Rus ədəbiyyatının böyük
klassiki - Nekrasov
10 dekabr - rus xalqının qüdrətli
şairi, dramaturqu, jurnalisti, tənqidçisi və mübariz
ictimai xadimi N.A.Nekrasovun anadan olmasının 195 illiyi
münasibətilə...
(Əvvəli
ötən saylarımızda)
Şairin mövqeyi təbiiki senzuranın xoşuna gələ bilməzdi. Hökumət tərəfindən mətbuat işləri idarəsinə verilən bir tapşırıqda deyilirdi: "Nekrasovun hökumət üçün nə qədər qorxulu olduğuna hələ də göz yumanlar var. Bu məsuliyyət birinci növbədə senzura komitəsinin və dövlət - mühafizə idarələrinin öhdəsinə düşür". Buna baxmayaraq, şair - jurnalist öz jurnalının nüfuzunu ömrünün sonuna qədər qoruyub saxlaya bildi.
Nekrasov 20 il "Sovremennik"in, 10 il "Oteçestvennıye zapiski"nin redaktoru və naşiri olmuşdur. 30 il ərzində rus cəmiyyəti və rus xalqı Nekrasovdan almanaxlardan başqa 350 nömrə jurnal almışdı ki, bu nömrələr orta hesabla 18 milyon nəfər tərəfindən oxunmuşdu. "Nekrasov ideal bir redaktor - naşir idi", "Nekrasovdan yaxşı bir redaktor tanımıram", "Rus jurnalistikasının taleyi Nekrasova çox borcludur"-bu fikirləri onun müasirləri olan M. A. Antonoviç, P. Kovalevski, A.S.Suvorin söyləmişdi.
Nekrasov əsərlərinin çoxunu canlı həyat müşahidələrinə əsaslanıb yaradırıdı. Şair özü də: "Hər yazıçının özünəməxsusluğu var. Mənimki reallıqdır"- demişdi. Nekrasov yaradıcılığının böyük məziyyətlərindən biri də budur ki, onun rus həyatında görüb duyduğu reallıq birtərəfli, zahiri reallıq deyildi.Şair mənsub olduğu xalqın ürəyində, daxilində, mənviyyatında olan reallığı, real şüuru da kəşf etmişdi.Bu real şüurda isə xalqın qüdrəti, əzəməti qorunurdu. Müdrik şair ürəyi bu qüdrəti duyduğuna görədir ki, Nekrasov rus xalqının xoşbəxt gələcəyinə dərin inam bəsləyir və bu inamın tərənnümü onun yaradıcılığında xüsusi yer tuturdu. Rus xalqına, rus kəndlilərinə və bütün zəhmətkeş insanlara məhəbbət, Rusiyanın böyük və işıqlı gələcəyinə inam onun poeziyasının əsas mövzusu idi.
Nekrasov 13 bacı - qardaş olan
çoxuşaqlı ailədə dünyaya
gəlmişdi. Bundan da
irəli gələ bilərdi ki, onun uşaqlıq aləminə daha həssas, uşaqların taleyinə,
sabahına daha diqqətcil münasibəti
vardı. Şairin 1860-cı ildə
yazdığı "Uşaqların fəryadı" şeirini həyəcansız oxumaq
mümkün deyil. Nekrasov bu şeirdə o vaxtlar kəndlədən gətirilib zavodlarda, zirzəmilərdə hərlənən
ağır çarxların gurultusu
içində huşlarını itirincəyə qədər
işlədilən uşaqların ürəkparçalayan fəryadını
çox təsirli şəkildə təqdim
etmişdir. Uşaqlıq
sevincindən məhrum olan bu
körpələr şəhərlərin başgicəllədən
boğucu mühitindən, əzablı və
ağır əmək şəraitindən doğma
kəndə, sakit çöllərə qaçmaq, həsrət qaldıqları analarının
qucağına baş qoyub
ağlamaq, təsəlli tapmaq istəyirlər. Lakin
kəndə getməyə də ayaqları gəlmir, çünki onları orada
da əzabdan, dərddən başqa heçnə gözləmir. Onlar öz həssas uşaq qəlbləri ilə başa
düşürlər ki, ana
qoynuna baş qoyub ağlamaq özü də yolverilməzdir.Çünki
onların bu göz
yaşları bədbəxt anaların ürəyini parçalaya bilərdi:
Həyat
döyüşündə məhv olanların
Eşitməsəniz
də hər lənətini,
Eşidin, qardaşlar,
barı ağlaşan
Bədbəxt
uşaqların şikayətini:
...Hər gün fabriklərdə ağır
çarxları
Hərləyir, hərləyir,
hərləyirik biz!
