“Elə medallar var ki,

onları özüm bərpa edirəm”

 

Milli kolleksiyaçılarımız

 

Elçibəy Verdiyev Şəmkirdən olsa da, hazırda təhsili ilə əlaqədar olaraq Gəncədə yaşayır. 20 yaşı var və Gəncə Dövlət Universitetinin tarix-coğrafiya fakültəsində təhsil alır. Onu yaşıdlarından, tələbə yoldaşlarından fərqləndirən bir amil isə Elçibəyin topladığı medallarla bağlıdır. O, yaşı bir əsrə yaxınlaşan qədimi orden və medalları toplamaqla məşğul olduğunu deyir.

 

Hafta.az-ın “Milli kolleksiyaçılarımız” layihəsinin budəfəki qonağı medal toplayan tələbə Elçibəy Verdiyevdir. Bu gülərüz, deyən-gülən kolleksiyaçı ilə maraqlı söhbətimiz alındı. Həmin müsahibəni sizlər üçün də təqdim edirik:

-          Elçibəy, neçə ildir bu medalları toplayırsınız?

-          Təxminən il yarımdır. Birinci kursdan məndə medallara maraq yarandı. Bu həvəsi oyandıran isə heraldikadan dərs deyən Firuz müəllim oldu. Çox maraqlı insandır. İlk dəfə medal kolleksiyasını onda gördüm. Mənim babamın atası da, İkinci Dünya müharibəsinin iştirakçısı olub. Berlinə qədər döyüşüb. Xeyli medalları vardı, sonradan onlara mən sahib çıxdım. Həmin medalları ilk dəfə kolleksiyama daxil etdim.

-          Sahablardan və yaxud satıcılardan medal aldığınız olub?

-          Olub, özü də lap çox. Hətta bir dəfə dərsə getməmişəm. Bakıya yola düşüb, internetdə dost olduğum bir nəfərdən Birinci Dünya müharibəsinə aid medal alıb qayıtmışam. Sağ olsun, pul götürmədi. Mən də hazırlıqlı getmişdim. Ona Gəncə suvenirləri hədiyyə etdim (gülür). Gəncə, Şəki və Bakıdakı sahablardan, medal kolleksiyası olanlardan, satıcılardan çox alver etmişəm.

-           Ən bahalı medala nə qədər pul vermisiniz?

-          Ən bahalı medalım “Qızıl ulduz” nişanıdır. Əlli manat vermişəm ona. Amma real qiyməti 300-400 manatdır. İstəsələr də, sata bilmərəm. Mənim bir amalım var; kolleksiyama medal daxil ola bilər, amma çıxa bilməz.

-          Ümumilikdə, bu medalları kolleksiyana cəlb etmək üçün nə qədər pulun çıxıb?

-          Təxminən 1200-1300 manat. Az-az xərcləyirəm deyə, bu pullar gözümə görünmür. Bunları gündəlik xərcliyimdən kəsib alıram. Hər kəs yaxşı geyinib-kecinəndə, mən qədimi heraldik nümunələr arxasına düşürəm. Əsasən heraldikanın medallar və nişanlar sahəsi üzrə toplama işi aparıram. Bu, bir sağalmaz xəstəlikdir.

-          Bəs bu kolleksiyanı toplamaqda məqsədiniz nədir?

-          Bunlar bir tarixdir. Vətənimizin oğullarının qəhrəmanlıq salnaməsinin simgələridir. Həm də, elə Azərbaycanın öz tarixidir. Burada gəncəli partizan Mirdaməd Seyidovun “Müqəddəs xaç” nişanı da var. Rəmətə gedəndən sonra qohumlarından almışam. Mənim üçün ən dəyərli orden odur. İtalyanlar verib deyəsən. Üzərində italyanca yazı var. Məqsədim odur ki, gələcəkdə bir muzey açım. Bunları orada sərgiləyim. Həm pul qazanım, həm də kimlərsə gəlib bu muzeydə medallarla bağlı tədqiqat işləri aparsınlar. Çünki ömrümü gələcəkdə bu işə həsr etmək istəyirəm. Hətta diplom işi müdafiəmi də, medallarla bağlı götürmək niyyətindəyəm. Bu sahə olduqca sirli bir elmdir. Təəssüf ki, Azərbaycanda heç vaxt işlənilməyib. Bir dənə də olsun məqaləyə rast gəlmədim.

-          Bəs ən qədim medalının neçə yaşı var?

-          Ən qədim medalım 1916-cı ilə aiddir. Təyyarəçi döş nişanıdır. Onu Gürcüstandan olan bir soydaşımız mənə hədiyyə edib. Çox dəyərlidir. Üstündə “Çarın göydəki şahini, tanrı səni qorusun” sözləri yazılıb. Çox güman ki, Çar Rusiyasının hərbi pilotlarının hamısı bu cür xidməti nişanla təltif ediliblər. Birinci və İkinci Dünya müharibəsinə aid medal və ordenlər, Əfqanıstan müharibəsinə aid beretka və döş nişanları, medallar var.

-          Hazırda kolleksiyanızda nə qədər medal var?

-          Yetmiş üç ədəd. Yəqin ki, ardı da olacaq. Gələcəkdə Dağıstan və Rusiyadan medallar da, alıb gətirmək istəyirəm. Medal toplama "coğrafiyamı" genişləndirmək fikrim var. Hətta İranın şah dönəmi ilə bağlı medalları axtarıram. Amma hələlik, bir nəticə hasil olmayıb. Çünki oradan tarixi əşya gətirmək bir az müşkül məsələdir.

-          Elə medallar var ki, ya paslanmış olur, ya da sınıq vəziyyətdə... Onları görüncə, alırsınız, yoxsa baxımsızlıqdan o günə düşmüş nümunələr sizə yaramır?

-          Niyə yaramır ki... Alıram. Pasını təmizləyirəm. Bunun üçün xüsusi kimyəvi maddələr var. Hətta elə medal olub ki, ələgəlməz halda olub. Ya təmir etdirmişəm, ya da ki, daha çox xarab olmasın deyə yivlətmişəm. Nə tapsam, qəbulumdur (gülür).

20 yaşlı Elçibəy Verdiyevə uğurlar arzulayıb ayrılırıq. İnanırıq ki, ömrünü köhnə, paslanmış medalların bərpasına və toplanmasına həsr edən 20 yaşlı kolleksiyaçı arzuladığı bütün istəklərinə zamanla çata biləcək. Unutmayaq ki, onun ömrünü həsr edəcəyi bir sahə Azərbaycanda heç vaxt araşdırılıb, tam şəkildə təqdim edilməyib. Bəlkə də, Elçibəy bir ilk olacaq. İlklər isə heç vaxt unudulmur.

 

Tural Turan

 

Həftə içi.- 2016.- 17 mart.- S.4.