“Aqrar sahə: yeni
inkişaf mərhələsində”
Son illərdə Azərbaycanda əhalinin sayının və
tələbatının artması üzündən istehsal proseslərinə cəlb edilən
xammalın, təbii sərvətlərin və energetika resurslarının, istehlak
edilən ənənəvi
enerjidaşıyıcılarının həcmi və
miqdarı artır. Düzdür,
yaxın 20-30 il ərzində yeni neft müqavilələrinin
reallaşdırılması, həmçinin neft
və qazın dünya bazarlarına ixrac həcminin artırılması gözlənilir
və bu, ölkəmizi iqtisadi
cəhətdən gücləndirəcək. Ancaq hesablamalara görə,
yeni yataqlar kəşf
olunmazsa, hazırda irihəcmli neft-qaz ehtiyatlarına malik
olan Azərbaycanda ən uzağı
2050-ci ildən sonra bu
ehtiyatlar tükənməyə başlayacaq.
Üstəlik,
ölkəmiz hər il 20 milyard kVtsaat elektrik enerjisi istehsal etmək
üçün 4,5-5 milyard kubmetr təbii qaz və 600-800 min
ton mazut işlətdiyindən karbohidrogen xammalı müəyyən
müddətdən sonra tükənməyə məhkumdur. Bu
da iqtisadiyyatı daha çox ənənəvi enerji mənbələrindən
- neft və qaz ixracatından asılı olan Azərbaycanda
ciddi problemlər yarada bilər. Ona görə də ölkə
prezidenti İlham Əliyev dəfələrlə bəyan edib
ki, biz təkcə neft-qaz sektorunun inkişafı ilə kifayətlənməməliyik,
eyni zamanda, qeyri-neft sektorunun inkişafı üçün də
əlimizdən gələn hər şeyi etməliyik.
Çalışmalıyırıq ki, neft-qaz sektorundan
asılılıqdan qurtulaq. Bu məsələdə kənd
təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları
və turizm sahələrinin inkişafına xüsusi önəm
verilir. Xüsusilə də neft gəlirlərinin tədricən
azalması qeyri-neft sektorunun, o cümlədən, kənd təsərrüfatı
sektorunun yükünü artırmaqdadır. Digər tərəfdən,
ölkəmizdə hər il əhalinin sayının
artması ərzağa olan ehtiyacları da artırır. Ancaq
Azərbaycan kənd təsərrüfatı məhsullarına
olan tələbatının təxminən 50-60 faizini daxili
istehsal hesabına ödəyir. Məsələn, il ərzində
bir insanın ərzaq buğdasına olan tələbatı
180 kiloqramdır. Ancaq daxili istehsal tələbatı ödəmədiyi
üçün xarici ölkələrdən hələ də
buğda idxal olunur. Ətə olan tələbat
adambaşına 84 kiloqram olduğu halda, təxminən 35-40
kiloqram ət istehsal edirik. Südlə bağlı tələbatın
isə təxminən 50-60 faiz ödənilir və sair.
Bütün bunlar da onu göstərir ki, ölkəmizdə
qeyri-neft sektorunun aparıcı istiqaməti kimi aqrar sektor
inkişaf etdirilməli və bu sektorun ümumu daxili məhsulda
payı artırılmalıdır. Çünki ərzaq təhlükəsizliyinin
təmin edilməsi və qorunması bilavasitə aqrar sahənin
inkişafından çox asılıdır.
