“Muğanımız tariximiz,

sərvətimizdir”

 

Muğanın tarixi qədimdir. Belə ki, Muğan düzü Kür-Araz ovalığının bir hissəsidir. Şimal-qərbdə Araz çayı, Mil düzündən, Kür çayı vasitəsilə Şirvan düzündən ayrılır. Cənubda və cənub-şərqdə Lənkəran ovalığına və Salyan düzünə qovuşur. Düzün cənub-qərb davamı Cənubi Azərbaycan ərazisindədir. Tarixən, Araz çayı Muğan düzündən axaraq, bilavasitə Xəzər dənizinə tökülürdü. 1896-cı ildə Araz öz sağ sahilini yuyub, Muğan düzünün bir hissəsini basmışdır. Yalnız 1916-cı ildə bu yuyulmanın qarşısı alınmış, Araz öz yatağına qaytarılmışdır. Düzənlikdəki, bir çox göl və bataqlıq da (Ağçala, Mahmudçala və digərləri) həmin daşqın zamanı əmələ gəlmişdir.

Muğan düzünün çox hissəsi dəniz səviyyəsindən aşağı olub, Kür çayı, xüsusən də Araz çayının gətirdiyi çöküntülərdən əmələ gəlmişdir. Kür-Araz ovalığı, o cümlədən Muğan düzü Azərbaycanın ən qədim əkinçilik bölgəsidir. Burada qədim zamanlarda istifadə edilən arxların izləri vardır. Bu arxlardan bəziləri təmir edilmiş, yeni arx və kanallar çəkilmişdir.

Mənbələrdə Azərbaycan ərazisində Muğan və Muğanniyə adlı iki coğrafi obyektdən bəhs olunur. Orta əsrlərdə Qəbələ ilə həmsərhəd olub, GirdimanGöy çaylarının aşağı axarı boyu ərazi Muğaniyyə adlanırdı. Bəzi tədqiqatçılara görə, Muğan vilayəti və düzünün adı orta əsrlərdə mövcud olmuş Muğan şəhərinin adı ilə bağlıdır. Orta əsr ərəb mənbələrində (IX-X əsrlər) Xəzər dənizi sahilində, Kürün mənbəyindən, təqribən, 100 kilometr, cənubda Ərdəbilin 50 kilometrliyində yerləşən Muğan şəhəri iki çay arasında təsvir olunmuşdur. İbn Xordadbeh (IX əsr) Muğan hakimi Şəklə haqqında, Müqəddəsi (X əsr) başdan-başa bağ-bağatla əhatə olunmuş bu şəhərin gözəlliyi, əhalisinin hörmətcil və səxavətli olması barədə məlumat vermişlər.

Bir fikrə görə, şəhər XIII əsrdə monqol yürüşləri, digər fikrə görə isə, XV əsrdə Teymuri sultanı Əbü Səidlə Ağqoyunlu Uzun Həsən arasında baş vermiş vuruşma zamanı dağıdılmışdır. Qərnati, Zəkəriyyə Qəzvini və başqaları, ümumiyyətlə, Muğan ölkəsi, onun geniş ərazidə yerləşməsi, iqliminin Azərbaycanın başqa yerlərinə nisbətən isti, heyvandarlıq üçün yararlı otlaqlara malik olması haqqında məlumat verir, yerli əhalini türkmənlər adlandırırlar. Antik müəlliflər (Hekatey, Herodot və başqaları) də tarixi Mukan ərazisində (indiki Muğan düzü) mik/muk tayfası haqqında məlumat vermişlər.

Muğanda həyati əhəmiyyətə malik olan suvarma arxları tez-tez dağıdılırdı. Çingiz xanın hərbi qüvvələri XIII əsrin əvvəllərində Çingizxanın başçılığı altında Muğana hücum edərkən, suvarma sistemlərini də dağıtmışdır.1368-cı ildə Teymur dağılmış sistemi bərpa etdirmişdir.

Məlum olduğu kimi, orta əsrlərdə nəhəng şəhərlər və digər yaşayış yerləri iri çay, göl və dəniz kənarlarında salınırdı. Muğan ərazisində KürAraz sahillərində belə şəhərlərin salınması təbii idi.

