“Göz yaşların dalğalar”

 

Uşaqlıq illərindən həmişə kitablarla əhatə olunmuşam. Necə deyərlər, ömrümboyu kitabları özümə həmdəm seçmişəm. Vaxtilə atama və çox sonralar mənə avtoqrafla bağışlanan kitabları xüsusilə, şeirlər toplusunu oxumuşam. Belə qənaətə gəlmişəm ki, hər bir şairdən ürəyimdə əsil şer nümunəsi yaşayırsa, deməli, həmin qələm sahiblərinin poeziya dünyamızda parlaq yerləri var.

 

Son illər şeirlə bağlı tədbirlərdə böyük məmnuniyyətlə iştirak etmişəm. Ona görə ki, həmişə yaxşı şeirin, qəlbə təsir edəcək misranın axtarışında olmuşam. Bu mənada şair Murad Qoçuoğlunun “Bir az gecikəndə” adlı şeirlər kitabı da mənim üçün böyük maraq kəsb edirdi. Kitabın təqdimetmə mərasiminə məni Əməkdar bədən tərbiyəsi və idman xadimi, professor Cavanşir Qurbanov dəvət etmişdi. Tədbir “Cahan” İdman Klubu İctimai Birliyində keçirilirdi. Keçib dəyirmi masa arxasında yerimdə əyləşdim. İlk növbədə kitabın adı məni özünə çəkdi. Müəllif təqdimata toplunun adına uyğun olaraq bir az gecikirdi. Fürsətdən istifadə eləyib uzun illər yaxından tanıdığım, qələminə və insanlığına böyük hörmət bəslədiyim Səyyad Aranın kitaba yazdığı “Özünü axtaran adam” adlı maraqlı önsözünü, həmçinin toplunun redaktoru, dəyərli şairimiz Qəşəm Nəcəfzadənin “Redaktordan” başlığı altında “Ardı gələn dəfə və ya dünyanın ilk günü” məqaləsini oxudum. Kitab haqqında yazılan hər iki yazı və ələlxüsus, 78-ci səhifədəki “Var” şeiri məndə belə bir əminlik yaratdı ki, müəllif bir şair kimi sözünü deyə bilib:

 

“Söz deyib, söz eşitməyin,

Qaydası var, təhəri var.

Ömrümüzdən ötən günün,

Sevinci var, kədəri var”.

 

Qeyd etmək lazımdır ki, haqqında söhbət açdığımız kitab Murad Qoçuoğlunun oxucularla ilk təması, birinci görüşüdür. Təqdimatda söylədiyim fikirləri “Var” şeirinin ətrafında qurdum. Bu baxımdan “Var” ifadəsinə şairin insanlara bir müraciəti kimi dəyər verdim:

 

“Söz dedinsə, ol ağası,

Sözdən qaçmaq, üz qarası,

Gözümüzün qadağası

İlahidən çəpəri var”.

 

Sətirlərdə müqəddəs söz anlamını önə çəkən Murad Qoçuoğlu sözə bağlılığını, sözü işlədib arxasında dayanmağı ustalıqla verə bilib. Onun sözə belə incəliklə yanaşması şair həssaslığından irəli gəlir. Muradı həyatda yaşadan başlıca amil sözün ucalığı, əsil sözə qırılmaz tellərlə bağlılığı, ən əsası sözə böyük ehtiram göstərməsidir. Fikrimizin davamı olaraq onun “Söz” şeiri dediklərimizi təsdiq edir:

 

“Sözdən abır saxlayana,

Haqqı sözlə haqlayana,

Hər mətləbi anlayana

Arxadır söz, dayaqdır söz”.

 

Muradın kitabda həyat verdiyi “Ola-ola” şeiri müəllifin ürək çırpıntılarını göstərir:

 

“Yad ellərə meyl saldıq,

El-elatlar ola-ola.

Ehtiyaca boyun əydik,

Varidatlar ola-ola”.

 

Şair duyğularını dilə gətirir. Bu çağırış şairin vətəndaşlığından xəbər verir. Füsunkar, tayı-bərabəri olmayan Qəbələ, Şahdağ, Şəki və başqa məkanlar, dünyada analoqu olmayan Göygölümüz ola-ola yad ellərə meyl salmaq şairi düşüncələrə qərq edir. Bu yerdə əlbəttə, mən özüm də müəlliflə həmfikir oluram. Onun iç dünyasından gələn məqamlarla razılaşıram.

“Mən dünyanı neynirəm” şeirini oxuyanda insanın qəlbində nikbinlik, lirik psixoloji anlar yaranır. Şairin ömür-gün yoldaşına həsr etdiyi şeirdə işlətdiyi dərin məna, sətirlərin gücü oxucu olaraq məni də heyrətə gətirdi. İyirmi dörd misradan ibarət olan bu şeir parçası şairin fəlsəfi aləmini açıb göstərir:

 

“Mən dənizi neynirəm?

Gözlərində dəniz var.

Kirpiklərin sahilim,

Göz yaşların dalğalar”.

 

İndiyə kimi oxuduğum görkəmli şairlərin şeirlərində məni həyəcanlandıran, ürəyimi tərpədən misralar çox az olub. Böyük fərəhlə, cəsarətlə, məhəbbətlə Murad Qoçuoğlunun “Mən dünyanı neynirəm” adlı şeirindən yuxarıda qeyd etdiyim bu dörd sətiri dediyim azların siyahısına salıram, əzbər olaraq yaddaşıma əbədilik həkk edirəm və özümə mənəvi qazanc bilirəm. İnsan varlı, dövlətli, imkanlı ola bilər. Əgər onun söz qazancı, söz ehtiyatı yoxdursa, deməli həyatda bir gün də yaşamayıb.

Şeirlərində insanlara ülvi duyğular, incə, zərif hisslər bəxş edən, ürəyimizdən xəbər verən həzin, düşündürücü şeirlər müəllifi olan Murad Qoçuoğluya yeni şeirlər kitabının işıq üzü görməsini arzulayır, buna mənəvi ehtiyac duyuram. Murad Qoçuoğlunun “Bir az gecikəndə” adlı şeirlər kitabı haqqındakı bu məqaləni xeyli müddət idi ki, yazmışdım. Gec də olsa, indi çapa verirəm. Amma məncə, yaxşı yaradıcılıq nümunələri haqqında zamandan asılı olmayaraq, həmişə söz demək, fikir bildirmək imkanı olur. Fikrimi Murada müraciətlə yazdığım yarızarafat, yarıgerçək misralarla bitirirəm:

 

“Bir az gecikəndə, Murad, şeir yaz,

Görüşə kecikdin, qızlar edir naz,

Şeirindən duyuram, mən incə avaz

Bu yazım gecikdi, deyəsən bir az”.

 

Müşfiq CABİROĞLU,

Prezident təqaüdçüsü,

Yazıçılar və Jurnalistlər birliklərinin üzvü

 

Həftə içi.- 2016.- 7 sentyabr.- S.4.