Bəşərin ölməz dühasi, həqiqi
insan aşiqi
“Cinayət və cəza” romanı
nəşrinin 150 illiyi və dahi rus yazıçısı
F.M. Dostoyevskinin vəfatının 135-ci ildönümü
münasibətilə
“Mən başqa cür
düşünmək və yaşamaq istəmirəm,
yalnız bu inamla düşünüb-yaşamaq istəyirəm
ki, bizim 90 milyon rusun hamısı (ya da o zaman nə qədər
çoxalıb-törəyəcəklərsə, onların
hamısı) bir vaxt təhsil görmüş,
insanlaşmış və xoşbəxt olacaqlar. Mən bilirəm
və möhkəm inanıram ki, ümumi maarif bizdə
heç kəsə ziyan vura bilməz. Hətta inanıram ki,
fikir səltənəti hər hansı başqa bir yerdən
daha tez bizdə, bizim Rusiyada qurulacaqdır”.
Fyodor
Mixayloviç Dostoyevski
1876-cı il.
“Nəhayət, mən
Rusiyaya gəlib-çatdım.Gördüklərimin
hamısı gözəldir. Başqa ölkələrdəkinə
oxşamır. Kökündən gözəldir. Onlar
hamını ayağa qaldırmış, hərəkətə
gətirmişlər”. “... Əgər buraya gəlməsəydim,həyatımın
məqsədini tamam yerinə yetirilmiş hesab etməzdim...
Onların qeyri-adi cəsurluğu gözə çarpır...
Məni möcüzələr yarada bilən Avropa elmləri
valeh edir, lakin burada gördüyüm nəhəng işlər
məni daha çox heyran qoyur... Onu da qeyd etmək
lazımdır ki, Rusiya bir çox illər dəhşətli
aclıq çəkmiş, burada çoxlu miqdarda adam
ölmüşdür. Lakin xaricdən köməyin
olmamasına baxmayaraq, onlar bu zərbəyə davam gətirə
bilmişlər... Bir dəfə mən İngiltərədə
olanda, ilk dəfə bir ingilisdən Rusiyada xalqın
rifahını yaxşılaşdırmaq üçün necə
qeyri-adi işlər görülməkdə olduğunu
eşitmişdim... Gördüklərimin hamısı məni
təəccübləndirdi. Səkkiz il ərzində maarif
bütün əhalinin mənəvi simasını dəyişmişdir...
Onların yaymaqda olduqları maarifin əsas məqsədi insan
tərbiyə etmək cəhdindən ibarətdir... Rusiyada
insan fikrinin böyük hərəkəti duyulmaqdadır. Mən
heç bir ölkədə təhsilin buradakı kimi
böyük ölçüdə
yayıldığını görməmişəm... Onlar
dünya miqyasında xadimdirlər. Buna görə
də onlara böyük zəka lazımdır... Əgər mən
öz gözlərimlə görməsəydim, heç vaxt
inanmazdım ki, onlar cəmisi 10 il ərzində nəinki
yüz minlərlə adamı cəhalət və həqarət
zülmətindən çıxarmış, onlara savad
öyrətmiş, həm də onlarda insana ləyaqət
hissi tərbiyə etmişlər. Onların bütün səyləri
öz xalqının xeyrinə yönəldilməklə
yanaşı, həm də eyni dərəcədə başqa
xalqların xeyrinə yönəldilmişdir.
...Mən Rusiyadan
indicə qayıtmışam, ölkənin əzəmət
və şöhrətə doğru yolunun necə çətin
olduğunu görmüşəm”.
(Böyük hind mütəfəkkiri,
filosof, yazıçı, şair, dramaturq, rəssam,
Şərqdə
ilk Nobel mükafatı laureatı Rabindranat Taqorun “Rusiya
haqqında məktublar”ından.
Sentyabr – oktyabr ayları, 1930-cu il.)
Bütün
klassiklər kimi həmişə müasir olan, ziddiyyətlər,
konfliktlərlə dolu dünyamızın idrakı
üçün əsərləri ilə bütün bəşəriyyətə
böyük fayda, estetik və mənəvi qida verən Fyodor
Mixayloviç Dostoyevski həmişə ürəklərdə
yaşayan qüdrətli sənətkardır. Görkəmli filosof, Peterburq Elmlər
Akademiyasının müxbir üzvü olmuş Dostoyevski, XIX
əsr rus və dünya ədəbiyyatının bəşəri
simalarından, dünyanın ən çox çap olunan, ən
çox oxunan və ən çox sevilən dahi
yazıçılarından biridir.
Kiçik
yaşlarından ətrafında cərəyan edən hadisələrə
son dərəcə həssas və qayğıkeş münasibət
bəsləyən Fyodoru insanların yoxsul və kədərli
həyatı daha çox qüssələndirmiş və
sarsıtmışdı. Maksim Qorkinin haqlı olaraq dediyi kimi:
“İnsan əzabları haqqında xatirələri öz
ürəyində toplayan və bu dəhşətli xatirələri
təsvir edən bir insan dünyaya gəlməli idi – bu insan
Dostoyevskidir”. F.M.Dostoyevski 1821-ci il oktyabrın 30-da (yeni tarixlə
noyabrın 11-də) Moskvada həkim ailəsində dünyaya
göz açmışdı. Altıuşaqlı ailənin
ikinci övladı idi. O, qədim adət-ənənlərə
hörmətlə yanaşan, müqəddəs ayinlərə
riayət edən patriarxal bir ailədə tərbiyə
alırdı. Ailənin məişət vərdişləri
nəticəsində ədib rus memarlığı və xalq
nəqqaşlığının dəyərli abidələri
ilə erkən yaşlarından maraqlanmağa
başlamışdı. Həyatının son illərində
də yazıçı bunu ehtiramla xatırlayırdı: “Hər
dəfə Kremlə və Moskva kilsələrinə getmək
mənim üçün nəsə təntənəli bir mərasim
idi”. Ədib 1847-ci ildə yazdığı məqalələrinin
birində Moskvanın Arxangel kilsəsi (XVII əsrin
memarlıq abidəsi), “Qranovitaya palata” (Kremldə memarlıq
abidəsi.1487-1491-ci illərdə Böyük Moskva knyazı
III İvanın göstərişi ilə italyan memarları
Marko Ruffo və Petro Antonio Solari tərəfindən tikilib.
Moskva Kremlinin 20 qülləsindən biri olan məşhur
“Spasskaya Başnya”da Solarinin memarlığı ilə ərsəyə
gəlib), Boris Qodunovun qəbri (XVI əsrin sonu, XVII əsrin əvvəlində
rus çarı və böyük knyazı) və onun
yaddaşına həmişəlik həkk olunmuş digər
abidələrdən məhəbbətlə bəhs edirdi.
Anası
Mariya Dostoyevskayanın ilkin savad öyrətdiyi
Əhdi-Ətiq (Bibliyanın həcmcə daha böyük,
birinci bölməsi. 39 kitabdan ibarət olub, e.ə. 3-2-ci əsrlərdə
tamamlanıb. Xristianlar tərəfindən Müqəddəs
Yazılar kimi qəbul olunur) və Əhdi-Cədid (xristian
Müqəddəs Yazılarının ikinci bölməsi.Əhdi-Cədidə,
həmçinin İncil kitabı da deyilir) tarixi məcmuə
kitabları ədibə güclü və dərin təsir
bağışladı. Dahi yazıçı bu
kitablardakı əfsanələrin bədii əhəmiyyətini
yüksək qiymətləndirirdi. Onları əsl xalq
dastanı hesab edirdi. Bu əfsanələr içərisində
onun diqqətini xüsusilə cəlb edən “İovun
kitabı” və bu kitabdakı bir hekayət oldu. Hekayətdə
deyilir ki, Allahın qəzəbinə düçar olan bir nəfər
cəfakeş insan ağır sınaqlara dözməli
olur.Qohum-qardaşları həlak olur, iflasa uğrayır,
cüzam xəstəliyinə düçar olur, dilənçi
kökünə düşür və o, bütün bu
işgəncələrə itaətkarlıqla dözür.
