Ağdam Dövlət
Dram Teatrına
gənc aktyorlar cəlb
edilib
Azərbaycan
teatrının tarixi inkişafına nəzər salsaq,
görərik ki, bu sahədə Ağdam Dövlət Dram
Teatrının da xidmətləri az olmayıb. Vaxtilə
adıçəkilən mədəniyyət müəssisəsində
Fatma Mahmudova, Svetlana Hakimova, Tofiq Qarayev, Qurban Mirzəyev,
Narınc Məlikova, Səyyaf Əlizadə, Siyavuş Soltanov
kimi respublikanın məşhur artistləri, səhnə
ulduzları çalışıblar. O aktyorlar ki, özünəməxsus
rolları ilə dünya teatr səhnəsinə, eləcə
də milyonlarla insan qəlbinə yol açıblar.
Xatırladaq ki, Sovetlər dövründə Ağdam Dövlət Dram Tatrı nəinki Qarabağda, Azərbaycanın bölgələrində, eləcə də respublika hüdudlarından kənara qastrollara gedib, maraqlı, yeni tamaşaları ilə çıxışlar edərdilər. Yadımdadır, uşaq idim, doğulduğum kənd klubunda sözügedən teatr Cəfər Cabbarlının “Solğun çiçəklər” tamaşasını səhnəyə qoymuşdu. Tamaşaçı əlindən tərpənmək olmurdu. Zal dolmuşdu, yer olmadığından, tamaşaçılar gəlib ayaqüstə tamaşaya baxardılar. Bəs görəsən, teatrın bugünkü durumu, mövcud vəziyyəti nə yerdədir?
Ağdam Dövlət Dram Teatrının direktoru Məhəməd Hüseynov “Həftə içi”nin sualına cavab verərək dedi:
- İki
ildir teatra rəhbərlik edirəm. Bu müddət ərzində
teatrın əməkdaşları arasında yüksək
atmosfer yaradılıb, əməkdaşlıq bərpa edilib.
Yeri gəlmişkən deyim ki, teatr üçün vacib məsələlərdən
biri nizam-intizamın olmasıdır. Ciddi nizam-intizam, iş
rejiminə keçmişik. Teatra istedadlı gənc
aktyorları cəlb etmişik. Azərbaycan Dövlət
İncəsənət Universtitetinin məzunları Elgiz
Muradov, Hikmət Şirin, Fəridə Əhmədova əksər
tamaşalarda baş rollarda iştirak edirlər. Artıq onlar
yaşlı sənətçilərdən təcrübə
əldə ediblər. Bugünün özündə Əməkdar
artistlər Aidə Qasımova, Cəmilə Məmmədzadə,
eləcə də Kərim Həsənli, Nizami Ələsgəroğlu
kimi təcrübəli aktyorlar çalışırlar.
– Teatrda tamaşa
hazırlığı barədə nə deyə bilərsiniz?
- Bu
gün teatrın ən ağır yükü
quruluşçu hissə müdiri Yaşar Abbasov, truppa
müdiri Ədalət Rüstəmov, ədəbi hissə
müdiri Zöhrab İmaməliyevin çiyinlərinə
düşür.Teatrın baş rejissoru isə Əməkdar
artist Sərvər Əliyevdir.
- Rəhbərlik etdiyiniz bu iki il ərzində
neçə tamaşa səhnəyə qoyulub, həmin
tamaşalar barədə nə deyə bilərsiniz? Qoyulan
tamaşalar sizi bir mütəxəssis kimi qane edirmi?
- Əlbəttə.
Ağdam Dövlət Dram Teatrı köçkünlük həyat
tərzi yaşamasına baxmayaraq, öz
varlığını, inkişaf səviyyəsini, yaxın
keçmişini qoruyub-saxlayıb.Teatrımızda səhnə
hazırlığı olduqca yüksəkdir. Bu iki il ərzində
səhnəyə 8 tamaşa qoyulub. Serb
yazıçısı M.Mitroviç “Gecə yarısı,
soyğunçuluq”, A. Mədətov “Çarəsiz evlənmə”,
Ə. Haqvediyev ”Kimdir müqəssir”, E. Hüseynbəyli
“Qaçaq qocalar”, Ş. Perro ”Sehrbaz qadın”, S. Elsevər
”Ürəyində arzu tut”, N.B. Vəzirov “Ağa Kərim xan
Ərdəbili” tamaşaları səhnəyə qoyulub. Yeri gəlmişkən
qeyd edim ki, Ağdam Rayon İcra Hakimiyyətinin
başçısı Raqub Məmmədov teatra çox
böyük qayğı göstərir. Hər vaxt bizə dəstək
olur və bütün tamaşaların premyerasında
iştirak edərək, öz məsləhətlərini
verir. Söz düşmüşkən deyim ki, Mədəniyyət
Və Turizm nazirinin müavini Ədalər Vəliyev bu
yaxınlarda Ağdama gəlib, teatrın mövcud durumu ilə
maraqlandı, yaradıcı heyətlə
görüşdü, onların qayğıları, həyat
tərzi ilə tanış oldu. Aprel hadisələri
zamanı və indinin özündə də Ədalət
müəllim hər gün telefon edib bizimlə sıx əlaqə
saxlayır, öz köməkliyini edir.
- Bəs indinin özündə
hansı tamaşaya hazırlaşırsınız?
- Teatrın əməkdaşları yay tətilinə çıxıb. Diqqətinizə çatdırım ki, 23 ilyul 1993-cü ildə erməni işğalçı ordusu Ağdamı işğal edib. Məzuniyyət günü olmasına baxmayaraq, işğal gününə hazırlaşırıq. Artıq teatrın aktyoru Nizami Ələsgəroğlunun “O kənd bizim kəndimizdir” tamaşası üzərində iş aparılır. Və həmin gün bu tamaşa səhnəyə qoyulacaq. Onu da deyim ki, teatrın aktyorları vaxtaşırı cəbhə bölgəsinə, “N” saylı hərbi hissələrə gedib, əsgərlərimiz qarşısında tamaşalar verirlər. Hətta “N” saylı hərbi hissənin sosilal-siyasi işlər üzrə komandir müavini ilə razılaşma aparılıb, hər ay əsgərlər qarşısında tamaşa verəcəyik.
- Teatrın problemləri barədə
nə deyərdiniz?
-
Teatrın bir problemi var, o da tamaşaçı
qıtlığıdır.
Qələndər
Xaçınçaylı
Həftə içi.- 2016.- 15
iyul.- S.4.