“Vertolyotun “qara qutusu”nu
Adil Ağayevə verdim”
...20 noyabr 1991-ci il
– Azərbaycanın müstəqilliyinin ikinci ayının
ikinci günündə ölkəyə rəhbərlik etmiş
siyasi elita nümayəndələrinin və ziyalıların
həlak olması ilə nəticələnmiş 20 Noyabr
vertolyot faciəsinin 24-cü ildönümünü də
yaşadıq. Ancaq yenə də nə qəzanın dəqiq
səbəblərini öyrənə bildik, nə də onun
baiskar və icraçılarını müəyyən edib
layiqli cəzalarını verdik. İstintaq orqanları olay
yerinin düşmən işğalı altında olduğunu əsas
gətirərək, bütün araşdırmaları
dayandırıb. Buna rəğmən, son 24 il
ərzində ayrı-ayrı yazar və jurnalistlər
mümkün vasitələrlə bu müdhiş faciəni
araşdırmaqda, qaranlıq məqamlara az da olsa, işıq
salmaq ümidi ilə hadisə şahidlərini
axtarıb-taparaq sorğu-suala tutmaqda davam edirlər.
“Həftə
içi”qəzeti və hafta.az bu dəfə həmin
vurulmuş vertolyotu bilavasitə hadisə yerində öz
gözləri ilə görmüş Respublika
Prokurorluğunun keçmiş rəhbər işçilərindən
biri ilə birgə, bəlkə də, Azərbaycanın
taleyini dəyişmiş bu terror aktının
detallarını “Dəyirman”ın “çarxları”
arasından keçirdi...
4 mart
1991-ci il tarixdə 20 Noyabr şəhidlərindən biri,
müstəqil Azərbaycan Respublikasının ilk Baş prokuroru
İsmət Qayıbovun imzaladığı əmrlə
Dağlıq Qarabağ Muxtar Vilayətinin Baş prokurorunun
müavini və Vahid İstintaq Əməliyyat Qrupunun rəhbəri
təyin edilmiş ədliyyə müşaviri Məbud
Hüseynov vertolyot faciəsi barədə bugünədək
deyilməmiş bəzi məqamları açıqladı...
– Məbud müəllim, siz 20 Noyabr
faciəsindən bir gün öncə, şəhid dövlət
katibi Tofiq İsmayılovun rəhbərliyi ilə Ağdamda
keçirilmiş müşavirədə iştirak
etmişdinizmi?
– Xeyr. Səbəbini sizə izah edim. Noyabrın 16-da Bakıya ezamiyyətə gəlmişdim. Səhər tezdən iş dalınca getməyə hazırlaşırdım. Birdən rəhmətlik İsmət müəllim zəng etdi ki, təcili bura gəl. Məlum oldu ki, mənim köməkçim Şükür Rzayevi Xankəndidə girov götürdüklərindən, Baş prokurorla birgə ora getməliyik. Təyyarə ilə təcili Yevlağa, oradan da Xankəndinə gəldik. Vəziyyəti araşdırdıqdan sonra, “BTR”lə Şuşaya getdim. Noyabrın 18-də İsmət müəllim məni yenə çağırdı Xankəndinə. Oradan isə Ağdama yola düşdük. Yolda birdən yadıma düşdü və İsmət müəllimə dedim ki, “Şuşa türməsinin kuratoru mənəm, orada siyahı üzrə bəzi adamları buraxmaq lazımdır. Mən olmasam, bunu heç kəs edə bilməyəcək”. Rəhmətlik razılaşdı və dedi ki, yaxşı sən qayıt.
