Rus ədəbiyyatının böyük
klassiki – Nekrasov
10 dekabr - rus
xalqının qüdrətli şairi, dramaturqu, jurnalisti, tənqidçisi
və mübariz ictimai xadimi N.A.Nekrasovun anadan olmasının
195 illiyi münasibəti ilə...
“Biz
rusların öz siyasi və dövlət əhəmiyyətimizə
şübhə ilə yanaşmağa haqqımız yoxdur:
bütün slavyan qəbilələri içərisində
yalnız biz möhkəm və qüdrətli dövlət
halında birləşmişik və istər Böyük
Pyotradək, istərsə ondan sonra bu son dəqiqəyədək taleyin bir çox sərt
sınaqlarından şərəflə
çıxmışıq; biz dəfələrlə az
qalmışıq məhv olaq və həmişə bu fəlakətdən
özümüzü xilas etməyə imkan tapmış,
sonra yeni qüvvətlə meydana çıxaraq daha qüdrətli,
daha möhkəm olmuşuq. Daxilən inkişaf etməyən
bir xalqda bu möhkəmlik, bu qüvvət ola bilməz. Bəli,
bizdə milli həyat var, biz ona görə
yaranmışıq ki, dünyaya öz sözümüzü,
öz fikrimizi deyək; lakin bu hansı sözdür, hansı
fikirdir - bunun qayğısını çəkməyimiz hələlik
tezdir. Bizim nəvələrimiz, yaxud nəticələrimiz
bunu heç bir səy göstərmədən, gərgin
düşünüb axtarmadan biləcəklər,
çünki bu sözü, bu fikri onlar deyəcəklər...İndiyədək
biz Avropa mədəniyyətinə yalnız buna görə
heyran olurduq ki, o, Asiya mədəniyyəti deyildi - bundan əl
çəkməyin vaxtıdır. Avropa mədəniyyətini
yalnız buna görə sevmək, yalnız buna görə
ona ehtiram göstərnək, ona can atmaq lazımdır ki, o, bəşəridir
və buna əsasən bəşəri olmayan bütün
Asiya şeylərini necə qətiyyətlə rədd ediriksə,
bəşəri olmayan bütün Avropa şeylərini
də eyni qətiyyətlə rədd etməliyik...Rusiyanı 1940-cı ildə görə biləcək
nəvələrimizə və nəticələrimizə
qibtə edirik- o zaman Rusiya mədəni dünyanın
başında duracaq, elmin də, sənətində
qanunlarını verəcək, bütün mədəni bəşəriyyətin
dərin hörmətini qazanmış olacaqdır".
Vissarion Qriqoryeviç Belinski,
görkəmli rus ədəbi tənqidçisi
“Puşkin
yoxdursa, Lermontov da öldüsə, Nekrasov var. Deməli, rus
poeziyasının
bayrağı azad surətdə göylərdə
dalğalanmaqdadır".
Fyodor Mixayloviç Dostoyevski
tanınmış rus yazıçısı
Böyük rus şairi Nikolay Alekseyeviç Nekrasovun anadan olmasının 195 illiyi yaxınlaşır. Çar Rusiyası dövründə həmvətənlərinin ağır güzəranını, təhkimçi kəndlilərin dözülməz vəziyyətini ürək ağrısı ilə müşahidə edən, yüksək vətəndaşlıq duyğusu ilə qələmə alan N.A.Nekrasovun ədəbi irsi klassik rus poeziyasının ən qiymətli səhifələrindəndir. O, rus ədəbiyyatına inqilabçı - demokratik poeziyanın ən gözəl nümayəndəsi kimi daxil olmuşdur. XIX əsrin böyük bir dövrünü yaradıcılığında əks etdirən Nekrasov, öz əsərləri ilə təkcə yaşadığı əsr haqda oxucuların təəssüratını genişləndirməklə qalmır, onun əsərlərindən insanlar vətəni, öz xalqını sevməyi öyrənir, ictimai fəallığını artırır. Nekrasov poeziyasının tərbiyəvi əhəmiyyəti də bundadır. Şairin demokratizmi onun vətənpərvərliyindən, öz vətənini azad, məğrur və xoşbəxt görmək arzusundan irəli gəlirdi. Vətən sevgisinin mahiyyəti haqqında şair yazırdı ki, vətəni sevmək, hər şeydən əvvəl ona ürəkdən, ehtiraslı və səmərəli bir şəkildə xoş güzəran, maarif diləməkdir, bütün ləyaqətini və hətta həyatını ona qurban verməkdir; ondakı bütün yaxşı şeyləri ürəkdən sevmək və kamilliyə gedən yolda ona mane olan hər şeyə qarşı nifrətdir:
Sənətə
xidmət et, vətəndaş ol sən!
