Genderlə bağlı yeni layihə

 

Azərbaycanda konkret şəxslər dövlət qurumları çərçivəsində gender bərabərliyinin təmin olunmasına nəzarət edəcək

 

Dövlət qurumlarında gender bərabərliyinin həyata keçirilməsi ilə bağlı əlaqələndirici şəxslərin hüquq və vəzifələrini özündə əks etdirən sənədin layihəsi Nazirlər Kabinetinə təqdim olunub. Bu barədə APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiyaanalitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məlumat verib.

Onun sözlərinə görə, sənədin layihəsində qeyd olunub ki, əlaqələndirici şəxslərin vəzifələri dövlət qurumları çərçivəsində gender bərabərliyinin təmin edilməsinə nəzarət olacaq: “Əlaqələndirici şəxslər həm çalışdıqları dövlət qurumunun daxilində, həm də dövlət qurumları ilə vətəndaşları arasında gender bərabərliyinə nəzarət etməlidirlər. Əlaqələndirici şəxslər xüsusilə gender bərabərliyi ilə bağlı vətəndaşların müraciətlərinə baxılmasında iştirak edəcək, qadın hüquqları ilə bağlı müraciətlərə da baxacaqlar. Bütün dövlət qurumlarında əlaqələndirici şəxslərin olması nəzərdə tutulub. Əlaqələndirici şəxslər dövlət qurumlarında çalışan əməkdaşlardan seçiləcək. Eyni zamanda, onlara əlavə əməkhaqqı veriləcək. Qeyd edim ki, sənəd BMT-nin standartlarına uyğun hazırlanıb və ölkədə qadın hüquqlarının qorunmasına kömək edəcək”.

Şöbə müdiri əlavə edib ki, əlaqələndirici şəxslər biri rəhbər, digəri icraçı səviyyəsində olmaqla gender bərabərliyi, habelə qadın hüquqlarını qoruyacaqlar: “Əlaqələndirici şəxslər bir növ həm də İşçi Qrupu kimi fəaliyyət göstərəcəklər və ildə 2-3 dəfə yığılıb, komitədə görüş keçirəcəklər. Bildiyiniz kimi, cəmiyyətdə, dövlət qurumlarında gender bərabərliyi ilə bağlı həyata keçirilən işlərlə bağlı Nazirlər Kabinetinə illik hesabat təqdim olunur. Əlaqələndirici şəxslərin fəaliyyəti dövlət qurumlarının işini asanlaşdıracaq”.

E.Səfərov qeyd edib ki, sənədin layihəsində gender bərabərliyi ilə bağlı problemlərin həlli yolları da göstərilib.

Yeri gəlmişkən qeyd edək ki, gender bərabərliyi müasir dövrdə demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunmasının əsas prioritetlərindən birini təşkil edir. Təsadüfi deyil ki, Azərbaycan hökuməti də ölkədə gender bərabərliyinin təmin olunmasına xüsusi diqqət yetirir. Belə ki, dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasında qadın hüquqlarının qorunması üzrə çox mühüm addımlar atılaraq, müvafiq qərarlar qəbul olunub. İlk olaraq, Azərbaycan bütün mühüm beynəlxalq sənədlərə, o cümlədən, 1992-ci ildə BMT-nin “Qadınların siyasi hüquqları”, 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” üzrə Konvensiyasına, 2000-ci ildə isə onun Əlavə Protokoluna qoşulub. Bundan başqa, məhz mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə gender siyasətinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. 2006-cı il fevralın 6-dan isə bu qurum Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adlanır. 2000-ci ilin martında ölkə prezidenti tərəfindən “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi” haqqında fərman imzalanıb. Bu sənəd bütün dövlət strukturlarında qadın və kişilər arasında bərabərliyin təmin olunması, müvafiq dövlət proqramlarının hazırlanması ilə qaçqın və məcburi köçkün qadınların işlə təmin olunması, gender nöqteyi-nəzərindən qanunvericiliyə yenidən baxılmasını nəzərdə tutur. 2000-ci ilin iyun ayında Nazirlər Kabineti “Azərbaycan Respublikasında qadın məsələləri üzrə 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul edib. Bu proqram milli prioritetləri nəzərə alaraq, Pekin Strategiyası əsasında hazırlanıb. Proqram siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil və səhiyyə sahələrini, eləcə də, qaçqın və məcburi köçkün qadınların problemlərini əhatə edir.

