“Mən şöhrət üçün
döyüşmürəm”...
“...6 yanvar 1994-cü il. Horadizdəyik.
Rotamızın hamısı bir yerdədir.
Səngər qazırıq. Saat 12:20-də
başlanan əks-hücum dəf olundu...
07.01.94. Güclü atışmadan sonra
düşmən qüvvələri qaçırlar. Horadizdən
sonra 4 kənd keçdik.
Amma sonra birini geri qayıtdıq...
08.01. 94. Kəşfiyyata
getdik. Sığınacaq üçün
boş ev tapıb gecələdik.
Səhər hissəmiz mövqeyini
möhkəmlətdi...”.
Bunlar şəhid Milli Qəhrəmanlarımızdan birinin gündəliyindəki son sətirlərdir. Görünür, şəhid olduğu günə qədərki 5 sutka ərzində ermənilərlə döyüş daha da gərginləşdiyindən, rəhmətlik gündəliyini davam etdirə bilməyib. Həlak olmasından, təxminən, bir ay öncə həmin gündəliyi mən də vərəqləmişdim...
“Uzaqdakı Kirs dağına baxanda
gözləri yaşardı...”
Onun xoş sorağını uşaqlıqdan eşidirdim. Qonşu Unannovu kəndindən idi. Amma orta məktəbi bizim kənddə - Laçın rayonunun Ağanus kəndində bitirmişdi. Erkən yaşlarından ata-anasını itirib nənəsinin himayəsində ağır şəraitdə böyüdüyünü, hələ Laçında ikən ermənilərə qarşı savaşlarda igidlik göstərdiyini bilirdim. Həmin gün isə birinci dəfə idi ki, onunla belə yaxından söhbət edirdik. Birinci və təəssüf ki, sonuncu dəfə...
1993-cü il 12 dekabr. Erməni hərbi birləşmələri
ilə döyüşlərin ən qızğın
vaxtı. Füzuli rayonunun
Böyük Bəhmənli kəndi.
Bakıdan Laçın Polis Şöbəsinin
rəisi (hazırda Laçın Rayon İcra Hakimiyyətinin
başçısı) Akif Səlimovla
birgə gəlmişdim. Polislərimiz kənddəki evlərin
birində yerləşmişdilər. Rəis məni
döyüşçülərə təqdim etdi. Tanıdıqlarımdan öncə
yaxınlaşıb boynumu qucaqlayan
İsrafil oldu. Doğma kənddəki günləri
xatırladı. Sevimli müəllimləri
olmuş ata-anamı soruşdu.
Uzaqda Şuşa, Laçın tərəfdə
görünən Kirs dağının
zirvəsinə baxanda gözləri
yaşardı. Axşam kerosin
lampası işığında sonradan
şəhid olmuş həmkəndlim Mehman Mərdanovla və digər
döyüşçülərlə birgə çörək
kəsdik.Yenə Laçından, el-obamızdan uzun-uzun danışdıq. İsrafil öz cəbhə
gündəliyini göstərdi. Amma bir hissəsini itirdiyindən, təəssüfünü
ifadə etdi. Nə qədər təkid
etdimsə, müsahibəyə, haqqında məqalə yazmağa razı olmadı. Dedi
ki, tanınmaq, şöhrətlənmək
üçün döyüşmür,
zabit olsa da, özünü
buradakı sıravi döyüşçülərdən biri hesab edir.
Bu dərəcədə sadə, təvazökar
insan idi İsrafil... Halbuki, onun göstərdiyi igidliklər artıq
1988-ci ildən bu yana
Laçın, Şuşa, Qubadlı
camaatına bəlli idi...
Salatının qisasını alacağına
and içdi və...