Buna görə də həmin insan şəfa tapır, əvvəlki
həyatı özünə qayıdır, yenə
böyük ailə başçısı olur və xoşbəxt
ömür sürərək, qocalıb ölür.
Hekayətdən təsirlənən Fyodor Mixayloviç 1875-ci ildə arvadına yazır: “İovun kitabı”nı oxuyuram, bu əsər məndə iztirablı fərəh oyadır, kitabı bir tərəfə atıb, az qala, göz yaşı axıda-axıda otaqda saatlarla var-gəl edirəm... Bu kitab, Anya, təəccüblüdür ki, məni həyatda sarsıtmış olan ilk kitablardan biridir, mən o zaman hələ, az qala, körpə uşaq idim!”.
Dostoyevskini roman yazmaq sənətinə cəlb edən XVIII əsr ingilis yazıçısı xanım Anna Radklif olmuşdur. Yazıçı qadın Avropa ədəbiyyatında məzmunca yeni olan “qotik roman” yaratmışdı. Bu romanın müəlliflərini orta əsr cəngavər rəvayətləri, heykəltəraşlıq və memarlıq qotikası məzmunlarında əksini tapmış rəvayətlər maraqlandırıb cəlb edirdi.
Fyodorun atası Mixail Andreyeviç və anası Mariya Fyodorovna uzun qış gecələrində ona Anna Radklifin coxcildli epopeyalarını oxuyardılar. Kiçik yaşlarında ikən hələ oxuyub- yazmağı bilməyən Fyodor, bu romanları məftunluq, bəzən də dəhşət içərisində dinləyərdi.O, rus kəndi ilə, onun rəvayətləri, ayinləri, mərasim və adətləri ilə 10 yaşından sonra tanış olmağa başladı. İllər keçəndən sonra o, “Yay təəssüratları haqqında qış qeydləri”ndə rus xalqının təbiətində, fitrətində olan səmimiyyətdən, qardaşlıq, dostluq hisslərindən bir daha bəhs etdi. Rus kəndlisinin hiyləsiz, kələksiz, hər cür fitnə-riyadan uzaq olan bir məxluq olduğunu etiraf edib, bu keyfiyyətlərin cəmiyyətin əsası, dayağı, milli varlığının bünövrəsi olduğunu təsdiqlədi.
Fyodor ilk təhsilini evdə almışdı.1833-cü ildə böyük qardaşı Mixail ilə onun ev təhsili tamamlanmış və hər iki qardaş pansiona qoyulmuşdu. Burada Fyodor ilk dəfə dvoryan pedaqogikasının nədən ibarət olduğunu anlamışdı. Bir il sonra isə qardaşlar internat-məktəbə köçürülmüşdü. Burada Moskvanın ən yaxşı alimləri, pedaqoqları dərs deyirdilər.
“Yeniyetmə” romanında uşaqlıq və gənclik illərinin təəssüratlarından bəhs edən Dostoyevski yazırdı: “...Məni qardaşımla birlikdə Peterburqa mühəndislik məktəbinə gətirdilər və onunla bizim gəncliyimizi korladılar. Mənə elə gəlir ki, bu, bir səhv idi. Doğrudan da bu, düzələ bilməyən bir səhv idi”.
Gələcəyin böyük yazıçısı hərbi tikintiyə heç cür həvəs göstərmirdi. Hərbi mühəndislik maddi cəhətdən çoxgəlirli peşə sayıldığından, atasının yanında ədəbiyyat sahəsindən söhbət gedə bilməzdi. Ata, oğlanlarının fikri ilə hesablaşmaq istəmirdi.
Hərbi məktəbin ciddi rejimi Dostoyevskini sənət haqqındakı düşüncələrindən ayıra bilmədi. Gecələr ilk arzu və duyğularını dəftərçəsinə qeyd edir, həyat və insan haqqında düşünürdü. Hərbi mühəndislik məktəbinin yerləşdiyi Mixaylovski qalası, onu tikdirən Çar I Pavel, Pavelin qətlində iştirak edən oğlu Çar I Aleksandr Fyodoru dərin fikirlərə qərq edirdi. Yazıçı düz, 40 il ata qatili olan yüksək mənsəb sahibini düşünmüş və İvan Karamazovun faciəsi ilə həmin tarixi faktı təqdim etməyə çalışmışdı.
Hərbi mühəndislik məktəbində Dostoyevskinin ətrafına toplaşan gənclər klassik ədəbiyyat və sənəti öyrənməklə bərabər, dünya ədəbiyyatında baş verən yenilikləri də diqqətlə izləyirdilər. Yoldaşları yaradıcılıq enerjisi ilə seçilən Fyodru “Alovlu Fedya” adlandırırdılar. “Alovlu Fedya”nı bədii nəsr daha çox maraqlandırırdı. Dünya ədəbiyyatının yetişdirdiyi ən böyük düha kimi o, Nilkolay Vasilyeviç Qoqolu qəbul ediridi. Ona görə də Qoqolun “Peterburq povestləri”, “Şinel”, “Dəlinin qeydləri”, “Müfəttiş” və “Ölü canlar”ının müəyyən təsiri Dostoyevskinin yaradıcılığında əksini tapmışdı.
1843-cü ildə hərbi mühəndislik məktəbinin yüksək zabit sinfini bitirən Dostoyevskinin mətbuatda ilk tərcümə əsəri - Balzakın “Yevgeni Qrande” romanı çap olundu. Əsər Fyodor Mixayloviçi Peterburqda daha geniş dairədə məşhurlaşdırdı.
Dövrünün ziddiyyətlərinə baxmayaraq, Dostoyevski həmişə xalqı düşünən, xalqa doğru can atan, xalq üçün əzab çəkən, öz sözləri ilə desək, gözəl, sadə rus xalqını xoşbəxt görmək istəyən yazıçı idi. Onun gündəliklərinin birində belə bir qeyd vardı: “Bir realist olaraq mən insanda insanlığı axtarıram. Axtardığım bu insan rus “Məni”dir... Bu mənada, mən, əlbəttə, xəlqiyəm, xalqa bağlıyam, çünki mənim istiqamətim öz mənbəyini xalqın xristian ruhundan alır. Ona baxmayaraq ki, mən indiki rus xalqına tanış deyiləm, ancaq gələcəkdə tanınacağam”.
