Dahi xanəndə Alim Qasımovla
görüş
Sözə,
musiqiyə qiymət verməyi bacaran ziyalılar Xalq artisti Alim
Qasımovun 60 illik yubileyini təbrik üçün özəl
bir mərasim düzənlədi
Tanınmış
muğam ustası, öz məlahətli və şirin səsi
ilə nəinki Azərbaycanda, hətta xaricdə hər kəsin
hörmət və ehtiram göstərdiyi Alim Qasımovun bu
yaxınlarda 60 yaşı tamam olacaq. Azərbaycanda bu
böyük sənətkarın yubileyinə ən yüksək
səviyyədə çiddi hazırlıqlar gedir. Alim
Qasımov ömrünün 60-cı baharı ərəfəsində
əvvəlki kimi eyni avazla, eyni ruhla, eyni səslə oxuyur, hər
dəfə də səhnəyə çıxıb
muğamları ifa edəndə muğam sənətinə bir
yenilik, bir kəşf gətirir. Alim oxumur, o, sanki
Tanrısı ilə danışır, səsi ilə Rəbbimizi
bizə sevdirir. Bir sözlə, Alim Qasımov gələcəyi
görən və Azərbaycan muğam dünyasının
keçmişini özünə qaytaran klassik sənətçilərimizdən
biri olmaqla, sağlığında öz adını tarixin səhifələrinə
yazıb. Bu gün muğamı dünya sevir, Alimi dünya
sevir, xalq sevir. Ona görə də yubiley ərəfəsi
bir qrup ziyalı, tanınmış alimlərimiz korifey sənətçimiz,
görkəmli muğam ustası Alim Qasımovun
görüşünə gəlib. Tanınmış alim Veysəl
Nərimanovun təşkilatçılığı ilə
hazırlanmış görüş özünəməxsus
bir guşədə keçirilib.
Qısa
tanışlıq:
Xalq artisti,
muğam ustası Alim Qasımov 1957-ci ildə Qobustan rayonunun
Nabur kəndində anadan olub. Bakıda muğam məktəbinin
ən tanınmış və istedadlı müəllimlərindən
dərs alıb. 25 yaşında Alim, həyatında birinci
muğam müsabiqəsində müvəffəqiyyət
qazanıb. Həmin vaxtlarda o, muğam sənətinin,
xüsusilə də "tarab" janrının
araşdırmalarıyla məşğul olurdu.
1989-cu ildən
Alim Qasımov Mənsurov qardaşlarıyla
çıxış eləməyə başlamış,
tarzan Camal və kamança çalan Elşən ilə,
arada Alim Qasımov özü də dəf çalır.
Son zamanlarda 9
albomu çıxan Alim Qasımov hər bir musiqi sənətkarının
nail olmağa çalışdığı mükafata layiq
görülüb. 1999–cu ildə o, Beynəlxalq IMC UNESCO musiqi
mükafatını alıb.
Muğam
sənətini Fransa, İngiltərə, Almaniya, Belçika,
İspaniya, Braziliya, Honq- Konq, Yaponiya, İran və ABŞ kimi
ölkələrdə konsertlərlə
çıxış edən sənətçi bütün
dünyaya Azərbaycan muğam sənətini tanıdaraq milli
musiqimizin və mədəniyyətimizin dünyaya
yayılması istiqamətində əvəzsiz xidmətlər göstərib.
Məhz bu fəaliyyətinə görə Alim Qasımov bir
çox mükafatlara, fərqli nominasiyalara layiq
görülüb.
Qasımov
ABŞ-ın Corstaun Universiteti və mərkəzi
İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin
keçirdiyi müsabiqədə "Dünyanın ən
nüfuzlu 500 müsəlmanı" arasında 4 azərbaycanlıdan
biri olub. 26 may 2012-ci ildə Bakı şəhərində
keçirilən 57-ci “Eurovision” beynəlxalq mahnı
müsabiqəsinin final
mərhələsində Azərbaycan təmsilçisi Səbinə
Babayevə ilə eyni səhnəni paylaşıb. Heydər
Əliyev Fondunun “Qızıl çinar” beynəlxalq
mükafatı ilə təltif olunub.
