Allahın qonaqları
III hissə
...Həramül-Məscidi
yenidən ziyarətə getdim. İnsan
izdihamı elə böyük idi ki, ayaqlar altında yer titrəyirdi.
Hamı tələsirdi – Kəbəni bir də
görmək, təvaf edib arzu-diləklərini Allaha
çatdırmaq, dualar edib özünü mənəvi yükdən
qurtarmaq istəyirdi. Mən də insan
selinin axarında üzərək özümü arzular-arzusu
olan Kəbənin intəhasız müqəddəsliyi ilə
göylərə ucalan divarlarına çatdırdım.
İkiəlli divardan yapışıb ürəyimdən
keçənləri dilədim, hələ uşaqlıqdan
görüb-üzləşdiyim haqsızlıqlara, ədalətsizliklərə
cavab istədim.
Allahla
göz-gözə ünsiyyətdə olmaq nə qədər
xoş imiş... Kəbə ətrafında bəndələrin
izdihamında axsam da, məni böyük səbirlə,
gözlərimin düz içinə baxaraq dinləyirdi
Yaradanım. Cavab vermədən, yorulmadan, elə məhəbbətlə
dinləyirdi ki...
Yüksək xidmət...
Kəbəni ziyarətdən sonra yenidən Həramül-Məscidin
Səfa və Mərva ayinləri icra olunan guşəsinə
gəlib, sütunlardan birinin dibindəcə oturub, ətrafı
seyr elədim.
Qeyri-ixtiyari ötən il Həcc ziyarəti
ilə bağlı yazılanlar yadıma düşdü. Axı guya Həcc zamanı təmizlik məsələlərinə
fikir verilmədiyi deyilirdi. Mərmər
döşəmənin üstü güzgü kimi
parlayırdı. Yerdə necə deyərlər,
bir kibrit çöpü belə gözə dəymirdi.
Təsadüfən nəsə düşsə
də, əlüstü təmizlik işçiləri
götürürdülər.
Yeri gəlmişkən, məsciddən 500 metr aralıda
da eyni mənzərə idi – zəvvar izdihamı harada ki namaz
qıla bilərdi, hamısını eyni cür təmizləyirdilər. Bundan əlavə,
məscidin yaxınlığındakı meydanlarda iri,
narın su buxarı üfürən ventilyatorlar
quraşdırılmışdı. Qısası,
zəvvarların rahatlığı üçün lazım
olan hər şey edilmişdi.
Həyatın bir hissəsi namaz
Şəhərdə bir maraqlı hadisə də diqqətimi
çəkdi.
Burada azan verildiyi an birmənalı olaraq
insanlar işlərini dayandırır. Azan oxunan an dükanlar bağlanır, satıcı da, alıcı
da elə oradaca namaz qılmağa başlayır. Yəni namaz insanların həyatının su və
hava kimi ayrılmaz hissəsidir.
Səhəri gün artıq
yır-yığışımızı edib, Ərafat
dağına aparılacağımız anı gözləyirdik. Bir az gec çəkdi, nəhayət
ki, 30-dək çoxtutumlu müasir avtobusdan ibarət karvan
bizi Məkkədəki “Casablanca Hotel”dən
götürüb, Həcc prosesinin ən vacib halqası
sayılan Ərafat dağına - zəvvarlar
üçün salınmış çadır-şəhərciyinə
istiqamətləndi.
Ərafat – Allahla birbaşa təmas
Ərafata çatanda hava qaralsa da, günəş sanki
torpaqdan heyf çıxırdı – istidən nəfəs
almaq olmurdu. Termometrlər müsbət 38 dərəcəni
göstərirdi. Demək ki, gündüzlər
burada gün yeri-yurdu yaxıb-yandırır. Amma təbiətin amansız davranışına rəğmən,
Səudiyyə hökuməti zəvvarların
rahatlığı üçün imkan daxilində tədbirlər
görmüşdü. Məsələn,
bizim qalacağımız düşərgə şahlara layiq
təmin olunmuşdu. Çılpaq
dağların qoynunda salınmış düşərgəmizdə
nəhəng çadırlar sıralanmışdı ki,
hamısnın içinə döşəmələr
döşənmiş, yatacaqlar düzəldilmiş, təzə
- qutusundan çıxarılmamış mələfə-filan
qoyulmuşdu. Ən əsası isə bu
idi ki, hər bir çadırda 12 iri kondisioner
çalışırdı deyə, içəridə
payız havası duyulurdu.
Ümumiyyətlə, düşərgəmizin həyətində
ayaq basıb, toza bulamağa torpaq yox idi – hər yerə sanki
çəmənliyi xatırladan yaşılrəngli
döşəmə döşənmişdi. Düşərgənin
yuxarı başında çox iri çadır-məscid, lap
ortasında isə eyni cür böyük restoranımız
vardı. Restorandan söz
düşmüşkən, 24 saat fasiləsiz olaraq bizi saya gəlməyən
yemək çeşidlərinə, salatlara, şirniyyat və
meyvələrə qonaq edirdilər. Havaların ifrat isti
keçdiyini nəzərə alan hökumət
biz zəvvarlar üçün gecə-gündüz fəaliyyətdə
olan, buz kimi içəcəklər, çay və kofe, bu
bölgənin əvəzsiz içkisi sayılan məkkəgülü
(karkadi) dəmləməsi təqdim edən barlar
açmışdı. Əlbəttə, hər şey də
müftə...
