Rus ədəbiyyatının böyük
klassiki – Nekrasov
10 dekabr - rus xalqının qüdrətli
şairi, dramaturqu, jurnalisti, tənqidçisi və mübariz
ictimai xadimi N.A.Nekrasovun anadan olmasının 195 illiyi
münasibətilə...
(Əvvəli
ötən sayımızda)
Atası da öz zövqünü oğluna aşılayar, hara gedərdisə, onu da özü ilə aparar, gəzdirər, əyləndirərdi. Buna görə də Nikolay hələ 10 yaşında ikən gözəl və inadkar bir ovçu, nişançı olmuşdu. O, at çapmaqda da mahir idi, möhkəm iradəsi, fövqəladə çevikliyi, atəşin təbiəti vardı.
Nekrasov balaca vaxtlarından Volqanı çox sevmiş, rus xalqının ictimai həyatı və bu həyatın mənası haqqındakı ilk dərslərini məğrur çayın sahillərində almışdı. Buradakı həyat Nekrasovu amansız təhkimçilik hüququ ilə erkən tanış etmiş, bu məzlum kəndlilərə verilən ağır cismani cəzaları gözləri ilə görmüş, burlakların acınacaqlı həyatı ilə yaxından tanış olmuşdu. Bir dəfə Nekrasov yoxsul balıqçılar arasında dolaşarkən onlardan birinin əmək şəraitinin ağırlığına artıq dözə bilməyərək: "...Ah, Allah, mənə səhərə qədər üzüsulu bir ölüm versəydi, nə olardı..."- dediyini eşitmiş və bu sözdən o qədər sarsılmışdı ki, öz sevimli çayına da nifrət və hiddətlə baxmağa başlamış, məğrur Volqanı "kölələr çayı, kədər və qubar çayı" adlandıraraq, yazmışdı:
Ah, nə qədər
ağladım,
Doğma çayın o
qəmli,
Kədərli sahilində.
Boğdu məni bir anda,
Sahilində duranda,
Volqamızın o səhər
Hıçqırıqlar, ələmlər.
Dedim: Qullar çayısan,
Kədər, qubar çayısan!..
O, kiçik yaşlarından
burlakların kədərli
mahnılarını dinləyir,
Sibir sürgününə
göndərilən ayağıqandallı
dustaqların əzab
- əziyyətləri onun
uşaq qəlbində
təəssüf dolu
acı izlər qoyurdu. Atasının ailədə olduğu
kimi, təhkimli kəndlilərlə də
kobud rəftarı ömrü boyu Nekrasovun hafizəsindən
silinməmişdi. Dünyaya çörək,
işıq, həyat və rövnəq verən zəhmət adamları ehtiyac və səfalət içində yaşayırdılar.
Namuslu, dözümlü,
qüvvətli insanların
əzab və ağrıları onun şair qəlbinə od salmışdı.
Bu od gündən- günə közərdikcə,
Nekrasov öz qəlbinin harayını daha aydın eşidirdi - Yox, belə yaşamaq olmaz!..
Onun ürəyində
zadəgan zülmünə,
əxlaqına, rüşvətxor
çar çinovniklərinin
bürokratizminə, pozğun
mənəviyyatına, hakim siniflərin murdar adət və ənənələrinə dərin
bir nifrət hələ gənc yaşlarından oyanıb
kök salmağa başlamışdı. Nekrasov mütaliəni
çox sevirdi. Onda ədəbiyyata, şeirə
həvəs, kitaba sonsuz maraq anasından
keçən ən gözəl xüsusiyyət
idi. Onun yeganə arzusu
şair olmaq idi. Anası da oğlunu
ədəbiyyatçı, şair görmək istəyirdi. Atası bu
arzunun qəti əleyhinə olaraq, Nikolayı hərbçi
- zabit kimi yetişdirməyə çalışırdı.
1838-ci ildə 17 yaşlı
Nikolay Peterburqa gələrkən atasının
göndərdiyi hərbi
məktəbə deyil,
universitetə daxil olmaq fikrinə düşür. Müvəffəqiyyətsizliyə
uğrayan gənc, universitetə yalnız azad dinləyici kimi daxil ola bilir. Bundan qəzəblənən atası
oğluna maddi köməkdən imtina edir, onu övlad
kimi tanımaq istəmir. Beləliklə, Nekrasov çıxılmaz,
çətin vəziyyətə
düşür. İşə
düzələ bilməyən
oğlan üç il Peterburq
küçələrində bir parça çörəyə möhtac
qalır. Gecələməyə yeri olmur.
