“İrs”
mənim övladımdır”
Təməli keçən əsrin 70-ci illərində
mərhum bəstəkar Rəşid Nəsiboğlu və
Əməkdar Mədəniyyət işçisi
Sidqi Mustafayev tərəfindən
qoyulmuş “İrs”
ansamblının 40 yaşı tamam olur. Bu müddət ərzində
adıçəkilən ansambl çətin
və şərəfli yol keçib. Qədim musiqi
alətlərinin aşkarlanıb üzə
çıxmasında folklorumuzun təbliğində
“İrs”in xidmətləri
danılmazdır. Qırx ildir ki, Sidqi müəllim
adıçəkilən ansambla rəhbərlk
edir.
Əməkdar Mədəniyyət işçisi Sidqi Mustafayev “İrs” ansamblının keçmişindən və onun yaranma səbəbindən “Həftə içi”nə danışdı:
- Ansambl 1976-cı ildən fəaliyyət göstərir. Sovet dönəmində qədim musiqi alətləri yox idi. Ansamblı yaratmaqda məqsəd də elə bu idi. Xatırladım ki, tanınmış bəstəkar Rəşid Nəsiboğlu yanıma gəlib dedi ki, Sidqi müəllim, gəl, birlikdə qədim musiqi alətlərindən ibarət bir ansambl təşkil edək. Mən fikirləşib, götür-qoy edəndən sonra razılıq verdim. Çünki qədim musiqi alətlərini tapıb ərsəyə gətirmək üçün vaxt lazım idi. Azərbaycanda isə bu alətlər yox idi.
– Bəs, bu alətləri necə əldə edə bildiniz?
- Mən bu alətlərin axtarışına çıxdım. Şərq ölkələrinə, Hindistan, İran, İraq, Özbəkistan,Tacikistan, Türkmənistan, Pakistan kimi ölkələri şəhərbəşəhər, kəndbəkənd gəzib dirruba, rübab, cürə saz, ud, bəm tar, laxquti, çahartar, kasalar alətlərini tapıb gətirdim. Bu alətlərin tarixi çox qədim, qədimdən də qədimdir. Yaranma tarixi bilinmir, amma sırf Azərbaycan xalqının musiqi alətləridir. Adları çəkilən alətlər vaxtilə Azərbaycanda çox olub. Sonra zaman -zaman baxımsızlıqdan it-bata düşüb. Eyni zamanda, mənşəyi məlum olmayan qədim mahnıları bərpa edib, tapıb üzə çıxardıq. Təxminən, 100-dən artıq qədim mahnını bərpa etmişik. Onlardan “Almanı alma, gəlin”, “Su gəldi, bürüdü yolları”, “Əylən gəlin, öyrən, gəlin”, “Çadralı qız” və sair, indinin özündə də gündəmdədir, müğənnilərin dilindən düşmür. Yeri gəlmişkən deyim ki, təkcə mahnıları aşkarlayıb, onu təkmilləşdirməklə iş bitmirdi, həm də bu mahnılar çox çətin oxunan mahnılardır, hər müğənni oxuya bilməzdi. Ona görə də bu mahnıları oxumaq üçün səsi və qabiliyyəti olan istedadlı gəncləri tapıb üzə çıxarırıq. Halbuki xalq onları tanımırdı. Onlardan Xalq artisti Mələkxanım Əyyubova, Nardaran qəsəbəsində doğulub-yaşayan Məmməd Əlizadə kimi sənətçiləri “İrs” ansamblına gətirdik və onlar həmin mahnıları ifa etməklə həm özlərini, həm də mahnıları xalqa tanıda bildik.
- O dövrdə milli köklərimizə bağlı olduğuna görə, hər adı qəbul etmirdilər. Çünki sərt kommunist rejimi var idi. “İrs” sözü haradan ağlınıza gəldi? Bəs, necə oldu ki,“İrs” folklor ansamblının adını qəbul etdirə bildiniz?
- 1979-cu ildə Respublika Mədəniyyət Nazirliyi tərəfindən “İrs” folklor ansamblına baxış keçirildi. Hətta həmin baxışda respublikanın görkəmli mədəniyyət xadimləri, sənət adamları iştirak edirdilər. Onlardan Xalq şairi Bəxtiyar Vahabzadə, Şəmsi Bədəlbəyli, maestro Niyazi, Rüstəm İbrahimbəyov və başqalarını göstərmək olar. Mədəniyyət Naziri Zakir Bağırov bizdən soruşdu ki, ansamblın adını nə qoyacaqsınız? Cavab verdim ki, ansambla “İrs”adını vermək istəyirik. Nazirliyin müşaviri etiraz edib dedi ki, “irs” sözü cümlənin ortasında, axırında işlənir. Onun üçün də ansamblın adını “İrs” qoymaq olmaz. Bundan əsəbiləşən B.Vahabzadə dedi ki, ansamblın adını nəyə görə “İrs” qoymaq olmaz? Axı, onlar çox böyük işlər görüblər, kiçik “İ” hərfini böyük hərf ediblər. “İrs” folklor ansamblı, bu ad çox yaxşıdır. Onlar bununla nəinki qədim alətləri toplayıblar,hətta adında da yenilik ediblər. Çox çətinliklə bu ad, nəhayət ki, qəbul edildi. 1980-ci ildə “İçərişəhər”də Qasım bəy karvansarasını bizə verdilər. Biz həmin qaydada məşqlərə başladıq. Milli bayramlarda, bayram tədbirlərində çıxışlar etdik və indinin özündə də çıxış edirik. Xatırladım ki, 1987-ci ilə qədər orada fəaliyyətimizi davam etdirdik. Həmin ildə akademik Yaşar Qarayev bizi AMEA “Folklor” İnstitutuna dəvət etdi. Biz dəvəti qəbul etdik və o vaxtdan bu günə kimi adıçəkilən institutun nəzdində, “İçərişəhər”də yerləşən binada fəaliyyət göstərirdik. Təəssüflər olsun ki, ermənilər milli musiqimizi öz adlarına çıxdığı vaxtlarda “İrs”in qara günləri başladı. İki ildir doğulduğum və yaşadığım Balaxanı qəsəbəsindəki klubda ansambl fəaliyyətini davam etdirir. İnanırıq ki, Heydər Əliyev Fondu bizə yaxından köməklik göstərəcək.
- Milli mədəniyyətimizin inkişafında siz 45 ildir ki, can qoymusunuz? Bu gün sizə dövlət qayğısı varmı?
- Xırda pensiya ümidinə qalmışıq. Bununla həm “İrs”i, həm də özümü dolandırmağa çalışıram. İrs”mənim övladımdır, ondan ayrı dura bilmərəm. İnanıram ki, ölkə başçısı, Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyi mənim durumumla maraqlanacaq, mədəniyyət sahəsində göstərdiyim xidmətlərlə maraqlanacaq və mənə də Prezident təqaüdü verilməsinə çalışacaqlar.
Qələndər
Xaçınçaylı
Həftə içi.-2016.- 21 iyun.-
S.4.