Moabitdə - faşist zindanında
ucalan HAQQın səsi
Tatar xalqının qəhrəman
övladı Musa Cəlilin anadan olmasının 110 illiyi
münasibəti ilə
“Mən
ölümdən qorxmuram. Bu, boş söz deyil. Biz
ölümə nifrət edirik deyiriksə, bu bir həqiqətdir.
Başımın üstünü təhlükə alanda da,
ölümdən qorxduğum an yadıma gəlmir.
Böyük vətənpərvərlik hissi, ictimai vəzifəni
dərindən dərk etmək hissi şəxsi qorxu hissinə
qalib gəlir.
Ölüm
fikri səni məşğul edən zaman
düşünürsən ki, ölümdən sonra da bir həyat
var.. .Ölümdən sonrakı əsl həyat xalqın
şüurunda, hafizəsində yaşamaqdan ibarətdir.
Əgər mən sağlığımda faydalı bir iş
görmüşəmsə, deməli, öləndən sonra
da yaşamağa haqq
qazanmışam. Əgər bu haqqı qazanmışamsa, nə
üçün ölümdən qorxum? Həyatın əsl
mənası budur: elə yaşa ki, öləndən sonra da
yaşa... Ölümdən qorxmamaq o demək deyildir ki,
yaşamaq istəmirik və ölmək-qalmaq bizim
üçün birdir. Qətiyyən belə deyil! Biz həyatı
çox sevirik, yaşamaq istəyirik və buna görə də
ölümə nifrət edirik. Lakin ölmək
mütləq lazımsa (Vətən uğrunda müharibədə),
Vətən yolundakı bu şərəfli ölüm 30-40
il, yəni qocalanadək dinc əməklə yaşamağa bərabərsə,
“Mən nə üçün həyatdan köçdüm?”
- deyə qorxuya düşmək lazım deyil”.
(Musa Cəlilin
“Biz həyatı sevirik” adlı gündəliyindəki 12
yanvar, 1942-ci il tarixli qeydlərindən)
“Musa Cəlil mənim
üçün işgəncələr və ölüm
qarşısında yazıçı və vətəndaşlıq
mərdliyinin bir simvolu olmuş və belə də
olacaqdır. O, yalnız böyük şair deyildi, həm də
böyük mənəvi gücə və mərdliyə
malik olan böyük insan idi”.
Konstantin Simonov
“Musa Cəlil ən
əziz insan və sevimli şair kimi mənim qəlbimdə
yuva qurmuşdur. Musa Cəlili oxuyanda, yaxud onun haqqında fikirləşəndə
belə qərara gəlirəm ki, onun bütün həyatı
əsl igidlik həyatıdır! Elə bir həyat ki, onunla
müasirləri fəxr edirlər; elə bir həyat ki, ondan
gələcək nəsillər nümunə götürəcəklər.
Onun “Moabit dəftəri” Pamirin ən ucqar
qışlağına qədər gedib
çıxmışdır. Öz ölümü ilə qələbə
qazanan adamlar ölməzdirlər!”.
Mirzo Tursunzadə
“Mən Musa Cəlilin
şeirlərini həyəcan və narahatlıq hissi ilə tərcümə
etdim. Bu gözəl insanın və istedadlı şairin
şeirlərini onun faciəli taleyini xatırlamadan tərcümə
etmək mümkün deyildir”.
Anna Axmatova
“Musa
Cəlil faşizmin zülmət qaranlıqları içində
işıqlı bir sima kimi parladı və Yulius Fuçiklə
bir sırada dayandı. Onlar əsl ziyalı və ədəbiyyatçı
nümunəsi oldular.Onlar mənəvi gücün kobud fiziki
güc üzərindəki təntənəsini nümayiş
etdirdilər... Musa Cəlil
xalqımızın hitlerizmə qarşı qəhrəmanlıq
mübarizəsi tarixində ən görkəmli bir şəxsiyyət
kimi mənim hafizəmdə daim qalacaqdır”.
SERGEY SMİRNOV
“Musa Cəlil! Bu
iki söz poeziya və mərdlik simvoludur. Nə qədər
ki, sinəmdə ürəyim döyünür, mən bu
sözləri daim təkrar edəcəyəm”.
Stepan Şipaçev
Musa Cəlilin adı gələndə, yadıma böyük rus yazıçısı Maksim Qorkinin “İzergil qarı” əsərindəki əfsavəvi qəhrəman Danko obrazı yadıma düşür. Danko ürəyini çıxarıb məşəl edərək, qaranlıqda zülmə və ölümə məhkum olan insanların yolunu işıqlandırır. Onları azadlığa çıxarır, özünə isə bu azdlıq nəsib olmur. Böyük tatar şairinin mənalı və şərəfli həyatı da bizə Dankonun taleyini xatırladır...
1954-cü ilin avqust ayı. Qəhrəman şair Musa Cəlilin hitler faşizminə qarşı müharibə cəbhələrində igidliklə həlak olmasının 10 illiyi münasibəti ilə şairin Vətəni Kazanda keçirilən yığıncaqda Azərbaycanın xalq şairi Səməd Vurğun SSRİ Yazıçılar İttifaqı adından nitq söyləyir. Həmin nitqində görkəmli şairimiz deyir:
“Əziz və hörmətli yoldaşlar, bizim ümumi dostumuz, böyük və əsl şair Musa Cəlilin həmyerliləri! Bizim qabaqcıl, böyük poeziyamıza Musa Cəlil kimi ölməz sənətkar verən bir xalq böyük və xoşbəxt xalqdır! Dünya poeziyası tarixində yaxşı, gözəl və böyük şairlər çox olmuşdur, lakin onların hamısı xalqın şərəfi və iftixarı ola bilməmişdir. Musa Cəlil tarixin yetisdirdiyi elə nadir və xoşbəxt şairlər dəstəsinə mənsubdur ki, onlar hər zaman xalqın, yaşadığı zəmanənin şərəfi və iftixarı olmuş və olmaqdadırlar.
Bəzi şairlər özlərinin böyük yaradıcılığı, özlərinin böyük və gözəl poeziyası ilə əsrlərin sınağından çıxmış, öz adlarını əbədiləşdirmişlər. Yalnız böyük poeziyası ilə deyil, həm də özünün şəxsi qəhrəmanlığı ilə, tarixin amansız qara qüvvələrinə qarşı döyüşdə özünün ölümsüz ölümü ilə adını əbədiləşdirmək onların çox cüzi bir qisminə nəsib olmuşdur. Böyük ingilis şairi Bayron, məşhur macar şairi Petöfi, çex şairi Fuçik və bizim əziz tatar şairimiz Musa Cəlil belələrindən olmuşlar!
...Mən xoşbəxtəm ki, Musa Cəlilin mərdliklə, gələcəyə inam hissi ilə dolu olan coşqun və gözəl poeziyasını onun öz ana dilində oxuya bilirəm... Biz öz əziz və böyük şairimiz Musa Cəlili ona görə bütün varlığımızla sevirik ki, o da bizi bütün varlığı ilə sevirdi.
İllər ötəcək, nəsillər keçəcək, ancaq Musa Cəlilin parlaq siması əfsanəvi bir obraz kimi gələcək nəsillərə yadigar qalacaqdır. Musa Cəlil haqqında simfoniyalar bəstələnəcək, dram əsərləri yaranacaqdır. Onun şərəfinə gözəl mahnılar qoşulacaq, yüzlərlə təravətli şeirlər yazılacaqdır.
İcazə verin, belə əlamətdar bir gündə dərin kədər və böyük iftixar hissi ilə Musa Cəlilin əziz xatirəsinə həsr etdiyim kiçicik bir şeirimi Azərbaycan dilində oxuyum:
Ogünkü
üstünü cəlladlar aldı,
Günahsız
töküldü müqəddəs qanın.
Bizim dərdimizdir
yarımçıq qaldı,
Sənin söz
dastanın, həyat dastanın.
Yarandın,
yaşadın şanlı bir gündə
Özün
ulduz-ulduz, çiçək-çiçəkdin.
Xatirən daima
torpaq üstündə,
Yaşıl bir
ot kimi göyərəcəkdir!
Sənin qəlbin
kimi safdır, düm ağdır,
Vətən
göylərinin ağ ulduzları.
Adına nəğmələr
oxuyacaqdır,
Edil
yılqasının tatar qızları.
Mənim şair
dostum, şair qardaşım,
Vüqarın
böyükdür uca dağ kimi.
Sənin hünərinlə
mənim də başım,
Ucaldı göylərə
bir bayraq kimi.
Neçə sərhəd
aşır, el gəzir şeir,
Yurd salır neçə min ürəkdə,
canda.
Sənə oğlum deyir, öz balam
deyir,
Mənim Ana yurdum Azərbaycan da!
Səməd Vurğun bu təntənəli axşamda rus
dilində danışır, öz şeirini Azərbaycanca,
Musa Cəlilin şeirini isə tatarca oxuyurdu. Həmin
vaxtlar Tatarıstanın bir çox qəzet və
jurnalları Səmədin şeirinin tatarca tərcüməsini
təqdim etmişdi.
