Qanlı Yanvarın canlı şahidləri
O müdhiş gündən
artıq 26 il ötür. Ancaq hələ də 1990-cı ilin
yanvar günlərində Azərbaycan paytaxtında və
bölgələrdə baş verən ziddiyyətli
olayların, törədilmiş qətliamın üzərindən
sirr pərdəsi götürülmür. Sualın
arxasından sual çıxır… Niyə? Kim? Nə
üçün?.. Yenə ümidimiz qalır hadisə
şahidlərinə… Budəfəki həmsöhbətlərimizdən
biri paytaxtdakı, digəri isə bölgələrdən
birindəki olayların şahidi kimi çıxış
edir.
Tahir Cəfərli - BDU-nun müəllimi,
siyasi analitik:
“Qətliam
ərəfəsində Bakıda hadisələr 1990-cı il
yanvarın 13-də o vaxtkı “Lenin meydanında” Əbülfəz
Elçibəy tərəfindən "Bir erməni
Bayılda Azərbaycan milisini balta ilə
öldürdü" cümləsi deyiləndən sonra daha
da qızışdı. Xüsusi agentlər erməniləri
döyməyə və bəzi hallarda qətlə yetirməyə
başladılar. Erməniləri bir-bir evlərindən
çıxarıb döydürənlərə
başçılıq Vəkil adlı universitet müəllimi
edirdi. Bunu öz gözlərimlə
gördüm. Maraqlısı o idi ki,
Bakı şəhər milisi bu işlərə
qarışmırdı. Bunun səbəbi
sonradan məlum oldu. Sən demə, Moskvadan gələn
xüsusi dəstə Bakı milisini və “KQB”sini “erməni
poqromu”na qarışmağa qoymurmuşlar.
Kremldəkilər öz agentləri vasitəsi
ilə Bakıda yaşayan ermənilərin
qırğınını törətmək istəyirdilər
ki, qoşunları Bakıya yeritməyə bəhanə
tapsınlar. Ümumiyyətlə,
Bakıda axıdılacaq qanın təməlini AXC-nin Lenin
meydanındakı mitinqində qoydular. Nəzərə
alsaq ki, Naxçıvanda və Astarada sərhəddin
dağıdılması da sovet ordusunun Azərbaycana girməsinə
bəhanə yaradan oyun idi, 12 yanvar da bu oyunun davamı idi.
Çünki ortaya düşüb erməniləri
Bakıdan qovduranlara Moskvadan gəlmiş ağaları rəhbərlik
edirdi. Azərbaycan DTK-nın keçmiş rəhbəri
Vaqif Hüseynov özünün “Bir ömürdən
çox" əsərində 20 Yanvarı törədən
qoşunun Bakıya və başqa regionlara girməsini Kremlin
yaratdığı AXC və “KQB”nin agentləri vasitəsilə
həyata keçirdiyini bildirir. Nəticədə
günahsız qanlar axıdıldı. 20
Yanvarı törədənlər milli azadlıqdan
danışmırdılar.
Qoşunlar şəhərə girməmişdən əvvəl
AXC liderləri bizim tələbələri “Salyan kazarması”
deyilən sovet hərbi hissəsinin qarşısına
yığmışdılar. Biz - bir neçə müəllim
ora getdik. Qapının ağzında hərbi
hissənin rəhbərlərindən olan bir polkovnik bizə
yaxınlaşdı. Sən demə, onun
qızı da bizim universitetin tələbəsi imiş.
