Qəhrəman şəhidin alın
yazısı
Xatırladaq ki, Əlvan gizir kimi orduda xidmət edirdi. Həm də gözəl snayperçi idi. Onun rəhbərlik etdiyi kəşfiyyat qrupunun apardığı əməliyyat uğurla nəticələndi. Aprel ayının 4-də Lələtəpə yüksəkliyi uğrunda gedən qanlı döyüşdə ordumuz düşmənin canlı əsgər və texnikasını məhv edərək, adıçəkilən yüksəkliyi ələ keçirib, Azərbaycanın üçrəngli bayrağını ora sancdılar. Təəssüflər olsun ki, həmin döyüşdə Əlvan qəhrəmanlıqla şəhid olub, Tanrı dərgahına ucaldı. Şəhidin nəşi doğma ata yurdu olan Füzulidə torpağa tapşırıldı.
Artıq Əlvan Hüseynovun ölümündən 18 gün keçir. On səkkiz gündür ki, atası Qafar kişinin evində matəmdir.
Əmisi Əli Hüseynov ürək ağrısı ilə “Həftə içi”nə danışdı:
– Əlvan çox keçməkeşli, çətin günlər görsə də, anasız yaşasa da, həmişə deyib-gülməyindən, zarafatından qalmırdı. Bir dəfə ona dedim ki, “Əlvan, artıq böyümüsən, Vətənə borcunu vermisən, gəl sənə toy edək”. Dedi: “Əmi, qız tapmışam, hələ vaxtı deyil, qoy, torpaqlarımızı azad edək, gedək Qarxunbəyliyə, orada mağar qurub toy edərik. İstədiyim qız çox ağıllıdır, o məni gözləyəcək”.
Gözlərinin yaşını saxlaya bilmədi Əli kişi. Bir az toxtayandan sonra, dəsmalı ilə göz yaşlarını silib söhbətini davam etdirdi. O danışmırdı, içində bir qardaş balasının itkisinə yanırdı. Yana-yana da dərdlərini ovundurur və masanın üstünə sərgilənən Əlvan Hüseynovun şəkillərinə baxa-baxa təsəlli alırdı:
- O, 1994-cü ildə Ukrayna Respublikasının Dneprepetrovsk şəhərində dünyaya göz açıb. Bir yaşında olarkən anasını itirib. Atası Qafar kişi onu rayona gətirib. Anam Gülbəyim və kiçik bacım Naridənin himayəsi altında böyüyürdü. Bir əmi kimi, mən də tez-tez gedib ona baş çəkərdim. Əlvan Füzulu rayonunun Zobcuq 5 saylı qaçqınlar yaşayan qəsəbəsində fəaliyyət göstərən köçkün tam orta məktəbində orta təhsil alıb. Əlvan yetimliklə böyüdü, boya-başa çatdı. Ana nəvazişi görmədi, hələ körpə ikən beşiyində ana laylası eşitmədi. Nənəm və bacım ona nə qədər nəvaziş göstərsə də, bir ana əlinin sığalını verməzdi. Onun gözlərində bir ana nisgili vardı. Bu nisgillə də böyüdü, boya-başa çastdı Əlvan. Uşaqlıq illərindən onun arzusu hərbçi olmaq idi. Elə bu arzu ilə də zaman-zaman boy atıb-böyüyürdü Əlvan. Deyərdi: “Əmi, mən böyüyəndə hərbçi olacağam, ata yurdu olan Füzulini, Qarxunbəyli kəndini azad edəcəyəm”. Hələ uşaqlıq illərindən qorxmaz, cəsur böyümüşdü. Tanrı onu əsgər böyütmüşdü. Hələ 8-ci sinifdə oxuyanda Əlvan bizə gəlib dedi ki, Heydər Əliyev adına Hərbi Məktəbə sənədlərimi vermək istəyirəm. Çox sevindim və Əlvanı götürüb hərbi məktəbə getdim. Amma gec getdiyimizə görə, sənədləri götürmədilər.
Orta məktəbi əla qiymətlərlə oxuyardı, müəllim və şagirdlərin böyük hörmətini qazanmışdı. Əlvan hər yerdə, hər evdə bir iz qoyub – elə bizim evimizdə də. Gözlərimin önündən onun gülərüz baxışları, xəyalı canlanır, ayaq səsləri eşidilir.
