«Çörəyimiz dəmirdən
çıxır»
Əvəz Fərzəliyev:
«Dəmirçilik sənəti zaman
keçdikcə tənəzzülə uğrayacaq»
11 yaşından
dəmirçiliklə məşğul olan
Əvəz Fərzəliyev və onun ailəsi
haqqında çox şey
eşitmişdim. Atası, ağdamlı dəmirçi
Şirin kişini tək
Ağdam rayonunda və
Qarabağ zonasında deyil,
onun hüdudlarından kənarda da çox yaxşı
tanıyırlar. Orta məktəb illərindən
ürəkdən bağlandığı bu
sənətini çox sevən Əvəz
Fərzəliyev qəzetimizin «Bacarıqlı əllər»
rubrikasına sevimli peşəsi, onun çətinlikləri və digər məsələlər
barədə danışır:
– Dəmirçilik sənəti atam Şirin kişidən qalma peşədir. Atam ömrünün sonuna kimi sevimli peşəsi ilə məşğul olaraq ailəmizi halal zəhməti ilə dolandırıb. O, böyük qardaşıma və mənə də bu peşəni öyrədib. Böyük qardaşım da hazırda dəmirçidir. Mən bu sənətin sirlərinə erkən yaşlarımdan bələd olmağa başlamışam. Hələ 5-ci və 6-cı siniflərdə oxuduğum illərdə atamın sexinə hər gün gedir, həm köməklik edir, həm də dəmirçiliyi öyrənirdim. Dərsdən sonrakı asudə vaxtımı, şənbə və bazar günlərimi atamın yanında keçirərdim. Mənə çox maraqlı gəlirdi. Dəmirçiliyi öyrənməyə çox böyük həvəsim var idi. 1986-cı ildə keçmiş SSRİ ordusunda hərbi xidmətə gedənə qədər atamın yanında dəmirçiliyin sirlərinə tam vaqif oldum. Atamın müştəriləri çox olduğu üçün sifarişlər də həddən artıq çox idi. Mənə verilən fərdi sifarişlər də olurdu. Düzəltdiyim əl işlərimin bəzilərini satır, bəzilərini də pay verirdim.
Keçmiş SSRİ dövründə hər hansı peşəyə yiyələnən şəxslərin böyük əksəriyyəti hərbi xidmətdə olarkən onlara öz sənətlərini davam etdirmək üçün şərait yaradılıb. 1986-1988-ci illərdə Qazaxıstanda əsgər olan Əvəz Fərzəliyevin dəmirçilik bacarığından da hərbi hissədə istifadə edilib: «Əl işlərimə böyük tələbat var idi. Dəmir vedrələr, vannalar, gül qabları və dibçəkləri düzəldirdim. Zəhmətkeşliyimə və peşəkarlığıma görə dəfələrlə hərbi hissənin komandanlığı tərəfindən təşəkkürlərə layiq görüldüm».
«Qohumlarım əl
işlərimi satıb
ailəsinə
çörəkpulu aparırdılar»
Hərbi xidmət dövrünü bitirdikdən sonra, Ağdama qayıdan Əvəz Fərzəliyev dəmirçilik sənətinə qayıtmağı qərara alıb və sevimli peşəsini atasının sexində davam etdirib: «Həmin vaxtlarda Ağdamda Məişət Xidməti Evi fəaliyyət göstərirdi. Peşəkar dəmirçi olduğum üçün məni qurumun planlı işçisi götürdülər. O dövrlərdə həm vətəndaşlardan, həm də dövlət tərəfindən xeyli sifariş alırdım. Dövlət sifarişləri arasında məktəblər və uşaq bağçaları üçün odun peçlərinin düzəldilməsi daha çox üstünlük təşkil edirdi. Bəzən elə olurdu ki, məktəblər üçün 100 peç düzəldərək təhvil verirdim. Dövlət planını ödədikdən sonra, vətəndaşların sifarişlərini yerinə yetirirdim. Düzəltdiyim əl işlərimin müəyyən hissəsi Tərtər, Bərdə və Ağcabədi rayonlarında da satışa çıxarılırdı. Bir sözlə, maddi vəziyyətimiz yaxşı idi. Əhalinin tələbatını ödəyə bilirdik. Ancaq sonradan Qarabağ müharibəsinin başlanması bizi çox ağır duruma, çıxılmaz vəziyyətə saldı. Ağdam rayonunun bəzi əraziləri işğal edildi. Əhali pərən-pərən düşdü. Təbii ki, bütün bunlar işimizi çox ağırlaşdırdı. Çünki həm dövlət, həm də vətəndaşlar tərəfindən verilən sifarişlər xeyli azaldı. 1993-cü ildə Ağdam şəhəri işğal ediləndə doğma ata-baba yurdumuzdan didərgin düşdük və ailəmlə birlikdə Bərdə rayonundakı Meşəçilik İnstitutunun ərazisində məskunlaşdıq».
