Yaqub: "Ağrılarım
özləri də bir mövzudur"
Azərbaycanın xalq şairi Zəlimxan Yaqub bu gün
65 yaşını qeyd
edir. 65 yaşını hər iki böyrəyini itirərək, xəstə
yatağında qarşılayan
sənətkar könlümüzü
qırmayıb, suallarımızı
cavabladı
Milli.Az xəbər verir ki, atvxəbər.az-a danışan Zəlimxan Yaqub ömrünün
65-ci baharının səhifəsini
vərəqlədi:
- Zəlimxan müəllim
biz sizi təbrik edirik. Allahdan sizə uzun
ömür, can sağlığı
arzu edirik. Ömrün bu çağında, bəs siz özünüzə
nə arzu edirsiniz?
- Can sağlığı! Ömürü deyə bilmərəm,
Allah nə yazıb, odur. Can sağ
olanda hər şey yaxşı olur, insan rahat
olur. Əsas canım sağ
olsun, qalan şeylər, düzələn
şeylərdir.
- Səhhətiniz necədir?
- Gah yaxşı oluram, gah pis
oluram. İndi yaxşıyam, şükür.
- Yoxlamaya getməliydiniz bu yaxınlarda...
- Getdim, gəldim. Bir az düzəlmişəm. Müalicə edirlər, dava-dərmanla yaşayıram.
- Xəstəliyiniz ilham pərinizə təsir etmir ki?
- Qətiyyən! Əksinə. Ağrılarım özləri də
bir mövzudur. Şair üçün ağrılar
da, acılar da, həkim də mövzudur. Mənimlə bağlı
narahatlığa da dəyər, rahatlığa
da! Məni yaşadan kitablarım,
nəvələrim, oğlanlarım,
qızlarım, onların
diqqəti, sevgisidir.
- Sonuncu şeirinizi nə vaxt yazmısınız?
- 2 gün bundan öncə...
- Oxucular üçün bircə bənd rica etsək, həmin şeirdən deyə bilərsinizmi?
(Sənətkarın şeirini
müsahibənin sonundakı
videoda dinləyə bilərsiniz-red)
- Müsahibələrinizdə deyirdiniz
ki, şair həmişə sevir. Hələ də sevgi varmı?
- Həmin sevgidir, həmin məhəbbətdir,
həmin ürəkdir,
həmin ruhdur, həmin düşüncədir.
Bədən insana namərdlik
etsə də, ruh eləmir. Yaddaş, ruh mənə sadiqdir, onlar mənə xəyanət eləmir.
- Dəyişən nədir?
- Dəyişən yaşdır.
Dünən 60, bu gün 65...
- Zəlimxan müəllim, keçən günlərinizi
qaytarsaydılar, bu gününüzü qurban
verərdinizmi?
- Yox. Çünki mən yaxşı
ömür yaşamışam.
Yaxşı kişilər, gözəl
üzlər, savadlı
alimlər, istedadlı
insanlar görmüşəm.
Yaxşı gün görmüşəm,
bütün dünyanı
gəzmişəm. Onları heç
nə ilə əvəzləmək olmaz.
- Azərbaycan Respublikası
1-ci, 2-ci çağırış Milli Məclisinin deputatı oldunuz. O kürsü
üçün darıxmırsınız
ki?
- Darıxmıram. Çünki mən yenə
özümü deputat
hesab edirəm. Çünki xalqın içindəyəm,
insanların arzu-istəklərini
yerinə yetirirəm.
Sağ olsun, heç kəs sözümü yerə salmır.
- Millət vəkili olmaq Zəlimxan
Yaqub üçün
nəyi dəyişdi?
- Dünyagörüşümdə genişlik yarandı. Dünyanı gəzdim. Dünyada böyük
şəxsiyyətlərlə görüşdüm. Türk dünyasının
dövlət başçıları
ilə görüşdüm.
Allah rəhmət eləsin Heydər Əliyevə, onun sayəsində bu işləri gördüm.
Həftə içi.- 2015.-
22 yanvar.- S.8.