“Əbülfəz
Elçibəyin ideoloji varisi özüməm”...
Otağının qapısını
döydüm, gəl deyən olmadı. Bir də
tıqqıldatdım, yenə səs gəlmədi. Məcbur
qalıb içəridə adam
olub-olmadığını yoxlamaq üçün
qapının dəstəyini özüm burdum. Gördüm
ki, özüdür, amma üzü qibləyə durub namaz
qılır. Xəbərli-xəbərsiz bir
çox siyasilərlə müsahibələrə getmişəm.
İlk dəfə idi ki, Azərbaycanda bir partiya sədrinin
öz otağında namaz qıldığını
görürdüm. Gözlədim,
namazını bitirəndən sonra gəlib məni
qarşıladı. Bir az
ayaqüstü hal-əhvaldan sonra söhbətləşməyə
başladıq.
Hafta.az-ın “Polit-10” layihəsinin budəfəki
qonağı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri
Sərdar Calaloğludur. Sərdar bəylə “Polit-10”da onun siyasətdən
kənar həyat və fəaliyyəti ilə söhbətləşdik.
Uşaqlığından, ilk məhəbbətindən,
anası Gülsüm xanıma aldığı bir-iki
manatlıq hədiyyələrdən, bir sözlə, partiya sədrinin
görünməyən, göstərmədiyi mənəvi tərəflərindən
danışdıq.
- Sərdar bəy, necə bir ailədə
doğulmusunuz?
-
Ziyalı ailəsində doğulmuşam. Atam
orta məktəbdə müəllim işləyib. Anam təhsilsiz olsa da, qeyri-adi dərəcədə
fitri-istedada malik bir Azərbaycan xanımı idi. Anam
on-on beş sənəti mükəmməl
bilirdi. Dərziliyi bacarırdı, xalça
toxumağı bilirdi. Qonşunun
uşaqlarının paltarını anam tikərdi. Evimizdəki bütün xovlu-xovsuz xalçaların
hamısı anamın əl işləri olub. Azərbaycan mətbəxinin bütün təamlarını,
yemək növlərini xüsusi ustalıqla
hazırlayardı. Gözəl əl
qabiliyyəti vardı. Seyid nəslindən
idi, kənddə qonum-qonşudakı xanımlar arasında
hörmət-izzət sahibi idi. Hər kəs
toyda-yasda yemək bişirməklə bağlı gəlib
anamdan məsləhət alardı. Çoxuşaqlı
ailə olsaq da, bir qazan yemək hamımıza
çatırdı. Evə qonaq gələndə
də həmin qazandan yemək çəkilərdi. Yenə də biz ac qalmazdıq. Atam
da deyərdi ki, sən bunu necə edirsən ki, hər kəsə
yemək çatır. Atamın həm
savadı vardı, həm də ziyalı idi. Anamın savadı olmasa da, sadaladıqlarım
baxımından ziyalı bir qadın idi.
- Ailəniz neçə nəfərdən
ibarət idi?
- On iki nəfərdən.
Atam, anam və on uşaq. Ailəmiz
atamın müəllim maaşı ilə dolanırdı.
Anam Gülsüm xanım riyaziyyatı
yaxşı bilmirdi, savadsız olsa da, atamın
maaşını elə bölürdü ki, növbəti
maaşa qədər o pul bizi görürdü. Həmin pul una, qəndə-çaya da, toya-yasa da
çatırdı. Anam tərəf əslən
Zəngəzurdan olub. Ara həkimliyi ilə
məşğul olublar. Dindar bir ailədə
böyüyüb anam. Hətta sovet
dövründə ana babamın ailəsi repressiyalara məruz
qalıb. Ana babam Zəngəzurda ara
qarışanda bizim kəndə köçəsi olub və
burada da nənəmlə evlənib. Atamın
yaxşı maaşı olsa da, ailə böyük
olduğundan o pul bizim boğazımıza, əyin-başımıza
zorla çatırdı. Çox kasıb
olmuşuq. Amma bu kasıblıqla
yanaşı, qonum-qonşu arasında mehribanlıq hökm
sürürdü.
- O vaxt internet, televiziya yox idi? Bəs
insanlar, əsasən də sizin dövrün uşaqları
vaxtlarını nə ilə keçirirdilər?
-
Televiziya çıxana qədər adamlar hər gün bir-iki
evə yığışardı. Adətən
bizim evə toplaşardılar. Eləcə
də bizimkilər qonşuların evinə gedərdi. 8-9-cu sinif uşağına bir kitab verərdilər.