O, bizə dedi ki, uşaqları buradan dağıdın, əmr
verilsə, tankın altında qalacaqlar. Biz
tanıdığımız tələbələri
çağırıb müraciət etdik. Bu dəm tələbələri
“Salyanski”nin qabağını tərk etməməyə
təhrik edən bir dəstə cavan hətta
üstümüzə də cumaraq bizə müqavimət
göstərməyə çalışdılar. Ancaq tələbələrimiz onları qovdular və
durduqları yerdən dağılışdılar. Bəlkə buna görə qətliamda bir universitet
tələbəsi həlak olmadı. Saat
8-9 olardı. Evdə idim. Əvvəl televizor söndü. Küçəyə atıldım. Tanklar
Yasamaldan, üzüşəhərə hərəkət
edirdilər. Biz çörək zavodu ilə
üzbəüz həyətdə yaşayırdıq. Tanklar, “BTR”lər enişi enəndə bizim tərəfə
pulemyot sırası buraxdılar. Xoşbəxtlikdən
heç birimizə güllə dəymədi. Amma “Salyan kazarması” tərəfdə isə
onların atdıqları xalqa dəymişdi, həm də
tanklar minik maşınlarının üstündən
keçməklə içindəkiləri əzmişdi.
20 Yanvar mənim fikrimcə, “KQB”nin Azərbaycandakı agentləri
ilə Kremlin oyunu idi ki, SSRİ-nin bütün
xalqlarını qorxutsun...”.
Vaqif Əlisoy - AXC Cəbrayıl
şöbəsinin keçmiş sədri, Əsirlərin və
Girovların Dəyişdirilməsi üzrə Respublika Komitəsinin
Cəbrayıl şöbəsinin sabiq sədri, orta məktəb
müəllimi.
Vaqif bəy Yanvar olaylarına görə həbs edilib, xəbərsiz-ətərsiz
Rusiya zindanlarına aparılmış və oralarda minbir əziyyət
və işgəncələrə məruz qalmış 700-ə
yaxın azərbaycanlıdan biridir. Onun danışdıqlarının
yalnız əsas məqamlarını nəzərinizə
çatdırırıq:
“1990-cı il yanvarın 16-da SSRİ Ali Soveti Rəyasət
Heyətinin qərarı ilə Dağlıq Qarabağ və ətraf
rayonlarda komendant saatının elan edilməsindən sonra əhali
arasında çaşqınlıq hökm sürürdü. Cəbrayıl
rayonu həm İran, həm də Dağlıq
Qarabağın Hadrut rayonunun 14 kəndi ilə həmsərhəd
idi. Bu erməni kəndləri həm Ermənistanda,
həm də Hadrutda yerləşən sərhəd
qoşunlarının komandanlığından maddi və mənəvi
dəstək alırdı. Demək olar ki,
hər gün Ermənistandan vertolyotlar vasitəsilə silah və
yaraqlılar daşınırdı. Cəbrayıl
əhalisinin əlindəki ov tüfəngləri, məktəblərdəki
təlim silahları
yığışdırılmış, təpədən
dırnağa qədər silahlanmış erməni-rus hərbçiləri
qarşısında əliyalın qalmışdı. Həmin dövrdə sərhədlərimizi qeyrətli
cəbrayıllılar, əsasən də AXC üzvləri
qoruyurdu.
Yanvarın 14-də və 16-da Cəbrayıl Rayon Pois
İdarəsinin ovaxtkı rəisi rəhmətlik Rəşid
Məmmədov və digər fəallarla birgə sovet ordusunun
Cəbrayılda və İranla sərhəddə təxribat
törətmək cəhdlərinin qarşısını ala
bildik. Yanvarın 19-da əsas işimiz ermənilərlə
sərhəd kəndlərdə və İranla sərhəd
məntəqələrində vəziyyətlə maraqlanmaq
oldu. Ermənilərlə sərhəddə
ara-sıra atışmalar olsa da, ruslar tərəfdən
heç bir hərəkət yox idi. Belə
sakitlik heç də yaxşi bir şey vəd etmirdi. Bu narahatlığı AXC mərkəzi qərargahından
verilən telefonoqramma daha da artırdı. Məlumat verildi ki, axşam saat 8-də AXC-nin xalqa
müraciəti olacaq. Dərhal yerli radio ilə
əhalini məlumatlandırdıq. Sərhədlərə
diqqəti daha da artırdıq. Həmin vaxt Qarabağda Şuşa televiziyası da fəaliyyət
göstərirdi. Kanala qeyrətli jurnalist, mərhum
Vidadi Bağırov rəhbərlik edirdi (onunla sonra
Novoçerkassk həbsxanasında görüşdük).
