"Bizdən "Qarabağ
bülbülləri"
tələb olunurdu"
Xan Şuşinski adına Ağdam Rayonlararası Muğam məktəbi Şərqin musiqi məktəblərindən biridir. Hazırda məcburi köçkün şəraitində fəaliyyət göstərən bu muğam ocağının başı üstündə çox böyük korifey sənətçilərin, xüsusilə də Xan Əminin ruhu dolaşır.
Xan Şuşunskinin adını daşıyan Ağdam Muğam Məktəbinin bu il 30 illiyi, həmin mədəniyyət ocağının direktoru, Əməkdar Mədəniyyət işçisi, tanınmış tarzən Rafiq Rüstəmovun isə 70 yaşı tamam olacaq.
Xatırladaq ki, Ağdam Muğam Məktəbi Bakıdakı 284 saylı tam orta məktəbin binasında fəaliyyət göstərir. Məktəb rəhbərliyinin gərgin əməyi hesabına burada hər cür şərait yaradıb. Öz səliqə-sahmanı ilə seçilən təhsil ocağının foyesinda məktəbin keçmişini, dünənini və bu gününü təmsil edilən muzey yaradılıb. Həmin muzeydə Xan Əminin büstü də qoyulub. Rafiq müəllimin şəxsi vəsaiti hesabına korifey sənətçilərin portretləri səliqə ilə divardan asılıb.
Məktəbin direktoru Rafiq Rüstəmov "Həftə içi"nin əməkdaşı ilə söhbətində deyib ki, vaxtilə Xosrov Fərəcovun yaratdığı "Şur" ansamblı dünyaya səs salıb. Elə onun özü də həmin ansamblın üzvü kimi burada püxtələşib. Hazırda isə "Şur"un ifaları Televiziya və Radionun Dövlət Fondunda saxlanılır. Onun sözlərinə görə, hazırda respublikanın tanınmış sənətçiləri, xalq artistləri, hətta Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi Ağdam Muğam Məktəbində keçirilən tədbirlərdə iştirak edirlər.
"Balaca bülbüllər" indi
burada yetişir
"Bu yaxınlarda Keçəçi oğlu Məhəmmədin anadan olmasının 150 illik yubileyi bizim məktəbdə keçirildi. Dünyanın 27-dən çox ölkəsini fəth edən "Qarabağ bülbülləri" ansamblı bu məktəbin nəzdində fəaliyyət göstərib və indi də fəaliyyətini uğurla davam etdirir. Bir sözlə, məktəb əvvəlki şöhrəti ilə yaşayır, gənc istedadlıları, yeniyetmələri üzə çıxarır. İndinin özündə də yeniyetmələr formalaşır və "balaca bülbüllər" burada yetişir. Onlardan 13 yaşlarında olan Əli Hacıyev, Rəvan İsmayılov, Gündüz Nəcəfov, Rəsul Quliyev, Lalə Səmədova, Gülnar Tağıyeva, Ruhanə Aslanlı və başqalarını "Qarabağ bülbülləri" ansamblı ilə dünyanın bir çox ölkələrinə dəvət olunurlar. Məktəbin veteranı təcrübəli müəllimi Barat Fərhadovun, eləcə də Mahir Hacıyevin, Baxşeyiş Hüseynovun bu muğam ocağının fəaliyyətində zəhmətləri çox olub" - deyə, Rafiq Rüstəmov əlavə edir.
Əməkdar mədəniyyət işçisi Ağdam Muğam Məktəbinin yaranması tarixçəsindən də söz açır. Rafiq Rüstəmov söyləyir ki, o vaxtlar Qarabağda istedadlıların sayı çox olsa da, heç birinin musiqi savadı yox idi. Bu səbəbdən də onların hərtərəfli savad və musiqi təhsili alması üçün belə bir məktəbin açılması zəruri idi: "Ağdam Rayon Partiya Komitəsinin 1-ci katibi Sadıq Murtuzayev və mədəniyyət naziri Zakir Bağırov rayon ziyalıları ilə birgə məsləhətləşmədən sonra 1985-ci ildə muğam məktəbinin yaradılması məsləhət görüldü. Çünki savadsızlıq nümunəsi hətta tanınmış sənətkarlarda da açıq-aydın görünürdü. Buna misal olaraq, "Yetim seygah", "Həşim segah", "Bic segah" kimi ifadələr tanınmış savadsız sənətkarlar tərəfindən işlənilirdi. Halbuki həmin muğamların özlərinin həqiqi adları vardı. Həm də Ağdam Muğam Məktəbi açılmazdan əvvəl istedadlı uşaqlar ayrı-ayrı kiçik dərnəklərdə fəaliyyət göstərirdilər. Belə şəraitdə həmin dərnəklərin status alması üçün mütləq məktəb lazım idi. Ağdam Muğam Məktəbi açılandan sonra məktəbə böyük axın başlandı. Həmin dövrdə məktəbə, eləcə də nəzdində fəaliyyət göstərən "Qarabağ bülbülləri" ansamblına stastus verildi və istedadlı uşaqlar həmin məktəbə gəldilər".
İkinci "Qarabağ
bülbülləri" necə yarandı?