Dostoyevskinin yaşayıb-yaratdığı illər rus xalqının ictimai həyatında hər cür çətinliklərlə dolu dövr idi.Təhkimçiliyin ulduzu tədricən sönür, burjuaziyanın təsir dairəsi genişlənirdi. Mütləqiyyət – təhkimçilik sistemi tarixin ağır zərbəsi ilə üz-üzə dayanırdı. Dostoyevskini yaşadan, onun zəif, nasaz vücuduna əfsanəvi cəngavər gücü verib yaratmağa sövq edən, onun xalqına olan sevgi və bağlılığı idi ki, bu bağlılıq da onu ədibin öz ifadəsi ilə desək, “əsrin övladı” etmişdi. O, bir an da olsa müşahidəçi, seyrçi mövqeyindən ayrı düşməmiş, yaşayıb-yaratdığı zamanın mənasını dərk etməyə çalışmışdı. Xalqın, Vətənin taleyi, müqəddəratı, istiqbalı ilə bağlı şəkildə cərəyan edən ictimai-siyasi hadisələrə, əxlaqi-fəlsəfi məsələlərə münasibətini bildirməkdə cəsarətli səylərini əsirgəməmişdi. Dövrün xüsusiyyətindən, əzablar, sarsıntılar girdabından yaranan mürəkkəb suallara öz cavabını verməyə çalışmışdı. Bunun üçün də təfəkkürünü yeni-yeni xalqlar, ölkələr, ictimai quruluşlar haqqındakı məlumatlarla zənginləşdirmişdi. Müəyyən qədər utopik səciyyə daşıyan sosializm sistemi insanların məcazına uyğun gəlmirsə, bəs cəmiyyət hansı yolla getməlidir? Ədib belə bir qənaətə gəlir ki, bu yol ictimai-siyasi təbəddülatlar içindən keçməlidir. İnsanların mənəvi-əxlaqi aləmində yaranan dəyişikliklər içindən keçməlidir. Adamların qəlbində, ruhunda, hiss və şüur dünyasında yaxşılıq, xeyirxahlıq, şərə, pisliyə, yamanlığa qalib gəlməlidir. Bu da yaxşı adamların pis adamlara təsir gücü, onların çirkinliklərlə dolu qəlbinə xeyirxahlıq məşəli gətirməsi ilə mümkün olardı.
Dostoyevskini ilk dəfə kəşf edən, istedadını yüksək qiymətləndirən inqilabçı demokratlar və onlara rəğbət bəsləyənlər olmuşdu.Yeri gəlmişkən, onu da qeyd etmək istərdim ki, Dostoyevskinin ilk əsərləri - “Mariya Styuart ” və “ Boris Qodunov” romantik dramları müəyyən səbəblərə görə oxucu kütləsinə çatmadığı üçün 1846-cı ildə nəşr olunan “Zavallı insanlar” onun birinnci əsəri qəbul edilirdi. Bu romanı bəyənən, bir gecəyə oxuyub, səhərisi görkəmli rus ədəbi tənqidçisi Vissarion Qriqoryeviç Belinskiyə çatdıran, mətbuata çıxaran rus ədəbiyyatının klassiklərindən biri, şair və yazıçı Nikolay Alekseyeviç Nekrasov, onun yeni, qeyri-adi istedad sahibi olduğunu duyub haqqında: “Oxucunu eyni zamanda güldürmək, həm də onun ruhunu təlatümə gətirmək, oxucunu göz yaşları içində gülümsəməyə məcbur etmək – heç bilirsinizmi, nə böyük bacarıq, nə böyük istedaddır?!” sözlərini yazan isə Belinski olmuşdu. O, povesti ilk ictimai roman adlandırmışdı. “Biz hamımız Qoqolun “Şinel”indən çıxmışıq” məşhur aforizmi Dostoyevskiyə daha çox aid idi. Onun “Zavallı insanlar”ı dünyaya yeni bir Qoqolun gəldiyini xəbər verirdi. Roman, Qoqolun “Şinel”indən sonra kiçik rus çinovnikinin acınacaqlı həyatına həsr edilmiş ikinci güclü əsər idi. Hətta bəzi mühüm xüsusiyyətlərinə görə Dostoyevskinin Qoqoldan da irəli getdiyi söylənilirdi.
“Zavallı insanlar” üzərində işləyərkən Dostoyevski qardaşına yazırdı ki, həyatı və insanları öyrənmək mənim ilk məqsədim və qayğımdır. Bu işdə o, Şekspirdən də nümunə götürdüyünü bildirirdi: “Şekspir ən böyük dahidir. Çünki o, insanları başqalarından çox yaxşı tanıyır”.
Deyirlər, yazıçı insan qəlbinin mühəndisidir. Fyodor Mixayloviç, sözün əsl mənasında, insan qəlbinin cərrahı idi. Dostoyevski sənətinin bu məziyyətini də ilk dəfə Belinski qiymətləndirib, ədibin insan qəlbinə yaxınlığını və doğmalığını nəzərdə tutub: “Dostoyevskinin istedadı özünəməxsusluğu ilə parlayır”, – demişdi. Bu barədə Dostoyevskinin qardaşına yazdıqlarını yada salaq: “Elə güman edirəm ki, mənim şöhrətim heç vaxt indiki kimi, bu cür yüksək bir zirvəyə ucalmayacaqdır. Sən təsəvvürünə gətir ki, bizimkilərin hamısı, hətta Belinski də belə hesab edirlər ki, mən Qoqoldan da xeyli irəli getmişəm... Məndə yeni orijinal bir keyfiyyət tapırlar, bu keyfiyyət ondan ibarətdir ki, mən sintezlə deyil, analizlə hərəkət edirəm, yəni dərinlərə varıram, özüm də atomları araşdıraraq, bütövü axtarıb tapıram. Qoqol isə bilavasitə bütövü götürdüyü üçün mənim qədər dərin deyil... Mənim gələcəyim son dərəcə parlaqdır...”.
Dostoyevskinin anidən qazandığı şöhrət gənc ədiblər arasında bəzən kinayə ilə qarşılanırdı. Hətta İ.Turgenyev Belinskinin Dostoyevski ədəbi istedadı haqqındakı coşqun rəyi ilə razılaşmırdı. Nəzərə alsaq ki, dünya ədəbiyyatının korifeylərinə heç də hər zaman standart yanaşma olmayıb, fikir müxtəlifliyinin özü inkişafa da xidmət edə bilib, əlbəttə, bunu təbii hesab etmək olar. Bir şərtlə ki, istedada olan yanaşmalar ədalətə söykənmiş və humanizmə xidmət etmiş olsun. Haqsız olaraq söylənilib səmimiyyətdən kənar olan rəylər, zərif, həssas duyğulu yaradıcı insana olan soyuq, laqeyd münasibət, istedad sahibinin ruhunda sərt və yaralı izlər qoyur. Dostoyevskiyə də olan bu haqsız yanaşma onun “Netoçka Nezvanova” əsərində görkəmli skripka çalanın öz yaradıcılıq yüksəlişində çəkdiyi məşəqqətlər haqqındakı sözlərində əksini tapmışdır:
“İstedada canıyananlıq lazımdır, istedada lazım olan şey budur ki, onu başa düşsünlər; halbuki sən məqsədinə azca belə nail olanda, səni nə cür sifətlər əhatə edəcəyini görəcəksən. Sənə misilsiz ağır əmək, məhrumiyyətlər, aclıq, yuxusuz gecələr bahasına başa gələn, nəsib olan şeyə onlar heç bir əhəmiyyət verməyəcəklər, ona nifrət və həqarətlə baxacaqlar... Sən tək olacaqsan, onlar isə çox, onlar sənə sancaqlarla işgəncə verəcəklər”.
Bayaq yazıçının öz təfəkkürünü yeni-yeni xalqlar, ölkələr, ictimai quruluşlar haqqındakı məlumatlarla zənginləşdirdyini qeyd etdim. Bu baxımdan, onun həyatına müstəsna təsir göstərmiş məsələlərdən yan keçmək mümkün düyil.1846-cı ildə Dostoyevski Petraşevski ilə tanış olur. Petraşevskiçilər cəmiyyəti, yaxud dərnəyinin rəhbəri olan Mixail Vasilyeviç Butaşeviç-Petraşevski 40-cı illərin azadlıq hərəkatının görkəmli xadimi, furyerist, Rusiyada ilk sosialist dərnəyinin təşkilatçısı kimi tanınırdı. Fransua Mari Şarl Furye fransız utopik sosialisti idi. O, burjua cəmiyyətinin tədqiqini vermiş, böyük Fransa inqilabı ideoloqlarının ideyaları ilə gerçəkliyin ziddiyyətlərini, yoxsulluqla zənginliyin antaqonizmini açıb göstərmişdi. İnsanın formalaşmasında ətraf mühitin və tərbiyənin həlledici rolu haqqında fransız materialistlərinin müddəalarından çıxış etmişdi. Furyeyə görə, insan qüsurlu deyil, yaşadığı cəmiyyət qüsurludur. Ona görə də elə ictimai quruluş yaratmaq lazımdır ki, insan ehtiraslarını, onun inkişafını tam təmin etsin.
