Ermənilər Bakını necə ələ
keçirdilər?
Bu gün yenə də Azərbaycanın
paytaxtı Bakı dünyanın diqqət mərkəzindədir.
Birləşmiş Millətlər Təşkilatının
Sivilizasiyalar Alyansının VII Qlobal Forumu öz
işinə başlayır. Müxtəlif ölkə rəhbərləri,
o cümlədən qardaş
Türkiyə Prezidenti R.T. Ərdoğan
paytaxtımıza təşrif buyurur.
Maraqlıdır, bəs bu gün
– 98 il öncə nə baş
verirdi Bakıda? O gündən bu gün üçün
ibrət götürülməli hansı məqamlar var? Nə qədər qəribə olsa da, 1918-ci il aprelin 25-də Azərbaycanın
paytaxtı Bakıda ermənilər bu böyük neft şəhərinin
idarəçiliyini əllərinə keçirməyin
şadyanalığını edirdilər.
Onda azərbaycanlılar, müsəlmanlar burada indiki kimi sərbəst gəzə bilmirdilər. Şəhərin rəhbəri də, komendantı da erməni idi... Həmin gün daşnak ermənilərin Rusiya bolşeviklərinin himayəsi ilə törətdiyi 31 Mart Bakı soyqırımından 1 ay ötməmiş, tarixə “26 Bakı komissarları” kimi düşmüş, tərkibində erməni və rusların çoxluq təşkil etdiyi Bakı Kommunası quruldu. O günlər Azərbaycanın müxtəlif bölgələrində hələ də müsəlman əhaliyə qarşı soyqırımı davam edirdi. Soyqırımın Qafqazdakı əsas ilhamvericisi, təşkilatçı və icraçısı isə qaniçən Stepan Şaumyan idi. Elə rəsmi olaraq Xalq Komissarları Soveti (XKS) adlanan Bakı Kommunası onun rəhbərliyi ilə yarandı.
Bu vaxta qədər Şaumyan Rusiya Bolşevik Partiyasının Qafqazda fövqəladə işlər üzrə icraçısı və Bakı Şurasının sədri idi. Cəmi 5 gün sonra – 30 aprel 1918-ci ildə Şaumyanın başçılıq etdiyi Bakı Kommunası şəhərdə bütün legitim dövlət qurumlarını, o cümlədən Bakı Şəhər Dumasını devirdi.
Komissarların siyahısından bəlli olur ki, onların əksəriyyətini ruslar, ermənilər təşkil edirdi. Bakı Kommunasında cəmi 2 nəfər azərbaycanlı – Məşədi Əzizbəyov, Bakı Quberniyasının komissarı, digəri Mir Həsən Vəzirov — torpaqbölmə üzrə xalq komissarı olduğu halda, bilavasitə eməni ad-soyadlı 7 nəfər var idi. Və siyahıdan da göründüyü kimi, onların əksəriyyəti rəhbər vəzifələrdə idi:
Stepan Şaumyan — Qafqaz üzrə fövqəladə komissar; Bakı Xalq Komissarları Şurasının sədri;
Baqdasar Avakyan — Bakı şəhər komendantı;
Tatevos Əmirov – kavaler dəstənin komandiri;
Arsen Əmiryan – "Bakı fəhləsi" qəzetinin
redaktoru;
Aram Kostandyan – ərzaq üzrə xalq komissarının müavini;
Suren Osepyan – "Bakı Şurasının xəbərləri"
qəzetinin redaktoru;
Armenak Boryan – jurnalist.
Tarixçi Yakov Ratqazauerin fikrincə, kommunada azərbaycanlıların təmsil
olunmamasına əsas
səbəb bolşeviklərin
onlara "inqilabi nöqteyi-nəzərdən yetkin
olmayan kütlə"
kimi baxdıqları idi. Bunda, həmçinin daşnakların çoxluğa
sahib olmaları, hərbi
qüvvələrin 70%-nin
erməni zabiti Z.Avetisyanın əmrində
olmasının da rolu böyük idi. Bakı Kommunası ordusunun
Gəncəyə hücumu
zamanı erməni əsgərlər yerli xalqa çoxlu ziyan vermişdilər.