Alim Qasımov
“Aşıq Qərib” (1988), “Doğma sahillər” (1989), “Ver
sözə ehya ki...” (1989), “Bəxtəvər” (1990), “Gecə
qatarında qətl” (1990), “Qəzəlxan” (1991), “Hacı Arif”
(1995), “Aləmdə qalan səs” (2001), “Neft” ( 2003),
“Müstəqillik yollarında” (2004), “Bu səs Qədirin səsidir”
(2007), “Azarkeş” (2008), “Muğamat var olan yerdə” (2009) kimi
filmlərə çəkilib.
“Həftə içi”nin məlumatına görə, tədbir başlamazdan əvvəl ustad xanəndənin müxtəlif illərdə ifa etdiyi muğam və mahnılarından ibarət videoçarxı tədbir iştirakçılarına təqdim edilib. Tədbirin təşkilatçısı Azərbaycan Texniki Universitetinin dosenti, tanınmış alim Veysəl Nərimanov məclisi açaraq gələn qonaqları salamlayıb dedi ki, alimlər, ziyalılar, eləcə də bir qrup muğamsevər insanlar ustad sənərkarın görüşünə gəlib: “Bir Alim işığına yığışmışıq. O işıq ki, bizi öz avazı ilə ulu keçmişimizə, dünənimizə, bu günümüzə və sabahımıza aparır. Həqiqətən də Alim Qasımov öz avazı ilə fərqlənən böyük sənətkardır və muğam ifaçılıq sənətində öz səsi ilə əsrimizin Alimidir. Biz onun səsinə həmişə qibtə etmişik, bu gün də edirik və edəcəyik də. Çünki o, buna layiqdir. Alim bəyin avazı insanın iliyinə işləyir və onunla fəxr edirik. Eləcə də Alim Qasımovun insani xüsusiyyətləri, təmizliyi, sadəliyi əvəzolunmazdır. Mən onunla 1987-ci ildən dostluq edirəm. Onun danışığında və səsində həmişə təmizlik var, insanda olan bütün insani keyfiyyətlər onda cəmləşib. Ustadın yubileyqabağı görüşünə təşrif buyurmaqla, onun fəaliyyətinə ekskursiya edirik və onun uğurlarından fəxr duyuruq. Tanrı onu şərafət və ləyaqətini yüksək səviyyədə saxlamaq üçün müsbət keyfiyyətləri bəxş edib”.
Tədqiqatçı-tarixçi Şakir Qabıssanlı muğam dünyasını əlçatmaz böyük bir dünya olduğunu dedi: “Biz Veysəl müəllimlə çalışdıq ki, böyük bir muğam dünyası içində kiçik bir muğam məkanı yaradaq. Muğamın əsl adı “Muğam səbat”dır, yəni göylərin açarıdır. Mən öz kitabımda da yazmışam, muğam İbrahim Peyğəmbərin göylərə üz tutmağından ibarətdir. Bir sözlə, muğam cümlə-bəşəriyyətin, dünyanın yaranmasının avazda ifasıdır. Muğam 8 min il yol keçib. Bu müddətdə çoxlusayda xanəndə gəlib-gedib. Hərə öz çaları, öz baxışı ilə muğamı millətinə, xalqına təhvil verib getdi. Amma bu 8000 ildə mənim düşündüyüm, mənim duyduğum yeni bir səs, yeni bir dünya gəldi muğam dünyasına. O isə Alim Qasımovun səsidir, onun ifa tərzidir. Yeri gəmişkən deyək ki, Alim Qasımov qitələrarası raketləri məhv elədi və muğamı qitələrarası evlərə yaydı. Yəni muğam musiqinin zatı-köküdür. Dünyada elə bir musiqi yoxdur ki, onun içərisində muğamın çalarları olmasın. Bir sözlə, muğam musiqinin əcdadıdır. Yəni muğam Allaha doğru gedən bir xitab yoludur. Muğam əzəli olan və sonu görünməyən bir musiqidir. Yeri gəlmişkən deyim ki, göy üç – 7, 8, və 9 qatdan ibarətdir. 