İnsan alveri ilə
mübarizədə
maarifləndirmə gücləndirilir
Müşahidələr göstərir
ki, insan alverçilərinin toruna daha cox bölgələrdə
yaşayan gənclər düşürlər
Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində
2005-ci ildə 160 cinayət faktı qeydə
alındığı halda, 2014-cü ildə
bu rəqəm 281 olub.
"Report" Azərbaycan Daxili İşlər Nazirliyinin
(DİN) İnsan Alverinə Qarşı
Mübarizə Baş İdarəsinin məlumatlarına
istinadən xəbər verir ki, bu illər ərzində
qeydə alınan cinayətlərdən insan
alveri ilə bağlı faktlar
2005-ci illə müqayisədə 2014-cü ildə 96 fakt artıb. Belə ki,
2005-ci ildə bu cinayət növü
üzrə 1, 2014-cü ildə 97 cinayət faktı qeydə
alınıb. Məcburi əmək cinayəti ilə
bağlı 2005-ci ildə fakt qeydə
alınmasa da, 2014-cü ildə bu rəqəm 5 olub.
Fahişəliyə cəlb etmə cinayəti üzrə
2005-ci ildə 54, 2014-cü ildə 79, yetkinlik
yaşına çatmayanı fahişəliyə cəlb etmə
cinayəti ilə bağlı 2005-ci ildə 3, 2008-ci ildə
10, 2014-cü ildə 3 fakt qeydə
alınıb.
Əxlaqsızlıq yuvaları saxlama ilə bağlı 2005-ci ildə 97, 2008-ci ildə 180, 2014-cü ildə isə 86 fakt qeydə alınıb. Seksual xarakterli hərəkətlərə məcbur etmə ilə bağlı 2005-ci ildə 5, 2014-cü ildə 6 fakt qeydə alınıb. İnsan orqanlarının və ya toxumalarının alqı-satqısı və onların transplantasiyası məqsədilə götürülməsinə məcbur etmə ilə bağlı 2011-ci ildə 2, 2014-cü ildə 1 fakt qeydə alınıb. Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma ilə bağlı 2008-ci ildə 10, 2014-cü ildə 1 fakt qeydə alınıb. Bu illər ərzində göstərilən sahələr üzrə 1 950 nəfər cinayət törətmiş şəxs qeydə alınıb. 2005-ci ildə onların sayı 153, 2008-ci ildə 349, 2014-cü ildə 149 nəfər olub. 2005-2014-cü illər ərzində insan alveri ilə bağlı cinayət törədənlərin sayı 408 nəfər olub. 2005-ci ildə bu sahə üzrə cəmi 1 cinayətkar qeydə alındığı halda, 2014-cü ildə bu rəqəm 26 olub. Həmin illər ərzində qeyd olunan cinayət faktlarının 583 qurbanı olub. 2005-ci ildə 1, 2007-ci ildə daha çox - 101, 2014-cü ildə törədilmiş cinayət faktları üzrə 54 nəfər qurban qeydə alınıb.
Yeri gəlmişkən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi respublikanın bölgələrindəki ilk peşə-ixtisas təhsili müəssisələrində insan alveri ilə mübarizə mövzusunda maarifləndirmə tədbirləri keçirir. Sözügedən nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “Həftə içi”nə verilən məlumata görə, respublikanın Xızı, Şabran, Siyəzən rayonlarında başlanılan tədbirlərin Mingəçevir və Naftalan şəhərlərində, Ağdaş, Goranboy, Yevlax və digər rayonlardakı ilk peşə-ixtisas təhsili müəssisələrində davam etdirilməsi planlaşdırılıb. Tədbirlərdə ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinə insan alveri anlayışı, onun növləri, insanların hansı hallarda insan alveri qurbanına çevrildiyi, insan alveri ilə mübarizə formaları, eləcə də uşaq əməyinin istismarı hallarından qorunma barədə interaktiv şəkildə məlumatlar verilir. İnsan alveri ilə mübarizə mövzusuna dair sosial çarx nümayiş etdirilir, yeniyetmə və gənclərin müvafiq mövzu ilə əlaqədar sualları cavablandırılır. Həmçinin onlara insan alveri, onunla mübarizə vasitələri, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi, Mərkəzin Qaynar xətti barədə məlumatların əks olunduğu bukletlər və kitabçalar təqdim olunur.
Məlumatda həmçinin vurğulanıb ki, qeyd olunan tədbirlər Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 667 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən, “Təhsil və təlim-tərbiyə müəssisələrində uşaqların insan alveri və uşaq əməyinin istismarı ilə bağlı maarifləndirilməsi” layihəsi çərçivəsində təşkil olunur. Maarifləndirmə tədbirlərinin ölkənin 30-dan çox rayon və şəhərindəki ilk peşə-ixtisas təhsili müəssisələrində həyata keçirilməsi nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, araşdırmalara görə, insan alverinin qurbanına çevrilənlərin yaş həddi əsasən 20-35 arasında olur. Azərbaycanda insan alverinin qurbanına çevrilən uşaqlar isə bu işə, adətən, 7-8 yaş qruplarında cəlb edilir. Bu yaşda olan uşaqlar dilənçilik etməklə daha çox gəlir gətirən hesab olunur.