Mən yarıyoldan Şuşaya
qayıtdım. Həmin müşavirədə olan söhbətləri
orada iştirak edən əməkdaşlarımızdan dəqiq
öyrəndim. Bəzi şayiələr yayılır ki,
guya, Tamerlan Qarayev bilirdi qəza olacağını, ona görə
vertolyota minməyib və s. Məsələ bundadır ki,
dövlət nümayəndələrinin Xocavəndə
gedişi tam təsadüf üzündən olub. Noyabrın
18-də ermənilər Xocavənddən azərbaycanlıları
qırğınla qovub-çıxarmışdılar. Oradan
çıxan qadın-uşaqlar üzləri-gözləri
qanlı gəlib yığışıblar Ağdamda
müşavirə keçirilən binanın
qarşısına. Tofiq İsmayılov Dağlıq
Qarabağın komendantı general Jinkinə həmin
adamları göstərərək, onu məsuliyyətsizlikdə,
vəzifə borcunu yerinə yetirməməkdə təqsirləndirib.
O da deyib ki, bu, təxribatdır. Tofiq müəllim daha da hiddətlənib
ki, bu, necə təxrubat ola bilər? Bu boyda yaralı,
üzü-gözü qanlı qadın-uşağı
gözün görmür? Onda Jinkin deyib ki, gedək hadisə
yerinə baxaq. Tofiq İsmayılov da deyib ki, yaxşı, gedək.
Hələ mənə verilən məlumata görə,
Tamerlan Qarayev İsmət Qayıbovun qolundan yapışıb
ki, sən getmə, onlar tez gedib-qayıdacaqlar...
“Mİ-8”in başqa vertolyot
tərəfindən vurulması ehtimalı var”
– Siz vertolyotun vurulmasını istisna
edirsiz?
–
Xeyr.Vertolyotun vurulduğuna əminəm. Ancaq
orada mənim üçün də qaranlıq qalan,
açıqlaya bilmədiyim məqamlar var. Bircə həqiqətə
yaxın belə ehtimal olduğunu bilirəm ki, vertolyot
yuxarıdan vurulub. Yəni başqa vertolyot
tərəfindən. Bizim əməkdaşlar
vertolyotun vurulmasının şahidi olmuş azərbaycanlı
çobanla söhbət etmişdilər. Təəssüf
ki, çobanın və onu dindirmiş müstəntiqin
adını-soyadını unutmuşam. Çoban
vertolyot düşən yerdən hava xətti ilə 600 m məsafədə
olub. Vertolyot təpənin üzərində
vurulub. Mən öz əməkdaşlarımla
birgə hadisə yerini addım-addım araşdırdım.
Biz müəyyən etdik ki, vertolyot vurulduqdan
sonra, təpədən aralıdakı pöhrəliyə
düşsə də, pəri fırlanmaqla ləngər
vura-vura 200 metrədək irəli gedib. Orada
yerə dəyən təkərlərin, pərin, quyruğun
izləri qalmışdı. Sonda hava gəmisinin
qarşı tərəfi yerə bərk
çırpıldığından, salonda olan adamların
hamısı pilot kabinəsınə tərəf
sıxılmışdı. Nəticədə,
hava gəmisinin sol pəncərəsi yarılmış və
bir neçə nəfər yerə
düşmüşdü.
“Vertolyot yerə düşəndən
sonra,
bir nəfər salamat qalıbmış...”
Ekspertizanın nəticələrinə görə,
vertolyot yerə düşəndən sonra, bircə nəfər
qısa müddət salamat qalıb. Bu, Qazaxıstandan gələn
bir polkovnik olub. Araşdırmamıza
görə, zərbədən sonra ilk yerə düşən
dövlət katibi Tofiq İsmayılov olub. O, yerə
düşən anda vertolyotun pəri hələ işlədiyindən,
onun baş və boyun hissəsini kəsib. Və
onu vertolyotdan, təxminən, 8 metr aralı, şimal tərəfə
tullayıb. Odur ki, vertolyot yansa da, Tofiq
müəllimin cəsədi yanmamışdı. Yalnız onun meyiti salamat qalmışdı. İkinci düşən Baş prokuror İsmət
Qayıbov olub. Ancaq o, yaxına
düşdüyündən, cəsədi yansa da, sir-sifətinin
quruluşundan tanınırdı. Bundan əlavə,
Şuşanın icra başçısı Vaqif Cəfərov,
DQMV-nin prokuroru Plavski, işıqçı Arif Hüseynzadə
və b. meyitləri tanındı. İkinci
gün, Ağdamda meyitlərin üzərindəki müəyyən
əşyalarla, zabit “jetonu” deyilən hərbi tanıtma vasitəsi,
tapança, ciblərindəki seyfin açarı ilə qalan
cəsədlərin kimliklərini müəyyən etdik.