Ruhları bir daha şad olsun deyə, Səməd
Vurğunun adlarını yad etdiyi, Musa Cəlilin tarixi əqidə
və məslək silahdaşlarının ömrünə
qısaca da olsa, ziyarət edək.
İki əsr bundan əvvəl yaşamış, Şərqi
və Şərq ədəbiyyatını sevən ingilis
romantik şairi Corc Qordon Bayronun yaradıcılığı,
əsərlərinin dili və poetikası bu gün də
dünya ədəbiyyatşünaslığının diqqət
mərkəzindədir. Mütərəqqi romantizmin görkəmli
nümayəndələrindən biri olan Bayronun əsərləri
dünya ədəbiyyatının inkişafına
güclü təsir göstərmişdir. Əbəs yerə deyil ki, dünya ədəbiyyatında
məhz Bayron “Sevimli şair” ləqəbi ilə
tanınır. XIX əsrdə Avropa ədəbiyyatında
bayronizm adlanan ictimai əhvali-ruhiyyə Bayronun adı ilə
bağlıdır. Dünyagörüşündəki
ziddiyyətlər-fərdiyyəçilik, ümidsizlik,
ekzotikaya aludəçiliklə yanaşı, üsyankar ruh,
azadlıqsevərlik, məzlum, əzilən xalqlara rəğbət
Bayron yaradıcılığının əsas xüsusiyyətləridir.
Şairin Şərq ölkələrinə səyahət
etməsinə səbəb onun bu ölkələrin tarixi, ədəbiyyatı,
incəsənəti və digər mədəni həyatı
ilə tanışlığı idi. Bayron qeyd edirdi ki,
“Türkiyə tarixi” mənə hələ uşaq ikən ləzzət
verən ilk kitablardan biri olmuşdur. Əminəm
ki, sonradan mənim Levantı (Aralıq dənizinin Şərq
hissəsində yerləşən ölkələr və ərazinin
ümumi adı. “Günəşin doğuşu” adlanan məkan
kimi də qəbul edilir - R.Mirzəzadə) səyahət etmək
arzuma bu kitabın müəyyən təsiri olmuş, ola bilsin ki, şeirlərimdə hiss olunan Şərq
ruhuna da səbəb budur...
Bayron
“Çayld Haroldun səyahətləri”, “Şərq
poemaları” (bura “Gavur”, “Abidos gəlini”, “Korsar”, “Lara”,
“Korinfin mühasirəsi” və “Parizina” kimi altı məşhur
poema daxildir), “Qabil”, “Don Juan”, “Manfred” və s. dünya ədəbiyyatı
xəzinəsinin nadir nümunələri olan məşhur əsərlərin
müəllifidir.
Şair bütün millətlərə eyni gözlə
baxırdı.
Bayron deyirdi ki, əgər türklər məhkum, yunanlar hakim
olsaydı, yəqin ki, mən türklərə qoşulub,
yunanların əleyhinə, türk azadlığı
uğrunda vuruşardım... Ədib
bütün məhkum xalqların müdafiəçisi idi.
İngiltərə
cəmiyyətindən üz döndərən, ingilis
burjuaziyasının çirkin əməllərindən cana gələn şair, oranı əbədi
olaraq tərk etmək məqsədi ilə səyahətə
çıxır. Bayron yola düşməzdən əvvəl
müasiri Hansona yazdığı məktubunda deyirdi: “Mənə
lənətə gəlmiş bu ölkədən
çıxıb getməyə icazə verin və mən sizə
söz verirəm ki, müsəlmanlığı qəbul edərəm,
lakin geriyə qayıtmaram”. Şair ərəb
dilini də öyrənmişdi. Bayron
1824-cü ildə yunanların azadlığı uğrunda gedən
döyüşdə həlak olmuşdu.
Macar xalqının böyük vətənpərvəri,
Xalq şairi və Milli Qəhrəmanı Şandar Petöfi
1848-1849-cu illərdə Macarıstan inqilabının fəal
xadimlərindən biri olub. Onun ilk “Şeirlər”
kitabı 1844-cü ildə nəşr edilib. Şairin
“Yabanı çiçək”, “Saray və koma”, “19-cu əsrin
şairlərinə” və s. kimi şeirləri, “Pəhləvan
Yanoş” nağıl-poeması əsarət və zülm əleyhinə
etiraz duyğuları ifadə etdiyi üçün xalq
arasında geniş yayılmışdı. Petöfinin
şeirləri insanların dilində xalq nəğmələrinə
çevrilmişdi.
Ədib
1847-ci ildə “Gənc Macarıstan” təşkilatına
başçılıq edib, Peşt və Budada 15 mart 1848-ci il üsyanının rəhbərlərindən
biri kimi tanınmışdı. Sonralar zabit kimi
inqilabçı ordunun apardığı döyüşlərdə
vuruşan Petöfi, yazdığı şeirləri ilə
silah yoldaşlarını qələbə uğrunda
mübarizəyə ruhlandırırdı. Şair “Apostol” poemasında xalqının mənafeyi
naminə canından keçən inqilabçı qəhrəman
obrazını yaratmışdı.
Şairin əsərləri dünyanın çoxsaylı
xalqlarının dilinə olduğu kimi, Azərbaycan dilinə
də tərcümə edilib. “Pələng və
kaftar” adlı tarixi dramı Azərbaycan səhnəsində
tamaşaya qoyulub.
Şandar Petöfi 1849-cu ildə çar kazakları ilə
toqquşmada mərdliklə həlak olub.
Tanınmış çex yazıçısı, jurnalisti,
publisisti, teatr tənqidçisi Yulius Fuçik Musa Cəlildən
üç yaş böyük idi. O da fevral ayında doğulmuşdu. 20-ci illərdə “Rude pravo” qəzeti və “Tvorba”
jurnalının redaktoru kimi çalışmışdı.
Hələ İkinci Dünya müharibəsindən qabaq
üç dəfə keçmiş Sovet İttifaqına gəlmiş,
Orta Asiya xalqlarının ədəbiyyatı ilə
yaxından tanış olmuşdu.
Fuçik Müqavimət və Antifaşist Hərəkatının
fəal üzvlərindən idi. Ədib 1942-ci ilin aprelində GESTAPO ( Hitler Almaniyasında faşizm düşmənlərinə
qarşı ən vəhşi üsullar tətbiq edən
gizli siyasi polis) tərəfindən həbs edilmiş,
1943-cü ilin sentyabrında edam olunmuşdu. Yulius
Fuçikin Praqadakı Pankrats həbsxanasında
yazdığı “Edamqabağı reportaj” əsəri 1945-ci
ildə çap edilmişdi. Dünyanın
80-dən artıq dilinə çevrilən əsər, Azərbaycan
dilinə “Faşist zindanından səslər” adı ilə tərcümə
olunmuşdu. Bakı küçələrindən
birinə çex xalqının Milli Qəhrəmanı, Beynəlxalq
Sülh Mükafatı laureatı Yulius Fuçikin adı
verilmişdir.
İndi Bayron, Petöfi, Fuçik, Cəlil kimi
mübariz və qəhrəman qələm sahiblərinin
adları bütün dünya xalqlarının qəlbində
yaşayır.
Səməd Vurğunun nitqi Yulius Fuçikin nəsillərə
yadigar qalan sözlərini bir daha yadıma saldı: “Biz
ölsək belə, sizin böyük səadətinizin bir
hissəsi kimi yaşayacağıq. Axı bu səadətin
yolunda biz həyatımızı vermişik”.
Səməd Vurğunun ömrünü, taleyini,
bütün varlığını azadlıq və qələbə
uğrunda fəda etmiş Musa Cəlil haqqında dedikləri
həqiqətə çevrildi. Özü də
böyük həqiqətə. B.Zernikin “Kötük
üstə mahnı”, qazax şairi və xalq
yazıçısı Cuban Muldaqaliyevin “Mahnı
ölmür”, kalmık şairi David Kuqultinovun “Ürəyin
gözü ilə”, Tatarıstanın xalq şairi və
dramaturqu İldar Yuzeyevin “Axırıncı sınaq”, rus
şairi, publisisti, rəssamı və memarı Andrey
Voznesenskinin “Ustad”, tatar dramaturqu, ictimai və əməkdar incəsənət
xadimi Riza İşmuratovun “Əbədi mahnı”, Azərbaycanın
xalq şairi Bəxtiyar Vahabzadənin “Uçun, nəğmələrim!”,
digər dost və qardaş yurdların söz-sənət
ustadlarının əsərləri Musa Cəlili bir daha
dünyaya tanıdıb, bütün tərəqqipərvər,
sülhsevər bəşəriyyətin sevimlisinə
çevirib. Görkəmli fransız yazıçısı
Lui Araqon, alman alimi L.Nebensal, italyan yazıçısı
Ciovanni Cermanetto, rus şairləri Stepan Şipaçyov,
Konstantin Simonov, Mixail Lukonin, qardaş xalqların şair və
yazıçılarından qazax Muxtar Auezov, qırğız
Aalı Tokambayev, başqırd Mustay Kərim, çuvaş
Yakov Uxeşay və başqaları Musa Cəlilin qəhrəmanlıqla
dolu həyatından və yaradıcılığından həmişə
məhəbbət və ehtiramla söz açmışlar.