Nəhayət, Göyçay yaxınlığında
Bakı ordusunun birləşmiş Azərbaycan-Osmanlı
ordusuna məğlubiyyəti
Bakı Kommunasında
xof yaratdı. 24
may 1918-ci ildə Lenin Şaumyana,
mümkünsə, Noy
Jordani ilə ittifaqa girməsini və bu da
alınmasa, diplomatiyaya
əl atmağı tapşırmışdı. Daha sonra
– 3 iyul 1918-ci ildə Stalinə Şaumyanla əlaqəyə girməsini,
ona almanların türklərə qarşı
vuruşmaq təklifini
çatdırmasını tapşırmışdı. Bakıda isə əhval ayrı cür idi. Menşeviklər,
eserlər və daşnaklar ingilis ordusunun köməyinə
arxalanmaq qərarına
gəldilər...
XKS 1918-ci ildə şəhərin
rus və ermənimənşəli əhalisinin
köməyi ilə Qafqaz ordusu yaradaraq,
Bakı şəhərinin
müdafiəsini təşkil
etməyə cəhd göstərirlər. O vaxt azərbaycanlılar şəhərdə
sayca ən çox sayılsalar da, rus və
ermənilər birlikdə
onlardan çox idi. XKS-in məqsədi
Bakını şəhərə
tərəf irəliləyən
Azərbaycan və türk ordusundan müdafiə etmək və şəhərdə
öz hakimiyyətlərini
qorumaq idi. Lakin gözlənilmədən 31 iyul
1918-ci ildə menşevik,
eser və daşnak çoxluq bolşevikləri qovaraq, “Mərkəzi Kaspi” Diktaturasını elan edirlər. Bundan 3 gün sonra
isə general Lionel Denstervil
və onun başçılıq etdiyi
ingilis ordusu Bakıya daxil olur. Bu vaxtlarda
isə bolşeviklər
toplantılar keçirirdilər.
Nəhayət, 12 avqustda bolşeviklər
Həştərxana keçməyi
qərara alırlar.
Lakin şəhərdən qaçış
uğursuz olur və onlar həbs
olunurlar. Onlara qarşı
satqınçılıq, hərbi mülkiyyətin qaçırılması, pulların
hesabatlarının düzgün
aparılmaması kimi
iddialar irəli sürülərək, hərbi
məhkəməyə verilirlər.
14 sentyabrda kommunist
fəallar həbsxana girərək, komissarları
azadlığa buraxmağa
nail oldular.
Komissarlar "Türkmən" buxar gəmisi ilə Bakını Həştərxan
istiqamətində tərk
etdilər. Lakin gəminin idarə heyətində olan menşeviklər onları
Krasnovodska gətirdi və 19 sentyabr 1918-ci il gecəsi
edam olundular. Cəsədləri Bakıya gətirilən
komissarlar 1920-ci ildə
Bakıda dəfn olundular.
1958-ci ildə Bakıda
komissarların dəfn
olunduqları yerdə
heykəl qoyulur. 1968-ci ildə onların "qəhrəman”lığını o dövrdəki respublika rəhbərliyinin səyi
ilə daha da əbədiləşdirmək
üçün heykəlin
ətrafında panteon
tikilir.
SSRİ
dağıldıqdan, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, "26 Bakı komissarları"nın fəaliyyətinə
yenidən qiymət vermək mümkün olur və beləliklə,
erməni-rus komissarlarının
Azərbaycan tarixindəki
rolu aydın olur…
12 yanvar 2009-ci il
tarixində uzun müddət baxımsız
qalan 26 Bakı komissarı heykəli Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə sökülür. Komissarların qalıqlarının başqa
yerı köçürülməsi
zamanı qəbirdə
yalnız 23 nəfərin
cəsədinin olması
aşkarlanır. Cəsədlər arasında Şaumyan və Əmiryanın, həmçinin Avakyanın
qalıqları tapılmamışdır.