H.Z. Şirvani Muğan barədə daha ətraflı yazır: “Muğan məşhur bir vilayətdir. Qədim şəhərləri və böyük nahiyələri vardır. Beşinci iqlimdən hesab olunur. Ab-havası xoş və gözəldir. Şimaldan onun sərhədi Şirvandır. Cənubdan Cənubi Azərbaycanla, şərq tərəfdən Talış, qərbdən Gürcüstanla sərhədlənir. Zəhərli otları çoxdur. Mal-qaranı onun zəhəri öldürür. Baharda otların zəhəri azalır. Deyirlər, oranı Muğan adlı bir adam bina etmişdir. Bəziləri isə deyir ki, oranı müğlər və möbüdlər abad eləmişlər. Uzaqdan gələn adamlarla mehribandırlar. Qızılbaş tayfasından şahsevənlər o ölkədə çoxdur.”

Əhalinin bu bölgədə məskunlaşması həm də torpağın məhsuldarlığının yüksək olması ilə əlaqədardır. Dahi xalq şairi S.Vurğun «Muğan - Muğan olsa, biri üç eylər», – deyərkən məhz havalar əlverişli olarsa, torpağa bir dəfə səpilən toxumdan 3 dəfə məhsul götürməyin mümkünlüyünü vurğulayırdı. Bu baxımdan, Muğan bölgəsini, Nil sahillərində ildə 3 dəfə məhsul verən Misir torpaqları ilə müqayisə etmək olar. Nəzərə alsaq ki, məhz bu xüsusiyyətinə görə, Misir dünyada ilk dövlətlərin təşəkkül tapdığı ərazidir, onda bütövlükdə Muğan, o cümlədən, Salyan bölgəsində də insanların daha qədimdən məskunlaşdığını söyləyə bilərik. Paxomovun e.ə. IV əsrə aid etdiyi Makedoniyalı İsgəndərin, eləcə də, parfiya, sasani, ərəb, səlcuq, monqol, Atabəy, Şirvanşah, QaraqoyunluAğqoyunlu hökmdarlarının adına kəsilmiş pulların Muğan bölgəsindən tapılması ərazinin qədim tarixindən xəbər verməklə yanaşı, həm də bölgədə yaşayışın ardıcıl olaraq davam etdiyini, maddi-mədəniyyətdəki varisliliyi göstərən amillərdəndir.

Arxeoloji tədqiqatların nəticələri e.ə. VIII - VII əsrlərə aid Muğan mədəniyyətinin mərkəzinin məhz Salyan bölgəsi olduğunu söyləməyə əsas verir. Babazanlıda qədim qəbiristanlıqda və ona müvafiq yaşayış yerində aparılan arxeoloji tədqiqatlar bölgənin tarixinə dair daha yeni faktları üzə çıxarmağa imkan yaradır. Daha qədim dövrü əhatə edən Noxudlu kurqanlarında aparılan ilkin müşahidələr isə yerin şoran olması ilə əlaqədar kurqanların çökməsi faktını aşkarlamağa imkan verir. Babazanlı yaşayış yerində küp qəbirlər və onlara aid yaşayış məskənlərinin eyni ərazidə qeydə alınması Azərbaycan arxeologiyasında mühüm yeniliklərdəndir. Məhz ilk dəfə Salyan qazıntıları əsasında bölgənin antikilk orta əsrlər dövrü əhalisinin təsərrüfatı, həyat tərzi, məişəti barədə geniş məlumatlar əldə edilib. Qəbir abidələri əsasında bölgənin qədim və ilk orta əsrlər dövrünün dəfn adətləri öyrənilib. Tədqiqatlar göstərir ki, Babazanlıda küp hazırlayan sexlər fəaliyyət göstərib. Gilli torpağın, su ehtiyatının və yanacaq materiallarının bolluğu bu sənətin inkişafına şərait yaradıb. Arxeoloji tədqiqatlar Salyanda ilk insan məskənlərinin küp qəbirlərdə dəfnetmə adətindən çox əvvəl, ən azı e.ə. II minilliyin ortalarından yarandığını söyləməyə də əsas verir.

