Sabah Ümumdünya Elm Günüdür
Dünyanın əksər ölkələrində
qeyd olunan bugünün məqsədi qlobal problemlərin həlli
üçün elmlə ictimaiyyətin birliyini təmin etməkdir
10 Noyabr Sülh və
İnkişaf Naminə Ümumdünya Elm Günüdür.
Qeyd edək ki, beynəlxalq səviyyədə elm
gününün qeyd olunması ideyası hələ ötən
əsrin ortalarında meydana çıxsa da, ilk dəfə
elm və sülh həftəsi 1986-cı ildə
keçirilib. Elm və sülh həftəsinin uğurlu
alınması isə təşkilatçıları bu ənənəni
davam etdirməyə sövq edir. Nəticə etibarilə
1988-ci ildə Beynəlxalq elm və sülh həftəsinin
keçirilməsi ilə əlaqədar BMT Baş
Assambleyası qətnamə qəbul olunub. O vaxt bu əlamətdar
hadisə 4-11 noyabr tarixlərinə təsadüf edib. Sülh
və inkişaf naminə Ümumdünya elm gününün
məhz noyabrın 10-da qeyd olunması tarixi bununla səciyyələnir.
İlk dəfə 1999-cu ildə Budapeştdə keçirilən
Ümumdünya Elm Konfransında bu haqda təşəbbüs
irəli sürülüb.
Təşəbbüsün müəllifləri fikirlərini belə əsaslandırıblar ki, “Sülh və İnkişaf naminə Ümumdünya Elm Gününün” təqvimə salınması qlobal problemlərin həlli üçün elmlə ictimaiyyətin birliyini təmin edəcək. Beləliklə, 2001-ci ildə YUNESKO-nun Baş konfransının 31-ci sessiyasında elm gününün qeyd olunması qərarı rəsmi şəkildə elan olunub və 2002-ci ildən etibarən dünyanın əksər ölkələrində keçirilir. Bu əlamətdar günün qeyd edilməsində əsas məqsəd beynəlxalq və milli səviyyədə elmin rolunu yüksəltmək, eləcə də elmi nəticələrin cəmiyyətin dinc və sabit inkişafına təsirini artırmaqdır.
Bu gün də YUNESKO təmsilçiləri bəyan edilmiş istiqamətlər üzrə öz fəaliyyətlərini gücləndirirlər. Sülh və İnkişaf naminə Ümumdünya Elm Günü münasibəti ilə orta və ali məktəblərdə seminarlar, müxtəlif səpkidə dəyirmi masalar və konfranslar təşkil olunur, tematik plakatlar və posterlər yayılır, eləcə də muzeylərdə xüsusi sərgilər keçirilir.
Yeri gəlmişkən, təxminən, bir ay öncə “Ümumdünya Elm Günü” münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) də “Elm aylığı”na start verilib. Bununla bağlı UNEC-də geniş tədbirlər planı təsdiq edilib. Plana uyğun olaraq, oktyabr ayının 10-dan etibarən silsilə tədbirlərin keçirilməsinə başlanılıb. Azərbaycanın tanınmış elm xadimləri və iqtisadçılarının da qatıldığı tədbirlərdə elmi seminarlar, dəyirmi masalar keçirilib, elmi müzakirələr və xüsusi diskussiyalar təşkil olunub.
“Elm aylığı”nda “Elmin insan inkişafında rolu”, “Elmi tədqiqatlarda İKT-nin rolu”, “Elm və təhsil vəhdətinin yeni dizaynı”, “UNEC-də elmi və pedoqoji kadrların hazırlığı məsələləri” və digər mövzuda müzakirələr aparılıb. UNEC-də “Elm aylığı” çərçivəsində fakültələrdə tematik dəyirmi masalar təşkil edilib, eyni zamanda iqtisadiyyat üzrə Nobel mükafatçıları haqqında silsilə məruzələr dinlənilib.
“Elm və təhsilin vəhdəti” mövzusunda TEDx beynəlxalq konfransının keçirilməsi də UNEC-də təşkil olunan “Elm aylığı”na daxil edilib.
“Ümumdünya Elm Günü” münasibətilə noyabr ayının 10-da keçiriləcək son toplantıda “Elm aylığı”na yekun vurulacaq və müvafiq komissiya tərəfindən qiymətləndirilən elmi məqalələr müsabiqəsinin qalibləri mükafatlandırılacaq.
Oktyabr ayının 17-də isə “Elm aylığı” çərçivəsində UNEC-in tədqiqatçı alimləri ilə yanaşı, ölkənin nüfuzlu alimlərinin, ekspertlərinin iştirakı ilə “İqtisadiyyat üzrə nobel mükafatçıları haqqında məruzələr”ə start verilib.
UNEC rektoru, professor Ədalət Muradov “Elm aylığı”nın əhəmiyyətindən danışıb. Bildirib ki, UNEC artıq uzun müddətdir ki, “Elm günləri”, “ Elm həftəsi”nə ev sahibliyi edir. “Elm aylığı”nın əsas məqsədi UNEC-də elmi fəaliyyətin cəlbediciliyini artırmaq, universitetin professor-müəllim heyətini, tələbələri elmi tədqiqat işlərinə stimullaşdırmaq, tədqiqatçı əməkdaşların potensialını üzə çıxarmaq, onları cəmiyyətə təqdim etməkdən ibarətdir.