Yeri gəlmişkən, o dövrdə Ağdamda Murad Rzayevin rəhbərlik etdiyi "Qarabağ bülbülləri" ansamblı da var idi. Xan Şuşinski adına Muğam Məktəbində isə ikinci bir "Qarabağ bülbülləri" ansamblı yaradılnışdı. Rafiq Rüstəmov o dövrdə eyni adda ikinci ansamblın hansı zərurətdən yaradıldığına belə aydınlıq gətirir: "Həmin dövrdə o dərnəkdə iştirak edən "bülbüllər"in yaşı keçid dövrünə düşdüyündən fəaliyyət göstərə bilmirdilər. Nüsrət Kəsəmənli Dövlət Televiziyasında apardığı "Dünyaya pəncərə" verilişində "Qarabağ bülbülləri"nin taleyindən təəssüf hissi ilə danışdı. Dedi ki, "bülbüllər"in taleyi niyə belə oldu - biri vaqonda un daşıyır, biri dəmirçixanada dəmir döyür. Bu fikri eşidən Ağdam Mədəniyyət Şöbəsinin sabiq müdri Çimnaz Əliyeva məni yanına dəvət edib dedi ki, Nüsrət Kəsəmənli belə bir mesaj verib, respublikda bizdən "Qarabağ bülbülləri"ni tələb edir. Ona görə də Xan Şuşinski adına Muğam Məktəbində yaratdığın bu kollektiv də "Qarabağ bülbülləri" adı ilə fəaliyyət göstərməlidir. Mən isə əvvəlcə bu təklifi qəbul etmədim. Ona görə ki, 1986-cı ildə yaratdığım "İlk qaranquşlar" adlı ansamblım vardı. Həm də Çimnaz Əliyeva məni 1-ci katib Sadıq Murtuzayevin yanına aparıb dedi ki, bizdən "Qarabağ bülbülləri" tələb olunur, indi onların yaş dövrü keçdiyi üçün səsləri işləmir. Hazırda bütün istedadlılar da Muğam Məktəbinə gəlir, odur ki, fərq etməz, istər dərnəkdə olsun, istərsə də Muğam Məktəbində, bizdən "Qarabağ bülbülləri" tələb olunursa, artıq məktəbin nəzdində yaratdığın ansambl bundan sonra "Qarabağ bülbülləri" adı ilə fəaliyyətini davam etdirməlidir. Rayon rəhbərliyinin göstərişindən sonra 1986-cı ildən bu günə kimi həmin ansambl uğurla fəaliyyət göstərir".
Sağlığında
qiymət verək insanlara...
Rafiq Rüstəmov Mədəniyyət Nazirliyinin mətbu orqanı olan "Mədəniyyət" qəzetinin 1998-ci il dekabr tarixli sayında "Hardasan, "Qarabağ bülbülləri" başlıqlı məqaləni də xatırladır. Onun sözlərinə görə, həmin yazıda "Qarabağ bülbülləri"nin tarixçəsindən geniş bəhs olunur. Direktor təəssüf hissi ilə vurğulayır ki, Ağdam Rayonlararası Muğam Məktəbi yaranması ilə bağlı tarixi həqiqətlər təhrif olunur. Onun sözlərinə görə, Sadıq Murtuzayevin dövründə Xan Şuşinski adına Ağdam Rayonlararası Muğam Məktəbi yarandığı halda, iki il bndan öncə Baxşeyiş Abbasoğlunun redaktorluğu ilə çap olunmuş "Ağdam" qəzetinin xüsusi buraxılışında, rayon haqqında yazılmış "Ağdam" kitabında və videodiskdə Muğam Məktəbinin yaranma tarixi təkrarən təhrif olunub: "Yəni məktəb 1985-ci ildə açıldığı halda və həmin tarixdən bu günə kimi də Rafiq Rüstəmov həmin məktəbə rəhbərlik etdiyi halda, 1983-cü il tarixi ilə göstərilib. Muğam Məktəbinin direktorunun isə guya, Şahmalı Kürdoğlu olduğu yazılıb və məlumat beləcə də içtimaiyyətə təqdim edilib. Amma bu işdən Ağdam rayon Mədəniyət və turizm şöbəsinin hələ də xəbəri yoxdur".
Rafiq Rüstəmov deyir ki, muğam sənətinin inkişafındakı xidmətlərinin dəyərləndirilməməsindən də gileylənir. Deyir ki, indiyədək muğam sənətinin inkişafına bir ömür qədər vaxt və əmək sərf etməsinə rəğmən, onun dəyərini Allahdan başqa bir kəs verməyib: "Sovet dönəmində fəaliyyətim qiymətləndirildi və mənə "Əməkdar Mədəniyyət İşçisi" fəxri adı verildi. O dövrdə hər kəsə belə bir yüksək ad verilməzdi. Mən çox istəyərdim ki, mədəniyyət sahəsi ilə məşğul olan tədqiqatçılar mənim arxivimlə də gəlib tanış olaydılar. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raquf Məmmədov hələ rayon komsomol komitəsinin 1-ci katibi işləyən dövrlərdən məni tanıyır. Ağdama başçı təyin edildikdən sonra mənimlə, eləcə də rayon ziyalıları ilə görüşlərində mənim uzunmüddətli zəhmətimi dəyərləndirərək dedi ki, Rafiq müəllimin Ağdamın musiqi tarixində sizin əvəzsiz xidmətləriniz çoxdur. Dedi ki, 2015-ci ildə mənim 70 illik yubileyimi, eləcə də Muğam Məktəbinin 30 illiyini keçirəcəyik. Mən isə Ağdam ziyalıları qarşısında mənə dəyər verdiyi üçün başçıya təşəkkür etdim. Necə olur ki, rayonun yeni təyin olunmuş icra başçısı cəmi 3 ay işlədiyi dövrdə hər bir kəs haqqında dərindən maraqlanıb ona dəyər verirsə, onilliklər boyu işlədiyimiz rayon rəhbərləri gördüyümüz işlərin dəyərini qiymətləndirməyiblər".
Qələndər
Xaçınçaylı
Həftə içi.- 2015.- 8
yanvar.- S.7.