Məşədi Nərimanlar

bu gün yetişmir

 

Ağdamda Qarabağın Qurban Primov, Məşədi Nəriman, Nadir Rüstəmov kimi gözəl tar ifaçıları, böyük sənətçiləri olub. Bu gün onların davamçılarından biri də tanınmış tarzən Gündüz Kərimovdur. Gündüz Kərimov 1955-ci ildə Ağdam rayonunda doğulub-boya başa çatıb. Tanınmış tarzən “Həftə içi”nə keçdiyi sənət yolundan danışdı:

 

- Dayım Qarabağın tanınmış xanəndələrindən biri kimi, “Şur” ansamblında çalışırdı. SSRİ dövründə səsinə görə “Qızıl medal” alıb. Hətta maestro Niyazi ilə yaxından dostluq edirdilər. Düzünü desək, musiqiyə həvəs dayımdan gəlib. Gözümü açıb onlarda Arif Babayev, Şahmalı kimi korifey, ustad sənətçiləri görmüşəm.

- Gündüz müəllim, deyilənə görə, uşaqlıq illərində arzunuz futbolçu olmaq imiş. Bəs, necə oldu ki, musiqiyə, tar sənətinə meyil saldınız?

- Doğru deyirsiniz, təxminən, 6-7 yaşlarında həm futbola, həm də musiqiyə, xüsusilə tar sənətinə böyük həvəsim vardı. Amma futbola daha çox önəm verirdim. Təəssüflər olsun ki, evin tək oğlu olduğum üçün valideynlərim futbolçu olmağıma razılıq vermədilər. O dövrdə valideynlərimizin sözünü iki edə bilməzdik. Ata-anamıza ilahi varlıq kimi baxmışıq. Onların dedikləri həmişə bizim üçün qanun olub.

Elə oldu ki, tale məni musiqi sənətinə gətirdi. Belə ki, 1965-ci ildə Ağdam şəhər 1 saylı Musiqi Məktəbinin tar sinfinə getdim. Adıçəkilən musiqi məktəbində tar müəllimi Mübariz Əliyevdən tarı tutmağı, mizrab vurmağı, pərdələri öyrəndim. 1970-ci ildə Ü. Hacıbəyov adına indiki Ağdam Musiqi Kollecinə qəbul olundum. 4 il kollecdə musiqi təhsili aldım və orada Qarabağın klassik sənətçiləri Məşədi Nəriman Mehralıyev, Lentruş Orucov, Cəlal Əliyev, İlham Babayevdən tarın və muğamın sirlərini öyrəndim. Yeri gəlmişkən, deyim ki, kollecə Xosrov Fərəcov rəhbərlik edirdi. O dövrdə əsl istedadları seçib götürərdilər. Xosrov Fərəcovun rəhbərlik etdiyi Ağdam Musiqi Kolleci Qarabağın konservatoriyası adlandırılırdı.

- Siz nəyə əsaslanıb bunu deyirsiniz? Texnikum hara, konsevatoriya hara?

- Bu, böyük bir mövzunun söhbətidir. Ağdam, həqiqətən, musiqi beşiyi, musiqi ocağıdır. Bu, böyük bir addır, ünvandır. Bəzilərinin bu addan xoşu gəlmir. Ulu öndərin bir kəlamını xatırlamaq istərdim. Xalq artisti Habil Əliyevə “Şöhrət “ ordeni verəndə Habil müəllim dedi ki, “Cənab Prezident, bir alim, mühəndis də olmadıq ki, biz də xalqımıza bir xeyir verə bilək. Ulu öndər dedi ki, “Habil müəllim, siz düz demirsiniz. Hər bir kəs alim ola bilər, mühəndis ola bilər, amma Habil Əliyev kimi kamança çala bilməz, tar çala bilməz”. Görün, ulu öndər musiqi, tar sənətinə nə qədər yüksək qiymət verib. Xalq artisti, profesor Ramiz Quliyev, Aydın Mehralıyev, İlham Babayev, Nadir Rüstəmov, əməkdar mədəniyyət xadimi Rafiq Rüstəmov, Rafiq Nəcəfov kimi sənətkarlar sözügedən təhsil müəssisəsinin məzunları olub.

