“Ümrə ziyarətinə gedən zəvvarları
Azərbaycana gətirmək istəyirik” -
Bu insan olduqca şəndir,
mehriban və söhbətcildir. Söhbət
İndoneziyanın Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Hüsnan Bəy Fananidən gedir.
Çoxdan istəyirdim onunla görüşüb, müsahibə
edim. Amma bu yaxınlarda Bakıda keçirilən
İndoneziya Mədəniyyəti festivalından sonra istəyimi
qətiləşdirməyə qərar verdim. Mədəniyyətdən
təhsilə, iqtisadiyyatdan ticarətə, turizmdən hərbi
əməkdaşlığadək bütün sahələrdə
söhbətləşdik. Çox nikbindir, inkişafa və
yüksəlişə inanır, gələcəkdə
İndoneziya ilə Azərbaycan arasında əlaqələrin
qat-qat genişlənəcəyini deyir və əlbəttə,
bunun üçün var qüvvəsi ilə
çalışır...
Çox
danışmayacağam, səfir Hüsnan Bəy Fanani ilə
misralara çevrilən müsahibəmizi özünüz
oxuyub, qiymətləndirin:
- Bakıda keçirdiyimiz
İndoneziya Mədəniyyəti festivalının məqsədi
ölkəmizin milli mədəniyyətini tanıtmaq idi.
İndoneziya milli məhsullarının nümunələri sərgilənən
tədbirdə iştirak eləmək üçün
Bakıya 100-dən çox qonaq da gəlmişdi ki,
onların da əksəriyyəti, xüsusilə də turizm sektorunu təmsil edən iş adamları
idi. Başqa sahələrdən infrastruktura sərmayə
qoyuluşu bölməsinin, ticarət, qida sektoru, mebel və
avadanlıq sənayesinin nümayəndələri, palma yağı isteksalçıları və
sair gəlmişdi.
- Azərbaycanlı tərəfdaşları
ilə görüşüb-danışa bildilərmi?
- Əlbəttə, hətta Business Meeting – yəni
işgüzar görüş də keçirildi. Görüş
çərçivəsində iki ölkənin təhsil
müəssisələri arasında anlaşma da imzalandı.
Bundan başqa, İndoneziyanın din sektorunun
nümayəndələri də Bakıda idilər və onlar
multikulturalizm sahəsində Azərbaycandan olan tərəfdaşları
ilə razılaşmaya imza atdılar. Ticarət
sahəsində də bir neçə razılıq əldə
olunub, yekun danışıqlar gedir.
- Konkret hansı məsələlər
üzrə razılaşma imzalanıb?
- Turizm
agentliklərinin əməkdaşlığı, kargo yüklərin
daşınması, ərzaq məhsullarının
satışı, toxuculuq malları və parça ticarəti
barədə razılığa gəlinib.
- İndoneziyanın Azərbaycanda
birbaşa və ya müştərək istehsal sahələri
yaratmaq planları varmı?
- Bu barədə
təkliflərimiz ortadadır, artıq Azərbaycan tərəfinin
nə qərar verəcəyini gözləyirik. Təkliflərimiz ilk növbədə hava
yolları şirkətləri arasında əlaqələrin
yaranmasını nəzərdə tutur. Hansı
ki, məsələn, Türkiyə, Fransa, Çin və sair
ölkələrin hava yolları şirkətləri ilə
belə əlaqələr mövcuddur. İndoneziya
tərəfi olaraq biz açığıq, hər şey Azərbaycanın
qərarından asılıdır.
- Səfir olaraq bu xoş niyyətlər
barədə Azərbaycan tərəfi ilə şəxsən
danışmısınız?
- Əksəriyyəti barədə
şəxsən müzakirələr aparmışam, hətta
bəzi planlarımla bağlı cənab prezidentə də
müraciət ünvanlamışam. Bayaq dediyim kimi, biz əməkdaşlığa
tam qüvvəmizlə açığıq. Təəssüf ki, bəzi hallarda Azərbaycan tərəfi
gözləntilərimizi müsbət qarşılamır.