Çalış
insanlığa bir sirdaş ol sən.
Ucalt məhəbbətin qadir
adını,
Ona tabe elə
istedadını.
İlhamın, qüdrətin
çoxdursa əgər,
Heç zaman sən onu vermə
büruzə.
Çünki əməyində
saçıb şəfəqlər,
O, öz - özünə
çıxacaq üzə.
Nekrasovun böyüklü - kiçikli hər bir əsərini
oxuyanda ilk dəfə diqqəti cəlb edən onun doğma
xalqına, doğma rus torpağına olan tükənməz məhəbbətidir. Bu saf məhəbbət
onun poetik fikirlərinin mayası, əsərlərinin cövhəridir.
O, yalnız sevməklə, vətəninin ecazkar təbiətinin
füsunkar mənzərələrinə heyran olmaqla kifayətlənmir;
ana yurdunun hər dərdi, hər əzabı şairin həssas
qəlbində əks-səda verib, güclü etiraz və
üsyan səsinə çevrilir. Nekrasovun
fikrincə, əsl poeziya həmişə həyatla bağlı
olmalıdır. Vaxtilə məşhur
dekabrist, şair və ictimai xadim olan Kondrati Fyodoroviç
Rıleyevin irəli sürdüyü "Mən şair deyiləm,
amma vətəndaşam" fikrini Nekrasov bir qədər də
inkişaf etdirmişdi. Şair qəti bir
fikir irəli sürürdü ki, özünü vətəndaş
zənn edən bir kəs, vətənin dərdinə biganə
qala bilməz. O, şairdə hər şeydən əvvəl
vətəndaşlıq hissinin olmasını vacib bilirdi:
Sən şair olmaya bilərsən,
inan,
Vətəndaş olmağa
lakin borclusan.
Axı vətəndaşlıq nə
deməkdir, nə?
Layiqli oğuldur o vətəninə.
İnqilabçı şair Nekrasov bu fikirdə idi ki,
poeziya xalqın azadlığı işinə xidmət etməlidir. Ona görə
də şair göstərirdi ki, doğma anasını
müsibət içində görən oğul, sakit
tamaşa edib kənarda qala bilməz. Vətənin
namusu, şərəfi üçün, etiqad və məhəbbət
uğrunda odun içinə girmək də azdır. Belə
bir iş üstündə həlak olan oğul mənasız
ölmür, al qanı boş yerə tökülmür. Şairin fikrincə, vətəninin övladı
olan belə namuslu vətəndaşlar vətənə
çox lazımdır. On görə də
Nekrasovun bu sətirləri döyüş şüarına
çevrilib ölkənin hər yerində
inqilabçılar tərəfindən əzbərdən təkrar
olunurdu.Şair - vətəndaşın odlu sətirləri
Rusiyanın qabaqcıl adamlarında ümid yaratmaqla bərabər,
istismarçılar aləminə nifrət hisslərini də
gücləndirirdi.
Nekrasovun böyüklüyü bir də onda idi ki, o,
Lermontovun ölümündən sonra rus poeziyasında yaranan
durğunluğu hiss etmişdi. O, duymuşdu ki, poeziya ədəbiyyatın
başqa janrlarına nisbətən həyatın tələblərindən
geri qalır. Nekrasov bunlara son qoydu, rus
şeirinin şərəfini bərpa etdi, ona yeni məna və
məzmun gətirdi, dövrün tələblərinə
cavab verə biləcək mübariz bir poeziya səviyyəsinə
qaldırdı. Rus ədəbiyyatında rus kəndlisi
birinci dəfə olaraq Nekrasov poeziyasında özünün
yüksək mövqeyini tutdu, özünün bütün
qüdrətini, eyni zamanda zəif cəhətlərini də ilk
dəfə Nekrasov poeziyasında aydın gördü, birinci dəfə
olaraq öz düşmənlərinin kimlərdən ibarət
olduğunu, onların bütün çirkin, vəhşi sifətlərini
və niyyətləini Nekrasov poeziyasından öyrəndi.
