Sabah Beynəlxalq Ailə Günüdür
Azərbaycanda ailə
modelinin qorunmasında cəmiyyətin üzərinə
böyük məsuliyyət düşür
15 May dünyada Ailə Günü
kimi qeyd olunur. Belə ki, BMT Baş Assambleyası 1993-cü
ilin sentyabrında 15 may tarixini 1994-cü ildən etibarən, hər
il Beynəlxalq Ailə Günü kimi qeyd
etməyi qərara alıb. Qeyd edək ki, ailənin cəmiyyətin
əsas elementi, kiçik demokratiyanın təməli
olduğunu nəzərə alaraq, BMT demokratik ideyaları dəstəkləyən,
sülh və demokratik millətlər birliyini qurmağa səy
göstərən bütün dünya ailələrini birləşdirməyə
çalışır. Azərbaycan cəmiyyətində
də ailə hər zaman müqəddəs sayılıb.
Bu gün ölkəmizdə ailə cəmiyyətin
əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir
və dövlət öz siyasətində ailənin sosial
müdafiəsi, gənc ailələrə qayğını əsas
tutur. Amma bununla yanaşı, Azərbaycanda ailə
modelinin qorunmasında cəmiyyətin də üzərinə
böyük məsuliyyət düşür.
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Müstəqillik
dövründə ailə siyasətinin formalaşması - ənənələr,
perspektivlər” adlı elmi-praktiki konfransda qeyd edib ki, ailə ən
qədim sosial institutlardan biri kimi cəmiyyətin nüvəsi
sayılır.
Onun sözlərinə görə, adət-ənənələri
qoruyub yaşadan ailə dəyərləri illər
keçdikcə öz əhəmiyyətini, tarixiliyini itirmir,
əksinə daha da inkişaf edir: “Hər bir ictimai-siyasi
dövrün özünəməxsus ailə modeli
formalaşır. BMT 1993-cü ildə mayın
15-ni Beynəlxalq Ailə Günü elan edib. 2008-ci ildən başlayaraq Azərbaycanda da
bütün rayonları təmsil edən ailələrin
iştirakı ilə “Ailə bayramı” keçirilir. Ölkəmizdə hər il yüzlərlə, minlərlə
ailədə brilyant, qızıl, gümüş yubileylərin
keçirilməsi Azərbaycanda ailə modelinin
qorunmasının və nəsildən-nəslə
yaşadılmasının bariz nümunəsidir”.
Azərbaycan
ailələrinin möhkəmliyi və ailə ənənələrinə
sadiqliyi ilə hər zaman seçildiyini deyən komitə sədri
bildirib ki, müasir Azərbaycan ailəsi öz quruluşuna görə
ənənəvi ailələrdən əhəmiyyətli dərəcədə
fərqlənir: "Son illər ailələr bir sıra
müvəqqəti və daimi xarakterli problemlərlə
qarşılaşırlar. Cəmiyyətdə
məişət zorakılığı, selektiv abortlar, erkən
nikah və təhsildən yayınma halları, tək
valideynli, tək uşaqlı ailələrin sayını
artırıb".
H.Hüseynova
qeyd edir ki, ailə üzvlərinin bir-birindən təcrid
olunması və uzaqlaşması, boşanmaların
sayının artması, nikah olmadan birgə yaşama və
nikahdan kənar doğum adi hala çevrilib: "Boşanandan
sonra qadın və uşaqların qarşılaşdıqları
problemlər isə xoşagəlməz halların
yaranmasına gətirib çıxarır. Boşanan
qadınlar bəzən yaşayış yeri və mülkiyyət
hüququndan məhrum olurlar. Uşaqlar üçün
nəzərdə tutulmuş aliment ödənilmir".
Dövlət
Komitəsinin sədri, həmçinin əlavə edib ki, bütün
bu məsələlərin həll olunması
üçün yeni sənədlərin hazırlanmasına,
maarifləndirici tədbirlərin daha geniş həyata
keçirilməsinə ehtiyac var. Son statistik hesablamalara
görə, hazırda Azərbaycanda 2 milyon 62 min 30 ailə
var. Komitə sədri onu da qeyd edib ki, “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyası çərçivəsində
“Azərbaycan ailəsi Strategiyası” hazırlanır. Sənəddə ailə institutunun möhkəmləndirilməsi
istiqamətində sosial, səhiyyə, psixoloji, hüquqi məsələləri
özündə əks etdirən təkliflər hazırlanıb.
Milli Məclisin
sədr müavini Bahar Muradova isə deyib ki, bu gün Azərbaycan
dövləti tərəfindən - həm parlament, həm də
hökumət səviyyəsində ailə proseslərini tənzimləyən
qanunlar mövcuddur: “Ailə dəyərlərinin
qorunmasına bu qanunlar öz köməkliyini göstərir. Biz ailə institutunu qorumalıyıq. Cəmiyyətin müvafiq təbəqələrinin
birgə səyləri nəticəsində, bu sahədəki
problemləri aradan qaldıra bilərik. Eyni
zamanda, biz çalışmalıyıq ki, Azərbaycanın
uğurlarının qazanılmasında Azərbaycan ailələrinin
yaxından iştirakını təmin edək. Çünki ailədə əxlaq, mənəviyyat
və vətənpərvərliyin əsasları qoyulur.
Sağlam, möhkəm ailə - hər bir cəmiyyətin
çiçəklənməsinin qarantıdır. Ailə münasibətləri insan həyatının
mühüm aspektlərindən birini təşkil edir”.
Azərbaycanın
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Elmira Süleymanova da hesab edir ki, ailələr daim dövlət
nəzarətindədir: “Ölkəmizdə ailə ilə
bağlı məsələlər qanunvericiliklə tənzimlənir.