1989-cu ilin avqustunda
Laçının Qayğı
qəsəbəsi ərazisindən
Şuşanın erməni
quldurlarının yuvasına
dönmüş Kirov kəndinə
keçmək istəyən
iki yaraqlının yaxalanması məhz İsrafilin rəşadəti
sayəsində baş
tutmuşdu. 1991-ci ildə
cəsur jurnalist Salatın Əsgərova qətlə yetirildikdən
sonra onun qisasını alacağına
and içən İsrafil
qardaşı Rəsulla
birlikdə 12 erməni
quldurunu öldürmüşdü. Həmin ilin mayında isə Qaladərəsi və
Kirov kəndlərinin erməni
quldurlarından təmizlənməsində
fəal iştirak etmişdi. Bütün bu igidliklərinə
görə Laçında
ilk dəfə İsrafil
Şahverdiyev Sultanbəy
mükafatına layiq görülmüşdü. Laçının işğalı günü- mayın 18-də
İsrafil təkbaşına
rayon mərkəzinə girmiş,
düşmən qüvvələri
haqqında məlumat toplayaraq geri qayıtmışdı. 1992-ci ilin yay-payız aylarında Kəlbəcər
istiqamətində kəndlərimizin
geri alınmasında,
Hoçaz yüksəkliyinin
fəthi və müdafiəsində, yüksək
rütbəli erməni
zabitlərinin ələ
keçirilməsində və
s. göstərdiyi şücaətlər
saysız-hesabsızdır...
Cəbhə xəttində qəhrəmanla
söhbətləşdiyim həmin gecə saat 3-4 radələrində
həyəcan siqnalı
verildi. Və İsrafil başda
olmaqla bir qrup polis ön xəttə göndərildi.
Onlarla getməyə cəhd etsəm də, icazə vermədilər.
Ertəsi gün qərargah
rəisi Çingiz Abbasovla birgə Laçın polislərinin
düşmənlə üzbəüz
dayandığı səngərlərdə
olduq. Ancaq İsrafil və
Mehmanla bir daha görüşə bilmədim. Bakıya çatanda məlumat
aldım ki, Laçın polisi, o cümlədən İsrafil
Şahverdiyevin rotası
düşməni ağır
itkilərə məruz
qoyub. Ancaq polislərimizdən də bir neçəsi
şəhid olmuşdu.
Respublika
prezidenti Heydər Əliyevin fərmanı ilə bir qrup
Laçın polisi “Azərbaycan bayrağı”
ordeni ilə təltif olundu. Həmin günlər göz yaşları içində
qəhrəman polislərimizə,
o cümlədən İsrafilə
həsr etdiyim “Azərbaycanlılar vuruşmağı
bacarır” başlıqlı
yazı yazdım.
Bir ay keçməmiş yenə
də bir neçə polisimizin, o cümlədən Mehmanın,
ardınca isə İsrafilin də şəhid olması barədə xəbərlər
bizi daha çox sarsıtdı.
Son döyüşündə
“geriyə yol yoxdur” əmrini vermişdi...
1994-cü
il yanvarında
ordumuzun uğurlu məşhur Horadiz əməliyyatından sonra
ermənilər əks-hücumlarını
genişləndirirdilər. Yanvarın
13-də İsrafilin rotası
Horadiz-Cəbrayıl istiqamətində
düşmənin növbəti
hücumunu dəf edirdi. Cəsur komandir “geriyə yol yoxdur” əmrini
vermişdi... Atəş
od kimi
yağırdı. Birdən İsrafil
yaxınlığındakı pulemyotçumuzun yaralandığını
gördü. Fədakar zabit
əsgərini xilas etmək istəyərkən
özü ağır
qəlpə yarası
aldı və bu etibarsız dünyaya gözlərini yumdu.
Qardaşı Rəsul tez-tez o vaxt çalışdığım
redaksiyaya gəlirdi. İsrafilə şəksiz-şübhəsiz layiq olduğu Milli Qəhrəman adının verilməsi bəzi rüşvətxor
məmurların ucbatından
müşkülə dönmüşdü.