Lakin Nekrasov xalqının halına acı göz
yaşları tökməmiş, əksinə, ən qəzəbli
misraları ilə elin-obanın düşmənlərini
damğalamışdı. Əslində
böyük sənətkarların hamısının
yaradıcılığında bu iki duyğu-məhəbbət
və nifrət hissləri həmişə qoşa
olmuşdur. Həqiqi sənətkarlar vətəni
səmimi məhəbbətlə sevdikləri kimi, ona dərd
verənlərə, bəla gətirənlərə
qarşı da amansız, barışmaz olmuşlar. Ona görə də belə ədiblərin əsərlərində
lirika ilə satira əksər hallarda bərabər
addımlamışlar. "Portretlər"
adlı şeirində Nekrasov öz dövrünün bir
çox məşhur adamlarının, rütbə və mənsəb
sahiblərinin real və inandırıcı satirik portretlərini
yaratmışdır.
Ədalətsiz
məhkəmə hakimlərini, ədabaz şair, aktyor və
musiqiçiləri, bivec ziyalıları, xəyanətkarlıqla
iş başına keçən çinovnikləri
amansız tənqid atəşinə tutan şair, əsərin
bir hissəsində yazır:
Günahı böyükdür məhkəmələrin,
Hakimlər kor olmuş
uşaq kimidir.
Həlli beş
yüz illik vaxt tələb edən
İşi bir ləhzədə
onlar həll edir.
Odlu, qəzəbli misralar şairin qələmindən
birdən - birə kağıza
köçürülmürdü. Şairin sətirləri
onun yaralı qəlbinin fəryadı, yanıqlı ruhunun
üsyanı idi. Çünki o, hər
şeydən əvvəl Rusiyanın, əzəmətli və
cəfakeş, "miskin və məğrur" bir
torpağın əsl övladı, əsl vətəndaşı
idi. Nekrasov öz şeirini "intiqam və
kədər pərisi" adlandırırdı. Çünki onun ilham pərisi xalqın əzab və
göz yaşlarını tərənnüm etməklə bərabər,
insanları əsarətə qarşı intiqama
çağırır, o, amansız bir mübarizə
başlanacağına and içirdi. Qabaqcıl rus
inqilabçı - demokratları - Belinski,
Çernışevski və Dobrolyubovun ən yaxın dostu və
silahdaşı olan Nekrasov, "sənət sənət
üçündür" nəzəriyyəsinə tamamilə
qarşı çıxaraq,vətəndaş
şeirinin, xalq şeirinin bayrağını yüksəklərə
qaldırmışdı.
Nekrasovu təkcə qabaqcıl rus ziyalıları deyil,
bütün xalq sevirdi. Dobrolyubov şairin yeni nəsli gələcək azad
Rusiyanın yolunda can qurban verməyə çağıran
"Yeremuşka haqqında mahnı" adlı əsərini
oxuduqdan sonra dostlarının birinə yazmışdı:
"Bu şeiri sev, əzbərlə və unutma. Didaktikdir, lakin bizim gənc nəslin ürəyindən
xəbər verir. Aman Allah, əgər senzuranın təzyiqi
olmasaydı, Nekrasov nə qədər gözəl şeirlər
yaza bilərdi!..". Dobrolyubov
Nekrasovu "Sevimli rus şairi, bizim şeirimizdə
xeyirxahlığın ilk nümayəndəsi, həyat və
qüvvət ifadə edən yeganə talant"
adlandırmışdı.
Dostları Nekrasovun qüdrətli ilhamına qanad verir,
yaradıcılıq üfüqlərini genişləndirirdi. Şair bu məsləkdaşlarının
parlaq zəkalarının, xalq azadlığı
üçün yanan ürəklərinin, müqəddəs
amallarının, cəsarət və fədakarlıqlarının
pərəstişkarı idi. Birlikdə
keçən anları şair ömrü boyu unutmurdu. Bu dostluğu yalnız taleyin acı sınaqları
sarsıda bilərdi. Nə etmək
olardı Tanrı qarşısında? Nekrasov dostu
Dobrolyubovu itirdikdən sonra ürək ağrısı ilə
yazırdı:
Gənclik illərində sən
ehtirası
Ağla tabe etdin, sən o vaxt sərtdin.