Az bir vaxtda Qarabağ camaatının
hörmətini qazanmışdı. Evlərdə
televizor olduğu halda əhali AXC-nın RİK-nin binasında
yerləşən qərargahı qarşısındakı
Azadlıq meydanına toplaşırdı.
Hər yerdə olduğu kimi, bizdə də cəbhə
rayon camaatının ümid yeri idi. Əhalinin
çoxluğunu nəzərə alıb televizoru
meydandakı tribunaya qoyduq. Saat 19-da
bütün kanallarda veriliş dayandırıldı. Hamı narahat oldu. Dərhal
teleqüllə ilə əlaqə saxladıq. Artıq gecədən xeyli keçmişdi. Xəbər verdilər ki, teleqüllənin rəisi
Akif (Allah rəhmət eləsin) telefonda gözləyir,
özü də çox həyəcanlıdır.
Telefonu göturüb Akifin səsini eşidirəm:
- Əlisoy, dəhsətdir, dəhşət. Bakıda qan
su yerinə axır. Şuşadan Vidadi 5 dəqiqə
sonra efirdə olacaq. Dediyinə görə, ruslar Şuşa teleqülləsinə hücuma
hazırlaşır. Şuşa camaatı onların
qarşısını alır ki, Vidadi efirə çıxa
bilsin... Sakitcə televizorun düyməsini
basıram. Vidadi həyəcanla, tələsik
danışır:
- Əzizlərim, vaxt yoxdur. Ruslar teleqüllənin
həyətindədir. Efiri dayandırmaq
istəyirlər. Artiq qapını
sındırmağa çalışırlar. Bir qədər əvvəl sovet ordusu Bakıya
dörd istiqamətdən hücum edib. Şəhərdə
qan su yerinə axır. Televiziyanın
enerji bloku partladılıb. Ölənlərin
sayı yüzlərlədir. Artıq
ruslar qapını sındırıb içəri daxil
olmağa calışır. Budur,
qapını sındırdılar. Efiri
dayandırıram. Ehtiyatlı olun.
Yasasın,
Azərbaycan! – Vidadi bunu deyib qurtaran kimi ekranda veriliş
dayandı…
İndi meydandakı vəziyyəti gözlərinizin
qarşısına gətirin. Sözlə ifadə
etmək çətindir. Birdən kimsə
“Azadlıq” radiosunu dinləməyi məsləhət
gördu. Hardansa "VEF” radiosu gətirdilər.
Mirzə Xəzər ağlaya-ağlaya Bakı
dəhşətindən danışırdı. Rəhmətlik Elmira xanım və Mehdi Mehdiyev də
danışdı. Ustad Bəxtiyar Vahabzadənin ürək
dağlayan çıxışı və müraciəti
meydanı lərzəyə gətirdi... Minlərlə adam səhəri meydanda qarşıladı...
20 yanvar
1990-cı il. Cəbrayıl.
Azadlıq meydanı. Saat 14:00. Mitinq davam edir. Mitinqi mən
aparıram. Minlərlə partiya bileti
meydana atıldı. Mitinqdə tələb
edildi ki, birinci katib Əli Rzayev başda olmaqla, bütün vəzifəli
adamlar biletlərini təhvil versinlər. Tələb
yerinə yetirildi. İkinci tələb rayon partiya komitəsinin
buraxılması oldu…
Bundan sonra xalqın tələblərinin yerinə
yetirilməsi uğrunda apardığı mübarizə digər
fəallar kimi Vaqif bəyi də işğalçı hərbçilərin
diqqət mərkəzinə gətirir.
“...Fevral
ayının 2-sində axşama yaxın qaynım Nizami xəbər
gətirdi ki, ruslar həm anamgilə, həm də bizə
getmiş, təslim olmayacağım halda onları həbs edəcəklərini
bildirmişdilər.