Musa Cəlil
1906-cı il fevralın 15-də Rusiyada
Uralın cənubunda yerləşən Orenburq quberniyasının
Mustafino kəndində zəhmətkeş, sadə bir ailədə
anadan olmuşdur. Gələcək şair hələ
uşaq yaşlarından yoxsulluq və məhrumiyyətlərlə
üz-üzə gəlmişdi. Onun elmə,
biliyə, mütaliəyə hədsiz marağı və həvəsi
vardı. Musa əvvəlcə
Orenburqdakı “Huseyniyyə” mədrəsəsində təhsil
almış, sonralar Kazanda “Tatarıstan” qəzeti
redaksiyasında işləyə-işləyə fəhlə
fakültəsinə daxil olmuş, 1931-ci ildə Moskva Dövlət
Universitetinin ədəbiyyat fakültəsini müvəffəqiyyətlə
bitirmişdi. Lakin Musa Cəlilin təhsil
illəri sakit keçməmişdi. 1919-cu
ildə o, vətəndaş müharibəsi zamanı
Orenburqda kazak-ataman, general Aleksandr İliç Dutovun
ağqvardiyaçı cinayətkar dəstələri ilə
döyüşlərdə iştirak etmişdi. Gənc şair 1920-ci ildə fəal
yaşıdları ilə birlikdə aclığa
qarşı ümumxalq mübarizəsinə qoşulmuş,
ağqvardiyaçıların dağıtdıqları kəndlərin,
sənaye müəssisələrinin bərpası və yenidən
qurulması uğrunda fəal mübarizə
aparmışdı.
Musa Cəlil on yaşından şeir yazmağa
başlamışdı. Onun “Xoşbəxtlik” adlı ilk şeiri
1919-cu ildə “Ulduz” qəzetində dərc olunmuşdu. Sonralar mübariz inqilabçılar, gizli təşkilatçılar,
çar həbsxanalarının dəhşətini
görmüş adamlar, cəbhələrdə
vuruşmuş döyüşçülər Musa Cəlilin
1925-ci ildə nəşr olunmuş “Biz gedirik” ilk şeirlər
kitabının əsas lirik qəhrəmanlarına
çevrildilər. 30-cu illərdə
çapdan çıxmış “Ordenli milyonlar”, “Şeirlər
və poemalar” kitabları Musa Cəlilin hələ müharibədən
əvvəl yaradıcılığının xeyli zənginliyini
nümayiş etdirirdi. “Gənc
yoldaşlar” və “Oktyabr balaları” uşaq
jurnallarındakı redaktorluq və jurnalistlik fəaliyyəti
onun poetik inkişafinda böyük rol oynadı. Həmin
illərdə Tatarıstan Dövlət Nəşriyyatı
Musa Cəlilin tərcüməsində XII əsr gürcü
şairi və dövlət xadimi Şota Rustavelinin, rus
şairi, dramaturqu Samuil Marşakın, rus uşaq şair və
yazıçısı Aqniya Bartonun və
başqalarının kitablarını çap etmişdir.
Tatar dövri mətbuatında şairin görkəmli rus
şairi və dramaturqu, müasir rus ədəbi dilinin banisi
Aleksandr Sergeyeviç Puşkin, rus ədəbiyyatının
klassiki Nikolay Vasilyeviç Nekrasov, tanınmış
ukraynalı şair Taras Şevçenko, unudulmaz rus şairləri
Vladimir Vladimiroviç Mayakovski, Vasili İvanoviç
Lebedyev-Kumaç, fransız inqilabçısı Ejen Potyedən
tərcümə etdiyi yüzlərlə şeir oxucular tərəfindən
maraqla qarşılanmışdı.
Alovlu vətənpərvər, azadlıq və səadət
nəğməkarı olan Musa Cəlil əsl insana, vətəndaşa,
söz-sənət sahibinə məxsus şərəfli,
mübarizələrlə dolu ağır bir həyat yolu
keçmişdir. Tatar, rus və Avropa ədəbiyyatını
dərindən bilən Musa Cəlil, təkcə şair və
ədəbiyyatçı kimi deyil, həm də istedadlı bəstəkar
və rəssam kimi də fəaliyyət göstərirdi.
Tatar xalqının mədəni həyatının
elə bir sahəsi yoxdur ki, orada Musa Cəlilin xidməti
olmasın. Tatar poeziyasının, ədəbiyyatşünaslığının
inkişafına təkan verən poetik əsərlər,
maraqlı uşaq pyeslərinin yaradılması, opera
teatrının tərəqqisi sahəsində böyük
yaradıcılıq işləri məhz onun adı ilə
bağlıdır. İncəsənət
işləri onu həmişə
maraqlandırmışdır. Onun bir
sıra məqalələri, opera və balet sənətinə,
tatar xalqının estetik mədəniyyətinin
inkişafına həsr olunmuşdur.
Xalqın
dinc həyatını tərənnüm etmək,
insanların əməyə, zəhmətə, xalq və Vətən
yolunda mübarizəyə misilsiz qəhrəmanlıq
nümunələri göstərməyə, bir-birini sevməyə,
bir-birinə hörmət etməyə çağıran nəğmələr
yaratmaq arzusu ilə yaşayan şairin yaradıcılıq
üfüqləri də olduqca geniş idi. Təkcə
Tatarıstanda deyil, Vətənindən kənarda belə
baş verən hər bir mühüm hadisə, yaranan yenilik
Musa Cəlilin ilhamına qanad verirdi. Az
müddət ərzində onlarca şeirlə yanaşı,
onun ilhamla yazdığı “Poçtalyon”, “Direktor və
günəş” kimi irihəcmli poemaları da
oxucularını sevindirdi. Musa Cəlil
“Altınçeç” (“Qızıl saçlı”) adlı
tatar milli operasını yaratdı. Onun
ardınca “Eldar” poema- librettosu tatar mədəniyyətinə
şəfəq saçdı.
Zəngin təcrübəyə malik olan Musa Cəlil gənc
rəssamların, bəstəkarların, aktyorların,
ümumiyyətlə, incəsənətlə məşğul
olan adamların püxtələşməsi yolunda öz zəhmət
və səylərini əsirgəmirdi. O, istedadlıları
lazımınca qiymətləndirir, onlara dəyər verir,
öz üzərində daha mükəmməl işləməyə
ruhlandırırdı. Tatar xalqının
adlı-sanlı bəstəkarları Salix Saydaşev, Aleksandr
Klyuçarev, Nazib Jiqanov və başqalarına böyük
incəsənət yoluna məhz Musa Cəlil həyat vəsiqəsi
vermişdi.
1939-cu ildən 1941-ci ilin iyununa - Ordu sıralarına
çağırılana qədər Musa Cəlil
Tatarıstan Yazıçılar İttifaqına rəhbərlik
edirdi.
1945-ci ilin mayı idi. Berlində
Böyük Vətən müharibəsinin son
döyüşləri gedirdi. Keçmiş
Sovet İttifaqına məxsus ordunun əsgərləri
vuruşa-vuruşa Moabit həbsxanasının həyətinə
girdi. Həbsxanada heç kim- nə
gözətçilər, nə də məhbuslar vardı.
Həyətə tökülmüş qovluqlar
yanırdı. Külək zibili,
kağız qırıntılarını bütün həyət
boyu qovurdu. Döyüşçülərdən
birinin gözü rus dilində yazılmış bir
kağız parçasına sataşdı. Əsgər vərəqi qaldırdı, əli ilə
hamarladı, Vətəndən uzaqlarda, doğma ana dilində
yazılmış bu kağız parçasını maraqla
oxudu. Məktubda yazılmışdı: “Mən tatar
şairi Musa Cəliləm. Moabit həbsxanasında
yatıram. Yəqin ki, faşistlər məni
güllələyəcəklər. Xahişim
budur ki, bu qeydləri oxuyan şəxs ruslar Berlini azad etdikdən
sonra bu barədə Moskvaya və Kazana xəbər versin.
Həm də Fadeyevə, Qladkova, Korneyçuka və başqa
yazıçılara mənim salamımı yetirsin...”.
Sonra
şair bu barədə ailəsinə xəbər verməyi
xahiş edir və ev ünvanını
göstərirdi. Bu kiçik məktub
görünür, çox əllərdən keçmişdi.
Kənarlarında müxtəlif vaxtlarda,
müxtəlif xətlə yazılmış iki qeyd vardı.