Məsələyə münasibət açıqlayan miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, Azərbaycanda xüsusilə qadınların insan alverçilərinin toruna düşmələrinin bir sıra səbəbləri var: “Bunlardan ən çox istifadə ediləni qadınların iş adı ilə xaricə çağırılmasıdır. Çox vaxt onlara plantasiyalarda subtrotik meyvələrin yığımı, müxtəlif Avropa ölkələrində dayəlik, model biznesində çalışmaq təklif olunur. Bununla yanaşı, təhsil almaq, nikaha girmək adı ilə də xaricə aparılanlar var. Dil bilməyən, qanun və beynəlxalq hüquq normalarından baş çıxarmayanlar insan alverçilərinin əlində alətə çevrilirlər. Faktlar onu da göstərir ki, qurbana çevrilmiş azərbaycanlı qadınların əksəriyyəti rayonlardandır. Səbəb isə həmin bölgə sakinlərinin məlumatsız olmasıdır. Eyni zamanda, insan alveri qurbanlarına internat həyatı yaşayanlar, sosial problemləri olanlar da çevrilirlər”.
A.Allahverənov istismara məruz qalan qadınların, əsasən, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyəyə aparıldığını deyib: “Adıçəkilən ölkələrdə əxlaqsızlıq üstündə həbs olunanların, təxminən, 80 faizini MDB ölkələrindən, o cümlədən Azərbaycandan olan qadınlar təşkil edir. Rəsmi rəqəmlər isə hələ də məlum deyil. Onu da deyim ki, bu biznesdə ən yüksək yaş həddi 35-36-dır. 16-25 yaş arasında olan qızlara isə tələbat daha çoxdur. Bu yaş həddinə yüksək qiymət qoyulduğu üçün “ticarətçilər” öz “ov”larını belə qadınlar arasında axtarırlar”.
Ekspert Beynəlxalq Miqrasiya Təşkilatının məlumatlarına istinadən onu da bildirib ki, il ərzində ayrı-ayrı ölkələrdə “bu sahədə çalışan” minlərlə qadın yoxa çıxır: “Onlar ya ölkədən çıxır, ya da fiziki cəhətdən məhv edilirlər. Əksəriyyəti gənc olduğundan, həmin qurbanlar bir çox hallarda öldürülərək orqanları transplantasiya üçün istifadə edilir”.
Mövzu ilə bağlı fikirlərini bildirən “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova isə hesab edir ki, Azərbaycanda insan alverinə qarşı mübarizə planı qəbul ediləndə bu sahədə təcrübə yox idi: “İctimaiyyət yetərincə məlumatlı deyildi, insan alveri qurbanlarının çoxu hesab edirdi ki, başlarına gələnlərdə özləri günahkardırlar və buna görə cinayət məsuliyyətinə cəlb ediləcəklər. Lakin bu gün cəmiyyətdə tamamilə fərqli tendensiyalar mövcuddur. Dövlət strukturları və QHT-lər geniş təbliğat işləri aparırlar. İlk dövrlərdə nazirliklər bunun əhəmiyyətini anlamırdılar və yetərincə aktiv deyildilər, amma indi vəziyyət dəyişib və prosesə təkcə Daxili İşlər Nazirliyi deyil, Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri aktiv qoşulmağa başlayıb. Onların nümayəndələrindən ibarət İşçi Qrup yaradılıb”.
M.Zeynalova bu sahədə ardıcıl tədqiqat apardıqlarını və insan alveri qurbanlarının daha çox ailədaxili zorakılığın nəticəsi olaraq artdığını söyləyib: “Beynəlxalq ictimaiyyətdə belə hesab edirlər ki, insan alverinin miqyasca böyüməsinin əsas səbəbi ayrı-ayrı məmurların və mafioz qrupların himayəsidir. Amma Azərbaycanda belə mafioz qruplar yoxdur. Daxili İşlər Nazirliyində analitik mərkəz var, orda bütün bu prosesləri izləyir və səbəbləri müəyyənləşdirirlər”.
Ekspert həmçinin deyib ki, bəzən cəmiyyətin münasibəti qurbanı yenidən hansısa səhv addım atmağa sürükləyir: “Düzdür, istisna hallar da var; məsələn, insan alverinin qurbanı olan bir qadını valideynləri evə təkrar qəbul ediblər. Bu çox diqqət tələb edən məsələdir. Çünki əksər hallarda həmin qurbana qarşı mənfi münasibət ilk olaraq ailəsində formalaşır, ailəsi onu geri qəbul etmək, ona dəstək vermək istəmir. Qurbanların öz evinə qayıtmaları, normal şəraitdə öz evində, valideynlərinin himayəsi altında yaşamaları mümkün olmur. Bu halda isə valideynlər onu yenidən evlərinə qəbul ediblər. Amma həmin evdə yaşamasına baxmayaraq, qadın davamlı təzyiqlərə məruz qalır. Bu isə onu göstərir ki, övladını qəbul edən valideynlər onun günahkar olduğunu fikirləşir, ona məhz günahkar prizmasından yanaşırlar. Nəticədə belə yanaşma qurbanın psixi, mənəvi durumuna çox mənfi təsir göstərir”.
Sevinc
Bu yazı Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında
hazırlanıb.
Həftə içi.- 2016.- 30
mart.- S.3.