Məsələn, İndoneziya Azərbaycan vətəndaşları
üçün 30 günlük pulsuz viza verir. Hansı ki, rəsmi Bakının da İndoneziya vətəndaşları
üçün belə bir qərar verməsini gözləyirik.
Qeyd edim ki, Azərbaycana gəlmək istəyən
indoneziyalılar viza məsələsinə görə
çox əziyyət çəkirlər.
- Biz tərəf nə deyir,
vizanı götürmək barədə istək varmı?
- Cənab
prezidentlə, eləcə də mədəniyyət və
turizm naziri ilə görüşdə demişdilər ki, bu
ilin sonunadək vizayla bağlı qərar verəcəklər.
Amma son məlumata görə bu məsələyə
2017-ci ilin əvvəllərində baxılacaq. Ona görə də bizə gözləmək
qalır. əslində gözləmək
vaxt itkisidir, bu işi bacardığımız qədər
tezləşdirməliyik. Çünki ticarət
əlaqələri sürətlə genişləndirilməlidir.
- Nə
vaxtsa mümkündürmü ki, biz zəngin və
böyük iqtisadiyyatı olan İndoneziyanı Azərbaycanda
iş quran 4-5 ən aktiv ölkənin sırasında görək?
Gözəl mebelləriniz, keyfiyyətli toxuculuq məhsullarınız
var, dünyada bənzərsiz palma
yağı istehsal edirsiniz, bazara
çıxardığınız qəhvəyə isə
söz ola bilməz. Deməli, Azərbaycan bazarına daxil
olmaq üçün potensialınız çox
böyükdür...
-
Əslində indinin özündə də İndoneziyadan Azərbaycana
müəyyən həcmdə mebel və avadanlıq, qiymətli
ağac məhsulları, parket, hətta xam palma
yağı ixrac olunur. Sadəcə,
bütün bu məhsulların həcmi çox
aşağıdır və çalışıb ticarəti
artırmalıyıq. Hətta bazarda
alternativ sahələr də tapmalıyıq.
- Məsələn...
- Azərbaycan
idman yarışları keçirilən ölkədir,
İndoneziya isə beynəlxalq idman tədbirlərində
geyilən geyimlərin istehsalçısı. Yəni
idmançıların geyindiyi paltarlar, ayaqqabılar və
sair İndoneziya məhsuludur. UEFA
çempionatlarında, İspaniya Liqasında, Braziliya
oyunlarında oynanılan topları İndoneziya istehsal edir.
Ölkəmiz yüksəkkeyfiyyətli cinsi ilə də məşhurdur
və deyim ki, artıq iş adamlarından biri bu geyimlərin
alınıb Azərbaycana gətirilməsi üçün
razılaşma imzalayıb.
- Amma razılaşaq ki, ölkələrimiz
arasında birbaşa hava yolunun olmaması əlaqələrin
inkişafı qarşısında maneədir...
-
Çalışırıq ki, Azərbaycan və
İndoneziyanın hava yolları şirkətləri
arasında birbaşa əlaqə qurulsun, amma hələlik,
müsbət nəticəsi yoxdur. Hazırda
gediş-gəliş İndoneziyadan Qətərin paytaxtı
Doxa və ya İstanbul vasitəsilə reallaşır. Ona görə də indoneziyalı turistlərin əksəriyyəti
məhz Türkiyəyə səfər edir. Düşünürəm ki, birbaşa hava yolu
açılsa bura gələnlərin sayı qat-qat artacaq.
Məsələn, mədəniyyət
festivalına gələn 150 nəfərdən 70-i tur-agentliklərin
nümayəndələri idi. Onların məqsədi
Ümrə ziyarətinə gedən indoneziyalıların bu
müqəddəs səfərdən sonra Azərbaycana gəlişini
təşkil eləmək idi.
- Necə bilirsiniz, indoneziyalı
turistlərin çox yox, bir faizini Azərbaycana cəlb eləmək
mümkündür?
