«Hüseyn Cavid. Vətənə qayıdış»

 

Dünən Beynəlxalq Mətbuat Mərkəzində «Hüseyn Cavid. Vətənə qayıdış» yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması, bu il təsis edilən «Kaspi» mükafatının, «Hüseyn Cavid. Vətənə qayıdış» fotoalbomunun və kitabının təqdimatı keçirilib.

«Həftə içi»nin məlumatına görə, tədbiri giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında bildirib ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Hüseyn Cavidin yaradıcılığı bu gün geniş şəkildə tədqiq edilir.

O, sözügedən kitab və fotoalbomun hazırlanmasını və yazı müsabiqəsinin keçirilməsini Hüseyn Cavidin yaradıcılığının tədqiq olunması baxımından əhəmiyyətli sayıb. Əflatun Amaşov tədbir iştirakçılarını Hüseyn Cavidin xatirəsini birdəqiqəlik sükutla yad etməyə dəvət edib. Daha sonra «Hüseyn Cavid. Vətənə qayıdış» videoslaydın təqdimatı keçirilib. Həmin slayda Hüseyn Cavidin həyat və yaradıcılığını özündə əks etdirən fotoşəkillər, böyük ədibin ailə üzvlərinin şəkilləri, onun ev-muzeyinin fotoları, Ümummilli Lider Heydər Əliyevin Hüseyn Cavidin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı fikirləri ilə əlaqədar süjetlər təqdim edilib.

Slaydın təqdimatından sonra Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin direktoru, akademik, millət vəkili İsa Həbibbəyli çıxışında Hüseyn Cavid yaradıcılığının Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutduğunu diqqətə çatdırıb. O, dahi ədibin yaradıcılığının ölkəmiz üçün həmişə aktual olduğunu vurğulayıb. Deyib ki, Hüseyn Cavidin cənazəsinin sovet hakimiyyəti dövründə Azərbaycana gətirilməsi məhz Heydər Əliyevin xidmətləri olub. Bunun sovet ideologiyasına uyğun gəlməyən bir hadisə olduğunu deyən İsa Həbibbəyli qeyd edib ki, «Kaspi» təhsil şirkətinin və «Kaspi» qəzetinin elan etdiyi müsabiqəni və çap edilən kitabı Hüseyn Cavid epopeyasını Azərbaycana təqdim edən faydalı, cəmiyyətə qiymətli mesajlar verən əsərlər saymaq olar. İsa Həbibbəyli görülən bu işlərin cavidşünaslıq elminə yeni qayıdışa təkan verəcəyini də deyib.

Hüseyn Cavidə həsr olunmuş yazı müsabiqəsinin keçirilməsini, kitab və fotoalbomun çapını yüksək qiymətləndirən Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli deyib ki, bu layihə Azərbaycan ədəbiyyatına olan hörmətin nəticəsidir: «Azərbaycan ədəbiyyatını sevən hər bir şəxsin adından təşkilatçılara təşəkkür etmək istəyirəm. Bu gün klassik ədəbiyyata qayıtmaq vacibdir. Bu baxımdan layihəni daha dəyərli hesab etmək olar».

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında qeyd edib ki, «Kaspi» mərkəzinin təşəbbüsü ilə Hüseyn Cavidin əsərləri 3 cilddə çap edilib. O, bu mərkəzin Hüseyn Cavid yaradıcılığının tədqiq olunması sahəsində gördüyü işləri yüksək dəyərləndirib.

«Kaspi» qəzetinin baş redaktoru İlham Quliyev deyib ki, «Kaspi» təhsil şirkətinin və «Kaspi» qəzetinin birgə layihəsi olan "Hüseyn Cavid. Vətənə qayıdış" yazı müsabiqəsi 2014-cü ilin yay aylarında elan edilib. Müsabiqə müddətində 100-ə yaxın məqalə qəbul edilib. Münsiflər heyəti tərəfindən seçilmiş 31 məqalə «Hüseyn Cavid. Vətənə qayıdış» kitabına salınıb. Müsabiqədə Ziyadxan Əliyevin «Hüseyn Cavid romantizmi rənglərin işığında» məqaləsi 1-ci yerə, Elnarə Akimovanın «Cavid yaradıcılığı: zamana baxış kontekstində» məqaləsi 2-ci yerə, Gülnarə Səmanın «Cavidanə uçurum» məqaləsi 3-cü yerə layiq görülüb: «Bundan başqa, «Kaspi» qəzeti Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və ədəbiyyatının keşiyində duran, müstəsna xidmətləri ilə yadda qalan simaları, ziyalıları qiymətləndirmək məqsədilə «Kaspi» mükafatı təsis edib. Mükafat bu ildən etibarən hər il bir nəfərə xüsusi xidmətlərə görə veriləcək. Bu il ulu öndər Heydər Əliyevin göstərişi ilə dahi Hüseyn Cavidin cənazəsini uzaq Sibirdən vətənə qaytaran nümayəndə heyətinin sədri olmuş, əhəmiyyətli materialları, sənədləri qoruyub, günümüzə çatdırmış Həmid Cəfərov Azərbaycan dövlətçiliyinə, mədəniyyətinə və ədəbiyyatına göstərdiyi xifmətlərə görə, «Kaspi» mükafatı ilə təltif ediləcək».

İlham Quliyev əlavə edib ki, görülən işlərin davamı kimi «Kaspi» təhsil şirkətinin və «Kaspi» qəzetinin birgə layihəsi əsasında iki nəşr işıq üzü görüb. Onlardan biri «Hüseyn Cavid. Vətənə qayıdış» müsabiqəsinin seçilən, daha dəyərli hesab edilən nümunələrindən ibarət məqalələr toplusudur: «Digəri isə «Hüseyn Cavid. Vətənə qayıdış» fotoalbomudur. Fotoalbomda ulu öndər Heydər Əliyevin sənətə və ədəbiyyata verdiyi dəyər nəticəsində dahi şair Hüseyn Cavidin cənazəsinin qalıqlarının Vətənə qovuşması, yubileylərinin keçirilməsi, abidəsinin ucaldılması, Cavidlər ailəsinin bir məqbərədə torpağa tapşırılması, eləcə də Azərbaycan xalqının ədəbi irsinə, söz adamlarına yüksək qiymət verən ölkə prezidenti İlham Əliyevin Hüseyn Cavidin yubiley tədbirlərinin keçirilməsi ilə bağlı verdiyi sərəncamlar və digər maraqlı materiallar yer alıb. Nəfis icrası olan bu ecazkar nəşr layihəsinin rəhbəri, redaktoru və tərtibçisi Sona xanım Vəliyevadır».

Tədbirdə Həmid Cəfərova «Kaspi» mükafatı və Azərbaycan Mətbuat Şurasının xüsusi mükafatı təqdim edilib. Yazı müsabiqəsinin qaliblərinə isə pul mükafatları verilib.

 

Təbriz Vəfalı

 

Həftə içi.- 2015.- 28-30 noyabr.- S.8.