Məsələyə münasibət bildirən "Təmiz Dünya" ictimai birliyinin rəhbəri Mehriban Zeynalova da bizimlə söhbətində bildirib ki, Azərbaycanda gender bərabərliyində müəyyən problemlər olsa da, müsbət işlər az deyil. Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə bu istiqamətdə ciddi irəliləyiş hiss olunur: "Artıq biz bir neçə ildir ki, ölkəmizdə gender bərabərliyinin təmin olunması ilə bağlı müsbət dəyişikliklər müşahidə edirik. Belə ki, icra başçılarının müavinləri vəzifələrinə qadınlar gətirilib, ötən il keçirilən parlament seçkilərində qadınlar deputatların sayı artıb və s. Lakin bununla yanaşı, vəzifədə olan məmur qadınların sayının gündən-günə artmasına baxmayaraq, ölkəmizdə qadınların hüquq və azadlıqlarının təmini məsələsində problemlər hələ də qalmaqdadır. Bu gün ölkəmizdə bir tərəfdən qadınlar Milli Məclisdə, dövlət qurumlarında ali kürsüdə əyləşirlərsə, digər tərəfdən qadınlara qarşı zorakılıq, onların təhsildən yayındırılması, məcburi nikaha cəlb edilməsi kimi hallar da mövcuddur».

M.Zeynalova həmçinin deyib ki, Azərbaycanda ayrı-ayrı sahələr üzrə gender balansının pozulmasında mentalitetinrolu var. Onun sözlərinə görə, peşə seçimi zamanı valideynlər övladlarına psixoloji cəhətdən təsir etdiklərindən ayrı-ayrı sahələr üzrə gender balansı pozulur: «Məsələn, biz bu gün təhsil, səhiyyə sektorunda çalışanlar arasında xanımların üstünlük təşkil etdiyini görürük. Hüquq-mühafizə, təhlükəsizlik, hərbi sahələrdə isə bunun əksini müşahidə edirik. Yəni, bu sahələrdə kişilər çoxluq təşkil edirlər. Təbii ki, bunun da başlıca səbəbi milli mentalitetdən irəli gəlir. Çünki qız övladı olan valideynlər hətta uşaq vaxtından onlara deyirlər ki, sən ya həkim, ya müəllim olmalısan. Oğlanlara isə ya prokuror, ya da polis olmalısan kimi tələb qoyulur. Yəni, bu artıq onların beyinlərinə həkk olunub. Ona görə uşaqlara peşə seçimi zamanı sərbəstlik verilməlidir».

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən gender məsələləri üzrə ekspert Rafiq Təhməzov da Azərbaycan hökuməti tərəfindən gender bərabərliyinin təmin olunması istiqamətində ciddi addımların atıldığını bildirib. Onun sözlərinə görə, son 10 ildə ölkədə qadın kişilər arasında bərabərliyin təmin olunması yönündə atılan addımlar müsbət qiymətləndirilə bilər: «Bu gün gender problemi gender bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində aktual problemlər sırasında durur. Bu, ilk növbədə iqtisadi sosial sahədə gender bərabərsizliyi amilinin insan resurslarının keyfiyyətinin pisləşməsindən irəli gəlir. Belə ki, problemin ciddi xarakter alması sosial-iqtisadi tərəqqiyə mane olur, insan kapitalının inkişafında mövcud sistemin səmərəliliyini aşağı salır nəhayət, cəmiyyətdə sosial ədalətsizliyin dərinləşməsinə gətirib çıxarır. Bu baxımdan insan hüquq azadlıqları beynəlxalq hüququn fundamental prinsiplərinin təsiri əsasında müasir dövlətlərin əksəriyyətinin qanunlarında təsbit olunub. Demək olar ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra insan hüquq azadlıqlarının müdafiəsi sahəsində, o cümlədən, qadınların hüquqlarının təmin edilməsində, cinsi ayrı-seçkiliyə son qoyulmasında, məişət zorakılığı ilə mü¬barizədə bö¬yük nailiyyətlərə imza atılıb».

Ekspert həmçinin vurğulayıb ki, son illər dövlət idarəçiliyində qadınlarla kişilərin bərabərliyinin təmin olunması istiqamətində müvafiq addımlar atılıb. Onun fikrincə, hələlik bu sahədə gender bərabərliyini təmin etmək mümkün olmasa da, atılan addımları təqdirəlayiq hesab etmək olar: «Azərbaycanda gender bərabərliyinin təmin olunması üçün kifayət qədər qanunvericilik bazası mövcuddur. Amma cəmiyyət mövcud bazaya adekvat deyil. Məsələn, Azərbaycanda hər 5 ildən bir parlament bələdiyyə seçkiləri keçirilir. Biz istəyirik ki, bu sahədə qadınların iştirakı daha da artsın. Tutaq ki, qadın bələdiyyə sədrlərinin sayının artmasını vacib bilirik. Amma cəmiyyət tam olaraq buna hazır deyil. Yəni, cəmiyyət mövcud qanunvericilik bazasına adekvat olmadıqca, biz bu bərabərliyi tam şəkildə təmin edə bilməyəcəyik. Güman edirik ki, dövlət qurumlarında gender bərabərliyinin həyata keçirilməsi ilə bağlı əlaqələndirici şəxslərin fəaliyyətə başlaması bu istiqamətdəki boşluqları aradan qaldırmağa təkan verəcək».

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına

Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb

 

Həftə içi.- 2016.- 8 yanvar.- S.6.