Ümumiyyətlə, o kitab növbə ilə
oxunardı. Atam oxuyardı, sonra bir başqası... Yadıma gəlir ki, mən balaca idim, “Səfillər”i,
aşıq dastanlarını ilk dəfə bax o məclislərdə
eşitmişəm. Uşaq idik, bir də
gördün bizi yuxu tutdu, kitabda baş verən hadisələrin
sonrasından xəbər tuta bilmədik. İnsanlar
kasıb idi. Müharibədən gətirdikləri
hərbi şinelləri, “sapok”ları geyərdilər. Çayı ərik qurusu ilə içirdilər.
- Uşaqlıqda dəcəl
olmusunuz, yoxsa sakit?..
- Həddən
artıq sakit uşaq olmuşam. Həyatımda
indiyə qədər bir-iki dəfə kiminləsə
dalaşmışam. Sən deyən, elə
vuran-tutan olmamışam. İdmana
marağım olmayıb. Kitaba meyilli idim.
Həddən çox kitab oxuyurdum. Anam həmişə
deyərdi ki, gözün kor olacaq a bala, az
oxu. Onun işlətdiyi ən çox bu ifadə
idi. Deyirdi ki, oxuduğunuz bəsdi, bir az
da eşiyə çıxın, havanızı dəyişin.
Atam müəllim olduğu üçün
gözümü açıb evimizdə kitab
görmüşəm. Atamın
böyük kitabxanası vardı. Uşinski,
Makarenko kimi pedaqoqların əsərlərini
dördüncü-beşinci sinifdə ikən atamın
kitabxanasından götürüb oxuyurdum. İndi də idmana, futbola marağım yoxdur.
- Həyatda ilk şilləni sizə
kim vurub?
- İlk
şillə... (fikirləşir). Yadıma gəlir, uşaq vaxtı gizlənpaç
oyunu oynayırdıq. Qonşumuzun on–on beş
tövləsi var idi. Uzun tövlələr idi.
Bizim tövlələr adətən balaca olurdu.
Oyun oynayan vaxt qaçıb qonşudakı
tövlələrin axurlarında gizlənirdik. Bir də baxdım ki, axurun içində iki yumurta
var. Elə bildim ki, bu iki yumurtanı tapmışam. Tez onları götürüb evə gətirdim.
Anam dedi ki, bu nədi, haradan almısan bunları?..
Dedim ki, gizlənpaç oynayanda axurun içindən
tapdım. Şillə vurmadı, çubuğu
götürdü, məni yamanca döydü. Sonra da dedi
ki, haradan almısan, apar yerinə qoy. Yumurtanı
götürəndə başa düşmədim, amma indi
anladım ki, bu oğurluq sayılır. İndi
yumurtanı aparıb yerinə qoymağa qorxuram. Düşünürəm ki, məni tutub yenə də
döyəcəklər. O iki yumurtanı aparıb yerinə
qoyana kimi bəlkə də həyatımda ən əzablı
anları yaşadım. Ondan sonra bir daha
başqasına aid olan şeyə baxmamışam. Həmin çubuqları “yeyəndə” 5
yaşım olardı.
- Azadlıqla ilk
tanışlığınız nə vaxt olub?
-
Oxuduğum orta məktəb hərbi rejim kimi idi. Müəllimlərin şagirdlərə həddən
artıq basqısı vardı. Bir dəfə
dərs hazırlığı idi. Bir idman
müəllimimiz vardı, adı Mircəfər idi. Gəlib hazırlıq prosesini pozurdu, uşaqları
başına yığıb şahmat oynayırdı. Onun əlindən dərs oxumaq olmurdu.
Uşaqlar arasında dedim ki, Mircəfər müəllim dərsi
pozur, oxumağa imkan vermir. Kimsə gedib Mircəfər
müəllimə deyib ki, guya Sərdar direktora şikayət
edib ki, idman müəllimi uşaqlara dərs oxumağa imkan
vermir. Mircəfər müəllim də sinifə gəlib
kinayəli şəkildə dedi ki, burada məndən direktora
şikayət edənlər olub. Heç mənim
ağlıma da gəlməzdi ki, bu məni nəzərdə
tutur. Çox əzazil adam idi. Uşaqların burnundan qan açılana qədər
döyürdü. Hətta başqa müəllimlər
ondan bir dəfə savaşdılar ki, faşistsən,
uşaqlar yiyəsizdimi ki, incidirsən onları. O, elə
bildi ki, mən Mircəfər müəllimdən
qorxacağam, yalvaracağam ki, bilməmişəm, qələt
etmişəm. Birdən-birə məndə qəribə bir
hiss yarandı. Dedim ki, hə, mən demişəm,
yaxşı etmişəm. Siz dərsi pozursunuz.