Hacı olmağın Ərafat şərti
Ərafat dağının İslamda və Həccdə
özünəməxsus yeri var. Hətta deyilir ki, burada səslənən
dualar Kəbədə edilən dualardan daha tez eşidilir Allah
dərgahında. Çünki Ərafatda yerlə-göyün arası Həcc
zamanı açıq olur və bəndələrlə
Yaradan arasında birbaşa ünsiyyət qurulur...
Ümumiyyətlə, Ərafat nədir? Ərafat Məkkənin
cənub-şərqində yerləşən, Qurban Bayramı
günü hacıların toplaşdığı
dağdır. Rəvayətə görə,
Cənnətdən qovulan Adəmlə-Həvva məhz
Ərafatda görüşüblər. Görüş
günü “Ərəfə”, yeri isə Ərafat adlandı.
Peyğəmbər salavatullah Ərəfə
günü məhz bu dağda – Nəbit təpəsində
mübarək xütbəsini oxuyub. Bu
gün bura Cəbəlür-rahmə adlanır.
Peyğəmbər salavatullah buyurub ki, Ərafat
dağı bütünlüklə müqəddəsdir, eləcə
də Mina vadisi qurban kəsiləcək yerdir.
Peyğəmbər salavatullah buyurub ki, Allah Ərəfə
günü Ərafatda namaz qılıb, dua edənlərdən
razı qalır. Ümumiyyətlə, Ərəfə günü
Ərafatda olmayan kimsə hacı ola bilməz.
Yolumuz Minayadır
Bu yerdə haşiyəyə çıxaraq qeyd eləmək
istəyirəm ki, orada eşitdiklərimə görə,
dünyanın hər yerindən normal qaydada Həcc ziyarətinə
gələn zəvvarlar üçün də qalınacaq
şərait xeyli yaxşılaşdırılıb. Məsələn, əvvəllər
həcc prosesini həyata keçirmək məqsədilə
bir neçə günlük Ərafat dağında, eləcə
də Minada qalan zəvvarlar üçün içində
kondinsionerlər çalışan çadır şəhərcikləri,
Məkkə şəhərindən başlayaraq Ərafat və
Minanı əhatə edən, həcc prosesinin keçirildiyi
on kilometrlərlə məsafədə ən müasir yol-nəqliyyat-yaşayış
və xidmət infrastrukturu yaradılıb. Bu quru səhranın
heç bir yerində sususluq yaşamaq kimi problem qalmayıb –
müxtəlif məsafələrdə yol kənarlarında
içməli su krantları quraşdırılıb və
sair...
Ərafatda cəmi iki gün qaldıq. Çünki
biz başqa bir vacib ayini – şeytanıdaşlama prosesini də
icra eləməliydik. Ona görə də
axşamçağı yenidən bizi avtobuslara oturdub Minaya
istiqamətləndilər.
Mən Həccin əzəmətini indi gördüm. Bu nədir, sanki Ərafatdan
Minaya bəyaz sulu böyük bir çay
axırdı. Rəsmi rəqəmlərə əsasən
5 milyondan artıq (bir çoxları Həcc prosesində yerli
insanlarla birrlikdə 8 milyon zəvvarın iştirak elədiyini
deyirdi), bəyaz ihrama bürünmüş zəvvar
bürkülü gecənin qaranlığında kilometrlərlə
yolu piyada yürüməkdəydi.
Xidmətdə inkişaf
Avtobusda
yanımda oturan, Türkiyədən gəlmiş zəvvar Rəmzi
Yeddiqardaş dedi ki. Artıq 11-ci dəfədir Həcc ziyarətinə
gəlir, hər dəfə də zəvvarların
rahatlığı üçün nəsə yeni bir iş
görüldüyünün şahidi olur. “Mən
ilk dəfə bura 1983-cü ildə - 35 yaşımdaykən
gəlmişdim. O vaxt rahatlıqdan-rifahdan əsər-əlamət
yox idi, insanlar Arafatdan Minayadək yolu payi-piyada gedərdi.
Ən pisi isə o idi ki, zəvvarlar üçün bu uzun
yolda nə bir bulaq, nə ayaqyolu vardı, yol
çantalarında götürülən su isə ifrat istidə
od kimi qızdığı
üçün çox vaxt içməyə
yaramırdı. İndi isə, maşallah, nələr
edilməyib, addımbaşı su krantları, ayaqyolular, bu
azmış kimi adamlara havayı yemək-içmək də
paylanır. Bu şəraiti yaradanlara minnətdar
olmaq lazımdır” deyən R.Yeddiqardaş əlavə etdi
ki, zaman-zaman həcc ayinlərində yaşanan bədbəxt
hadisələr ya təsadüfidir, ya da kimlərinsə təxribatı.