Azərbaycan respublikasının Konstitusiyasında ailəyə
ayrılan xüsusi maddələr var. Unutmamalıyıq ki, adət-ənənələr
qanundan üstün ola bilməz. Amma bizdə ailə ilə bağlı bəzi
problemlər yaranıb; məsələn, Azərbaycanda erkən
nikahlar ailələrdə problemlərə səbəb olur.
Bu problem həmin ailələrin möhkəmlənməsinə
mane olur. Azərbaycanda valideynlər
övladlarını erkən nikaha məcbur edir. Bu, yolverilməzdir. Bu, həmçinin
ailələrdə münaqişələrə də səbəb
olur. İnsanların hüququnu pozmaq olmaz.
Heç kəs ailə qurmağa məcbur edilməməlidir.
Bu problemin aradan qaldırılması
üçün ailələr də səy göstərməlidirlər".
Mövzu ilə bağlı fikirlərini bizimlə
bölüşən sosioloq Əhməd Qəşəmoğlu
da bildirir ki, ailə cəmiyyətin sosial mərkəzi
olduğundan, həmin mərkəzin idarəsində ahəng
önəmlidir. Həmsöhbətimiz hesab edir ki, bu ahəngi ailədə
yarada biliriksə, cəmiyyətimizdə də ahəng,
uyğunluq və möhkəm təməl olur: “Azərbaycanın
ailə modeli, ailə institutu ölkənin ən böyük
mənəvi dəyərlərindən biridir. Gərək
bilək ki, ən böyük mənəvi dəyərimiz ailə
institutudur və onu qorumalıyıq. İndi
dünyada elə proseslər gedir ki, mənəvi problemlər
arxa plana keçməkdə, maddi dəyərlər önə
çıxmaqdadır. Bu, bizim cəmiyyətdə
də baş verir. Ən xoşagəlməz
hal budur ki, maddi dəyərlərə üstünlük
verdiyimiz halda, mənəvi dəyərlərimiz çox
güclü təzyiqə məruz qalır, bundan da ailə və
cəmiyyət zərər görür. Çalışmaq
lazımdır ki, ailədə mənəvi dəyərləri
ön sırada saxlayaq. Bu, ailənin cəmiyyətdə
sağlam yer qazanmasına kömək edəcək. Çünki adət-ənənələrin
gündəlik yaşayış tərzimizdən
uzaqlaşdırılması sonda ailə institutunun deformasiyaya
uğramasına və ailələrin dağılmasına gətirib
çıxarır. Amma bu və ya digər
səbəblər üzündən cəmiyyətin bəzi
üzvləri tərəfindən bu dəyərlər göz
önünə alınmır və sonda xoşagəlməz
hallar baş verir. Bu hallar isə ilk
növbədə, ailələrə, daha sonra isə cəmiyyətə
təsir edir».
Mövzu ilə bağlı fikirlərini
açıqlayan psixoloq Elnur Rüstəmov isə hesab edir ki,
azərbaycanlı psixologiyasında ailə faktoru digər
xalqlarla müqayisədə daha dərin və
uzunömürlüdür. Onun sözlərinə görə,
daha çox gənclərin “geridəqalmışlıq” hesab
etdiyi adətlər sayəsində yüz illərdir ölkəmizdə
normal cəmiyyət, sağlam toplum yaratmaq mümkün olub:
“Bizim ailələrdə valideyn, hətta övladını
evləndirdikdən sonra belə öz yanından
ayırmır, bir evdə yaşamaq istəyir. Amma bir çox
ölkələrdə uşağın 15-16 yaşı olan
kimi valideyn tələb edir ki, get işlə, özünə
ev tut, yaşa. Onlar
üçün doğmalıq anlayışı yoxdur, ailədə
hər kəs öz qazancı ilə yaşayır. Ona görə də cəmiyyətləri möhkəm
deyil, ailə cəmiyyətə xeyir verə bilmir. Bu “xeyir” maddi yox, mənəvi məna kəsb edir.
Yəni, bu cür ölkələrdə ailələr
cəmiyyətə yararlı fərdlər yetişdirmir”.
Ekspert, həmçinin bildirir ki, sağlam ailənin təməli
həm də sağlam evliliklə qoyulur. Eınur
Rüstəmovun fikrincə, gələcək ailənin hər
iki fərdi bir-birini anlamaqla yanaşı, fiziki və mənəvi
göstəricilərinə görə də uyğun gəlməlidir.
Onun sözlərinə görə, ailədəki hər
xırda narazılıqdan böyük problem yaradan tərəflərin
sağlam ailə qurmaq şansı az olur
ki, bunun zərərini də cəmiyyət çəkir: “Digər
tərəfdən, sağlam ailə qurmaq istəyində olan
bəzi kişilər gələcək uşaqlarını
yaxşı tərbiyə edə biləcək qadın
axtarır, bəzisi bir ömür boyu güvənəcəyi,
sirdaş olacağı qadın arayır, bəzisi isə
ömür boyu aşiq ola biləcəyi bir qadınla evlənmək
istəyir. Əsas məsələ odur ki, ailə
quran gənclər yalnız öz maraqlarını
düşünsə, cəmiyyətə fayda dəyməz.
Qurulacaq ailə cəmiyyətdə öz yerini
harada görürsə, yeri ordadır. Fərd
olaraq cəmiyyətin lap dibində, heç kimə gərək
olmayan, tüfeyli bir həyatda da yaşamaq olar, hamının
hörmət etdiyi, inandığı, güvəndiyi bir məqama
yüksəlmək də. Burada vacib olan
ailədəki sağlam təməli qoruyaraq cəmiyyətdəki
sağlam mövqeyə sahib olmaqdır”.
Sevinc
Bu yazı Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
Həftə içi.- 2016.- 14-16
may.- S.3.