Salyan rayonunda tapılmış küp qəbirlərdən əldə olunmuş maddi-mədəniyyət qalıqlarının müqayisəli təhlili onların Cənub bölgəsindəki qəbirlərdən daha qədim olduğunu söyləməyə əsas verir. Babazanlı küp qəbirləri şimal rayonlarından tapılan eyni tip qəbirlərdən də daha qədimdir. Böyüklər üçün olan qəbir küplərinin bəzilərinin dibinə yaxın hissədə kiçik deşiklər açılıb. Əksər küplərin baş hissəsi qismən yuxarıya doğru basdırılıb. Küplərin bəzilərinin ağız hissəsi iri küplərin qırıqları, digərləri içə çiy kərpijlə örtülüb. Nisbətən kök adamların küpə yerləşdirilməsi üçün onun ağız hissəsi xüsusi alətlər vasitəsilə sındırılıb və ölü yerləşdirildikdən sonra həmin hissə yerinə qoyulub. Ağzı çox kiçik olan küplərdə ölünün yerləşdirilməsi üçün küpün dib hissəsi sındırılıb. Bu halda skeletin ayağının küpün ağız hissəsinə doğru olduğu görünür. Küplərin baş tərəfində heyvan (qoç) kəllələri qoyulub. Qəbir küplərinin ağzına yaxın yerdə küpün üstünə qurşaqvari yapışdırılan lent onun möhkəmliyini təmin edir. Qəbir küplərinin bəzilərinin üzərindəki dini inanjlarla bağlı təsvirlər qədim türklərdəki şamançılıq adətini xatırladır və bu şər qüvvələrin qəbirdən uzaqlaşdırılması ilə bağlı ola bilər. Küplərin ağız hissəsinə yaxın yerdə tapılan kömür qalıqları pis ruhları qovmaqs. məqsədilə burada tonqal qalandığını söyləməyə əsas verir.

Yanlarındakı əşyalara əsasən Salyandan tapılmış qəbir küplərini iki dövrə bölmək olar. Qədim qəbir küplərinin yanına lüləli, sonrakıların yanına isə ağzı əyməli qablar qoyulub. Salyan rayonundakı qəbir küplərindən, əsasən, metal silahlar, möhürlər, munjuqlar, asmalar, sırğalar, üzüklər və s. tapılıb.

Salyanın yerləşdiyi təbii-coğrafi şərait hələ XVIII əsrdə Azərbaycanın işğalına xüsusi əhəmiyyət verən rus çarı I Pyotrun diqqətini cəlb etmişdi. Hətta I Pyotr Kür çayının mənsəbinə yaxın yerdə, indiki Salyan ərazisində rus qoşunlarının yerləşdirilməsi üçün qala tikilməsi və Peterburqa bərabər bir şəhərin salınması haqqında göstəriş də vermişdi. Buradan belə qənaətə gəlmək olur ki, Peterburq Rusiyanın şimala açılan pəncərəsi olduğu kimi, Salyan da Azərbaycanın cənubuna açılan qapısıdır.

I Pyotr Kürün mənsəbində şəhər saldıra bilmədi. 1723-cü il Peterburq müqaviləsinə əsasən ruslara tabe edilən Salyanda işğalçılara qarşı mübarizə başlandı və bu hərəkata Salyan sultanı Hüseynin qızı Fatma xanım rəhbərlik etdi. 1724-cü ildəki İstanbul müqaviləsinə əsasən də Salyan Rusiyanın tabeçiliyində qaldı. Bu dövrdə Salyanda bir neçə səhmdar cəmiyyət yaradıldı.

