Rus ədəbiyyatının böyük

klassiki - Nekrasov

 

10 dekabr - rus xalqının qüdrətli şairi, dramaturqu, jurnalisti, tənqidçisi və mübariz ictimai xadimi N.A.Nekrasovun anadan olmasının 195 illiyi münasibətilə...

 

(Əvvəli ötən saylarımızda)

 

C.Məmmədquluzadə bütün Azərbaycan yazıçılarını Nekrasov yolu ilə getməyə, Azərbaycan qızlarının Volkonskaya və Trubetskaya kimi inqilabi ruhda tərbiyə olunmasına həsr edilmiş şeirlər yazmağa çağırırdı. 1910 - cu ildə "Baku" qəzeti Nekrasovun sağlığında nəşrinə icazə ala bilmədiyi "Rus elində kimin günü xoş keçir" əsərində epopeyanın qəhrəmanı Qriqori Dobrosklonovun mahnılarının Yaroslavlda artıq nəşr edildiyini sevinclə oxuculara xəbər verirdi. Bu mahnılar şairin sağlığında çap olunmasa da, xalq arasında əldən - ələ yayılıb inqilabçı gənclərin dillər əzbəri olmuşdu.Bu nümunələrdən göründüyü kimi, bunlar adi mahnı olmayıb, inqilaba əsl çağırış idi:

Bəsdir ağır qul taleyi,

...Yetər, yetər!

Dirçələn rus üzərində

Başqa nəğmə eşidilər.

 

Xalqın qisməti-

Bəxtiyar olmaq

Azadlıqdadır

Hər şeydən qabaq.

Bu mahnıların ilk dəfə nəşr edilməsinin xəbəri verildiyi həmin ildə Bakıda "Nekrasov səhəri" təşkil edilmiş, şairin həyat və yaradıcılığı haqqında məruzə dinlənilmiş, şeirləri oxunmuşdu.

Ömrünün on dörd ilini "Rus elində kimin günü xoş keçir" poemasının yazılmasına həsr edən şair, burada rus xalqının islahatdan əvvəl və sonrakı həyatının geniş və dolğun mənzərəsini yaratmışdır. Şair əsl xalq eposu yaratmaq üçün müxtəlif poetik formalardan, rus xalq yaradıcılığına xas olan oynaq ritmlərdən, əfsanə və rəvayətlərdən, nağıllardan, mərasim nəğmələrindən, xalqın müxtəlif adət və ənənələrindən geniş istifadə etmiş, əsəri xalq danışıq tərzinə uyğunlaşdırmış, folklorun bütün təbii çalarlarını təqdim etmişdir. Bu keyfiyyətlərinə görə "Ən milli rus şairi" adlandırılan Nekrasov, rus elində kimin yaxşı yaşadığını öyrənmək məqsədi ilə səfərə çıxan yeddi kəndlini az qala bütün Rusiya boyu gəzdirir, müxtəlif təbəqələrlə qarşılaşdırır, xalq azadlığı uğrunda mübarizə aparan "Xalq qəhrəmanları" ilə görüşdürür. Bunların fonunda şair ictimai həyatdakı ümumi vəziyyət, insan taleyinin acınacaqlı durumu ilə bərabər, xalqın möhkəm iradəsini, yenilməz gücünü, sarsılmaz birliyini də əks etdirir. Nekrasov "Şaxta çovğun, qırmızıburun" poemasını bacısı Anna Alekseyevnaya həsr etmişdir. Şairin anasına və bacısına olan dərin məhəbbəti bu poemanın meydana çıxmasında mühüm rol oynamışdır. Poema rus kəndlilərini, xüsusən kəndli qadınları içəridən didib - parçalayan əzabları, fiziki işgəncələri, onların daxili dünyasında cərəyan edən hiss və meylləri açıb göstərir. Poemanın məğzini üç obrazlı surətdə verilmiş motiv təşkil esir: soyuq, tənhalıq, ehtiyac. Oxucu bütün əsər boyu həyatın bu üç çətin və qasırğalı hadisələri ilə qarşılaşan rus qadınlarının taleyini izləyir, təhkimçilk dünyasının dəhşətli, əzablı günləri içərisində doğulan, işgəncələr çəkən və məhv olan rus kəndlilərinin məşəqqətli həyat tərzi onun gözləri önündə canlanır. Poema rus kəndli qadınlarında olan xarakter zənginliyini təsvir edən misralarla başlayır:

Elə qadın var ki, rus kəndlərində

Onda sakitdir üz, möhkəmdir ürək.

Gözəldir, göyçəkdir hər davranışı,

Yerişi, baxışı çariçalar tək.

 

Belə qadınların şəxsi ləyaqət və simasını müəyyən edən əsas keyfiyyət zəhmətdir. Şairin qəhrəmanı da məhz zəhmətkeş rus kəndli qadındır:

 

Soyuğa, aclığa onun tabı var,

Səbr edər, özünü heç vaxt itirməz.

Taxıl biçdiyini görmüşəm onun,

Bir əl atan kimi hazır olur dərz...

Əsəri oxuduqdan sonra dekabrist Valkonskinin oğlu Nekrasova yazmışdı: "Mən indicə sizin "Şaxta - çovğun" poemanızı oxudum. O, özünün soyuqluğu ilə deyil, istiliyi və poemanın daxilindəki hərarətlə məni sarsıtdı. İndiyə kimi oxuduğum heç bir əsər mənə bu qədər dərindən təsir etməmişdir".

Nekrasovun ən böyük niyyəti xalqının səadəti olmuşdur. O, ömrü boyu öz vətənini və xalqını azad, məğrur və xoşbəxt görmək arzusu ilə yaşayıb-yaratmışdır:

İl keçir, gün keçir, taqət azalır

Ey mehriban ana, ey əziz vətən!

Sənin xoş gününü, azad gününü,

Qorxuram dünyada görməmiş öləm.

Ölsəm də istərəm hər ayın, ilin

Xoş keçsin, şən keçsin, ucalsın səsin...

N.A.Nekrasov 1878-ci ilin yanvarın 8-də vəfat etdi. Şairin dəfni böyük bir nümayişə çevrilmişdi. Məzar başında Dostoyevski nitq söyləyərkən "Öz istedadına görə Nekrasov Puşkindən aşağıda durmur" fikrini deyən zaman hər tərəfdən nidalar ucalır: "O, rus şairlərinin hamısından yüksəkdir!".

Bir Peterburq işçisi öz sadə nitqini şairin düşmənlərinə qarşı nifrətini ifadə edərək belə bitirir: "Nekrasovun məzarı ətrafında tikanlar bitə bilməz!.."

Rus və Qərbi Avropa ədəbiyyatının istedadlı tərcüməçisi olan Abbas Səhhətin əsərlərində Nekrasov poeziyasının güclü təsiri özünü aydın büruzə verirdi. Onun "Şair, şeir pərisi və şəhərli" poeması ilə Nekrasovun "Şair və vətəndaş" əsəri arasında özünəməxsus doğmalıq vardır. Burada həm ideya, həm mövzu yaxınlığı, həm də kompozisiya oxşarlığı çoxdur.

Ədibin "Şikayət", "F.Köçərliyə", "Dilbəri - hürriyyətə, "Müsəlman ürəfaları", "Ölü şəhər" kimi əsərlərində Nekrasovun təsiri bütün keyfiyyətləri ilə hiss olunur.

A. Səhhətin sayəsində Azərbaycanın böyük inqilabçı şairi Mirzə Ələkbər Sabir Nekrasovun və digər rus klassiklərinin irsi ilə tanış olmuşdur. Sabirin realist poeziyası, xüsusilə onun kəskin satirası öz ideya və məzmununa görə Nekrasov poeziyası ilə üst - üstə düşür. Nekrasova aid olan "kədər və intiqam şairi" devizini Sabirə də şamil etmək mümkündür.