- Daha
çoxu gələ bilər. Baxın,
İndoneziyanın 270 milyon nəfər əhalisi var ki, hər
gün iki min nəfəri Ümrə ziyarəti
üçün Səudiyyə Ərəbistanına
uçur. Gündəlik iki min nəfər
isə ildə 7 milyondan çox turist deməkdir. Bu qədər insanı Ümrə ziyarətindən
sonra Bakıya gətirmək mümkün olsa bütün Azərbaycan
dolacaq. Çünki indoneziyalı zəvvarlar
adətən ziyarətdən sonra Türkiyə, İordaniya və
sair kimi ölkələrə gedərək, gəzib, istirahət
edirlər. Azərbaycan yaxındır və
burada sabitlik, tam təhlükəsizlik mövcuddur. Belə olan halda onlar nəyə görə Azərbaycana
gəlməməlidirlər? Hazırda
çalışıram ki, həmin turistlər gəlib Xəzər
dənizinin mirvarisi, Nəbi peyğəmbərin, Nizami kimi
dahilərin qədim yurdu olan Azərbaycanı görsünlər.
Hətta Ümrə ziyarətinə gedən
indoneziyalılardan gündə iki yüz nəfəri Azərbaycana
gəlsə belə, hiss edəcəksiniz ki, onlar digər
ölkələrdən gələn turistlərdən daha
çoxdur.
- Onlar da ölkələrinə
dönəndən sonra burada gördükləri barədə
danışacaqlar və başqalarında da Azərbaycanı
görmək həvəsi oyanacaq...
- Bəli
elədir. Amma istəyirəm ki, azərbaycanlı
turistlər də İndoneziyaya səfər edərək, onun
rəngarəng gözəlliklərini görsünlər.
- Bunun üçün ölkələrimizin
qarşılıqlı tanıdılması vacibdir. Məsələn,
hər il İndoneziya və Azərbaycanın
bütün sahələrini əhatə edən şirkətlərin
nümayəndələrinin iştirakı ilə Bakıda və
Cakartada biznesforum keçirilsə, tur-agentlik təmsilçilərinin
qarşılıqlı səfərlərinin təşkil
edilsə əla nəticə verər. Bu
yönümdə nəsə etmək fikriniz var?
- Nəinki
fikrim var, artıq etməyə başlamışam. Bəzi tur-agentliklərin təmsilçilərini Azərbaycana
gətirərək müxtəlif bölgələri gəzdirmişik.
Hətta bir sıra yerli tur-agentliklərlə əməkdaşlığa
dair müqavilə də imzalanıb.
- Təxmini deyə bilərsinizmi, son
bir ildə ölkələrimiz arasında gediş-gəliş
nə qədərdir?
-
Gediş-gəliş adətən İndoneziyadan Azərbaycana
gələnlərin hesabına artmaqdadır. Bu il
təxminən 800 indoneziyalı Azərbaycana gəlib. Buradan İndoneziyaya isə təxminən 70-100 nəfər
arasında turist gedib.
- Bayaq qeyd elədiniz ki, təhsil sahəsində
saziş bağlanıb. Sirr deyilsə, nəyi nəzərdə
tutur saziş?
- Tələbə
və müəllimlərin qarşılıqlı mübadiləsini,
birgə elmi axtarışların aparılmasını və
hər iki ölkədə milli mərkəzlərin
yaranmasını.
- Azərbaycanda indoneziyalı tələbələr
təhsil alır?
- Təəssüf
ki, buradakı universitetlərdə çox az
- 3-4 indoneziyalı gənc təhsil alır, İndoneziyada isə
azərbaycanlı tələbələrin sayı bir az
çoxdur. Çalışırıq
onların sayını artıraq. Amma bu
işdə Azərbaycanın İndoneziyadakı səfirliyi də
fəallıq göstərməlidir. Mən var qüvvəmlə
çalışıram ki, indoneziyalılar gəlib Azərbaycanı
görsünlər, tanış olsunlar.
Ümumiyyətlə, səfir olaraq üç başlıca
məqsədim var: ölkələrimiz arasında turizmi, ticarəti
və qarşılıqlı sərmayə qoyuluşunu
artırmaq.
- Ticarətdən söz
düşmüşkən, deyə bilərsinizmi, son bir ildə
iqtisadi əlaqələrimizin həcmi nə qədər olub?