Petraşevski özünü Furyenin tərəfdarı sayır, Rusiyanın siyasi quruluşunun demokratikləşdirilməsi, kəndlilərin, onlara torpaq verməklə azad olunması ideyalarını irəli sürürdü. Petraşevskiçilər – həmin dövrdə Peterburqda zadəgan və raznoçin ziyalıları dərnəklərinin üzvləri, utopik sosialistlər və demokratlar idi. Petraşevskiçilər cəmiyyəti təşkilat kimi formalaşsalar da, hazır proqramları yox idi. Onlar kəndli üsyanına rəhbərliyin planını hazırlamağa cəhd göstərmişdilər. Anlayırdılar ki, Rusiyada ictimai münasibətləri yalnız siyasi dəyişikliklər yolu ilə kökündən dəyişmək mümkündür. Petraşevskiçilər respublika, yaxud heç olmasa, konstitusiyalı monarxiya tərəfdarı idilər. Dekabristlərdən fərqli olaraq, petraçevskiçilər xalqı inqilabın əsas qüvvəsi sayırdılar.
1847-ci ilin yazından Dostoyevski Petraşevskinin dərnəyində iştirak etməyə başlayır.Yazıçı Furyenin təlimi ilə tanış olduqdan sonra vəcdə gəlir. O yazır: “Furyerizm dinc sistemdir, o, insanın ruhunu öz zərifliyi ilə valeh edir, qəlbini bəşəriyyətə məhəbbətlə məftun edir; həmin məhəbbətlə ki, Furye öz sistemini tərtib edərkən onu ruhlandırar, ona ilham verərdi. Furyenin sistemi öz ahəngdarlığı ilə insanı heyrətə salır. O, kinli hədə-zorbalarla deyil, bəşəriyyətə məhəbbət hissi ilə ruhlandıraraq zəkaları özünə cəlb edir. Bu sistemdə nifrətlər, qəzəblər yoxdur. Furyerizm siyasi islahatı nəzərdə tutmur, onun islahatı iqtisadidir. O, nə hökumətə, nə də mülkiyyətə qəsd edir...”.
Lakin Dostoyevski hakimiyyətin zorla qabaqcıl ictimai sinfin əlinə keçməsinə tələsmir və bunu qəbul etmirdi. O, yalnız cəmiyyətin iqtisadi cəhətdən irəliləməsini istəyirdi. Dahi söz ustası yalnız sözdə azadlıq tərəfdarı olduğunu bildirir, əməli işdə isə hərəkətsizlik göstərirdi. Buna baxmayaraq, yazıçı petraşevskiçilər tərəfindən hörmətlə qarşılanırdı. Onun “Netoçka Nezvanova” romanında Furye iqtisadi təliminin ciddi təsiri duyulurdu.
Həmin ilin aprel ayında Petraşevski dərnəyinin üzvü olan 34 azadlıq mücahidi tutulur, Dostoyevski yatağında həbs olunur və Petropavlov qalasına salınır. Bu siyasi qrupun rəhbərlərindən biri kimi, Fyodor Mixayloviç də ölüm cəzasına məhkum edilir.
İstintaq komissiyasının suallarına yazıçının verdiyi cavab-“izahat”ın məqamlarına diqqət edək:
“...Belə gərgin vəziyyətdə ədəbiyyatın yaşaması çətindir. İncəsənətin bütün növləri yox olmalıdır: satira, faciə daha yaşaya bilməz. İndiki senzuranın sərtliyi şəraitində Qriboyedov, Fonvizin və hətta Puşkin kimi yazıçılar daha yaşaya bilməzlər. Satira nöqsanı, şəri, pisliyi məsxərəyə qoyur, həm də çox vaxt xeyirxahlıq sifətində təzahür edən pisliyi, şəri. İndiki vəziyyətdə hansı məsxərəyə qoymaqdan söhbət gedə bilər? Senzor hər şeydə bir eyham görür, şübhələnir ki, görəsən, burada bir şəxsiyyət nəzərdə tutulmur ki, kin-küdurət yoxdur ki, yazıçı hansı bir şəxsə isə və hansı bir qaydaya isə işarə vurmur ki?..
...Mən şikayətlənirdim, yalvarırdım ki, bu kədərli, acı səhv mümkün qədər tez keçib getsin. Ona görə ki, ədəbiyyatı sevirəm və onunla maraqlanmadan yaşamağı təsəvvür etmirəm; ona görə ki, bilirəm – ədəbiyyat xalq həyatının ifadələrindən biridir, cəmiyyətin güzgüsüdür... Ədəbiyyatsız cəmiyyət yaşaya bilməz, mən isə görürdüm ki, həmin bu ədəbiyyat sönür...
...Mənim cavabım budur – mən həqiqəti yazmışam.”
Adlar, maddələr, qətnamələr meydana yayılır, amansız hökm sərt ahəngdarlıqla dönə-dönə yenidən səslənirdi. İnsanın qanını dondurub qulaqlarda dəhşətli əks-səda, ürəklərdə həyəcanlı çırpıntılar yaradan hökm onuncu dəfə oxundu:
- İstefada olan 27 yaşlı mühəndis – poruçik Fyodor Dostoyevski cinayətkar niyyətlərdə iştirak etdiyi üçün, pravoslav dininə və ali hakimiyyətə qarşı ədəbsiz və qaba ifadələrlə dolu olan şəxsi məktubu yaydığı üçün, habelə ev litoqrafiyası vasitəsilə hökumətə qarşı əsərlər çap edib yaymaq qəsdində olduğu üçün... Güllələnmə təriqilə ölüm cəzasına məhkum edilsin!
Boğuq təbil səsi gurladı. Birgə vurulan mənhus təbil səslərinin gurultusu altında, qırmızı köynək və qara plis şalvar geyinmiş cəlladlar uzunboğaz çəkmələrini taqqıldada – taqqıldada edam kürsüsünə qalxdılar. Məhkum edilənləri diz çökdürdülər. Cəlladlar biçqılanmış ovxarlı qılıncları onların başları üzərində iki böldülər. Sındırılan poladların quru və kəskin cingiltisi şaxtalı havanı yardı.
Keşiş son xütbəni “Günahın mükafatı ölümdür!” sözlərini ifadə edərək, böyük bir xaçı öpmək üçün hər bir məhbusun dodağına yaxınlaşdırdı.
Beləliklə də son mərasim – ölüm qarşısında paltardəyişdirmə başlandı. Elə oradaca, edam kürsüsündə onların yay plaşlarını, ucu şiş başlıqları, az qala, yerə toxunan uzunqollu, enli kətan kəfənlə əvəz etdilər.
Onları üç-üç yenidən düzdülər. Dostoyevski ikinci cərgədə idi. Edam sərəncamçısının bağırtısı eşidildi:
- Petraşevski!
- Mombelli!
- Qriqoryev!
Onları kəndirlərlə üç boz dirəyə sarıdılar. Ölüm köynəyinin uzun qolları ilə onların əllərini arxalarına bağladılar.
