Gənc nəslin milli mənlik şüurunun inkişaf

etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

 

Özünü tanımayan, öz keçmişinə, soy-kökünə bələd olmayan, hansı nəsil ağacının bir budağı olduğunu bilməyən gəncdə milli mənlik şüurunun inkişafından söhbət gedə bilməz. Gənclərdə formalaşan milli mənlik şüuru onlarda vətənpərvərlik hisslərinin tərbiyyəsinə böyük təsir göstərir. Bu hisslər üzvi surətdə bir-biri ilə bağlıdır. Hətta deyərdik ki, bir-birindən müsbət mənada təsirlənir. Gənc nəslin vətəndaş mövqeyinin olması, gənclərin cəmiyyətdə tam şəkildə görünməsi, fikirlərini açıq şəkildə ifadə etməsi olduqca vacibdir.

Azərbaycan gənci hər zaman seçilən, Vətənin dar günündə öz mövqeyini göstərən, silaha sarılan gənclik kimi xarakterizə edilir. Gənclik bizim sabahımızdır, deyirlər. Milli məfkurəyə, dəyərlərə, milli mənlik şüuruna sahib olan, vətənpərvərlik hissləri ilə tərbiyə olunan gənclik, həqiqətən, dövlətin, xalqın gələcəyidir. Müasir gənclərimizə gəlincə, bu gün gənclər arasında saya gəlməz qədər vətənpərvər insanlar varonlarla tez-tez rastlaşırıq. Bir qisim gənclər də var ki, onlarda yalançı vətənpərvərlik, hay-küyçülük formalaşıb. Hətta az da olsa elələri var ki, çəkinmədən vətənpərvərlik duyğusundan uzaq olduğunu qeyd edir. Təbii ki, axırıncılar çox az olduğundan, ümumi prosesə təsir göstərə bilməzlər. Çünki vətənpərvər, milli mənlik şüuruna sahib olan gənclərimiz kifayət qədərdir.

Ekspertlər qeyd edirlər ki, gənclərin milli mənlik şüuruna və vətənpərvərlik hisslərinə sahib olması üçün onlarda bu məfhumlara sevgi, diqqət formalaşdırılmalıdır. Gənc nəsil daha çox özünü dərk etməli, öz milli adət-ənənələrinə istinad etməlidir. Təcrübə göstərir ki, yad təsirə uymaq meyilləri gəncləri özündən qopararaq, qaranlıq bir aləmə qərq edir. Odur ki, gənclik milli şüura sahiblənmək üçün cəhdlər etməlidir. Gənclik milli dəyərlərə bağlı olanda daha güclü və yenilməz ola bilir. Məsələ burasındadır ki, gənclərin əksəriyyəti milli mənlik şüuruna sahib ola bilir. Düzdür, bu keyfiyyətdən uzaq düşənlər də olur. Bütövlükdə gənclər milli mənlik şüuruna sadiqdir.

Tarixçilər bildirirlər ki, gənc nəsildə milli mənlik şüurunun inkişaf etdirilməsi bu gün ən aktual məsələlərdən biridir. Onlar hesab edirlər ki, dövlətin, dilin, adət-ənənələrin yaşadılmasını şərtləndirən faktorlardan biri də gənclərin milli mənlik şüurunu dərk etməsi ilə əlaqədardır. Tarixçilərin vurğuladığına görə, milli mənlik şüurunun formalaşdırılması işi əsas götürülməlidir. Bu faktor həqiqətən də mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Gənclərin buna sahib olması bütövlükdə dövlətin ümummilli ideologiyasının qorunması baxımından müstəsna rola və əhəmiyyətə malikdir. Bu indi də belədir, bundan sonra da belə olacaq. Eyni zamanda, milli-mənəvi dəyərlərin deqradasiyaya məruz qalmasının qarşısını alır. Ümumilikdə, sözügedən dəyərlərin qorunmasının cəmiyyətə verdiyi fayda ölçüyəgəlməz dərəcədə böyükdür. Çünki bu həm də milli kimlik məsələsini özündə ehtiva edir. Bu baxımdan da milli mənlik şüurunun vəd etdiyi fayda yetərincə müxtəlif və çoxşaxəlidir. Yetər ki, onun prinsipial əsaslarını qoruyub saxlaya, böyüməkdə olan gənc nəslə aşılaya, çatdıra, təməl prinsiplərini öyrədə biləsən. Ona görə də sözügedən məsələnin cəmiyyətə çatdırılmasında bütün vasitələrdən istifadə etmək lazımdır. Təbii ki, bunun üçün də başlıca olaraq gənclərə milli mənlik şüuru aşılanmalıdır. Müşahidələrimiz göstərir ki, sözügedən məfhumun qavranması gənclərin milli dəyərlərə nə dərəcədə bağlı olması ilə ölçülür. Aydın məsələdir ki, bunun üçün birinci növbədə ailədə, məktəbdə, ictimaiyyətdə müvafiq mühit olmalıdır. Çünki milli mənlik şüuru özünüdərk deməkdir. Milli özünüdərk deyəndə ilk növbədə insan bağlı olduğu tarixi kökü, milli mənsubiyyətini, Vətəninin tarixini bilməli və dərindən təhlil etməyi bacarmalıdır. Hər bir gənc, vətəndaş dərk etməlidir ki, hansı Vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir. Eyni zamanda, milli dəyərlərin tarixin hansı mərhələlərindən keçdiyini bilməlidir. Şübhəsiz ki, milli mənlik şüurunu mənimsənilməsi üçün geniş təbliğat işləri aparılmalı və bu təbliğat heç bir zaman dayandırılmamalıdır.