Olmayan şeyi boynuma götürdüm. Bu
cəsarətin haradan gəldiyini həmin an
dərk edə bilmədim. Amma içimi
boşaldandan sonra məndə bir rahatlıq əmələ gəldi.
İçimdə bir yüngüllük hiss etməyə
başladım. Bir həftə sonra bir bəhanə
ilə məni həyətdə tutub o qədər
döydü ki, ağzım-burnum qanadı. Dişim düşdü. Amma bu hadisədən
sonra məndə protest əhval-ruhiyyəsi yarandı. Düşündüm ki, hər şeyə
qarşı çıxmaq olar, sonu döyülmək olsa belə.
Azadlıqla ilk tanışlığım həmin
vaxt oldu. Gizlində
danışdığını aşkarda söyləyə
bilmək elə azadlıq olduğunun fərqinə vardım.
Əslində, söz və fikir
azadlığı insan azadlığının zəminidir.
Mən bunu çox sonralar-siyasətlə məşğul
olmağa başlayanda dərk etdim. Sözünü deməyi
bacarmayan bir insan başqa heç bir sferada azad ola
bilməz.
- İlk məhəbbətiniz kim olub? Qovuşdunuz, yoxsa?..
- İlk məhəbbətim uşaq sevgisi olub. Başqa sinfin
uşaqları ilə oyunlar oynayardıq. Elə
oldu ki, həmin sinifdə bir qız mənim tərəf
müqabilim oldu. Sonra tez-tez həmin
qızla oyun müddətində tərəf-müqabili olduq.
Bir səhər yuxudan oyandım ki, üzümə
günəş işığı düşür və içimdə
bir sevinc hissi var. Yuxudan sevincək ayılmışdım.
Düşündüm ki, mən niyə sevinirəm,
öz–özümə sual verməyə başladım. Birdən o qız yadıma düşdü. Baxdım ki, mənim sevincim elə o qızla
bağlıdı. O günə qədər biz bir yerdə
oynayırdıq. Çalışırdıq
ki, bir komandada təmsil olunaq. Səhəri
gün dərsə gedəndə həmin qızdan çəkinməyə
başladım. Qıza tərəf
baxmağa çəkinirdim. Baxdım ki,
qız da əvvəlki kimi deyil, mənə tərəf
baxmır, danışmır, oynamaq istəmir. Məni görəndə üzü qızarır.
Onda bildim ki, bu qızı sevirəm. Bu hadisə hardasa beşinci, ya altıncı sinifdə
oxuyanda olmuşdu. Öz-özümə qərar
verdim ki, onu sevdiyimi qızın özünə də deməliyəm.
Elə oldu ki, yay tətili başladı.
Dedim ki, tətildən sonra qıza ürəyimi
açım. Yay tətili bitdi, məktəblər
açılanda gəlib gördüm ki, qız yoxdur. Məktəbdən çıxıb başqa yerə
gedib. Həmin hadisənin üstündən 20-25 il keçmişdi. Bir dəfə
Füzuli meydanına tərəf gedirdim. Yanımdan
bir xanım keçdi. Diqqətimi çəkdi,
qıza tərəf baxdım. Öz–özümə sual
verdim ki, bu kimdir, harada görmüşəm?..
Birdən yadıma düşdü ki, bu həmin
qızdır. Dönüb arxama baxdım,
gördüm ki, o, da çevrilib mənə sarı baxır.
- 4 övladınızdan hansı
sizin yolunuzu davam etdirir?
-
Heç biri. Hərəsi öz yolunu
seçib, müdaxilə etməmişəm.
- Mediaya yaxın insan olmusunuz.
Özünüz də qəzetlər, dərgilər
buraxdırmısınız. Olubmu ki, göndərdiyiniz
yazını redaksiya çap etməkdən imtina etsin?
- Əməkdaşlıq etdiyim qəzetlər olub. Yazı
göndərmişəm, çap etməyiblər. Öz qəzetimizdə də basqı ilə yazı
çap etdirməmişəm. Məndən
yazı, məqalə xahiş edəndə, istəyəndə
vermişəm. Bir də ki, həddən
artıq ictimai bir hadisə olanda gedib bir neçə saat həmin
hadisənin əhəmiyyəti haqqında danışıb,
məqalənin əhəmiyyətini göstərməyə
çalışmışam. Desə ki, gətir,
aparıb yazını təqdim etmişəm. Yoxsa redaksiyada inzibati amirlik qaydası tətbiq etməmişəm.
Partiyada da, ailədə də beləyəm.
Basqı söhbəti məndə yoxdur.