Dostoyevskinin yazdıqlarından: “...Mən ikinci növbədə idim və bir dəqiqədən artıq yaşamayacaqdım. Səni, qardaş, sənin bütün ailəni yadıma saldım: son dəqiqədə sən, yalnız sən mənim əqlimdə idin və ancaq o zaman bildim ki, səni necə sevirəm, mənim əziz qardaşım! Yanımda olan Pleşşeyevi, Durovu qucaqlayıb, onlarla vidalaşmağa da macal tapdım. Ölümə məhkum edilən dahi insanın həyəcanlarının adamı heyrətə gətirən bu qeydləri içərisində bəzən sarsıntılı və kədərli nidalar da təzahür edirdi:
“Aman Allah! Mənim yaratmış, yaşatmış olduğum nə qədər surət yenidən məhv olacaq, başımdan sönüb gedəcək, yaxud zəhər kimi qanıma yayılacaqdır!”.
“Nəhayət, təbilləri çalıb edamın dayandırıldığını bildirdilər, dirəklərə sarınmışları geri gətirib bizə oxudular ki, Əlahəzrət İmperator bizə həyat bəxş edir. Sonra əsl hökmləri elan etdilər”.
Elə həmin gün Dostoyevskiyə bəyan edilir ki, o, birinci dəstə ilə Sibirə göndəriləcəkdir. Lakin bu bəşəri duyğular və əqidə sahibini yaşadan bir amal vardı: “Bəli, yazmaq mümkün olmasa, mən məhv olaram. On beş il həbsdə olum, ancaq qələm əlimdə olsun!”.
Yenicə edam cəzasına məruz qalaraq, bir neçə saatdan sonra sürgünə yollanacaq bu insanın yaradıcı şüur və idrak qüvvəsi, onun rəşadət və mənliyi doğrudan da misilsiz idi: “Mən kədərlənməmişəm, ruhdan düşməmişəm. Həyat hər yerdə həyatdır, həyat zahiri aləmdə deyil, bizim özümüzdədir... Mənim qəlbimdə indi olduğu qədər heç vaxt belə qaynar, firavan və sağlam mənəvi həyat ehtiyatları olmamışdır...”.
Qəhrəman dekabristlərə, petraşevskiçilərə, Rusiyanın Çernışevski kimi böyük vətəndaşlarına, azadlıq carçılarına, yüzlərlə gənc istedada divan tutan dvoryan dövləti Dostoyevskini də Sibirə, katorqaya, sürgünə göndərdi, illər uzunu azadlıqdan məhrum etdi. Katorqanın, sürgünün dəhşətli əzabları onun “Məhv olmuş xalq haqqında qeydlər”inin səhifələrinə köçürüldü. O, həyatın hər üzünü gördü. Birinci arvadı Mariya Dmitriyevna İsayeva vəfat etdi. Taleyini stenoqrafisti Anna Qriqoryevna Snitkina ilə bağladı. Onunla bərabər Avropanı dolaşdı. Ömür yollarında övlad itkilərinin sağalmaz yaralarını da yaşadı. Buna görə də Dostoyevski polad kimi bərkidi.
Ölməz düha hər şeyi qeyri-adi etdiyi kimi, səyahəti də özünəməxsus şəkildə edirdi. Avropanın ən məşhur şəhərlərində olarkən nadir hallarda tarixi abidələrə və təbiət mənzərələrinə tamaşa edir, yalnız insanlar, camaat, əhali ilə maraqlanırdı. O, ancaq adamlara göz qoyur , sadə xalqın ürəyi ilə yaşayır və çox oxuyurdu.
Rus xalqının dindarlığını Rusiyanın ağıllı adamlarının əksəriyyəti həmişə təsdiq etmişlər. Lakin M.Qorkinin “Təəssüf ki, ruslar başqalarından artıq kilsə və ilahiyyat tərbiyəsi təsiri ilə yaşayırlar”, – dediyi halda, Dostoyevski bunu müsbət keyfiyyət, xoşbəxtlik hesab edirdi. Rus dindarlığını çox yerdə “xalq ruhu”, “əzabkeş, cümləqayğı ruh”, “itaətkar ruh”, “dözümlü ruh”, “saf ruh” sözləri ilə səciyyələndirirdi. Yazıçı, “Karamazov qardaşları”nda surətlərdən birinin “Yerə də, göyə də çıxsan, kimya inkişaf edib, Allahı inkar edəcəkdir” – sözlərinə qarşı dindar Alyoşa “Allaha məhəbbət olmayan yerdə insana da məhəbbət ola bilməz” – fikrini irəli sürür. XVIII əsrdə yaşayıb-yaratmış fransız filosofu, yazıçısı Volteri də misal gətirib, “Volter Allaha inanır, ancaq az inanır, elə buna görə də insanlığa az inanır”, – deyirdi.
Məlumdur ki, rus estetikasında iki cəbhə mövcuddur: utilitaristlər, yəni faydanı, mənfəəti əxlaqın əsası hesab edən və kapitalizm cəmiyyətinin ümumi səadət və ahəng yaratmağa qadir olduğunu sübut etməyə çalışan burjua əxlaq nəzəriyyəsinin tərəfdarları və saf gözəllik tərəfdarları. Rus ədəbi tənqidçisi Nikolay Aleksandroviç Dobrolyubov birincilərin sırasında idi. Almanəsilli rus lirik şairi Afanasi Afanasyeviç Fet ikincilərə mənsubluğu ilə seçilirdi. Dostoyevski özünün üçüncü mövqeyini – müstəqil və genişəhatəli mövqeyi irəli sürdü. O, azad yaradıcılıq, sərbəst poetika, qeyri – məhdud imkanlar və intəhasız məqsədlər sənətinin, bəşəriyyətə yüksək fayda verən sənətin tərəfdarı idi: “Biz məhz bunu arzu edirik ki, sənət həmişə insanın məqsədlərinə uyğun olsun, onun mənafeyindən ayrılmasın...”. L.Qrossman Dostoyevskinin bu mövqeyini gözəl təhlil edib qeyd edir ki, o, yəni Dostoyevski, utilitaristlərlə razıdır ki, şair Borodino vuruşması günündə, Vətənin müqəddəratı həll edilərkən yunan antologiyasının mütaliəsinə aludə ola bilməz. Yaxud Lissabon zəlzələsi baş verən gün “pıçıltı, ürkək nəfəs, bülbülün cəh-cəhi...” barədə şeir yaza bilməz. O, eyni zamanda, sənətdə utilitarizmin başçısı sayılan Dobrolyubovun ədədiyyata, Puşkinin və Turgenyevin üzərinə hücumuna qarşı qəti etiraz edirdi. Dostoyevski fikrini belə tamamlayırdı: “Sənət həmişə insanla, onun müasir həyatı ilə yaşayacaqdır. Ona görə də hər şeydən əvvəl sənəti müxtəlif məqsədlərlə məhdudlaşdırmamalıyıq... Gözəllik ona görə faydalıdır ki, o, gözəllikdir, ona görə ki, bəşəriyyət gözəlliyə və onun ali idealına həmişə olduğu kimi indi də ehtiyac duyur. Gözəllik, normallıq idealı sağlam cəmiyyətdə məhv ola bilməz”.
Dostoyevski realizmi hər cür uydurmadan uzaq, həyatın üzünə dik baxan, sərt, qəzəbli realizm idi. Odur ki, ziddiyyətli yaradıcılıq prinsiplərinə görə, onun dünya ədəbiyyatına təsiri də müxtəlif idi. Rus dekadent və simvolistlərindən tutmuş, Qərb ekzistensialistlərinə, modernistlərinədək bir çox cərəyana və yaradıcılıq üslubuna mənsub olan görkəmli yazıçılar onda ayrı-ayrı xüsusiyyətlər və məziyyətlər axramışlar. Ədibin öz sözləridir ki, burnunun ucundan uzağı görə bilməyən realizm ən ağılsız fantastikadan da təhlükəlidir, çünki gözdən şikəstdir. Ədibin bu yazımda adlarını çəkdiyim roman və povestləri ilə bərabər, “Ölülər evindən qeydlər”, “Bir kövrək ürəkli”, “Qumarbaz”, “Cənab Proxarçin”, “Bəyaz gecələr”, “Əbədi ər”, “Cinlər”, “Oxşar” və digər əsərləri ən müxtəlif dillərə tərcümə olunub, yazıçını milyonlarla oxucuya sevdirmişdi.
