"Mən jurnalistikada bişmişəm"
Anar Nəcəfli:
"Evdən musiqi məktəbinə getmək adı ilə
çıxanda, yoldaşlarımla vaxtımı
"öldürməyə" gedirdim"
Onu hər kəs tanıyır. Bir çox telekanalda telejurnalist, teleaparıcı, bu ilin aprel ayından isə Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışan Anar Nəcəfli yeni vəzifəsində qısa müddətdir işləməsinə baxmayaraq, həm KİV-lərin əməkdaşları, həm də ictimaiyyət nümayəndələri ilə sıx ünsiyyət qurur, onları maraqlandıran suallar ətraflı cavablandırmağa çalışır. Bizi maraqlandıran suallara "Səmimi söhbət" rubrikasının qonağı Anar Nəcəflinin timsalında cavab tapmağa çalışırıq.
- 1980-ci
ildə Ucar rayonunda anadan olmuşam. Orta məktəbi
rayonumuzda rus dili bölməsi üzrə bitirmişəm.
Amma Bakı Dövlət Universitetinin jurnalistika
fakültəsində Azərbaycan bölməsi üzrə təhsil
almışam. Təbii ki, 11 il rus
bölməsində oxuyanlar üçün Azərbaycan
bölməsi üzrə ali təhsil almaq çox çətindir.
Ancaq çətinliklərin öhdəsindən gəldim və
ali təhsilimi uğurla başa vurdum. BDU-da oxuduğum illərdə bir neçə qəzetlə
əməkdaşlıq etmişəm. Bəzi
mətbuat orqanlarının ştatdankənar müxbiri
olmuşam. 2002-ci ildə ali məktəbi
bitirdikdən sonra əsgərliyə getdim. Hərbi
xidmətimi başa vurduqdan sonra bir müddət başqa sahələrdə
işlədim. 2004-cü ildə
"ANS" telekanalında işə başladım. Daha sonra "Bürc FM" radiosunda işləmişəm.
Oradan "Xəzər" TV-yə, daha sonra
"ATV"yə keçmişəm. Telekanallardakı
fəaliyyətim dövründə müxbir, telejurnalist və
teleaparıcı olmuşam. Bu ilin aprel
ayından isə "Azəryolservis"də mətbuat xidmətinin
rəhbəri kimi fəaliyyət göstərirəm.
- Yol təsərrüfatı
ixtisasına və əvvəlki fəaliyyət sahələrinə
aid olmadığı üçün "Azəryolservis"də
mətbuat xidmətinin rəhbəri işləmək sənin
üçün çətin deyilmi?
- (Gülür) Haqlısınız. İnsan birdən-birə
qeyri-ixtisas və yad bir sahədə fəaliyyətə
başlayanda çox çətinliklərlə üzləşir.
Etiraf edim ki, bu, mənim üçün
çox çətin oldu. Çünki
yol təsərrüfatı ilə bağlı terminləri,
texniki göstəriciləri və digər məlumatları
yaxşı bilmirdim. Onları əzbərləməklə
yanaşı, həm də nə olduğunu bilmək lazım
idi. Yəni nəzəri biliklə
yanaşı, praktiki təcrübə də tələb
olunurdu. Ona görə də gecə-gündüz
çalışdım. Bütün
vaxtımı öz sahəm üzrə nəzəri və
praktiki biliyimi artırmağa sərf etdim. Hazır
materiallara baxmaqla, bu iş mənim üçün yetərli
ola bilməz. Məni iş yerimdə,
şəxsi kabinetimdə tapmaq çox çətindir. Çünki yol tikintisi, həmçinin əsaslı
və cari təmir aparılan yollarda çox oluram. Orada apardığım müşahidələr və
mühəndislərlə söhbətlərim,
sorğu-suallarım nəticəsində çox şey
öyrənirəm. Bütün bunlar mətbuat
xidmətinin rəhbəri kimi mənim ayrı-ayrı media
orqanları nümayəndələrinin ünvanladıqları
sualları ətraflı və geniş
cavablandırmağımda yardımçı olur. Öz üzərimdə daha çox
çalışdığım və zəngin təcrübə
toplamağa səy göstərdiyim üçün,
İnşallah, gələcəkdə yol təsərrüfatı
ilə bağlı mənə ünvanlanan bütün
sualları layiqincə cavablandıracağıma əminəm.
- Bəzi həmkarlarım səni
keçmiş jurnalist, indiki məmur kimi qələmə
verirlər. Bu məsələyə münasibətin
necədir?