Rəhmətlik çox
yanırdı bu haqsızlığa... Nəhayət, 15 yanvar 1995-ci ildə respublika prezidentinin fərmanıyla İsrafil
Şahverdiyevə Milli
Qəhrəman adı
verildi. Amma qardaşı Rəsulu
müharibənin ağrı-acısı,
Qarabağ, Laçın
həsrəti, bir yandan da qardaş
itkisindən sonra bürokrat, rüşvətxor
məmurların qapılarında
keçirdiyi əsəb
sarsıntıları yaşamağa
qoymadı. 1995-ci il martın 23-də daha bir Qarabağ
qazisi ürək partlamasından həlak oldu. Onu da xatırladım
ki, Rəsul da qorxmaz döyüşçülərdən
idi. 1992-ci il mayın 17-də kəndimizi müdafiə etməyə cəhd edən 4-5 nəfər arasında Rəsul da bizimlə bərabər idi... Hazırda o da qardaşı İsrafillə bəarabər
II Şəhidlər Xiyabanında
uyuyur. Allah rəhmət
eləsin!
Bir neçə il
sonra tale Şahverdiyevlər
ailəsinə daha bir zərbə vurdu. İsrafilin qızı Səadət də ali
məktəbin sonuncu kursunda buraxılış
imtahanından çıxarkən
ürək tutmasından
vəfat etdi.
Oxuduğu məktəbə onun
adı verildi...
1997-ci ildə müvəqqəti
olaraq Bərdə şəhərində yerləşən
Ağanus kənd orta məktəbinin direktoru Ağayar İsmayılovun təşəbbüsü
ilə həmin məktəbə Milli Qəhrəman İsrafil Şahverdiyevin adı verildi.. İsrafil hər
cür ada, tərifə layiq idi. Hərdən Qarabağda döyüşmüş
bəzi şəxslərin
şöhrət, ad-san, gələcəkdə
vəzifə qazanmaq üçün çalışdıqlarını
söyləyirlər. Ancaq İsrafil haqqında heç kəs cəsarət edib belə fikir söyləyə bilməz.
O, əsl qəhrəman
idi; sadə, təvazökar, qorxmaz, fədakar, heç kəsin çörəyinə
göz dikməyən,
əksinə, döyüş
yoldaşlarının xatırladığı
kimi, cəbhədə
ərzağın qıt
vaxtlarında çörəyi
hamıya bölüb
qardaşı Rəsulla
özünə saxlamamağı
bacaran bir insan idi...
Bu gün
Milli qəhrəmanın ocağına
ömür-gün yoldaşı
Hökumə xanımın
didərginlik illərinin
çətinliklərinə baxmayaraq böyütdüyü
iki yadigarı, Şahverdiyevlər nəslinin
davamçıları Vüqar
və Anar keşik çəkir. Anar Polis Akademiyasını bitirib.
Və atasının yolunu davam etdirir. Hazırda Su Nəqliyyatında Polis İdarəsində
çalışır. Milli qəhrəmanın oğlu ilə görüşmək üçün
vədələşsək də, təəssüf ki, “Günəşli” yatağında həlak olmuş neftçilərin
meyitlərinin axtarışı
üzrə komissiyanın
üzvü kimi gərgin iş qrafikinə görə görüşümüz baş
tutmadı...
Müəllimi xatırlayır: “İsrafil
3 gün
ac-susuz erməniləri izləyirmiş...”