Vurğuladığımız kimi, milli mənlik şüuru və vətənpərvərlik hissləri bir-biri ilə sıx əlaqədədir. Vətənpərvərlik tərbiyəsinin ilkin cücərtiləri ananı, atanı, ailəni sevməkdən başlayır. Sonra torpaq sevgisi hissi yaranır, torpağı, bayrağı, Vətəni sevirik. Bu sevgi özümüzlə birgə böyüyür, boy atır, çoxalır. Milli mənlik şüuru inkişaf etdikcə insan özünü tanıyıb dərk edir. Sözügedən ideya gəncliyə beşikdən başlayaraq aşılanmalıdır. Məsələn, uşaq ailədə tərbiyə alır. Verilən tərbiyə gəncliyin formalaşmaqda olan dünyagörüşündə rol oynayır. Ancaq milli mənlik şüuru yeniyetməlik və gənclik dövründə xüsusilə formalaşan bir məfhumdur. Ona görə də bu, gəncliyə aşılanmalı və gənclik bu ideologiya ilə yüklənməlidir. Bəzən Azərbaycan ailələrində belə fikirlər səsləndirilir ki, uşağa bəlli bir yaşdan sonra tərbiyə vermək lazımdır, hələ balacadır və sair. Hər halda, bu cür yanaşma yanlışdır; məsələn, yəhudilər deyirlər ki, uşaq doğulan kimi onun tərbiyəsi ilə məşğul olmaq lazımdır. O cümlədən, almanlarda da bunabənzər həyat tərzi var. Bəlkə də bu cür yanaşmanın təsirindədir ki, alman xalqı bu gün dünyada dəqiqliyinə, səliqəliliyinə görə seçilir. Yaponların öz milli adət-ənənələrinə, tarixi keçmişinə necə hörmətlə yanaşdığı çoxlarına məlumdur. Bunun nəticəsidir ki, yapon xalqı keçmişlə-müasirliyin uğurlu vəhdətini yaradıb. Cəmiyyət bu vəhdətdən ziyan görmür.

Bu gün Azərbaycan əhalisinin mühüm bir hissəsi gənclərdən ibarətdir. Hər keçən gün onların cəmiyyətdə çəkisi və rolu artır. İndiki dövrdə gənclərin dinamikliyi daha çox diqqəti cəlb edir. Xüsusən də müasir informasiya-kommunikasiya texnologiyalarının timsalında bu özünü daha qabarıq göstərir. Belə bir dövrdə Azərbaycanda da gənclərin necə tərbiyə olunması qarşıda duran mühüm vəzifələrdən biridir. Xüsusilə müstəqil Azərbaycan üçün bu, məlum səbəblər üzündən vacib əhəmiyyət kəsb edir. Digər tərəfdən, gənclər aparıcı qüvvə olaraq gələcəkdə dövlətin yükünü öz üzərində daşımalı olacaq. Gənclərin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin yüksək səviyyədə inkişaf etdirilməsi ölkənin və dövlətin qarşısında duran prioritet məsələdir. Aydın məsələdir ki, bunları dərk edən gəncdə milli mənlik şüurunun inkişafı yüksək səviyyədə olar. Bununla belə, gənclik ümummilli ideologiyadan qidalanaraq bəhrələnəcək. Milli mənlik şüurunun inkişaf etdirilməsi üçün bir sıra parametrlərin nəzərə alınması mühüm əhəmiyyət kəsb edir. Bunun konsepsiya halına salınması daha səmərəli nəticə verə bilər. Çünki qloballaşan dünyada yad ölkələrə məxsus populyar mədəniyyət növlərinin (rep, eniqma, şəhvət hisslərini təcəssüm edən mahnılar, kinofilmlər və sair) geniş yayılması və gənc nəslin buna meylli olması milli mənlik şüurunun, vətənpərvərlik hisslərinin inkişafının qarşısını alır. Bu gün internet və müxtəlif sosial şəbəkələr gənclərin ayrılmaz məşğuliyyət növlərindən biri olduğu üçün vəziyyət xeyli mürəkkəbləşir. Ona görə də dəyişən dünya reallıqlarını nəzərə almadan bu işi görsək, aparılan təbliğatın səmərəsi arzuolunan səviyyədə olmayacaq. Bu da nəticə etibarilə müəyyən boşluqların yaranmasına gətirib çıxara bilər ki, bunun özüçox təhlükəlidir. Çünki bundan istifadə edən kənar qüvvələr öz məqsədlərini həyata keçirməyə çalışacaq. Nəticədə, həm gənclərin milli mənlik şüurunda bir aşınma vüsət alacaq, həm də paralel olaraq onların vətənpərvərlik hisslərinə ciddi zərər dəyəcək. Qeyd etmək lazımdır ki, gənclərin milli mənlik şüuru vətənpərvərlik hisslərinin fövqündə dayanan başlıca faktordur. Musiqişünas Lalə Hüseynova deyir ki, gəncləri yad ünsürlərdən qorumaq lazımdır. Onun sözlərinə görə, həddən artıq Qərb mədəniyyətinə hərislik milli mənlik şüuruna və vətənpərvərlik hisslərinə mənfi təsir göstərir: «Qərb mədəniyyətinə kor-koranə aludəçilik, pərəstiş, «kopya»lamaqonu öz yaşam tərzinə çevirmək kimi məsələlər bu gün ciddi problemdir. O üzdən mənə elə gəlir ki, bu cür yanaşma və təqlidçilik hazırkı gəncliyimizin əsas problemlərindən biridir. Necə gəldi o mədəniyyəti mənimsəmək və onu öz məişətinə daxil etmək düzgün olmayan bir yaşam tərzidir. Bu, bütövlükdə milli-mənəvi dəyərlərə zərər vurur. Hər halda, biz öz milli-mənəvi dəyərlərimizi unutmamalıyıq. Sözügedən dəyərlərə hər zaman sahib çıxmağı bacarmalıyıq. Təbii ki, Qərbdə müsbət məqamlar çoxduronlardan faydalanmaq lazımdır. Elə gənclər var ki, Qərb mədəniyyət nümunələrini bütə çevirir. Bu cür yanaşma halları gələcəkdə müəyyən fəsadların yaranmasına yol açır. Mümkün qədər gəncləri bu kimi təsirlərdən qorumaq lazımdır. Bu məsələdə vaxt itirmək olmaz. Konkret adekvat addımların atılmasına ehtiyac var».