- Siyasətin dini nədir?
- Siyasətin
dini maraqdı.
- Sizcə, hazırda Əbülfəz
Elçibəyin ideoloji varisi kimdir və ya hansı təşkilatdır?
- Əgər səmimi desəm özüməm. Əbülfəz Elçibəydən
sonra milli ideologiyanı ən çox inkişaf etdirən adam mənəm. Elçibəyin
düşüncəsini, siyasi baxışını öz
içimdə yaşadıram. Amma
sağlığında həmişə ondan uzaqda olmuşam.
- Ən çox sevdiyiniz və
nifrət etdiyiniz siyasətçi kimdir?
- Ən çox sevdiyim siyasətçi Mahatma Qandidir. Mənim
üçün ideal siyasətçidir. Tarixi
prizmadan baxdıqda ən nifrət etdiyim siyasətçilər
isə Hitler və Stalindir. Bu dəqiqə
Bəşər Əsədə həddən artıq nifrət
edirəm. Şiəliyinə, sünniliyinə
görə yox. Ona görə ki, hakimiyyətdə
qalmaq naminə xalqının, dövlətinin məhvinə
razı olur. Bu insanlığa yad bir sifətdir.
Səddam Hüseynə yox, amma Əsədə
nifrət edirəm. Çünki öz
hakimiyyətini saxlamaq üçün xarici gücləri
öz ölkəsinə dəvət etdi. Suriya
xalqını, dövlətini məhvə sürüklədi.
Müasir dövrdə ən çox hörmət
bəslədiyim siyasətçilərdən biri də
Çexiyanın birinci prezidenti Vladislav Havel idi. Qeyri-adi dərəcədə demokrat və humanist
bir insan idi. O, rəhmətə gedib. Sevdiyim
müasir liderlərdən biri də Ərdoğandır.
Ərdoğan ağa ağ, qaraya qara deməyi
bacarır. Siyasi konyuktura baxımından düz
olmasa da, bəşəri və insanlıq baxımından
düz deyir.
- Sərdar bəy, gənclik illərinizdə
dostluq etdiyiniz ermənilər olubmu?
- Təsadüf
elə gətirib ki, ermənilərlə heç vaxt
kontaktım olmayıb. Baxmayaraq ki, Naxçıvanla
Ermənistan arasında məsafə o qədər də
çox deyil. Universitetdə yəhudi və
ruslarla təmasım olsa da, ermənilərlə təmasda
olmadım. Hətta Kiyevdə, Moskvada təkmilləşdirmə
kurslarında oxuduğum vaxtlarda da ermənilərlə
ünsiyyətimiz olmayıb. Oğlum Sankt-Peterburqda
akademiyada oxuyarkən evə erməni suvenir konyakları
göndərdi. Qarabağ müharibəsindən
sonra idi. Dedim ki, bala, bunu haradan almısan? Dedi ki, tələbə
yoldaşımın atası Ermənistanda konyak zavodunun
oğludur, onunla dostluq edirəm. Erməni ilə
dostluq etməsinə münasibət öyrənmək istədi.
Dedim ki, erməni ilə dost olmağına nə deyə bilərəm.
Elə bildi ki, erməni ilə dost olduğuna görə ona əsəbiləşəcəyəm.
Dedim ki, ermənilərə erməni olduğu
üçün yox, haqsız, ədalətsiz olduğu
üçün nifrət edirəm. Hakobyan
adlı erməni deputatı bizim Milli Məclisdə oturan bəzi
depuatatlardan daha yaxşıdır. O, parlamentdə
çıxış edərək dedi ki, Qarabağ Azərbaycanındır,
onlardan nə istəyirsiniz.
- Bir neçə gün öncə
haqqın.az saytının rəhbəri jurnalist Eynulla Fətullayev
Xocalı abidəsi önündə baş əymiş və
faciəyə görə xalqı adından Azərbaycandan
üzr istəmiş Susana Çaqinyanı Bakıda işə
götürdü. Bu Azərbaycan cəmiyyətində
birmənalı qarşılanmadı. Hətta QAT sədri
Akif Nağı Eynulla Fətullayevə iki gün vaxt verdi ki, Çaqinyanı işdən
çıxarsın. Sizin bu olaya münasibətinizi öyrənmək
istərdik?
