Xoşbəxt evliliyin sirri nədir?

 

Araşdırmalara görə, danışmağı və dinləməyi bacaran cütlüklərin qurduğu ailələr daha uzunömürlü olur

 

Amerika alimləri apardıqları araşdırmadan sonra xoşbəxt evliliyin bir neçə sirri olduğu qənaətinə gəliblər. Araşdırmada 5 mindən çox cütlük iştirak edib və xoşbəxtlik haqqında tövsiyələr veriblər. Uzun müddət davam edən araşdırmaların nəticələrinə görə, xoşbəxt evliliyin olmasını istəyən ailələr birlikdə gülməyi, ortaq şeyləri paylaşmağı, yaxın dost olmağı, tərəf-müqabilini dəstəkləməyi, güvənərək yaşamağı, danışmağı və dinləməyi bacarmalıdırlar.

Mövzu ilə bağlı fikirlərini açıqlayan «Təmiz dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova isə hesab edir ki, xoşbəxtlik mücərrəd anlayış olduğundan, psixoloji vəziyyətdən çox şey asılıdır: «Bəzi insanlar elə düşünür ki, ailədə daim hər iki tərəf gülümsəməlidir və bu, xoşbəxtliyin açarıdır. Əslində, belə deyil, ailə cəmiyyətlə təmasda olan bir institutdur. Cəmiyyətdə baş verən hadisələr ailəyə transfer olunur, odur ki, əgər cəmiyyətdə hansısa neqativ hal varsa, ailə bundan yan keçə bilmir, bu, sosial-psixoloji durum adlanır. Belə hallarda, adətən, eyni fikirlibütün çətinlikləri birgə daşıya bilməyən cütlüklər arasında münaqişələr başlana bilir. Lakin ailə üzvləri bir-biri ilə dost ola bilirsə və birinin fikrini elementar jestlərdən oxuya bilirsə, həmin an bu jestlərə uyğun hərəkətlər edirsə, demək, bu ailədə dostluq, diqqət, hörmət var. Biz digər dostlarımızı daha yaxşı tanıyır və onların xarakterini bilib ona uyğun davranırıq. Amma ailədə dost olmadıqda bu, mümkün olmur. Xoşbəxtlik sevgidən başlayıb, dostluqda bitməlidir. Onda ideal ailə olur".

Onun sözlərinə görə, əslində, ailənin xoşbəxtliyinə mane olan amillərdən biri gənclərin iqtisadi asılılığıdır: "Gənc ailə üzvü iqtisadi asılı olduğu halda asılı olduğu tərəflərin rəyləri, fikirləri və düşüncələri, tələbləri ilə oturub-durmalı olur. Məsələ insanların gənc yaşında evlənməsində deyil, gəncin ailə həyatına erkən yaşından hazırlaşdırılmasındadır. Əvvəllər böyük ailə olanda ailənin büdcəsinin idarə edilməsi məsələsi ailənin bir üzvü tərəfindən həyata keçirilirdiimkanlar bərabər bölünürdü. İndi daha çox bolluq və müxtəlif tələbatlar ortaya çıxdığından, bu cür bölgülərin həyata keçirilməsi çətinləşir. Əgər gənc erkən yaşından əməyə və pulun idarə edilməsinə hazır olsa, onun ailəni idarə etməsi elə də çətin olmaz, bu, həm qadın, həm də kişiyə aiddir. Əgər gənc ailə iqtisadi asılı olsa, o halda təbii ki, qeyri-ədalətli bölgüdən natamamlıq hissi meydana gəlir, bu da narazılıqları artırır".

Məsələyə münasibət bildirən «Narınc» Uşaq Psixologiya Mərkəzinin rəhbəri Narınc Rüstəmova deyib ki, ailə həyatı qurduqdan sonra, əsas problem ailə modeli ilə bağlıdır. Onun sözlərinə görə, hər iki tərəf özünün qavradığı modelə üstünlük verir: "Hər bir insan ailə modelini böyüdüyü mühitə uyğun olaraq qurmaq istəyir. Təbii ki, bu zaman xanım və bəy öz ailə modelini tətbiq etməyə üstünlük verəcək. Beləcə, tərəflər arasında ziddiyyət, modellərin toqquşması yaranacaq. Qadın həyat yoldaşının atası kimi olmasını, kişi isə xanımının eyni ilə anasına bənzəməsini tələb edəcək".

Psixoloq ailə həyatı qurmazdan öncə, cütlüklərin tibbi müayinədən keçməsinin də vacibliyini vurğulayır. Onun fikrincə, xoşbəxt ailəyə gedən yol sağlamlıqdan keçir: "Xoşbəxt ailənin digər əsas sirri isə sağlam ruh, sağlam bədəndir. Valideyn sağlam olmadıqda, övladını necə böyüdə bilər? Bu gün hər bir cəmiyyət kimi ölkəmizin də sağlam övlada, ailəyə ehtiyacı var. Ailə özü dövlətin kiçik modelidir. Sağlam övlad dünyaya gətirmək üçün tibbi müayinədən keçmək lazımdır ki, sabah ailə həyatı quranda ilk addımdan problemlərlə qarşılaşmayasan. İstər-istəməz tibbi problemlər də insanın xoşbəxtliyinə təsirsiz ötüşmür".