Qeyd edək ki, Azərbaycan Respublikasının iqtisadi rayonlarının demoqrafik göstəricilərinə əsasən, bölgələrdə yaşayan insanların təxminən 53,1 faizi kənd əhalisinin payına düşür və onların illik ailə büdcəsinin 73,1 faizi də məhz aqrar sahədən əldə edilən gəlirlər hesabına formalaşır. Hazırda kənd təsərrüfatının ümumi məşğulluqda payı təxminən 40 faizdir. Ölkə əhalisinin 47 faizinin kənd yerlərində yaşaması aqrar sahənin daim diqqət mərkəzində saxlanmasının, eləcə də problemlərin və perspektivlərin araşdırılmasının vacibliyini zəruri edir. Çünki aqrar sektoru inkişaf etdirməklə ərzaq təhlükəsizliyinin aradan qaldırılmasına, kəndlərdə işsizlik problemlərinin həllinə, kənd təsərrüfatı məhsullarının dəyərə minməsinə, resurslardan səmərəli istifadə olunmasına, bazarda rəqabətliliyə davamlılığa, ucuz və bol məhsulların satışa çıxarılmasına və sairə nail olmaq mümkündür. Ona görə də sadalanan məqsədlərə çatmaq üçün ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə düşünülmüş iqtisadi siyasət yürüdülür və məqsədyönlü işlər görülür. Belə ki, dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə 2003-cü ildən kənd təsərrüfatının modernləşdirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinə başlanılıb. Belə ki, regionların, o cümlədən, kənd yerlərinin və kəndli təsərrüfatlarının sosial-iqtisadi inkişafının təmin edilməsini nəzərdə tutan 2004-2008-ci, 2009-2013-cü və hazırda həyata keçirilən 2014-2018-ci illər üzrə dövlət proqramlarının, həmçinin “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişafı Dövlət Proqramı”nın icrası sayəsində kəndlərdə müasir və modern infrastruktur obyektləri yaradılıb. Geniş çeşiddə məhsulların istehsalını reallaşdıran fermer təsərrüfatları təşkil olunub, yüksək texnologiyalı aqrar-sənaye kompleksləri istismara verilib. Belə ki, son illər təkcə dövlətin maliyyə dəstəyi ilə müasir texnologiyalara əsaslanan 43 quşçuluq təsərrüfatı, 23 cins heyvandarlıq kompleksi, 8 süd və 6 ət emalı müəssisəsi, 39 intensiv bağçılıq və üzümçülük təsərrüfatı, 43 müasir istixana kompleksi, 16 meyvə-tərəvəz emalı müəssisəsi, 51 loqistik mərkəz və 122 taxıl anbarı yaradılıb. Bütün bunlar da istehlak bazarının sabitləşməsində, ixrac potensialının artırılmasında, idxaldan asılılığın azaldılmasında, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsində mühüm rol oynayıb. Lakin Ümumdünya Səhiyyə Təşkilatının normalarına uyğun olaraq ölkəmizin ərzaqla tam təminatına nail olmaq üçün biz məhsuldarlığı 3 dəfə artırmalıyıq. Bunun üçün bizim potensialımız, yəni resurslarımız var. Ancaq digər sahələrlə müqayisədə kənd təsərrüfatı riskli sahə olduğu üçün aqrar sektorda mövcud olan problemlərin həllinə kompleks yanaşma mütləq vacibdir.
Qeyd edək ki, aqrar sektorun inkişafı bilavasitə torpaq üzərində qurulub. Lakin aqrar sahədə yaşanan ən ciddi problemlərdən biri də məhz torpaqlarla bağlıdır. Əvvəlcə bildirək ki, Azərbaycanda 4,5 milyon hektar ərazi kənd təsərrüfatına yararlı sayılır. Amma əkinə yararlı torpaqların 1 milyon 583 min hektarından istifadə olunur. Xüsusi mülkiyyətə aid olan 1 milyon 671 min hektar torpaq sahəsi də əkinə yararlı, münbit torpaqlardır. Ümumiyyətlə, əkinə yararlı torpaqlar kənd təsərrüfatının inkişafı üçün böyük potensialın mövcudluğundan xəbər verir. Bu baxımdan dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə iri fermer təsərrüfatlarının yaradılmasına başlanılıb. Bu təsərrüfatlardan əldə edilən məhsuldarlıq digərləri ilə müqayisədə xeyli çox olduğu üçün iri təsərrüfatların yaradılması işi hələ də davam etdirilir. Qeyd edək ki, ilkin mərhələdə 100 min hektar ərazidə iri fermer təsərrüfatlarının yaradılması nəzərdə tutulub. Ölkə prezidentinin tapşırığına əsasən, hazırda 10 rayonda 40 min hektardan artıq sahədə 22 sahibkarlıq subyekti tərəfindən 30 iri fermer təsərrüfatı yaradılır. Ümumi dəyəri 162,4 milyon manat olan bu təsərrüfatların yaradılmasına İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 61,6 milyon manat güzəştli kredit verilib. Hazırda fəaliyyətdə olan təsərrüfatlarda müasir suvarma sistemləri qurulub. Hər hektardan 58-60 sentner arpa və buğda, 120 sentnerədək dənlik qarğıdalı götürülür. Eyni zamanda, Taxtakörpü və Şəmkirçay su anbarlarının istifadəyə verilməsi, Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi meliorativ tədbirlərin yaxşılaşdırılmasına, on minlərlə hektar yeni torpaqların əkin dövriyyəsinə cəlb olunmasına, iri kənd təsərrüfatı müəssisələrinin yaradılmasına imkan verəcək. Ümumilikdə isə iri femer təsərrüfatlarının yaradılması məqsədilə ölkədə 200 min hektar yeni əkin sahəsinin ayrılması nəzərdə tutulur ki, bütün bunlar da ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə öz müsbət təsirini göstərəcək.