Orta məktəbi bitirəndən sonra, ilyarım Sərhəd Qoşunlarında xidmət etdi. Hərbi xidməti başa vurduqdan sonra, onu Bakıya, öz yanıma gətirdim və Suraxanı rayonunda işə düzəltdim. Amma çox narahat idi. Çünki hərbçi olmaq istəyirdi, döyüş bölgəsi onun yolunu gözləyirdi. Ona görə də Əlvan Füzuli Rayon Hərbi Komissarlığına gedib ərizə verdi və könüllü müddətdən artıq hərbi xidmətə yazıldı. Gizir rütbəsi ilə orduda xidmət etdi. Manqa komandiri kimi əlində snayper kəşfiyyata gedərdi.
...Füzulu ərazisində cəbhə bölgəsində soyuq səngərlərdə yağı düşmənlə üz-üzə dayanmışdılar. Cəsur döyüşçü idi Əlvan. O döyüşməyə, şəhid olmaya bilməzdi. On səkkiz gündür ki, aramızda yoxdur. “Ölümündən 12 gün əvvəl məzuniyətə buraxılmışdı”, – deyən atası Qafar kişi bala itkisinə, oğul dərdinə dözmürdü. Ağrılarını içində çəkə-çəkə dedi: “Oğlumun şəhidliyi ilə qürur duyuram. O, mənim başımı dik tutdu və Vətən yolunda, Torpaq uğrunda şəhid oldu. Bu gün Əlvanın komandirləri onun igidliyindən, cəsurluğundan söhbət açır: “Heç nədən qorxmazdı, verilən əmrlərə canla-başla əməl edərdi” – deyirlər. – “Lələtəpə qələbəsi də Əlvan kimi igid əsgərlərin qanı bahasına əldə dildi. Əlvan kimi oğullarımız Ali Baş Komandana sadiq çıxdılar.
Həmişə deyərdik ki, Əlvan, ehtiyatlı ol, özünü düşmən gülləsindən gözlə. Gülə-gülə cavab verərdi ki, axı, onlar kimdir ki, gülləsi də mənə dəysin?! Həmin günlərdə ona telefon açanda yerini gizlətdi, harada olduğunu bizə demədi...”.
“Bu gün Füzuli Rayon İcra Hakimiyyəti başçısından tutmuş, kənd sakinlərinə kimi, Milli Ordumuzun zabit və əsgərləri gəlib, mənə baş çəıkir, bizi tək qoymur, dərdimizə şərik olurlar. Digər tərəfdən də bizə qayğı göstərilir”, – deyə Qafar kişi söhbəti davam etdirir.
Qafar kişi özünü nə qədər tox tutsa da, amma bacarmırdı, dərdlərinin üstünə yeni bir dərd də gəldi – vətənsizlik və oğul itkisi.
Qafar kişi doluxsunur:
– Oğul dərdinə onda dözmək olar ki, doğulduğumuz Qarxunbəyli kəndi, ata-baba yurdu yağı düşmən tapdağından azad olunsun, şəhid oğulların qanı yerdə qalmasın...
Ailədə iki qardaş olublar. Böyük qardaşı Qulu Hüseynov da orduda xidmət edir. O, qardaşının məzarı önündə and içib dedi ki, son damla qanına qədər döyüşəcək, qana-qan alacaq, ermənilərdən qardaşının, eləcə də şəhidlərimizin intiqamını alacaq: “Biz döyüşə şəhid olmaq üçün yox, öldürmək üçün gedirik”, – belə deyir Əlvanın qardaşı Qulu Hüseynov.
Elza Hüseynova: “Bu gün mən Əlvanın yoxluğuna inanmıram. Elə bilirəm, o, bu saat qapını açıb içəri keçəcək. Mən onun həm bibisi, həm də xalasıyam. O, körpəliyindən anasını ititmişdi, məni isə ana gözündə görürdü. Hər dəfə boynumu qucaqlayıb deyərdi: “Xala, sənə nə alım gətirim? Mən ona qıymazdım, amma baxışlarımdan hər şeyi oxuyurdu və bazara gedib ürəyim istəyən meyvələri alıb gətirərdi. Həmişə könlümü açardı və deyərdi, “Bibi, hazırlaş, bu yaxınlarda elçiliyə gedəcəksən, tezliklə qayınana olacaqsan”. Amma arzusu ürəyində qaldı Əlvanın...”.
Torpaq, uğrunda ölən varsa, Vətəndir. Əlvan işğal altındakı torpaqlarımızın azadlığı uğrunda şəhid oldu. Şəhidlik zirvəsinə yüksələrək, bütün dünyaya bir daha göstərdi – Qarabağ Azərbaycan oğullarının Vətənidir...
Qələndər
Xaçınçaylı
Həftə içi.- 2016.- 21
aprel.- S.4.