Qeydlərdən birinin müəllifi Cəlilin
hələ sağ olduğuna ümid etdiyini bildirirdi. Savadsız və antisovet xarakterli ikinci qeyddə isə
qəlbiqaralı sevinclə xəbər verilirdi ki, “sizin Cambul
(qeydi yazan avamlığı ucbatından Cəlili Cambulla
dolaşıq salmışdı) artıq çoxdan o biri
dünyadadır”.
Döyüşçülər bir yerə
toplaşıb məkrubu oxudular. Cəlili şair kimi
tanıyan tatar döyüşçüləri də
tapıldı. Döyüşçülər
elə buradaca faşist cəlladlarından şairin
qisasını almağı qət etdilər. Hissə yenidən döyüşə
atıldı. Cəlilin məktubunu isə
Yazıçılar İttifaqına, Fadeyevə göndərdilər.
Bu, tatar xalqının qəhrəman oğlu, şair
Musa Cəlil haqqında 1942-ci ildən sonra ölkəsinə
gələn ilk məlumat idi. Təəssüf ki, həmin
qiymətli sənəd Yazıçılar
İttifaqının aparatında naməlum səbəb
özündən itmiş və tapılmamışdı.
Bu xəbərdən yalnız bir şey məlum olurdu: Musa Cəlil
Moabit həbsxanasında öldürülmüşdü...
...Qaranlıq
zindan... Gecənin yarısı... Kiçik bir
kameranın qarşısında əlisilahlı bir gözətçi
gəzişir, hərdən dayanır, kameranın balaca pəncərəsini
açıb içəri baxır. İçəridə
gecə köynəyində əyləşən cavan məhbus,
gözətçinin anlamadığı bir dildə əl-qolunu
ata-ata öz-özünə danışırdı. Bütün gözətçilər bu kameradan gələn
qəribə səslərə çoxdan adət etmişdilər.
Cavan məhbus haqqında həbsxanada gedən
maraqlı söhbətlər artdıqca, o, hamının diqqətini
özünə cəlb edir, öz qeyri-adi hərəkətləri
ilə hamının heyrətinə səbəb olurdu.
Cavan məhbus tatar şairi Musa Cəlil, zindan isə
Moabit həbsxanası idi. 1943-cü ilə qədər
yalnız Berlində məşhur olan Moabit, sonralar
bütün dünyada tanındı. Onun
divarları arasında odlu-alovlu bir şairin əli ilə qara
günlərin tarixi yazıldı. Azərbaycanın xalq
şairi Bəxtiyar Vahabzadə şairə həsr etdiyi
“Uçun, nəğmələrim!” adlı poemasında necə
də gözəl yazmışdı:
Gözətçi əlində
zağlı avtomat,
Cəlili güdürdü, qaça
bilməsin...
Gözətçi bilmədi, çətindir
heyhat,
Fikrinə sədd çəkmək
düşünən kəsin.
Gözətçi bilmədi, cəhdi
əbəsdir,
Burada keşik çəkir o nahaq yerə,
Onun qoruduğu bir quru səsdir,
Cəlil çoxdan qaçıb uzaq
ellərə...
Tarix boyu
belə olmuşdu: hakim sinif söz sahibi olan məhkumları
yalnız cismən tabe edə bilmiş, fikirləri,
düşüncələri dustaq etmək mümkün
olmamışdı. Vaxtilə məşhur alman şairi,
publisisti, tənqidçisi Xristian İohann Henrix Heyne Fransadan
Almaniyaya gedərkən polislər sərhəddə onun
çamadanlarını açmış, orada qorxulu ola biləcək yazılar
axtarmışdı, lakin heç nə tapa bilməmişdilər.
Bu zaman Heyne onlara demişdi ki, siz nahaq yerə əziyyət
çəkdiniz. Qorxulu fikirləri mən
çamadanda deyil, başımda aparıram. Onu isə tapmaq, məhv etmək çox çətindir.
İşgəncə
və zülm divarları arasında, olduqca çətin
şəraitdə başa gələn, bəzən divara
kömürlə, tabaşirlə cızılan, bəzən
qırıq karandaşla marqarın kağızına
yazılan “Moabit dəftəri”nin
misralarındakı yanmağa başlayan əbədi məşəli
heç bir faşist qasırğası, ölüm
tufanları söndürə bilmədi. Çünki Azərbaycanın
Musa Cəlil məfkurəli görkəmli şairi Xəlil
Rzanın dediyi kimi, bu şeirlər tamamilə qeyri-insani şəraitdə
ən insani duyğularla nəfəs alan,
özü dustaq olduğu halda, qəlbinin və
idrakının dustaq edilməsinə imkan verməyən, təfəkkür
və ilham azadlığını qoruyub saxlamış
böyük bir şairin ildırım kəsərli qələmindən
saçılmışdı. Mübariz nəğməkarın
azadlıq səsi qalanın daş divarları arasından da
eşidilirdi. Şair burada yazdığı “Azadlıq”
adlı şeirində böyük həsrət və
yanğı ilə deyirdi:
Atasız-anasız boy atdımsa da,
Ancaq üzməmişdir
yetimlik məni.
Ən əziz nədirsə mənə
dünyada,
İtirmişəm onu: doğma Vətəni!
İstintaq zamanı onun əzişdirilmiş bədəni
sızıldayır, barmaqları sözünə
baxmırdı, gestapoçu xrom çəkmələrinin
dabanı ilə neçə dəfə bu barmaqların
üstünə çıxmışdı. Hələ Varşavada,
düşərgədə müstəntiqlə ilk
görüşdəcə sındırılmış sol
qolu əyri bitmişdi. Unudub, ehtiyatsız tərpənəndə,
dözülməz ağrıları başlanırdı...
Böyrəklərini zədələmişdilər... Öldürüləcəyini sezmişdi.
Dəhşətli zindan həyatı, faşist cəlladları
tərəfindən verilən zülm, əzab və işgəncələr,
yağdırılan təhqirlər əlləri, ayaqları
qandallı şairin vüqarını pozub səsini susdura bilmirdi. O, üzünü Almaniyaya
tutub deyirdi:
Budurmu Vətəni
böyük Marksın?
O coşqun Şillerin budurmu yurdu?
Məni qabağına qataraq
faşist,
Adıma qul deyib, buramı
sürdü?
Hanı al bayraqlı
spartakçılar?
Niyə “Rot front”la titrəmir
hər yer?
Niyə dönə-dönə
vurdun məni sən?
Cavab ver, ey alman gənci, cavab ver!..
Onlara “Folkişer bsobaxter” adlı faşist qəzeti verməyə
başlamışdılar. Qəzet
qaytarılmalı idi. Buna ciddi fikir
verilirdi. Lakin nəzarətçilərin ağlına
da gəlmirdi ki, hər dəfə qəzetin nisbətən
geniş kənarı bir azca daralır: Musa qəzetin
qırağını səliqə ilə kəsib
götürür və şeirlərinin yazılması
üçün istifadə edirdi. Beləcə necə davam
etmişdisə, birdən göz açıb
görmüşdü ki, əsirlikdə və zindanda yüz
iyirmidən çox şeir və bir poema yazmışdır!
Böyük ideallar uğrunda çarpışan
möhkəm iradəli mübariz olmaq, həmişə azad,
başıuca, alnıaçıq yaşamaq, şairin lirik qəhrəmanının
vacib həyat prinsipi idi, onun
yaradıcılığının əsas ideya-bədii
istiqamətini təyin etmişdi. Musa Cəlilin bizə məlum olan
ilk şeirindən bir parçanı xatırlatmaq istərdim:
Ölüm-dirim cəngi
getdiyin yerdə,
Səmum da, tufan da
bizi saxlamaz.
Assalar, kəssələr,
öldürsələr də,
Bizi heç bir zaman
qul etmək olmaz!
“Müqəddəs
diləklər” adlı bu əsərini yazarkən Musanın cəmi
on beş yaşı vardı. “Ölərik,
qul olmarıq!” sözlərini epiqraf kimi gətirdiyi həmin
şeir əslində, Musa Cəlilin bütün sonrakı əsərlərində,
xüsusən “Moabit dəftərləri”ndəki məşhur
şeirlərində özünü göstərən vətənpərvərlik,
zorakılığa-faşizmə qarşı bəşəri
mübarizlik, milli əqidəyə sadiqliq, tatar övladı
və böyük vətəndaş kimi yenilməz xarakterinin
açılmasına doğru gedən cığırın
başlanğıcı idi...
Tatarıstanın Menzelinski şəhərində siyasi
işçilərin kursunda hərbi təlimlərə
yorulmadan yiyələnən şairin qələmi qəzəbli
bir silah kimi düşməni lərzəyə salırdı. Cəbhədə
vuruşanlar, arxada çalışanlar şairin alovlu
çağırışla dolu şeirlərindən
ruhlanır, düşmənə amansız nifrət bəsləyirdilər.
Musa Cəlilin qələbəyə inamla dolu
sözləri insanların qəlbinə yol tapırdı.