7-ci qat bizim qatdır, 8-ci mələklər, 9-cu isə Allah dərgahıdır. Muğam Allahla insan arasında mələklərə qovuşan bir musiqidir. Yəni onlara gedib çıxan bir musiqi dünyasıdır. Və onun zirvəsində Alim durur. Mən indi də ona qibtə edirəm. Alimi səmada parlayan bir şimşəyə, səhrada əsən bir küləyə və çəməndə ətirli bir çiçəyə bənzədirəm. Alim olmaq üçün ancaq Alim olasan gərək. Çünki Alimin səsində cənnətin qoxusu, behiştin yuxusu və bala itirmiş ananın ağrısı vardır. Alim muğam sənətindən yüksəkdə durur və buna çatmaq üçün Alim olasan gərək. Çünki onun səsi Həzrəti-Davudun səsidir. Bu səs ölüyə can verən İsa nəfəsidir. Ümumiyyətlə, Alim Allahın ən çox istədiyi kəsdir. Ona görə də Alim oxuyanda çaylar lal axır, günəş isə səmadan boylanıb axır, buludlar göz yaşı töküb yerlərə ələnir. Yaxşı yadımdadır. Heydər Əliyev Sarayında Alim Qasımov maraqlı konsert proqramı ilə çıxış edirdi. Zala tamaşaçı sığmırdı və gətirilən gül dəstəsinin sayı-hesabı yox idi. Onda ürəyi dağa dönən Alim kövrəkcəsinə dedi ki, vaxt olub bu çiçəyin həsrətində olmuşuq. İndi güllər gəlir, indi insanların özləri çiçək kimi üstümüzə gəlir. Bəli, Alimin daxilində ucu-bucağı görünməyən bir ümman, sonsuz dənizlər var. O, bu gün də axtarışdadır”.
Ədəbiyyatşünas -tənqidçi, professor Qurban Bayramov tənqidçi-mütəxəssis kimi Alim sənətinə böyük bir dəyər verdi və bugünkü görüşün keçirilməsində məmunluq hissi duyduğunu söylədi. Onun sözlərinə görə, doğrudan da, bu gün məclisdə Azərbaycanın say-seçmə oğulları, tanınmış ziyalıları, samballı kişiləri əyləşiblər. Bu da təsadüfi deyil, çünki muğam sənətinin özü samballıdır, böyük sənət dəyəridir, eləcə də xalq xanəndəsi Alim Qasımov! Mən qəsdən ona rəsmi adı olan Xalq artisti adı ilə müraciət etmirəm, o hamıdan fərqli olduğundan Xalq xanəndəsidir və onda artistlik yoxdur, lap elə opera səhnəsində, Məcnun rolunda oxuyanda da, o gerçəyi, olanı - Məcnunu yox, Böyük Füzulinin düşündüyü məcnunluğu yaradırdı. Rolu oynamırdı, yaradırdı! Alim İlahinin ona bəxş etdiyi fəhmi ilə (onda fəhmlə-səs birləşib) hər şeyi yüksəldən sənətkardır! Qobustanı hamımız görmüşük,boz dağlardır... Qayalarında ilanlar mələşir... Ancaq Şakir Qabıssanlı görün onu necə təsvir edib, təqdim edir! Çünki məhəbbət, sevgi olan yerdə boz qaya da göyərir, çiçək açır... Bu gün məmnuniyyətlə deyək ki, Allah-Təala yaratdıqlarının hamısına istedad verir. Yəni bu dünyada istedadsız adam yoxdur. Təkcə eşqin təməli olan yedə o istedad özünü göstərir. O qədər gözəl səslər var və bu səslərin heç biri bir-birinə bənzəmir! Bülbüllərin nəğmələri təki! Min dənə bülbülə qulaq as, onların hamısı bənzərsizdir... Alim Qasımovun səsi kimi bənzərsizdir... Alim Qasımov muğam sənətinə elə bir yenilik gətirdi ki, onun bir ucu qədimiliyə, bir ucu da bu günümüzdən keçərək uzaq gələcəyə yönəlir! Bu improvizələr adi improvizələr deyil, səmadan gələn, ürəyə hopan, ürəkdən nəşət edərək təkrar səmaya ucalan yaradıcı improvizələrdir! Bəlkə də, bunun özündən Alimin özü də xəbərsizdir və xəbəri olsaydı bu səsdəki yaradıcılıq adiliyə söykənərdi! Bu səsdəki çalarlar məncə məşqlərdən yaranmır, bu qəfldən, elə səhnədə ilahi bir nidaya dönüb avaza çevrilir! Bax, Alim muğamının ilkinliyi, dəvrişanə-mistik cövhəri, sufiyanə yanğısı buradan nəşət edir, dahiyanə şəkildə Allahın ona verdiyi qüdrəti xalqına qaytardı... Mənim nəzərimdə Xalq xanəndəsi Alim Qasımov adlı bu müğənni dahiyanə şəklində Allahın ona verdiyi qüdrətdən doğdu, parladı, işıq saçdı!.. O, muğam janrını, muğamın