“Azərbaycanda hər kəs mənim
dostumdur”
Prayono Atiyanto: “Ən böyük
istəyim İndoneziya və Azərbaycan prezidentlərinin
qarşılıqlı səfərlərini təşkil eləmək
idi...”
Bilmirəm necə başlayım,
çox əziz bir insanla vida müsahibəsini yazmaq çətindir...
Azərbaycana təyinat aldığı ilk gündən biz
jurnalistlərə həm səfirliyin, həm də evinin
qapılarını açan, səmimi, alicənab, mehriban
dost olan bu insanı bir daha görə bilməyəcəyimə
çox üzülürəm. Söhbət
İndoneziyanın Azərbaycandakı səlahiyyət müddəti
başa çatmış səfiri Prayono Atiyantodan gedir.
O,
sonuncu müsahibəmizin səfirlikdə deyil, İçərişəhərdə
yerləşən, milli mədəniyyətimizi əks etdirən
restoranlardan birində olmasını istədi. Səbəbini
soruşdum: dedi ilk söhbətimiz İndoneziya milli təamlarını
dadmaqla başlamışdı, Azərbaycanın təndir
çörəyinin ətri ilə də başa
çatsın və söhbətini beləcə davam
etdirdi...
-
Bura çox məşhurdur. Hətta deyərdim ki, Azərbaycana
gələn diplomatların hər biri məhz bura gəlir.
Burada isti təndir çörəyi verilir süfrəyə,
məhz burada görüşməyimizin səbəbi də elə
budur. Bura darısqaldır, amma Azərbaycanın milli mədəniyyətini
özündə əxz etdirir.
- Siz bütün jurnalistlərlə
əksər vaxtlarda beləcə, süfrə arxasında
söhbət eləməyə üstünlük verirsiniz. Bu,
səfir olaraq sizin taktikanızdır, yoxsa milli adətinizin
göstəricisi?
-
Bilirsiniz, süfrə arxasında söhbət edəndə həm
rahat, həm də səmimi oluruq. İndoneziya səfirinin
evində süfrədə əsasən bizim milli mətbəximizin
təamları olurdu ki, bu da bir növ İndoneziya yeməklərinin
təbliğatı deməkdir. Vacib olanı mühitdir. Əgər
mühit yaxşı olarsa, söhbət də səmimi
keçər.
- Son müsahibəmizdə
xanımınız niyə iştirak eləmədi?
- Səhhətində problem vardı, biz gələndə həkimə getməyə hazırlaşırdı...
- Soruşmaq
ağır olsa da, nə vaxt gedirsiniz Azərbaycandan?
- Az qalıb, yanvarın 31-də Bakıdan ayrılacağam.
- Deyəsən,
artıq yerinizə gələcək səfir də
seçilib...
- Bəli, o, artıq prezidentimiz tərəfindən də qəbul edilib. Qalır Bakıya gəlməsi. Güman ki, gələn ay Azərbaycanda fəaliyyətə başlayacaq.
- Amma mətbuatımız
sizin simanızda əziz dostundan ayrılacaq. Bu rəğbət
hər səfirə bəslənmir, hansı ki, siz ilk gündən
qazandınız...
- Mənim üçün siz jurnalistlər iş dostlarımsınız. Biz jurnalistlərin vasitəsilə ölkəmiz, xalqımız haqda məlumatlar yayırıq.
- Bu günlərdə
mən İŞİD-lə bağlı yazdığım
böyük bir məqalədə göstərmişdim ki,
müsəlmanlar arasında bu terror təşkilatına ən
çox etinasız yanaşan millət indoneziyalılardır.
Amma aradan bir-iki gün keçməmiş
İndoneziyada terror aktı törədildi. Nə baş verdi: sizi gözə gətirdik,
yoxsa fikirlərimdə yanlışlıq olub?
- Yox, niyə
ki, İŞİD-in sıralarında indoneziyalılar da var. Təxminən
500-700 nəfər olduğunu güman edirik onların. İndoneziyada müasir İslam təbliğ edilir.
Bu isə o deməkdir ki, sərt qaydalar qoymuruq.
Bütün hallarda dialoqa üstünlük
veririk və bu yolla uğur qazana bilirik. Amma
bəzən bəziləri bunu başa düşmür və
sərt qaydaları üstün tuturlar. Biz
istəyirik ki, bu problemi beynəlxalq aləmin yardımı,
xüsusilə də, Azərbaycan da daxil olmaqla, müsəlman
dövlətləri ilə dialoq şəraitində həll
edək. Yeri gəlmişkən, fürsətdən
istifadə edərək Azərbaycan Prezidentinə təşəkkür
edirəm ki, vaxt tapıb İndoneziya xalqına və hökumətinə
məlum terror olayından dolayısı
başsağlığı verib.
- Az qala dörd ildir Azərbaycandasınız. Bu müddətdə gəzib-görə bildinizmi
ölkəmizin əyalətlərini?