Bu isə həmin
şəxslərin qaçması
haqqında məlum olan şayiələrin heç də əsassız olmadığını
deməyə imkan verir.
Tanınmış tarixçi, Tarix
İnstitutunun direktoru,
deputat Yaqub Mahmudov Stepan Şaumyan və 26 Bakı komissarları barədə maraqlı faktlar açıqlayır:
“Yeni aşkar olunmuş arxiv sənədləri sübut
edir ki, sovet tarix elminə
ən ardıcıl bolşeviklərdən biri
kimi daxil edilən Stepan Şaumyan, əslində, erməni millətçilərinin
ən ifrat və ən iri terrorçu təşkilatı olan
"daşnaksütyun" partiyasının üzvü
olmuşdur. Bunu Tiflis Quberniya Jandarm
İdarəsinin 1908-ci ilə
aid məxfi agentura məlumatının əks
olunduğu arxiv sənədi çox aydın sübut edir. Həmin sənədə görə,
Stepan Şaumyan "daşnaksütyun" partiyasının
Bakı Komitəsinin üzvü idi (Azərbaycan Respublikası
Prezidentinin İşlər
İdarəsi Siyasi Sənədlər Arxivi
(ARPİİSSA), f.276, s.8, iş. 412,
v.4-5.).
Göründüyü kimi, üzdə bolşevik olan Stepan Şaumyan, əslində, "daşnaksütyun"
partiyasının rəhbərlərindən
biri olmuşdur. Həmçinin elə həmin arxiv sənədində qeyd edildiyi kimi,
Şaumyan hələ
1910-cu ildə daşnak
partiyası üzvlərinin
Bakıya toplanmasına
və burada işə düzəldilməsinə
yaxından köməklik
göstərmişdir (yenə
orada.).
Arxiv sənədləri daha dərindən araşdırıldıqca
və elmi-tədqiqat dövriyyəsinə yeni-yeni
sənədlər daxil
olduqca aydın olur ki, soyqırımı
cinayətkarlarının - "26 Bakı komissarları"nın tarixi qəsdən və xüsusi məqsədlərlə
təhrif olunmuşdur.
Və Azərbaycan xalqına uydurmalarla, dolaşıq məsələlərlə dolu
olan saxta bir tarix təqdim
olunmuşdur. Bunu,
ilk növbədə, Sahil
bağındakı "26-lar"a aid məzarlıq köçürülərkən, oradan 26 deyil, 23 cəsədin qalıqlarının
aşkar olunduğu sübut etdi.
Bu zaman təcrübəli
mütəxəssislərin keçirdikləri məhkəmə-tibbi
ekspertizasının nəticəsi
onu da aydın
sübut etdi ki, yaş həddinə
görə cəsədi
aşkar olunmayan 3 nəfərdən biri məhz Stepan Şaumyandır. Bu baxımdan,
bəzi arxiv sənədləri də xüsusi maraq doğurur. Məsələn, "26-lar”ın güllələnməsi
ərəfəsində "Şaumyan və digər hərbi əsirlərin müttəfiqlər
missiyasının üzvləri
ilə dəyişdirilməsinə"
cəhd göstərilməsini
arxiv sənədləri
də təsdiq edir. Yeri gəlmişkən, müəyyən məlumatlara
görə, bu "dəyişdirmə" əməliyyatının
ideya müəllifi məhz Şaumyanın özü olmuşdur.
Arxiv araşdırmaları
zamanı Stepan Şaumyanla bağlı aşkar olunmuş bir sənəd xüsusi maraq doğurur. Məlum olur ki, "26 Bakı komissarları"nın güllələnməsindən
(20 sentyabr 1918-ci il) sonra, yəni, 1918-ci il sentyabrın 20-dən oktyabrın 1-dək 10 gün
ərzində Stepan Şaumyana Krasnovodsk həbsxanasında qida verilmişdir. Maraqlıdır ki, qida verilən məhbusların
adları və soyadlarının siyahısında
Stepan Şaumyandan sonra adı göstərilən ikinci məhbus Anastas Mikoyandır. Fikrimizcə, bu, çox ciddi sənəddir. Həmin sənəd, ən azı, Stepan Şaumyanın "26-lar"la birlikdə güllələnmədiyini
çox aydın sübut edir.