Qışı isti paltarsız keçirən
Nekrasov iradəsindən
dönmür, çap
etdirə bilməsə
də,şeir yazmaqdan qalmır, onları dəftərinə
köçürür. Həyatının ən ağır anlarında da şair olmaq fikrindən dönmür.
Hələ gimnaziyada oxuduğu illərdə yazdığı
ilk şeirlərini dostlarının
köməyi ilə
1840-cı ildə çapa
hazırlayır. Onun "Arzular və
səslər" adlı
ilk şeirlər məcmuəsi
nəşr olunur.
Bu məcmuədən sonra Nekrasovun cəmiyyətdəki haqsızlıqları
tənqid edən oçerk və felyetonları ərsəyə
gəlir ki, onların bir çoxu şeirlə yazılmışdır.Təsadüfi deyildir ki, 1843-cü ildə nəşr etdirdiyi kitabını da şair "Şeirlə məqalələr,
şəkilsiz" adlandırmışdır.O,
hansı janrda yazırsa- yazsın, birinci növbədə şair olaraq qalırdı.
Nekrasov bir müddət Rusiyanın kitab mədəniyyətini
zənginləşdirmək üçün nəşriyyat
işləri ilə məşğul olmuşdu. Şair
1843-1845-ci illərdə klassik
rus və müasir şair, ədiblərin əsərlərindən
ibarət bir neçə külliyyat, almanax, məqalələr
məcmuəsi və
s. nəşr etmişdi.
Nekrasov ədəbiyyatın
hansı sahəsində
çalışmasından asılı olmayaraq, rus yazıçısına
yalnız bu tövsiyələrini ("Rus
yazıçısına" şeirində) aşılayırdı:
Nahaq izdihama üz verərək sən,
Ona yarınmağa hey can atırsan.
Ey rus yazıçısı,
sənin vəzifən
O deyil, ucadır, nəcibdir ondan.
Bax, elə bir dövrə çatmışıq
bu gün
Ki, fayda verməyir xalqa yarınmaq.
Xeyirli iş üçün,
məfkurə üçün
Əlləşən insanı arzulayır xalq.
Nə ada qulluq et, nə də
sənətə,
Ellərin yolunda qoy həyatını.
Qüdrətli, möhtəşəm bir məhəbbətə
Tabe et, dühanı,
istedadını.
Çoxsa bacarıq da, hünər də səndə.
Gəl ondan söz açıb, qürurlanma
heç.
Öz - özünə parlar
sənin işində
Onun həyat verən şüası tez - gec.
Ən möhkəm daşları,
diqqət elə sən,
Qırıb parçalayır
bir adi fəhlə.
Onun çəkicinin zərbələrindən
Öz - özünə
uçur alov və şölə.
1844 -1845-ci illərdə Nekrasov bir sıra
povest, felyeton və oçerklərini yazır ki, bunların içində
"Peterburq guşələri"
xüsusi yer tuturdu. Onu da qeyd etmək istərdim ki, nəsr əsərləri
yazmaq Nekrasovun imkanlarının daha geniş olduğunu təsdiq edirdi. Məcmuədə müəllif şəhər
ətraflarını, çirkli
həyətləri, üfunətli
zirzəmiləri, burada
yaşayan miskin, bədbəxt adamları təsvir edir. Belinski "Peterburq guşələri"ni yüksək qiymətləndirir,
Nekrasovun qeyri - adi müşahidəçilik
qabiliyyətini, gördüklərini
ustalıqla təsvir etməsini əsərin dəyərli xüsusiyyətlərindən
hesab edirdi.
1850- ci ildə
yazdığı "Yolda"
adlı şeirini Belinskiyə oxuyarkən Vissarion Qriqoryeviç həyəcanlı halda Nekrasovu bağrına basıb, "Heç bilirsinizmi ki, siz şairsiniz, özü də əsl şair!"- demişdi. Şeirdə Peterburq həyatını
təsvir edən dörd epizod təqdim olunur.İlk epizodda acından taqətdən düşmüş
bir nəfər alverçidən çörək
oğurlayıb tez onu dişləyir, lakin bu zaman
tutulur.