- Əlbəttə.
Lənkəran, Şamaxı, İsmayıllı, Salyan, Quba,
Nabran, Gəncə, Şəmkir,Naxçıvan
– hər yerdə olmuşam. Göyçayda Nar festivalında
iştirak eləmişəm. Əla narlar
var orada.
- Bu sualı verməkdə məqsədim
vardı. Soruşmaq istəyirəm ki, dünyanın hər
yerində terror aktları törədilir, müharibələr
gedir, müqayisə üçün Azərbaycandakı
sabitliyi necə dəyərləndirirsiniz?
- Terror hər
yerdə ola bilər: Bakıda da,
İstanbulda da – bütün tanınan şəhərlərdə.
Əsas odur ki, xalqın birliyi, təhlükəsizliyi
təmin olunsun və biz məhz buna
çalışırıq. Bakı təhlükəsiz
şəhərlərdən biridir. Baxmayaraq
ki, bəzi etirazlar filan olur, amma burada insanların rifahı
üçün hər şey var. Bunun nəticəsidir ki,
şəxsən mən, axşam saatlarında heç bir təhlükə
hiss eləmədən şəhərdə gəzə bilirəm.
Marketlərdən alış-veriş eləsək
də, daha çox ənənəvi bazarlara getməyi
üstün tuturam. Özü də
müşayiət edilmədən, təkbaşıma gedirəm,
şükürlər olsun ki, hələ problem yaranmayıb.
- Bakının sosial həyatından
söz açdınız, bəlkə Cakarta ilə
müqayisə edəsiniz oxucularımız
üçün...
- Əvvəla həm Bakı, həm də Cakarta paytaxt
şəhərlərdir. Hər ikisi sürətlə
inkişaf etməkdədir. Amma daha çox
fərqləri var. Məsələn, Bakıda 2 milyon əhali
yaşayır, Cakartada da isə 12 milyondan artıq. Bundan əlavə, Cakartada çoxmərtəbəli
binalar Bakıdakından dəfələrlə çoxdur.
Bakı ilə müqayisədə Cakardada
avtomobillər dəfələrlə çoxdur ki, bura
milyonlarla velosiped və motosikletləri də əlavə etməliyik.
Məsələn, siz deyirsiniz ki, Bakı
küçələrində tıxaclar yaranır, Cakartaya
gedib görsəniz, dəhşətə gələrsiniz.
Oradakı tıxacları Bakı
yollarındakı ilə müqayisə eləmək belə
mümkün deyil. Bu, Cakartanın ən
böyük problemlərindən biri sayılır. Bakıda çox sayda gözəl parklar
salınıb, amma Cakartada belə istirahət yerləri
azdır. Bu cür parkların
salınması insanların sağlamlığı və
istirahəti üçün vacibdir.
- Bunlar zahiri
görünüşdür, bəs dolanışıq
baxımdan vəziyyət necədir?
-
Bakıda necə, orada da elə. Buradakı kimi,
Cakartada da, məsələn, həm çox bahalı
restoranlar var, həm də sakit və səliqəli, eyni
zamanda, keyfiyyətli yeməklər təqdim edən yeməkxanalar.
Bakıda ictimai nəqliyyatda gediş haqqı
Cakartadakından xeyli ucuzdur. Cakartanın
dükan və bazarlarında istər geyim-kecim, istərsə
də elektrotexnika və elektron məhsulların
çeşidləri daha çoxdur, hansı qiymətə və
hansı formada istəsən mal tapıb, ala bilərsən.
- Fərq nə qədər olsa da,
tam əminəm ki, qonaqpərvərliyimiz eynidir. Yəqin bu 4 il ərzində özünüz də hiss eləmisiniz
bunu...
- İndoneziyalılar çox üzügülər
olur. Əslində, bütün asiyalılar belədir –
şən və mehriban. Azərbaycan da
dünyanın bütün mədəniyyətlərinə
açıq ölkədir. Azərbaycan
bütün xalqların nümayəndəsini qəbul etməyə
hazır ölkədir. Məsələn, məni
küçədə görən balaca uşaqlar tanış olmağa
çalışırlar. Adımı, hansı
ölkədən olduğumu soruşurlar, milli mədəniyyətimizi
öyrənməyə səy göstərirlər. Bizim
yeməklərlə maraqlanırlar...
- Yeri gəlmişkən, mətbəxlərimiz
çox fərqlidir?
- Biz ətli-zülallı
yeməkləri çox sevirik, özü də xeyli
acılı olmalıdır. Məsələn,
plov çox ölkədə, o cümlədən,
İndoneziyada və Azərbaycanda da var, amma onun bişirilmə
üsulları fərqlidir. Onu da deyim ki,
indoneziyalılar ən çox düyü yeyən xalqlardan
biridir. Hər iki milli mətbəxdə
plov bişirmək üçün düyüdən, ət,
toyuq, qurudulmuş meyvələrdən istifadə edilir. Amma İndoneziyada yeməyə acı dad verən ədviyyatlar
da qatılır ki, bu da bizim ağız dadımızla
bağlıdır. Məsələn, Bakıda yemək
yeyərkən, bir az problemim olur,
çünki burada xörəkləri acı bişirmirlər.