- Pedaqoji fəaliyyətə nə vaxtdan başlamısınız?

- 1972-ci ildən. Hələ Ağdam Musiqi Kollecinnin 3-cü kurs tələbəsi idim. İstedadlı, səviyyəli tələbələrə Xosrov müəllim icazə verirdi ki, musiqi məktəblərində müəllim işləsin. O vaxtlar respublikada yeganə musiqi məktəbi Qaradağlı kəndində açılmışdı. Mən həmin məktəbə gedib, 17 yaşımdan pedaqoji fəaliyyətə başladım. Bir il orada işlədikdən sonra, Ağdam şəhər 2 saylı musiqi məktəbinə dəvət aldım. O dövrdən bu günə kimi həmin təhsil müəssisəsində tar müəllimi işləyirəm və uşaqlara tarın sirlərini öyrədirəm.

- Bəs bir ifaçı kimi, tarda kimləri müşayiət etmisiniz?

- Uzun illər Qarabağın məşhur xanəndəsi Aydın Məmmədovu müşayiət etmişəm. El arasında onaBöyük Aydın”, – deyə müraciət edərdilər. Ona görə ki, hər musiqiçiBöyük Aydın”ın yanında otura bilməzdi. Çünki o, ilk öncə, təlim-tərbiyəni sevən, böyük-kiçik yeri bilən adam idi. Həm də onu müşayiət etmək çox çətin idi. 13 ilBöyük Aydın”la toy şənliklərində, dövlət tədbirlərində olmuşam. Eləcə də Barat Fərhadov (o Barat müəllim ki, əksər xalq artistləri onun yetirmələri olub), Paşa Əsədov, Ramiz Bəşirov, Mirbağı Mənsurov, Araz Əliyev kimi ustad xanəndələri tarda müşayiət etmişəm.

- Yetirmələriniz varmı?

- Kifayət qədər. Bir-birindən istedadlı olan yetirmələrim musiqi sahəsində çalışırlar. Misal çəkim ki, Səid Rüstəmov adına Xalq Çalğı Alətlər Orkestrində yeganə qadın tar ifaçısı Şəlalə Nağıyevaya 5 il tardan dərs demişəm. 2014-cü ildə respublikda keçirilən tar müsabiqəsində yetirməm Səməd Nəbiyev müsabiqənin qalibi olub. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev onu fəxri fərmanla təltif edib.

- O dövrün yetirmələri ilə indiki dövrün yetirmələri arasında nə kimi fərq var? Eləcə də işlədiyiniz Qurban Pirimov adına Musiqi Məktəbinin odövrkü fəaliyyəti indiki fəaliyyəti ilə müqayisə edilə bilərmi?

- Onları müqayisə etmək mümkün deyil. Çünki o dövrdə şagirdlərə yanaşma tamamilə bambaşqa idi. İndi uşaqlar cılızlaşıb. Qısa desək, o dövrün Məşədi Nərimanları indi yetişmir. Milli musiqimiz kökündən uzaqlaşır. Bu gün bizə “Şouyox, sənətkar ifaları lazımdır.

- 44 ildir sənətdəsiniz, bu günə kimi adınızı anıblarmı?

- Uzun illərdir işləyirəm, ömrümü sənətdə qoymuşam. Çalışdığım musiqi məktəbində Xalq Çalğı Alətləri Şöbəsinin müdiri vəzifəsində çalışıram. Təəssüflər olsun ki, əməyimə qiymət verən olmayıb. Mənim əməyimi tar tutmağı öyrətdiyim şagirdlərim və onların valideynləri, birki sadə insanlar, xalq dəyərləndirir. Altmış yaşım tamam oldu, heç kəs gəlib qapımı açmadı. Yenə də sağ olsun birinciMuğam” müsabiqəsinin iştirakçısı Elşad Aydınoğlunu, təkcə o məni təbrik etdi. Hazırda işlədiyim məktəbə Elşad Aydınoğlu rəhbərlik edir. Gənc kadr olduğuna görə, bir çox məsləhətləri o məndən alır.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2016.- 6-8 iyul.- S.4.