ilkinliyini, körpəliyini, zərifliyini, zatını özünə qaytardı. Tədqiqatçı alim, Alim Qasımovun həmyerlisi Şakir Qabıssanlının muğam nəzəriyyəsinə əlavə etdiyi kimi, muğam İbrahim Peyğəmbərin, Allahın nidasıdır. Yəni muğam oradan başlamışdır. Mənə görə, muğamda Peyğəmbər nəfəsindən yaranmış notlar var, həmin nidanın sədaları var, elə ona görə də muğam hamıya, bütün bəşəriyyətə xoş gəlir. Xatırladım ki, Kür çayı neçə min illərdir ki, eyni axarla, sakit, həlim axır. Amma heç kim onun axarlarının, döngə və burulğanlarının yerini belə bilməz. Elə sakit axır, hamımız elə bilirik Kürdür də. Amma dərinlərdə elə məqamlar, döngələr, burulğanlar var ki, bu nəhəng çayı adilikdən çıxararaq onu “Kür” edib. Araz çayı ondan dəlisov axır, amma xalq Kür adını o çaya yox, bu çaya verib! Xalq xanəndəsi Alim Qasımov, siz də muğamın kürlüyünü özünə qaytardınız - səsinizlə, axtarışınızla, mərdliyinizlə, təmizliyinizlə, kişiliyinizlə... Yeri gəmişkən deyim ki, şeiriyyət musiqi ilə qoşadır, qoşa qanaddır, bir-birindən ayrı deyil. Musiqi duyumu olanın şeir duyumu olmalıdır, eləcə də şeir duyumu olanın da, musiqi duyumu olmalıdır. Yoxsa mümkün deyil, əgər biri olmasa, o birisi məhv olub gedər. Bu duyumu Allah-Təala dinləyiciyə də verib, şairinə də verib, quşuna, daşına da verib. Amma söhbət yaradıcılıqdan gedir, istedadı bütövləşdirməkdən gedir, cilalamaqdan gedir. Almaz yatağında adicə bir daşdır. Amma o almazı ki, cilalayıb brilyant edib gətirib onu qoyursan üzüyün qaşına, onda dəyərə, qiymətə minir! Görün nə qədər çətin proses gedir, bunun nə qədər incəliyi var. Siz bir xanəndə kimi muğamı da həmin çətin proseslərdən keçirdiniz. Biz bu sözləri tərif üçün demirik və biz bu sözləri təhrif üçün demirik, sizin qiymətiniz üstünüzdədir... Biz haqqı deyirik, həqiqəti deyirik , olanı deyirik... Alim Qasımov, siz muğamı qaytardınız özünə, ilkinliyinə... Ona görə də camaat da, xalq da, hamılıqla sizi sevir. Biz də sizi sevirik! Bir də ona görə sizi sevirik ki, şəxsiyyətinizlə, insanlığınızla, sadəliyinizlə istedadınız üst-üstə düşür! Lovğalıq, təkəbbürlülük istedadsıza yaraşar, istedadlıya yox! İllah ki, bu istedad dahiliklə birdir, sənin səsin, avazın səsin dahilik zirvəsindədir!! Xoşbəxt adamsınız ki, öz sağlığınızda öz istedadınızla xalqın, millətin məhəbbətini qazanmısınız. Bu gerçəkliyi, bu həqiqəti qulağınızla eşidirsiniz, təfəkkürünüzlə dərk edirsiniz, ürəyinizlə duyursunuz... Allah həmişə bu sevinci evinizdən, eşiyinizdən, elinizdən, obanızdan əskik eləməsin... Tanınmış ziyalımız, böyük ürək sahibi olan, əsl zadəgan ədalı Veysəl Nərimanova da, dostumuza da böyük təşəkkür edirəm ki, bu görüşü təşkil elədi! Sizə bəlkə də "Qızıl qaval" mükafatı verilib, yəqin ki, verilib! Amma sağlığında heç bir sənətkara qızıldan büst-heykəl qoyulmayıbdır! Veysəl müəllim həm özünün, həm də qobustanlıların, həm də bütöv azərbaycanlıların sizin şəxsiyyətinizə və sənətinizə olan qızıl məhəbbəti qızıllaşdıraraq bu gün sizə təqdim eləyir. Bizləri də sağ olsun ki, belə bir şərəfli məclisin, incəsənət hadisəsinin şahidi elədi! Hər ikinizə alim Veysəl müəllimlə muğamın alimi Alim Qasımova eşq olsun!".
Fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov söylədi ki, Azərbaycan muğamında Alim Qasımov yeni xətt açıb. Onun sözlərinə görə, hər hansı bir sahədə yenilik başlayanda əvvəlcə ictimaiyyət onu qəbul etmir. Yadınızdadırsa, Alimi gənc yaşlarında gördük, o vaxt bu qəbul olunmurdu. Lakin Alim oxuduqca muğamda yeni çalarlar, yeni istiqamətlər tapdıqca, bunu səsləndirib insanlara çatdırdıqca, yavaş-yavaş şüurlar başladı bunu qəbul etməyə və insanlar başladı bunu sevməyə. Yeni baxışla yanaşdılar buna. Ondan sonra ikinci mərhələdə Alim Azərbaycan muğamını ölkəmizdən kənara çıxartdı. Bir müddətdən sonra gördük ki, onun muğamla bağlı ifaları bütün dünyadan gəlir. Əvvəllər düşünürdük ki, biz muğamı güclə başa düşürük, bəs xaricilər bunu necə başa düşəcək. Lakin bir müddətdən sonra gördük ki, əcnəbilər alimi yenidən öz ölkələrinə dəvət edirlər. Alim bizim muğamlarımızın bütün zənginliklərini, onun insana təsirini, onun həyatda əsas yeni bir istiqamət olduğunu başqa ölkələrə, başqa xalqlara çatdırdı. Belə olan halda adam ürəklə deyir ki, Alim Azərbaycan muğamının, Azərbaycan musiqi mədəniyyətinin fəxridir. Hələ gənclik yaşlarımızdan onu izləmişik və Alimin Azərbaycan muğamını Azərbaycan ictimaiyyətinə sevdirəndən sonra onu dünyaya çıxartmağının şahidi olmuşuq. Açığını deyək ki, sənət adamını iki şeyə görə sevirlər. Biri onun sənətinə və səsinə görədirsə, o birisi isə onun şəxsiyyətinə görədir. Alim özünü ikinci məqamda sevdirib insanlara sadəliyinə görə. Canlı şahidi olmuşam, Alim televiziyada müsahibə verəndə camaat hamısı onun sözlərinə diqqətlə qulaq asırdı. Ona görə ki, danışdığı sözlərin hamısı onun ürəyindən gəlirdi. Sözlərin hamısı real və səmimi idi. Ziyalı və dərrakəli adamlar səmimiyyəti çox sevirlər. Bu mənada Alimi belə sevirik. Həm bizim nəsil, həm bizdən yaşlı nəsil, həm də bizdən sonrakı nəsillər sevir və sevəcəklər. Bir sözlə, Alim sənəti və onun muğamla bağlı fəaliyyəti uzun illər hələ insanları sevdirəcək”.
Professor Həmzağa Orucov söylədi ki, Alim ürəyindən keçən sözləri ifa edə bilir: “Biz musiqini sevirik, eləcə də Alim müəllimi bir muğam ustası kimi, Azərbaycanın fəxri kimi sevirik. Bu gün fəxr edirik ki, Qobustanımızdan, Şirvanımızdan Alim kimi belə bir dünyada tanınmış xanəndə, muğam ustası çıxıb. Biz dərk edirik ki, onun ifasında həyat var, Allah var, ona inam, sevgi var, o bizi başqa bir dünyaya aparır. Ona görə ki, hər kəs onu sevir. Yeri gəlmişkən, Xalq artisti Əlibaba Məmmədovun Alim haqqında dediyi bir fikri sizin diqqətinizə çatdırmaq istəyirəm: “Alimin səsinin sərhəddi yoxdur. Sərhəddi olmayan şeylər çox azdır. Bir Allaha olan məhəbbətin və bir də insanların bir-birə olan sevgisinin sərhəddi yoxdur. Alimin səsinin sərhəddinin olmamasının səbəbi də İlahi bir şeydir”. Ustad xanəndənin dilindən bu sözləri eşidəndə mən fəxr elədim”.