Buna görə də məndən əvvəl
tutulmuş fəalların azad edilməsi şərtilə təslim
olmaq qərarına gəldim. 8 saat ərzində bizi mənasız
sorğu-sual etdilər… Elə bu vaxt "Vremya”
xəbərlər proqramı başladı. İlk xəbərlər Azərbaycandan idi. Qulaqlarıma inanmadım. Birdən
aparıcı: – Bu gün (fevralın 3-də) AXC-nin Cəbrayıl
RŞ-nin sədri Vaqif Əlisoy başda olmaqla, üç
ekstremist həbs edilmiş və onlardan 7 ədəd avtomat
“Kalaşnikov” müsadirə edilmisdir, – dedi.
Aparıcının bu sözlərindən sonra həmin
avtomatları göstərməyə başladılar. Donub
qalmışdım. Qəflətən özümdən
asılı olmayaraq rusca ürəyimdən keçənlərin
hamısını dedım. Polis rəisi Rəşid Məmmədov
içəri girib Yelovskinin üstünə cumdu…
Bizi, məndən başqa Oktay, Xanış və Mamedi
də stadionda dayanmış 3 vertolyotdan birinə mindirdilər. İki
saatlıq uçuşdan sonra vertolyot yerə endi. Sonradan məlum oldu ki, bura Tiflisdir. Bizi həbsxana maşınında bir təcridxanaya gətirdilər.
Və həbsxana nəzarətçilərinə
dedilər ki, guya çox təhlükəli adamıq. Gürcü nəzarətçiləri isə bizim
cinayətkardan daha çox, ziyalıya
oxşadığımızı dedilər. Sonra bizi gətirənlər lüt
soyunmağımızı əmr etdilər. Gürcülər etiraz etdikdə, ruslar harasa zəng
vurub telefonu gürcü zabitə verdilər. Nə
danışdılarsa, ruslara nifrətlə baxıb
soyunmağımızı tələb etdilər…
Burada öyrəndik ki, Ağdamdan hərəkat fəallarından
Camal Əhmədov adlı bir nəfər də
saxlanılır. Bizi 7 saylı kameraya saldılar.
Orada SSRİ kriminal aləminin məşhur simalarından olan
Quram adlı "vor v zakone” yatırdı. Bizi gətirən
gürcü zabit dedi: “Siz bütün ittifaq boyu gəzdiriləcəksiniz.
Sizin "statya”nız (maddə) da yoxdur. Sizi heç kəs tapa bilməz. Çünki heç bir yerdə qeydiyyata alınmayacaqsınız.
Sizi bura gətirənlər Sovet Ordusunun əks-kəşfiyyat
idarəsinin zabitləridir…
Bakılı
“oğru Bəxtiyarla” dost olan Quramla tanış
olduq. O, bizi dinləyib dedi:
- Bir
neçə saatdır burdasız. Sizdən də,
Bakıda baş verənlərdən də xəbərimiz
var. Sizi bura gətirmələrini də mən
tapşırmışam. Mənim 65
yaşım var. Hər yerdə də oturmuşam. Sizə bir kağız verəcəyəm. Hara düşsəniz "smotrasiyaya” verərsiniz.
Sizinkilərlə çox çörək kəsmişəm,
Bəxtiyar kimi oğulu tanımışam…
Bizi
Tiflisdən Novoçerkasska aparanda Camal Əhmədovla tanış olduq. 1991-94-cü illərdə
Azərbaycan Silahlı Qüvvələrində batalyon
komandiri, qarnizon hərbi komendantı, hərbi polis şöbəsinin
rəisi vəzifəsində çalışıb. Digər azərbaycanlı yoldaşlar kimi Camal bəyi
də ləyaqətli, mübariz bir insan kimi tanıdıq.
Sonradan onu və şuşalı jurnalist Vudadi
Bağırovu bizdən ayırdılar. Həbsxanada
bizə ağır işgəncələr verirdilər.
Orada adamı rezin torbaya salırlar. Dəyənəklə o qədər vururlar ki, torba
şişir və qəflətən açırlar.
