi
mühüm bir hadisə olmuşdur.
Şoloxovun ilk hekayələri böyük bir sənətkarın
dərin bədii təfəkkürə malik olduğunu
göstərirdi. Kitabın müqəddiməsində
göstərildiyi kimi, Şoloxovun yaratdığı xarakerlərin
hərəsinin öz siması, öz ləhcəsi, öz
gülüşü, duruşu, baxışı, hərəkəti,
özünəməxsus sevgisi, nifrəti ilk baxışda
oxucunu cəlb edir. Həyat həqiqətinə
sədaqəti, mövzularının aktuallığı,
dilinin əlvanlığı, müşahidəsinin zənginliyi,
incə bədii zövqü, qələm qüdrəti,
yüksək sənət məharəti Şoloxovu ilk gündən
rus ədəbiyyatının ən qabaq cərgələrinə
gətirmişdir. "Gənc qartal kimi qanad
açıb gələn " bu istedad
haqqında ədəbi mühitdə hələ o zaman sevinclə
danışırdılar".
Doğrudan da Mixail Şoloxov heç kimə bənzəmir. Əsərlərini
oxumağa başlayan kimi blirsən ki, bu, Şoloxovun qələmindən
çıxıb. Koloritli dil ilə sadə
yazmaq, dərin psixoloji təhlil ilə yanaşı, lirik ricətlərə
vurğunluq, kütləvi səhnələrə xüsusi
rövnəq verib xalqın əzəmətini epik lövhələrdə
göstərmək, nəsrdə şairanəlik Şoloxova məxsus
keyfiyyətlərdir.
Rusiyanın
məhsuldar torpağı, əvəzsiz gözəlliyi,
çalışqan və fədakar əmək adamları
olan Rostov vilayəti Mixail Şoloxovun əsərlərində
o qədər təbii, o qədər canlı təsvir olunub
ki, insanlar o qədər coşqun ilhamla qələmə
alınıb ki, bu əsərləri oxuyan, sanki
yazıçının qəhrəmanları ilə bərabər
yaşayır və duyur, görür və
düşünür.
"Don hekayələri" ndən sonra Şoloxov
"Sakit don" romanının birinci və ikinci
kitablarını yazdı. Böyük və gərgin
əmək, bədii və psixoloji axtarışlar nəticəsində
o, 1933-cü ildə romanın üçüncü,
1940-cı ildə isə dördüncü kitabını
yaratdı. 1932-ci ildə
"Oyanmış torpaq" romanının birinci hissəsini
tamamladı. Bu əsərlər 23
yaşlı Şoloxova ümumdünya şöhrəti, sənət
şöhrəti qazandırdı. 27 il
sonra keçmiş hadisələri bir daha bədii təfəkkür
süzgəcindən keçirən sənətkar,
"Oyanmış torpağ"ın ikinci kitabını
tamamladı.
"Sakit don" keçmiş sovet dövründə
kazakların yeni həyat uğrunda apardıqları mübarizədən
bəhs edən ilk roman idi. Əsər təkcə bir ailənin,
bir şəxsin apardığı mübarizənin bədii təsdiqi
olmayıb, qədim Don torpağında
aparılan azadlıq mübarizələrinin obrazlı
tarixidir.
1929-cu ildə
"Sakit don" ilk dəfə alman dilinə tərcümə
olunandan sonra, yazıçı və dramaturq Frans Karl Vayskopf
"Sola dönüş" jurnalında yazırdı:
"Sakit Don" öz konsepsiyasının
böyüklüyünə, öz həyatının rəngarəngliyinə,
öz formasının səmimiliyinə görə Lev
Tolstoyun "Hərb və Sülh" ünü
xatırladır".