...Dayan, ey amansız hərləniş,
dayan,
Zəif huşumuzu qoy bir toplayaq!-
Ağlamaq, yalvarmaq verməyir fayda.
Nə bir rəhmə
gəlir, nə eşidir çarx.
...Bizi buraxsalar indi bir düzə-
Yıxılıb yatardıq otlar
üstündə .
Tezcə bir nə ola, biz evə dönək!..
Lakin yox, orada gedirik nahaq...
Ehtiyac orda da qoymaz dincələk,
Dərd bizi orda da qarşılayacaq!
Yıxılsaq hərlənən bu
başımızla
Solğun anamızın köksünə
səssiz,
Hönkürsək, ağlasaq göz
yaşımızla
Onun ürəyini parçalarıq
biz!..
Nekrasov kənddən
ayrıldıqdan sonra
da kəndliləri tərk etməmişdi. Şairin arxivində
bir çox kəndli dostlarına yazdığı məktublar
və onlardan aldığı cavablar mühafizə olunmaqdadır.
Bu məktublardan biri Nekrasovun ovçu dostu Qavrila Yakovleviç Zaxarovdandır. Nekrasov həmişə
kəndə ova çıxanda,
Qavrilanı özü
ilə aparar və onun oxuduğu
xalq mahnılarını
dinləməyi sevərdi.
Bu mahnılardan biri də "Korobuşka" adlı mahnı idi. Nekrasov Qavriladan eşitdiyi bu mahnıdan ilham alaraq gözəl şeirlərindən biri olan "Korobeyniki", yəni "Çərçilər"
adlı şeirini yazmışdı.Yazı- pozu
bilməyən Qavrila şairə göndərdiyi
məktubunda sadə sözlərlə öz sevimli dostunu pasxa bayramı münasibəti ilə təbrik edir və "Mənim gözəl laçınım"
sözləri ilə başlayan məktubda tez - tez şairi
yuxuda gördüyündən
və onun üçün çox darıxdığından bəhs
edirdi. Qavrila məktubu zabit
Kuzma Rezviyakova yazdırdığını da
əlavə qeyd edirdi.
Bir dəfə
yenə kəndə gedəndə Nekrasov Orina adlı bədbəxt bir kəndli qadına rast gəlir. Orina saldat
anası idi. O, 8
il olardı
ki, saldatlığa aparılmış yeganə
oğlunu bir dəfə də olsun, görməmişdi.
Bir gün onun gözünün
ağı - qarası
olan oğluna polkda cəza verir, döyür və evə yola salırlar. Oğul güclə özünü anasına
çatdırır, evə
gələndən 10 gün
sonra ölür... Bədbəxt ana ilə bu görüşdən sonra Nekrasov özünün "Saldat
anası Orina" adlı məşhur əsərini yazır.
Ana mövzusu Nekrasovun
yaradıcılığını zinətləndirən qiymətli
sərvətdir. Belə ki, şairin yaradıcılığı ilə
hərtərəfli tanış olduqca, onun anaya həsr
etdiyi xeyli şeirlərinə rast gəldim. Şeirləri həyəcansız oxumaq mümkün deyil. Birini təqdim edirəm:
Ana eşqi ülviləşir zaman-zaman,
O, ilahi bir sevgidir bu
dünyada.
Yurdumuzda anasını haraylayan
Gözüyaşlı körpələri salın
yada...
Ana eşqi çırağıdır hər
övladın,
Qəlbimizlə, ruhumuzla o görüşür.
Dilimizdən düşmür ata,
bacı, qadın,
Ağır gündə bircə Ana yada düşür.
Ana Rusiyanın böyüklüyü,
rus adamının əyilməz mənliyi, polad iradəsi, geniş və saf qəlbi, dərin məhəbbəti,
işıqlı zəkası
Nekrasovun "Beşik
nəğməsi", "Sirr", "Bostançı",
"Üç atlı",
"Unudulmuş uzaq bir diyarda", İt ovu", "Əxlaqlı adam",
"Vətən", "Vətən yaxşıdır",
"Elegiya", "Dua",
"Səpinçilər", "Dəmir yolu", "Kənd uşaqları",
"Belinskinin xatirəsi",
"Biçilməmiş zəmi"
və s. kimi çoxsaylı əsərlərini
cilalandıran, onun milli qürurunu qidalandıran əsl ilham mənbəyi olmuşdur. "Rus
qadınları" da
həmçinin. Beləki
o,1872-ci ildə dekabrist Volkonskinin oğlunda onun anası Mariya Volkonskayanın əri və digər dekabristlər haqqında xatirələrin olduğundan
xəbər tutur. Şair dərhal dekabristin oğlu ilə görüşür və
xeyli məlumat əldə edir. Yada salmaq istərdim ki, 1826 - cı ildə dekabristlərin əsas bir hissəsini
Sibirə sürgün
etdilər. Onların fədakar,
etibarlı qadınları,
qəhrəman rus qızları - Muravyova, Trubetskaya, Annenkova, Pozen, Yuşnevskaya, Volkonskaya və başqaları ərləri
ilə bərabər,
Sibirə getməyi qərara aldılar. Çar Nikolay bu hadisənin xalqa ağır təsir edəcəyini bilib, onlara mane olmaq əmrini verdi. Lakin
cəsur qadınlar hər cür əzab - əziyyətlərə
dözərək, fikrindən
dönmədilər...