“Ermənilər vertolyotun yanına gəliblər
və...”
– Vertolyot
düşəndən sonra ermənilərin ora gəlməsi
barədə nə bilirsiniz?
– Vertolyot
yanmağa başlayandan, təxminən, yarım saat sonra
“QAZ-51” markalı yük maşını ilə erməni
quldurları gəliblər. Həmin vaxt
artıq alov sönübmüş. Düşüb
ora-bura baxıb, çıxıb-gediblər. Biz həmin maşının izlərini də qeyd
etmişdik.
–
Bildiyimizə görə, həmin çoban hadisə yerinə
ağ “Niva”nın da
yaxınlaşdığını görüb...
– Bəli,
mən unutmuşdum, ağ “Niva” da gəlibmiş.
Ancaq çobanın dediyinə görə,
heç bir şey götürməyiblər.
– Həlak
olanların üzərindəki silahlar
tapılmışdı?
– Bildiyimə
görə, hamısı tapılmışdı. İsmət Qayıbovun “Steçkin”
tapançasının qoburunun yanmamış
qırığını da tapdıq. Silahların
çoxu yanmışdı. Biz külləri
qaldırdıqca, onların qırıqlarını
tapırdıq. Pistoletlərinl sandığındakı
güllələr yanıb-partlamışdı...
Vertolyotun üzərində
güllə izləri tapılıbmı?
– 72 bort
nömrəli “Mi-8”in yanmamış hissələri üzərində
güllə izləri tapdınızmı?
– Xeyr, mən
vertolyotun tapdığımız hissələrinin, o cümlədən,
alt hissəsinin üzərində güllə izlərinə
rast gəlmədim.
– Amma o
zaman Respublika Prokurorluğu Baş İstintaq İdarəsinin
rəisi A.Ağayev ANS-ə müsahibəsində deyib ki,
vertolyotun içərisində bir neçə güllə
izi tapdıq. Bunlar da göstərirdi ki, “Mİ-8”i idarə edən
pilotu kimsə avtomatla vurub, o da idarəetməni itirdiyindən,
hava gəmisi yerə çırpılıb...
– Bunu dəqiq
bilmirəm, ancaq inkar da etmirəm. Onu bilirəm
ki, hərbi vertolyotların alt hissəsi zirehli olduğundan,
ondan adi avtomat gülləsi keçə bilməz. Pilotu
o halda yuxarıdan vura bilərdilər...
“Mİ-8”in bortunda
atışma olubmu?
– Belə
bir versiya da var ki, vertolyotun içərisində atışma
olub. İçəridəki ruslardan, yaxud ekipaj üzvlərindən
biri silah gücünə pilotu vertolyotu aşağı endirməyə
vadar edib və sonra onu aşağıda yerdəki ermənilərlə
birgə yandırıb aradan çıxıblar...
– Bu, tam
yalandır.
“Qara qutu”nu mənim Malik adlı
sürücüm tapdı və...”
–
Vertolyotun “qara qutu”sunu gördünüzmü?
– Bəli.
Elə qutunu biz tapdıq. Xeyli
vaxt küllərin arasını axtardıqdan sonra, təxminən,
saat 11-12 radələrində sürücüm Malik “qara
qutu”nu tapdı. Və onu mənim göstərişimlə
əsgər “buşlat”ına büküb,
bizim “BTR”ə qoydu. Malik hal-hazırda Xətai
polisində çalışır. Bu
faktı təsdiqləyə bilər. Bir az
sonra Adil Ağayev yaxınlaşdı ki, bəs “qara qutu”
yoxdur, bəlkə sənin məlumatın var? Dedim: “Qara
qutu”nu biz tapıb gizlətmişik. Ehtiyat edirəm
ki, o, başqalarının əlinə keçər. Onu etibarlı əllərə vermək istəyirik”.