Süleyman Nərimanov xatırlatdı ki, ilk dəfə Alim Qasımovu televiziyada, “Məcnun” rolunda görüb: “Onda uşaq idim. O vaxt anama dedim ki, bizim başqa regionların qarşısına çıxara biləcək bir xanəndəmiz çıxdı. Elə o vaxtdan mənə elə gəldi ki, Opera və Balet Teatrına çıxan xanəndə ən məşhur xanəndədir. Bir şeyi nəzərinizə çatdırım ki, mən uzun illər xaricdə diplomat kimi fəaliyyət göstərmişəm. Alimi yalnız internet və televiziya vasitəsilə izləyirdim. Təxminən yadımdadır, 2006-cı ildə xarici bir ölkədə, aeroportda bir disk aldım. Çünki mən folklor mahnılarını çox sevirəm. Gəlib evdə həmin diskə qulaq asdım, Latın Amerikalı müqənni oxuyurdu, ortasında isə Alim oxudu. Bununla da, Alim müəllim muğamı bütün dünyanın folkloru ilə sintez edir. Mən fəxr edirəm ki, siz bir şirvanlısınız, həm fəxr edirəm ki, atam sizinlə fəxr edir, həm də fəxr edirəm ki, bizim muğamlarımızı bütün dünyaya çatdırırsınız, onu muğam formasında dəyişmədən, olduğu kimi də tanıtdırırsınız”.
Xarici İşlər Nazirliyinin əməkdaşı Elməddin Məmmədov böyük ustad Alim Qasımovla tanışlığından və onun fövqəltəbii istedada malik olduğundan söz açdı. Onun sözlərinə görə, Alimin səsi əvəzolunmaz bir səsdir, bu səs qeybdən gələn əsl ilahi səsdir. Alimin sənəti elə bir sənətdir ki, onu sözlə ifa etmək olmur. Bu gün biz onun sənətinə adi sənət kimi yanaşmırıq. Ona görə ki, Alim müəllimin bu sənətdə öz yolu, bu sənətdə axtarışı var. O nə edirsə, Allah rzası üçün edir. Əgər bir şey ki, bizə Allahı xatırladır, Allahı çağırırsa ondan gözəl nə ola bilər axı? Ona görə də ustad xanəndə həm səsi, həm sənəti, həm də xarakteri, insani dəyərləri ilə digər sənətçilərdən seçilir. Alim xoşbəxt adamdır, çünki hələ sağlığında özünü zirvədə görə bilir və korifey, klassik dünya sənətçiləri ilə bir sırada durur. Həmçinin, Alim Qasımov bir sənətçi kimi ölkə sərhəddindən kənarda qəbul edilir, onun ifaları sevilə-sevilə dinlənilir”.
Maliyyə Nazirliyinin əməkdaşı Vaqif Tağıyev xanəndənin uğurlarından söz açdı və onunla fəxr etdiyini, Azərbaycan muğamının sərhədləri aşaraq UNESCO səviyyəsində məşhurlaşmasında onun əməyinin təqdirəlayiq olduğunu və eləcə də muğamatın dünyəvi olduğunu söylədi.
Sonra Veysəl Nərimanov xüsusi formalı, keyfiyyətli ağ mərmərdən hazırlanmış, üzərində qızıl lövhədə xanəndənin portreti həkk olunmuş büstü dahi xanəndəmiz Alim Qasımova təqdim etdi.
Tədbirin sonunda Alim Qasımov tədbiri təşkil edənlərə və zəhmət çəkib onun görüşünə gələn hər kəsə öz təşəkkürünü bildirdi. Tədbir başa çatdıqdan sonra ustad xanəndə ziyalılarla, alimlərlə, muğamsevərlərlə xatirə şəkilləri çəkdirdi.
Qələndər
Xaçınçaylı
Həftə içi.- 2015.- 29
oktyabr.- S.5.