N. A. Nekrasovun məşhur
"Rus qadınları"
poeması bu mövzuya həsr olunub. Əsər sözün əsl
mənasında xalqın
mənəvi qüdrəti,
azadlıq eşqi və qəhrəmanlığı
haqqında əbədi
yaşayan bir dastandır. Qeyd etdiyim kimi, çar
mütləqiyyəti tərəfindən
sürgünə, dözülməz
katorqaya göndərilmiş
cəsur dekabristlərin
- inqilabçı zabitlərin
arvadları heç bir çətinliyə, hədə - qorxuya baxmayaraq, isti və rahat dvoryan
ocaqlarını qətiyyətlə
tərk edib, uzaq Sibirə, qandallı ərlərinin
yanına gedirlər. Onların hünəri, mərdliyi və mətanəti şairə
ilham verir:
...Məzara qoyulum mən diri-diri-
Ərimin gözləri yolda qalınca.
Qohum tənələri, yad
tənələri...
Tənəsiz gedirəm onun dalınca.
...Nahaq qaraladı böhtanlar onu,
O ki, təmiz idi qarlı dağ kimi.
Dustaq geyimində olsa
da yenə
Mən onu sevirəm bir Allah kimi.
...Bir qədər ağladıq.
Mənim qərarım
Onu sevindirdi, kövrəltdi
yaman:
"Özünü
ələ al! Bir şənlən
barı,
Yox, mənim əzizim,
çox sınıxmısan!
Ah, bu üstümüzdən qara
buludu
Biz necə dağıdaq! Necə ayrılaq?.."
“...Gedin! Vaxtdır daha! Qovarlar yoxsa.
Nəçənniklər yaman üzüboz olur".
Sanki cəhənnəmə
atırlar məni,
Cənnətim, balalar, belə
sovulur.
Söydü rus dilində bir zabit məni.
Qışqırıb, hirslənib, dönmüşdü
oda,
Sergey yuxarıdan
frank dilində :
“Maşa, görüşərik dustaqxanada!..".
Onların bir neçə nəfəri Sibirdə məhv olur.Qalanları isə uzun illərdən
sonra saçları ağarmış və belləri bükülmüş
halda geri dönürlər. Sibirdən geri dönən fədakar rus qadınlarından biri də Mariya Volkonskaya idi... Böyük nasir və dramaturqumuz Cəlil Məmmədquluzadə
1908-ci ildə "Molla
Nəsrəddin" jurnalında
nəşr etdirdiyi
"Filosoflar" əsərində
qadın, ana hüququnu müdafiə edib, azadlıq uğrunda mübarizədə
qadınların da böyük və sarsılmaz qüvvəyə
malik olduğunu qeyd edərkən Nekrasovun "Rus qadınları" poemasındakı
Volkonsaya və Trubetskaya obrazlarını,
onların fədakarlığını,
cəsurluğunu və
sədaqətini misal göstərmiş və poemanın qayəsini izah edərək yazmışdır: "Volkonskaya,
yainki Trubetskaya öz ərlərinə vəfalı olublar və ərlərini hökumət katorqa tənbehi üçün
Sibirə göndrəndə,
bunların övrətləri
də nə müsibətlərlə Sibirə
gedib və nə bədbəxtliklərlə
Sibir həbsxanasında
ərləri ilə bərabər ömürlərini
başa veriblər və halbuki hər ikisi dövlətli kişinin qızı ola - ola eləyə bilərdilər ki, ərlərindən boşanıb,
bir özgəsinə
ərə getsinlər...".
(Ardı gələn sayımızda)
Reyhan Mirzəzadə,
publisist-politoloq
Həftə içi.- 2016.- 9
dekabr.- S.4.