Ailəsi ilə vidalaşmaq anı gəlib
çatmışdı. Qızından ayrılmaq şair
üçün xüsusilə çətin idi. O,
yatmışdı. Musa ilə Əminə uzun
müddət tərəddüd etdilər-oyatsınlar,
oyatmasınlar? Oyatsalar, işin nə yerdə
olduğunu başa düşəcək, ağlayacaq, onu da
vağzala aparmağı xahiş edəcəkdi. Oyatmamağa da ürəkləri gəlmirdi. Yuxudan duracaq, atasını soruşacaqdı. Sonralar atasını yola salmadığını,
onun üzünə gülümsəmədiyini, bəlkə
də sonuncu dəfə gözlərinə
baxmadığını bilmək qız üçün
ağır və əzablı olacaqdı.
Musa arvadının qəmli gözlərinə baxdı. Uşaq
çarpayısına yaxınlaşdı.
-
Çulpancığım, mənəm, atandır. Eşidirsən, qızım? Mən
gedirəm. Salamat qal!
Çulpan yuxuda şirin-şirin gərnəşdi,
dodaqlarını marçıldatdı, sonra gözlərini
açmadan əllərini uzadıb atasının boynunu
qucaqladı. Musa ehtiyatla onu qucağına götürdü.
Qızcığazın balaca, isti bədəninin
necə mehribanlıq və səmimiliklə ona tərəf
dartındığını hiss etdi.
- Mən
gedirəm, qızım. Olar gedim?
Çulpan gözlərini açmadan yanağını
şinelin kobud mahuduna sürtdü, təsdiqləyici ahənglə
başını tərpətdi. Deməli, olar...
Musa boğazını tutan qəhəri uddu,
uşağı sinəsinə daha bərk sıxdı. Tələsmək
lazım idi. Vağzalda yoldaşları
gözləyirdilər. Musa
üzünü bir də qızının arıq,
sümükləri çıxmış çiyninə
sıxdı. Sanki onun bədəninin
doğma, insanı riqqətə gətirən munis ətrini
özü ilə aparmaq istəyirdi.
Artıq
həmin anların kövrək, nisgilli duyğuları
Musanın beynindəki deyil, qəlbindəki misralarına
hopurdu:
...Qızım, neçin mənə
həsrətlə baxdın,
O ayrılıq çağı, vida
anında?
Bəlkə hiss etdin ki, atanın
canı
Həsrətdən
üzülüb qaldı yanında?
Gülüm, sezdinmi ki, səndən
ayrılmaq
Əcəldən acıdır,
ölümdən betər.
Dolmuş bir buluddur atanın
könlü,
Bircə mehə bənddir
dolmuş könüllər.
...Mənim həyatımın kimlədi
süsü?
Anan, gözəl anan,
gülüm, bir də sən.
Məgər bu əbədilik bu ağ gündüzü
Bizə verməmişdir bu
böyük Vətən?!
Əlləri baltalı, dişləri
qanlı
Vəhşilər soxuldu bu
gülşən yurda.
Qala bilərdimmi bir kənarda mən,
Ölüm-dirim adlı bu
vurhavurda?!
Gedirəm, yadların ovum burnunu,
Çəkim keşiyini
bizim baharın.
Yıxılsam, canımla, qalsam,
köksümlə,
Kəsim qollarını qəsbkarların!
...Qanımı verərəm,
sönməz heç zaman
Ərzə ayna tutan
Çulpanım mənim.
Nəbzimi, canımı verərəm
sənə,
Məzarda dinc yatar ruhum, bədənim.
...Əlvida, göyçəyim, dan
söküləndə
Daim o ulduzu görməkdir əhdim.
Dönərəm yanına qalib gələndə,
Çiynimdə avtomat-
zəfər şöhrətim...
1942-ci ilin yanvarında Leninqrad (indiki Sankt-Peterburq) ərazisində
Volxov cəbhəsinə göndərilən şair hərbi
müxbir və siyasi işçi kimi gərgin və çətin
işlər aparmağa başladı. Musa Cəlilin o
dövrdəki hərbi lirikası cəbhə həyatının
və əsgər taleyinin bütün cizgiləri ilə zəngin
idi.”Dil”,”Qələbə”,”Hücumdan qabaq”,”İz”,”Yuxu”
və digər şeirlərində sərt qəhrəmanlıq
motivləri ilə sadə insani duyğular, sevinclər
bir-birinə qarışmışdı. Şairin
cəbhə şeirləri 1942-ci ildə Kazanda “Topçunun andı”
adı altında nəşr edilirdi.Bu, Cəlilin
sağlığında onun ana dilində buraxılmış
son kitabı idi.
O, bir
müddət “İgidlik” adlı cəbhə qəzetində əməkdaşlıq
etdi.Tez-tez atəş xəttində, qaynar nöqtələrdə
oldu.Əsgər döyüşçülərin igidlikləri,
şücaəti,hitlerçilərin törətdikləri
qanlı cinayətlər barədə həyəcanlı
yazılar yazdı.Cəbhə həyatı Musa Cəlili daha
da möhkəmləndirdi, mətinləşdirdi. Sərt döyüşlər sanki onu həyatının
dəhşətli, faciəli finalına hazırladı.
1942-ci il
iyunun 25-26-da Novqorodun Kerest çayı sahilində vuruşma
zamanı ağır yaralanan şair faşistlərə əsir
düdü.Onu əvvəlcə Qərbi Dvina (Dauqava)
çayı yanındakı həbs düşərgəsinə,
sonralar Polşa ərazisində yerləşəm Demblin
qala-düşərgəsinə, ordan da hərbi əsirlərin
Berlin ətrafindakı Vustrau düşərgəsinə apardılar.
Əsirlik şairi sıxsa da, o, hər cür əzaba
dözdü, lakin təslim olmadı. Şair
faşist hökmranlığının bütün fitnələrinə
qarşı mübarizə aparan gizli qrupa qoşuldu.
Almanlar özlərinin mühacirlərdən təşkil
etdikləri “Udil-Ural”adlı tatar millətçi komitəsinə
xüsusilə ümid bəsləyirdi.Bu komitə tatar,
başqırd, özbək və başqa millətlərdən
olan hərbi əsirlər arasında təbliğat
aparmalı və onları faşistlər tərəfində
vuruşmağa cəlb etməli idi.Onlar bu çirkin niyyəti
üçün Musa Cəlilin nüfuzundan istifadə etmək
istəyirdilər. Müdrik və uzaqgörən şair hərbi
əsirlər arasında fəal gizli iş aparmaq
üçün komitə ilə “əməkdaşlıq” etməyi
qərara aldı.Əslində bu qərarın özü əsl
mərdlik idi. Şair hər gün, hər an
ölümlə üz-üzə gəlməkdən
qorxmadı.Düşmənlərlə “əlbir” olduğuna
görə keçmiş sovet adamlarının onu Vətən
xaini adlandıracaqlarını bilə-bilə bu yoldan çəkinmədi.
Musa Cəlil
düşərgədə Bryansk
yaxınlığındakı gərgin vuruşlarda əsir
düşmüş digər tatar yazıçısı,şairi, dram əsərləri, uşaq
şeir və nağıllarının müəllifi kimi
sevilən Abdulla Əlişlə rastlaşır. Onunla bərabər, Abdulla Əliş də “Udil-Ural
legionu tərkibində (böyük qoşun birləşməsində)
faşistlərə zərbələr vuran tədbirlərin həyata
keçirilməsi əməllyyatlarında yaxından
iştirak edir.Yaradılmış gizli qrup müvəffəqiyyətlə
antifaşist vərəqələr yayır, hərbi əsirlərin
qaçmasını təşkil edir. “Milli legion”dan bir
batalyona qədər adam qaçıb
partizanlara qoşulur. Lakin bir satqın dəstəni
ələ verir.Faşistlər başda Musa Cəlil olmaqla,
bütün qrupu həbs edirlər.Dustaqları Berlinin Moabit hərbi-siyasi
həbsxanasına göndərirlər.Drezdendəki imperiya məhkəməsi
onları ölümə məhkum edir.
Musa Cəlil
“Məhkum” şeirində haqqında verilən amansız
hökmə cavabsız qalmır:
Onun məhkəməsi olmuşdur bu
gün,
Gərək öldürülsün,
kəsilsin başı.
O isə ağlamır, çünki
ağlayıb -
Çoxdan qurumuşdur
gözünün yaşı.
Hamı yuxulamışdır məhbəsdə
budur,
Düşmüş pəncərədən
ayın kölgəsi.
Bircə o yatmayır, hey
düşünür ki,
Yetim böyüyəcək əziz
körpəsi.
Qəribə işlər var, bəzi
vaxt ölüm
Gəlir tufan ilə, gəlir el ilə.
Təəccüb etmirsən. Qəlbində sənin
Hətta bir yarpaq da titrəmir
belə.
Üzündə təbəssüm məğrur
durursan,
“Di qalx, öləcəksən,
gedək!” deyirlər.
Amma nədəndirsə, daha çox
indi
Yazmaq istəyirəm odlu
şeirlər.