İkinci epizodda ananın öz oğlu ilə kədərli vida mərasimi təsvir olunur. Gənc qadın
hönkürüb ağlayır.
Sakitcə, lakin ciddi şəkildə dayanmış
baba da sevimli
Vanyuşasından ayrılır.
Üçüncü epizodda uşağın
dəfni daha kədərlidir.Saldat uşağın
tabutunu qoltuğunda aparır. Şair göstərir ki, nə qədər uşaq sağ idi, buna heç
kim sevinmirdi,
indi uşaq ölüb, gözlərdə
yaş parlayır.
Sonuncu epizodda kasıb arabaçı, səfeh Vanka arıq yabısının
qayışlarını parıldadır
ki, varlı kimi görünsün. Bu şeirdə Nekrasov sadə adamların göz yaşlarını,
kədər və qüssəsini, xalq həyatının əsas
xüsusiyyətlərini göstərə
bilmişdir.
N. A. Nekrasov rus ədəbiyyatı və
ictimai fikri tarixinə yalnız şair kimi deyil, eyni zamanda
istedadlı redaktor və mübariz bir jurnalist kimi
də daxil olmuşdur. Hələ gənc yaşlarından
- Yaroslavl gimnaziyasında oxuduğu
zamandan onda mətbuata qarşı dərin maraq oyanmışdı. Həmin
dövrdə nəşr
edilən "Moskva universitetinin elmi xəbərləri", "Moskovskiye
vedomosti", "Teleskop",
"Moskovskiy nablyudatel",
"Biblioteka dlya çteniya", "S. Peterburqskiye
vedomosti" və s. jurnalları böyük həvəslə oxuyan Nekrasov, öz yoldaşlarına demişdi:
"Mən daha yaxşı nəşr edərəm".
Mütəxəssislər haqlı olaraq qeyd edirlər ki, XIX əsr rus jurnalistikası Nekrasovun adı ilə bağlıdır. Ömrünün
çoxunu mətbuat sahəsində işləməklə
keçirən bu böyük jurnalist , Rusiyada mübariz,
mütərəqqi mətbuatın
təşkilatçılarından və rəhbərlərindən
biri olmuşdur. Nekrasovun nəşr etdiyi jurnallar həmin əsrdə Rusiyada ən görkəmli adamların yetişməsində,
onların tərbiyə
olunmasında böyük
rol oynamışdır.
1848- ci ildə
Nekrasov vaxtilə Puşkin tərəfindən
təsis edilmiş
"Sovremennik" məcmuəsini
icarəyə götürdü.
Onun yorulmaz fəaliyyəti nəticəsində jurnal
qısa bir müddətdə inqilabçı
- demokratların mübariz
orqanına çevrildi.
Gertseni, Çernışevskini,Turgenevi,
Dobrolyubovu, Qonçarovu,
Şedrini, Dostoyevskini,
Lev Tolstoyu və bir çox başqalarını "Sovremennik"
jurnalında çap edən və xalqa tanıtdıran məhz Nekrasov idi. Nekrasov da özünün
qabaqcıl müasirlərindən,
dostlarından çox
şey öyrənirdi.
"Rusiyanı bürüyən
yeddiillik qaranlıq gecə" adlanan
1848-1855-ci illərdə "Sovremennik"in işi çox çətinləşdi.1866-cı ildə jurnal tamamilə bağlandı.
"Sovremennik" bağlanandan sonra Nekrasov öz redaktorluq fəaliyyətini dayandırmadı. O, 1867-ci ildə "Oteçestvennıye zapiski" jurnalının naşiri Krayevski ilə danışaraq, nəşrin redaktorluğunu öz əlinə aldı. Sədaqətli dostlarını yenə ətrafına toplayaraq, bu jurnalı da inqilabçı demokratiyanın orqanına çevirə bildi.
(Ardı gələn
sayımızda)
Reyhan Mirzəzadə,
publisist-politoloq
Həftə içi.- 2016.- 8 dekabr.-
S.4.