Adil müəllim dedi ki, cinayət işini biz
aparacağıq, ona görə də qutu bizdə
olmalıdır. Bu səbəbdən, mən “qara
qutu”nu Adil Ağayevə verdim. Sonra məlumat
aldım ki, “qara qutu”nu əvvəlcə Ağdamda Gəncədən
laboratoriyaya gətirib “oxumaq” istəyiblər. Ancaq bu, mümkün olmayıb. Ona
görə də onu möhürləyib, bizim mütəxəssislərin
iştirakı ilə Moskvaya göndəriblər. Orada
da açıb-“oxumağa” cəhd ediblər, ancaq
görüblər ki, yanıb...
– Sizcə,
vertolyotun yanma yerində temperatur neçə dərəcə
olub?
– Bildiyimə
görə, alüminiumun ərimə temperaturunu götürsək,
600-700 dərəcəyədək olub. Təsəvvür
edin, vertolyot o dərəcədə yanmışdı ki,
insan sümükləri ilə alüminium ərintiləri
bir-birinə qarışmışdı...
“Pilot dispetçerə deyib ki, mən
heç nə görmürəm”
– Məbud
müəllim, bəzi məlumatlara görə, “Mi-8-72”nin
“qara qutu”su o zaman Gəncədə yerləşən vertolyot
təmiri zavodunda “oxuna” bilərmiş. İkincisi,
bu özüyazan qurğu, azı, 1100 (bəzi mənbələrdə
3800 – müəllif) dərəcəyədək temperatura və
ikitonluq zərbəyə davam gətirə bilər.
Alüminiumun ərimə temperaturu isə, dediyiniz kimi, təxminən,
660 dərəcədir...
–
Düzdür, mən o sahədə mütəxəssis deyiləm,
amma özüyazan qurğu 3 800 dərəcəyədək
heç cür davam gətirə bilməz, o yalandır. Və onun deformasiyaya uğraması üçün
yüksək temperaturdan əlavə ağır zərbələr
də rol oynaya bilər.
Mən o
vaxt bir təsdiqlənməmiş məlumat da aldım:
aeroportdakı dispetçer, guya, eşidib ki, vertolyotun pilotu
rusca “Mən heç nə görmürəm”, – deyib...
“Qara qutu” niyə Moskvaya
göndərilib?
– Digər
informasiyalara görə, “Mi-8 -72”nin “qara qutu”sunun Moskvaya
göndərilməsi Qarabağdakı Rusiya hərbi
qarnizonunun prokuroru, anası erməni olan İ.Lazutkinin yalan
informasiyaları və təkidi sayəsində baş verib. Siz Lazutkini tanıyırdınızmı? Və hadisə yerində
görmüşdünüzmü?
– Mən Xankəndidə olanda Lazutkini tanıyrdım. Onunla müəyyən
ünsiyyətimiz olmuşdu. Ancaq
anasının erməni olduğunu bilmirdim. Və hadisə yerində görməmişdim.
“Rus generala dedim ki,
22 erməni terrorçusu tutulsa...”
–
Komendantın müavini Kuşnarik də hadisə yerində
olub, siz onunla söhbət etdinizmi?
– Xeyr. Onu mən tanımırdım. Amma
yadımdadır ki, orada biz “qara qutu”nu tapandan sonra,
keçmiş SSRİ-nin 4-cü ordusunun komandan müavini
general İvanov oraya gəldi. Mən ona
yaxınlaşıb dedim ki, bizim əlimizdə 22 nəfər
erməni terrorçusu haqqında məlumat var. Bir
bölük əsgər verin, bizim əməkdaşlarla birgə
onları həbs etsinlər. O dedi ki, mənə belə əmr
verilməyib. Rus generala cavab verdim ki, siz
rusların biz türklərə yazığı gəlmir.
Amma bu vertolyotda 8 rus, o cümlədən 2
general, bir podpolkovnik və bir mayor həlak olub. O
terrorçuları mütləq həbs etmək
lazımdır. Çünki onları həbs
etsək, elə bu gün bu cinayət açılacaq.