1736-cı ildə Nadir şah imperiyasının yarandığı dövrdə Salyan onun tərkibində olsa da, 1747-ci ildə Nadir şahın ölümündən sonra Salyanda da müstəqil xanlıq yarandı və onu əvvəlcə Səfərəli xan, daha sonra isə İbrahim xan Rübdarlı idarə edirdi. Salyan xanlığı 1756-cı ildə Quba xanlığından asılılığı qəbul etdi. 1796-cı ildə Salyan V.Zubovun rəhbərlik etdiyi rus qoşunları tərəfindən işğal olunduqdan sonra Kürün sol sahilində qala tikilməsi ideyası yenidən dirçəldi. Bu qalanın II Yekaterinanın şərəfinə Yekaterinapol adlandırılması təklif olundu. Lakin II Yekaterinanın ölümü ilə bu plan da yarımçıq qaldı.

Qeyd edək ki, Azərbaycan dünyanın qədim əkinçilik rayonlarından və insanların məskunlaşdığı ərazilərindən biridir. Ölkəmizin ümumi torpaq fondu 8641,5 min hektar təşkil edir ki, onun 4756,5 min hektarı və yaxud 55 faizi kənd təsərrüfatına yararlıdır. Ölkə ərazisi Zaqafqaziyanin şərq və qismən orta hissəsini tutur. Buraya Böyük Qafqaz sıra dağlarının şimali-şərq, cənub və cənuri-şərq hissəsi, cənubda isə Naxçıvan Muxtar Respublikası daxildir. Bu iki sıra dağların arasında Kür-Araz ovalığı yerləşib ki, bu ovalığının şərq sərhəddi də Allüvial boz torpaqlar isə Kür-Araz düzənliyində, eyni zamanda ölkənin digər düzənliklərində axan çayların və onların qollarının sahilləri boyunca yayılıb.

Yeri gəlmişkən, Saatlı rayonunun Muğan düzünün mərkəzində yerləşməsi, Araz çayının bol suyu bu ərazidə əhalinin məskunlaşmasına, əkinçilik, heyvandarlıq və quşçuluqla məşğul olmalarına əlverişli şərait yaradıb. Rayonun hazırkı Cəfərxan kəndində hələ XX əsrin əvvəllərində yaradılan təcrübə stansiyası (“Muğan-təcrübə meliorasiya stansiyası”) adını almış məntəqənin Muğan düzündə torpaqların şorlaşmasının qarşısının alınmasında, meliorasiya işlərinin elmi-nəzəri əsaslarla aparılmasında böyük rolu olub.

XX əsrin 50-ci illərindən sonra bu stansiyanın fəaliyyəti genişlənərək bölgədə əsl elmi bazaya çevrilib. Görkəmli tədqiqatçı alimlərimiz C.Ə.Əliyev, S.X.Hüseynzadə, V.P.Valabuyev və digərləri uzun illər həmin Cəfərxan Muğan-təcrübə meliorasiya stansiyasında səmərəli elmi tədqiqat işləri aparıblar.

Yeri gəlmişkən qeyd edək ki, Saatlı rayonunun iqtisadiyatı gün-gündən inkişaf edir. Saatlı «Biyan Məhsulları İstehsalı» MMC, «Saatlı Pambıq» ASC-nin pambıq emalı zavodu, «CTS-Aqro» MMC pambıq qəbulu və emalı zavodu, «Pambıq» kiçik müəssisəsi «Şamo» MMC, «Miri-Pak» STK və «Yeni texnologiya AAA» şirə emalı müəssisələri «Aqrolizinq» ASC-nin Saatlı «Aqroservis» filialı, Saatlı 2 min tonluq soyuducu kamerabununla yanaşı rayonda müxtəlif təyinatlı kənd təsərrüfatı məhsullarının istehsalı (heyvandarlıq, balıqçılıq, bağçılıq) ilə məşğul olan fermer təsərrüfatları, xırda istehsal (unun məmulatları, qənnadı məmulatları, quş əti, ağac emalı, plastik qapı-pəncərə və sair) və xidmət (tibbictimai iaşə xidmətləri) sahələri fəaliyyət göstərir.

 

Qələndər Xaçınçaylı

 

Azərbaycan Mətbuat Şurasının və Saatlı Rayon İcra Hakimiyyətinin «Muğanımız - tariximiz, sərvətimiz» mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur

 

Həftə içi.- 2016.- 20 may.- S.3.