1961-2011-ci illərdə Laçın rayonu Ağanus kənd orta məktəbinə rəhbərlik etmiş əməkdar müəllim Ağayar İsmayılov belə şagirdləri olduğunu qürur hissi ilə dilə gətirərək İsrafil və Rəsulun uşaqlıq illərini belə xatırlayır:”Körpə yaşlarından hər iki valideynlərini itirmişdilər. Nənələri Sayadın himayəsi altında böyüyürdülər. Uşaqlıq illərindən gördükləri əzab-əziyyət, çətinlik onları iradəli, mətin yetişdirmişdi. Doğulduqları Unannovu kəndi Ağanusdan 7-8 km məsafədə yerləşirdi. Təsəvvür edin ki, adi buğda çörəyinin tapılmadığı o ağır vaxtlarda atasız-anasız, yarıac-yarıtox böyüyən İsrafillə Rəsul hər gün –qışın qar-çovğununda, şaxta-sazağında belə, həmin məsafəni qət edib məktəbə gəlir, üstəlik, yaxşı oxuyurdular. Məktəbimiz o illərdə mümkün qədər onlara geyim, məktəb ləvazimatı ilə yardım göstərirdi. Bütün bu çətinliklərə rəğmən hər iki qardaş böyüyüb həyatda öz yerlərini tapdılar. İsrafil də, Rəsul da hüquq-mühafizə orqanlarının peşəkar əməkdaşı kimi yetişdilər. Və bu da özünü ilk növbədə 1988-ci ildən bəri erməni təcavüzünə qarşı aparılan mübarizədə göstərdi. Sonuncu dəfə İsrafillə təxminən 1989-cu ilin avqustunda erməni kəndindən gələn cığırda rastlaşdıq. Çiynindəki silah, kəmərində 2-3 qumbara var idi. Dedi ki, Kirov və Qaladərəsi kəndlərinə erməni quldurlarının gələcəyi barədə məlumat almışıq, üçüncü gündü ki, kol-kosda gizlənərək həmin əraziləri müşahidə edirəm. Çantasındakı ərzaq da qurtarmışdı. Ac idi, evə dəvət etdim. Çörək kəsdik, ermənilərin ciddi –cəhdlə torpaqlarımızı zəbt etmək planlarından danışdı. Ona bir müəllim, ağsaqqal kimi ehtiyatlı olmağı, özünü qorumağı tövsiyə etdim. Lakin İsrafil bütün təhlükələrə baxmayaraq düşmənə qarşı mübarizədə əlindən gələni edəcəyini söylədi... Bir neçə gün sonra eşitdik ki, İsrafil və Rəsulun fəal iştirakıyla Ağanus və Unannovu kəndləri yaxınlığında ermənilərin yaşadığı qonşu Kirov kəndinə keçmək istəyən iki silahlı erməni qulduru ələ keçirilib. Yaraqlılarla gərgin atışmada güllə onun papağını da deşmişdi...İsrafil sonrakı odlu-alovlu savaşlarda da və nəhayət, şəhidliyi ilə vədinə əməl etdiyini təsdiqlədi...”
“Kaş
hamı öz tikəsini başqasına
verməyi bacaraydı...”
Yazımızı keçmiş Laçın polis taborunun qərargah rəisi, istefada olan polis mayoru Çingiz Abbasovun tanınmış yazar Mehdi Mehdiyevin Milli Qəhrəman İsrafil Şahverdiyevə həsr etdiyi “Bir ömrün hekayəti” kitabçasında dərc olunmuş xatirəsindən bu günümüz üçün aktual olan bir parça ilə bitiririk. Öncə 1992-ci ilin sentyabrında Laçının Hoçaz yüksəkliyi uğrunda gedən döyüşlərdən bəhs edən Qarabağ qazisi yazır:”...Yaxşı xatırlayıram. Ərzağımız da qurtarmışdı. Aclıq bizi taqətdən salırdı. Rəsul iki çörək kömbəsi gətirdi. Təklif etdim ki, biri İsrafilin, o biri isə Oqtayın rotasına verilsin. Çörək kömbələrini elə iki qardaş özü bölməli oldu. Bu zaman İsrafil elə bildi ki, Rəsul ona, Rəsul da elə bildi ki, İsrafil ona çörək saxlayacaq. Artıq gec idi... Çörək paylanıb qurtarmışdı. Hər iki qardaş bir-birinin üzünə baxdı... Bu mənzərəni görəndə gözlərim yaşardı və ürəyimdən keçirdim ki, kaş, hamı bu qardaşlar kimi olaydı, öz tikəsini başqasına verməyi bacaraydı...”
Sultan Laçın
Həftə içi.- 2016.- 14
yanvar.- S.4.