“Gözəllik dünyanı xilas edəcək”
Rəfiqə Ramizqızı:
“Əgər rəssam rənglərin dilini bilmirsə və
onunla söhbət etmirsə, o, rəssam deyil”
Gənc rəssam
Rəfiqə Ramizqızı nəinki respublikamızda, hətta
beynəlxalq aləmdə də öz rəsm əsərləri
ilə geniş yer alıb. Yaşının az olmasına
baxmayaraq, onun yaratdığı hər bir əsər bir
tarixi hadisədən məlumat verir. Xatırladaq ki, Azərbaycan
Rəssamlar İttifaqının üzvü Rəfiqə
Ramizqızı Xəzər rayon şəhid Əhməd
Baxşıyev adına 38 saylı Texniki Yaradıcılıq
Mərkəzində fəaliyyət göstərir. Onun 100-dən
çox əsəri respublika və beynəlxalq sərgilərdə
yayımlanıb. Çoxlu sayda fəxri diplomlara layiq
görülüb.
Yeri gəlmişkən qeyd edək ki, tanınmış rəssamın bu yaxınlarda “Gözəllik dünyanı xilas edəcək” 7-ci fərdi sərgisi keçirilib. Onun sənət əsərləri, ayrı-ayrı tarixi şəxsiyyətlərin portretləri, eləcə də fantastik və düşündürücü əsərləri sərgiyə gələnlərin, xüsusilə də xarici qonaqların diqqətini çəkib. Eləcə də bu yaxınlarda respublikada keçirilən “İlin peşəkar gənc rəssamı” müsabiqəsində Rəfiqə Ramizqızı yaratdığı əsərləri ilə birinici yerə layiq görülərək, “Qızıl medal”la təltif edilib.
Tanınmış rəssam Rəfiqə Ramizqızı “Həftə içi”nə verdiyi müsahibəsində deyir ki, hər bir rəssamın özünün dəst-xətti, güclü fantaziyası olmalıdır.
- Sənət əsərinə baxanda bilinməlidir ki, bu əsəri hansı rəssam işləyib. Söz düşmüşkən qeyd edim ki, bu gün yaradıcılığımda “Qarabağ” mövzusu önəm daşıyır. Qarabağda gedən qanlı döyüşlərdən, eləcə də İkinci Qarabağ savaşında qəhrəmanlıq göstərən Milli Ordumuzun əsgərlərinin keçdiyi döyüş səhnələri, bir sıra Milli Qəhrəmanlarımızın portretləri yaradıcılığımda geniş yer alıb.
- Sizcə, rəssam necə olmalıdır, o, iş başına keçəndə hansı hissləri keçirir?
- Rəssam arzularla yaşamalıdır. Yəni, arzudan arzu doğur. Mənim elə əsərim var ki, 3-4 ildən çoxdur ki, yarımçıq qalıb, bu günə kimi həmin əsərləri tamamlaya bilməmişəm. Ona görə ki, arzudan arzu doğub, həmin əsərləri işləyəndə xəyalıma yeni fikirlər, bambaşqa mövzular, hadisələr gəlir. Yeni əsərlər özümdən asılı olmayaraq beynimdə yaranır və məni məcbur edir ki, təzə əsəri işlə, yarat. Mən də rəngli boyalarla həmin əsərləri yaradıram. Yeri gəlmişkən, deyim ki, rənglərin də dili var. Əgər rəssam rənglərin dilini bilmirsə, onunla söhbət eləmirsə, demək, o, rəssam deyil, onun çəkdiyi əsərlər də maraqsız olacaq, yəni, ictimaiyyətin diqqətini cəlb etməyəcək. Çünki təbii rənglər Tanrının üzüdür, mən də Tanrıma baxa-baxa həmin rənglərlə işləyirəm. Bir şeyi də diqqətinizə çatdırım ki, zaman dəyişir, hər şey yeniləşir, hətta insanların düşüncələri də. Amma elə sənət əsərləri yaratmalısan ki, o illərdən, zamandan asılı olmayaraq yeni olsun. Dünya əsərləri arasında dura bilsin.
- Yaranmış sənət əsərlərində bəzən bədbinlik və xoş ovqat olduğu duyulur. Bir peşəkar sənətçi kimi deyə bilərsinizmi, bu, nədən irəli gəlir?
- Əlbəttə, hər şey rəssamın əhval-ruhiyyəsindən asılıdır. Ona görə ki, rəssamın əhvalı xoş olanda, o, ən çox isti rənglərdən istifadə edir.
- Bəs, bu
gün hansı əsərlər üzərində işləyirsiniz?
- Bürclər əsərlərim artıq tamamlanıb. Sonuncu əl işim Əqrəb bürcüdür. Söz düşmüşkən deyim ki, artıq 8-ci sərgiyə hazırlaşıram.
Qələndər
Xaçınçaylı
Həftə içi.- 2016.- 26 may.-
S.4.