-
Haqlısınız. Mənim haqqımda vəzifəyə
seçilmiş və məmur kimi ifadələr işlədənlər
oldu. Ancaq mən belə
düşünmürəm. Mən
dövlət qurumunda işləsəm də, yenə də
jurnalistəm. Ömrümün
böyük hissəsini jurnalistikaya həsr etmişəm.
Gündəlik 24 saatımın böyük hissəsini
jurnalistikada keçirmişəm. Jurnalistikanın
mətbəxində əməlli-başlı bişmişəm.
Bütün bunlara görə də
özümü məmur deyil, hələ də jurnalist
sayıram. Çünki işim media
nümayəndələri və ictimaiyyətlə işləmək,
məqalələr yazmaqdır. Öz
sevimli peşəmi çox sevirəm.
- Bəzi mətbuat xidmətlərinin
rəhbərləri KİV-lərdən qaçır,
jurnalistləri informasiya blokadasında saxlayırlar. Sizcə, bu nə ilə əlaqədardır?
- Şəxsən belə bir problemim yoxdur. Mətbuatın
içindən çıxdığım və
jurnalistikanı və jurnalistlərin nə istədiklərini
yaxşı bildiyim üçün çalışıram
ki, mənə ünvanlanan sualların hamısını
cavablandırım. Ancaq bəzi jurnalistlər
var ki, yol təsərrüfatından xəbərsizdirlər.
Həm belələri, həm də bizim sahədən
məlumatı olanlar bəzən ictimai narazılıq və
narahatlıq doğuran, ictimaiyyətdə
çaşqınlığa səbəb olan qeyri-obyektiv və
dəqiqləşdirilməmiş informasiyalarla zəngin
yazılar yazırlar. Məsələn, yazırlar ki,
filan ölkədə, tutaq ki, 1 kilometrlik yolun çəkilişinə
1 milyon dollar pul xərcləndiyi halda, Azərbaycanda 1
kilometrlik yolun çəkilişinə 20 milyon dollar xərclənib
və yeyintilərə yol verilib. Əvvəlcə
bildirim ki, yolların tikintisi daha çox beynəlxalq kredit təşkilatlarının
ayırdıqları kreditlər hesabına aparılır.
Əgər yeyintilər olsa, həmin təşkilatlar
həm bizə, həm də ölkəmizə inanmaz, etibar
etməz və pul ayırmazlar. Digər tərəfdən,
bu cür yazıları yazan jurnalistlər sözügedən
yolların texniki göstəricilərinin, parametrlərinin
eyni olub-olmadığını araşdırmırlar.
Ola bilər ki, xarici ölkədə 1 milyon dollar pul xərclənən
yolun uzunluğu və eni, asfalt-beton örtüyünün
qalınlığı bizim 20 milyon dollar pul xərclədiyimiz
yolun göstəricilərindən az olsun. Eyni göstəricilərə
malik olan yolların tikintisinə çəkilən xərclər
də fərqli ola bilər. Bu,
yeni tikiləcək yolların keçəcəyi ərazinin
coğrafi mövqeyindən, relyefindən və digər
xüsusiyyətlərindən çox asılıdır.
Məsələn, Rusiyada yolun çəkilişinə
20 milyon rubl pul xərcləndi. Amma həmin
yolun keçəcəyi ərazidə
çöküntülər çox olduğundan, yol çəkilməzdən
əvvəl bərkitmə işlərinə 200 milyon rubl sərf
edildi. Yəni bir yolun çəkilişi
220 milyon rubla başa gəldi. Ona görə
də yol təsərrüfatından xəbəri olan və
ya olmayan jurnalistlərə məsləhət görərdim
ki, bu sahədə araşdırma aparmadan yazı
yazmasınlar. Sualınıza gəlincə,
Azərbaycanda xeyli media orqanı, elektron KİV-lər,
telekanallar, radiolar və sair var. Onların hamısının
çoxsaylı suallarını cavablandırmaq bəzən
fiziki və mənəvi cəhətdən
qeyri-mümkündür. Bu baxımdan da
jurnalistlərdən qaçan mətbuat xidmətlərinin və
ictimaiyyətlə əlaqələr şöbələrinin
rəhbərlərini qınamıram.
- Teleaparıcı işlədiyi
dövrdə hər bir xəbəri öz zövqünə
görə tamaşaçılara çatdıran, şən-şux
zarafatları ilə də tanınan və seçilən Anar
Nəcəfli ilə indiki Anar Nəcəfli arasında fərq
varmı?
- Bəziləri
vəzifəyə seçiləndə,
iş yerlərini dəyişəndə xasiyyətlərini də
dəyişdirməyə çalışırlar. Ancaq mən belə insanlardan deyiləm. 10 il əvvəlki Anarla indiki arasında heç
bir fərq yoxdur. Xasiyyətimi,
davranışımı olduğu kimi qoruyub-saxlamışam və
bu, belə də davam edəcək.