- Ticarət
əlaqələrimizdə artım nəzərə
çarpır. Bilirsiniz ki, İndoneziya Azərbaycandan
neft alır və bu səbəbdən də ticarət əlaqələri
ildə 3 milyard dollara yüksəlib. Azərbaycan isə
bizdən olduqca az məhsul idxal edir – təxminən
32 milyon dollar həcmində. Amma son vaxtlar neftin
qiymətində baş verən enmə və insanların
alıcılıq qabiliyyətinin zəifləməsi ticarətə
müəyyən təsirini göstərir. Məsələn, əvvəllər İndoneziyadan
Azərbaycana mebel ixrac olunardı, amma artıq bu məhsulun
satışı dayandırılıb.
- Yəqin baha
satırsınız...
- Əksinə, bizdə yüksək keyfiyyətə rəğmən
çox ucuzluqdur. Amma Azərbaycan tacirləri İndoneziya məhsullarını
ikinci ölkədən, məsələn, Birləşmiş
Ərəb Əmirliklərindən, Türkiyədən və
sair aldıqları üçün ilkin qiymət ikiqat
artır. Ona görə də təklif
edirəm ki, məhsulları özümüzdən ucuz qiymətə
alsınlar.
- İndoneziya böyük hərbi
qüdrətə malikdir, nəhəng dəniz donanmanız
var və sair. Maraqlıdır,
müharibə vəziyyətində olan Azərbaycana hərbi
və müdafiə sənayesi sahəsində hansı
töhfələri verə bilərsiniz? Ümumiyyətlə,
bu sahədə əməkdaşlıq səviyyəsi necədir?
-
Doğrudan da İndoneziya ordusu möhtəşəm qüdrətə
sahibdir. Hətta Amerika, Rusiya və digər ölkələrin
orduları İndoneziya silahlı qüvvələri
qarşısında uduzub desəm, yanılmaram. Məhz İndoneziya ordusu 1970-ci illərdə Vyetnam,
Laos və Kambocada daxili hərbi toqquşmaların
dayandırılmasında, sabitliyin bərpasında
böyük rol oynayıb. Bu baxımdan Azərbaycan
ordusuna kömək göstərməyə hazırıq.
Azərbaycan hərbçiləri İndoneziya
ordusunun təlimlərində iştirak edə, onun təcrübəsindən
yararlana, ikitərəfli məlumat mübadiləsi aparıla
bilər. Əslində niyə də olmasın, iki dost
ölkəmizin əhalisi müsəlmanlardır. Azərbaycan hərbçiləri Amerika və ya
İsraildə təlim keçməkdənsə, buyursunlar,
İndoneziya onlara istənilən köməyi etməyə
hazırdır.
- Sizdə də bir vaxtlar Timor
problemi vardı - yoluna qoydunuz. Bir az fərqli
mahiyyət daşısa da, Qarabağ münaqişəsinin həllində
nələri təklif edərdiniz?
- Uzun
müddət Portuqaliyanın müstəmləkəsi
olmuş Timor İndoneziya üçün bədənə
batan iynə idi. Onlar özləri bizimlə
birlikdə olmaq istəmişdilər, amma sonra müstəqillik
yolunu seçdilər və biz heç nə demədik.
Özü də onlar xristiandırlar. Indoneziyalılarla timorluları bir-birinə heç
nə bağlamır. Qarabağ
münaqişəsinin tarixi və mahiyyəti isə tamam
başqadır. Qarabağ Azərbaycanın
əzəli torpağıdır və mütləq geri
qaytarmaq lazımdır.
- Son olaraq deyərdiniz: yaxın
aylarda İndoneziyadan Azərbaycana və ya əksinə
yüksək rütbəli dövlət adamları səfər
edəcək?
- İnşallah, gələn ilin əvvəllərində
prezident İlham Əliyevin İndoneziyaya rəsmi səfəri
gözlənilir. Bu il çox belə
qarşılıqlı səfərlər həyata
keçirilib. Güman edək ki, gələn il
də gediş-gəlişli olacaq. Prezident İlham Əliyev
Cakartaya səfər edərsə, ola bilər
İndoneziyanın dövlət başçısı da cavab
səfəri ilə Bakıya gəlsin.
Vüsal
Tağıbəyli
Həftə içi.- 2016.- 2
dekabr.- S.2.