Azadlıq, şərəfçin
necə yaşayıb,
Necə ölməyi də
bizə öyrətdin.
Ömrün hər
zövqünü, hər səfasını,
Rədd edib, qorudun o pak eşqi sən.
Çəkdin yer üzünün hər
cəfasını,
Öz ürək
yanğını heç söndürmədən.
Əmək, arzu, ümid - nə
verdin, aldı
Yari - mehriban tək sevdiyin vətən.
...İllər ötdü - getdi,
soyudu qəm də,
Sən bizdən yüksəyə
qalxdın anbaan...
Ağla, Rus torpağı! Fəxr elə
həm də,
Bu göylər altından qərar
tutandan,
Sən hələ nə belə
oğul doğubsan.
Nə çəkə bilibsən
qoynuna geri;
Yığıbmış qəlbinə
bu xoşbəxt insan
Mənəvi gözəllik
xəzinələri.
Ey ana təbiət! Göndərməsəydin
Belə insanları dünyaya hərdən
Viranə qalardı həyat zəmisi...
N. A
.Nekrasov 1821-ci il dekabrın 10-da varlı
mülkədar ailəsində anadan olub. O, üç
yaşında ikən atası Aleksey Sergeyeviç xidmət
etdiyi Ukraynanın Kamenes - Podolsk quberniyasında mayor rütbəsində
istefaya çıxıb, ata - baba mülkünün yerləşdiyi
Yaroslavsk quberniyasının Qreşnyov kəndinə
köçür. Nekrasovun uşaqlıq illəri
burada, Volqa çayının sahilində, təbiətin
qoynunda keçir. Həssas, yaraşıqlı,
mavigözlü, zəngin mənəviyyatlı qadın olan anası
Yelena Andreyevna mütaliəni çox sevir, fransız və
polyakca kitablar oxuyur, musiqi ilə maraqlanır, pianoda ifa edir, məlahətli
səslə oxuyardı. Lakin Aleksey Sergeyeviç belə bir mənəvi
sərvəti anlaya biləcək dərəcədə kamil adam deyildi. Bu səbəbdən gözəl
Yelena özünü bir gün belə xoşbəxt hiss etməz,
ürəyi açılmaz, üzü gülməzdi. Hətta bir dəfə əri balaca Nikolayın
yanında məşuqəsi olan yad bir qadını
Yelenanın otağına gətirmiş, həmin qadına
ifrat dərəcədə qulluq etməyi arvadından tələb
etmişdi. Yelena bu haqsız tələbdən
imtina etdiyi üçün qəddar əri tərəfindən
döyülmüş, acı göz yaşları,
hıçqırıqlar içində boğula - boğula
oğlunun qolundan tutub otaqdan çıxmışdı.
O gündən balaca Nikolayın şair qəlbi gizli də
olsa, atadan küsmüş, ömürlük əzablara
düçar olan tənha, kimsəsiz qadına - anasına
sığınmışdı.Yelenanın yeganə təsəllisi
uşağının ona qəlbən bağlanması, hər
addımda sevimli anasına havadar çıxması idi. Odur ki, Yelena ailə həyatının ən
böhranlı günlərində dərdini dağıtmaq
üçün uşağının əlindən tutub tez
- tez bağçaya çıxar, oğlunu bağrına
basaraq, oxşar, ağlayardı. Beləliklə,
sevimli ananın qəmli həyatı və atanın zalım
rəftarı balaca Nekrasovun şüurunu həyat və insan
taleyi haqqında düşündürən ilk səbəb,
ilk dərd olmuşdu. Odur ki, Nekrasov bu dərdli ananı,
onunla birlikdə sevimli bacıları Anna və Yelizavetanı
ömrünün son günlərinə qədər belə
unuda bilməmiş, "Vətən", "Ana",
"Laylay", "Rus qadınları", "Bir saatlıq
cəngavər" və s. kimi bir çox əsərlərində
bu gözəl insanları xatırlamış, onların qəmlərindən
bəhs etmişdi. Bu da təsadüfi deyildi ki,
Nekrasov 7 yaşında ikən yazdığı "Sevimli
anacan...qəbul ediniz..." misrası ilə başlanan
şeirini anasına - Yelena Andreyevnaya həsr etmişdi.
(ardı gələn
sayımızda)
Reyhan Mirzəzadə
Publisist-politoloq
Həftə içi.- 2016.- 7
dekabr.- S.4.