Sizə çətin deyil
öldürmək məni,
Bunu istəyirsiz -
aydındır mətləb.
Ancaq siz şairə ölümdən
əvvəl
Bircə qələm verin, bir də
mürəkkəb.
Qorxu deyilən
hiss şair-qəhrəmanın ruhuna tamamilə yad idi. Musa Cəlil
heç vaxt, heç bir yerdə ölümdən
qorxmamışdı.Əgər belə olmasaydı,
üzünə ölüm hökmü oxunandan sonra
“Azadlıq”, “Nəğmə”, “Meşə”, “Quşcuğaz”,
“Qılınc”, “Pul”, “Məhkum”, “Döyüşdən sonra”,
“Yaza köməyimiz”, “Ölümə”, “Vəhşilik”,
“Alman ölkəsində”, “Dostuma”, “Cəllada”, “İnanma” və
s. insan qanına susamış faşist cəlladlarını
nifrətlə, azadlıq carçılarına məhəbbətlə,
gələcəyə böyük inamla dolu şeirlərini
yaza bilməzdi. Ana itkisinin acısını bir an unuda bilməyən
şair, hələ 1938-ci ildə ”Ana”
adlı şeir-andında bütün mərhum anaların
övladı kimi səsini ucaltmışdı:
...Anamın uzanıb
yatdığı tabut
Əbədi zülmətdir
mənim gözümdə.
O çağdan qayğılar
aldı könlümü,
Tabutun kölgəsi qaldı
üzümdə
...Mərhum anaların göz
yaşlarına,
Ürək ağrısına and
içirəm mən,
Vətən sevgisinin nəbzimdə
çarpan
Hər bir vurğusuna and
içirəm mən.
Dibindən kəsərəm biləklərini,
Düşmən əl uzatsa
azadlığıma.
Onun dırnağı da toxuna bilməz
Ana Vətənimə,doğma
xalqıma.
Filologiya
elmləri doktoru Pənah Xəlilovun yazdıqlarından:
“...Musa Cəlilin və dostlarlının başını
balta ilə vurub bədəndan ayırmışlar.Bu vəhşi
cəza tədbiri elə qurulubmuş ki, ölümünə
hökm verilmiş on bir nəfər tatar üçün (
bunların içində Abdulla Əliş də vardı –
R.Mirzəzadə) 33 dəqiqə - hər nəfərə 3 dəqiqə
vaxt lazım gəlirmiş.Pletsenzeye həbsxanasındakı
eşefotda gilyotini ( gilyotin- Fransada 1792-ci il Böyük Fransa
İnqilabı dövründə məhkumların
başının kəsilməsi üçün tətbiq
edilmiş edam dəzgahıdır.Həkim J.Gilyotenin təklifi
ilə yaradılmışdır. Hitler də edam cəzası
üçün xeyli sayda gilyotin dəzgahı
hazırlatdırmışdı.1981-ci ildə Fransa Milli Məclisi
gilyotin vasitəsi ilə edamın ləvği barədə
qanun qəbul etmişdir – R.Mirzəzadə) görənlərdən
biri onu belə təsvir edir:”Məhkum olunmuş adam
hündür taxtanın üstünə qalxmalıdır,t axtanın axırında baş
üçün oyuq vardır. Məhkum
özünə gələnə kimi cəllad köməkçiləri
onu bu taxtaya elə atırlar ki, şarnirə birləşdirilmiş
taxta 90° enir. Əyilmiş taxta məhkumu
atıb lazım olan vəziyyətə salır.Məhkumun
başı düz gilyotinin altına enir...Elə həmin anda
cəllad düyməni basır.Gilyotinin tiyəsi
qıjıltıyla aşağı enir və edam olunanın
başı xüsusi hazırlanmış hörmə səbətə
düşür”.
Musa Cəlil
1944-cü il avqust ayının 25-də
saat 12.21 dəqiqədə edam olundu. Adətən
eşefota sürüklənən məhkumlar özlərini
itirərdilər.Lakin hökmdən əvvəl Musa Cəlil və
onun dostları ilə söhbət edən məhbəs
ruhanisinin etirafına görə, ölüm ərəfəsində
tatarların üzündə təbəssüm vardı”.
Həbsxananın keşişi Yurıtko Musa Cəlillə
tez-tez görüşürmüş və hətta ona
ömrünün son günlərində oxumaq
üçün dahi alman şairi Yohann Volfqanq Hötenin
“Faust” əsərini gətiribmiş. Musa bir italiyalı hərbi əsirlə
də dostluq edirmiş.Bu italiyalı çox dindar adam imiş.Renniero Lanfredini adlı həmin
italyan Musa Cəlil və onun yoldaşları haqqında
aşağıdakı məlumatı vermişdi:”Bu on iki dost
müxtəlif kameralarda yatırdı.Onlar həmişə
şən və nikbin idilər.1944-cü il avqustun 25-də səhər
saat 6-da kameraların qapısı açıldı. Mən o
zaman Musa Cəlillə bir kamerada qalırdım.Gözətçi
onların familiyalarını oxudu və çölə
çıxmağı əmr etdi.Biz məsələnin nə
yerdə olduğunu başa düşdük...Mən dəhşətə
gəldim.Onlar gülə-gülə mənə dedilər: “Sən
ölümdən qorxdun, bax, biz ölümə gedirik”. Sonradan eşitdim ki, tatarlar öləndə də
vüqarla və əzəmətlə ölmüşlər.
Vüqar
və əzəmətə gedən yol isə şairin
misralarından keçirdi:
Sənin həbsxananda dustaq olsam da əgər,
Dizim bükülməyəcək sənin
önündə qatil!
Mənim ölüm saatım gələcəkdir
bir səhər
Başımı kəsəcəksən,
mən ancaq ayaq üstə
Öləcəyəm, onu bil!
Yaxud:
Öldür! Diz çökmərəm
qarşında qatil!
Dustağam.Qəlbimsə
dustağın deyil.
Başımı baltanla üzə
bilərsən,
Fəqət, baş əymədən
öləcəyəm bil!
Heyif ki, sizlərdən min qulduru yox,
Yüzünü silmişəm
dünya üzündən.
Elə buna görə gərək
xalqımın
Önündə diz
çöküb üzr istəyəm nən.
P. Xəlilovun
qeyd etdiyi, müxtəlif əsrlərdə yaşayan iki
qardaş xalqın mübariz şairlərinin taleyindəki
bir-birinə bənzəyən acı məqamları yada
salmaq yerinə düşərdi: “ Azərbaycanın filosof
şairi İmadəddin Nəsiminin vəhşicəsinə
edamından 600 il keçəndən sonra, ağlın, elmin,
demokratik ideyaların misilsiz inkişaf etdiyi XX əsrin
ortalarında təxminən bu edama bənzər yeni bir cinayət
baş verdi. Öz Vətənini, xalqını,
azadlığını qoruduğuna görə bir tatar
şairini Almaniyanın mərkəzində vəhşicəsinə
edam etdilər.
Nəsiminin dərisini soymaq hökmü
çıxarılmşdı. XX əsrin şairinin
başını Hitlerin 30-cu illərdə
hazırladığı iyirmi gilyotindən birinin
ağzına vermək haqqında hökm
imzalanmışdı. Hər iki sənətkar
hökmün icrasını gözləyə-gözləyə
yeganə silaha- onları əbədi yaşada bilən qələmə
əl atmışdı.İkisi də zindanda oturub səhər
düşmənlərlə necə üz-üzə
duracaqlarını, cəllad qarşısında necə
dayanacaqlarını düşünmüş,
düşündüklərini də kağıza
köçürüb nəsillərə vermişlər”.
Musa Cəlillə
birlikdə faşistlərin ölüm düşərgəsində
olmuş Niqmət Terequlov 1946-cı ildə doğma Vətəninə
qayıtmış və qəhrəman-şair Musa Cəlilin
birinci “Moabit dəftəri”ni Kazanda Yazıçılar
İttifaqına vermişdi.Ərəb əlifbası ilə
yazılmış həmin dəftərin axırında Musa,
öz ürək sözlərini demiş, əməl
dostlarına xahişini bildirmişdi: “Ey tatar dilini bilib bu dəftəri
oxuyan dost, bu dəftər məşhur tatar şairi Musa Cəlilindir.Onun
həyat yolu belədir...O, 1942-ci ildə cəbhədə
vuruşan zaman yaralı halda əsir alınmışdır. Əsirlikdə dəhşətlər
görmüş, dəfələrlə ölümdən
qurtarmışdır. Sonra onu Berlinə gətirmişlər.Burada
onu sovet təbliğatı yayan gizli təşkilatda
iştirak etməkdə günahlandırmış və həbs
etmişlər. Onu ölüm hökmü
gözləyir.O, öləcəkdir. Ancaq onun həbsxanada
və əsirlikdə olan zaman yazdığı 115 şeir
qalacaqdır.O, şeirlərindən nigarandır.Əgər
bu dəftər sənin əlinə keçsə, diqqətlə,
səliqə ilə şeirlərin üzünü
köçür, saxla və müharibədən sonra Kazana xəbər
ver.Həmin şeirləri tatar xalqının mərhum
şairi Musa Cəlilin adı altında nəşr etdir.Mənim
vəsiyyətim belədir.