Bu barədə
Mir Cəlal Paşayevin yanaşmaları da olduqca
maraqlıdır: "Bu romanı haqlı olaraq kazaklar həyatının
epopeyası adlandırırlar. Burada xalq həyat
və məişəti, siniflər mübarizəsi geniş, ətraflı
və qabarıq bir şəkildə, yüksək bədii
formada göstərilmişdir ki, oxucu heç bir zaman bu
lövhələri unutmur. Romanın
baş qəhrəmanı güclü, cəsur, zəngin
insani ehtiraslar sahibi Qriqori Melexovdur. Melexovun
taleyi bütün əsər boyu təsvirin mərkəzində
durur. Melexovun faciəsi ondan ibarətdir ki,
xalqından, onun taleyindən və ideallarından ayrı
düşmüşdür. Uzun tərəddüdlər,
mənəvi iztirablar çəkən, "çöldə
boran kimi" dolaşan Melexov, vətəndaş müharibəsi
cəbhələrində gah bu tərəfə, gah o tərəfə
keçir. Heç bir arzu və məqsəd
üzərində möhkəm dayana, qüvvələrini bu
yolda axıracan sərf edə bilmir. İradə,
mərdlik, cəsarət, döyüş məharəti və
bu kimi təbii, insani qabiliyyətləri onun xeyrinə sərf
olunmur, ona nicat verə bilmir. Bitib-tükənməyən
şübhələr və tərəddüdlərindən
sonra o, nəhayət, düşmən cəbhəsinə
keçir, mənsub olduğu, içərisindən
çıxdığı xalqa xəyanət edir və bunun nəticəsində
də həyatda özünə yer tapa bilmir. Öz günahlarına görə məsuliyyətə
çəkiləcəyindən qorxaraq, axırıncı
düşmən dəstələrindən birinə
qoşulur, böyük ictimai hərəkat dövründə
olsa da, tək qalır, şəxsi faciə keçirir.
Romanda əhvalat Don kazaklarının 10
illik həyatını (1912-1922) əhatə edir. Ancaq bu on il məzmun etibarilə bütün
dünyada olduğu kimi, burada da əsrlərə bərabərdir".
Şoloxovun
öz sevimli əsəri haqqında təəssüflə
yazdığı isə bu olur: "Sakit Don"u 15 ilə
yazmışam, buna heyfsilənmirəm, yalnız romanı 20
ilə yazmamağıma çox heyfsilənirəm".
Romanın
taleyi uzun illərin sınağından keçsə də,
xoşbəxt əsər kimi tarixin ikiqat yaddaşına həkk
olundu: "Sakit Don" qüdrətinə görə 1965-ci
ildə Şoloxova Nobel mükafatı qazandırdı.
Rusiyada
Ədəbiyyat ili elan olunmuş 2015 - ci il
zəngin ədəbi hadisələri ilə bitməyə
doğru istiqamətlənib. Ədəbiyyat
ilinin biri-birindən maraqlı və dəyərli tədbirləri
arasında mayın 24-də Mixail Şoloxovun 110 illik yubileyinin
keçirilməsi olub. Həmin Şoloxovun
ki, dünyanın parlaq zəkaları
yaradıcılığına böyük dəyər
veribdir.
Azərbaycanda da belə nurlu zəkalar vardı. Mir Cəlal
belə zəkalardan həm də onunla fərqlənirdi ki, ailə
üzvləri arasında onun qədər rus ədəbiyyatı
və rus dili mütəxəssisləri yetişən ikinci
yazıçı və alim ailəsi yox idi.
O,
bütün rus yazıçı və şairlərinin
yaradıcılığına bütün incəliklərinə
qədər dəyər verirdi. Şoloxov da
onlardan biri idi. Oxucuların diqqətini nəinki onun irihəcmli
əsərlərinə, hətta hekayələrinə də
cəlb edib "Bədii nəsrimiz yeni mərhələdə"
məqaləsində "Şoloxovun" İnsanın
taleyi" hekayəsinin cazibəsi və
üstünlüyü hər şeydən əvvəl, həyat
həqiqətini dürüst, qabarıq əks etdirməsində
deyilmi? - deyə sual verirdi.
Mir Cəlal digər yazılarında Şoloxovu Qorki ənələrinin
davamçısı kimi qiymətləndirirdi. Qorkininsə bu kəlmələri
yadımdan heç bir zaman çıxmayacaq: "Həyat
uzundur-yaxşı da, yaman da olacaq, hər bir şey olacaq! Ana Rusiya böyük ölkədir. Bu ölkədə
istedadlar olacaq, bu ölkədə saf, dərin, ürəklər
var! Yaxşı şeyin yalnız çox
olduğuna deyil, daha çox olacağına inanaq".
Reyhan Mirzəzadə
Publisist-politoloq
Həftə içi.- 2015.- 20
noyabr.- S.4-5.