- Bəzi mətbuat xidmətlərinin
rəhbərləri ayrı-ayrı sahələr üzrə
hobbiliklə məşğul olurlar. Bəs sənin
hobbin nədir?
- Orta və
ali məktəblərdə oxuduğum illərdə,
necə deyərlər, cavanlığımın qaynayan
çağında, dəliqanlı vaxtımda poeziya sahəsində
özümü sınadım, cızma-qaralar etdim, şeirlər
yazırdım. Sonradan onları cırıb,
tulladım. Etiraf edim ki, indi poeziyadan
çox uzaq bir adamam. Valideynlərim məni
musiqi məktəbində qarmona qoymuşdular. Ancaq həvəsim yox idi. Evdən
musiqi məktəbinə getmək adı ilə
çıxanda yoldaşlarımla vaxtımı
"öldürməyə" gedirdim. Sonradan
valideynlərim mənim bu musiqi növünə maraq göstərmədiyimi
görüb əl çəkdilər. Bir
vaxtlar idmanla da məşğul olmuşam. Amma ali təhsilimi bitirdikdən sonra asudə
vaxtım çox az oldu. Gündəlik əksər
vaxtımı işimlə sərf etdim. Qalan
vaxtlarımı da ailəyə ayırmaqdan hobbiliklə məşğul
olmağa zamanım çatmadı. Onu da
deyim ki, təbiətin çox vurğunuyam. Subay vaxtlarımda respublikamızın
ayrı-ayrı bölgələrində təbiətin
qoynunda olmaqdan çox zövq almışam. Ailə qurduqdan sonra bəzən asudə
vaxtlarımı ailəmlə birlikdə təbiətin
qoynunda keçirməyə üstünlük verirəm.
- Gələcəkdə indiki vəzifəndən
getmək fikrin olsa, fəaliyyətini harada davam etdirmək istərdin?
- Mənim
üçün heç bir fərqi yoxdur. İxtisasca
jurnalistəm və 2004-cü ildən üzübəri
jurnalist kimi fəaliyyət göstərirəm. Təbii ki, ömürlük bu vəzifədə
qalası deyiləm. Nə vaxtsa bu sahədən
ayrılası olsam, yenə də jurnalist kimi işləyəcəyəm.
- Son zamanlar insanlarda sevgiyə inam
azalıb. Bəs səndə necə?
- Bəziləri sevgini təkcə hər hansı bir xanıma olan məhəbbət, ülvi hisslər kimi başa düşür. Lakin bunu qəbul etmirəm. Mənim Vətənimə, xalqıma, ailəmə, bir sözlə, hər şeyə sevgim var. Məncə, insanı yaşadan sevgidir. Məni də sevgim yaşadır. Sevgi olmasa, həyat da olmaz.
- Səni
ağladan sevgin varmı?
- Sevib ailə qurmuşam. Övladım da var. Xoşbəxt olduğum üçün ağladan sevgim yoxdur.
- Ötən il
kinoya da çəkilmisən. Gələcəkdə
özünü aktyor kimi kinolarda, tamaşalarda sınamaq istərdinmi?
-
Keçən il Nail Naiboğlunun
"Biznesmen" filmində baş rollardan birinə, biznesmen
roluna çəkildim. Çəkiliş
uğurla başa çatdı. Rolum da bəyənildi.
Ancaq aktyor kimi fəaliyyət göstərməyi
düşünmürəm.
- "Jurnalistikanın mətbəxində
bişmişəm" dedin. Ev mətbəxi ilə
aran necədir?
- (Gülür) Normaldır. Tələbə
vaxtı qayğanaq, şorba, kartof qızartması, püre,
vermişel və makaron yeməklərini daha çox
bişirirdim. Bişirməyə, yemək
hazırlamağa qabiliyyətim var. Əgər hər hansı
bir yeməyi yanımda bişirsələr, onun bişirilmə
texnologiyasını asanlıqla qavraya və bişirə bilərəm.
- "Səmimi söhbət"
rubrikasında etiraf edəcəyiniz, yaxud oxucularımıza
deyəcəyiniz nələrsə varmı?
- Sonradan
peşmançılıq çəkəcəyim hər
hansı bir işim olmayıb. Ona görə də
vicdanım çox rahatdır. Oxuculara və
hər bir vətəndaşa da cansağlığı
arzulayıram.
Təbriz Vəfalı
Həftə içi.- 2015.- 30
oktyabr.- S.8.