Dilimizi qoruyaq
Bütün mənəvi dəyərlərimizə
olduğu kimi, Azərbaycan
dilinə də dövlət qayğısı ölkəmizdə
mühüm amil çevrilmişdir. Respublikamızda dilə
qayğı həmişə yüksək səviyyədədir.
Müstəqillik tariximizdə dilimizin
özəlləşməsi naminə, bir
çox qərar qəbul edilib.
Ulu öndərimiz Heydər Əliyevin dil haqqında fərmanları buna
parlaq sübutdur. Azərbaycan dilinin tətbiqi və
inkişaf etdirilməsinə xüsusi önəm yetirən Ümummilli
Lider Ana Dilimizi – Azərbaycan dilini
özümüzə qaytardı. 1995-ci ildə Azərbaycan
Respublikasının Konstitusiyası hazırlanarkən dövlət
dilinin necə adlandırılması ilə
bağlı müxtəlif təkliflər olundu.
Böyük əksəriyyət Ana Dilimizin Azərbaycan dili adlandırılması təklifini dəstəklədi.
1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının Dövlət Dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra Ana Dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi. Bir-birinin ardınca fərmanlar imzalandı, qanunlar qəbul edildi.
Ulu öndər Heydər Əliyev Azərbaycan dilinin qorunmasına və inkişafına xüsusi diqqət yetirmişdir. 2001-ci ilin iyunun 18-də dahi lider “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Tarixi əhəmiyyət kəsb edən bu sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynadı. Fərmanda Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması da nəzərdə tutulurdu.
2001-ci il avqustun 9-da Azərbaycan Prezidenti yeni fərman – “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” mühüm bir sənəd imzaladı. Həmin fərmanda deyilir: “On ilə yaxın bir müddətdə latın qrafikası Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust ayında bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq qərara alıram:
“Hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilsin”.
1991-ci ildə latın qrafikalı Azərbaycan əlifbası qəbul olunsa da, bu qərar kağız üzərində qalmışdı. Yalnız Ümummilli Liderimiz Heydər Əliyevin fərmanından sonra Ana Dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə başlanıldı. Məhz bundan sonra respublikada bütün yazılı sənədləşmələr latın qrafikası ilə aparıldı. Ulu öndərin siyasi irsinin layiqli davamçısı İlham Əliyev cənablarının sərəncam və çıxışları dilimizə qayğının növbəti nümunəsidir. Prezidentimiz cənab İlham Əliyevin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamları da öz ictimai-tarixi roluna görə, mühüm əhəmiyyət kəsb edir. Həmin fərmanlara uyğun olaraq, 2004-cü ildə Azərbaycan dilində latın qrafikası ilə əsərlərin çapı geniş oxucu kütləsinin artan marağını təmin etmişdir. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2012-ci il tarixli sərəncamı böyük tarixi əhəmiyyətə malikdir. Bu fərman bizi dilimizi qorumaq üçün daha əzmlə fəaliyyətə sövq edir. Son günlərdə AMEA-nın 70 illik yubileyində İlham Əliyevin çıxışı bizi dilimiz barədə daha dərindən düşünməyə sövq edir.
Dil haqqında cəmiyyətin mütərəqqi fikirli şəxsiyyətləri həmişə narahat olub. Dahi klassiklərimiz Nəsimi, Füzuli, Şah İsmayıl Xətai, M.F.Axundzadə, F.Köçərli, N.Nərimanov və başqaları daima ana dili haqqında düşünüb, mühakimələr söyləmiş, bir sözlə, dili qorumaq üçün bütöv fəaliyyət nümunəsi göstərmişlər. Bu gün cəmiyyətimizdə hər bir şəxs dili qorumağa çalışmalıdır. Dilimizi yad təsirlərdən qorumaqla yanaşı, dilin daxili imkanlarının genişliyindən də layiqincə yararlanmalıyıq. "Mənəvi diriliyimiz" olan dilimiz babalardan qalan böyük sərvətimizdir. Bu sahədə müəllimlərin, xüsusən, dil və ədəbiyyat müəllimlərinin üzərinə çox iş düşür. Şagirdlərin şifahi və yazılı vərdişlərini düzgün formalaşdırmaq biz müəllimlərin başlıca vəzifəsidir. Hər bir şəxsdə orfoqrafik və orfoepik bacarıq məhz orta məktəbdən formalaşır. Biz şagirdləri bədii ədəbiyyatı – klassik irsimizi dərindən öyrənməyə yönəltməli, onlarda müasir ədəbiyyatımıza marağı və tənqidi yanaşmağı formalaşdırmalıyıq. Şagirdlərin ədəbiyyatımızı təkcə internet səhifələrindən deyil, kitablardan oxuyub izləmələrini təşkil etməliyik. Bədii ədəbiyyat həyat həqiqətlərini öyrətməklə yanaşı, şagirdlərin dil və nitq vərdişlərinin də formalaşmasına imkan açır. Bədii ədəbiyyatı çox oxuyan şagirdin dil qabiliyyəti, nitq vərdişi və yazı mədəniyyəti mükəmməl olur. Bu baxımdan, müəllim öz şifahi nitqini tələblər səviyyəsində qurmalı, nitq mədəniyyəti və bacarığı ilə şagirdlərə örnək olmalıdır. İnternet səhifələrində, bəzi mətbuat nümunələrində sözlərin təhrifi, səhv yazılması da ədəbi dili korlaya bilər. Ölməz sənətkarlarımız dilimizin korlanmasından həmişə narahat olub, bunun qarşısını almağa çalışıblar. Dahi Füzuli dili səhv yazıları ilə korlayan şəxslər üçün belə deyirdi:
Qələm olsun əli ol katibi-bədtəhririn
Ki fəsadü-rəqəmi sözümüzü şur
eylər,
Gah bir hərf süqutilə qılar nadiri nar
Gah bir nöqtə qüsurilə
gözü kur eylər.