Ekspert öz açıqlamasında, həmçinin bir çox dünya ölkələrinin təcrübəsinə toxunaraq deyib ki, ailə həyatı qurmazdan öncə, hətta subay vaxtlarda, əks cinslərin nümayəndələri psixoloqa müraciət edərək gələcəkdə necə xarakterli şəxslə evlilik həyatı yaşamalarının məsləhətli olduğunu öyrənirlər: "Amerikada insanlar yalnız problem yarandıqda psixoloqa müraciət etmirlər. Onlar mütəmadi olaraq psixoloqla ünsiyyət qurur, onunla fikirlərini bölüşür, cari və gələcək dönəmdə ətrafdakılarla necə davranmağın lazım olduğunu öyrənirlər. Azərbaycanda da həyat yoldaşı seçməzdən öncə, xanımlar və bəylərin psixoloqa müraciət etmələri məsləhətdir. Psixoloq müraciət edənlərə xasiyyətinə görə necə bəylə ailə həyatı qurmağı tövsiyə edir. O insanlara yardımçı olur ki, bir-birinə xas cəhətləri kəşf edə bilsinlər. Emosional insanlara həyat yoldaşı seçərkən nələrə fikir vermələrini aşılayır. Bəzən olur ki, cütlüklərin heç bir ortaq nöqtəsi olmur, psixoloqa müraciət edirlər ki, problemlərini həll etsinlər. Təbii ki, bu, qeyri-mümkün olan bir məsələdir".

Narınc Rüstəmovanın sözlərinə görə, evlilik həyatının hər bir mərhələsi bir-birindən fərqlənir: "Xoşbəxt ailənin əsas tələbi odur ki, tərəflər barışıq mövqeyində dayansın, bir-birinin fikrini qəbul edə bilsinlər. Eyni zamanda, ailə modelinə görə tərəflər bir-biri ilə mübahisə etməkdən daha çox, yeni, özlərinə xas modeli yaratmalıdırlar. Digər tərəfdən, yaxın ətrafın ailənin hər hansı işinə müdaxiləsinə imkan verilməməlidir. Çünki günümüzün əsas problemlərindən birivalideyn müdaxiləsidir. Kişi və qadın hər hansı problemini valideynləri ilə müzakirə edir. Bu da bəzi hallarda boşanmalara səbəb olur. Bir çox hallarda tərəflər ciddi bir səbəb olmadan boşanma qərarını alırlar. Bunun da əsas səbəbi onların bir-birini başa düşməməsi, ailəyə edilən kənar müdaxilələrdir".

Ekspert bununla yanaşı, cəmiyyətdə konkret ideal ailənin olmadığını da vurğulayıb: «Konkret ideal ər və ya uşaq yoxdur. Sadəcə, hər bir insanın müəyyən idealı olur. Yəni ki, insan istədiyi xüsusiyyətləri başqasında tapırsa, həmin insanı ideal görür. İnsanın istədiyi, tələb etdiyi xüsusiyyətlər isə fərqlidir. Əsas odur ki, şəxsin öz idealındakı ailə modeli olsun. Bu, çox önəmlidir. Əslində, ideal tərbiyə də yoxdur. Sadəcə, valideynin uşaqdan gözlədikləri var. Hər insan üçün ideal uşaq fərqli ola bilər. Bəzi valideynlər üçün ideal uşaq böyüyəndə onların istədiklərini yerinə yetirən uşaqdır. Amma valideyn nəzərə almalıdır ki, uşağı cəmiyyət üçün böyütmək çox önəmlidir».

Mövzu ilə bağlı fikirlərini açıqlayan sosioloq Əhməd Qəşəmoğlu isə deyib ki, ailə xoşbəxtliyinin əsas tələblərindən biri tərəflər arasında olan qarşılıqlı hörmətdir: «Bu gün bizim bəzi qızlar öz xoşbəxtliklərini xarici oğlanlarda axtarırlar. Onlar başa düşmürlər ki, qarışıq ailələrdə, yəni marginal tip ailələrdə olan uşaqların böyüyəndə bəzi psixoloji problemləri olur; məsələn, uşaq bilmir ki, özünü hansı etnik mənsubiyyətə aid eləsin. Bəzən mənsubiyyətlər arasında gərginlik yarananda isə uşaq üçün faciə olur. Bu baxımdan, maarifləndirmə işinə də böyük ethiyac var. Çalışmaq lazımdır ki, bizim ailə qurmaq yaşında olan gənclərimizi düzgün istiqamətləndirək. Yəni, insanlar bilməlidirlər ki, evliliyə ciddi yanaşmaq lazımdır və onu oyuncaq hesab etmək olmaz. Hazırda bütün dünyada mənəvi dəyərlər maddi dəyərlərin basqısı altındadır. Ona görə də ailə dəyərlərini gücləndirmək lazımdır. Eyni zamanda, ailələrin daha çox mənəvi dəyərlərə üstünlük verməsi lazımdır. Düzdür, indi əksər insanlar bildirirlər ki, ailədəki söz-söhbətin, dava-dalaşın əsas səbəbi maddi durumla bağlıdır. Amma hesab edirəm ki, burada maddi durumdan çox mənəvi amillər əsas rol oynayır. Çünki insanların mənəvi dəyərləri yüksək olarsa, maddi sıxıntıları asanlıqla həll etmək mümkündür”.

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2016.- 11 fevral.- S.3.