Bildirdi ki, Minada daşatma ayini zamanı tikilən əzəmətli
binanı, orda həyata keçirilən təhlükəsizlik
tədbirlərini gördükdə dediklərinin şahidi
olacağıq...
Şeytandaşlama
Minaya gecə saatlarında çatdıq. Əvvəlcə
çadır düşərgəsinin ətrafında,
şeytandaşlama prosesini icra eləmək üçün
lazımi sayda xırda daş topladıq. Bir
qədər dincələndən sonra bizim üçün
ayrılmış xüsusi düşərgədəki
çadırlarımıza gəldik.
Düşərgədə
səliqə ilə düzülmüş
çadırların hər biri iyirmi nəfərlik idi: yerə
kovralit döşənib, iki cərgə rahat və yumşaq,
yığılan yataqlar düzülüb, üstlərinə
də mələfə-filan qoyulmuşdu ki, rahat yataq. Iri soyuducu sistem də ki, 24 saat fasiləsiz
çalışaraq biz zəvvarları istidən yanmağa
qoymurdu. Beləcə, namaz qılıb,
birtəhər gecəni keçirdik. Çünki
hamı səhərki günü – şeytana dağ
atacağı anı gözləyirdi. Axır ki, gözlədiyimiz
an yetişdi, bələdçi bizi təlimləndirib
şeytandaşlama yerinə apardı.
Bura o yerdir ki, zaman-zaman basırıqlar olar,
ölüm-itim baş verərdi. O cümlədən, ötənilki
qırğınlar da burada baş vermişdi. Amma
on minlərlə insanın iki istiqamətdən
axışdığı, 4 qatlı möhtəşəm
binaya yaxınlaşdıqca burada insanların bir-birini
tapdayıb əzdiyinə inana bilmədim. Çox
geniş, sanki nəhəng meydana oxşayırdı binaya girən
tunellər.
Yeri gəlmişkən,
yolboyu istidən adam yanıb-yaxılsa da,
tunellərdə sərin, hətta bəziləri
üçün soyuq idi. Nəhəng vintelyatorlar elə
püskürürdü ki, bədəndəki təri belə
qurudurdu...
Təsəvvür
edin: 5 milyondan artıq zəvvar iki istiqamətdən rahat
sürətlə tunelə - şeytanları əks etdirən
guşələrə doğru irəliləyirdi. Xoşbəxtlikdən
insan selinin hərəkətində hər hansı axsama hiss
olunmurdu. Kişi-qadın, hətta əlil
arabalarında aparılan qoca və xəstələr belə
rahatlıqla arzuların doğru gedirdilər.
İlk gün “Böyük şeytan”a 7 daş atmaqla
kifayətləndik. Çünki həccin qaydaları belə
tələb edirdi. Daşları atıb
düşərgəmizə qayıtdıqda həcc təşkilatçılarından
qurbanlıqlarımızın kəsildiyini eşidib çox
sevindik. Bu, əslində Qurban
bayramının başladığını göstərirdi.
Yeri gəlmişkən,
bu müqəddəs bayramı məhz Qurbanın ilk kəsildiyi
yerdə qeyd eləmək əvəzedilməz xoşbəxtlik
idi bizim üçün...
Minada
qaldığımız iki gün ərzində daşatma
yerinə 3 dəfə getdik və 49 daş ataraq, həccin tələblərini
yerinə yetirib, gecə saat 2 radələrində yenidən Məkkədəki
otelimizə qayıtdıq.
Kəbə ilə
son görüş
Bu bizim İslam dünyasının mərkəzi sayılan Məkkədə keçirdiyimiz son gecə olsa da, bəxtəvər idik. Çünki hər bir müsəlmanın arzusunda olduğu ilahi eşqi biz neçə gün ərzində çox daddıq. Doymasaq da, vaxtımız dar idi – getməliydik. Beləcə, bizim üçün ayrılmış avtobuslarla son dəfə Haramül Məscidə - Kəbənin ziyarətinə yollandıq. İçimizi son dəfə evinə gedib, qonağı olduğumuz Allaha açdıq. Bağışlanmağımızı arzulayıb, dualar etdik. Ürəyimiz yanğılı, gözümüz yaşlı Kəbə ilə vidalaşdıq və elə o gecənin işıqlaşan saatlarında – sübh namazından dərhal sonra şəhərlər anası sayılan, dünyanın ekzotik baxımdan ən gözəl şəhərlərindən biri, eləcə də müsəlmanların ən çox rahat olub, ruhən dincəldiyi Mədinəyə doğru yola düşdük...
Vüsal
Tağıbəyli
Bakı-Məkkə-Bakı
Həftə içi.- 2016.- 17-19
sentyabr.- S.4.