Elə son dövrlərdə
də sənətkarlarımızı
dil mövzusu həmişə düşündürüb. Bu baxımdan M.Ə.Sabirin şeir nümunələrinin,
C.Məmmədquluzadənin “Anamın kitabı” əsərinin və məqalələrinin, B.Vahabzadənin
şeirlərinin əhəmiyyətini
qeyd edə bilərik. Ölməz
şairimiz X.R.Ulutürk
dilimizin qüdrətindən
bəhs edərək deyirdi:
Bu dildədir min abidə, yüz abidə
Xilafəti parçalayan Babəkimin
qəzəbi də…
…Öz dilini sən qala bil
Qərbə, Şərqə işıq
salan
Füzulini sən qala bil…
Şair Tofiq bayram isə
haqlı olaraq “Mən nankor deyirəm, naqis deyirəm öz ana dilini bilməyənlərə”
demişdir. Nitq vərdişlərinə mətbuatın, xüsusən
də televiziyanın təsiri böyükdür.
Çoxsaylı telekanallarda nümayiş
olunan verilişlərdə
aparıcıların dilinin
bütövlükdə cəmiyyətin
dilinə təsiri böyükdür. Odur ki, bütün telejurnalistlər,
veriliş aparıcıları
öz nitqlərinə
məsuliyyətlə yanaşmalıdır.
Axı onlara milyonlar baxır. Lakin etiraf etməliyik
ki, müasir dövrümüzdə buna
heç də layiqincə əməl edilmir. Bəzi teleaparıcıların dilində "əlinizi, işlərinizə, fikirləriniz"
kimi ifadələrin
"əlivizi, işlərivizə,
fikirləriviz" kimi
ifadə edilməsi kimi səhv səsləndirilməsini buna
nümunə göstərmək
olar. Heç bir şivə,
ləhcə xüsusiyyətlərini
ədəbi dilə gətirmək düzgün
deyil. Ucadan və sürətli
nitq, səsin yersiz olaraq alçalıb-yüksəlməsi,
yersiz pauzalar, süni gülüşlər,
digər mimika və jestləri buna əlavə etmək olar. Bəzən hətta ciddi verilişlərdə də
qeyri-ciddi faktların səsləndirilməsi bu
qəbildəndir. Azərbaycan televiziyasının
çoxillik təcrübəsindən
nümunə götürməklə,
müasir teleaparıcılar
nitqlərini ədəbi
dil normalarına uyğunlaşdırmalı, dilimizin
gözəlliyinin qorunmasını
özlərinə borc
bilməlidirlər. Aydın
Qaradağlı, Rafiq Hüseynov, Ofeliya Sənani, Roza Tağıyeva, Həqiqət
Əsgərzadə, Gülşən
Əkbərova, Nailə
Uluxanova, Davud Əhmədov, Sabir Ələsgərov və bunlarla yanaşı, bir çox müasir diktorların nitqi təqdirəlayiqdir. Məşhur aktyorlar Leyla Bədirbəyli, Nəcibə Məlikova, Ətayə Əliyeva, Yusif Vəliyev, Mehdi Məmmədov, Rasim Balayev, Amaliya Pənahova, Ədalət Məmmədov,
Eldəniz Rəsulov və onlarca başqalarının gözəl,
səlist nitqləri də çoxsaylı tamaşaçı və
dinləyicilər üçün
həmişə nümunə
olmuşdur. Müasir
teleaparıcılar onların nitq
bacarıqlarından bəhrələnsələr,
milyonların ürəyincə olar.
Ən gözəl nitq nümunələri və natiqlik məharəti ilə böyük siyasi xadim, xalqımızın dahi oğlu, ulu öndərimiz Heydər Əliyev həmişə gənclərə örnək olmuşdur. Onun nitqi xalq dili və ədəbi dilimizin bütün incəliklərini özündə əks etdirir. Öz hərtərəfli məzmunu, ifadə xüsusiyyətləri ilə bu nitq əsl natiqlik məktəbidir. Ulu öndər söz və ifadələrin biçiminə hər söz və ifadənin yerində işlənilməsinə diqqətlə yanaşırdı. Gözəl nitq bacarığı, dolğun məntiqi mühakimələr, hər bir cümləsinin aforizmə çevrilməsi ulu öndərin parlaq dühasının təzahürüdür. O, nədən danışırsa, danışsın, fərqi yoxdur, nitqi həmişə gözəl və aydın olub. Cəmiyyətimizin hər bir üzvü öz nitqinin gözəlliyinə çalışmaqla dili qorumaq uğrunda öz töhfəsini verə bilər. Biz çalışmalıyıq ki, dilimizi yad təsirlərdən, yersiz əcnəbi ifadələrdən, vulqar və varvar ünsürlərdən qoruyaq. Ədəbi dilimizin gözəlliyi, ifadə gücü, qüdrəti danılmazdır. Lakin bu gözəlliyi qorumaq, daima yeniləşən, dəyişən dünyamızda dilimizin saflığını mühafizə etmək ən ümdə vəzifəmizdir.
Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Ulu öndərin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz Ana Dilimi sox sevir və bu dildə danışmağımla fəxr edirəm” müdrik kəlamı ana dilimizə olan məhəbbət və hər bir soydaşımız üçün örnəkdir.
Azadə Quliyeva,
33 saylı Ağdam rayon köçkün tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat
müəllimi
Həftə içi .-2015.- 21-23
noyabr.- S.7.