- Yəqin ki, bu müddətdə
Azərbaycanda xeyli dostlar qazanmısınız. Necə
qoyub gedəcəksiniz onları?
- İndiki zamanda dünyanın hər yeri ilə əlaqə
saxlamaq çox asandır. Mən də istər
internet üzərindən, istərsə, telefon vasitəsilə
dostlarımı həmişə axtaracam.
- Sirr deyilsə, dostlarınız
arasında tanınmışlardan kimlər var? Bu sənət
adamı da ola bilər, siyasətçi də...
-
Dostlarım çoxdur. Məsələn, Milli Məclisin
Azərbaycan-İndoneziya dostluq qrupunun rəhbəri Bəxtiyar
Əliyev yaxın dostumdur. Ümumiyyətlə,
millət vəkilləri, müxtəlif ictimai xadimlər,
nazirlik rəsmiləri arasında sıx əlaqələrim
olan dostlarım çoxdur. Azərbaycanda hər
kəs, hətta səhərlər yol kənarlarını təmizləyən
nənələr, babalar da dostlarımdır.
- Bu dörd il ərzində
elə bir plan-proqramınız vardımı ki, həyata
keçirə bilmədiniz?
- Ən böyük istəyim İndoneziya və Azərbaycan
prezidentlərinin qarşılıqlı səfərlərini
təşkil eləmək idi. Amma təəssüf
ki, bu, səfir olaraq çalışdığım müddətdə
reallaşmadı. Ola bilsin bu il, yaxud
da növbəti il bu səfərlər baş tutsun. Prezidentlərin
iş qrafiki həmişə gərgin olur deyə, vaxtları
məhduddur. Lakin başa düşürük
ki, dövlət başçılarının
qarşılıqlı səfərləri həm əməkdaşlıq,
həm də xalqların dostluğunun möhkəmləndirilməsi
baxımından çox vacibdir.
- Xalqın sadə nümayəndələri
olaraq biz çox arzulayırdıq ki, keçdiyimiz illərdə
Azərbaycanda İndoneziyanın məşhur müğənnilərini
görək, telekanallarımızda kinolarınızı seyr
edək, rəqslərinizi izləyək və sair. Amma
bunları görə bilmədik...
- Geci-tezi
var, inşallah, bu arzular da gerçək olar. Biz
əslində, keçən müddətdə dediyiniz işləri
görmək istəyirdik, amma bəzi texniki problemlər
vardı deyə, qaldı. İnşallah bu il İndoneziya filminin Azərbaycanda
yayımı gözlənilir. Təxminən iki il əvvəl İndoneziyadakı beynəlxalq
“Qlobal Caya” məktəbinin şagird və müəllim heyətindən
ibarət bir qrup Bakıda olarkən müəyyən mədəniyyət-incəsənət
proqramı ilə çıxış etdi. Hətta
"AzTV" onların proqramını
işıqlandırmışdı. Eyni
zamanda, bildiyiniz kimi, Dillər Universitetində İndoneziya Dil
Mərkəzi fəaliyyət göstərir ki, oradakı tələbələr
də İndoneziya rəqslərini öyrənirlər. Artıq neçə ildir ADA Universitetində
keçirilən beynəlxalq festivala qatılırıq və
həmin tələbələr də orada bizim milli rəqslərimizi
ifa edirlər. İnşallah
qarşıdakı illərdə daha çox belə
proqramları izləyə biləcəksiniz. Yeri gəlmişkən, İndoneziyadan Bakıya
“Pencak Silat” hərbi rəqs qrupunun gəlməsi də
gözlənilir.
- Yerinizə gələcək yeni səfiri
tanıyırsınız?
- Hə, əlbəttə,
hətta bir neçə dəfə
görüşmüşük də.
- Təcrübəli diplomat olaraq xələfinizə
nəsə tövsiyə filan verdinizmi?
- Mən
ona, sadəcə, səlahiyyət müddətində
uğurlar dilədim, iki dövlət arasında dostluq və əməkdaşlıq
əlaqələrini gücləndirməsini arzuladım. Hiss
edirəm ki, əlaqələr sürətlə inkişaf edəcək,
buna zəmin var.
- Gedəndən sonra harada işləyəcəksiniz,
yeni vəzifənizlə bağlı nəsə məlumatınız
varmı?
- İndoneziyanın Xarici İşlər Nazirliyində
çalışacam. Düzdür, konkret nə işinə
baxacağımı bilmirəm. Bizim XİN-də
İqtisadi İnkişaf üzrə Şura mövcuddur, hətta
ola bilsin ki, orada işlədim.
Vüsal Tağıbəyli
Həftə içi.- 2016.- 20-21
yanvar.- S.3.