Musiqişünas bildirir ki, milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişafını əngəllərdən qorumağın ən optimal yolu maarifləndirmədir. O deyir ki, bu məsələdə maarifləndirmə işinin aparılması ən səmərəli metodlardan biridir: «Yəni praktiki olaraq ən gözəl metoddur. Məsələn, milli-mənəvi dəyərlərlə bağlı müxtəlif yazılar yazılmalı, tədbirlər keçirilməlidir. Son zamanlar bununla bağlı kifayət qədər işlər görülübgörülür. Ancaq bütün bunlarla kifayətlənmək və arxayınlaşmaq olmaz. Daha artıq dərəcədə çalışmaq və fəaliyyət göstərmək lazımdır. Konkret olaraq gənclər arasında milli-mənəvi dəyərlərin elementlərini, xüsusiyyətlərini təbliğ etmək lazımdır. Xüsusən də bizim milli kökümüzlə bağlı təbliğat işi aparmaq lazımdır. Adicə musiqini götürək. Milli mənlik şüurunun, dəyərlər sisteminin ən vacib elementlərindən birimilli musiqi sayılmalıdır. Araşdırmaq lazımdır ki, gənclər bizim milli musiqimizə nə dərəcədə aludədir, nə dərəcədə ondan bəhrələnir. Bununla belə, tariximizlə, ədəbiyyatımızla, digər incəsənət növləri ilə bağlı maarifləndirmə işi aparılmalıdır. Bu cür problemləri ancaq bu yolla həll etmək olar. Çünki adətən insan özünü tanımayanda başqasına oxşamağa çalışır. Ona görə də ilk növbədə, biz özümüzü tanıtmalıyıq ki, gənclərimiz özlərini avropalıdan daha aşağı səviyyədə görməsin. Onda hansısa kompleks olmasın. O üzdən gənclər milli mənlik şüurunu dərk etməkdən ötrü öz mədəniyyətini gözəl bilməlidir. Öz mədəniyyət, dövlətçilik tarixini bilməlidir».

Azərbaycan gənclərində milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin tərbiyyəsi istiqamətində saysız tədbirlər görülür. Bilirik ki, son illər bu yöndə əlaqədar qurumlar böyük işlər həyata keçirilir. Orta məktəblərin yuxarı sinif şagirdləri arasında keçirilən hərbi idman oyunları, habelə inşa yazı müsabiqələri, yarışlar gənclərdə yüksək vətənpərvərlik hisslərini tərbiyə edir. Vətənpərvər gənc hər zaman Vətənin müqəddəratını düşünür, onu qorumaq, adını ucaltmaq istəyir. Hər bir gəncimiz Vətənin sabahı naminə ayaqda olmalıdır. Vətənpərvər olmağın sübutu Vətəni qorumaqdan keçir. Canımızdan keçib şəhid olaq, ancaq Vətəndən keçməyək!

 

Təbriz VƏFALI

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür

 

Həftə içi.- 2016.- 17 fevral.- S.3.