Musa Cəlil,
1943, dekabr ”.
Həmin
hadisədən bir il sonra Belçika vətənpərvəri
Andre Timmermans Brüsseldəki keçmiş sovet səfirliyinə
Musa Cəlilin ikinci “Moabit dəftəri”ni təhvil
verdirmiş,səfirlik həmin dəftəri Tatarıstana
göndərmişdi. Latın hərfləri ilə
yazılmış həmin dəftərdə maraqlı bir məlumat
vardı: “Burada 33 şeir vardır.Bunlar hamısı əsirlikdə
və həbsxanada yazılmışdır.1942-ci ilin
sentyabrından 1943-cü ilin noyabrına qədər mən
125 şeir və poema yazmışam. Ancaq bunların
hamısını hara köçürə bilərdim?Bu şeirlər mənimlə birlikdə
torpağa gömüləcəkdir”.
1955-ci
ilin yayında Almaniyada çap olunan “Sovet
İttifaqının mətbuatı” jurnalının redaktoru,
jurnalist və tərcüməçi Leon Nebentsal sovet nəşrlərini
nəzərdən keçirərkən ilk dəfə Musa Cəlilin
Moabit şeirləri ilə tanış
oldu. Şeirlər çox xoşuna gəldi.Faşist
zindanlarında hər cür iztiraba məruz qalan şairin
alman xalqına nifrət bəsləməməsi Nebentsalı
xüsusilə heyrətləndirdi.Bir müddət sonra alman
jurnalisti Musa Cəlilin qəhrəman mübarizəsi və
faciəli taleyi haqqında Yuri Korolkovun “Sovet İttifaqı”
jurnalındakı məqaləsindən xəbər tutdu.
Məqalədə deyilirdi ki, şairin son günləri
haqqında az şey məlumdur, hətta Cəlilin
dəftərçəsini Vətənə göndərən
adam- belçikalı Andre Timmermans bu vaxta qədər
axtarılıb tapılmamışdır.
Nebentsal
da axtarışa qoşulmağı qərara alır.Lakin onun
müxtəlif təşkilatlara müraciəti ilə
aşkara çıxara bildiyi, dəlillərinin müəyyən
qədər uyğun gəldiyi Timmermans soyadlı adam “Cəlilin Timmermansı”olmur.
1956-cı ilin sentyabrında yazıçı Konstantin
Simonov Knokkedə adlı kiçik Belçika şəhərində
keçirilən poeziya festivalında iştirak
edir.Belçikaya yola düşməmişdən əvvəl
Musa Cəlilin həyat yoldaşı Əminə xanım onun
yanına gəlir və ərinin belçikalı dostunu
axtarmağı ondan xahiş edir.
Konstantin
Simonov Əminə Cəlilin məktubunu festivalın
tribunasından oxuyur.Belçika şairlərinə isə
Musanın şeirlər məcmuəsini
bağışlayır.Festival başa çatandan iki gün
sonra o, tanınmış şair, Belçika Elmlər Akademiyasının
üzvü Roje Bodarla görüşür və Andre
Timmermansın axtarılması üçün tədbirlər
görməyi ondan xahiş edir...
İki gündən sonra Simonov artıq
axtardığı adamın dəqiq ünvanını bilir. O, dərhal Tirlemon şəhərinə
yola düşür, Timmermansı tapır və maraqlandnığı
məsələlər barəsində onu geniş
sorğu-suala tutur. Simonovun Timmermansla söhbətindən:
Simonov:
-Qoruyub
saxladığınız dəftəri Cəlil sizə nə
vaxt vermişdi?
Timmermans:
-Drezdenə,
məhkəməyə göndərilməmişdən təxminən
bir ay əvvəl.O, həbsxana mağazasında satılan
poçt kağızından düzəldilmiş dəftərçəsini
mənə verdi.
Simonov:
-Niyə
dəftərçəni sizə məhz o vaxt verdi?
Məgər onda artıq edam ediləcəyini
bilirdi?
Timmermans:
-Bəli,
o, məhkəmədən çox əvvəl də edam olunacağına əmin idi.Bir neçə
dəfə çox sakit şəkildə buna zərrəcə
şübhə etmədiyini mənə demişdi... Cəlili
həbsxana rəisinin yanına
çağırmışdılar.Nə üçün
çağırdıqlarını dəqiq bilmirəm.Deyəsən,
hansısa kağızı imzalamağı tələb edirdilər.Kameraya
qayıdanda o, mənə yaxınlaşdı, dəftərçəni
verdi və xahiş elədi ki, sağ
qalıb evə qayıtsam, müharibədən sonra onu
düşdüyüm ölkədəki sovet konsulluğuna
verim.
Simonov:
-Siz dəftəçəni
necə saxlaya bildiniz?Necə göndərdiniz?
Timmermans:
-Məni Şpandau həbsxanasına keçirəndə
dəftərçəni özümlə
götürmüşdüm. Paltarımın
içərisində gizlətmişdim. Məhkəmənin
hökmü bildirilən günün səhəri mənə
beş il katorqa cəzası kəsmişdilər.
Mən həbsxana kontoruna getməli və
artıq şeyləri təhvil verməli idim. Biz daha istintaq altında olan adamlar deyildik, ona görə
də artıq şey saxlamağa icazə vermirdilər. Məsələn, mənim iki cüt corabım var
idi, bir cütünü saxlaya bilərdim, iki köynəyim
var idi, birini götürə bilərdim. Başqa
bütün xırda-xuruş şeyləri də təhvil
verməli idik. Mən təhvil verəcəyim
şeyləri yığışdırdım, Cəlilin dəftərçəsini
onların arasına qoydum.Həm də bunu elə elədim ki,
dəftərçə ilk baxışdan gözə dəyməsin,
eyni zamanda xüsusi olaraq gizlədilməsi barəsində də
təsəvvür yaranmasın. Dəftərçə
ilə birlikdə Berlin həbsxanasında alman keşişinin
mənə verdiyi dua kitabını da şeylərin
arasına qoymuşdum.Bu dua kitabının ilk iki səhifəsində
Cəlil mənə ithaf etdiyi şeirləri öz xətti ilə
yazmışdı.
Almanlar göndərilən şeylərin
siyahısını tutmağa başladılar.Dua kitabı və
dəftərçə də gözlərindən
yayınmadı. “Bu nədir?”- deyə
soruşdular. Dedim ki, gündəliyimdir. Onlar ya
öz axmaqlıqlarından, ya da mənim xoşbəxtliyimdən
dəftərçədəki qeydlərin nə alman, nə də
fransız deyil, tamamilə başqa bir dildə
yazıldığına fikir vermədilər.Bir də ki,
almanlar bərk tələsirdilər, həmin gün xeyli
adamı cəza yerinə yola salmalı idilər.
Mənim bağlamamda dətərçə ilə dua
kitabından başqa ülgüc və digər
xırım-xırda şeylər də vardı. Almanlar onların
hamısını siyahı ilə birlikdə Belçikaya,
anama göndərdilər.Bu inventar siyahısı məndə
qalmalıdır, bəlkə də indi onu tapa bildim ( Timmermans içərisində müxtəlif
saralmış vərəqələr olan bir qovluq gətirir,
uzun müddət həmin kağızları
araşdırır, lakin dediyi siyahını tapa bilmir).
İçərisində mənim şeylərim, dua
kitabı və Cəlilin dəftərçəsi olan
bağlama anama çatmış və o da mən
qayıdıb gələnə qədər hamısını
saxlamışdı. Məni həbsxanadan düşərgəyə
göndərəndə anama məktub yazmağa icazə verdilər.
Mən açıq yaza bilməzdim, lalkin
işarə ilə başa salmağa çalışdım
ki, nəyin bahasına olursa-olsun, dəftərçəni və
dua kitabını qoruyub saxlasın.
Qayıdanda məlum oldu ki, dua kitabı itib.Bilmirəm,
bu necə olmuşdu.Dəftərçə isə dururdu. Mən onu
sovet səfirliyinə verdim.Bunu özüm edə bilmədim,
çünki həbs düşərgəsindən
qayıdandan sonra uzun müddət xəstə yatdım.
Ona görə də Brüsselə gedən bir
yoldaşımdan dəftərçəni sovet səfirliyinə
çatdırmasını xahiş etdim. O, dəftəçəni
götürdü və qayıdıb gələndə mənim
tapşırığımı yerinə yetirdiyini dedi...