Ancaq təəssüflə qeyd etməliyik ki, Azərbaycanda 1 milyon hektardan artıq torpaq sahəsi şoranlaşıb. Ölkə ərazisinin 48,1 faizi eroziyaya uğrayıb və bu da 3 milyon 610 min hektar torpaq sahəsi deməkdir. Bu qədər ərazinin eroziyaya uğraması antropogen fəaliyyət və təbii faktorlarla birbaşa əlaqəlidir. Məsələn, müəyyən obyektiv və subyektiv səbəblər ucbatından istifadəyə yararlı torpaqlar uzun müddət boş saxlanılır. Orada yaranan zərərvericilər və xəstəliklər ətrafda olan təsərrüfatlara zərər vurur. Bundan əlavə, torpaq islahatı nəticəsində vətəndaşların mülkiyyətlərinə verilmiş kənd təsərrüfatına yararlı torpaq sahələrində və bələdiyyələrin ehtiyat fondunun qanunsuz zəbt olunmuş kənd təsərrüfatı təyinatlı torpaqlarında ayrı-ayrı fiziki, hüquqi və vəzifəli şəxslər tərəfindən fərdi yaşayış evləri, sahibkarlıq obyektləri, istirahət zonaları və sair tikililər aparılıb və proses davam etdirilir. Ona görə də torpaqların, o cümlədən, kənd təsərrüfat təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədləri üçün özbaşına tutulması, təyinatının dəyişdirilməsi, münbitliyinin aşağı salınması çox ciddi problemə çevrilib. İnzibati Xətalar Məcəlləsində torpaq qanunvericiliyinin tələblərinin pozulması hallarının qarşısının alınması məqsədilə nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin həyata keçirilməsi üçün cərimə hədləri aşağı olduğundan həmin halların qarşısının alınmasında çətinliklər yaranır. Bu baxımdan da hesab edirik ki, müvafiq qanunlarla tənzimlənəcək torpaq üzərində hüquqların pozulması, xüsusən də kənd təsərrüfatı torpaqların keyfiyyətinin pisləşdirilməsinə, eləcə də dövriyyədən çıxarılmasına yönəldilən bu hərəkətlərin qarşısının alınması üçün sanksiyalar daha da sərtləşdirilməlidir. Yalnız sərtləşdirilmiş sanksiyalar özünəməxsus xüsusi əhəmiyyət kəsb edə bilər. Bununla yanaşı, ölkədə istifadə olunmayan yararlı torpaqlara görə İnzibati Xətalar Məcəlləsində dəyişikliklərin edilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hökumətə təqdim olunan təkliflərin qəbulu nəticəsində əkinə yararlı istifadə olunmayan torpaq sahəsinə görə cərimə sanksiyalarının tətbiqinin torpaqların istifadəsinə öz müsbət təsirini göstərəcəyinə əminik.
Aqrar sektorda diqqət ayrılmalı məsələlərdən biri də rayonlarda aqroməhsulların istehsalı üzrə ixtisaslaşmanın düzgün seçilməsi ilə əlaqədardır. Belə ki, inzibati rayonların öz potensialına, öz təbii iqlim şəraitinə, torpaq quruluşuna və digər xüsusiyyətlərinə görə kənd təsərrüfatı məhsullarının və onların emalının inkişafı məsələsi xüsusi diqqət tələb edir. Məsələn, ölkə daxilində yetişdirilən bir sıra məhsullar var ki, onların istehsalının həcmini artırmaqla respublika əhalisinin tələbatını tam ödəmək mümkündür. Belə ki, Lənkəran limon, Şəki-Zaqatala, Tərtər taxıl və tütün, Quba alma, Göyçay nar, Ağdaş pomidor və sair üzrə ixtisaslaşıb və bu məkanlarda həmin məhsulların yetişdirilməsi və istehsal həcminin artırılması üçün hər cür şərait var. Ona görə də yerli istehsalçıların maraqlarının müdafiəsi məqsədilə dövlət hər bir iqtisadi rayon üzrə ayrıca biznes plan tərtib etməli, zonaların yerləşdiyi mühitə və məhsulun çeşidinə görə həmin bölgənin inkişaf proqramını hazırlayaraq dəstək verməklə istehsalı artırmalıdır. Hər rayon üzrə belə ixtisaslaşma isə kənd təsərrüfatının inkişafına və yeni iş yerlərinin açılmasına səbəb olacaq. Bu yolla daxili tələbatı ödəmək, bu sahədə ixrac potensialını artırmaq, sözügedən məhsulların xaricdən idxalını məhdudlaşdırmaq, dövriyyədə olan valyutanın ölkə daxilindən kənara axınının qarşısı almaq olar. Bütün bunlar isə rayonlarda, kəndlərdə işsizlik probleminin aradan qaldırılmasına