Bütün yuxarıda göstərilənlərlə
yanaşı, həbs
olunmuş "26-lar"la ingilis
kəşfiyyatının maraqlanması
tarixi həqiqətdir. İngilislər
"26-lar”ı ələ
keçirib, Hindistana aparmaq niyyətində idilər. Diqqət cəlb edən
bir maraqlı məqam da budur
ki, ingilis komandanlığını o zaman
ən çox Şaumyan və Caparidze maraqlandırırdı.
Bütün bunlar, xüsusilə də, Anastas Mikoyanın, həmçinin onun oğlu Serqo Mikoyanın, guya, Dehli arxivinə müraciət etmələri
və burada
"26-lar"la bağlı heç bir sənədin olmaması barədə yalandan verdiyi "açıqlama”lar
"26 Bakı komissarları"
adlandırılan soyqırımı
cinayətkarları barədə
elmi axtarışların
davam etdirilməsinin zəruri olduğunu göstərir...”.
Dövlət başçısı İlham Əliyevin 14 oktyabr 2010-cu il tarixli çıxışındakı bu fikirlər xüsusilə diqqətəlayiqdir: “Azərbaycan xalqının qanını axıdan şaumyanlar və onun kimi qəddar erməni cinayətkarlar Azərbaycanda qəhrəmanlar kimi təqdim olunurdu. Onların şərəfinə abidələr ucaldılırdı. Siz bilirsiniz ki, Bakının mərkəzində 26 Bakı komissarlarının şərəfinə abidə ucaldılmışdı. Mən göstəriş verdim ki, o abidə sökülsün, dağıdılsın. Mən göstəriş verdim, şəxsən! Ancaq necə?! Göstəriş verdim ki, Elmlər Akademiyasının, Səhiyyə Nazirliyinin nümayəndələri, din xadimləri orada basdırılmış cəsədlərin başqa yerə köçürülməsi ilə bağlı tədbirlər görsünlər. Halbuki vaxtilə orada basdırılmış adamlar azərbaycanlılara qarşı qəddarlıq törətmişdilər. Biz yenə Azərbaycan xalqına xas olan dözümlülük, mədəniyyət, tolerantlıq nümayiş etdirdik və orada basdırılmış cəsədləri başqa yerə hörmətlə köçürdük. Ancaq o tarix daha Azərbaycanda olmamalıdır...”.
Bu gün, işğal altındakı Qarabağ torpaqlarının taleyinin həlli istiqamətində həm hərbi, həm siyasi-diplomatik addımların atıldığı, cəbhədə şəhidlər verdiyimiz gərgin bir vaxtda, paytaxtımız Bakını da hər cür yeni təxribatlardan qorumaq üçün ayıq olmalıyıq. Həm də ona görə ki, biz nə qədər ədalətli, dözümlü xalqıqsa, daşnak erməni həyasızlığının da bir o qədər həddi-hüdudu yoxdur. Onların arasında Bakıya qayıdıb özlərini deputatlığa, prezidentliyə namizəd vermək xülyasında olanlar belə var. 1918-ci ilin qanlı Bakı “şirə”si hələ də daşnakların dişinin dibində qalıb. Və Qərbi Azərbaycanda, İrəvanda bircə azərbaycanlı da qalmadığı halda, paytaxtımızda 30 minə yaxın erməni qalır...
Onu da unutmayaq ki, 15 sentyabr 1918-ci ildə daşnak tör-töküntülərini Bakıdan Nuru Paşanın başçılıq etdiyi Azərbaycan – Türk Ordusu qovdu. Bu gün Qarabağın işğalçı ermənilərdən qurtulması üçün də yenə bu qardaş birliyinə ehtiyac duyulur...
Sultan Laçın
Həftə içi.- 2016.- 26
aprel.- S.4.