Usta deyir ki, məcburi köçkünlüyün ilk illərində yaşadıqları və gördükləri onun həyatının ən ağır anları olub: «Məskunlaşdığım ərazidə dəmirçiliklə məşğul olmaq üçün şərait yaratdım. Əhalinin tələbatları olan şeyləri, ən çox da odun peçi, su səhəngi və boru düzəldir, bazara aparıb satırdım. Ağdam şəhərindəki yaxın qohumlarım işsiz olduqları üçün onların ailələrinin maddi vəziyyətləri çox ağır idi. Ona görə də düzəltdiyim əl işlərimdən yeznəmə, xalamoğluna, əmimə və digər qohumlarıma verirdim. Onlar əl işlərimin satışından əldə etdikləri gəlirlərlə ailələrini dolandırırdılar. Çox şükürlər olsun ki, sənətimlə həm öz ailəm, həm də bir neçə məcburi köçkün ailəsi maddi çətinliklərdən qurtuldu, dolanışıqları babatlaşdı».
«Övladlarımın
sənətimi
davam etdirməsini istəmirəm»
2000-ci ildə Bakı şəhərinə gələn Əvəz Fəzəliyev Səbail rayonunun Badamdar qəsəbəsində məskunlaşıb və dəmirçilik sənəti ilə məşğul olmağa başlayıb: «Bir neçə ildir, burada işləyirəm. Qohumlarım da, ailəm də atamın bizə miras qoyub-getdiyi sənətin davamçısı olmaqla, çörəkpulu qazanırıq. Bir sözlə, çörəyimiz dəmirdən çıxır. Burada daha çox sifariş əsasında əl işləri düzəldirəm. Daha çox tüstü boruları, boru dirsəkləri, evlərin üstünə qoymaq üçün su qazanları, mənzillər və evlər üçün su çənləri və sair düzəldirəm».
Bir qızı və iki oğlu olduğunu deyən Əvəz Fərzəliyev övladlarının sənətinin davamçısı olmasını istəmir. Böyük oğlu Hərbi Akademiyanın ikinci kurs tələbəsi, sonbeşik oğlu isə 8-ci sinif şagirdidir: «Böyük oğlu öz yolunu seçib. O, hərbçi olmaq istəyir. Kiçik oğlum isə hələ şagirddir. O, gələcəkdə hansı sənəti seçəcəyi ilə bağlı konkret qərar verməyib. Onun sənətimi davam etdirməsini istəmirəm. Çünki son zamanlar texnika və texnologiya o qədər inkişaf edib ki, dəmirçilik sənətinin bəzi nümunələri Çin və Türkiyədən gətirilmiş elektron qurğular və aparatlarla hazır edilir. Yəni orada əl əməyinə ehtiyac qalmır. Bu səbəbdən də Bakı şəhərində sifariş qəbul etmək çox çətinləşib. Biz yalnız sözügedən aparat və qurğuların düzəldə bilməyəcəyi əşyaları hazır edirik. Sifarişlərin azlığı isə maddi vəziyyətimizə mənfi təsir göstərir. Ona görə də əvvəllər yanımda şəyird olanlar, dəmirçilik sənətini öyrənənlər çox olsa da, indi yanıma gələnlər yoxdur. Bütün bunlar da o deməkdir ki, dəmirçilik sənəti zaman keçdikcə tənəzzülə uğrayacaq».
Təbriz Vəfalı
Həftə içi.- 2015.- 24
noyabr.- S.8.