1944-cü ildə, Böyük Vətən müharibəsinin qızğın dövründə Moskvada “Pravda” qəzetinin baş redaktoru Yemelyan Yaroslavskinin imzası ilə böyük bir məqalə çap olunmuşdu. Məqalənin sərlövhəsi belə idi: “Net, Dostoyevskiy naş” (“Xeyr, Dostoyevskiy bizimdir”).
Sərlövhənin altından isə bu epiqraf yazılmışdı: “Tolstoy velikiy buntar, Dostoyevskiy naşa bolnaya sovest” (“Tolstoy böyük qiyamçıdır, Dostoyevski bizim naxoş vicdanımızdır” (M.Qorki).
Məqalə həyəcanlı idi, misilsiz bir ürək yanğısı, dərin vətənpərvərlik duyğusu, Dostoyevski yaradıcılığına qarşı hörmət və məhəbbət hissi ilə, atəşin qələmlə yazılmışdı. Məqalənin məhz “Pravda”da çap edilməsi təsadüfi deyildi. İş burasındadır ki, müharibə illərində faşist işğalçıları, onların ideoloqları apardıqları düşmənçilik təbliğatında bütün vasitələdən istifadə edirdilər. Onlar rus yazıçısı Dostoyevskini də alman yazıçısı kimi qələmə verməyə cəhd etmişdilər. “Pravda” buna sərrast cavab vermişdi.
Həmin vaxtlar azərbaycanlı ziyalılar, qələm sahibləri “Pravda”nın səsinə səs verdilər. Təbrizdə çıxan “Şəfəq” adlı aylıq məcmuə keçmış Sovet İttifaqı ilə mədəni rabitə saxlayan İran cəmiyyəti Təbriz şöbəsinin orqanı idi. Jurnalda sovet və İran ədəbiyyatının ən yaxşı əsərlərindən nümunələr verilir, çoxsaylı oxucular bu nümunələrlə tanış edilirdi.
Bakıdan gedənlər və jurnalda çalışanlar arasında Hüseyn Şərif də vardı. Yaroslavskinin məqaləsi lap yerinə düşmüşdü, ona görə ki, rus ədəbiyyatının görkəmli nümayəndələri – Tolstoy, Qorki, Qoqol, Dostoyevski kimi yazıçıların yaradıcılığına oxucular böyük maraq göstərirdilər. Dostoyevski yaradıcılığı ziyalıların diqqətini xüsusilə cəlb edirdi. Çünki bu dahi yazıçı haqqındakı ziddiyyətli fikirlər orada da müəyyən kök salmışdı. “Pravda”dan sonra Hüseyn Şərif də “Şəfəq” jurnalında Dostoyevski haqqında məqalə çap etdirmək qərarına gəlir.
Jurnalın 1945-ci il 2-ci və 3- cü nömrələrində dərc olunmuş məqalədə H.Şərif qeyd etmışdi ki,rus xalqı Dostoyevskini böyük iftixar hissi ilə yad edir. İnsan xarakterinin incə tellərini, onun dərin həyəcanlarını, kədər və sevinclərini, arzu və istəklərini, xəyal və düşüncələrini Dostoyevski qədər dərk edəni dünya ədəbiyyatı tarixində az təsadüf etmək olar. Dostoyevskinin əsərləri insanın bütün varlığına hakim kəsilir, oxucu günlər və aylarla bu əsərin təsirindən qurtara bilmir, romanların surətləri daim onun gözü qarşısında canlanır, oxucunun zövq və təmayülündən, inkişaf dərəcəsindən, nəhayət, əhval- ruhiyyəsindən asılı olaraq, müəyyən dərəcədə onun psixoloogiyasına da təsir edir, bəzən qəlbi sıxılır, bəzən sevinir, bəzən də dərin düşüncələrə dalır...
Olduqca çətin mərhələlərindən keçmiş, “təlatümlü okeanı” andıran Dostoyevski yaradıcılığı ilə məşğul olmaq, onun əsərlərindən parçalar tərcümə etmək, özü də 1944-45-ci illərdə, doğrudan da böyük məsuliyyət hissi tələb edirdi. H.Şərifsə bu şərəfli işi böyük ehtiramla yerinə yetirirdi.
Fəaliyyətindəki, düşüncələrindəki məlum ziddiyyətlərə baxmayaraq, F.M.Dostoyevski bəşəriyyət üçün əziz və qiymətli bir simadır. Çünki o, insan və həyat haqqında ürəkağrısı, canyanğısı ilə danışmışdır, həm öz xalqının, həm də bəşəriyyətin işıqlı gələcəyinə böyük inam bəsləmişdir.
H.Şərifin xatirəsindən bəhs edərkən, Azərbaycanın görkəmli şairi, dramaturqu Hüseyn Cavidin Dostoyevskiyə olan böyük ehtiramından söz açan bir məqalə də yadıma düşür. Cavid tanınmış mədəniyyət xadimi Mehdi Məmmədovun onun Dövlət Teatr Texnikumunda oxuduğu illərdə ədəbiyyat müəllimi olmuşdu. M.Məmmədov “Cavid onu sevirdi” məqaləsində qeyd edirdi ki, Cavidin çox sevdiyi, sənətkarlıq qüdrətinə pərəstiş etdiyi yazıçılardan biri F.M.Dostoyevski idi. Çəliyini döşəməyə, barmağını mizə döyəcləyərək onun haqqında hərarətlə, daxili inamla elə danışırdı ki, biz böyük rus yazıçısının əsərlərini oxumadığımız halda onu müəllimimizin gözü ilə görür, duyğusu ilə duyur və sevirdik.
Sonralar F.M.Dostoyevskinin əsərlərini oxuduqca, onun yaradıcılığı ilə bilavasitə tanış olduqca mən inandım ki, Cavidin təlqini tamamilə əsaslı imiş. “Zavallı insanlar”, “Cinayət və cəza”, “Alçaldılmış və təhqir edilmiş insanlar”, “Əbləh” və “Karamazov qardaşları” əsərlərinin müəllifi nadir yazıçı, mahir psixoloq, müdrik insan və ən başlıcası, böyük insanpərvərdir, həqiqi insan aşiqidir. O, insana bəslədiyi eşqin, ehtiramın naminə həyatın bəzi dibsiz görünən qaranlıqlarına, insan qəlbinin dərin guşələrinə baş vurur, cəmiyyəti və zehniyyəti bürüyən qaranlıqları sənətin şüaları ilə kəsir. O, oxucunu dəhşətə gətirən, vahiməyə salan cinayətləri, rəzalətləri, vəhşəti və miskinliyi, dərin ictimai ziddiyyətləri və ədalətsizlikləri işıqlandırmaqdan, durbin və zərrəbin ardında göstərməkdən çəkinmir.
M.Məmmədov daha sonra bildirir ki, F.M.Dostoyevski cəmiyyətin və bəşəriyyətin orqanizmini tədqiq və təşrih etməyi gözəl bacarmışdır. Cəmiyyətin dərdini görüb, dərmanını tapa bilməyənlərin dərdi-əzabı çox böyük olur. Onların harayı – çağırışı bəzən xəstə adamın, çaşqın qəlbin fəryadı kimi səslənirsə, əgər bu haray təkcə real hadisələrdə, adi, təbii insan obrazlarında deyil, həm də xəyal, fantastika aləmində ucalırsa, yaxud bəzən ifrat natural, bəzən isə sırf romantik və simvolik boyalarda əks edir, insan və mələk, iblis və peyğəmbər surətlərində təcəssüm tapırsa, bu, dərdin, qubarın böyüklüyündən irəli gəlir. Biz incəsənətdə belə hallara bəsit, vulqar münasibət göstərdiyimiz o vaxtlarda Cavid – o həssasürəkli sənətkar bir sıra şəxsiyyətlərə, o cümlədən F.Dostoyevskiyə daha düzgün münasibət bəsləyirdi. O, böyük rus yazıçısını dərindən duyur, ona görə də onu yüksək qiymətləndirir və haqqında, bayaq dediyim kimi, pərəstiş hissi ilə danışırdı.