və kəndlərin sosial-iqtisadi inkişafına ciddi təkan verər. Bunlardan əlavə, bir sıra rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının ixracını genişləndirməklə qeyri-neft sektorunun ixracının ümumi həcminin artırılmasına nail olmaq mümkündür. Məsələn, ölkəmizdə hər il təqribən 950 min ton meyvə məhsulu ixrac olunur. Daxili bazar üçün isə 400 min ton kifayət edir. Ona görə də Azərbaycanın qeyri-neft ixracı potensialının artırılması baxımından tərəvəz və meyvə üzrə kompleks və ardıcıl stimullaşdırıcı, fəallaşdırıcı tədbirlərin görülməsi vacibdir. Tərəvəz və meyvələrin ixrac potensialına kompleks baxılması ölkənin bütün regionlarının, ilk növbədə meyvəçiliklə məşgul olan rayonların sosial-iqtisadi inkişafını xeyli sürətləndirə bilər. Bu məsələdə ciddi uğurların əldə edilməsində dövlət başçısının təşəbbüsü ilə yaradılmasına başlanılan aqroparklar da mühüm əhəmiyyət rol oynayacaq. Xatırladaq ki, hazırda Şəmkir, Xaçmaz və Xızı rayonlarında aqroparktlar yaradılır. Aqroparklarda müasir istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına 23 milyon manat güzəştli kredit verilib. Şəmkir və Yalama aqroparklarında birinci mərhələ üzrə işlər isə ilin sonunadək yekunlaşacaq. Bütün bunlar da qeyri-neft ixracatının artmasına mühüm rol oynayacaq.
Aqrar sektorun inkişafı üçün subsudiyalaşma çox vacibdir və bu proses əsasən prioritet və strateji bitkilərə yönəldilməlidir. Son zamanlar kəndli-fermeri fəallaşdırmaq, onda strateji məhsulun istehsalına, heyvandarlığa marağı artırmaq üçün verilən maddi yardım sayılan subsidiya insanlarda azad sahibkarlığa bir stimul yaradıb. Belə ki, «Aqrolizinq» ASC tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan kənd təsərrüfatı texnikalarının ilkin dəyərinə 40 faiz həcmində güzəşt tətbiq edilib. Mineral gübrələrin dəyərinin 50 faizdən çoxu, texnikanın dəyərinin 40 faizi dövlət büdcəsinin vəsaitləri hesabına kompensasiya olunur. Mineral gübrələrin satış qiymətinə tətbiq edilən güzəştin həcmi 50 faizdən 70 faizə yüksəldilib. Ölkəmizdə hər il təqribən 600 min kənd təsərrüfatı məhsulları istehsalçısı dövlət dəstəyindən bəhrələnir. Tətbiq edilən güzəştlərin həcminin artırılması hesabına 2014-cü ildə fermerlər texnikanı 2013-cü ilə nisbətən 50 faiz, gübrəni isə 30 faiz aşağı qiymətlə əldə ediblər. Bitkiçiliyin inkişafına birbaşa dəstək tədbirləri çərçivəsində 2014-cü ilin məhsulu üçün buğda və çəltik səpininə görə 20,1 milyon manat, əkin sahələrinin və çoxillik bitkilərin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə isə 51,8 milyon manat yardım göstərilib. Bu da məhsulun maya dəyərinin əhəmiyyətli dərəcədə azalmasına, son nəticədə fermerlərin gəlirlərinin artmasına və investisiya imkanlarının genişləndirilməsinə müsbət təsir göstərib.
Ümidvarıq ki, aqrar sektorda mövcud olan problemlərin həlli, mərhələli və kompleks şəkildə tədbirlərin həyata keçirilməsi, kənd təsərrüfatı sahəsində uğurlu islahatların aparılması və digər proseslərin reallaşdırılması nəticəsində ölkəmizdə yüksək keyfiyyətli və rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının istehsalı artırılacaq, kənd təsərrüfatına göstərilən dövlət dəstəyi hesabına yeni və daimi iş yerləri yaradılacaq, kəndlərin işsizlik və demoqrafik problemləri öz həllini tapacaq, bazarlarda bolluq və ucuzluq yaranacaq, Azərbaycan nəinki aqroməhsullara olan daxili tələbatını ödəyəcək, həm də ixracatçı dövlət kimi tanınacaq və ölkəmizin iqtisadi inkişafında aqrar sahənin əhəmiyyətli rolu ilbəil artacaq.
Kənd Təsərrüfatı
Nazirliyi tərəfindən jurnalistlər
arasında elan edilmiş
yaradıcılıq müsabiqəsinə təqdim edilir
Təbriz Vəfalı
Həftə içi.- 2015.- 27 oktyabr.-
S.7.