...İllər
keçəndən sonra kimsə Timmermansa vaxtı ilə Musa
Cəlilin qəhrəmanlığına şübhə ilə
yanaşan, az qala onu satqın sayan adamlar olduğunu
demişdi.Timmermans elə qəzəblənmişdi ki,
şairin anadan olmasının 60 illiyi ilə bağlı
yubiley təntənələrindəki
çıxışlarını bu dəhşətli
şübhənin rədd edilməsi ilə
başlayırdı: “Musa Cəlil kimi təvazökar, mərd,
savadlı, Vətənini ürəkdən sevən və onun
uğrunda ölümə gedən bir adam heç vaxt
satqın ola bilməzdi”- deyə, söylədiyi hər bir
nitqində dönə-dönə təkrarlayırdı.
Təəssüf
ki, Musa Cəlilin ikinci kamera qonşusunu - polyak Yani Kotsuru tapmaq
mümkün olmadı.Leon Nebentsal Polşa Müharibə
Veteranları Komitəsinə müraciət etdi,alman və
polyak mətbuatına məqalələr yazdı, lakin
axtarışlar heç bir nəticə vermədi.
1953-cü ilin martında Stalinin vəfatından sonra onun
bir çox haqsız və amansız qərarlarını
tarix özü “əritdi”. Stalinin
ölümündən iki ay ötməmiş, aprelin 25-də
“Literaturnaya qazeta” on illik sükutdan sonra ilk dəfə Musa Cəlilin
silsilə şeirlərini dərc etdi. Bunlar,
“Moabit dəftərləri”ndən götürülmüş
şeirlər idi. Şeirlər tezliklə
böyük əks-səda doğurdu. Onları
dünyanın çoxsaylı xalqlarının dilinə tərcümə
etdilər. “Tatar Fuçiki”nin qəhrəmanlığı
haqqında bütün dünya danışmağa
başlaldı. Düz 60 il bundan əvvəl, fevral ayında
SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə
Böyük Vətən müharibəsində, alman-faşist
işğalçılarına qarşı mübarizədə
müstəsna dözüm və mərdlik nümunəsi
göstərdiyinə görə Musa Cəlilə
ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı
adı verildi. Bir il sonra “Moabit dəftərləri”
Lenin Mükafatına layiq görüldü.
“Moabit dəftərləri”ndə
toplanan və bəzən şifrəli eyhamlarla yazılan
şeirlər yüksək vətənpərvərlik və
humanizm duyğuları ilə zəngin idi.Həmin şeirlər,
“Vətən yolunda ölmək, xalq yolunda həlak olmaq
böyük səadətdir!” deyən əsl insanın ürək
sözləri idi.Bu barədə Azərbaycanın
tanınmış şairi Əhməd Cəmil
yazırdı:
...Musa Cəlil,
Moabitdə narın-narın,
Sarı-solğun vərəqlərə
yazdıqların
çatdı bizə,
Misraların həkk olundu qəlbimizə.
O nəğmələr
Qələbəyə
inamındı,
Musa Cəlil!
Vətənə son salamındı,
Musa Cəlil!
Addımladın edam
günü
vüqarlı, mərd!
Baxışların
qılınc kimi
qəzəbli, sərt!
Ürəyində
Vətən adlı tək bircə dərd!
Bir de, Vətən həsrətindən
Moabitdə saçlarına
düşdümü dən,
Musa Cəlil?
Vətən necə şirin imiş
hər nemətdən,
Musa Cəlil!
Musa Cəlil özü cismən
olmasa da, onun əsirlikdə yazdığı nəğmələri
Vətənə mənən zəfərlə, özü də
böyük zəfərlə qayıtdı. Şairin
şeirləri əllərdən-əllərə keçdi,
dillərdən-dillərə düşdü. Ölməz
nəğmələrin müəllifi öləndən sonra
yaşamaq haqqı qazandı, elə özünün dediyi
kimi:
Mən ölməyəcəyəm,
yox,nəğmələrim
Bu dünya durduqca məşəl
tək yanar.
Zəfərlərlə ölən
bir qəhrəmana
Öldü söyləməyə
kimin haqqı var?!
Şair haqlı idi. Ona öldü deməyə heç
kimin haqqı yox idi.Hətta deyənlər də bilirdi ki, Bəxtiyar
Vahabzadənin söylədiyi tək:
Öldü...
Ölümüylə
qoca dünyaya
Əlvida
demədi,
o,
salam,- dedi.
-Dönərəm
ulduza, dönərəm aya,
Dönərəm
yurduma hər axşam,- dedi.
Musa Cəlil
haqqında Azərbaycan mətbuatında yazılar, məqalələr
dərc edildikcə, şeir və kitabları dilimizə tərcümə
olunduqca, geniş ictimaiyyətdə onun pərəstişkarlarının
sayı sürətlə artır, xalqımız onu daha dərindən
tanıyır, sevir, ona böyük məhəbbət və
ehtiramla yanaşırdı.Tərcümə işində,
irsinin öyrənilməsində Böyükağa
Qasımzadə, Ələkbər Ziyatay, sonralar Xəlil Rza
Ulutürk, başqa şair və alimlərimizin böyük əməyi
vardı. Söz adamlarımızın
böyük əksəriyyəti öz
yaradıcılığında Musa Cəlilə xüsusi yer
ayırırdılar, öz sevgi dolu misralarında, fikir və
düşüncələrində qardaş xalqın mərd
övladını qürur və fəxrlə yad edirdilər.
Xalq şairimiz Hüseyn Arif “Qəhrəman şairə”
adlı şeirində deyirdi:
...Yüksəlmək eşqilə
vurdu min ürək,
Yaşar sənətkarın
şöhrəti, adı.
Döyüş meydanında hünərlə
ölmək
Hər şeir yazana qismət
olmadı.
Şair! Müqəddəsdir
torpağın, daşın,
O doma evini mən də görəydim!
Dayanıb yanında yarın,
yoldaşın
Kazanlı dostlara salam verəydim!..
Deyəydim:-Söz açın Musa Cəlildən,
O necə boy atıb kamala doldu?
İgidin tərifi düşərmi
dildən,
Cəsarət həyatla əkiz
doğuldu.
Faşist zindanına salınsan da sən
Vuruşdun ən cəsur bir
əsgər kimi.
İtirdi özünü
önündə düşmən,
Yağdı kəlmələrin
mərmilər kimi.
Sevindi belorus,sevindi
kazak
Sən qələm
götürüb şeir yazanda.
Tək sən ucalmadın, o zaman
ancaq,
Ucaldı Bakı da, doğma Kazan da.
Zəfərlə dolandı gecən,
gündüzün,
Qüdrətin ölməyən
əsərindədir.
Nə qədər söhbətin, nə
qədər sözün
Hələ tapılmamış dəftərindədir...
Hüseyn Arif doğru söyləyirdi, Musa Cəlilin qüdrəti
onun ölməyən əsərlərində idi.Heyif ki,
faşizmin əsl simasını bəşəriyyətə
təqdim edən Moabit kimi zindanların canlı və
qanlı yaddaşı olan dəftərlərdən biri itkin
düşdü. Moabitin qara günlərinin ağ inciləri sayılan,
vəhşicəsinə həyata keçəcək
ölümün bircə addımlığında və bircə
anlığında yazılan “Məhəbbət və zökəm”,
“Sevimli qız”, “İnək və aşiq oğlan”, “Saat”, “Bədbəxtlik”,
“Moruq”, “Duzlu balıq”, “Qonşular”, “Tabut” kimi mükəmməl
sənət nümunələri ölümün
özünü çoxdan öldürmüşdü.Odur ki,
Musa Cəlil zindan və edam dostu, ömrünün son dəqiqə,
son saniyə və son akkordlarını
bölüşdüyü “gilyotin qardaşı” Abdulla
Əlişə həsr etdiyi şeirində yazırdı:
Ömrün uzunluğunu
iIlərin sayı ilə,
Çəkilən zəhmət ilə
ölçmək düz deyil əsla!
Bəlkə də düşmənlərin
Bu son ölüm qərarı
Bizə əbədi həyat
Gətirdi bu dünyada...
Tatar ədəbiyyatşünas
alimi, tənqidçisi və Musa Cəlilin tədqiqatçısı
Rafael Mustafin Almaniyaya səfərə gedəndə Əminə
xanım ondan xahiş edir ki, Musa Cəlilin məzarından bir
ovuc torpaq gətirsin.Bu torpaq Musanın övladı, ailəsi,
doğmaları, əzizləri üçün təsəlli
olmalıymış.Təssüf ki, çox təəssüf
ki, məzar tapılmır.
Doğrudan da düşmənlərin bu son ölüm qərarı
ona əbədi həyat gətirdi. Şairin qəbri
olmasa da, neçə-neçə ölkədə abidələri,
büstləri, kitabları, şeirləri, söz sənəti
yaşayır. Onun milyonların qəlbində
əbədi şölənənən məhəbbət
adlı müqəddəs bir ünvanı vardır. Bu
ünvan həm də qardaş Azərbaycandır, Musa Cəlili
heç zaman unutmayan Azərbaycan xalqının ürəyidir...
Reyhan Mirzəzadə,
publisist-politoloq.
Həftə içi.- 2016.- 10
fevral.- S.4-5.