Avropa yazıçılarına üz tutaq. Vaxtilə məşhur Avstriya yazıçı və tənqidçisi Stefan Tsveyk yazırdı: “Balzak, Dikkens və Dostoyevski XIX əsrin yeganə dahi romançı – yazıçılarıdır, mən bu yazıçılara belə üstünlük verməklə heç də Höte, Hotfrid, Keller, Stendal, Flober, Tolstoy, Viktor Hüqo və başqaları kimi yazıçıların ayrı-ayrı əsərlərinin böyüklüyünü inkar etmək istəmirəm”.
Tsveykin fikrincə, mütəxəssis romançılar ilə roman yazanlar arasında böyük fərq vardır. Bu istedadlı yazıçıya görə, əsl romançı-yazıçı sözün yüksək mənasında, ensiklopedik bir düha, hər şeyi əhatə etməyi bacaran sənətkar olmalıdır.Tsveyk nəhayət deyirdi ki, Dostoyevski, Balzak və Dikkens istisna edilməklə, bu yüksək dərəcəyə çata bilmiş sənətkar nə keçmişdə tapılar, nə də indi var...
Şübhəsiz, S.Tsveykin siyahısına Lev Tolstoy kimi sənətkarı da daxil etmək olar. Dostoyevski məktəbindən bəhrələnən dünya şöhrətli yazıçıları xatırlayanda isə, Alber Kamyu (fransız yazıçı və filosofu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı, sağlığında “Qərbin vicdanı” adlandırılıb) və Frans Kafkanı (XX əsrin böyük almandilli şairlərindən biri) xüsusi qeyd etmək istəyirəm. Onlar bir çox keyfiyyətlərinə görə özlərini Dostoyevskinin şagirdi adlandırmışdılar.
Avropa ədəbiyyatında realizmin banilərindən biri, görkəmli fransız yazıçısı Onore de Balzak öz ölməz romanlarında nəinki yalnız yüksək bədii surətlər, dillər əzbərinə və zərb – məsəllərə çevrilən tiplər yaratmış, bütöv bir dövrün ictimai-siyasi və iqtisadi həyatını əks etdirmiş, böyük iqtisadçı alimlərin belə görə bilmədiyi incəlikləri görmüşdü. Eyni fikirləri Dostoyevski haqqında da demək olar. Dostoyevski öz ana yurdunu, doğma Vətənini hədsiz dərəcədə sevdiyi, rus xalqının, rus torpağının ancaq səadəti və firavanlığını görmək istədiyi üçün dövrünün yaralarını amansızlıqla açır,dözülməz dərdləri qamçılayır, cəmiyyəti fəlakətə sürükləyən çürük əsasları şiddətli tənqid atəşinə tutur, şəxsi mənfəətini xalqın mənafeyindən yüksək tutan dövlət məmurlarını ifşa edib, hər cür amansızlıqlarla qarşılaşsa da, mübarizə və əqidəsindən dönmürdü: “...Mən yazacaq, yenə də yazacağam; yazdıqlarımla isə ömrümboyu incidilmiş və təhqir olunmuşları müdafiə edəcəyəm!..”.
Katorqa və soldatlıqda 10 il qaldıqdan sonra yalnız 1959-cu ildə Dostoyevskiyə paytaxt şəhərlərindən başqa, Rusiyanın hər yerində yaşamağa və ümumi qaydada əsərlərini çap etməyə icazə verildi. Ömrünün ən gözəl çağları olan gənclik illərini sürgündə keçirən yazıçı, “ölüm evi” adlandırdığı katorqadan özü ilə yalnız kiçik qeydlərini gətirdi. Sonralar həmin qeydlər yazıçıya dünya şöhrəti gətirən əsərlərinin yaranmasına kömək etdi. Sürgündən qayıtdıqdan sonra Dostoyevski ədəbi yaradıcılığı ilə bərabər, jurnalistlik fəaliyyətini də genişləndirdi. “Vremya” adlı jurnal buraxmağa nail oldu. Bu jurnaldan sonra böyük qardaşı Mixail ilə birlikdə “Epoxa” adlı jurnal nəşr etdi. Böyük yazıçı özünün ən gözəl əsərləri olan “Cinayət və cəza”, “Alçaldılmış və təhqir olunmuş insanlar”, “Əbləh”, “Şeytanlar”, nəhayət, “Karamazov qardaşları” kimi gərgin və fədakar əməyin nəticəsi olan, onun adını bütün dünyada şöhrətləndirən, imzasına hörmət və məhəbbət gətirən görkəmli əsərlərini yazdı.
Yazıçının 1864-cü ildə yazdığı “Zirzəmidən məktublar” povesti ədibin dünyagörüşü və yaradıcılığında əmələ gələn dönüşün başlanğıcı oldu. Burada o, cəmiyyətdən uzaqlaşaraq tək qalan və öz təkliyi ilə öyünən, özünü insanlara qarşı qoyan fərdiyyəçi, anarxist bir şəxsi təhlil hədəfinə çevirdi. “Zirzəmidən məktublar” povestinin yazıldığı il Dostoyevskinin həyatında ən çətin illərdən idi. Onun maddi vəziyyəti çox ağırlaşmışdı. Qardaşı vəfat etdikdən sonra, onun uşaqlarının qayğılarını öz üzərinə götürdüyü üçün vəziyyəti çıxılmaz idi. Yazıçı borclara düşməyə məcbur olurdu. Maddi çətinlikləri Dostoyevskinin mənəvi böhranını daha da şiddətləndirirdi. Belə vaxtlarda o, pulun hökmranlığını daha dərin bir qəzəblə hiss edirdi.
Moskvada tanıdığı Kumanina adlı çox varlı,lakin pula heç bir ehtiyacı olmayan qarı vardı. Pulsuzluqdan nə qədər lazımlı,cavan, istedadlı adamlar məhv olduğu halda, bu qarı pulu xərcləməyə yer tapmırdı. Dostoyevski özü bu bivec qarıdan borc almağa məcbur olmuşdu. Həyatdakı bu uyğunsuzluq, ədalətsizlik yazıçını son dərəcə sarsıdır, onun daxili aləmində mövcud ictimai-əxlaqi normalara etiraz doğururdu. “Cinayət və cəza” romanını ədib belə bir əhval- ruhiyyənin təsiri altında yazmışdı.
“Cinayət və cəza” hələ 50-ci illərin əvvəlində yaranmağa başlamışdı. Ədib baş surəti, təqribən, 15 il müddətində düşünmüş, götür-qoy etmişdi. 1859-cu ilin oktyabrında Dostoyevski qardaşına yazırdı: “Mən dekabrda romanı yazmağa başlayacağam...Yadındadırmı,mən sənə bir tövbə-roman haqqında söyləmişdim, deyirdim ki, hələ özüm bunu yaşayaraq, hamısından sonra yazmaq istəyirəm. Bu günlərdə mən əsəri təcili surətdə yazmağı qəti qərara almışam... Mən bu romanı bütün qəlbimin qanı ilə yazacağam. Mən onu katorqada, taxtın üstündə uzanmış halda, ağır qəm-qüssə və duyğularımın parçalandığı anlarda düşünmüşdüm...”.