- Mən
etnik milliyyətçi deyiləm, çox güclü siyasi
milliyyətçiyəm. Eynullanın işə
götürdüyü adam Azərbaycan
xalqına, dövlətçiliyinə xidmət edəcəksə,
həmin şəxs mənim üçün bu xalqa xidmət
etməyən azərbaycanlıdan qat-qat yüksəkdə
dayanır. Tutaq ki, azərbaycanlının biri
deyir ki, Səfəvilərin bizə heç bir aidiyyəti
yoxdur. Amerikada yaşayan bir polyak da deyir ki,
Səfəvilər türk dövləti olub. Mənim üçün həmin polyak buradakı azərbaycanlıdan
daha əzizdir. Fizioloji olaraq türklük
hələ ideoloji olaraq türk olmaq deyil.
- Gəncləri oxuyursunuzmu? Gənc yazarlarda nə çatışmır?
- Təəssüf
ki, bizdə bənzəmək, oxşamağa meyillilik
tendensiyası var. Modernistlər Qərbi yamsılayır. Kimi Maykl Ceksunu təqlid edir. Bu
yanlışdır. Allah adamı necə
yaradıbsa, elə də olmalıdır. Hamının
çirkin hesab etdiyi şeyin özündə də bir
gözəllik var. Allah hər şeyi gözəl yaradıb.
- Günün nə qədərini
mütaliəyə həsr edirsiniz?
-
Kitabı mağazadan aldıqdan sonra onu sona
çatdırmamış rəfə qoymuram. Buxarının
üstünə qoyuram ki, göz önündə olsun. Lazım olan, maraq kəsb edən fikirləri
haşiyələyirəm. Amma 15 ildir bədii
ədəbiyyat oxumuram. Təxminən üç il əvvəl Ağa Məhəmməd Şah
Qacar və Çingiz xan haqqında kitabları oxumuşam, vəssalam.
Gündə 20 səhifə kitab yazıram.
Redaktə ilə birlikdə. Bəzən
bu beş və ya on səhifə də ola
bilər. Yazdığım fikirlər adi deyil,
orijinaldır. “Nobel”ə qədər gedib
çıxdım. Hətta bu il də
bir nəzəriyyə göndərdim. Əlavə 5 nəzəriyyəm
var, gələn il də göndərəcəyəm.
- Hədiyyəyə baxışınızı bilmək istərdik. Sizin üçün bahalı və ucuz hədiyyənin fərqi varmı? Ən yadda qalan hədiyyəni sizə kim bağışlayıb?
- Qiyməti az olan hədiyyə mənim
üçün daha dəyərlidir. Onun dəyəri müəyyən
bir həddi keçdisə, hədiyyə olmur, o müəyyən
maraqlara hesablanıb. Allahu-Təala (C.C) Quranda buyurur ki, mən
sizə zəkatı müəyyən həddə verməyi əmr
etmişəm. Dediyimdən artıq zəkat verən də
günah edir. Hamı üç manat verir, sən deyirsən
ki, ayıbdır, mənim pulum var, beş manat verim. Verdiyin
üç manat Allah yolundadır. Yerdə qalan 2 manatla sən
özünü başqalarından seçdin. Hədiyyənin
də dəyəri artdıqca o rüşvətə,
marağa çevrilir. Aşağı dəyərli hədiyyələr
isə əhəmiyyətsiz olur. Amma elə hədiyyələr
olur ki, onun elə bir dəyəri yoxdur, sadəcə, xatirəsi
var və onu illər boyu saxlayırsan. Bir dostum var, 1974-cü
ildə bizə gəlib, qapının önünə bir
kağız yazıb qoymuşdu. Yazmışdı ki, buradan
keçirdim, ayaqqabı almışam, özümə yük
etmək istəmədim, sizə qoyub gedirəm. Qayıdanda
götürəcəyəm. Üstündən 42 il
keçir. O, “zapiskanı” hələ də saxlayıram. Ona
görə saxlayıram ki, dostum mənə arxayın olub
ayaqqabısını bizə əmanət edib. Başqa yerə
də qoya bilərdi. Amma mən o kağızı
dostluğumuzun təsdiqi kimi qəbul etmişəm. Tələbə
olanda anama hədiyyələr alıb aparardım, sevinərdi.
Eşidərdim ki, aşsüzənin və ya bir həvəkdəstənin
ehtiyacını çəkir. Qiyməti bir-iki manat olan şey idi. Anam çox
sevinərdi. Bu günə qədər o əşyalar
mənim adımla adlanır. Deməzlər
aşsüzən, Sərdarın aşsüzəni, Sərdarın
qazanı deyərlər (gülür). Hindistan
səfirliyində olarkən mənə Mahatma Qandinin
kitabını vermişdilər (rəfi açıb həmin
kitabı göstərir), bu günə qədər oxumasam da
saxlayıram bu hədiyyəni.
Sərdar Calaloğlu
Tural Turan
Həftə içi.- 2016.- 16
dekabr.- S.4.