Faciə yerində jurnalistlərə müsahibə verəndə
də demişdim ki, tezliklə bu cinayət işi
açılacaq. Çünki o zaman inanırdım ki, həmin
terrorçu ermənilər tutulacaq və onların vasitəsilə
vertolyotu vuranlar da tapılacaq...
Hadisə əvvəlcədən
planlaşdırıla bilərdimi?
– Belə qənaətə gəldim
ki, siz bir peşəkar hüquqşünas kimi, vertolyotun
vurulmasının əvvəlcədən hansısa siyasi
qüvvələr tərəfindən təşkil edilməsi
ehtimalını qəbul etmirsiniz...
– Bəli,
bunun öncədən belə dəqiqliklə
planlaşdırılması mümkün deyil. Onlar
nə bilirdilər ki, Tofiq müəllim Xocavəndə getmək
qərarı verəcək? Düzdür,
vertolyot vurulub. Amma bu, sonradan, bayaq dediyim kimi, Tofiq
İsmayılovla Jinkin arasında olan
mübahisə nəticəsində onlar oraya yollanmaq qərarı
verdikdən sonra planlaşdırıla bilərdi. Onların getməsini Xankəndidəki Rusiya və
erməni “KQB”lərinin bilməsi aydındır. Onlar da hər tərəfə məlumat verə blərdilər.
Özüm görməsəm də, Xankəndidə
işləyəndə bilirdim ki, hələ erməni Gevorkov
DQMV-nin I katibi olanda, Xankəndidən 5-10 km məsafədə
yerləşən pioner düşərgəsində
xüsusi məxfi rabitə stansiyası qurdurubmuş.
Moskva, hətta Amerika ilə də əlaqə
saxlayırmışlar...
– Sovet DTK-sı Tofiq müəllimin hansısa xarakterə
malik olduğunu, emosionallığını bilməmiş
deyildi. Onu Xocavəndə getmək qərarını verməyə
vadar etmək üçün camaatı təxribatçılar
vasitəsilə qızışdırıb müşavirə
binasının önünə göndərə bilməzdilərmi?
– Xeyr, bu,
mümkün deyil... Amma mənə bir məsələ
də qaranlıq qalmışdı ki, vertolyot Ağdamdan Xocavəndə
uzağı 5-6 dəqiqəyə çatmalıydı.
Ancaq “Mi-8” yerdən qalxandan 20 dəqiqə sonra
vurulub. Həmin müddətdə vertolyotun harada
olması bugünədək sirr olaraq qalır...
“İsmət müəllimə
demişdim ki, ölsəm,
meyidimi özün gətirdərsən...”
– Sonrakı illər, sadəcə,
bir vətəndaş kimi, bu faciənin detalları ilə bir
daha maraqlandınızmı?
– Əlbəttə, maraqlanırdım. Bir neçə il öncə Respublika Prokurorluğunda vertolyot
qəzası üzrə o vaxt başlanmış cinayət
işini araşdırmaq üşün xüsusi qrup
yaradıldı. Mən öz təşəbbüsümlə
həmin qrup üzvləri ilə görüşüb,
köməyimi də təklif etdim. Ancaq
cinayət yeri erməni əlində, cinayəti törədənlər
tutulmadan, onlar heç nə edə bilməzdilər. Mənə
bugünədək bir insan kimi ağır təsir edən məqam
var: İsmət müəllimlə hələ 1970-ci illərdən
tanış idik. Gözəl
insan və peşəkar hüquqşünas idi. 1991-ci
ilin martında heç kəsin Qarabağa getmək istəmədiyi
bir vaxtda, İsmət müəllim məni əmrlə ora
göndərəndə dedim ki, “İsmət müəllim, məni
öldürsələr, meyidimi gətirməyə bir kəsim
yoxdur, gərək, özün gəlib-gətirəsən”. O
vaxt ağlıma belə gəlməzdi ki, Baş prokuror
özü gəlib Qarabağda həlak olacaq və onu mən
dəfn edəcəyəm...
Sultan
Laçın
Həftə içi.- 2015.- 24
noyabr.- S.3.