"Zaqafqaziya müsəlmanlarının mənəvi atası" adlandırılan Həsən bəy Zərdabi həm Moskva universitetində təhsil aldığı illərdə, həm də Azərbaycanda istər ictimai işlərlə, istərsə də jurnalistlik fəaliyyəti ilə məşğul olarkən şübhəsiz ki, Nekrasovun və onun məktəbinə daxil olan inqilabçı demokratların məqsəd və ideyaları ilə tanış idi. H. Zərdabi 1905-ci ildə "Kaspi" qəzetində redaktor işləyərkən orada dərc etdirdiyi bir məqalədə Nekrasova istinadən yazırdı: "Vaxti ilə şair Nekrasov demişdir: "Xalq harada, ah- nalə də orada", indi isə demək lazımdır: "Xalq harada, faydalı, məhsuldar əmək, əqilli, istiqamətverici qüvvə, ciddi qayda da orada".

Nikolay Alekseyeviç Nekrasov Dostoyevskinin dediyi kimi, sözün həqiqi mənasında Rusiyada vətəndaş poeziyasının bayrağını yüksəklərə qaldırmışdır. Onun bütün yaradıcılığı istər XIX əsrdə, istərsə də ondan sonrakı dövrlərdə Azərbaycanda realist ədəbiyyatın və ictimai fikrin inkişafına müsbət təsir göstərmişdir. Hələ 1911-ci ildə "Yeni fyuzat" jurnalında şairin "Biçilməmiş zəmi" şeiri çap olunmuşdur. Azərbaycan oxucuları, ziyalıları Puşkin, Qoqol, Lermontov və Qorki kimi böyük rus yazıçıları ilə birlikdə Nekrasovu da sevmiş, onu öz doğma şairləri hesab edərək, irsindən faydalanmışlar. Şairin çoxsaylı əsərləri Azərbaycan dilinə təkrar -təkrar tərcümə olunmuşdur.

Yazımın sonunda Belinskidən yuxarıda gətirdiyim sitatdan bu fikri yenə təkrar edirəm: "...Biz dəfələrlə az qalmışıq məhv olaq və həmişə bu fəlakətdən özümüzü xilas etməyə imkan tapmış, sonra yeni qüvvətlə meydana çıxaraq daha qüdrətli, daha möhkəm olmuşuq".

Böyük ədibin bu sözləri rus xalqının milli varlığının bədii formuludur - desəm, məncə, yanılmaram. Çünki bu, həqiqətdir. Bu həqiqətin təzahürü Nekrasovun "Himn" adlı şeiri ilə çox səsləşir. Böyük rus xalqına və dövlətinə arzu-dualarımı "Nekrasov himni" ilə bildirməklə, görkəmli şair, ictimai xadim, jurnalist, qüdrətli rus klassikinin 195 illik doğum günü münasibəti ilə hamını ürəkdən təbrik edirəm:

 

Yarəb! Sən bu xalqa yaxşlıq eylə!

Ver xeyir- duanı hər zəhmətinə.

Xalqın möhkəm eylə azadlığını,

Qüvvət ver haqqına, ədalətinə!

 

Qoy artsın, çoxalsın xalqın içində

Xeyirxah əməllər, xeyirxah işlər,

Elm ehtirasını sən ver bu xalqa,

Biliyə və elmə sən yollar göstər.

 

Əsarət adlanan boyunduruqdan

Öz bəndələrini xilas eylə sən.

Elm, maarifdir onun bayrağı,

Yarəb! Sən Rusiyaya şəfa verənsən!

 

Reyhan Mirzəzadə,

publisist-politoloq

 

Həfət içi.- 2016.- 10-12 dekabr.- S.4.