Allah göstərməsin, bu vaxt adam
çox böyük zərbə ilə atılır. Bundan əlavə, ayaq və əl
dırnaqlarını çəkməklə, məngənə
arasında sıxmaqla adamlara işgəncə verirdilər.
Məsələn, bir həftə ərzində
mənim əl- qolumu bağlayaraq, 18 sağlam dişimi adi kəlbətinlə
çəkdilər, burnumu sındırdılar, mədəmi
partlatdılar. Eyni cəzaları Mamedə
və Xanışa da verdilər. Səhhətinə
və ürəyindəki problemlərə görə Mameddən
çox narahat idik. Mamed ürək xəstəliyindən
yox, həbsxanada ona verilən ağır işgəncələrin
yaratdığı fəsadların nəticəsində
sonralar vəfat etdi…
Fevralın 25-də səhər tezdən bizi Rostov
yaxınlığında yerləşən Şaxta şəhərindəki
DTK-nın təcridxanasına apardılar. Bura yeraltı təcridxana
imiş… Pisixi xəstəxanalardan da xəbərim
vardı. Amma bura tamam başqa bir aləm
idi. Yatdığımız kamerada bir
müddət sonra qəribə səslər gəldi.
Ardınca canımda titrətmə başladı… Musiqi isə beynimizə işləyirdi. Adama elə gəlirdi ki, kamerada 50 dərəcəyə
yaxın şaxta var. Birdən Xanış ayağa
durmağımızı təklif etdi. Onun
hərəkətlərini təkrar etdiyimizi istədi. İdman hərəkətləri ilə bədənimizi
qızışdırmağa başladıq. Təzəcə özümüzə gəlmişdik
ki, kameranın nəfəsliyi açıldı. –
Yoldaş ekstremistlər, necəsiniz, ürəyiniz nə istəyir,
bir şikayətiniz yoxdur ki? – deyə nəzarətçi
soruşdu və gülə-gülə geri qayıtdı. Bir saat keçdi. Bu dəfə
başqa ritmli musiqi səsləndi. Təssəvvür
edin ki, bir azdan kamerada 50 dərəcə istilik atmosferi
yarandı. Əynimizdəki paltarları
bir-bir soyunmağa başladıq. İstidən
bağrımız partlayırdı. Susuzluqdan
yanırdıq. Dilimizi divara
yapışdırıb susuzluğu yatırmağa
çalışırdıq. Yenə nəzarətçi
eyni sözləri təkrar edib, bizi ələ salırdı.
Bütün bunlar iki gün ərzində hər
gün səhər, günorta və axşam davam etdi. Sonralar yazıq Mamed deyirdi ki, ay qağa, sizi bilmirdim,
amma o musiqilər bir gün də davam etsəydi, mən dəli
olacaqdım. Amma mən bu gün də həmin
müəmmanı aça bilməmişəm. Təhlükəsizlik
orqanında işləyən dostlarım da bu sirri aça
bilmədilər…
Martın 1-də gecə saat 3-də bizi Tiflisə məşhur
Metex qalasına gətirdilər. Gətirilən
dustaqları ayrı-ayrı bokslara saldılar. Bu təkadamlıq bokslarda ancaq ayaq üstə durmaq
mümkun idi. Neçə saat idi ki, bu vəziyyətdə
idik. Artıq ayaq üstə dura bilmirdim.
Orada halım çox pisləşib. Mamedgil həkimin köməyi ilə məni zorla
özümə gətiriblər. 2 gün
də Metexdə 52 saylı kamerada qaldıqdan sonra bizi 30 nəfər
mülki erməni ilə birgə vertolyota mindirib Xankəndinə
gətirdilər. Orada bizi komendant Safonofla
görüşdürdükdən sonra Ağdama yolladılar.
Bu minvalla doğma Cəbrayıla gəlib çıxdıq…
Amma mübarizə, qanlı günlər hələ qabaqda
idi…”.
Sultan Laçın
Həftə içi.-
2016.- 20-21 yanvar.- S.4.