Ə.Muradov universitetdə pedoqoji heyətlə tədqiqatçı alimləri bir-birindən ayırmağın vaxtının çatdığını, təqdiqat apara biləcək alimləri müəyyən etməyin vacib olduğunu xüsusi vurğulayıb.
UNEC rektoru deyilənləri reallığa çevirmək üçün görülən işlərdən və həyata keçiriləcək layihələrdən danışıb. Bildirib ki, nüfuzlu elmi jurnallarda məqaləsi çap edilən UNEC əməkdaşlarına artıq mükafatlar verilir. Tədqiqatçı alimləri bir araya gətirmək üçün “UNEC ekspert” jurnalı dərc edilir.
Bu arada Ümumdünya Elm Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və "Thomson Reuters" şirkəti "Web of Science” mükafatları - 2016"nı təqdim edib. Fondun mətbuat xidmətindən verilən məlumata görə, Elmin İnkişafı Fondu əməkdaşlıq etdiyi, dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı və mənbəyi olan "Thomson Reuters" şirkəti ilə birgə Azərbaycan elmi ictimaiyyəti üçün “Web of Science” mükafatları -2016"nı (Award Ceremony “Web of Science Awards – 2016” for Azerbaijani scientific community) təqdim edib. Mükafatçıların siyahısı təbiət elmləri, sosial və humanitar elmlər sahəsində elmi aparıcı axtarış platforması olan Web of Science bazası əsasında tərtib olunub. Analiz "Thomson Reuters" və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə əməkdaşlıq edən elmi tədqiqatlar və əqli mülkiyyət bölməsindən olan ekspertlər tərəfindən aparılıb. "Thomson Reuters" şirkəti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun "Elmin inkişafına görə" ən yüksək mükafatına Bakı Dövlət Universiteti və AMEA Fizika İnstitutu layiq görülüb.
"Web of Science” mükafatına layiq görülən Azərbaycanın nüfuzlu universitet və elmi-tədqiqat qurumları isə Milli Aviasiya Akademiyası, ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, AMEA Riyaziyyat və Mexanika İnstitutu, AMEA İnformasiya Texnologiyaları İnstitutu, AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, AMEA Neft-Kimya Prosesləri İnstitutu, AMEA İdarəetmə Sistemləri İnstitutu və AMEA Polimer Materialları İnstitutudur.
"Web of Science” mükafatına layiq görülən Azərbaycanın elmi jurnallarına gəlincə, bunlar Azerbaijan Journal of Mathematics (AMEA Riyaziyyat və Mexanika İnstitutu tərəfindən nəşr olunur), Khazar Journal of Humanities and Social Sciences (Xəzər Universiteti tərəfindən nəşr olunur), TWMS Journal of Pure and Applied Mathematics (Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu tərəfindən nəşr olunur) nəşrləridir. Bu jurnallar bir müddət əvvəl Web of Science referativ bazasına daxil olunmasına baxmayaraq, keyfiyyəti, ölkədə və xaricdə elmi mühakimə inkişafına təsirinə görə dünya elmi ictimaiyyətinin diqqətini cəlb edib. Mükafatlar, həmçinin “Web of Science” bazasında indeksləşdirilmiş, beynəlxalq jurnallarda dərc edilmiş və onlarla istinadlar edilmiş elmi əsərlərin müəlliflərinə təqdim edilib.
Mükafatlandırma mərasimindən sonra Bakıda Azərbaycanda nəşr olunan elmi jurnalların redaktorları üçün "Thomson Reuters" şirkətinin və Elmin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə elm və əqli mülkiyyət üzrə aparıcı mütəxəssisləri tərəfindən “Azərbaycanın elmi jurnalları – beynəlxalq səviyyəyə doğru irəliləyiş” mövzusunda seminar-təlim (Workshop “Azerbaijani scientific journals: progressing towards international levels”) keçirilib. Seminar-təlimdə uğurlu, müasir beynəlxalq səviyyəli elmi jurnalın formalaşdırılması, inkişaf etmiş ölkələrdə elmi nəşrlərin beynəlxalq səviyyədə tanıdılması, elmi əsərlərin keyfiyyətinin artırılması, elmi jurnalların və əsərlərin beynəlxalq referativ bazalarında istinadların maksimuma çatdırılması ilə bağlı diskussiyalar aparılıb. Bundan başqa, seminar-təlimdə inkişaf etməkdə olan ölkələrdə elmi jurnalların inkişaf tendensiyaları müzakirə olunub (məsələn, Open access, ORCID və CrossRef kimi), həmçinin, beynəlxalq verilənlər bazalarında işin optimallaşması ilə bağlı məlumat verilib (məsələn, "Web of Science" kimi). Belə seminar-təlimlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.
Sevinc
Bu yazı Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi əsasında
hazırlanıb.
Həftə içi.- 2016.- 9-10
noyabr.- S.3.