Dostoyevskinin məktub və dəftərlərində olan işarə və eyhamlar göstərir ki, “Tövbə” adı altında o, Raskolnikovun macərasını nəzərdə tuturmuş.
Romanın baş qəhrəmanı Raskolnikov adlı yoxsul bir tələbədir, ali məktəbdən qovulmuşdur. Oxumağa və yaşamağa maddi imkanı olmayan bu tələbə, üstəlik, anasını və bacılarını da saxlamalıdır.Yoxsulluq və aclıq Raskolnikovu dəhşətli fikirlərə gətirib çıxarır. O, həddindən artıq pulu olan və bu puldan istifadə etməyən qarını öldürüb, pullarına yiyələnmək və rahat yaşamaq fikrinə düşür.Raskolnikov cinayət işlətməyə haqlı olduğu qənaətinə gəlir. O, fikirləşir ki, heç bir şeyə yaramayan vecsiz bir qarını öldürmək cinayət deyildir. Axı bu qarı bu gün və ya sabah özü öləcək, amma mən onu öldürməklə yaşamalı olan bir çox adamı ölümdən qurtararam, bu daha yaxşı deyilmi? Raskolnikov bu hərəkəti ilə cəmiyyətdəki ədalətsizliyi aradan qaldırmaq, çəkdiyi əziyyətlərin əvəzini çıxmaq,həyatda müvazinət əmələ gətirmək istəyir. O, öz planını yerinə yetirir,qarını öldürüb, pullarına sahib olur. İndi ömrünün axırınadək rahat yaşaya bilər. Lakin heç də elə olmur. Vicdan əzabı onu rahat buraxmır. O, hiss edir ki, işlətdiyi cinayət onu adamlardan, xalqdan uzaqlaşdırmışdır. Bu cür yaşamaq çətindir.
Raskolnikov Marmeladovlar ailəsi ilə tanış olur. Burada Dostoyevski başqa acınacaqlı bir aləmi qarşımızda işıqlandırır. Yoxsulluğun, dilənçiliyin və sərxoşluğun törətdiyi səfil həyat səhnələri bir-birini əvəz edir.Yazıçı vaxtı ilə geniş yayılmış qadın əxlaqsızlığının ictimai köklərini açıb göstərir. Əyyaşlıq xəstəliyinə tutulmuş Marmeladovun uşaqları ac qalmışdır. Arvadı və böyük qızı vərəm xəstəliyinə tutulmuşdur. Heç kəsdən kömək görməyən, əksinə, təhqir və söyüş eşidən Sonya Marmeladova bacı və qardaşlarını ölümdən xilas etmək üçün küçəyə getməyə, namusunu satmağa məcbur olur...
Ədibin beş böyük romanından birincisi olan “Cinayət və cəza”nın ilk hissəsi 1866-cı il yanvarın 16-da “Russki vestnik” aylııq ədəbi jurnalda çap olundu.1867-ci il daxil olmaqla 12 ay ərzində əsərin digər hissələri nəşr edildi. Dünya ədəbiyyatında əsl hadisəyə çevrilən “Cinayət və cəza” hələ 1888-ci ildə Parisdə, 1890-cı ildə Leypsiqdə, 1916-cı ildə Tokioda tamaşaya qoyuldu.
1856-cı ilin əvvəlində tanınmış rus tarixçisi, publisisti və sosioloqu Konstantin Dmitriyeviç Kavelin yazırdı: “İctimai fikir getdikcə daha artıq qanadlanıb vüsət alır, soldatçılıq, dəyənək və cəhalət karvansarası dağılır”.
Dostoyevski xalqının, bütün məzlumların taleyinə doğacaq günəşi həsrətlə gözləyirdi. Bu həsrətin içində insanların savadlanıb, maariflənib, azad, xoşbəxt həyata qovuşub, dünyəvi təfəkkür sahibləri olması istəyi xüsusi yer tuturdu. Fyodor Mixayloviç Dostoyevski 1881-ci il yanvarın 28-də (yeni tarixlə fevralın 9-da) məhz bu cür istəklərlə həyatdan ayrıldı. Lakin qüdrətli Rusiya və məğrur rus xalqı onun arzularının hamısına nail oldu!
Ona görə də epiqrafda dahi Taqorun dediklərini əbəs yerə xatırlamadım. Bu fikirləri Dostoyevskinin vəfatından cəmi 49 il sonra ziyarət edərək, Rusiyadakı mənəvi, zehni, iqtisadi inkisafı hələ, az qala, bir əsr bundan qabaq gözləri ilə görüb heyrətlənən, bu heyrəti əsl rus həqiqətləri kimi hamıya bəyan edən Şərqin və dünyanın korifey simalarından biri söyləyirdi. Demək, Dostoyevskilərin arzularını – ən əvvəl rus kimliyi, rus mənliyi və rus dəyərlərini böyük rus xalqı əzəmət və şöhrət yolunda şücaətlə yaşadırdı. Rusiyada Dostoyevskinin gözlədiyi möhtəşəm fikir səltənəti qurulurdu.
Bu gün dahi sənətkarın yaradıcılığı zəngin mədəni irs kimi mütərəqqi bəşəriyyət üçün son dərəcə vacib, qiymətli və əzizdir. Dünyanın bütün tərəqqipərvər insanları Dostoyevskini, onun alovlu, mübariz, cəsarətli sənətini sevir və ucaldır. Böyük ingilis-amerikan şairi Uisten Hyu Oden yaxşı demişdir: “Dostoyevskinin ideyalarına əsasən, əlbəttə, əsl insan cəmiyyəti qurmaq olmaz, lakin Dostoyevskini unudan cəmiyyət də insan cəmiyyəti adlanmağa layiq deyildir ”.
...Yanvarın 28-də səhər saat 7-də Anna Qriqoryevna oyanıb görür ki, əri ona baxır. Anna Qriqoryevna ərinə tərəf əyilərək soruşur:
- Mənim əzizim, de görüm, özünü necə hiss edirsən?
Fyodor Mixayloviç pıçıltı ilə deyir:
- Anya, bilirsənmi, mən üç saatdır ki, yatmıram, daim düşünürəm, indicə aydın şəkildə dərk etdim ki, mən bu gün öləcəyəm.
- Mənim əzizim, sən niyə belə düşünürsən? Bəs axı indi sənin halın yaxşıdır, daha qan gəlmir (yazıçı ciyərlərindəki xəstəliklə əlaqədar olan qanaxmalardan əziyyət çəkirdi), yəqin, Koşlakovun dediyi kimi, ”bərkimə” əmələ gəlib. Allah eşqinə, sən özünə şübhələrlə əzab vermə, sən hələ yaşayacaqsan, səni inandırıram, yaşayacaqsan!
- Yox, mən bilirəm, mən bu gün ölməliyəm!
...Anna Qriqoryevna ağlayırdı. Dostoyevski ona yenidən təşəkkür edir, təsəlli verir, uşaqları ona tapşırırdı...
Əbədiyaşar irsinə həmişə sadiq qalan rus xalqı və Rusiya yanvarın 16-da 150 yaşı tamam olan “Cinayət və cəza”nın ilk nəşrinin yubiley ildönümünü ehtiramla qeyd etdi. Yanvarın 28-də Fyodor Mixayloviç Dostoyevskinin əbədiyyətə qovuşmasının 135 ili tamam olacaq. Hər iki tarix heç zaman heç birimizin yaddaşından silinməyəcək. Çünki Dostoyevskini unudan cəmiyyət doğrudan da, sözün həqiqi mənasında insan cəmiyyəti adlanmağa layiq deyildir...
Reyhan Mirzəzadə,
publisist-politoloq
Həftə içi.- 2016.- 26
yanvar.- S.4-5.